Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-93/2024 21.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdehnə (MMC) qarşı pul tələbi üzrə kommersiya mübahisələrinə dair Şirvan Kommersiya Məhkəməsinin 04 aprel 2024-cü il tarixli 2-2(121)-1838/2023 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(121)-1838/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh MMC-dən 10171,15 manat məbləğində əsas borc və 200 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 10371,15 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh MMC xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin qətnaməsi rəsmi qaydada bu günə qədər ona təqdim olunmamışdır. Şirvan Kommersiya Məhkəməsinin müvafiq qətnaməsinin alınması məqsədilə tərəflərindən vəkil sorğusu ilə müraciət olunmuşdur. Həmin vəkil sorğusunu da vəsatətə əlavə etmişdir. Şirvan Kommersiya Məhkəməsinin cavabdeh “Cavabdeh MMCyə qarşı pul tələbinə dair qətnaməsindən apellyasiya şikayəti verilməsi zərurəti yaranmışdır. İddiaçı "xxxx" QSC məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək Cavabdeh MMC tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" QSC Cavabdeh MMC-yə qarşı “stansiya xidmətlərinə görə hesablanmış borcun tutulması tələbi”nə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(121)1838/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MMC ərizə ilə məhkəməyə müraciət edərək həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəyə etiraz verərək bildirmişdir ki, sözügedən qətnamə Elektron Məhkəmə İnformasiya Sisteminə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Bununla da, iş üzrə hüquqi şəxslər olan hər iki tərəf qətnaməni rəsmi qaydada almış hesab edilir. Həmçinin qeyd etmək lazımdır ki, Cavabdeh MMC demək olar ki, bütün məhkəmə proseslərində iştirak etmiş və qətnamənin qəbul edilməsi haqqında məlumatlı olmuşdur. Onu da qeyd etmək lazımdır ki, vəkil iddia müddətinin bərpası haqqında ərizədə qeyd edir ki, qətnamə ona təqdim edilməmişdir. Lakin bildirilir ki, həmin vəkil məhkəmə prosesslərində iştirak etməmiş və vəkil kimi birinci instansiya məhkəməsində vəkil qismində tanınmamışdır. Yalnız məhkəmə qətnaməsi Elektron Məhkəmə İnformasiya Sisteminə yükləndikdən 2 ay sonra məhkəməyə sorğu ilə müraciət etmişdir. Ona görə də, hesab edilir ki, buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi üçün əsaslar mövcud deyildir. Şirvan Kommersiya Məhkəməsinin 04 aprel 2024-cü il tarixli e-2-2(121)-1838/2023 saylı qərardadı ilə Cavabdeh MMC-nin Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli e2-2(121)-1838/2023 saylı qətnaməsindən apellyasiya şikayətininin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin rədd edilməsi qərara alınmışdır. Cavabdeh MMC-nin nümayəndəsi vəkili məhkəməyə müraciət edərək Şirvan Kommersiya Məhkəməsinin 04 aprel 2024-cü il tarixli 2(121)-1838/2023 saylı qərardadının ləğv edilməsini, ötürülmüş prosessual müddətin bərpa edilərək apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli e-2-2(121)- 1838/2023 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin rədd edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəyə hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməmişdir. Belə ki, Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli e-2- 2(121)-1838/2023 saylı qətnaməsini rəsmi qaydada bu günkü günə qədər ona təqdim olunmamışdır. Məhkəmə hesab etmişdir ki, qeyd edilən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasından imtina edilməlidir. Məhkəmə qeyd etmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi tam formada tərtib edildikən sonra xx.xx.2022-ci il tarixində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinetdə müvafiq işdə yerləşdirilmişdir. Cavabdehin həmin vaxt elektron kabineti mövcud olmamış, qətnaməni oradan götürmək kimi bir imkanı və məlumatı olmamışdır. Bundan başqa, məhkəmə öz qərardadında qeyd etmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli qətnaməsi cavabdehin həm hüquqi, həm də faktiki (Masallı rayonu Ərkivan qəsəbəsi və ünvan 1 ünvanlarına göndərilmiş, xx.xx.2023-cü il tarixdə poçt xəbərnaməsinə imza edilməklə, daha sonra isə təkrar olaraq xx.xx.2024- cü il tarixdə poçt xəbərnaməsinə imza edilməklə cavabdeh tərəfindən qətnamə qəbul edilmişdir. X3 Məhkəməsinin qətnaməsi yuxarıda qeyd olunan ünvanların heç birinə çatmamış, cavabdeh tərəfindən hər hansı poçt xəbərnaməsinə imza atılmamışdır. Məhkəmənin də qeyd etdiyi kimi, işdən görünür ki, cavabdeh qeyd edilən qətnamədən vermiş olduğu apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizəsi xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmış və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, Cavabdeh MMC-nin şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 04 aprel 2024-cü il tarixli e-2-2(121)-1838/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. MPM-in 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. MPM-in 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Beləcə, MPM-in 135.5-ci maddəsindən görünür ki, bu Məcəllənin 135.2-ci, 135.3cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Məhkəmə kollegiyası qeyd edir ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya instansiyası məhkəməsinə şikayət etmək hüququ cavabdehin konstitusion hüququdur və o, bu hüququndan qanunvericilikdə nəzərə tutulmuş müddətdə istifadə edə bilərdi. Ancaq cavabdeh məhkəmənin yuxarıda adıçəkilən qətnaməsindən apellyasiya şikayəti müddətini üzrlü səbəbdən ötürməsini göstərsə də, bu halı təsdiq edə bilməmişdir. Belə ki, iş materiallarına əsasən Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli e-2-2(121)-1838/2023 saylı qətnaməsi cavabdehin həm hüquqi, həm də faktiki ünvanlarına göndərilmiş, 15 dekabr 2023-cü il tarixdə poçt xəbərnaməsinə imza edilməklə qətnamə qəbul edilmişdir. Habelə həmin qətnamə cavabdehin 19 yanvar 2024-cü il tarixli müraciəti əsasında yenidən Masallı rayonu Ərkivan qəsəbəsinə göndərilmiş, 01 fevral 2024-cü il tarixdə poçt xəbərnaməsinə imza edilməklə qətnamə qəbul edilmişdir. Cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayəti və onun verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizəsi 12 mart 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilmişdir. Kollegiya diqqətə çatdırır ki, MPM-in 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Cavabdeh müddətin bərpasına dair vəsatətində qətnamədən apellyasiya şikayəti vermək üçün müddəti üzrlü səbəbdən buraxdığını bildirmişdir. MPM-in 133.1-ci maddəsindən aşkar görünür ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Ancaq kollegiya ötürülmüş prosessual müddətin bərpasına dair göstərilən dəlilləri əsaslı hesab etmir. MPM-in 128.1 və 128.2-ci maddələrinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qeyd edilməlidir ki, “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi göstərmişdir ki, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, məhkəmə tərəfindən çıxarılmış hər hansı qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir. Kollegiya eyni zamanda diqqətə çatdırmağı zəruri hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli 2-2(121)-1838/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə Cavabdeh MMC ərizəsinin təmin edilməməsinə dair Şirvan Kommersiya Məhkəməsinin 04 aprel 2024-cü il tarixli 2-2(121)-1838/2023 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 04 aprel 2024-cü il tarixli e-2- 2(121)-1838/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. MPM-in 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli 2-2(121)-1838/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə cavabdehin ərizəsinin təmin edilməməsinə dair Şirvan Kommersiya Məhkəməsinin 04 aprel 2024-cü il tarixli e-2-2(121)-1838/2023 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 04 aprel 2024-cü il tarixli 2-2(121)-1838/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-93/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-93/2024
21.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver