Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-91/2025 30.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X5 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 6 fevral 2025-ci il tarixli e-2-2(121)-424/2025 saylı qətnaməsindən (hakim Z.Abbasov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlkin olaraq İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, 35000 manat əsas borc, müqavilə üzrə gecikdirilmiş hər günə hesablanmış 39200 manat olmaqla, cəmi 74200 manat pulun və 312 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, həmkəndlisi olan Cavabdeh xx.xx.2023-cü il tarixdə ona yaxınlaşıb ehtiyacı olduğuna görə ondan 35000 manat borc pul istəmişdir. O cavabdehin həmkəndlisi olmasına və həqiqətən pula ehtiyacı olmasına görə cavabdehə 35000 manat pul vermişdir. Cavabdeh borc aldığı pulu xx.xx.2023-cü il tarixdə qaytaracağını bildirmişdir. Cavabdehə əgər borc aldığı pulu vaxtında qaytara bilməsə, hər gecikdirdiyi günə görə ondan əlavə 350 manat pul alacağını bildirmişdir. Cavabdeh onun təklifi ilə razılaşmış və özü heç bir təsir olmadan ondan borc aldığı 35000 manat məbləğində pulu vaxtında qaytara bilməyəcəyi təqdirdə, borc aldığı 35000 manat pulun 1% həcmində, yəni hər günə əlavə olaraq 350 manat pul ödəməyi öhdəsinə götürmüşdür və bu barədə hər iki tərəfin iştirakı ilə qəbz yazıb ona vermişdir. Cavabdeh X3 borc aldığı 35000 manat pulu qaytaracağına söz verdiyi müddət bitəndən sonra onunla əlaqə saxlamış, cavabdeh əlavə vaxt istəmiş, sonradan isə müxtəlif bəhanələr gətirərək qaytarmağa pulunun olmadığını bildirmiş, borc aldığı pulu qaytarmaqdan yayınmışdır. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə cavabdehin həmin tarixə kimi ona olan 35000 manat əsas borcu və gecikdirilən hər gün üçün hesablanmış 350 manat olmaqla, cəmi 68600 manat pulun qaytarılması barədə qeydiyyatda olduğu ünvana xəbərdarlıq məktubu göndərmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Cavabdeh T.X.Şıxəliyev xəbərdarlıq məktubunu alqıdan sonra onunla telefon əlaqəsi saxlayıb yalvararaq bu yaxınlarda toy edəcəyini bildirib, toydan yığdığı pulu toplayıb borcunun bir hissəsini ödəyəcəyinə söz versə də, sonradan həmin sözünə əməl etməmişdir. Hazırda Cavabdeh ona xəbərdarlıq məktubunun göndərilməsindən sonra keçən günlərə görə hesablanmış faizlə birlikdə 74200 manat borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Kürdəmir Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 2(041)-201/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdeh X1 35000 manat əsas borc, 5000 manat cərimə və ödənilmiş dövlət rüsumunun iddianın təmin olan hissəsinə mütənasib 210 manat hissəsinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnaməni hər iki tərəf apellyasiya qaydasında mübahisələndirmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 oktyabr 2024-cü il tarixli 2(106)-1439/2024 qərardadı ilə apellyasiya şikayətləri qismən təmin olunaraq, Kürdəmir Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 2(041)-201/2024 saylı qətnaməsi ləğv edilmiş və iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, iddiaçıdan bir dəfə 5000 manat borc almış və həmin borcunu qaytarmışdır. Borcun bur hissəsini iddiaçının oğlunun bank kartına ödəmiş, qalan məbləği isə nəğd qaydada iddiaçıya ödəmişdir. İddiaçıdan 35000 manat məbləğində borc aldığına dair qəbzi iddiaçıya inanaraq imzalamışdır, əslində isə həmin məbləğdə borc almamışdır. Şirvan Kommersiya Məhkəməsinin 6 fevral 2025-ci il tarixli e-2-2(121)-424/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq Cavabdeh 34215 manat borc və ödənilmiş dövlət rüsumunun 192.64 manat hissəsi olmaqla, cəmi 34407.64 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddiaçı tərəfindən artıq ödənilmiş 119.36 manat dövlət rüsumu məbləğinin iddiaçıya geri qaytarılması, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, məhkəmə iddianı qismən təmin edərkən yalnız iddiaçı tərəfindən təqdim edilmiş qəbzə istinad etmişdir. Halbuki məhkəmə iclası zamanı tam şəkildə sübut edilmişdir ki, 17 iyun 2023-cü il tarixdə iddiaçı 35000 (otuz beş min) manat pul verməmişdir. Məhkəmə iclası zamanı təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilən videodisklərdə iddiaçı açıq şəkildə 17 iyun 2023-cü il tarixdə 20 faizlə 5000 (beş min) manat pul verdiyini etiraf edir. Ümumiyyətlə iddiaçıdan 2021-ci ildən bu vaxta qədər 16000 (on altı min) manat pul almışdır və əvəzində 26000 (iyirmi altı min) manat pul qaytarmışdır. 17 iyun 2023-cü il tarixdə iddiaçı ağır vəziyyətindən istifadə edərək 5000 (beş min) manat pul verdiyi halda 35000 (otuz beş min) manatlıq qəbzə qol çəkdirib və üstəlik faizlə pul verməyə səlahiyyəti olmadığı halda pulu qaytarmayacağı halda əlavə faizlər hesablanacağı barədə qeydlər də yazmasını tələb etmişdir. Lakin çox təəssüf ki, məhkəmə bu halları nəzərə almamışdır. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 739.1-ci maddəsinə istinad edərək iddiaçıya 40000 (qırx min) manat borclu olması qənaətinə gəlmişdir. Halbuki məhkəmə iclasında vəkil tərəfindən “Siz məhkəməyə təqdim etdiyiniz qəbzdə cavabdehə 35000 manat pul verdiyinizi bildirsəz də, tədqiq edilən videogörüntüdə 17 iyun 2023-cü il tarixdə cavabdehə 5000 manat pul verdiyinizi bildirirsiz. Bu ziddiyyəti necə izah edə bilərsiz” məzmununda verilən suala cavab olaraq bildirmişdir ki, “mən əvvəlki dövrlərdə verdiyim borcların cəmi olaraq 35000 manat pul verdiyim üçün cavabdehə o məzmunda qəbz yazdırmışam” deyə cavab vermişdir. Təqdim etdiyi sübutlardan aşkar şəkildə görünür ki, iddiaçı həmişə borcu faizlə vermişdir və borc məbləğini süni şəkildə şişirdərək hətta 80000 (səksən min) manata qədər yüksəltmişdir. Təqdim etdiyi videogörüntüdə bu hal öz təsdiqini tapır. Lakin bu halların heç birinə məhkəmə qətnaməsində hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəmişdir. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halları, yəni iddiaçının ona 17 iyun 2023-cü il tarixdə 5000 (beş min) manat pul verdiyi halda, nə üçün 35000 (otuz beş min) manatlıq qəbz yazdırması məsələsini aydınlaşdırmadan düzgün olmayan qətnamə qəbul etmişdir. Ümumiyyətlə birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi nəticə işin hallarına uyğun deyildir. Belə ki, birinci instansiya məhkəməsinə təqdim etdiyi videogörüntülərdən açıq-aydın iddiaçının iddia ərizəsində qeyd edildiyi miqdarda pul vermədiyi müəyyən edilsə də, məhkəmə qeyd edilən sübutları nəzərə almadan əsassız və qanunsuz qətnamə qəbul etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı 17 iyun 2023 tarixində 5000 manat borc pul götürsə də, iddiaçı ona qəbzə 35000 manat borc aldığını yazdırmışdır. Həmin pulu faizi ilə birlikdə tam ödəmişdir, hazırda iddiaçıya borcu yoxdur. İddiaçıdan 17 iyun 2023 tarixində 35000 manat deyil 5000 manat borc almasını, iddiaçının ona qəbzdə 35000 manat yazdırmasını təsdiq edən iddiaçının öz etiraflarını videgörüntü şəklində disklərdə Kürdəmir Rayon Məhkəməsinə təqdim etsə də, həmin sübutları nə Kürdəmir Rayon Məhkəməsi, nədəki Şirvan Kommersiya Məhkəməsi nəzərə almamışdır. Şirvan Kommersiya Məhkəməsində həmin disklərə baxış keçirilməsini tələb etsə də, disklərə baxış keçirilməmişdir. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini, iddianın rəddini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəfin izahatını dinliyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, işin faktiki hallarını düzgün müəyyən etmədən hüquqi nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. İş materillarında olan sənədlərlə aşağıdakılar məyyən olunur: Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə sadə formada yazılmış qəbzdən görünür ki, o, ehtiyacı olduğu üçün həmkəndlisi İddiaçı xx.xx.2023-cü il tarixdə 35000 manat borc pul almış, həmin borcu 30 iyul 2023-cü il tarixdə qaytaracağına söz vermiş və həmin tarixdə borcu qaytara bilməsə, gecikdirdliyi hər gün üçün borcun (35000) bir faizi qədərində əlavə olaraq ödəməyi öhdəsinə götürmüşdür. Götürdüyü öhdəliyin məsuliyyətini başa düşərək qanunda nəzərdə tutulmuş qaydada vəzifəsini bilərək qəbzin hüquqi sənəd olduğunu təsdiq edərək qəbzin doğruluğunu imzası ilə təsdiqlədiyini qeyd etmişdir. Həmin qəbzdə Cavabdeh Ağabala oğlu İddiaçı 35000 manat pulu sayıb qəbul etdiyini qeyd edib təhvil aldı qrafasına imza etmiş, təhvil verdi qrafasına isə İddiaçı imza etmişdir. Başqa bir qəbzdən görünür ki, Kürdəmir rayonu, Xəlsə kəndində yaşayan Cavabdeh 16 may 2023-cü il tarixdə həmkəndilisi İddiaçı borc qismində 5000 manat almışdır. Borc aldığı həmin məbləği 16 iyun 2023-cü il tarixdə qaytarmağı, əks halda həmin borcu vaxtında qaytarmadıqda, həmin borcla birlikdə əlavə olaraq borcun 40%-ni gecikdirdiyi hər ay üçün ödəməyi üzərinə götürərəcəyini imzası ilə təsdiq etmişdir. İddiaçının cavabdehə ünvanladığı xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehdən borclu olduğu 68600 manat məbləğində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Karta mədaxil qəbzlərinin surətlərindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində dörd dəfə olmaqla son dörd rəqəmi 5465 olan bank kartına ümumilkdə cəmi 785 manat məbləğində pul vəsaiti mədaxil etmişdir. Apellyasiya baxışı zamanı iş Kürdəmir Rayon Məhkəməsinin icraatında olan zaman cavabdehin sübut kimi təqdim etdiyi, iş materiallarının mündəricatında əlavələr adı altında 49-50-ci vərəqlərində yer alan (həmin disklər iş materiallarının üzlüyünə arxa tərəfdən tikilmiş, 49-50-ci vərəqlər kimi nömrələnmişdir) disklərdəki videgörüntülərə baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: İş materiallarının 49-cu səhifəsindəki diskdə olan xx.xx.2023-cü il tarixli videogörüntünün 6:20-ci dəqiqəsində İddiaçı Cavabdeh sual verir ki, “35000 manatı niyə yazırdın?” Cavabdeh isə bildirir ki, “sən dedin mən də yazdım. Bilmirdim belə olacaq”. Həmin videonun 07:29-cu dəqiqəsində iddiaçı yenə sual verir ki, “Sən niyə yazrıdın?”. Cavabdeh isə bildirir ki, “öz aramzıda yazırdıq ki, sən arxayın olasan deyə”. Həmin videonun 07:46-cı dəqiqəsində İddiaçı Cavabdeh deyi ki, “mən ona görə 35000 manat yazdırdım ki, bilirdim sən o pulu 1 ilə verməyəcəksən. Sabahısı gün əziyyət çəkəndə gəlib ora çıxsın”; İş materiallarının 50-ci səhifəsindəki diskdə olan xx.xx.2024-cü il tarixli videogörüntünün 0.33-cü saniyəsində İddiaçı qeydiyyat apardığı vərəqədən cavabdehə oxuyaraq deyir ki, “17-si 5000 manat pulu 20%-lə, 19-u isə 4000 manat pulu 25%-lə götürmüsən”. Cavbabdeh Cavabdeh təsdiq edir. Vidoenun davamında iddiaçı cavabdehə ödəniş etməyəcəyi təqdirdə polis və ya məhkəməyə verəcəyi barədə xəbərdarlıq edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi : Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli qərardadında qeyd olunur ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. Kollegiya işin müəyyən olunan faktiki hallarını yuxarıda sadalanan qanunvericilik aktı normaları və Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında formalaşan hüquqi mövqe baxımından təhlil edərək belə nəticəyə gəlir ki, tərəflər arasında kredit müqaviləsinin bağlanmasına baxmayaraq, həmin əqd tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və həqiqi niyyətlərini əks etdirmir. Belə ki, tərəflər arasında borc (kredit) müqaviləsi bağlansa da, əslində cavabdehə 17 iyun 2023-cü il tarixli qəbzlə verilən kreditin məbləği qəbzdə qeyd olunan 35000 manat deyil, 5000 manat olmuş, sonrakı tarixdə iddiaçı tərəfindən cavabdehə əlavə 4000 manat məbləğində borc verilmişdir. Qeyd olunan hal cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə disklərdə təqdim olunan tərəflər arasında borcla bağlı aparılan danışıqların vidogörüntüsü ilə təsdiqini tapır. Odur ki, iddiaçının sübut kimi istinad etdiyi 17 iyun 2023-cü il tarixli qəbz tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və həqiqi niyyətlərini əks etdirməyən bir sənəd olaraq yalan əqddir, mübahisə həmin əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələrinə uyğun öz hüquqi həllini tapmalıdır. İş materialları ilə iddiaçının cavabdehə 5000 manat və 4000 manat olmaqla ümumilikdə 9000 manat məbləğində borc verməsi, cavabdeh tərəfindən iddiaçının oğlunun adına olan bank kartına həmin borcdan ümumilikdə 785 manat məbləğində pul vəsaitinin ödənilməsi, 8215 manat məbləğində borcun qaytarılmaması müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Kollegiya hesab edir ki, aparılmış məhkəmə araşdırmasının nəticəsi olaraq apellyasiya şikayətinin dəlilləri qismən öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsinin qətnaməsi borcun müəyyən olunan məbləği hissədə dəyişdirilməli, cavabdehin iddiaçıdan almış olduğu borca görə ödənilməmiş qalıq kimi 8215 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.3, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 6 fevral 2025-ci il tarixli e-2-2(121)-424/2025 saylı qətnaməsi Cavabdeh 34215 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi hissədə dəyişdirilərək 8215 (səkkiz min iki yüz on beş) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov
Məhkəmə qərarları › İş №2-2(106)-91/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-91/2025
30.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver