Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-97/2024 05.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kmaran Sabir oğlunun katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 28 fevral 2024-cü il tarixli 2-2(121)- 9/2024 saylı qətnaməsindən (Hakim N.Misirzadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixə xx.xx.2015-ci il tarixli müqavilə üzrə hesablanmış 18971.85 manat əsas məbləğ üzrə borc, hesablanmış 798.22 manat faiz borcu və 5000 manat cərimənin, xx.xx.2022-ci il tarixə xx.xx.2015-ci il tarixli müqavilə üzrə hesablanmış 39344.1 manat əsas məbləğ üzrə borcun, hesablanmış 1649.2 manat faiz borcunun və 10000 manat cərimənin, hüquqi yardımla bağlı 300 manat, 400 manat mediasiyaya dair xərcin, cəmi 76463.37 manat pul vəsaitinin cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərürfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə "xxxx" MMC arasında agentliyin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli müqavilələr bağlanmışdır. Bu müqavilələr üzrə "xxxx" MMC tərəfindən öhdəliklər lazımınca icra edilməmiş və nəticədə maliyyə arayışında qeyd edilmiş xx.xx.2022-ci il tarixə xx.xx.2015ci il tarixli müqavilə üzrə 18971.85 manat əsas məbləğ üzrə borc, hesablanmış 798.22 manat faiz borcu və 5000 manat cərimə borcu, eləcə də maliyyə arayışının tərtib edildiyi xx.xx.2022ci il tarixə xx.xx.2015-ci il tarixli müqavilə üzrə 39344.1 manat əsas məbləğ üzrə borc, hesablanmış 1649.2 manat faiz borcu və 10000 manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərc də Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənilmişdir. Hesab edirlər ki, bu məbləğ də məhkəmə xərci kimi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 300 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəkili, eyni zamanda nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddianı qismən, yalnız əsas borc hissədə qəbul edərək, izahatında göstərmişdir ki, iddiaçı tərəfindən əsas və faiz borcu çox hesablanmışdır. Belə ki, "xxxx" MMC-nin mühasibinin bildiməsinə görə iki müqavilə üzrə ümumilikdə 51000 manata yaxın borcları qalmalıdır. Cavabdeh tərəfindən ödənişlər edilmiş, lakin onlarda bunu təsdiq edən müvafiq sənədlər, yəni ödəniş qəbzləri yoxdur. Odur ki, iddianı xx.xx.2015-ci il tarixli müqavilə üzrə 12971.85 manat əsas borc, xx.xx.2015-ci il tarixli müqavilə üzrə isə 32344.10 manat əsas borc hissələrində qəbul edir, iddianın qalan hissəsinə etiraz edir. Şirvan Kommersiya Məhkəməsinin 28 fevral 2024-cü il tarixli e-2-2(121)-9/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 18971.85 manat əsas borc, 798.22 manat faiz borcu və 350 manat cərimə olmaqla cəmi 20120.07 manat məbləğində pul vəsaitinin, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 39344.10 manat əsas borc, 1649.2 manat faiz borcu və 700 manat cərimə olmaqla cəmi 41693.30 manat məbləğində pul vəsaitinin, həmçinin hüquqi yardımla bağlı çəkilmiş xərcin 250 manat, mediasiya tətbiqi ilə bağlı çəkilmiş xərcin 350 manat hissələrinin cavabdeh "xxxx" MMC-dən alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, 275.44 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" MMCdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin hüquqi yardım və mediasiya xərci ilə bağlı qismən təmin edilən hissədə ləğv edilərək, iddia tələbinin həmin hissələrdə tam həcmdə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 121.1.-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, iddia isə qismən təmin edilməli olduğundan, göstərilən məbləğ ağlabatan məbləğdə, yəni 250 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Lakin nəzərə almaq lazımdır ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 904-VİQD nömrəli Qanunu ilə 121.1-ci maddədə “çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla” sözləri “təqdim edilmiş məlumatlar qiymətləndirilməklə” sözləri ilə əvəz edilmişdir. Odur ki, məhkəmə sözü gedən maddədə olunan dəyişikliyi nəzərə almamış və normanı düzgün tətbiq etməmişdir. Həmin maddədən də göründüyü kimi hüquqi yardımla bağlı məbləğin ağlabatanlılığı müəyyən edilərkən “çıxış üçün təqdim olunmuş hesab nəzərə alınması” tamamilə əsassızdır. Maddədən göründüyü kimi mülki prosessual qanunvericilikdə vəkilin və ya iddiaçının məhkəmədə mütləq iştirak etməsi barədə hər hansı məcburedici norma mövcud deyildir. Əksinə, qanunvericilik iddiaçının və ya onun vəkilinin məhkəmə iclasına gəlmədən işə onun iştirakı olmadan baxılmasının tələb etməklə işin mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsinin mümkünlüyünü müəyyən etmişdir. Bununla yanaşı, məhkəmə hüquq islahatı çərçivəsində iş yükünün azaldılması və prosessual qənaət prinsipinin təmin edilməsi baxımından işlərə tərəflərin və onların vəkillərinin iştirakı olmadan yazılı icraat qaydasında baxılması hallarının qanunvericilikdə müəyyən edilməsi də işlərin məhkəmədə deyil, məhkəməyə qədər hazırlanmasını zəruri edir. Ona görə də vəkilin əsas öhdəliyi işi məhkəməyə qədər düzgün hazırlamaq və məhkəməyə təqdim etməkdir. Beləliklə, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin ağlabatanlılığı müəyyən edilən zaman nəzərə alınan “konkret hallar və təqdim edilmiş məlumatlar” vəkil tərəfdən tam şəkildə təqdim edilərək, hüquqi yardım üçün nəzərdə tutulan xidmətlər vəkil tərəfindən tam icra edilmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, vəkillə bağlanmış müqaviləyə əsasən vəkilin hüquqi yardımla bağlı öhdəliyi müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılmasından ibarət olmuş və hüquqi yardıma dair öhdəliklər vəkil tərəfindən tam icra edilmişdir. Bundan əlavə, 76463.37 manat pul tələbinə dair iddianın məhkəməyə təqdim edilməsi üçün 300 manat pulun vəkilə ödənilməsinin məhkəmə tərəfindən ağlabatan hesab edilməməsi tam əsassızdır. Məhz mülki işlərdə məhkəməyə qədər işlərin hazırlanması kifayət qədər zəhmət tələb edir ki, bu da vəkil tərəfindən həyata keçirilmişdir. Eyni zamanda bildiririk ki, iddiaçının büdcə təşkilatı olduğunu nəzərə alaraq vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilən vəsaitin cavabdehdən tutularaq büdcəyə ödənilməsi nəzərdə tutulur. Məhkəmə tərəfindən vəkilə ödənilən hüquqi yardıma görə cavabdehdən tələb olunan vəsaitin azaldılması əsassız olduğuna görə ləğv edilməlidir. Bundan başqa, məhkəmə iddiaçı tərəfindən tələb olunan mediasiya xərci ilə bağlı qeyd etmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli olduğundan, bu hissədə də qismən təmin edilərək cavabdehdən 350 manat məbləğində mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarına əsasən iddianın qiyməti 50000 manatdan çox olduqda ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq 400 manat təşkil edir. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2022-ci il taixli MŞB/18-00155 saylı arayışa əsasən Agentlik tərəfindən 400 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış tərəflər məhkəmədə nümayəndəsi vasitəsilə təmsil olunmamışlar və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin hüquqi yardım və mediasiya xərcləri ilə bağlı qismən təmin olunan hissədə ləğv edilərək, iddia tələbinin həmin hissədə tam həcmdə təmin olunmasını xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə mübahisələndirilən hissədə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən "xxxx" MMC-yə 50000 manat həcmini aşmamaq şərti ilə kredit xətti müəyyən edilmişdir; İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən "xxxx" MMC-yə 100000 manat həcmini aşmamaq şərti ilə kredit xətti müəyyən edilmişdir; Maliyyə arayışından görünür ki, cavabdeh "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli müqavilə üzrə 18971.85 manat əsas, 798.22 manat faiz, 5000 manat cərimə olmaqla, cəmi 24770.07 manat məbləğində, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 39344.10 əsas, 1649.20 manat faiz, 10000 manat cərimə olmaqla, cəmi 50993.30 manat məbləğində borcu vardır; Ödəniş tapşırıqlarının surətlərindən görünür ki, xx.xx.2015-ci il tarixli “Ödəniş tapşırığına” əsasən 50000 manat, xx.xx.2015-ci il tarixli “Ödəniş tapşırığına” əsasən 50000 manat, xx.xx.2015-ci il tarixli “Ödəniş tapşırığına” əsasən 50000 manat Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüşdür; İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu (pretenziya) göndərmişdir; "xxxx" MMC tərəfindən ödənilən vəsaitlərin müqavilələr üzrə silinməsi barədə məlumatdan (iş vərəqə 160) və digər sənədlərdən görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi ümumilikdə 103345.20 manat məbləğində ödənişlər edilmiş, həmin ödənişlərdən xx.xx.2015-ci il tarixli müqavilə üzrə 31028.25 manatı əsas borc, 3971.62 manatı faiz borcu, həmçinin xx.xx.2015-ci il tarixli müqavilə üzrə 60655.90 manatı əsas borc, 7689.53 manatı faiz borcundan silinmişdir. Cəmi əsas məbləğdən 91684.05 manat, faizdən isə 11661.15 manat məbləğində pul vəsaiti silinmişdir; “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ərizəsinə əsasən xx.xx.2022-ci il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında cavabdeh "xxxx" MMC iştirak etməmişdir; “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X2 Təşkilatının hesabına 400 manat ödəniş etmişdir; 21 dekabr 2022-ci il tarixli vəkil orderindən görünür ki, həmin order Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ilə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil arasında xx.xx.2022 tarixdə bağlanmış 3074 nömrəli müqavilə əsasında verilmişdir, tapşırığın məzmunu kommersiya mübahisəsi üzrə Şirvan Kommersiya Məhkəməsinə müraciət edilməsindən ötrü hüquqi yardımın göstərilməsi olmuşdur; 27 dekabr 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, xx.xx.2022 tarixli 3074 nömrəli müqavilə əsasında Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 300 manat xidmət haqqı ödənilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 365-ci maddəsinə əsasən, apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur; 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. İş materialları ilə müəyyən olunur ki, iddiaçı agentliklə "xxxx" MMC arasında bağlanmış "Məhkəmə-hüquq xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsinin təşkili barədə" 22 avqust 2022-ci il tarixli 1 nömrəli sazişin şərtlərinə əsasən sonuncu Agentliyin hüquqlarını müdafiə etmək üçün onun adından çıxış etmiş, xx.xx.2022 tarixli 000İPX********** nömrəli qəbzlə hüquqi yardım haqqı kimi 300 manat məbləğində vəsaiti Bakı Şəhəri 5 saylı Vəkil Bürosuna ödəmişdir. Ödənişin təyinatı isə agentliklə "xxxx" MMC arasında bağlanmış hüquq xidməti ilə bağlı cavabdeh "xxxx" MMC-nə münasibətdə göstərilən hüquqi yardımın haqqı göstərilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş vəkil orderində də hüquqi yardım göstərilən şəxs qismində agentlik göstərilmişdir. Qeyd olunanlar hazırki mübahisə üzrə hüquqi yardım xidmətinə görə haqqın agentlik tərəfindən vəkil bürosunun hesabına ödənilməsinin birbaşa sübutudur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməli, göstərilmiş hüquqi yardıma görə çəkilən xərc tam olaraq cavabdehdən tutulmalıdır. Belə ki, vəkilin göstərdiyi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən xərcin məbləği işin konkret hallarına və təqdim edilmiş məlumatlara uyğundur, real olmaqla ağlabatandır. Apellyasiya şikayətinin dəlillərini ödənilmiş mediasiya xərcinə münasibətdə iddianın qismən təmin olunması hissədə tədqiq edən kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarına əlavə edilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-cü il taixli MŞB/18-00155 saylı arayışdan da, göründüyü kimi "xxxx" MMC-nin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. Kollegiya hesab edir ki, ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf olaraq cavabdeh mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ödəmək vəzifəsini daşıdığından, birinci instiansiya məhkəməsi qeyd olunan hissədə iddianı qismən təmin etməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hissədə də, apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, iddia həmin hissədə tam təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 28 fevral 2024-cü il tarixli e-2-2(121)-9/2024 saylı qətnaməsi göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilən xidmət haqqının 250 manat hissəsinin, mediasiya tətbiqi üçün çəkilmiş xərcin 350 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissələrdə dəyişdirilsin və iddia tələbi həmin hissələrdə tam təmin edilsin. Göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 manat xidmət haqqı, mediasiya tətbiqi üçün çəkilmiş 400 manat xərc cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: İlham Əsədov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2-2(106)-97/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-97/2024
05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver