Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-100/2023 19.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh ASC-yə qarşı (açar sözlər: pul tələbi və sair işlər) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh - Cavabdeh ASC-nin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh ASC-yə qarşı “50000 manat pulun, 200 manat mediasiya xərcinin, 240 manat dövlət rüsumunun və 200 manat vəkil xidmətlərinə görə ödənilmiş məbləğin tutulması” tələbinə dair ilk iddia və Cavabdeh ASC-nin İddiaçı ASC-yə qarşı “ilkin iddianın rədd edilməsi, tikilinin əvvəlki vəziyyətə gətirilməsi, ünvan 1 ünvanda yerləşən 292.60 kv.m qeyri-yaşayış sahəsində xx.xx.2020-ci il tarixli texniki pasportda göstərilməyən və sonradan açılan qapıların bağlanması, həmin qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətə, yəni texniki pasportda göstərilən vəziyyətə qaytarılması tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, e-2-2(117)-801/2023 saylı qətnaməsindən Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. İşin halları
1. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla Yevlax şəhəri, B.İmanov küçəsi, 8A/1 ünvanında yerləşən 0,0335 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olmaqla istifadə hüququ ilə, 292,6 kv.m qeyriyaşayış binası tam mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə İddiaçı ASC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 3 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində dövlət qeydiyyatına alınmışdır.
2. İşdə olan RX seriyalı ******* nömrəli dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla Yevlax şəhəri, ünvan 2 ünvanında yerləşən 0,5378 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olmaqla - istifadə hüququ ilə onun üzərində yerləşən 4882,9 kv.mqeyri yaşayış sahəsi tam mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə Yevlax- Mərkəzi Bazar” ASC-nin adına qeydiyyata alınmışdır.
3. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ƏEM/S85-794/23 nömrəli rəyində qeyd edilmişdir ki, Yevlax şəhəri, B.İmanov küçəsi, 8A/1 ünvanında yerləşən 292,6 kv.m qeyri-yaşayış binasının 2020-2021-ci illər üzrə 1 kv.m-nin dəyəri aylıq icarə (kirayə) haqqı 3 manat, 2022-2023-cü illər üzrə isə 4 manat müəyyən edilmişdir.
4. İşdə olan "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyətin xx.xx.2023-cü il tarixli 138 nömrəli rəyindən müəyyən edilir ki, Yevlax şəhəri, B.İmanov küçəsi, 8A/1 ünvanında yerləşən 292,6 kv.m qeyri-yaşayış binasının aylıq icarə (kirayə) haqqı 1755,60 manat təşkil edir.
5. İşdə olan cavabdeh tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli icarə müqavilələrindən görünür ki, "xxxx" ASC tərəfindən mülkiyyətində olan Yevlax şəhəri, Fizuli küçəsi 10-da yerləşən qeyri-yaşayış binaları (25 kv.m) X2 və X6 (25 kv.m), X8 (24 kv.m), X12 (26 kv.m), X4 (26 kv.m), X5 (25 kv.m) ayda 50 manat icarə haqqı, X9 (30 kv.m), X10 (30 kv.m), X3 (32 kv.m) 60 manat icarə haqqı əvəzində icarəyə verilmişdir.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ASC (bundan sonra - iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra cavabdeh) qarşı “50000 manat pulun, 200 manat mediasiya xərcinin, 240 manat dövlət rüsumunun və 200 manat vəkil xidmətlərinə görə ödənilmiş məbləğin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia ərizəsi belə əsaslandırılmışdır ki, uzun illər idi ki, İddiaçı ASC-nin mülkiyyətində olan 292,60 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi CavabdehASC tərəfindən zəbt edilərək istifadə edilirdi. Ona görə də İddiaçı ASC tərəfindən Şəki Kommersiya Məhkəməsində iddia qaldırılaraq Azərbaycan Respublikası Omlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 11 iyun 2020-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən, İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan, ümumi sahəsi 292,60 kv.m olan qeyri-vaşay iş sahəsinin Cavabdeh ASC tərəfindən boşaldılaraq iddiaçı ‘”Yevlax-Məişət” ASC-nin istifadəsinə qaytarılması xahiş edilmiş, məhkəmənin müvafiq qətnaməsinə asasan, iddia tələbi təmin edilmişdir. - X14 Məhkəməsinin 04 mart 20.21-ci il tarixli, 2-2(l07)-7/202l saylı qətnaməsi və Ali Məhkəmənin 14 iyul 2021-ci il tarixli, 2-2(102)-282/2021 şaylı qərarı ilə həmin qətnamə qüvvəsində saxlanılmışdır. - Buna baxmayaraq cavabdehin və onun səlahiyyətli şəxslərinin təqsiri ucbatından həmin qeyri-yaşayış sahəsi hələ da iddiaçı tərəfindən istifadə edilmir. İddiaçı uzun illərdir ki, öz qanuni mülkiyyətindən məhrum olmuş, həmçinin öz əmlakı qeyri-yaşayış sahəsi (bazar) olmasına baxmayaraq oradan heç bır gəlir əldə edə bilmir. Hansı ki, həmin qeyriyaşayış sahəsində 16 obyekt vardır Həmin obyektlər hər ay iddiaçı tərəfindən icarəyə verilsə idi, külli miqdarda qazanc əldə edə bilərdi.
8. Cavabdeh ASC xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia verərək “ilkin iddianın rədd edilməsi, tikilinin əvvəlki vəziyyətə gətirilməsi, ünvan 1 ünvanda yerləşən 292.60 kv.m qeyri-yaşayış sahəsində xx.xx.2020-ci il tarixli texniki pasportda göstərilməyən və sonradan açılan qapıların bağlanması, həmin qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətə, yəni, texniki pasportda göstərilən vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, hazırkı iddia ərizəsinə əlavə olunmuş İddiaçı ASC-yə məxsus həmin qeyri-yaşayış sahəsinə dair xx.xx.2020-ci il tarixdə tərtib olunmuş texniki pasportdan görünür ki, cavabdehə məxsus sözügedən qeyri-yaşayış sahəsinin dörd divarı və bir giriş-çıxış qapısı vardır. Həmin qeyri-yaşayış sahəsinin başqa qapısı və ya digər çıxış hissələri yoxdur. - "xxxx" ASC həmin qeyri-yaşayış sahəsini əldə edən zaman da əmlakın texniki vəziyyəti təsvir olunduğu kimi olmuş, o, əmlakı olduğu kimi bəyənib almışdır. Həmin əmlak əvvəllər Yevlax Rayon Məhkəməsinin inzibati binası olmuşdur. - Onu da qeyd edirlər ki, "xxxx" ASC heç bir haqq ödəmədən, özünə aid qeyriyaşayış sahəsinə özünün və üçüncü şəxslərin gediş-gəlişi üçün Cavabdeh ASC-yə məxsus qeyri-yaşayış sahəsindən və torpaq sahəsindən servitut kimi qanunsuz olaraq istifadə edir. - "xxxx" ASC bununla kifayətlənməyərək, sonradan qanunsuz olaraq, Cavabdeh ASC-dən icazə almadan, ona məlumat vermədən, həm də müvafiq qurumlarla razılaşdırılmadan, texniki pasportda nəzərdə tutulmayan dəyişikiliklər etmiş, qeyri-yaşayış sahəsinin divarlarının bir qismini sökərək əlavə giriş-çıxışlar üçün boşluqlar açmış, həmin yerlərə qapılar qoydurmuşdur və qapı kimi istifadə edir. - İddiaçı ASC-nin həyata keçirdiyi bu dəyişikliklə rmülkiyyətçi kimi Cavabdeh ASC-nin hüquqlarını pozur, mülkiyyət hüququnun tam realizə edə bilmir və bunun nəticəsində də əlavə gəlirlərdən məhrum olur.
10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil verdiyi izahatında bildirmişdir ki, mübahisəli əmlak xx.xx.2020-ci ildən iddiaçının mülkiyyətində olsa da, bu formal xarakter daşımış və faktiki olaraq həmin mülkiyyətdən istifadə edilməsinə müxtəlif maneələr yaradılaraq gəlir əldə edilməsinə mane olunmuşdur. Odur ki, ilkin iddia əsaslı olduğundan təmin olunmalı, qarşılıqlı iddia isə rədd edilməlidir.
11. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı ASC-nin direktoru X7 nümayəndəsinin izahatına uyğun izahat verərək ilkin iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, onun qeyd edilən qeyri-yaşayış sahəsindən 2004cü ildən istifadəsinə cavabdeh tərəfindən maneələr yaradılır, o həmin obyektdən məhrum olmuşdur. Buna baxmayaraq qeyri-yaşayış sahəsinə dair hüquqi sənədləri aldığı 2020-ci ilin 11 iyun tarixindən başlayaraq ona vurulmuş ziyanı tələb edir.
12. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə verdiyi izahatında bildirmişdir ki, ilkin iddia əsassızdır. İddiaçıya məxsus qeyriyaşayış sahələri mövcud olsa da, həmin sahələrin altında yerləşən torpaq sahələri dövlət mülkiyyətində olmaqla cavabdeh hüquqi şəxsin daimi istifadəsindədir. Ona görə də, iddiaçının özünə mməxsus qeyri-yaşayış sahələrinə keçid üçün cavabdehlə məhdud əşya hüququndan istifadəyə dair (servitut) müqavilə bağlamalıdır. Hazırkı vaxta kimi cavabdeh tərəfindən iddiaçıya hər hansı bir maneə törədilməmiş, əksinə cavabdehin istifadəsində olan sahələrə çıxış üçün iddiaçı tərəfindən texniki pasportda göstərilməyən qapılar açılmışdır.
13. Şəki Kommersiyа Məhkəməsinin (hakim Mübariz Hüseynov) 03 oktyabr 2023-cü il tarixli, e-2-2(117)-801/2023 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək Cavabdeh ASC-dən 37891,7 (otuz yeddi min səkkiz yüz doxsan bir manat yetmiş qəpik) manat pul, 150 manat vəkil xidmətlərinə görə ödənilən pul, 151,57 manat mediasiya xərci və 181,88 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı ASC-yə qarşı “ilkin iddianın rədd edilməsi, tikilinin əvvəlki vəziyyətə gətirilməsi, İddiaçı ASC tərəfindən Yevlax şəhəri, B.İmanov küçəsi, 8A/1 ünvanda yerləşən 292.60 kv.m qeyriyaşayış sahəsində xx.xx.2020-ci il tarixli texniki pasportda göstərilməyən və sonradan açılan qapıların bağlanması, həmin qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətə, yəni texniki pasportda göstərilən vəziyyətə qaytarılması” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, əmlakın qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 200 manat pulun 50 manatı İddiaçı ASC-dən və 150 manatı Cavabdeh ASC-dən tutularaq "xxxx" MMC-nin bank ödənilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Yevlax şəhəri, ünvan 2 ünvanında yerləşən 4882,9 kv.m torpaq sahəsi tam mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə ünvan 5 ünvanında yerləşən 292,6 kv.m qeyri-yaşayış binası tam mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə İddiaçı ASC-nin adına dövlət qeydiyyatına alınmışdır. Lakin, qeyd edilən məhkəmə aktlarından göründüyü kimi, ilkin olaraq “ünvan 6 ünvanında 0,335 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 292,60 kv.m olan qeyri-yaşayış binası, cavabdeh tərəfindən zəbt edilmiş məhkəmə qərarı isə həmin sahəsinin cavabdeh tərəfindən boşaldılması barədə qərar qəbul edilmiş, həmin qərar yuxarı instasiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmış, sonradan cavabdeh iddiaçıya məxsus qeyriyaşayış sahəsinin ətrafına hasar çəkmiş, giriş-çıxışı bağlamış, iddiaçı təkrar məhkəməyə müraciət etmiş, müvəqqəti təminat tədbiri barədə ərizə təmi üdilmiş, bundan sonra isə eyni iddia tələbi təmin edilmiş, qeyd edilən qətnamə icra edildikdən sonra təkrar cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsinə hasar çəkilmiş və nəticədə məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə icra vərəqəsi təkrar icraya yönəldilmiş və icra vərəqəsi müvafiq orqan tərəfindən hazırkı vəziyyətdə icra edilmişdir.
15. Birinci instansiya məhkəməsi ilk iddia ilə bağlı qeyd etmişdir ki, iddiaçı ona məxsus həmin qeyriyaşayış sahəsindən təxminən 15 il müddətdən artıqdır ki, istifadə edə bilmir. Cavabdeh tərəfindən dəfələrlə maneələr törədilmiş, müvafiq məhkəmə instansiyalarında müvafiq iddia tələbləri təmin edilərək hüquqların pozuntusu aradan qaldırılmışdır. Cavabdeh hüquqi şəxsin yuxarıda sadalanan sübutlarla iddiaçıya ziyan vurulmasında və iddiaçının müəyyən gəlirdən məhrum ollmasında təqsiri mövcuddur.
16. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsində cavabdehin tələbi qanunsuz tikililərin sökülməsi, qanunsuz açılmış qapının bağlanması ilə bağlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən hələ 2004-cü il tarixdən istifadə etmək hüququndan, dəfələrlə qeyri-yaşayış sahəsinin qarşısına dəmir hasarlar çəkməklə iddiaçını həmin sahəyə daxil olmaq imkanlarından cavabdeh məhrum etmişdir. Bu faktlar işdə olan məhkəmə qərarları ilə tam təsdiqini tapır. Belə vəziyyətdə iddiaçının nümayəndəsinin həmin qeyri-yaşayış sahəsində müvafiq yenidən qurma işlərini aparması, qanunsuz tikili inşa etməsi faktı əsassız olmaqla məntiqə uyğun deyildir. Cavabdeh tərəfindən isə bunun əksini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 21.1, 21.2, 140, 152.1, 152.2, 152.3, 152.4, 157.1, 157.4, 158.4, 1097.1, 1097.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bunan sonra - Mülki Prosessual Məcəllə) 2.1, 2.2, 8.1, 9.1, 47, 77.1, 81, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. Cаvаbdeh Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Nümayəndə həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: Həmin materiallara: DƏDRX-dən çıxarışlar, icarə müqavilələri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
20. Cаvаbdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə səhvdir, məhkəmənin gəldiyi həmin nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmamış, sübutlar düzgün qiymətləndirilməmiş, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar məhkəmə tərəfindən sübut olunmamış, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin halarına uyğun deyildir. Belə ki, işdə olan sənədlərdən və tərəflərin nümayəndələrinin məhkəməyə verdikləri məlumatlardan məlum olur ki, Yevlax şəhəri, ünvan 2 ünvanında yerləşən əmlak kompleksi (4882,9 kv.m təşkil edən tikili) kimi müəssisə mülkiyyət hüququ əsasında Cavabdeh ASC-nin mülkiyyətində, həmin tikilinin yerləşdiyi torpaq sahəsi isə xx.xx.2014cü il tarixdən daimi istifadəsindədir. "xxxx" ASC-nin həm tikili üzərində mülkiyyət hüququ, həm də torpaq sahəsi üzərində daimi istifadə hüququ dövlət qeydiyyatına alınmışdır. Cavabdeh ASC-yə məxsus qeyri-yaşayış sahəsinin əmlak komlpeksinin yerləşdiyi və daimi istifadəsində olan torpaq sahəsinin mərkəzində isə daha bir qeyri-yaşayış sahəsi mövcuddur. Həmin əmlak üzərində cavabdeh "xxxx" ASC mülkiyyət hüququnu xx.xx.2020-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmağa nail olmuşdur. İddiaçı ASC-yə məxsus həmin qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş xx.xx.2020ci il tarixdə tərtib olunmuş texniki pasportdan görünür ki, sözügedən qeyri-yaşayış sahəsinin dörd divarı və bir giriş-çıxış qapısı vardır. Həmin qeyriyaşayış sahəsinin başqa qapısı və ya digər çıxış hissələri olmamışdır. "xxxx" ASC həmin qeyri-yaşayış sahəsini əldə edən zaman da əmlakın texniki vəziyyəti təsvir olunduğu kimi olmuş, cavabdeh əmlakı olduğu kimi bəynib almışdır. Həmin əmlak əvvəllər Yevlax Məhkəməsinin inzibati binası olmuşdur. İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatda, ASC-yə məxsus qeyri-yaşayış sahəsinin əvvəllər məhkəmə binası olmasını təsdiq etmişdir. İddiaçı ASC-nin hazırda mülkiyyətində olan, əvvəllər məhkəmə üçün nəzərdə tutulan və istifadə olunan qeyri-yaşayış sahəsinin yalnız bir giriş-çıxış qapısı olmuşdur. Cavabdeh ASC tərəfindən İddiaçı ASC-yə aidiyyatı olan, ona maneələr yaradan hər hansı tikili inşa etməmiş, qanunsuz hərəkət törətməmişdir. Cavabdeh ASC, İddiaçı ASCnin adına verilmiş texniki pasportda göstərilən yeganə giriş-çıxış qapısını bağlamamışdır, qeyri-yaşayış sahəsinə giriş-çıxışa maneələr törədən hər hansı hərəkət etməmişdir. İddiaçı ASC bu halları, habelə Cavabdeh ASC İddiaçı ASC-yə qarşı mülki hüquq pozuntusu (delikt) törətməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, gəlir əldə etmədiyini, zərərə uğradığını iddia edən "xxxx" ASC, bu dəlilini də təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məsələn "xxxx" ASC, ona məxsus qeyri-yaşayış sahəsinin keçən müddət ərzində icarəyə verilməsi barədə verdiyi elanları və ya maklerə (lərə) etdiyi müraciətlərini (əgər vermişdirsə), habelə mülki qanunvericiliyin tələbinə uyğun olaraq hər hansı şəxslə bağlanmış mülki əqdi (icarə və s.) və ya ASC-nin həmin qeyriyaşayış sahəsinə dair gəlir əldə etməsi barədə vergi orqanına təqdim edilmiş bəyannaməni məhkəmələrə təqdim etməmişdir. İşə baxmış Şəki Kommersiya Məhkəməsi isə tərəflər arasındakı mülki mübahisəni işdə olan sübutlara əsasən deyil, özünün mülahizəsinə görə həll etmiş və nəticədə iş üzrə səhv nəticəyə gəlmişdir. Bundan başqa, Şəki Kommersiya Məhkəməsi, ehtimal etdiyi iddiaçının uydurduğu zərərin məbləğini də müəyyən edərkən, işdə olan sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə "xxxx" ASC-yə məxsus qeyri-yaşayış sahəsinə görə icarə haqqının hesablanmasında Cavabdeh ASC-nin təqdim etdiyi icarə müqavilələrindəki məlumatları deyil, “Əmlak Ekspert mərkəzinin nəzəri qaydada hesabladığı, real bazar dəyərindən qatqat artıq olan icarə haqları barədə hesabatı əsas götürmüşdür. Göründüyü kimi, bu hissədə də işə baxmış Şəki Kommersiya Məhkəməsi, iş üzrə səhv nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən Şəki Kommersiya Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, e-2-2(117)-801/2023 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
22. Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi X19 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.
23. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, e-2-2(117)-801/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
26. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
27. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
28. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 30.Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Mülki Məcəllə
31. Maddə 21. Zərərin əvəzinin ödənilməsi -21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -(...)
32. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu -152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. -(...).
33. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. - (...). -157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
34. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı - 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
35. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları: -1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. (...). -1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
Mülki Prosessual Məcəllə
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
43. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Maddə 384.0.1.Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, e-2- 2(117)-801/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
49. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
50. Hazırkı mübahisə ilə əlaqəli olan məhkəmə aktlarından müəyyən edilir ki: - Şəki Kommersiya Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, e-2-2(117)-377/2020 saylı qətnaməsi ilə İddiaçı ASC Cavabdeh ASCyə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 11 iyun 2020-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən Yevlax şəhəri B.İmanov küçəsi 8A/1 ünvanında yerləşən iddiaçının xüsusi mülkiyyətində olan, ümumi sahəsi 292,60 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması iddiası təmin edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 4 mart 2021-ci il tarixli, 2-2(107)-7/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə dəyişdirilmədən saxlanılmışdır - Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 14 iyul 2021-ci il tarixli, 2-2(102)-282/2021 saylı qərarı ilə apelyasiya instansiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.- - Şəki Kommersiya Məhkəməsinin 02 fevral 2022-ci il tarixli qərardadı ilə ərizəçi "xxxx" ASC -nin mürciəti ilə ərizəçinin mülkiyyətində olan, Yevlax şəhəri B.İmanov küçəsi 8A/1 ünvanında 0,335 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 292,60 kv.m olan qeyri-yaşayış binasının otaqlarının bütün giriş-çıxış hissəsinin qarşısına hər hansı hasarın, tikilinin çəkilməsinin və mülkiyyət üzərində giriş-çıxışla əlaqədar istifadəni məhdudlaşdıran hər hansı bir maneələrin yaradılmasının cavabdeh "xxxx" ASC-yə qadağan edilməsi təmin edilmişdir. - Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 23 fevral 2022-ci il tarixli MTT(107)-12/2022 saylı qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvəsində saxlanmışdır. - Şəki Kommersiya Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh tərəfindən, iddiaçının mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 0,0335 kv.m olan daşınmaz əmlakının yerləşdiyi qeyri-yaşayış binasının bütün giriş-çıxış hissələrinin qarşısının bir metrliyinə çəkilmiş 1,5 metr hündürlüyündə olan dəmir hasarın (tikilinin) sökülməsi, o cümlədən mülkiyyətdən istifadəyə yönələn qeyri-qanuni maneələrin aradan qaldırılması” barədə iddiası təmin edilmişdir. - Şəki Kommersiya Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, e-2-2(117)-268/2022 saylı qətnaməsi xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini aldığından həmin qətnamə üzrə icra vərəqəsi verilmişdir.
51. Qeyd edilən qətnamə 08 may 2023-cü il tarixdə icra edilmiş, Yevax Rayon icra və probasiya şöbəsinin icra məmuru Elşad Cabbarovun 10 may 2023-cü il tarixli qərarı ilə icra üzrə icraata xitam verilmişdir.
52. Qeyd edilən icra sənədi məhkəməyə qaytarıldıqdan sonra tələbkar "xxxx" ASCnin nümayəndəsi dəfələrlə şifahi olaraq, məhkəmə iclası dövründə iddiaçı-tələbkarın nümayəndəsi və vəkili 13 iyul 2023-cü il tarixdə rəsmi olaraq bildirmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış obyektinin qarşısına borclu tərəfindən yenidən hassar çəkildiyini bildirərək onun fəaliyyətinə yenidən maneə törədilmişdir. Ona görə də qeyd edlən qətnamənin yenidən icraya yönəldilməsini xahiş etmişdir.
53. Şəki Kommersiya Məhkəməsinin 03 avqust 2023-cü il tarixli qərardadına əsasən məhkəmənin 21 oktyabr 2022-ci il tarixli, e-2-2(117)-268/2022 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi təkrar icra edilməsi üçün Yevlax Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Tərəflərin məhkəmə iclasında verdiyi məlumata əsasən qeyd edilən qətnamə hazırkı vaxtda icra edilmişdir.
54. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Yevlax şəhəri, ünvan 2 ünvanında yerləşən 4882,9 kv.m torpaq sahəsi tam mülkiyyət hüququ 13 noyabr 2014-cü il tarixdə Cavabdeh ASC-nin adına, Yevlax şəhəri, B.İmanov küçəsi, 8A/1 ünvanında yerləşən 292,6 kv.m qeyri-yaşayış binası tam mülkiyyət hüququ 11 iyun 2020-ci il tarixdə İddiaçı ASC-nin adına dövlət qeydiyyatına alınmışdır. Lakin, qeyd edilən məhkəmə aktlarından göründüyü kimi, ilkin olaraq “ünvan 6 ünvanında 0,335 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 292,60 kv.m olan qeyri-yaşayış binası, cavabdeh tərəfindən zəbt edilmiş məhkəmə qərarı isə həmin sahəsinin cavabdeh tərəfindən boşaldılması barədə qərar qəbul edilmiş, həmin qərar yuxarı instasiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmış, sonradan cavabdeh iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ətrafına hasar çəkmiş, giriş-çıxışı bağlamış, iddiaçı təkrar məhkəməyə müraciət etmiş, müvəqqəti təminat tədbiri barədə ərizə təmi üdilmiş, bundan sonra isə eyni iddia tələbi təmin edilmiş, qeyd edilən qətnamə icra edildikdən sonra təkrar cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsinə hasar çəkilmiş və nəticədə məhkəmənin 03.avqust .2023-cü il tarixli qərarı ilə icra vərəqəsi təkrar icraya yönəldilmiş və icra vərəqəsi müvafiq orqan tərəfindən hazırkı vəziyyətdə icra edilmişdir.
55. İlk növbədə birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı iddia tələbi üzrə tələb edilən 50.000 manat pulun həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ əldə etdikləri vaxtdan, yəni, xx.xx.2020-ci il tarixdən etibarən vurulan zərəri əhatə etdiyini bildirmişlər. Cavabdeh tərəfindən təqdim edilən, "xxxx" ASC tərəfindən mülkiyyətində olan Yevlax şəhəri, Fizuli küçəsi 10-da yerləşən qeyri-yaşayış binaları (25 kv.m) X2 və X6 (25 kv.m), X8 (24 kv.m), X12 (26 kv.m), X4 (26 kv.m), X5 (25 kv.m) ayda 50 manat icarə haqqı, X9 (30 kv.m), X10 (30 kv.m), X3 (32 kv.m) 60 manat icarə haqqı əvəzində icarəyə verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xx.xx.2023-cü il tarixli 138 nömrəli rəyindən müəyyən edilir ki, Yevlax şəhəri, B.İmanov küçəsi, 8A/1 ünvanında yerləşən 292,6 kv.m qeyri-yaşayış binasının aylıq icarə (kirayə) haqqı 1755,60 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ƏEM/S85-794/23 nömrəli rəyində qeyd edilmişdir ki, Yevlax şəhəri, B.İmanov küçəsi, 8A/1 ünvanında yerləşən 292,6 kv.m qeyri-yaşayış binasının 2020-2021-ci illər üzrə 1 kv.m-nin dəyəri 3 manat, 2022-2023-cü illər üzrə isə 4 manat müəyyən edilmişdir.
56. Bundan başqa icarə müqavilələrində həmin ərazidə icarəyə verilmiş qeyriyaşayış sahələrinin aylıq icarə haqqı məbləğlərindən müəyyən edir ki, aylıq icarə haqqı hər kvadrat metrə təxminən 2 manat həddində müəyyən edilir. Lakin mütəxəssis rəyində isə hər kvadrat metrə 2020-2021-ci illərdə 3 manat, 2022-2023-cü illərdə isə 4 manat müəyyən edilir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 138 nömrəli rəyindən müəyyən edilir ki, Yevlax şəhəri, B.İmanov küçəsi, 8A/1 ünvanında yerləşən 292,6 kv.m qeyriyaşayış binasının aylıq icarə (kirayə) haqqı 1755,60 manat təşkil edir. Bu da təxminən hər kvadrat metrin aylıq icarə haqqının 6 manat təşkil etdiyini göstərir.
57. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Əmlak Ekspert Mərkəzinin verdiyi mütəxəssis rəyi ətraflı araşdırma aprılmaqla, müvafiq obyektin təqdim edilmiş fotoları, ümumi sahədə yerləşmə yeri, ayrı-ayrı sahələrin bir-birindən divarlarla təcrid olunmaqla ayrılması, təhlükəsizlik və etibarlılıq baxımından digər xüsusiyyətlər nəzərə alınmaqla real bazar dəyəri qiymətləndirilməklə verilmişdir. Cavabdehin təqdim etdiyi icarə müqavilələrində isə mütəxəssis rəyində qeyd edilən xüsusatların nəzərə alındığı görünmür. İcarə müqavilələrindəki qiymət daha az məbləğdə, "xxxx" MMC-nin xx.xx.2023cü il tarixli 138 nömrəli rəyində müəyyən edilən qiymət daha çox müəyyən edildiyindən məhkəmə həmin sübutları tərəflərin hüquq və qanuni maraqlarındakı tarazlığın təmin edilməsi baxımından qəbul etmir. Məhkəmə bu sahədə fəaliyyət göstərən Əmlak Ekspert Mərkəzinin verdiyi mütəxəssis rəyini ətraflı araşdırma aparmaqla verdiyindən həmin rəyi əsas götürür. Ona görə də "xxxx" MMC-nin mütəxəssis rəyində qeyd edilən məbləğlə üzrə hesablanmalıdır. Hazırkı iddia tələbi üzrə iddiaçının mövqeyinə əsasən vurulan zərərin əhatə etdiyi dövr 11 iyun 2020-ci ildən məhkəməyə müraciət edilən dövrə qədər vaxtı (11 iyul 2023) əhatə edir ki, həmin müddət 37 ay təşkil edir. Həmin müddətlər üzrə orta əmsal 3,5 manat (3+3+4+4)/4=3.5 manat) təşkil etdiyindən məhkəmə hesab edir ki, 292,6x3.5=1024,1 manat 1 aylıq zərərin məbləği kimi qiymətləndirilməlidir. 37 aylıq müddət üçün isə vurulmuş zərər 37,891.7 (1024.1 manat x 37 ay) manat təşkil edəcəkdir. Odur ki, ilkin iddia üzrə iddiaçı tələbində həmin hissədə haqlıdır.
58. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin hüquqi mövqeyini əsaslı hesab edir.
59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən icarə haqqının yüksək qiymətlərlə müəyyən edilməsi barədə dəlilini əsassız sayaraq qeyd edir ki, məhkəmə icarə haqları barədə real bazar dəyərinə daha uyğun olan hesabatı əsas . götürmüşdür.
60. Qarşılıqlı iddia tələbinin hüquqi əsasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia ərizəsində cavabdehin tələbi qanunsuz tikililərin sökülməsi, qanunsuz açılmış qapının bağlanması ilə bağlıdır. İddiaçının mülkiyyətində olan qeyriyaşayış sahəsindən hələ 2004-cü il tarixdən istifadə etmək hüququndan, dəfələrlə qeyriyaşayış sahəsinin qarşısına dəmir hasarlar çəkməklə iddiaçını həmin sahəyə daxil olmaq imkanlarından cavabdeh məhrum etmişdir. Bu faktlar işdə olan məhkəmə qərarları ilə tam təsdiqini tapır. Belə vəziyyətdə iddiaçının nümayəndəsinin həmin qeyri-yaşayış sahəsində müvafiq yenidən qurma işlərini aparması, qanunsuz tikili inşa etməsi faktı əsassız olmaqla məntiqə uyğun deyildir. Cavabdeh tərəfindən isə bunun əksini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
61. Birinci instansiya məhkəməsi qarşılıqlı iddiaçının bildirdiyi dəlillərə münasibətdə qeyd etmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla Yevlax şəhəri, B.İmanov küçəsi, 8A/1 ünvanında yerləşən 0,0335 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olmaqla istifadə hüququ ilə, 292,6 kv.m qeyriyaşayış binası tam mülkiyyət hüququ İddiaçı ASC-nin adına dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda, Yevlax şəhəri, ünvan 2 ünvanında yerləşən 0,5378 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olmaqla - istifadə hüququ ilə onun üzərində yerləşən 4882,9 kv.m qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə Yevlax-Mərkəzi Bazar” ASC-nin adına qeydiyyata alınmışdır. Göründüyü kimi, hər iki hüquq şəxsin istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətindədir və həmin torpaq sahəsi mülkiyyətlərində olan qeyri-yaşayış sahələrinin həcmindən böyükdür. Bu da eyni zamanda, həmin sahələrə daxil olarkən qeyd edilən torpaq sahələrindən istifadə etmək hüququnun mövcudluğunu və bununla bağlı qeyd edilən şəxslərin bir-birinin torpaq sahələrindən istifadəsinə imkan yaratmaq vəzifələrinin mövcudluğunu bir daha təsdiq etmiş olur.
62. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı sayır.
63. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh ASC-nin daimi istifadəsində olan torpaq sahəsinin mərkəzində yerləşən qeyri-yaşayış sahəsinin üzərində İddiaçı ASC-nin mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materialları və hüquq müəyyənedici sənədlərlə müəyyən olunur ki, İddiaçı ASC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,0335 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, istifadə hüququ ilə sonuncuya verilmiş və həmin istifadə hüququ da daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Ona görə də şikayətin həmin dəlili də əsassızdır.
64. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
65. Beləliklə, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlilləri təsdiq edən sübutlar təqdim olunmamışdır.
66. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
67. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
68. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
69. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
70. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.
71. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, e-2-2(117)-801/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cаvаbdeh Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiyа Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, e-2-2(117)- 801/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov