Məhkəmə qərarları › İş №2-2(107)-100/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-100/2025

16.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-100/2025 16.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X2 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, Cavabdeh - Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 19206.66 manat əsas borc, 1729.35 manat faiz borcu, 820.47 manat cərimə borcu, cəmi 21756.48 manat məbləğində borcun və 157 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli, e-2-2(117)-43/2025 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə əsas borclu Cavabdeh2, zaminlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtlərinin 2.1-ci bəndinə əsasən, kredit verən razılaşdırılmış məbləğdə krediti kredit alana verməyi, kredit alan isə müqaviləyə uyğun olaraq krediti istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə banka faizlər ödəməyi, zamin müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada öhdəliyin icrasını təmin etməyi öhdələrinə götürürlər. - Həmin müqavilənin 7.4-cü bəndinə əsasən zamin (Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4) müqavilədən irəli gələn pul öhdəlikləri müştəri tərəfindən icra edilmədikdə həmin öhdəlikləri tamamilə icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında müştəri ilə birgə məsuliyyət daşıyır. - Həmin müqavilənin nəğd pul krediti hissəsinin 1.3-cü bəndinə əsasən müqavilə üzrə gecikdirilmiş kreditə görə müştəri hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin kredit sazişi ilə müəyyən edilən faizi miqdarında, lakin 0.50 manatdan az olmamaq şərtilə cərimə ödəyir. Bu cərimə gecikdirilmə yaranan tarixdən 90 gün müddətində tətbiq edilir.

2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 24% olmaqla 30000 manat məbləğində kredit verilmişdir.

3. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixindən etibarən hər ay 1176.99 manat, sonuncu ay olan xx.xx.2025-ci il tarixində isə 1194.11 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Əlavə olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli köçürmə sənədindən görünür ki, 30000 manat vəsait Cavabdeh2 hesabına köçürülmüşdür.

4. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 19206.66 manat əsas, 1729.35 manat faiz və 820.47 manat cərimə borcu mövcuddur.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/10540 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2024-cü il tarixə olan əsas borcu 16617.83 manat, faiz borcu 1517.76 manat və xx.xx.2024-cü il tarixə olan əsas borcu 16617.83 manat, faiz borcu 2271.10 manat təşkil edir.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 19206.66 manat əsas borc, 1729.35 manat faiz borcu, 820.47 manat cərimə borcu, cəmi 21756.48 manat məbləğində borcun və 157 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, iddia tələbi və ekspert rəyi ilə qismən razıdırlar. Hüquqlarını müdafiə etdiyi şəxs vaxtaşırı ödənişlər etmişdir. Bank isə həmin ödənişlərin çox hissəsini faiz borcuna, qalan az bir hissəsini isə əsas borca hesablamışdır. Hesab edir ki, ekspertin məhkəmə iclasında iştirak edib izahat verməsinin hər hansı əhəmiyyəti olmayacaqdır. İddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsində işə İddiaçı ASC-nin nümayəndəsinin və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan baxılmışdır.

9. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 19 mart 2025-ci il tarixli, e-2-2(117)-43/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 16617.83 manat məbləğində kredit borcu, 1517.76 manat məbləğində faiz borcu, 820.47 manat cərimə borcu olmaqla, cəmi 18 956,06 manat və 135.28 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ekpertiza xərcinin dəyəri olan 100 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməsi qət edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehlərdən 19206.66 manat əsas, 1729.35 manat faiz borcunun tutulmasını tələb etməkdə qismən haqlıdır. Belə ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 9/10540 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2024-cü il tarixə olan əsas borcu 16617.83 manat, faiz borcu 1517.76 manat və xx.xx.2024-cü il tarixə olan əsas borcu 16617.83 manat, faiz borcu 2271.10 manat təşkil edir.

11. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin bu hissəsinə münasibətdə cavabdehlərdən 16617.83 manat əsas borcun və 1517.76 manat faiz borcunun tutularaq iddiaçıya ödənilməsi ədalətli və ağlabatandır. Belə ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışından göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixə olan 1729.35 manat məbləğində faiz borcunun cavabdehlərdən tutulmasını tələb edir ki, ekspert rəyindən aydın olduğu kimi cavabdehin borcu maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə və işin məhkəməyə daxil olduğu xx.xx.2024-cü il tarixə uyğun olaraq hesablanmışdır. Lakin bundan sonra iddiaçı tərəf iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmədiyindən və məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən iddia tələbinin qeyd edilən həcmdə təmin edilməsi əsaslıdır.

12. Məhkəmə iddiaçının nümayəndəsinin ekspert rəyinə qarşı mövqeyinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəf ekspert rəyində cavabdehin ödənişlərinin cərimə borcuna çıxılması halının nəzərə alınmadığını, sadəcə olaraq əsas və faiz borcuna münasibətdə hesablandığını bildirmiş, bu səbəbdən ekspert rəyi ilə razılaşmadığını qeyd etmişdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan göründüyü kimi cavabdeh tərəfindən mütəmadi olaraq ödənişlər edilmiş, göründüyü kimi iddiaçı tərəfindən cavabdehə gecikdirilmiş borca görə 2588.83 manat məbləğində cərimə borcunun hesablanması ağlabatan deyil. Bu halları nəzərə alaraq məhkəmə hesab edir ki, ekspert rəyində hesablanmış məbləğin əsas götürülməsi daha ədalətlidir.

13. Məhkəmə iddia tələbinin “820.47 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin nəğd pul krediti hissəsinin 1.3-cü bəndinə əsasən müqavilə üzrə gecikdirilmiş kreditə görə müştəri hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin kredit sazişi ilə müəyyən edilən faizi miqdarında, lakin 0.50 manatdan az olmamaq şərtilə cərimə ödəyir. Bu cərimə gecikdirilmə yaranan tarixdən 90 gün müddətində tətbiq edilir. İddiaçı tərəfin cavabdehlərdən 820.47 manat həddində cərimə məbləğinin tutulmasını tələb etməsini ədalətli və qanuni hesab edir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2, 470.1, 470.2, 472.1, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. Qətnamədən narazı qalan İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikаyəti vermişdir.

16. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit sazişi, maliyyə arayışı, ödəniş cədvəli, ekspert rəyi, vəsatət və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ...ekspert hesablamalar zamanı Bank tərəfindən məhkəməyə təqdim edilən hesabdan çıxarışdakı məbləğlərə düzgün rəy verməmişdir. Belə ki, kredit gecikmədə olan zaman cavabdeh tərəfindən ödənilən vəsaitin bir hissəsi cərimə hesabına silinmişdir. Ekspert hesablamasında bu halları nəzərə almayıb. Ödənilən məbləğin, yəni 2588.83 manat vəsaiti əsas və faiz hesabından silib. Bu cür silinmə tamamilə banklar haqqında qanuna ziddir. Aparılmış hesablamada bank iddia edən məbləğlə ekspert rəyində olan məbləğdə cərimə borcu məbləği həcmində fərq yaranıb, (2588.83 azn). Beləliklə bankın iddia etdiyi məbləğin azalmasına səbəb cərimə hesabından silinməli vəsaitin əsas və faiz borcundan silinməsidir. Ekspertin hesabdan çıxarışdakı cərimələri nəzərə almaması səbəbindən rəydə yalnışlıqlar öz yerini tapıb. Nəticədə bu onların borc məbləği barəsində yanlış rəy vermələrinə səbəb olmuşdur. xx.xx.2025-ci il tarixində tərəfimizdən Şəki Kommersiya məhkəməsinə vəsatət təqdim olunmuşdur, məhkəmədən ekspertin rəyə aydınlıq gətirməyi üçün dəvət olunmağı xahiş edilmişdir. Vəsatət təmin olunsa da ekspert məhkəməyə gəlməmişdir. Hesab edirlər ki, səhv hesablama kreditin əsas və faiz hissəsinin azalmasına səbəb ola bilməz. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli, e-2- 2(117)-43/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddianın tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

19. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli, e-2-2(117)-43/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

20. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

23. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

24. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

25. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

30. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

31. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

38. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

41. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli, e-2-2(117)-43/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

44. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

45. Müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 24% olmaqla 30000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtlərinin 7.4-cü bəndinə əsasən zamin (Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4) müqavilədən irəli gələn pul öhdəlikləri müştəri tərəfindən icra edilmədikdə həmin öhdəlikləri tamamilə icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında müştəri ilə birgə məsuliyyət daşıyır. Cavabdeh tərəfindən müəyyən ödənişlər olunmuş lakin öhdəliklər tam şəkildə yerinə yetirilməmişdir. Bu səbəbdən cavabdehin ödənilməmiş borcu qalmışdır.

46. Apellyasiya şikayətinin başlıca dəlili ekspert rəyi düzgün verilməməsi ilə bağlıdır.

47. Bu səbəbdən Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 17 iyun 2025-ci il tarixli, 2-2(107)-100/2025 saylı qərardadı ilə iş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi və iş üzrə rəy alınanadək mülki işin icraatının dayandırılması qərara alınmışdır.

48. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2025-ci il tarixli, 9/3417 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının ekspert rəyində qeyd olunur ki; Birinci sual üzrə: Bank of Baku” ASC ilə Cavabdeh2 arasında bağlanmış 16 sentyabr 2022-ci il tarixli № MK/02789/88/36 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 tərəfindən ümumilikdə 22.566,82 manat məbləğində ödəniş aparılmışdır. İkinci sual üzrə: İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh2 tərəfindən 16 sentyabr 2022-ci il tarixli № MK/02789/88/36 nömrəli kredit müqaviləsi üzrə ümumilikdə 22.586,82 manat məbləğində ödəniş aparılmışdır. Həmin məbləğin 9.184,65 manatı faiz borcuna, 13.382,17 manatı isə əsas borca silinmişdir. Üçüncü və dörcüncü suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli MK/02789/88/36 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə (3-cü sualda soruşulan tarixə) və xx.xx.2024-cü (4-cü sualda soruşulan tarixə) banka olan borcu aşağıdakı kimi müəyyən edilir. O cümlədən:

xx.xx.2024-cü il tarixə (3-cü sualda soruşulan tarixə): əsas borc üzrə_____________________________________16.617,83 manat; faiz borcu üzrə_____________________________________1.517,76 manat.

xx.xx.2024-cü il tarixə (4-cü sualda soruşulan tarixə): əsas borc üzrə_____________________________________16.617,83 manat; faiz borcu üzrə_____________________________________2.271,10 manat

Qeyd edilir ki, iş materiallarında xx.xx.2022-ci il tarixli MK/02789/88/36 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh2 cərimə hesablanmadı. Beşinci sual üzrə: Hazırkı tədqiqatla bildirilir ki, iş üzrə xx.xx.2025-ci il tarixdə verilmiş 9/10540 nömrəli ekspert rəyi üzrə aparılmış hesablamalar Mülki Məcəllənin 432.4-cü maddəsinə uyğun aparılmışdır.

49. Beləliklə apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin baxışı zamanı əldə edilmiş ekspert rəyinin düzgün verilməməsi barədə dəlilləri iş üzrə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının ekspert rəyi ilə də təkzib edilir.

50. Məhkəmə kollegiyası iş üzrə alınmış ekspert rəylərini mötəbər sübut növü kimi qəbul edir.

51. İş üzrə verilmiş ekspert rəyləri hazırkı real vəziyyəti əks etdirdiyi üçün birinci instansiya məhkəməsi haqlı olaraq həmin rəyi sübut növü kimi qəbul etmiş və həmin rəyə uyğun nəticəyə gəlmişdir.

52. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

53. Azərbaycan Republikası MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə alınmış ekspert rəyləri sübut kimi qəbul edilməlidir.

55. “X3rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

56. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

57. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin qismən ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.

58. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

59. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.

60. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.

61. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

62. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli, e-2-2(117)-43/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

63. İş üzrə məhkəmə xərci olan təkrar məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutulmalı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilməlidir.

64. Hazırkı kommersiya mübahisəsinə dair iş üzrə qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti on min manatdan az olduğundan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (41-ci paraqraf). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli, e-2-2(117)-43/2025 saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan təkrar məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutulsun və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar