Məhkəmə qərarları › İş №2-2(106)-90/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-90/2023

26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-90/2023 26.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması tələbinə dair iddiası ilə bağlı kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 17 may 2023-cü il tarixli 2-2(121)-634/2023 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şirvan Kommersiya Məhkəməsinin 17 may 2023-cü il tarixli 2-2(121)-634/2023 saylı qətnaməsi ilə (hakim Namidar Misirzadə) iddia qismən təmin edilmiş, DC00378632-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 17632,16 manat məbləğində əsas borc, 3508,80 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə, cəmi 21240,96 manat məbləğində kredit borcu və 180 manat məbləğində mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 17 may 2023-cü il tarixli 2-2(121)-634/2023 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin cərimə borcunun və mediasiya xərcinin təmin edilməməsi hissəsində ləğv edilməsi və iddia tələbinin tutulması cərimə borcunun və mediasiya xərcinin tutulması hissəsində tam təmin edilməsinə dair yeni qətnamə çıxarılması xahiş edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ASC Cavabdeh qarşı–DC00378632-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 17632,16 manat əsas borc, 2967,59 manat faiz borcu, 739,35 manat cərimə borcu olmaqla, cəmi 21339,1 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC-nin iddiası onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 1.0.4 nömrəli xx.xx.2021-ci il tarixli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-SE/11058 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsinin imzalayaraq borclu “www.pashabank.az” saytında yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda, tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində DC00378632-02 saylı, xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%-dək, illik cərimə faizi 15%-dək, kreditin müddəti bitdikdən sonra 32% olmaqla, 20000 manat məbləğdə avadanlıqların alınması məqsədilə birdəfəlik kredit verilmişdir. Lakin borcalan qeyd edilən müqavilələr üzrə öhdəliklərini icra etməyərək 341 gün ərzində kreditlərin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də, bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DC00378632-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 17632,16 manat əsas borc, 2967,59 manat faiz borcu, 739,35 manat cərimə borcu olmaqla, cəmi 21339,1 manat təşkil edir. Bundan başqa, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 200 manat məbləğində xidmət haqqı ödəmişdir. İddiaçı ASC sonradan iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, DC00378632-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 17632,16 manat əsas borc, 3508,80 manat faiz borcu, 1046,87 manat cərimə borcu olmaqla, cəmi 22187,83 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı ASC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də, bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamışdır və bununla da, qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Həmçinin borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarında biri kimi dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərələrin qarşısını almaq məqsədi güdmüşdür. Məhkəmə mediasiya xərcini iddianın təmin olunan hissəsinə mütənasib olaraq təmin etmişdir ki, bu mövqe yanlış olmaqla mülki-prosessual qanunvericiliyin pozulması ilə nəticələnmişdir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən Cavabdeh iddiaçının ödədiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Odur ki, iddiaçının mediasiya xərcini cavabdehdən tam həcmdə tələb etmək hüququ var. Bundan başqa, mülki-prosesual qanunvericiliklə yalnız dövlət rüsumunun cavabdehdən iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq tutulması nəzərdə tutulmuşdur. Mediasiya xərcinin qismən tutulması ilə bağlı isə hər hansı müddəa müəyyən edilməmişdir. Beləliklə, məhkəmə düzgün prosessual hüquq normasını tətbiq etməyərək mülki-prosessual qanunvericiliyin təlblərini pozmuşdur. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrasının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, cavabdeh tərəfindən DC00378632- 02 saylı maliyyələşdirmə üçün ərizə üzrə kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı 405 gün olduğundan cərimə məbləğinin 100 manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də, qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəmədə iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 17 may 2023-cü il tarixli 2-2(121)- 634/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan xx.xx.2021-ci il tarixli, DC00378632-02 saylı Maliyyələşdirmə üçün ərizədən (kredit əməliyyatı üzrə) görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixədək 19,26 illik faiz dərəcəsi ilə 20.000 manat kredit verilmişdir. İşdə olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, müvafiq müqavilələrə əsasən yaranmış mübahisənin həlli və bank qarşısında yaranmış gecikmiş öhdəliklərinin icrası üçün Cavabdeh 7 iş günü müddətinə möhlət verildiyini, əks təqdirdə bank kreditin geri qaytarılması və ya kredit müqaviləsinin ləğvi üçün kredit müqaviləsindən irəli gələrək Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanına müraciət edəcəklərini bildirmişdir. İşdə olan PB/BPŞ-OUT-00293-2023/2 nömrəli xx.xx.2023-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh DC00378632-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 17632,16 manat əsas borc, 3508,80 manat faiz borcu, 1046,87 manat cərimə borcu olmaqla, cəmi 22187,83 manat borcu təşkil edir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Odur ki, məhkəmə kollegiyası İddiaçı ASC-nin apellyasiya şikayətinin dəlilləri həddində Şirvan Kommersiya Məhkəməsinin 17 may 2023-cü il tarixli 2-2(121)-634/2023 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin formal xarakterli və mötəbər sübutlarla öz təsdiqini tapmayan əsassız dəlilləri üzrə diqqətə çatdırır ki, MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddia tələbində tutulması xahiş edilən 1046,87 manat məbləğdə cərimənin tənasübsüzlüyünü nəzərə alaraq 100 manat həddinədək azaltmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlilləri heç bir mötəbər sübutla təsdiqini tapmayan formal mülahizələrdir. Bundan başqa, kollegiya hesab edir ki, iddiaçının mediasiya xərcinin cavabdehdən tam həcmdə tutulmasına dair dəlili də əsaslı deyildir və məhkəmənin bu barədə qəbul etdiyi qərar qanuni və əsaslıdır. Bu baxımdan da, həmin hissələrdə apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilmir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin cərimə məbləğinin hazırkı tələb üzrə mütənasib olmamasına dair dəlili əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Şirvan Kommersiya Məhkəməsinin 17 may 2023-cü il tarixli 2-2(121)-634/2023 saylı qətnaməsinin ləğv edilməsi üçün konkret əsaslar müəyyən edilmir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 386, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 17 may 2023-cü il tarixli 2-2(121)-634/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar