Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-94/2025 19.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi. Şirvan şəhəri, 19 iyun 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 29 oktyabr 2024cü il tarixli, e-2-2(121)-1903/2024 saylı qətnaməsindən (hakim Zaur Abbasov) Cavabdeh2 və onun vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmalı olan 157.090,22 ABŞ dolları məbləğində borcun "xxxx" MMC və "xxxx" MMC-dən birgə qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası 1 X10 Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə 186.806 ABŞ dolları əsas, 68.705,67 ABŞ dolları faiz borcu, 9.438,48 ABŞ dolları cərimə borcu, 52.990,03 ABŞ dolları məbləğində nümayəndəyə çəkilmiş xərc olmaqla, ümumilikdə 317.940,18 ABŞ dolları məbləğində borcun tutulması və ipoteka predmetləri olan “Kapital-A” firmasına məxsus gəmilərə yönəldilməsi qət edilmişdir. Hazırda həmin qətnamə üzrə 91.462 ABŞ dolları əsas borc,12.638,19 ABŞ dolları faiz borcu, 52.990,03 ABŞ dolları məbləğində nümayəndəyə çəkilmiş xərc olmaqla, ümumilikdə 157.090,22 ABŞ dolları məbləğində icra edilməmiş borc öhdəliyi qalmaqdadır. Sözügedən qətnamənin 18 ildir icra edilməməsini nəzərə alaraq, ümumilikdə 157.090,22 ABŞ dolları məbləğində qalıq borc məbləğinin ödənilməsi məqsədilə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə "xxxx" MMC və "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli “Öhdəliyin icra edilməsinə dair” Razılaşma imzalanmışdır. Həmin Razılaşmaya əsasən Azərbaycan Respublikası 1 X10 Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi üzrə "xxxx" MMCdən tutulmalı olan borcun 50.000 ABŞ dolları məbləğində hissəsinin xx.xx.2023-cü il tarixədək ödənilməsi öhdəliyini "xxxx" MMC öz üzərinə götürmüşdür. Həmin Razılaşmanın 2.4-cü bəndinə əsasən xx.xx.2023-cü il tarixədək ödəniş edilmədiyi təqdirdə qətnamə üzrə "xxxx" MMC-dən tutulmalı olan borc məbləğinin həm "xxxx" MMC-dən, həm də "xxxx" MMC-dən tutulması üçün müvafiq məhkəməyə müraciət olunması nəzərdə tutulmuşdur. Razılaşma üzrə 157.090,22 ABŞ dolları məbləğində borcun ödənilməsi məqsədilə "xxxx" MMC və "xxxx" MMC-nə pretenziya məktubları göndərilmiş, lakin heç bir ödəniş edilməmişdir və bu səbəbdən də borc məbləğinin tutulması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalınmışdır. "xxxx" MMC sözügedən Razılaşmanı imzalamaqla öz iradə ifadəsini bildirmiş, bununla da "xxxx" MMC ilə birgə borclu statusunu öz üzərinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsi zamanı iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin vəkili-nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, buna görə də onların movqeyini öyrənmək mümkün olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, e-e-2-2(121)- 1903/2024 saylı qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən 157090,22 ABŞ dolları məbləğində pul (ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və iddia cavabdeh "xxxx" MMC-nə münasibətdə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(121)- 1903/2024 saylı qətnaməsi qismən–"xxxx" MMC-nə qarşı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilsin və iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə qəbul xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin iddiaçı qarşısında “157.090,22 ABŞ dolları məbləğində icra edilməmiş borc öhdəliklərinin” olması tərəflər arasındakı Razılaşma ilə müəyyən edilmir. İstinad olunan Razılaşmanın 2.2.-ci bəndində "xxxx" MMC ümumi borcdan yalnız “50.000 ABŞ dollarını xx.xx.2023-cü il tarixədək ödənilməsini öz üzərinə götürür”. Məhkəmə 1 X10 Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə icra işinin davam etdiyini, həmin icra işi üzrə borclu şəxsin yalnız "xxxx" MMC olduğunu nəzərə almamışdır. Qanuni qüvvəsində və icra mərhələsində olan məhkəmə qətnaməsilə müəyyənləşmiş münasibətlər (İddiaçı Bank tələbkar, cavabdeh "xxxx" MMC isə borcludur) mövcud olduğu halda, məhkəmə “Tələbkar-Borclu” münasibətlərinin tərkibini dəyişmiş, Razılaşmada nəzərdə tutulmadığı halda "xxxx" MMCnidə“ borclu statusuna salmışdır”. Birinci instansiya Məhkəməsi işin müəyyən edilməli həqiqi hallarını müəyyən etməmiş və düzgün qiymətləndirməmiş, tərəflər arasında olan “Razılaşma” üzrə işin həqiqi hallarını təhrif etmiş, bunun nəticəsində təhrif olunmuş hala yanlış maddi hüququ tətbqi etmişdir. İddiaçının hazırkı tələblə Məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmadığını nəzərə almamış, buraxılmış müddətin bərpası haqqında ərizə hüququnun olmadığını nəzərə almamış, "xxxx" MMC-nin hazırkı tələb üzrə cavabdeh olmadığını, Kreditor tələbinin artıq icra icraatında olan məhkəmə qətnaməsilə təmin edildiyini və icra icraatının davam etdiyini nəzərə almamış və maddi hüquq normalarının tələbinə uyğun olmadığından, eləcə də maddi hüququn təfsiri və tətbiqində səhvə yol verildiyindən, eləcə də iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından – MPM-in 217.1-217.3-cü maddələrinin tələbləri pozulmuşdur. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmiş, iddialarının məzmununa uyğun izahat vermiş və şikayətin təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, Azərbaycan Respublikası 1 X10 Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnamənin 18 il icra edilməməsini nəzərə alaraq, ümumilikdə 157.090,22 ABŞ dolları məbləğində qalıq borc məbləğinin ödənilməsi məqsədilə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə "xxxx" MMC və "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli “Öhdəliyin icra edilməsinə dair” Razılaşma imzalanmışdır. Razılaşmaya əsasən 1 X10 Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi üzrə "xxxx" MMC-dən tutulmalı olan borcun 50.000 ABŞ dolları məbləğində hissəsinin xx.xx.2023-cü il tarixədək ödənilməsi öhdəliyini "xxxx" MMC öz üzərinə götürmüşdür. Lakin cavabdeh "xxxx" MMC bu günədək öhdəliyini icra etməmişdir. Həmçinin bildirmişdir ki, cavabdehlərlə danışıqlar apararaq barışıq əldə edilməsinə çalışsalarda aralarında hər hansı razılıq əldə edilməmişdir. Cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, apellyasiya baxışına gəlməmişlər. Lakin "xxxx" MMC-nin nümayəndəsi (vəkili) Vəkil2 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı LPO "xxxx" ASC "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə pul tutulmasına dair Azərbaycan Respublikası 1 X10 Məhkəməsinin xx.xx.2006-cı il tarixli qiyabi qətnaməsinə və həmin qətnamənin icrası məqsədilə (...məbləğin ödəniləcəyi təqdirdə...) şərtlə bağlanmış xx.xx.2023-cü il tarixli “Öhdəliyin icra edilməsinə dair Razılaşma”ya əsaslanmışdır. Bundan əvvəlki müraciətlərində də göstərdikləri kimi, LPO "xxxx" ASC ilə "xxxx" MMC arasında Azərbaycan Respublikası 1 X10 Məhkəməsinin xx.xx.2006-cı il tarixli qiyabi qətnaməsinin icrasının təmin olunması barədə müzakirələr aparılır. Sözügedən qiyabi qətnamənin icra qaydası və şərtləri barədə Bankla "xxxx" MMC arasında yekun razılıq əldə edildikdə iddiaçının iddiadan imtina etməsi zəruri olacaq. Onlara verilən məlumata görə Bankla "xxxx" MMC arasında barışıığın əldə edilməsi üçün əlavə vaxta ehtiyac olması ilə əlaqədar tərəflər (LPO "xxxx" ASC və "xxxx" MMC) məhkəmə iclasının təxirə salınmasına dair müraciət etmişlər. Bu xüsusatları nəzərə alaraq, iddiaçı tərəfdən məhkəmə iclasının təxirə salınmasına dair müraciətinə etirazlarının olmadığını, tərəflər (LPO "xxxx" ASC və "xxxx" MMC) arasında barışığın əldə edilməsinə şərait yaradılmasına tərəfdar olduqlarını Kollegiyanın diqqətinə çatdırırlar. Eyni zamanda, (Kollegiyanın belə bir qənaəti olduqda) hazırki iş üzrə məhkəmə iclasının keçirilməsi zərurəti yaranarsa, Kollegiyanın diqqətinə çatdırırlar ki, iddiaçının iddia tələbindən imtina etmədiyi təqdirdə, "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edirlər, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul olunmasını Kollegiyadan xahiş etmişlər. Həmçinin qeyd etmişdir ki, başqa məhkəmələrdə işləri olduğundan Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan hazırkı iş üzrə məhkəmə iclasında iştrak edə bilməyəcəkdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh "xxxx" MMC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən -"xxxx" MMC-nə qarşı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə Kollegiyası, qeyd edilənlərə əsasən də, apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MM-nin 431.1-ci maddəsinə borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Mülki Məcəlləsinin 522.1-ci maddəsinə əsasən, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Həmin Məcəllənin 522.2-ci maddəsinə əsasən, əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşin materiallarından görünür ki, iddiaçının etirazlarının əsası kimi istinad etdiyi halları sübut edilməmişdir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, e-e-2-2(121)-1903/2024 saylı qətnaməsi iddianın təmin edilən - “cavabdeh "xxxx" MMC-dən 157090,22 ABŞ dolları məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası 1 X10 Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən, "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə 186.806 ABŞ dolları əsas, 68.705,67 ABŞ dolları faiz borcu, 9.438,48 ABŞ dolları cərimə borcu, 52.990,03 ABŞ dolları məbləğində nümayəndəyə çəkilmiş xərc olmaqla, ümumilikdə 317.940,18 ABŞ dolları məbləğində borcun tutulması və tələbin ipoteka predmetləri olan “Kapital-A” firmasına məxsus gəmilərə yönəldilməsi qət edilmişdir. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC ilə cavabdehlər öhdəlik qəbul edən "xxxx" MMC və borclu "xxxx" MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli “Öhdəliyin icra edilməsinə dair” Razılaşmanın: 1.1-ci bəndinə əsasən, bu Razılaşmanın predmetini 1 X10 Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2319/1-145 saylı qiyabi qətnaməsinin Borclu tərəfindən icra edilməsinə şəraitin yaradılması təşkil edir. 1.2-ci bəndinə əsasən, bu Razılaşmanın 1.1-ci bəndində qeyd edilən məhkəmənin qiyabi qətnaməsinin xx.xx.2006-cı il tarixdə qəbul olunduğunu və 17 il keçməsinə baxmayaraq bugünədək tam icra edilmədiyini, həmin kreditin təminatı olan gəmilərin mövcud olmadığını, kredit verilən zaman 1 ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinin 0.78 manat olduğunu, lakin 2015-ci ildə üzən məzənnəyə keçidlə bağlı hazırda məzənnənin 2 dəfədən çox artdığını, məhkəmə qətnaməsi ilə qət edilmiş 52.990,03 ABŞ dolları məbləğində nümayəndəyə çəkildiyi göstərilən xərcin LPO Bankın mühasibatlıq sənədlərində və o cümlədən, mülki iş materiallarında öz əksini tapmamasını, qətnamədən sonra Borclu tərəfindən ümumilikdə 160.849,96 ABŞ dolları məbləğində ödəniş edildiyini, hazırda birdəfəlik qismən ediləcək ödənişin LPO Bankın ləğv prosedurunun sürətləndirilməsinə müsbət təsir göstərəcəyini nəzərə alaraq, Tərəflər bu Razılaşmanın imzalanmasını məqsədəmüvafiq hesab edirlər. 2.1-ci bəndinə əsasən, Borclunun 1 X10 Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2319/1-145 saylı qiyabi qətnaməsi üzrə 91.642 ABŞ dolları əsas borc, 12.638,19 ABŞ dolları faiz borcu, 52.990,03 ABŞ dolları məbləğində nümayəndəyə çəkilmiş xərc, cəmi 157.090,22 ABŞ dolları məbləğində icra edilməmiş borc öhdəliyi olduğunu Tərəflər təsdiq edirlər. 2.2-ci bəndinə əsasən, öhdəlik qəbul edən bu Razılaşmanın 2.1-ci bəndində göstərilən 91.462, ABŞ dolları əsas borcdan 50.000 ABŞ dolları hissəsini xx.xx.2023-cü il tarixədək birdəfəlik ödənilməsi öhdəliyini öz üzərinə götürür. 2.3-cü bəndinə əsasən, bu Razılaşmanın 2.2-ci bəndində qeyd edilən ödəniş Öhdəlik qəbul edən tərəfindən icra edildikdən və 2.5-ci bəndi X5 tərəfindən icra edildikdən sonra Borclunun yerdə qalan digər borclarına güzəşt tətbiq edərəj X3 silinməsi öhdəliyini Ləğvedici öz üzərinə götürür. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, tərəflər arasında bağlanmış “Öhdəliyin icra edilməsinə dair” Razılaşmaya əsasən yaranmış 157.090,22 ABŞ dolları məbləğində borcun 5 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə borcun "xxxx" ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddianı qismən - cavabdeh "xxxx" MMC-dən 157.090,22 ABŞ dolları məbləğində borcun tutulmasını qət etmiş, iddianı qalan hissədə və digər cavabdeh "xxxx" MMC-yə münasibətdə təmin etməmişdir. Qətnamədən Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti vermişdir. Cavabdeh "xxxx" MMC isə qətnamədən apellyasiya şikayəti verməmişdir. Buna görə də Kollegiya apellyasiya şikayətinə MPM-nin 372-ci maddəsinin tələblərini əsas götürərək baxmışdır. Apellyasiya şikayətinin əsas dəlilləri;
1. "xxxx" MMC-nin iddiaçı qarşısında 157.090,22 ABŞ dolları məbləğində icra edilməmiş borc öhdəliklərinin olmasının müəyyən edilməməsindən,
2. Birinci instansiya məhkəməsinin 1 X10 Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi üzrə icra işinin davam etdiyini, həmin icra işi üzrə borclu şəxsin yalnız "xxxx" MMC olmasını nəzərə almamasından,
3. Məhkəmənin “Tələbkar-Borclu” münasibətlərinin tərkibini dəyişərək Razılaşmada nəzərdə tutulmadığı halda "xxxx" MMC-nidə“ borclu statusuna salmasından,
4. İddiaçının "xxxx" MMC-yə qarşı məhkəməyə müraciət etməkdə subyektiv hüququnun olmadığını nəzərə almamasından,
5. Tətbiq edilən maddi hüquq normalarının tələbə uyğun olmaması, eləcə də maddi hüququn təfsiri və tətbiqində səhvə yol verilməsindən ibarətdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı sayır və bununla ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, işin faktiki halı ondan ibarətdir ki, Azərbaycan Respublikası 1 X10 Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən, "xxxx" MMC-dən "xxxx" ASCnin xeyrinə 186.806 ABŞ dolları əsas, 68.705,67 ABŞ dolları faiz, 9.438,48 ABŞ dolları cərimə borcu, 52.990,03 ABŞ dolları məbləğində nümayəndəyə çəkilmiş xərc olmaqla, ümumilikdə 317.940,18 ABŞ dolları məbləğində borcun tutulması və ipoteka predmetləri olan “Kapital-A” firmasına məxsus gəmilərə yönəldilməsi qət edilmişdir. Keçən müddət ərzində Azərbaycan Respublikası 1 X10 Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi qismən icra edilmiş və "xxxx" MMC-nin 157.090,22 ABŞ dolları məbləğində icra edilməmiş borc öhdəliyi qalmışdır. Sonradan "xxxx" ASC ilə cavabdehlər öhdəlik qəbul edən "xxxx" MMC və borclu "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli “öhdəliyin icra edilməsinə dair” razılaşma imzalanmışdır. Həmin Razılaşmaya əsasən Borclunun 1 X10 Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2319/1-145 saylı qiyabi qətnaməsi üzrə 91.642 ABŞ dolları əsas borc, 12.638,19 ABŞ dolları faiz borcu, 52.990,03 ABŞ dolları məbləğində nümayəndəyə çəkilmiş xərc, cəmi 157.090,22 ABŞ dolları məbləğində icra edilməmiş borc öhdəliyi olduğunu Tərəflər təsdiq etmiş və öhdəlik qəbul edən "xxxx" MMC 91.462, ABŞ dolları əsas borcdan 50.000 ABŞ dolları hissəsini xx.xx.2023-cü il tarixədək birdəfəlik ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Həmin öhdəlik yerinə yetirilmədiyindən iddiaçı "xxxx" ASC-nin ləğvedicisi ƏSF hazırki tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi "xxxx" MMC-yə qarşı iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Öhdəliyin icra edilməsinə dair” Razılaşma ilə öhdəliyi qəbul edən "xxxx" MMC borclu "xxxx" MMC-nin kreditor "xxxx" ASC-nə olan borcunun ödənilməsi öhdəliyini öz üzərinə götürmüş və kreditor "xxxx" ASC öhdəliyin verilməsinə etiraz etməmişdir. Bununla da, tərəflər arasında öhdəliyin verilməsi (borcun köçürülməsi) barədə razılaşma əldə olunmuşdur ki, bu halda da öhdəlik üzrə icra tələbi öhdəliyi qəbul etmiş şəxsə yönəldilə bilər. Məhkəmə maddi hüquq norması kimi Mülki Məcəlləsinin 522.1 və 522.2-ci maddələrinə istinad etmişdir. Məhkəmə Kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları düzgün qiymətləndiriməmiş, tərəflər arasında olan mübahisə üzrə maddi hüquq normalarının təfsirində səhvə yol vermişdir. Belə ki, Mülki Məcəlləsinin 522.1-ci maddəsinə qeyd edilir ki, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Göründüyü kimi həmin normanın məzmununa görə kreditor ilə müqaviləyə əsasən öhdəliyin üçüncü şəxsə verilə bilməsi, bunun nəticəsində həmin şəxsin müqavilə üzrə əvvəlki borclunu əvəz etməsi qanunla tənzimlənmişdir. Lakin hazırkı mübahisənin əsasını yuxarıda qeyd edilən müqavilə üzrə artıq 1 X10 Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2319/1-145 saylı qiyabi qətnaməsi əsasında icra mərhələsində olan həmin qətnamənin icra edilməyən, "xxxx" MMC-nin qalıq borcu olan 157.090,22 ABŞ dolları məbləğində pulun üçüncü şəxs yəni, "xxxx" MMC tərəfindən icra edilməməsi təşkil edir. Belə ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli Razılaşmanın şərtlərində "xxxx" MMC-nin məhkəmə qətnaməsi əsasında "xxxx" MMC-dən tutulmalı olan borc məbləğinə münasibətdə borclunu əvəz etməsinə dair müddəa yoxdur. Bu baxımdan ”X.B.İmport” MMC “əvvəlki borclunu” əvəz etməmişdir və edə də bilməzdi. Nəzərə alınmalıdır ki, "xxxx" MMC-nin iddiaçı Banka olan borcu müqavilə üzrə deyil, qanuni qüvvəsində olan məhkəmə qətnaməsinə əsaslanır. Bəhsi keçən razılaşmadan da göründüyü kimi tərəflər arasında öhdəliyin verilməsi (borcun köçürülməsi) barədə razılaşma əldə olunmamış, öhdəliyin üçüncü şəxs tərəfindən ödənilməsi öhdəliyi baş tutmamışdır. İkinci, iş materialından da göründüyü kimi üçtərəfli Razılaşmanın imzalanmasına baxmayaraq, xx.xx.2006-cı il tarixli 1 X10 Məhkəməsinin qətnaməsi üzrə verilmiş icra vərəqi öz qüvvəsində qalmışdır. Bu xüsusat ona görə əhəmiyyətlidir ki, Razılaşma imzalanamsına baxmayaraq, icra vərəqəsi qüvvəsində qalmaqla icra icraatı davam edir və öhdəliyin üçüncü şəxsə ötürülməsi baş tutmamışdır. Tələbkar Bankın xeyrinə olan məhkəmə qətnaməsi əsasında verilmiş icra vərəqi və icra icraatı qüvvədə olduğu halda, üzərində öhdəlik olan şəxs "xxxx" MMC-dir və belə öhdəlik üçüncü şəxsə, yəni, "xxxx" MMC-ə ötürülməmişdir. Məntiqi olaraq da “borclu əvəz edilməmişdir”. İddiaçı Bank hazırda eyni borc məbləği olan 157.090,22 ABŞ dolları pul vəsaitini 1 X10 Məhkəməsinin qətnaməsi üzrə həm "xxxx" MMC-dən, həm də xx.xx.2023-cü iltarixli Razılaşma üzrə "xxxx" MMC-dən tələb edir. Yəni hazırda "xxxx" MMC-dən tutulmalı olan borc məbləği olan 157.090,22 ABŞ dolları ilə bağlı icra vərəqəsi qüvvədədir. Həmçinin əlavə olaraq 157.090,22 ABŞ dolları pul məbləği "xxxx" MMC-dən tələb edilir ki, bu da gələcəkdə iddiaçının əsassız varlanmasına səbəb ola bilər. Üçüncüsü, Razılaşmada “öhdəliyin ötürülməsi” baş tutmamış və Kreditor MM-in 522-ci maddəsinin tələblərinə uyğun “öhdəliyin üçüncü şəxsə keçməsinə” razılığını verməmişdir. Tələbkar Bank məhkəmə qətnaməsilə tutulmalı olan məbləğin ödənilməsi üçün müvafiq icra qurumlarına müraciət etmək hüququnu özündə saxlamışdır. Məhz 2.4cü bəndin məzmunu da onu göstərir ki, Razılaşmanın məqsədi "xxxx" MMC-dən məhkəmə qətnaməsi üzrə icra işindən kənar, “öhdəliyin üçüncü şəxsə verilməsi” qaydası ilə münasibətləri tənzimləmək olmamışdır. Hər bir halda, icra icraatı qüvvədədir. Bu Razılaşma əsasında icra icraatına xitam verilməmişdir, məhz ona görə də “Öhdəlik qəbuledən” 2.2.-ci bəndi icra etmədikdə məhkəmə qətnaməsi ilə tutulmalı məbləğin ödənilməsi üçün müvafiq icra qurumlarına müraciət edilməsi nəzərdə tutulmuşdur (Razılaşmanın 2.4-cü bəndi). Bu bəndin nəzərdə tutulması da onu göstərir ki, Kreditorun məhkəmə qətnaməsinin icrasını tələb etməyə hüquqi imkanı saxlanılmışdır. MM-nin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçılarıarasında müqavilə olmalıdır. MM-in 385-ci və 386-cı maddələrinin tələblərindən göründüyü kimi, öhdəliyin yaranması üçün (digər iki əsasdan başqa) tərəflər arasında müqavilə olmalıdır. Məhz müqavilə ilə üzərinə öhdəlik götürmüş tərəf onu icra etmək vəzifəsi daşıyır və digər tərəfin qarşısında borcluya çevrilir. Hazırki iş üzrə istinad olunan Razılaşma ilə, yuxarıda göstərildiyi kimi, "xxxx" MMC məhkəmə qətnaməsi ilə tutulmalı olan borcun ödənilməsini üzərinə götürmədiyinə, daha doğrusu, "xxxx" MMC-nin öhdəliyini öz üzərinə (MM-in 522-ci maddəsində nəzərdə tutulmuş əsasla və qaydada) götürmədiyinə görə, Kreditor qarşısında borcluya çevrilməmişdir. Hətta, Razılaşmanın 2.2.-ci bəndində MMC məhkəmə qətnaməsilə tutulmalı olan məbləğin bir hissəsini xx.xx.2023-cü il tarixədək ödəməyi üzərinə götürsə də, bu, "xxxx" MMC-nin öhdəliyinin ona keçməsilə nəticələnməmişdir. Dördüncüsü, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqeyinə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2023-cü iltarixli Razılaşmada faktiki borc deyil, artıq 19 il bundan əvvəl 1 X10 Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2319/1-145 saylı qiyabi qətnaməsi əsasında icra mərhələsində olan həmin qətnamənin icra edilməyən, qalıq borcu olan 157.090,22 ABŞ dolları məbləğində pulun üçüncü şəxs yəni, "xxxx" MMC tərəfindən icra edilməməsi tələb edilir. Yəni, Mülki Məcəlləsinin 522-ci maddəsi kreditor ilə müqaviləyə əsasən öhdəliyin üçüncü şəxsə verilə bilməsindən bəhs edilir. Bu müddəa artıq qanuni qüvvəsini almış və icraya yönəldirlmiş və qismən də olsa icra edilmiş məhkəmə qətnaməsinin qalıq borcu üzrə öhdəliyin icra edilməsi anlamına gəlməməlidir. Belə ki, artıq icra mərhələsində olan qalıq borc üzrə razılaşmanın əldə edilməsi könüllülüyə əsaslanır ki, belə olan halda Kreditor olan iddiaçı tərəfindən "xxxx" MMC-dən öhdəliyi tələb etməsi əhəmiyyətsizdir. Çünki öhdəliyin barclunun əvəzindən kreditora üçüncü şəxs tərəfindən icra edilməsi könüllüdür. Bu halda iddiaçı kreditor borcun üçüncü şəxs tərəfindən məcburi qaydada ödənilməsini tələb edə bilməz. MM-nin 431.1-ci maddəsinə borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Yuxarıda şərh edilən maddi hüquq normalarının məzmununa əsasən Kollegiya qeyd edir ki, Kreditor iddiaçı "xxxx" ASC-nin ləğv edicisi ƏSF-u hazırkı tələblə bağlı "xxxx" MMC-yə qarşı iddia tələbi irəli sürmək hüququna malik olmamışdır. Belə ki, həmin tələb tərəflər arasında bağlanmış hər hansı bir öhdəlik hüquq münasibətinə əsaslanmış müqaviləyə deyil, yuxarıda qeyd edilən qətnamənin icra edilməyən 157090,22 ABŞ dollarına aid hissəsinə dair razılaşmaya əsaslanmışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, e-e-2-2(121)-1903/2024 saylı qətnaməsi iddianın təmin edilən - “cavabdeh "xxxx" MMC-dən 157090,22 ABŞ dolları məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi:
Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, e-e-2-2(121)- 1903/2024 saylı qətnaməsi iddianın təmin edilən - “cavabdeh "xxxx" MMC-dən 157090,22 ABŞ dolları məbləğində pul (ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh "xxxx" MMC-yə qarşı yönələn iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.