Məhkəmə qərarları › İş №2-2(106)-92/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-92/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-92/2025 30.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Əliyev Qasım Vəli oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 iştirakı ilə, iddiaçı X1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə Cavabdeh ASC) qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 11 fevral 2025-ci il tarixli e-2-2(121)-309/2025 saylı qətnaməsindən (hakim Z.Abbasov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı X3 Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 09/2022 saylı xx.xx.2022- ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 77200 manat icarə borcu, 13896 manat ƏDV borcu olmaqla, cəmi 91096 manat, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 91096 manat borc məbləğinə hesablanmış illik beş faiz olan 4554.8 manat pulun, məhkəmədə hüquqi xidmətlərə görə ödənilmiş 520 manat məhkəmə xərcinin, 379 manat ödənilmiiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC aralarında bağlanmış 09/2022 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən fərdi sahibkar X3 tikinti texnikasını icarəyə verməyi, Cavabdeh ASC isə icarə haqqını ödəməyi öhdələrinə götürmüşlər. Hazırda həmin müqavilə üzrə göstərilmiş xidmətlərə görə Cavabdeh ASC-nin 77200 manat əsas borc, 13896 manat ƏDV borcu olmaqla, cəmi 91096 manat ödənilməmiş borcu vardır. Həmin borcun ödənilməsi ilə bağlı xeyli müddətdir cavabdehlə danışıqlar aparılsa da, cavabdeh tərəfindən borc ödənilməmişdir. Cavabdeh ASC pretenziyanı aldıqdan sonra da 91096 manat borcunu ödəmədiyi üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, həmin borc məbləğinin gecikdirildiyi dövr üçün illik beş faiz ilə hesablanmış olan 4554.8 manat pul vəsaitini də ödəməlidir. Bundan başqa, bu iş üzrə Şirvan Kommersiya Məhkəməsində təmsil edilməsi üçün, iddiaçı X3 Azərbaycan Respublikasının Vəkillər Kolleqiyasının üzvü, Fərdi qaydada fəaliyyət göstərən Vəkil1la 520 manat məbləğində hüquqi xidmət göstərilməsi barədə müqavilə bağlamışdır və xidmət haqqını ödəmişdir. Bu məbləğ də cavabdehdən məhkəmə xərci kimi xeyrinə tutulmalıdır. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə dəqiqiləşdirmə verərək, iddiaçı X1 Cavabdeh ASC-yə qarşı tərəflər arasında bağlanmış 09/2022 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən borc məbləğinin və digər xərclərinin ödənilməsi tələbinin təmin edilməsini xahiş etdiyini, iddiaçının iddia ərizəsində texniki xəta olaraq 09/2022 saylı xx.xx.2022-ci il tarixli müqavilənin “icarə müqaviləsi” kimi qeyd edildiyini, tərəflər arasında 09/2022 saylı xx.xx.2022-ci il tarixli “Xidmət müqaviləsi” bağlanıldığını və iş üzrə iddiaçı və cavabdeh arasındakı münasibətlərin məhz xidmət müqaviləsi ilə tənzimləndiyini, iddia ərizəsinə əlavə edilmiş “Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 25-30 km də görülmüş işlərin Təhvil-Təslim Akt”ları da tərəflər arasında xidmət münasibətlərinin olduğunu təsdiq etdiyini bildirmiş və qeyd edilənləri nəzərə alaraq iş üzrə iddia ərizəsində “icarə müqaviləsi”nin qeyd edilməsini texniki xəta olaraq qəbul edilməsini və tərəflər arasındakı münasibətlərin 09/2022 saylı xx.xx.2022-ci il tarixli “Xidmət müqaviləsi” əsasında yaranmasının nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh ASC-nin vəkili Vəkil3 xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazda bildirmişdir ki, Cavabdeh ASC ilə fiziki şəxs X3 (VÖEN **********) arasında 3 sentyabr 2022 ildə bağlanmış xidmət müqaviləsinə əsasən Xudafərin-Qubadlı- Laçın avtomobil yolunun 25-30 km görülmüş işlər üzrə 2022 ildə dövriyyə 50300 (bu dövrdə ƏDV ödəyicisi olmamışdır) manat təşkil etmişdir və 11 noyabr 2022 – 12000 manat, 30 dekabr 2022 – 18000 manat, 08 fevral 2023 – 13000 manat, 27 fevral 2023 - 7300 manat olmaqla 2022 ilə olan borc bank hesabından tam olaraq ödənilmişdir. 2023 il üzrə dövriyyə isə əsas məbləğ 118000 (ƏDV 23226.8) manat olmuşdur (bundan 13500 manat hissəsi ƏDV ödəyicisi olmayıb). Belə ki, 20 aprel 2023 –13500 manat (ƏDV ödəyicisi olmayıb), 07 iyun 2023 – 11.900 manat (ƏDV 2142), 18 iyul 2023 – 14.000 manat, (ƏDV 2520), 11 avqust 2023 – 13.600 manat (ƏDV 2448), 20 oktyabr 2023 – 13.000 manat (ƏDV 2340), 29 mart 2024 – 39.000 manat (ƏDV 7020), 17 may 2024 tarixində 13000 manat (ƏDV 2340) bank hesabından və 7 iyul 2023 ildə 782 manat nağd ödənilmişdir ki, bunun nəticəsində 2023 ilə olan borc tam bağlanmışdır. 2024 il üzrə tərəflər arasında dövriyyə 77200 (ƏDV 13896) manat olmuşdur. 2024 ilin iyul ayın 10-dan işlər dayandırılmışdır. Bu günkü tarixə X2 77200 manat əsas və 13896 manat ƏDV borcu təşkil edir. 2024 ilə yaranmış borc məbləğləri aylar üzrə aşağıda göstərilənlərdən ibarətdir. Yanvar 2024 – 10000 manat (ƏDV 1800), Fevral 2024 – 12250 manat (ƏDV 2205), Mart 2024 – 12500 manat (ƏDV 2250), Aprel 2024 – 12000 manat (ƏDV 2160), May 2024- 13300 manat (ƏDV 2394), İyun 2024 – 11450 manat (ƏDV 2061), İyul 2024 - 5700 manat (ƏDV 1026) manat təşkil edir. Qeyd olunmalıdır ki, cavabdeh iddiaçıya borcunun ödənilməsindən yayınmayıb və boyun da qaçırmayıb. Bildirmək istərdik ki, Cavabdeh ASC Xudafərin – Qubadlı - Laçın yolunun yenidən qurulması istiqamətində tikinti işləri apardığından və aparılan işlər üzrə subpodrat şirkəti olduğundan, əsas podratçı “X7 Sahayi ve Ticaret A.Ş.” şrkəti tərəfindən pul vəsaitlərinin ödənilməməsi səbəbindən iddiaçıya olan borc ödənilməmişdir. İddiaçının cavabehdən ilik beş faiz hesablanmaqla pul vəsaitinin tələb etməsi tam əsassızdır. Belə ki, öhdəliyin icra edilməməsi onlardan asılı olmayan səbəblərdən baş vermişdir. Yuxarıda göstərildiyi kimi, onlar subpodrat şirkəti olduqlarından və “X7 Sahayi ve Ticaret A.Ş.” şrkətinin onlara 1146734.75 manat məbləğində borcu yarandığından və bu vəsaitlər Cavabdeh ASC-yə ödənilmədiyindən, iddiaçıya pul vəsaitinin ödənilməsi mümkünsüz olmuşdur. Qeyd olunan borcun mövcudluğu tərəflər arasında təsdiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktı ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası MM-nin 445.5-ci maddəsinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Eyni zamanda qeyd edilir ki, iddiaçının hüquqi xidmətlərin göstərilməsinə dair əvvəlki vəkillə müqavilə bağlamasını və ona ödənilmiş 500 manat hüquqi yardım xərcinin tələb edilməsini də qəbul etmirlər. Hazırki prosesdə iddiaçı digər vəkillə təmsil olunur və hüquqi yardımı ona digər Vəkil2 göstərir. Göründüyü kimi, öhdəliyin icra edilməməsində onların təqsiri yoxdur və işin bu halı da iddiaçıya məlumdur. Əfsuslar olsun ki, uzun illər birgə fəaliyyət göstərdikləri iddiaçı bunları nəzərə almamışdır. Göstərilənləri nəzərə alaraq, iddiaçının illik beş faizlə hesablanmış və cavabdehdən tələb etdiyi 4554.8 manat pul vəsaitinin, həmçinin hüquqi xidmətə görə tələb edilən 500 manat pul vəsaitinin tutulması hissəsində iddiasının təmin edilməməsi xahiş olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 11 fevral 2025-ci il tarixli e-2-2(121)-309/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh ASC-dən 77200 manat borc, 13896 manat ƏDV borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 4554.8 manat gecikdirmə faizi, hüquqi yardımla bağlı ödənilmiş 300 manat və ödənilmiş 379 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 96329.8 manat məbləğində pul vəsaitinin tutularaq tutularaq iddiaçı X2 ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edimişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh ASC apellyasiya şikayəti verərək qətnamənin qismən, iddia tələbinin təmin olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 4554.8 manat məbləğində gecikdirmə faizinin, hüquqi yardımla bağlı 300 manat pulun tutulması hissələrdə ləğv olunması, həmin hissələrdə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya qarşı təqdim olunan yazılı etirazın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmşdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə və ona əlavəyə qarşı yazılı etiraz təqdim edilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək izahatında göstərdi ki, istənilən səbəbdən öhdəliyin icrasının gecikdirilməsi, cavabdehi gecikdirilən müddət üçün qanunla müəyyən olunan faizlərin ödənilməsindən azad edə bilməz. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdeh məhkəmədə üzürlü səbəblər olmadan nümayəndəi vasitəsi ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan faiz pulunun tutulması, hüquqi yardımla bağlı xərcin tutulması hissələrdə mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissələrdə yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissələrdə apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: İddiaçı X3 (İcraçı) ilə Cavabdeh ASC (Sifarişçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 09/2022 nömrəli “Xidmət müqaviləsi”nə əsasən, sifarişçi torpaq işi (qazma) xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada torpaq işi (qazma) xidmətləri göstərməyi öhdələrinə götürmüşlər. Tərəflər arasında xx.xx.2022-ci il tarixli, 09/2022 nömrəli “Xidmət müqaviləsi” üzrə görülmüş işlərə dair təhvil-təslim aktları tərtib olunaraq təsdiq edilmişdir. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, X3 ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 09/2022 nömrəli “Xidmət müqaviləsi”nə əsasən yaranmış 91096 manat, AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 91096 manat borc məbləğinə hesablanmış illik beş faiz olan 4554.8 manat pulun 3 iş gün ərzində ödənilmısi xahiş olunmuş, əks təqdiedə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh ASC-nə xəbərdarlıq edilmişdir. Ödəniş tapşırığına əsasən X3 tərəfindən hüquqi yardım göstərilməsi üçün vəkil bürosuna 520 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. İş materiallarına əlavə olunan sənədlərlə tərəflər arasında xx.xx.2022-ci il tarixli, 09/2022 nömrəli “Xidmət müqaviləsi”ndən irəli gələn münasibətlərin formalaşdığı, sifarişçi qismində çıxış edən Cavabdeh ASC-nin icraçı qismində çıxış edən X3 qarşısında almış olduğu xidmətə görə muzdun tam olaraq ödənilməsi formasında icra edilməmiş pul öhdəliyinin yarandığı müəyyən olunur. Bu iş materiallarına əlavə edilən işlərin təhvil-təslim aktları, elektron qaimə fakturalar, cavabdehin vəkilinin birinci instansiya məhkəməsində əsas borcun mövcudluğunu etiraf etməsi ilə tam təsdiqini tapır. İcranı qəbul etmiş sifarişçi podrat müqaviləsində nəzərdə tutulan müddətdə muzd ödəmək vəzifəsini icra etmədiyindən, icraçı (iddiaçı) razılaşdırılmış muzdun ödənilməsini tələb etməkdə tam haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərini illik 5 faizlə hesablanan 4554.8 manat məbləğində pulun tutulmasının əsassız olması hissədə tədqiq edən kollegiya həmin dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Kollegiya hesab edir ki, sifarişçi müqavilə üzrə öhdəliklərinin icrasını gecikdirdiyindən və icraçı gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan, iddianı 4554.8 manat məbləğində faiz borcunun tutulması hissədə təmin edən birinci insiansiya məhkəməsi maddi hüquq normalarının pozuntusuna yol verməmişdir. Apellyasiya şikayətinin dəlillərini vəkilə göstərmiş olduğu hüquqi yardıma görə cavabdehdən tutulan 300 manat məhkəmə xərcinin tutulmasının əsassız olması hissədə tədqiq edən kollegiya həmin dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə kollegiyası hesab edir ki, göstərilmiş hüquqi yardıma görə çəkilən xərc işin konkret hallarına və təqdim edilmiş məlumatlara uyğun, real olmaqla ağlabatan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında mübahisələndirilən hissələrdə ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissələrdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2., 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 11 fevral 2025-ci il tarixli e-2-2(121)-309/2025 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Qasım Əliyev Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar