Məhkəmə qərarları › İş №2-2(106)-98/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-98/2023

28.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-98/2023 28.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X9, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, (İddiaçı və onun nümayəndəsi Vəkil2, həmçinin cavabdehin nümayəndəsi və vəkili Vəkil1 əvvəlki məhkəmə iclasında iştirak etmişlər.) İddiaçı Cavabdeh və qeyrilərinə qarşı iplərin naturada və yaxud dəyərlərinin tələbi barədə mülki iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, e-2- 2(121)-488/2023 saylı qətnaməsindən (hakim N.Misirzadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs4, Maraqlı şəxs8, Maraqlı şəxs6, Maraqlı şəxs3, Maraqlı şəxs5, Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs7 qarşı - ödəniş gününə qüvvədə olan Azərbaycan manatının məzənnəsinə uyğun ümumi dəyəri 96750 ABŞ dolları olan 45 ton XEBE (kanaf) ipinin, ümumi dəyəri 41284,30 ABŞ dolları olan 19 ton 202 kq rəngəli jilka ipinin, ümumi dəyəri 40000 ABŞ dolları olan 10 ton ağ kapron ipinin və ümumi dəyəri 20000 ABŞ dolları olan 10 ton qarışıq pambıq iplərinin naturada və yaxud dəyərinin, 400 manat mediasiya xərcinin və 260 manat dövlət rüsumunun alınaraq ona verilməsi barəsində iddia ərizəsi ilə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs4 ilə təxminən 2010-ci ildən İran İslam Respublikasından ip alaraq Azərbaycan Respublikasında satışını həyata keçirmişlər. Lakin Cavabdeh onunla uşaqlıq dostu olduğundan və münasibətləri yaxşı olduğundan, Talehlə aralarında olan ip alqı-satqısına şərik olmaq istədiyini bildirmişdir. O, bu barədə Talehə bildirmiş, lakin Taleh 3-cü şəxsin şərik olmasına razılıq verməmiş, onunla olan şəriklik münasibətlərinə son qoymuş və Fikrətlə şərik ola biləcəyini bildirmişdir. Talehin əhatəsi İran İslam Respublikasında böyük olduğundan cavabdehlə Azərbaycana gətiriləcək iplərin hər tonunda ona 50 manat pul verməkləri barədə razılığa gəlmişlər. Fikrətlə şərikliyi ondan ibarət olmuşdur ki, o, maliyyə dəstəyi verəcək, İran İslam Respublikasından ip alaraq Azərbaycan Respublikasına gətirib Fikrətə təhvil verəcək, Fikrətdə iplərin hər kiloqramından ona 0,30 manat verməli idi. Həmin puldan Talehə hər ton üçün 50 manat pul ayıracaqdılar. Cavabdehlə aralarında olan razılaşmaya uyğun olaraq hər ay ipləri gətirib Fikrətin Masallı şəhərində yerləşən anbarında ona təhvil verirmiş və onun anbardarı işələyən Maraqlı şəxs6 ipləri tərəzidə çəkərək Fikrətlə birlikdə təhvil almışdırlar. Bütün iplərin Fikrətə təhvil verilməsində Babək şəxsən iştirak etmişdir. Cavabdehə təxmini hesablamalarına görə 300500 ABŞ dolları məbləğində XEBE (kanaf) ipi, rəngəli jilka ipi, ağ kapron ipi və pambıq ipi qarışıq təhvil vermişdir. Bundan da 10200000 ABŞ dolları qazancı olmuşdur. Hal-hazırda cavabdeh tərəfindən ona 96,750 dollar dəyərində 45 ton XEBE (kanaf) ipi, 41284,30 dollar dəyərində 19 ton 202 kq rəngəli jilka ipi, 40000 dollar dəyərində 10 ton ağ kapron ipi, 20000 dollar dəyərində 10 ton pambıq ipi qarışıq iplərin dəyəri ödənilməmiş qalmışdır. Cavabdehdən dəfələrlə ona ipləri geri qaytarmasını və yaxud onların dəyəri olan 198034,43 ABŞ dolları məbləğində pulunu verməsini tələb etsə də, bugün ki, tarixə kimi nə ipləri, nə də ki, onların dəyərini qaytarmaqdan imtina etmişdir. Qaytarmaq əvəzinə barəsində hüquq mühafizə orqanlarına şikayətlər etmişdir. Hətta ərizəsində qeyd etmək istəmir, ancaq üstü örtülü şəkildə qeyd edir ki, başqa bu işə aid olmayan və məsələdən xəbərdar olmayan şəxsləri araya qoşaraq, ona hədə-qorxu gələrək onun ipdən əl çəkməyini bildirmişdir. Cavabdehin ailəsi illərdi iplə məşğuldurlar və dövlət televiziyasında ailəsi ilə birlikdə müsahibə vermişdir. Cavabdeh əgər ipləri qaytarsaydı, o, ipləri satmaqla İran İslam Respublikasında yaranmış borcunu ödəyərdi. Ancaq cavabdeh dostluqlarına, qardaşdan da artıq olmuş münasibətlərinə xələl gətirmişdir. Onunla uşaqlıqdan münasibətləri pozulduğu dövrə kimi, qardaşdan da, artıq xoş münasibətləri olmuşdur. Bu müddətə kimi, qardaşlığı xatirinə dözmüşdür ki, bəlkə səhvini başa düşüb, onu saldığı çətin vəziyyətdən çıxardar, ona olan borcunu geri qaytarar. Çünki, cavabdehin ona qarşı etdiyi bu hərəkət nəticəsində bütün var dövlətini itirmişdir. Belə ki, İran İslam Respublikası vətəndaşı olan Qulam adlı şəxs ondan iplərin dəyərini istəmiş, o da məcbur olub, əlində olan əmlakları sataraq Qulama olan borcunu qismən ödəmiş, lakin 20000-30000 ABŞ dollara yaxın borcu qalmışdır. Cavabdehlə birlikdə dəfələrlə İran İslam Respublikasına Qulam adlı şəxsin yanına gedib ipləri birlikdə seçmişdirlər. Sonra mallar orda yük avtomobillərinə yüklənərək Azərbaycana yola salınmışdır. Bütün maliyyə dəstəyini o, etmiş, malları Fikrətin anbarına çəkilərək təhvil verilməsi öhdəliyi onda olmuşdur. Malların Fikrətə təhvil verilməsində Ceyhun, Elxan, Taleh adlı şəxslər iştirak etmiş və malları daşıyıb Fikrətin anbarına təhvil vermişdirlər. Babək Fikrətin işçisi, yəni anbardarı olmuşdur. Cavabdeh qarşı Masallı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, həmin iddiası məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilmiş və cavabdehdən 33840 ABŞ dollarının tutulması qət edilmişdir. Həmin iddiası ondan ibarət olmuşdur ki, 30000 ABŞ dolları "xxxx" ASC-dən, 8000 ABŞ dollar "xxxx" ASC-dən kredit, 17000 ABŞ dolları pulu isə başqa bir şəxsdən borc alıb Fikrətə vermişdir ki, 45 ton mal gəlmişdi, onun pulunu və gömrük haqqını ödəsin. Ondan borc aldığı 55000 ABŞ dolları pulu, 2 ay müddətində qaytaracağına söz vermişdir. Masallı Rayon Məhkəməsində olan sənədlərdə həqiqətən onun bankdan kredit götürməyi təsdiq olunur. Onun məhkəmədə qaldırdığı iddiası ip alverindən yaranmış borc deyil, bankdan kredit və başqa şəxsdən borc alıb Fikrətə verdiyi pulu geri tələb etməyi olmuşdur. Fikrətlə 2020-ci ilə kimi ip alveri ilə məşğul olmuş, Fikrət onun məlumatı olmadan Qulamdan ip almış, onun pulunu isə ödəməkdən imtina etmiş, Qulamda ona görə Fikrətə ip verdiyini, ona görə də Fikrətin ödəmədiyi pulu ondan tələb etmiş və Fikrətin yerinə iplərin pulunu vermişdir. Yəni bir sözlə o, cavabdehdən rayon məhkəməsində qaldırdığı iddiasında bankdan kredit götürüb verdiyi pul tələbindən ibarət olmuşdur. Ondan ip və yaxud onun dəyəri tələbi ilə bağlı müraciət etməmişdir. Cavabdehə ipləri təhvil vermiş, həmin iplərini geri tələb edir və yaxud ipləri qaytarmaq imkanı yoxdursa onun dəyərini ödəməsini tələb edir. Tələbini əsaslandıran faktlar ondan ibarətdir ki, cavabdeh Masallı Rayon Məhkəməsində, Şirvan Apellyasiya Məhkəməsində və polis orqanlarında verdiyi izahatlarında həqiqətən ondan ip almasını etiraf edir. Həmçinin öz xətti ilə yazdığı qəbzlərdə ondan ip almasını və borclu qaldığı məbləğlər özü tərəfindən qeyd etmişdir. Eyni zamanda İran İslam Respublikası vətəndaşı olan Qulamın yazdığı və imzaladığı qəbzdə də, həqiqətən ona yüz tonlarla ip verməsi və həmin ipləri Fikrətə göndərməyi sübuta yetirilir. Həmin qəbzdə də, Qulama borclu qalmağı göstərilmişdir. Həmçinin cavabdehin onda səs yazıları vardır. Həmin səs yazılarında ipləri təhvil götürməsi, mənə iplərin dəyərindən nə qədər borcu qalmasını etiraf edir. Bundan əlavə xüsusi olaraq qeyd edir ki, 2017-ci ilin axırı və 2018-ci ilin əvvəlində Fikrət ona bəzi malları qaytarmaq istədiyini bildirdi. Ondan səbəbini soruşanda, cavabında bildirdi ki, Qulamla danışıb, bəzi satılmayan malları Qulam o, iddiaçıdan geri götürəcəkdir. Qulama zəng etmiş, Qulam ona bildirdi ki, malları geri götürə bilər. X16 rayonununa gəlib, özünə aid olan sadəcə 1 ton 500 kq pambıq ipini geri götürdü. Qalan iplərin ona aid olmadığını ona və Fikrətə bildirdi. Ondan sonra cavabdehlə aralarında mübahislər yaranmağa başlamışdır. Bu mübahisələr bu günə kimi davam edir. Bu səbəbdən də, məcbur olub məhkəməyə müraciət edir. Odur ki, Cavabdeh ümumi dəyəri 96,750 ABŞ dollar olan 45 ton XEBE (kanaf) ipinin, ümumi dəyəri 41284,30 ABŞ dolları olan 19 ton 202 kq rəngəli jilka ipinin, ümumi dəyəri 40000 ABŞ dolları olan 10 ton ağ kapron ipinin və ümumi dəyəri 20000 ABŞ dolları olan 10 ton qarışıq pambıq iplərinin naturada və yaxud dəyərinin, 400 manat mediasiya xərcinin və 230 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya etiraz edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 məhkəmə iclasında iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs4, Maraqlı şəxs8, Maraqlı şəxs6, Maraqlı şəxs3, Maraqlı şəxs5, Maraqlı şəxs2 və Maraqlı şəxs7 iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, e-2-2(121)-488/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Şirvan Kommersiya Məhkəməsinin hakimi Namidar Misirzadə mülki işə qeyri-obyektiv baxaraq göstərdiyi maddi hüquq normalarını kobud şəkildə pozaraq onun hüquqlarını məhv etmişdir. Onun Cavabdehlə uzun müddət şərikliyi olmuş, tonlarla xebe (kanaf) ipi, rəngli jilka ipi və başqa növlü iplər İran İslam Respublikasından Azərbaycan Respublikasına dəfələrlə mallar vurmuşlar. Həmin malları da Fikrətin anbarında yerləşdirmişlər. Fikrətin anbarına malları təhvil verərkən də Fikrətin işçisi olan Maraqlı şəxs6 akta qol çəkmişdir. Fikrət isə etiraz ərizəsində qeyd edir ki, guya iddiaçı ilə ümumiyyətlə birlikdə şərik işləməmişlər. Etiraz ərizəsində qeyd etdikləri tam yalan və böhtandan imarətdir. Cavabdeh iddiaçıda əl yazmaları və telefon danışıqları olduğu halda o, şərikliyi necə inkar edə bilər. Həmin əl yazmaları və telefonda olan danışıqları məhkəməyə təqdim etmiş, lakin məhkəmə həmin sübutları qətnaməsində qeyd etməmişdir. Məhkəmə qətnaməsində iddianın rəddi kimi onu əsas gətirmişdir ki, guya iplər iddiaçının yox Golam Mohammadiyə məxsus olmuşdur. Həmçinin həmin iplərin Cavabdeh təhvil verilməsi müəyyən olunmamışdır. Hörmətli Məhkəmə Kollegiyası məhkəmə qətnaməsində iplərin Golam Mohammadiyə aid olmasını göstərən heç bir sübuta istinad etməmişdir. Gömrüyə verilmiş sorğu və onun əsasında alınmış iddiaçının və Cavabdeh adına heç bir malın gəlməməsini mötəbər sübut kimi qiymətləndirmişdir. İddiaçı dəfələrlə Cavabdehlə İran İslam Respublikasına gedərək malların sifarişini birlikdə etmişlər, malların Azərbaycan Respublikasına göndərilib onlara təhvil verilməsi isə İran şirkətlərinin öhdəsində olmuşdur. Malların kimin adına rəsmiləşdirilməsindən isə iddiaçının məlumatı olmamışdır. Azərbaycan Respublikasında malları təhvil aldıqdan sonra Fikrətin anbarına yığmışlar. Sonra isə həmin malları hazırlayıb Azərbaycanın bütün rayonlarında olan müştərilərimizə satmşıq. Bu iş dövriyyəsi uzun illər bu formada davam etmişdir. Fikrətlə aralarında haqq-hesab dəftəri olmuş və onun həmin dəftərlərdə əlyazmaları belə vardır. Həmçinin iddiaçı onun qardaşları ilə heç vaxt şərik olmamışdır. Onun qardaşlarına da adi müştərilər kimi mal satmışlar. Şərik olaraq malların ucuz qiymətə tapılıb gətirilməsi iddiaçının öhdəsində, rayonlara satılması isə Fikrətin öhdəsində olmuşdur. Fikrət malları sataraq İran İslam Respublikasından götürülmüş malların pulunu və birgə qazanclarından iddiaçıya çatan pulu qaytarmamışdır. Məhkəmə Fikrətin etirazını və izahatını qəbul edərək əsassız bir qətnamə qəbul etmişdir. Cavabdeh Fikrətlə bir neçə məhkəmə çəkişmələri olmuş, əvvəlki məhkəmə iclaslarında iddiaçı ilə şərikli olduğunu etiraf etmişdir. Lakin hakim Namidar Misirzadənin sədrliyi ilə keçirilən məhkəmə iclasında isə iddiaçı ilə şərikli olmadığını qeyd edir. Yəni özü-öz izahatını təkzib edir. Buda yalan izahata gətirib çıxarır. Tonlarla ipi Fikrətin anbarına yığmışlar və Fikrətdə onlarla dəftərdə iplərin alışı və satışı barədə qeydləri ola-ola məhkəmə ədalətsizcəsinə iplərin Fikrətə təhvil verilməsini qəbul etməmişdir. Həmçinin Fikrətlə iddiaçının şərikli olması Fikrətin işçisi Maraqlı şəxs6 Masallı Rayon Polis Şöbəsində izahat verərkən onların şərikliyini təsdiq etmişdir. Bu barədə polisin qərarını məhkəməyə təqdim etmişdir. Məhkəmə həmin qərarıda mötəbər sübut kimi qiymətləndirməmişdir. Subyektiv hüquqa gəldikdə isə məhkəmə kobud səhvə yol verərək iddianı həmin əsasla rədd etmişdir. Malları kimin Azərbaycan Respublikasına vurulmasından aslı olmayaraq Azərbaycanda iddiaçı malı təhvil almışdır və şəriki olan Fikrətin anbarında yerləşdirmişdir. Malların daşınması və yüklənməsi barədə şahidləri məhkəməyə təqdim etmişdir. Malları iddiaçı şəxsən sifariş etmiş və karqo şirkətləri olmadığından şirkət rəhbərləri malları Azərbaycanda iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Məhkəmə işə tələm-tələsik baxaraq əsassız bir qətnamə çıxarmışdır. Mülki işi hər tərəfli və obyektiv araşdırmamış, işin faktiki hallarına düzgün qiymət verməmişdir. Cavabdeh məhkəmə iclasında geniş izahat vermiş və izahatlarıda biri-birini tamamlamamışdır. Lakin məhkəmə cavabdehin verdiyi izahatları bilə-bilə qətnaməyə salmamışdır. Cavabdehin izahatlarının qətnaməyə salınmaması iddianın rəddi üçün şərait yaratmışdır. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslər iddiaçının xeyrinə ifadə vermişlər. Lakin məhkəmə ədalətsizcəsinə və qanunsuzca üçüncü şəxslərin ifadələrini qətnaməyə salmamışdır. Üçüncü şəxslərdən yalnız İlyas və Elxan gəlməmişlər. Lakin İlyas məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəm isə qətnaməsində üçüncü şəxslərin heç birinin məhkəməyə gəlmədiyini qeyd etmişdir. Məhkəmə bunu səhv etməmiş, bilə-bilə bu işləri görmüş və iddianın rəddi üçün zəmin yaratmışdır. Həmçinin cavabdeh və onun qardaşı İlqar məhkəmə iclasında şahidləri dəfələrlə ölümlə təhdid edərək onların ifadə verməsinə maneçilik törətmişlər və məhkəmədə buna göz yummuşdur. Məhkəmədən cavabdeh və onun qardaşı barəsində tədbir görülməsini istəsə də, məhkəmə buna əhəmiyyət verməmiş və az qalsın ki, haqqını tələb etdiyinə görə iddiaçını cərimələyəcəkdi. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə etdiklərini bildirmişlər. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və Şirvan Kommersiya Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, e-2-2(121)-488/2023 saylı qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam olaraq apellyasiya qaydasında mübahisələndirildiyindən, qətnamənin əsaslılığı iddiaçıya münasibətdə tam yoxlanılmalıdır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)- 1420/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 33840 ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq İddiaçı Hacıağa oğluna verilməsi, cavabdeh tərəfindən ödənilməli olan 33840 ABŞ dolları qətnamə icra olunduğu günə olan məzənnəsi ilə hesablanması, iddianın pulun ödənilməsinin gecikdirilməsinə görə 4974 ABŞ dolları və əldən çıxmış faydaya görə 10000 manat tələbi, həmçinin X4 münasibətdə təmin edilməməsi, ekspertiza xərcinin Cavabdeh aid edilməklə ondan 185,52 manat tutularaq X1 hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 3418/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1420/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 2592/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-3418/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən hissədə kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilən Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqinin xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X5, İddiaçı Hacıağa oğlu, Maraqlı şəxs1, X6, X3 ilə Maraqlı şəxs8 və Cavabdeh arasında borc münasibətləri yarandığından Maraqlı şəxs8, X8 və Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilməsi və qərarın surətləri şikayətçi tərəflərə göndərilməklə mülki qaydada rayon məhkəməsinə müraciət etmək hüquqları onlara izah edilməsi qərara alınmışdır. İşə əlavə edilmiş Masallı RPŞ-nin TB-nin təhqiqatçısının xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Masallı RPŞ-də toplanmış xx.xx.2020-ci il tarixli, HK-1/1739 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunan Masallı RPŞ-nin TB-nin təhqiqatçısının xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh müraciəti əsasında Masallı RPŞ-də toplanmış xx.xx.2022-ci il tarixli, HK-1/619 nömrəli material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, araşdırma zamanı şikayət etdiyi İddiaçı Hacıağa oğlu tərəfindən xx.xx.2008-ci ildən xx.xx.2021 -ci il tarixədək xarici iqtisadi fəaliyyətlə məşğul olmadığı müəyyən edilmişdir. İş materiallarında olan məktubdan görünür ki, İran Respublikasından Kərbəlayi Qulam Azərbaycanın Masallı şəhərindən olan Mahir və Fikrət ilə ... ci ildən ... cı ilə kimi topdan ip alveri etmişlər. Onun onlarla ümumi ticarətləri isə ... ilə kimi davam etmişdir. O, onlarla hər həftə ... ton olmaqla xebe (kanaf), kapron, jilka, press pambıq işləri göndərmişdir. Bütün gələn ... konteyner (... kon ... ton = ... ton) xebe ipinin hamsını bir kiloqrama qədər çəkdirib Fikrətə yollamışdır. Ona heç vaxtı əksik mal yollamamışdır. Bu mallarıda o, onlara İranın Ərdəbil şəhərindən olan "xxxx" Şirkətinin sahibi Kərbəlayi Salman və başqa-başqa adlara məxsus Karqo Şirkətləri ilə yollayırdı. Hətta Mahir ilə Fikrət malların seçimi üçün bir neçe dəfə İrana gəlib onun yanında olmuşlar. Aralarında razılıq olmuşdur ki, bu mallar Azərbaycanda ancaq təkcə Fikrətə yollanılacaqdır. O, bu malları Azərbaycanda təkcə Mahir və Fikrətə göndərdiyinə görə, onlarda hər... həftədən bir vaxtıvaxtında ona ... min dollar pul göndərirdilər. Onun onlara ümumi yolladığı mallar aşağıdakı kimidi: (... Xebe (kanaf) ipi ... kon ...). (... Rəngli jilka ipləri ... ton ...). (... Ağ kapron ipi ... ton ...). (... Pambıq ipi qarışıq ... ton ...). Ümumiyətlə onun Mahir və Fikrət ilə ... ci ildən ... cı ilə kimi ... milyon ... min dollar və sonra əlavə ... cı ildən ... ci ilə kimi isə ... milyon ... min dollar alverləri olmuşdur. Onun axrıncı dəfə yolladığı malların pulundan isə onların ona ... dollar borcu qalmışdır. Bu borcdan ... ci ilə kimi Mahir ona ... (min ... dollar) ödəmiş və ... borcları qalmışdır. Sonra da Mahirlə Fikrətin ona qalan borclarından ... ci ilə kimi az-az olmaqla Mahir ödənişlər etmişdir. Onun Fikrətdə olan mallarından isə, Fikrət və Mahir ona yalnız bir dəfə olmaqla ... kq yox, ... kq pambıq ipi geri qaytarmışlar. Bu günə kimidə onların ona ödənilməmiş borcları qalmışdır. Həmin məktubdan həmçinin görünür ki, qeyd edilən məktub Golam Mohammadi tərəfindən və "xxxx" Şirkətinin nümayəndəsi tərəfindən imalanaraq, möhürlə təsdiq edilmişdir. İş materiallarından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 488/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı - 40 ton çəkidə sarı XB ip malının naturada cavabdehdən alınaraq iddiaçıya verilməsi barəsində iddiası rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-37/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 488/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-403/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-37/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs7 və Maraqlı şəxs1 məhkəməyə ərizələrlə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı Hacıağa oğlu və Cavabdeh adlarına ip materiallarının idxalı haqqında Dövlət Gömrük Komitəsinin məlumat bazasında məlumat yoxdur. Həmçinin, “X18.”, “X17 Ltd tərəfindən ip materiallarının idxalı haqqında Dövlət Gömrük Komitəsinin məlumat bazasında məlumat yoxdur. İddiaçı nümayəndəsi Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, 2- 2(106)-98/2023 saylı iş Sizin icraatınızdadır. Qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 10:00-a təyin edilmiş məhkəmə prosesində səhhətimdə yaranmış ani narahatçılıq səbəbilə iştirak edə bilməyəcək. Həmçinin bildirilir ki, iş üzrə mübahisənin həlli baxımından vacib əhəmiyyət daşıyan Qulam Muhammedi və Salman Hamidi adlı İran İslam Respublikası vətəndaşları məhkəmədə şahid qismində dindirilmələri üçün Azərbaycan Respublikasına səfər edəcəklər. Sadəcə olaraq İran İslam Respublikasında yerləşən Azərbaycan Respublikası səfirliyi bağlandığı üçün həmin şəxslərin ölkəmizə gəlmək üçün viza alma prosedurası 3-cü ölkə - Türkiyə Respublikası üzərindən həyata keçirilməsi səbəbilə uzanmaqdadır. Odur ki, həmin şəxslərin iştirakının təmin edilməsi məqsədi ilə məhkəmə prosesinin 21 gün sonraya təxirə salınması məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçı tərəf Qulam Muhammedi və Salman Hamidi adlı şahidlərin dindirilməsi ilə bağlı birinci instansiya məhkəməsində vəsatət verməmişdir. Buna görə də məhkəmə kollegiyası həmin şahidlərin məhkəmə iclasında dindirilməsinə zərurət görməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar müəyyən edilmir. Məhkəmə kollegiyası tətbiq edilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, iddia tələbinə baxılarkən birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir, ona görə də kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qətnaməni qanuni və əsaslı hesab etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Mülki işin müəyyən olunmuş hallarına əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsaslılığına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddia tələbindən müəyyən edilir ki, iddianın qiyməti 198.034,30 ABŞ dollarıdır. İddianın təmin edilməməsi barədə qətnamə tam mübahisələndirilmişdir. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan çox olduğu üçün hazırkı qətnamədən Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, e-2-2(121)-488/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar