Məhkəmə qərarları › İş №2-2(107)-1/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-1/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-1/2023 30.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan “X3” ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə; İddiaçı ləğv prosesində olan “X3” ASC-nin Cavabdeh MMC-yə qarşı “xx.xx.2015-ci il tarixli 121 nömrəli kredit müqaviləsi üzrə 978838,59 manat əsas borc, 276879,60 manat faiz borcu, xx.xx.2015-ci il tarixli 164 nömrəli kredit müqaviləsi üzrə 20970,52 manat əsas borc, 16902,16 manat faiz borcu, 2397,84 manat müqavilənin müddəti bitdikdən sonra hesablanan faiz borcu, xx.xx.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 1470543,90 manat faiz borcu olmaqla cəmi 10066532,61 manat kredit borcunun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş üzrə Şəki Kommersiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli, e-2-2(117)-2/2021 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxılmışdır. I.İşin halları

1. “X3” ASC (bundan sonra- iddiaçı və ya ASC) ilə Cavabdeh MMC (bundan sonracavabdeh və ya MMC) arasında bağlanmış 2015-ci il 30 iyul tarixli 121 nömrəli kredit müqaviləsinə (bundan sonra-"xxxx") əsasən ASC tərəfindən MMCyə 94 ha yeni fındıq bağının salınması və becərilməsi məqsədilə istifadə müddəti 120 ay olan 1.000.000 manat kredit verilmiş, borcalan kredit və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür.

2. ASC ilə MMC arasında bağlanmış 2015-ci il 26 oktyabr tarixli 164 nömrəli kredit müqaviləsinə (bundan sonra-"xxxx") əsasən ASC tərəfindən MMCyə kommersiya məqsədilə istifadə müddəti 36 ay olan 25.000 manat kredit verilmiş, borcalan kredit və müqavilə ilə müəyyən edilmiş qaydada illik 25 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür.

3. ASC ilə MMC arasında bağlanmış 2016-cı il 11 yanvar tarixli 05 nömrəli kredit müqaviləsinə (bundan sonra-"xxxx") əsasən ASC tərəfindən MMC-yə 94 ha fındıq bağının salınması və becərilməsi məqsədilə istifadə müddəti 120 ay olan 7.300.000 manat kredit verilmiş, borcalan kredit və müqavilə ilə müəyyən edilmiş qaydada illik 4 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür.

4. Ləğv prosesində olan ASC MMC-yə 2019-cu il 10 iyul tarixli, **********461 nömrəli pretenziya məktubu göndərərək kredit müqavilələri üzrə banka ödənilməmiş cəmi 9.508.834,25 manat borcun 3 gün müddətində qaytarılmasını xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

5. ASC 2019-cu il 23 sentyabr tarixində MMC-nin 121 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 978.838,59 manat əsas borc, 184.053,02 manat faiz borcu, 164 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 20.970,52 manat əsas borc, 13.285,03 manat faiz borcu, 1.960,21 manat cərimə, 704,84 manat müqavilənin müddəti bitdikdən sonra hesablanan faiz borcu, 05 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 7.300.000 manat əsas borc, 1.009.022,04 manat faiz borcu olmaqla, cəmi 9.508.834,25 manat kredit borcunun ödənilməsi barədə iddia tələbi ilə Şəki İnzibati-İqtisadi məhkəməsinə müraciət etmişdir.

6. İddiaçı iddia tələbini yuxarıda göstərilən hallarla (bax §§ 1-5) əsaslandırmışdır.

7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 442, 445.1, 445.2.1, 445.3, 448.1, 449.4-cü maddələrinə istinad edilmişdir.

8. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 17 dekabr tarixli, e-2-2(84)- 274/2019 saylı qərardadı ilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə MEMin 2020-ci il 10 noyabr tarixli, 9/2226 saylı ekspert rəyi ilə 164 saylı kredit müqaviləsi üzrə MMC-nin ASCyə olan borcu 2018-ci il 26 oktyabr tarixinə (maliyyə arayışında qeyd edildiyi kimi, müqavilə müddətinin bitdiyi tarixə) əsas kredit borcu 19.085,26 manat, faiz borcu 4.302,43 manat, 2019-cu il 25 iyun tarixinə (maliyyə arayışında göstərilən tarixə) əsas kredit borcu 19.085,26 manat, faiz borcu 7.470,05 manat, 2019-cu il 10 iyul tarixinə (iddia qaldırılan tarixə) - əsas kredit borcu 19.085,26 manat, faiz borcu - 7.668,85 manat müəyyən edilir. 05 saylı kredit müqaviləsi üzrə MMC-nin ASC-yə olan borcunun 2019-cu il 25 iyun tarixinə (maliyyə arayışında göstərilən tarixə) əsas kredit borcu-7.300.000 manat, faiz borcu 11.355,75 manat , 2019-cu il 10 iyul tarixinə (iddia qaldırılan tarixə) əsas kredit borcu 7.300.000 manat, faiz borcu 23.522,38 manat, 2026-cı il 11 yanvar tarixinə (maliyyə arayışında qeyd edildiyi kimi, müqavilə müddətinin bitdiyi tarixə) əsas kredit borcu 7.300.000 manat, faiz borcu 1.898.000. 16 manat müəyyən edilir. 121 saylı kredit müqaviləsi üzrə MMC-nin ASC-yə 2019-cu il 25 iyun tarixinə (maliyyə arayışında göstərilən tarixə) əsas kredit borcu- 961.614,81 manat, faiz borcu- 4.006,73 manat, 2019-cu il 10 iyul tarixinə (iddia qaldırılan tarixə) əsas kredit borcu- 961.614,81 manat, faiz borcu - 1.516,58 manat, 2025-ci il 30 iyul tarixinə (maliyyə arayışında qeyd edildiyi kimi, müqavilə müddətinin bitdiyi tarixə) əsas kredit borcu 961.614,81 manat, faiz borcu - 324.027,39 manat müəyyən edilmişdir.

9. Ləğv prosesində olan ASC 2021-ci il 16 mart tarixində elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki Kommersiya məhkəməysinə müraciət edərək iddia tələbini faiz borcuna münasibətdə artırmış və “121 nömrəli kredit müqaviləsi üzrə 978.838,59 manat əsas borc, 276.879,60 manat faiz borcu, 164 nömrəli kredit müqaviləsi üzrə 20.970,52 manat əsas borc, 16.902,16 manat faiz borcu, 2.397,84 manat müqavilənin müddəti bitdikdən sonra hesablanan faiz borcu, 05 nömrəli kredit müqaviləsi üzrə 7.300.000 manat əsas borc, 1.470.543,90 manat faiz borcu olmaqla cəmi 10.066.532,61 manat kredit borcunun, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 17 mart tarixli, e-2-2(117)-2/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, MMC-dən 121 nömrəli kredit müqaviləsi üzrə 961.614,81 manat əsas borc, 1.516,58 manat faiz borcu, 164 nömrəli kredit müqaviləsi üzrə 19.085,26 manat əsas borc, 4.302,43 manat faiz borcu, 05 nömrəli kredit müqaviləsi üzrə 7.300.000 manat əsas borc, 23.522,38 manat faiz borcu və 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan ASC-yə ödənilməsi, iddianın qalan hissələrdə rədd edilməsi, ekspertizanın dəyəri olan 150 manat pulun 75 manatının ASC-dən və 75 manatının MMC-dən tutularaq MEM-in hesabına ödənilməsi qət edilmişdir. (hakim – R.Məcidov).

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş kredit borcu qalmışdır.

12. İddia tələbi əsas borcun və faiz borcun tutulması hissələrində qismən təmin edilərək ekpert rəyində göstərilən məbləğlərdə - 121 nömrəli kredit müqaviləsi üzrə 961.614,81 manat əsas borc, iddia qaldırılan 2019-cu il 10 iyul tarixinə 1.516,58 manat faiz borcu, 164 nömrəli kredit müqaviləsi üzrə 19.085,26 manat əsas borc, müqavilə müddətinin bitdiyi 2018-ci il 26 oktyabr tarixinə 4.302,43 manat faiz borcu, 05 nömrəli kredit müqaviləsi üzrə 7.300.000 manat əsas borc, iddia qaldırılan 2019-cu il 10 iyul tarixinə 23.522,38 manat faiz borcu MMCdən tutularaq ASC-yə ödənilməlidir.

13. Məhkəmə iddiaçı tərəfindən 2021-ci il 16 fevral tarixində elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş və məhkəmənin icraatına qəbul edilmiş iddia tələbinin dəqiqləşdirilməsi, yəni faiz borcları hissəsində iddia tələbinin artırılması barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, iddiaçının 2019-cu il 10 iyul tarixli iddia ərizəsi 2019cu il 23 sentyabr tarixdə məhkəmənin icraatına daxil olmuş, işin məhkəmə araşdırması aparılmış, iş üzrə ekspertiza təyin edilmiş və bu səbəbdən mübahisə üzrə yekun məhkəmə aktının qəbul edilməsi xeyli müddət tələb etmiş, bu isə cavabdehdən asılı olan səbəblərdən baş verməmişdir.

14. 121 nömrəli və 05 nömrəli kredit müqavilələrinin müddəti bitməmiş ləğv prosesində olan ASC bütün əsas borcun tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etməklə faktiki olaraq tərəflər arasında bağlanmış müqavilələrin vaxtından əvvəl xitamını tələb etmişdir.

15. Tərəflər arasında bağlanmış qeyd olunan kredit müqavilələrinin 8.1-ci bəndinin z) yarımbəndində tərəflər razılaşmışlar ki, müqavilənin şərtləri borc alan tərəfindən yerinə yetirilmədikdə, yəni kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin 2 ay ödənilmədikdə bank borc öhdəliyini vaxtından əvvəl tələb edə bilər.

16. Göründüyü kimi, iddiaçı tərəflər arasında bağlanmış müqavilələrin 8.1-ci bəndinə əsasən öhdəliyin icrasını vaxtından öncə tələb etmiş və bu barədə tələblə məhkəməyə müraciət etmişdir ki, MMC-dən kredit müqavilələri üzrə ilkin olaraq məhkəməyə müraciət olunduğu tarixə olan faiz borcu tutula bilər. İddiaçının faiz borcuna münasibətdə hər məhkəmə ekspertizası keçirildikdən sonra iddia həcmini artırması yenidən ekspertizanın keçirilməsinə və yenidən iddia həcminin artırılmasına və sonda yenidən ekspertizanın keçirilməsi ilə nəticələnər ki, bu da məhkəmə araşdırmasının bitməsinə maneədir.

17. İddiaçının məhkəməyə müraciət etməsindən sonra cavabdeh məhkəmə araşdırmasının uzadılmasına yönələn hər hansı hərəkətə yol vermədiyindən, məhkəmə araşdırmasının uzanması ekspetizanın keçirilməsi və ekspertə təqdim olunmalı sənədlərin vaxtında təqdim edilməməsinə görə baş verdiyindən, habelə iddiaçı faktiki olaraq məhkəməyə müraciət edərək əsas borcu bütövlükə tələb etməklə tərəflər arasında bağlanmış müqavilələrin vaxtından əvvəl xitamını tələb etdiyindən iddiaçının faiz borcuna münasibətdə iddia həcmini artırması və cavabdehdən əlavə faiz tələb edilməsi əsassızdır. Belə ki, iddiaçının məhkəməyə müraciət etməsi faktiki olaraq tərəflər arasında müqavilədən irəli gəlmiş öhdəlik münasibətlərinin pozulmasına və öhdəliyin vaxtından əvvəl icra edilməsinə yönəlmişdir.

18. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir 05 nömrəli kredit müqaviləsinin müddəti 2018-ci il 26 oktyabr tarixdə bitmişdir ki, iddiaçı həmin kredit müqavilə üzrə kredit müddətinin bitdiyi tarixdən sonra faiz borcu hesablaya bilməz. Kredit müddətinin bitdiyi tarixə ekspert rəyinə əsasən MMC-nin 4.302,43 manat məbləğində borcu olmuşdur ki, məhz həmin məbləğdə MMC-dən tutula bilər.

19. İddia tələbinin 164 nömrəli kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan 2.397,84 manat faiz borcunun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarında qeyd olunmuşdur ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır.

20. Bundan başqa kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

21. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, MM-in 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

22. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 2015ci il 26 oktyabr tarixində kredit müqaviləsi bağlanmış, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş buna baxmayaraq iddiaçı hətta müqavilə müddətinin bitdiyi 2018-ci il 26 oktyabr tarixindən də təxminən 1 il sonra məhkəməyə müraciət etmişdir. Halbuki qeyd olunan qərara əsasən kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalı idi.

23. Kreditor tərəfindən tələb edilən pul əldən çıxmış fayda şəklində vurulmuş zərərdən ibarətdir. Hazırki iş üzrə iddiaçı bank Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına istinad edərək cavabdehdən 2.397,84 manat məbləğində borcu tələb etsə də, pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər, habelə hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər barədə məhkəməyə sübut təqdim etməmişdir. Belə olan halda iddia tələbi qiymət verilən hissədə əsassızdır və rədd edilməlidir.

24. Məhkəmə öz qətnaməsini MM-in 21.2, 428.4, 445.7, 449.3-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-“MPM”) 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun “MM-in 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

25. Cavabdehin qanuni təmsilçisi 2021-ci il 10 iyun tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin 05 nömrəli kredit müqaviləsi üzrə 7.300.000 manat əsas borc, 23.522,38 manat faiz borcu hissəsində dəyişdirilərək iddia tələbinin bu hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

26. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 24 yanvar tarixli 2-2(107)-2/2022 saylı qətnaməsi ilə MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, 05 nömrəli kredit müqaviləsi üzrə 7.300.000 manat əsas borc, 23.522,38 manat faiz borcunun MMC–dən alınaraq LPO ASC-nin xeyrinə tutulması” hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbi LPO ASC-nin MMC-yə qarşı 05 nömrəli kredit müqaviləsi üzrə 7.300.000 manat əsas borc, 23.522,38 manat faiz borcunun MMC-dən alınaraq LPO ASCnin xeyrinə tutulması hissəsində təmin olunmamışdır.

27. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ASC ilə MMC arasında bir neçə kredit müqaviləsi, o cümlədən hazırda mübahisələndirilən 05 nömrəli kredit müqaviləsi bağlanmış, sonuncu müqaviləyə əsasən iddiaçı tərəf 94 ha. fındıq bağının salınması və becərilməsi məqsədilə istifadə müddəti 120 ay olan illik 4 % olmaqla 7.300.000 manat kredit verməyi, borcalan isə kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür.

28. Kredit müqaviləsində qeyd edilən vəsaitin cavabdehin bank hesablarına köçürülüb-köçürülmədiyi barədə məlumat verilməsi ilə bağlı ASC tərəfindən apellyasiya məhkəməsinə ünvanlanmış ərizədə MMC-yə ayrılmış 7.300.000 manat məbləğində kredit vəsaitinin müştəri tərəfindən nağd şəkildə bankın xəzinəsindən əldə edildiyini, vəsaitin verilməsinə dair hesablar üzrə hər hansı köçürmə əməliyyatının aparılmadığı qeyd edilmişdir.

29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri baxımından cavabdehin iddiaya olan mövqeyinə əsasən məhkəmə xətşünaslıq ekspertizası təyin etmiş, ekspert tərəfindən verilmiş rəydən müəyyən edilmişdir ki, mülki işin 2-ci cildinin 110- 113-cu vərəqlərində ASC ilə V.Əliyev arasında olan (MMC-nin həmin dövrdə olmuş direktoru) 05 nömrəli kredit müqaviləsinin 2-3-cü vərəqlərində “Borc alan” qrafalarındakı imzalar, 4-cü vərəqinin orta, aşağı hissələrində “İmza” və “Borc alan” qrafalarındakı imzalar – V.Əliyev tərəfindən icra olunmuşdur.

30. Bundan sonra kollegiya apellyasiya şikayətinin digər dəlillərini araşdırmaq məqsədilə müvafiq Qərardadlar qəbul edərək, aidiyyəti təşkilatlardan, (o cümlədən, Mərkəzi Bankdan, LPO ASC-dən, Əmanətlər Sığortalanması Fondundan, X1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən və s.) məlumatlar almağa cəhd etmiş, lakin sonda hər bir təşkilat 05 nömrəli kredit müqaviləsi üzrə verilməli olan məbləğ barədə onlarda məlumat olmadığını, belə bir pulun MMC-yə ödənilməsini təsdiq edən sənədi məhkəməyə təqdim edə bilmədiklərini qeyd etmişlər.

31. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəsi gedən müqavilənin cavabdeh MMC-nin keçmiş direktoru tərəfindən imzalandığı müəyyən edilsə də, cavabdehin həmin pul məbləğindən real şəkildə faydalanması, faydalandığı halda qaytarmadığı iş materilalları ilə sübut olunmamış, əksinə apellyasiya icraatı zamanı dəfələrlə cəhd edilməsinə və iddiaçı tərəfə təklif olunmasına baxmayaraq bununla bağlı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

32. Vergi ödəyicisinin mütləq əməl etməli olduğu konkret tələblər mövcuddur. Birinci tələb ondan ibarətdir ki, vergi ödəyicisi bankdan çıxardığı vəsaiti həmin gün də kassaya mədaxil etməlidir. Kollegiyanın araşdırılması zamanı yuxarıda qeyd olunan (8-ci bənddə qeyd olunan) hallara riayət olunması da müəyyən edilməmiş, əksinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin 13 saylı Ərazi Vergilər İdarəsindən məhkəməyə ünvanlanmış 2022-ci il 21 yanvar tarixli, **********583500 nömrəli məktubda ASC-nin hesabından vergi ödəyicisi MMC-nin (VÖEN **********) hesabına nə qədər məbləğdə pul köçürülməsi və hesablaşmaların aparılması barədə vergi orqanında hər hansı məlumatın olmaması qeyd edilmişdir (i/m 3-cü cild. səh. 25.)

33. MEM-in 2020-ci il 10 noyabr tarixli 9/2266 nömrəli ekspert rəy ilə müəyyən edilmişdir ki, (i/m 1-ci cild səh. 128-129) iş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışı məlumatlarından göründüyü kimi MMC aldığı kredit vəsaitinə görə 05 saylı kredit müqaviləsi üzrə ASC-yə görə 2019-cu il 11 iyul tarixədək cəmi 1.021.999.83 manat məbləğində ödəniş aparmışdır ki, həmin məbləğ bütövlükdə faiz borcunun ödənilməsinə silinmişdir.

34. Məhkəmə araşdırması zamanı ekspert rəyi tərəflərin iştirakı ilə təhlil edilərkən, cavabdehin nümayəndəsi ümumiyyətlə ekspert rəyindən məlumatsız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən onlara ekspert rəyinin təqdim olunmadığını və sonda həmin müqavilə üzrə MMC tərəfindən heç bir ödəniş aparılmadığını bildirmişdir.

35. İddiaçının nümayəndəsi isə 05 saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyini, ekspert rəyində qeyd olunanlar əvvəlki müqavilələr üzrə ödənildiyini bildirərək, sonda ekspertin bu müqavilə üzrə yanlışlığa yol verdiyini bildirmişdir. Mübahisənin bu halı iş materiallarına əlavə edilmiş müvafiq ödəniş cədvəlləri ilə də təsdiq olunur. Həmin ödəniş cədvəllərindən görünür ki, vaxtaşırı ödəmələr yalnız 164 nömrəli və 121 nömrəli kredit müqavilələri üzrə aparılmışdır (i/m 3-cü cild. səh. 27-30).

36. Məhkəmə öz qətnaməsini MM-in 5, 14.2.1, 21, 49, 385, 386.1, 425, 445.1, 739.1, 739.2, MPM-in 88, 101.3, 103.1, 103.2, 206.1, 384.0.2, 387.1-ci maddələrinə, “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması” Qaydasının 2.1, 2.4-cü bəndlərinə, KMP-nin F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, “N.Manafovun şikayəti üzrə” 2009-cu il 13 iyul tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli 4 nömrəli Qərarına, istinad etməklə əsaslandırmışdır.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 01 iyun 2022-ci il 2-2(102)-348/2022 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 24 yanvar tarixli 2-2(107)-2/2020 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

38. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli e-2-2(117)-2/2021 saylı qətnaməsi qismən ləğv edilməlidir. Hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən heç bir araşdırma aparmamışdır. Faktiki olaraq iddiaçının şişirdilmiş iddia tələbini təstiqləməklə kifayətlənmişdir ki, bu da ədalətlilik prinsipinə ziddir. Eyni gündə Ali Məhkəmədə mülki işin baxışında iştirak etməklərinin nəzərə alaraq məhkəmə iclasının başqa vaxta təxirə salınması barədə iş materiallarında 16 mart 2021-ci il tarixli rəsmi müraciəti olmasına baxmayaraq məhkəmə buna əhəmiyyət verməmiş, onların iştirakını təmin edərək çəkişmə prinsipini təmin etməmiş, onların cavabdeh qismində məhkəmə iclasında iştirakı olmadan, tələsik, birtərəfli, qərəzli qətnamə çıxarmışdır. Hesab edir ki, əgər məhkəmə iclasında iştirak etsəydi, komersiya işinin hərtərəfli və ədalətli araşdırmasına nail ola bilərdi. Belə ki, xx.xx.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 23522.38 manat faiz borcu hissəsinə Cavabdeh MMC olaraq qəti şəkildə imtina edir. Belə ki, bu borc Cavabdeh MMC tərəfindən Ləğv prosesində olan "xxxx" Kommersiya Bankı ASC-dən götürülməmişdir. Bu borcun götürülməsi ilə bağlı Cavabdeh MMC-nin həmin dövrdə olan rəhbərliyi tərəfindən iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə heç bir müraciət olmamış və heç bir zaman kassa məxaric orderinə imzalayıb pulu götürməmişdir. Qeyd edilənlərə əsasən, Şəki Kommersiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli e- 2-2(117)- 2/2021 saylı qətnaməsi xx.xx.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 23522.38 manat faiz borcu hissəsində dəyişdirilərək iddia tələbinin bu hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

40. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş Cavabdeh MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən xx.xx.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsi üzrə iddia tələbini təmin edərkən maddi və prosessual hüquq normalarını pozmuş, iş üzrə obyektiv həqiqətin araşdırılmasına cəhd göstərməmişdir. Birincisi ona görə ki, birinci instansiya məhkəməsinin icraatı zamanı işin təxirə salınması və əlavə sübutlar təqdim edəcəkləri barədə vəsatət ünvanlasalar da, sonda məhkənmə onların vəsatətini nəzərə almamışdır. Halbuki onlar iş materialları ilə heç tanış deyildi. Sözügedən müqavilədən də yalnız Bank tərəfindən xəbərdarlıq məktubu gələndən sonra məlumatlı olmuşlar. Bundan sonra Banka müraciət edərək müqavilə və onunla bağlı digər sənədlərin (o cümlədən kassa mədaxil orderinin) verilməsini xahiş etmiş, Bank da mübahisələndirilən müqaviləni onlara təqdim etsə də, digər sənədləri, o cümlədən pulun verilməsini təsdiq edən kassa məxaric orderini, çeki və s. təqdim edə bilməmişdir. Müqavilənin olması hələ pulun verilməsi deyil. Pulun verilməsi bank sənədləri, kassa məxaric orderi, hesabdan-hesaba köçürmə, çek və s. sənədlərlə təsdiq olunur. Belə bir sənəd də iddiaçı tərəfdə olmadığından təqdim edə bilmirlər. Bildirir ki, birinci instansiya məhkəməsinin belə qətnamə çıxarması onların sahibkarlıq fəaliyyətinin çökməsinə gətirib çıxarır. Almadıqları pul məbləği üçün niyə cavabdehlik daşımalıdırlar. Odur ki, apellyasiya şikayətinin təmin olunaraq, Şəki Kommersiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli, e-22(117)-2/2021 nömrəli qətnaməsinin xx.xx.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 23522,38 manat faiz borcu hissəsində ləğv edilməsini və iddianın bu hissədə rədd olunmasını xahiş etmişdir.

41. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş iddiaçı LPO “X3” ASC-nin nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, ekspert rəyindən də göründüyü kimi mübahisələndirilən müqavilə cavabdehin icraçı direktoru işləmiş V.Əliyev tərəfindən imzalanmışdır. Sözügedən müqavilə üzrə pul məbləği cavabdeh tərəfə köçürülmə yolu ilə deyil, nəqd şəkildə ödənilmişdir. Lakin apellyasiya məhkəməsi tərəfindən dəfələrlə sorğu verilməsinə baxmayaraq, kassa məxaric orderinin olması barədə müsbət cavab verilməsi mümkün olmamışdır. Hesab edir ki, apellyasiya şikayəti əsassızdır, ona görə də şikayətin təmin olunmamasını kollegiyadan xahiş etmişdir.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

42. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

V. Tətbiq edilən hüquq Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi

43. “Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi ... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.

44. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

45. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

46. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

47. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

48. Maddə 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

49. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 101.3. Ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə, ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə məhkəməyə vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir.

54. Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya tərar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.

55. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

56. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

57. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

58. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

59. Cavabdeh Şəki Kommersiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli, e-2-2(117)- 2/2021 nömrəli qətnaməsinin yalnız xx.xx.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 23522,38 manat faiz borcu hissəsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur.

60. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hazırkı iş üzrə 01 iyun 2022-ci il 2-2(102)- 348/2022 saylı qərarında göstərilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2- 2(117)-2/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

61. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, iddiaçı “X3” ASC ilə Cavabdeh MMC arasında bir neçə kredit müqaviləsi, o cümlədən hazırda mübahisələndirilən xx.xx.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı tərəf 94 ha fındıq bağının salınması və becərilməsi məqsədilə istifadə müddəti 120 ay olan illik 4 % olmaqla ******* manat kredit verməyi, borcalan isə kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür.

62. İddiaçı həmin müqavilə üzrə verilmiş pulu tələb edir, cavabdeh isə belə bir müqavilə üzrə onlara heç bir pul məbləğinin ödənilməməsini, həmçinin müqavilədən çox sonralar, yəni Bank tərəfindən onlara xəbərdarlıq məktubu gələndə məlumatlı olduqlarını, bundan sonra Banka müraciət edərək sözügedən müqaviləni əldə etdiklərini bildirirlər.

63. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hazırkı iş üzrə 01 iyun 2022-ci il 2-2(102)-348/2022 saylı qərarında göstərmişdir ki, iddia tələbini 05 nömrəli kredit müqaviləsi üzrə 7.300.000 manat əsas borc, 23.522,38 manat faiz borcunun MMC-dən alınaraq LPO ASC-nin xeyrinə tutulması” hissəsində rədd edən apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı ekspert rəyi tərəflərin iştirakı ilə təhlil edilərkən, cavabdehin nümayəndəsi ümumiyyətlə ekspert rəyindən məlumatsız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən onlara ekspert rəyinin təqdim olunmadığını və sonda həmin müqavilə üzrə MMC tərəfindən heç bir ödəniş aparılmadığını bildirmiş, iddiaçının nümayəndəsi isə 05 saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyini, ekspert rəyində qeyd olunanların əvvəlki müqavilələr üzrə ödənildiyini bildirərək, sonda ekspertin bu müqavilə üzrə yanlışlığa yol verdiyini bildirmiş, iş materiallarına əlavə edilmiş müvafiq ödəniş cədvəllərindən görünür ki, vaxtaşırı ödəmələr yalnız 164 saylı və 121 saylı kredit müqavilələri üzrə aparılmışdır.

64. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır.

65. Belə ki, işdəki MEM-in 2020-ci il 10 noyabr tarixli 9/2266 nömrəli ekspert rəyinə əsasən, (i/m 1-ci cild səh. 128-129) iş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışı məlumatlarından göründüyü kimi MMC aldığı kredit vəsaitinə görə məhz 05 saylı 11 yanvar 2016-cı il tarixli kredit müqaviləsi üzrə ASC-yə 2019-cu il 11 iyul tarixədək cəmi 1.021.999.83 manat məbləğində ödəniş aparmışdır ki, həmin məbləğ bütövlükdə faiz borcunun ödənilməsinə silinmişdir.

66. Cavabdeh 2016-cı il 11 yanvar tarixli 05 saylı kredit müqaviləsindən ümumiyyətlə xəbəri olmadığını, belə bir müqaviləyə imza etmədiyini bildirsə də MEM-in 2021-ci il 15 dekabr tarixli 4/1608 saylı ekspert rəyindən, ASC ilə V.Əliyev arasında olan 05 saylı kredit müqaviləsinin 2-3-cü vərəqlərində “Borc alan” qrafalarındakı imzaların, 4-cü vərəqinin orta, aşağı hissələrində “İmza” və “Borc alan” qrafalarındakı imzaların məhz V.ƏLİYEV tərəfindən icra olunduğu müəyyən edilmişdir. Bu hal isə öz növbəsində cavabdehin məhkəmə iclaslarında izahatlarına tənqidi yanaşmaq üçün əsas versə də, apelyasiya məhkəməsi iddia tələbini həmin hissədə rədd edərkən həmçinin cavabdehin izahatlarına da sübut kimi istinad etmişdir.

67. Digər tərəfdən iddiaçı ilə cavabdeh arasında bağlanmış 2015-ci il 30 iyul tarixli 121 nömrəli və 2015-ci il 26 oktyabr tarixli 164 nömrəli kredit müqavilələri üzrə verilmiş kreditlərin ümumi məbləği (1.000.000 manat+25.000 manat), müddətləri (120 ay və 36 ay), faiz dərəcələri (illik 6 % və 25 %) nəzərə alınarsa, 1.021.999.83 manat məbləğində ödənişin həmin müqavilələr üzrə faizlərə silinməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə iş materiallarındakı digər sübutlarla yanaşı MEM-in 2020-ci il 10 noyabr tarixli, 9/2226 saylı ekspert rəyi ilə də təkzib edilir.

68. Belə ki, MEM-in 2020-ci il 10 noyabr tarixli 9/2266 nömrəli ekspert rəy ilə müəyyən edilmişdir ki, (i/m 1-ci cild səh. 128-129) iş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışı məlumatlarından göründüyü kimi MMC aldığı kredit vəsaitinə görə 05 saylı kredit müqaviləsi üzrə ASC-yə görə 2019-cu il 11 iyul tarixədək cəmi 1.021.999.83 manat məbləğində ödəniş aparmışdır ki, həmin məbləğ bütövlükdə faiz borcunun ödənilməsinə silinmişdir.

69. 1.021.999.83 manat məbləğində ödənişin ümumi məbləği 1.025.000 manat olan əvvəlki iki kredit müqavilələri üzrə faiz borcuna silinməsi barədə apellyasiya məhkəməsinin gədiyi nəticə sübutların və ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsini nəzərdə tutan MPM-in 88 və 103-cü maddələrinin pozulduğunu və ekspert rəyinin düzgün qiymətləndirmədiyini təsdiq edir.

70. Hazırkı apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 21 noyabr 2022-ci il tarixli, 9/6306 nömrəli ekspert rəyindən görünür ki; -rəyin tədqiqi hissəsində göstərildiyi kimi, ekspert qarşısında qoyulan suallarla bağlı təqdim edilmiş iş materiallarının 1-ci cildinin 76-cı vərəqində bank çıxarışı öz əksini tapmışdır ki, həmin çıxarışda 11 yanvar 2016-cı il tarixli, 05 saylı kredit müqaviləsi üzrə 1.021.999, 83 manat məbləğində ödənişlərin olması göstərilmişdir. Həmçinin qeyd edilir ki, həmin cildin (1-ci cildinin) 77-78-ci vərəqələrində bank çıxarışı (cari hesabdan çıxarış) öz əksini tapmışdır ki, həmin çıxarışda 11 yanvar 2016-cı il tarixli, 05 saylı kredit müqaviləsi üzrə ödəniş aparılması müəyyən edilmir. Yəni təqdim edilmiş iş materiallarının 1-ci cildinin 76-cı vərəqində bank çıxarışı nəzərə alındığı təqdirdə 11 yanvar 2016-cı il tarixli , 05 saylı kredit müqaviləsi üzrə 1.021.999, 83 manat məbləğində ödənişlərin olması, həmin cildin (1-ci cildinin) 77-78-ci vərəqələrində olan bank çıxarışı (cari hesabdan çıxarış) nəzərə alındıqda isə 11 yanvar 2016-cı il tarixli, 05 saylı kredit müqaviləsi üzrə ödənişlərin olmaması müəyyən olunur.

71. 11 yanvar 2016-cı il tarixli, 05 saylı kredit müqaviləsi müqaviləsinin məhz V.Əliyev (MMC-nin həmin dövrdə olmuş direktoru) tərəfindən imzalanması və bu kredit müqaviləsi üzrə cavabdeh tərəfindən 1.021.999.83 manat məbləğində ödənişin aparıldığı ekspert rəyləri (MEM-in 2020-ci il 10 noyabr tarixli 9/2266 nömrəli və 21 noyabr 2022-ci il tarixli, 9/6306 nömrəli rəyləri) ilə bir daha təsdiq olunur. Həmin ekspert rəyləri kifayət qədər əsaslandırıldığından və bir-birini tamamladığından məhkəmə kollegiyası onları mötəbər sübut kimi qiymətləndirir.

72. Ona görə də tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, iddia qaldırılan xx.xx.2019-cu il tarixə 23522,38 manat faiz borcu cavabdeh Floral-Qlade” MMM-dən tutularaq “X3” ASC-yə ödənilməlidir.

73. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

74. Beləliklə məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvi və ya dəyişdirilməsi üçün yetərli deyildir.

75. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

76. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

77. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir

78. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin Şəki Kommersiyа Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2- 2(117)-2/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli, e-2-2(117)-2/2021 saylı qətnaməsi mübahisələndirilən 11yanvar 2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 23522,38 manat faiz borcu hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 253 manat məbləğində pulun 100 manatı iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinindən, 153 manatı isə Cavabdehndən tutulsun və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ 41 NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ 22, VÖEN: **********, hesab: AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar