Məhkəmə qərarları › İş №2-2(106)-97/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-97/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-97/2025 03.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət məhkəmə tərkibində, X4 qızının katibliyi ilə, ididaçı İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 25 fevral 2025-ci il tarixli e-2-2(121)-415/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, ödənilməmiş qalan 28.600 manat əsas borc, əsas borcun gecikdirilməsinə görə Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış 2.042 manat pulun və dövlət rüsümuna görə ödənilmiş 182 manat məbləğində pulun, cəmi 30.824 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhəri 27 saylı notariat ofisində “kredit müqaviləsi” bağlanmış və təsdiq edilmişdir. Həmin müqavilənin 1-ci bəndinə əsasən borc verən borc alana, yəni cavabdehə 31000 manat məbləğində pulu borc vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən, borc alan aldığı borcu xx.xx.2023-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə ilə bağlı mübahisə yarandığı üçün tərəflər arasında məhkəmə çəkişməsi olmuş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(103)- 7560/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə həmin müqavilə və ondan irəli gələn mübahisə ilə bağlı bütün hallara hüquqi qiymət verilmişdir. Adı çəkilən qətnamədə qeyd edilir ki, müqavilənin 1-ci bəndində iddiaçının cavabdehə 9 il müddətinə 31000 manat pul verdiyi qeyd olunsa da, tərəflərin iradə ifadəsinin həqiqi mənasına, tərəflərin müqaviləyə qədərki danışıqları və sonrakı hərəkətləri ilə bağlı işin mübahisəsiz qaydada müəyyən edilən hallarına görə həmin müqavilə mövcud borcun etirafı və etiraf olunan borcun müəyyən müddətə ödəniləcəyi barədə qarışıq müqavilə olmuşdur. Belə ki, tərəflər özləri də aralarında dərman vasitələrinin nisyə alqı-satqısı və ya barteri barədə münasibətlərin mövcud olduğunu, həmin münasibət üzrə cavabdehin iddiaçıya borcunun yarandığını, borcun ödənilməsi niyyəti ilə müqavilə bağlandıqdan sonra iddiaçıya 1000 manat, növbəti 4 ay ərzində isə cəmi 1400 manat pul ödənildiyini mübahisəsiz qəbul etmişlər. Müqavilənin bağlanmasına səbəb kimi cavabdehin borcu dərhal qaytarmaq iqtidarında olmaması çıxış etmişdir. Həmçinin işin mübahisəsiz hallarından göründüyü kimi, müqavilə bağlanan zaman cavabdeh iddiaçıya 1000 manat, 4 ay ərzində isə 1400 manat ödəmişdir. Lakin cavabdeh tərəfindən ödənişlər dayandırıldıqdan sonra iddiaçı hazırda istinad etdiyi əsaslarla əvvəlcə hüquq mühafizə orqanlarına, sonra isə məhkəməyə müraciət etmişdir. Əqdi təsdiqləmiş notarius da məhkəməyə ünvanladığı məktubda iddiaçı və cavabdehin kredit müqaviləsinin bağlanması üçün kontora müraciət etdiklərini, onları dinlədikdən sonra öz istəklərinə uyğun olaraq müqavilənin rəsmiləşdirildiyini bildirmişdir. Qətnamədə qeyd edilənlərdən də göründüyü kimi, borcun mövcudluğu, həmin borcdan cəmi 2400 manatının ödənilməsi, daha sonra ödənişlər edilmədiyindən öhdəlikdən irəli gələn mübahisənin məhkəmə müstəvisinə çıxması mübahisə doğurmur. Eyni zamanda, qeyd edilən müqavilənin “mövcud borcun etirafı və etiraf olunan borcun müəyyən müddətə ödəniləcəyi barədə” qarışıq müqavilə olması da mübahisə doğurmur. Cavabdeh qeyd edilən müqavilə bağlandıqdan sonra ümumi borcdan iddiaçıya 1000 manat, növbəti 4 ay ərzində isə cəmi 1400 manat pul ödəsə də, qalan borcu, yəni 28600 manat borcu iddiaçının müqavilədə göstərilən vaxtda tələb etməsinə baxmayaraq müxtəlif bəhanələr gətirərək qaytarmaqdan imtina etmişdir. Göründüyü kimi cavabdeh 28600 manat məbləğində pul vəsaitini qanunsuz saxlamaqla və onu qaytarmaqdan boyun qaçırmaqla bu günə kimi uzun illərdir həmin məbləğdən faydalanmaqdadır. Yuxarıda qeyd olunanlara əsasən pul öhdəliyinin icra edilməməsi məsuliyyəti üçün Azərbaycan Respublikasının Mərkəzi X1 2024-cü ilin aprel ayına olan məlumatına və Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilmiş bu günə olan “Faiz Dəhlizi” haqqında məlumatına əsasən Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixindən 2024-cü il may ayının sonuna kimi olan müddət hesablanmış və 2042 manat məbləğində faiz borcu müəyyən olunmuşdur. Beləliklə, gecikmə müddətini nəzərə alaraq hesablanan gecikmə faizlərinin miqdarı, yəni 2042 manat pul əsas borc məbləği olan 28600 manatın üzərinə gəlinərək iddiaçıya ödənilməlidir. Füzuli Rayon Məhkəməsinin e-2(064)-1227/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı əsasında qeyd edilən iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 25 fevral 2025-ci il tarixli e-2-2(121)-415/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, 28600 manat məbləğində əsas borcun və ödənilmiş dövlət rüsumunun 175.80 manat hissəsinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək ləğv olunmasını, iddianın rədd edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları düzgün müəyyən etmədən iddianı təmin etmiş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında dərman vasitələrinin barteri barədə münasibətləri yaranmış və bunun əsasında da, tərəflər biribirlərinə dərman vasitələri vermiş, həmin dərman vasitələrini sataraq qazanc əldə etmişlər. Lakin iddiaçı belə qənatə gəlmişdir ki, guya cavabdehə verdiyi dərman vasitələri çoxluq təşkil edir, bu səbəbdən də cavabdehin ona borcu yaranmışdır. Borcun yarandığı üçün iddiaçı cavabdehi aldadaraq müqavilə bağlamışdır. Əslində müqavilə bağlanmasının məqsədi iddiaçının Türkiyə və digər ölkələrdən dərman vəsaitlərini gətirib cavabdehə çatdırılması olmuşdur. Lakin iddiaçı cavabdehi aldadaraq borc müqaviləsinə imza etdirmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı vəkili Vəkil1 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, əsassız olmasından dolayı təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, hazırda Cavabdeh öz apellyasiya şikayətində iddiaçı tərəfindən aldadılaraq qeyd edilən müqaviləyə imza etdiyini bildirsə də, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 08 dekabr 2015-ci il tarixli 2(103)-7560/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, İddiaçı aldadılaraq belə uzun müddətli müqavilə bağlandığını, buna görə də müqavilənin etibarsız hesab edilməsini istəmiş, lakin Cavabdeh buna etiraz edərək iddiaçıya borcunun yarandığını, borcu dərhal qaytarmaq iqtidarında olmadığı üçün yaranmış borcun müqabilində qeyd edilən müqavilənin bağlandığını, buna görə də həmin müqavilənin etibarlı olduğunu bildirmişdir. Görünən odur ki, cavabdeh əvvəlki məhkəmə mübahisəsində iddia ərizəsinə etdiyi etirazın məzmununu unutmuş, ona görə də hazırda apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini bu qaydada mübahisələndırmışdır. Qətnamədə qeyd edilənlərdən də göründüyü kimi, iş üzrə tərəflər arasında bağlanmış müqavilənin “mövcud borcun etirafı və etiraf olunan borcun müəyyən müddətə ödəniləcəyi barədə” qarışıq müqavilə olması və həmin müqavilənin etibarlılığı, həmin müqavilə üzrə borcun mövcudluğu, həmin borcdan cəmi 2400 manatının ödənilməsi, daha sonra ödənişlər edilmədiyindən öhdəlikdən irəli gələn mübahisənin məhkəmə müstəvisinə çıxması mübahisə doğurmur. Birinci instansiya məhkəməsi də məhz göstərilənləri nəzərə alaraq öz qətnaməsində qeyd etmişdir ki, göstərilən fakt hazırkı iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktları heç kim mübahisələndirə bilməz. Ona görə də, bu halın olması məhkəmə uçün məcburidir və göstərilən hal yenidən sübut edilməməlidir. Bundan başqa, Cavabdeh Azərbaycan Respublikası Mülki və Mülki Prosessual Məcəllələrinin bir sıra maddələrinə istinad edərək bununla həmin maddələrin tələblərinin pozulmasına işarə etsə də, həmin pozuntuların nədən ibarət olmasını nə göstərmiş, nə də ki, əsaslandırmışdır. Görünən odur ki, cavabdeh tərəfin apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki və Mülki Prosessual Məcəllələrinin bir sıra maddələrinə istinad etməsi sadəcə formal xarakter daşımışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış tərəflər məhkəmədə iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissədə ləğvini və həmin hissədə də, rəddini xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin olunan hissəsində yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materillarında olan sənədlərlə aşağıdakılar məyyən olunur. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanaraq notariat qaydada təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 31000 manat məbləğində kredit vermiş, cavabdeh həmin krediti 9 il müddətinə, yəni xx.xx.2023-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı cavabdehlər X3, Cavabdeh qarşı, Bakı şəhəri 27 saylı notariat kontoru mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilməklə “müqavilənin etibarsız hesab edilməsi, pulun qaytarılması və zərərin ödənilməsi” tələbinə dair iş üzrə qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(103)-7560/2015 saylı qətnaməsidən aşağıdakılar müəyyən olunur: İddiaçı cavabdehlər X3, Cavabdeh qarşı, Bakı şəhəri 27 saylı notariat kontoru mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilməklə “müqavilənin etibarsız hesab edilməsi, pulun qaytarılması və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 27 saylı notariat kontorunda xx.xx.2014-cü ildə təsdiqlənmiş kredit müqaviləsinin qanunsuz olduğu üçün etirbarsız hesab edilməsi, bağlanmış müqavilə üzrə ondan alınmış dərman məmulatlarının pulu olaraq 34000 manatın və real olaraq 12500 manat məbləğində zərərin, cəmi 46500 manatın cavabdehlərdən bərəbər qaydada tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir; Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlər 34000 manatlıq dərman məhsullarını ondan nisyə alıb və şifahi razılaşmaya əsasən tez bir zamanda pulunu ödəyəcəklərini bildiriblər. Lakin, uzun müddət keçməsinə baxmayaraq pulu qaytarmayıblar. xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlansa da, cavabdehlər yenə də ödəmə etməyiblər. Bununla bağlı müqavilənin surətini istədikdə məlum olub ki, kredit müqaviləsi 9 il müddətinə bağlanıb. Cavabdehlərin yaxın dostu olan xüsusi notarius E.Qurbanov tərəfindən müqavilə ona oxunmadan və surəti verilmədən imza edilmiş, hüquqları izah olunmamışdır; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, 27 saylı notariat kontorunda İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü ildə bağlanmış və reyestrdə 3M 01-213 nömrə ilə qeyd edilmiş kredit müqaviləsi etibarsız hesab edilmişdir; Qeyd olunan qətnamə İddiaçı və Cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirilmişdir; Apellyasiya instnasiyası məhkəməsinin yuxarıda istinad olunan qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apellyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7780/2015 saylı iş üzrə xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı cavabdehlər X2 və Cavabdeh qarşı Bakı şəhər 27 saylı Notariat kontorunda xx.xx.2014-cü ildə təsdiqlənmiş kredit müqaviləsinin qanunsuz olduğu üçün etibarsız hesab olunması, bağlanmış müqavilə üzrə ondan alınmış dərman məmulatlarının pulu olaraq 34000 manatın və real olaraq 12500 manat məbləğində zərərin, cəmi 46500 manatın cavabdehlərdən bərabər qaydada tutulub ona ödənilməsi barədə iddiası rədd edilmişdir; İşin apellyasiya instnasiyası məhkəməsi tərəfindən müəyyən olunan hallarına əsasən tərəflər arasında bağlanmış müqavilə “kredit müqaviləsi” adlanır. Müqavilənin 1-ci bəndində İddiaçı Cavabdeh 9 il müddətinə 31000 manat pul verdiyi qeyd olunsa da, tərəflərin iradə ifadəsinin həqiqi mənasına, tərəflərin müqaviləyə qədərki danışıqları və sonrakı hərəkətləri ilə bağlı işin mübahisəsiz qaydada müəyyən edilən hallarına görə həmin müqavilə “mövcud borcun etirafı və etiraf olunan borcun müəyyən müddətə ödəniləcəyi barədə” qarışıq müqavilə olmuşdur. Belə ki, tərəflər özləri də aralarında dərman vasitələrinin nisyə alqı-satqısı və ya barteri barədə münasibətlərin mövcud olduğunu, həmin münasibət üzrə Cavabdeh İddiaçı borcunun yarandığını, borcun ödənilməsi niyyətilə müqavilə bağlandıqdan sonra iddiaçıya 1000 manat, növbəti 4 ay ərzində isə cəmi 1400 manat pul ödənildiyini mübahisəsiz qəbul etmişlər. Mülki qanunvericilik mövcud borcun etirafı və etiraf olunan borcun müəyyən müddətə ödəniləcəyi barədə qarışıq müqavilənin bağlanmasını qadağan etmir. Müqavilənin bağlanmasınadək tərəflər arasında öhdəlik münasibətlərinin yarandığını sübut edən hər hansı yazılı razılaşma olmamışdır. Müqavilənin bağlanmasına səbəb kimi məhz Cavabdeh borcu dərhal qaytarmaq iqtidarında olmaması çıxış etmişdir. Belə bir vəziyyətdə borcun təminatı üçün yazılı etirafın edilməsi və buna qarşılıq olaraq onun qaytarılması üçün daha uzun müddətin müəyyən edilməsi işin hallarına uyğundur. Həmçinin, işin mübahisəsiz hallarından göründüyü kimi müqavilə bağlanan zaman Cavabdeh iddiaçıya 1000 manat, növbəti 4 ay ərzində isə ay 300 və ya 400 manat ödəmiş, iddiaçı öhdəliyin bu şəkildə icrasını qəbul etmişdir. Yalnız Cavabdeh tərəfindən ödənişlər dayandırıldıqdan sonra hazırda istinad etdiyi əsaslarla əvvəlcə hüquq mühafizə orqanlarına, sonra məhkəməyə müraciət etmişdir. Tərəflər arasında bağlanmış mövcud borcun etirafı və etiraf edilən pulun 9 il müddətinə ödənilməsi barədə müqavilə etibarlı hesab edildiyindən, başqa sözlə müqavilə qüvvədə olduğundan, iddiaçının həmin müqavilənin ləğvini tələb etmədən bütün pulun dərhal qaytarılmasını, habelə həmin pulun əsassız saxlanmasından irəli gələn zərəri tələb etmək hüququ yoxdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 882.1-ci maddsəsinə əsasən borcun etiraf edilməsini, həm dəöhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir, 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz, 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinəgötürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir, 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir, 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır, 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Hazırki mübahisə predmeti üzrə preyudisial xarakter daşıyan qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(103)- 7560/2015 saylı qətnaməsi ilə müəyyən olunan faktiki hallara əsasən tərəflər arasında dərman vasitələrinin nisyə alqı-satqısı və ya barterindən irəli gələn münasibətlər mövcud olmuş, həmin münasibətlərdən cavabdehin iddiaçı qarşısında 31000 manat məbləğində borcu yaranmış, xx.xx.2014 tarixdə tərəflər arasında bağlanaraq notariat qaydada təsdiq olunmuş müqavilə mahiyyət etibarı ilə “mövcud borcun etirafı və etiraf olunan borcun müəyyən müddətə ödəniləcəyi barədə” qarışıq müqavilə olmuşdur. Həmin müqaviləyə əsasən cavabdeh 31000 manat borcu 9 il müddətinə, xx.xx.2023-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüş, sonrakı tarixlərdə cəmi 2400 manat məbləğində borcundan ödəniş etmişdir. Cavabdehin iddiaçı qarşısında 28600 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış “mövcud borcun etirafı və etiraf olunan borcun müəyyən müddətə ödənilməsi barədə” qarışıq müqavilədə nəzərdə tutulan müddətdə cavabdeh ödəmək vəzifəsini icra etmədiyindən, iddiaçı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin apellyasiya qaydasında ləğvi, yaxud da dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 25 fevral 2025-ci il tarixli e-2-2(121)-415/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar