Məhkəmə qərarları › İş №2-2(107)-101/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-101/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-101/2021 05.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “7474,98 manat əsas, 696,54 manat faiz, 52,75 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 1069,12 manat kredit borcunun, 40 manat tutmanın qeydiyyata alınması üçün istifadə olunan vəsait və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Yevlax rayonu Aran qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2-2(117)-394/2021 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2-2(117)-394/2021 saylı qətnaməsi ilə (hakim Rüfət Məcidov) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “7474,98 manat əsas, 696,54 manat faiz, 52,75 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 1069,12 manat kredit borcunun, 40 manat tutmanın qeydiyyata alınması üçün istifadə olunan vəsaitin Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Yevlax rayonu Aran qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi” tələbinə dair iddiası rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış 12.05.2015-ci il tarixli 2347 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 kənd təsərrüfatı məhsullları istehsalı məqsədilə 36 ay müddətinə 18 ay güzəşt müddəti ilə 14500 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafasında nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 % cərimə və vaxtı keçmiş kredit üzrə 12 % ödəyir. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 26.05.2015-ci il tarixli 2347/i nömrəli ipoteka müqaviləsində göstərilmiş Cavabdeh2 mülkiyyətində olan Yevlax rayonu Aran qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməyərək götürdüyü 14500 manat kredit borcunu tam ödəməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehin ödənilməmiş 7474,98 manat əsas, 696,54 manat faiz, 52,75 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 1069,12 manat kredit borcunun olduğunu əsas gətirərək borcun ödənilməsi, borcun ipoteka predmeti olan əmlaka yönəldilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 12.07.2021-ci il tarixdə elektron poçt vasitəsilə, Cavabdeh2 14.07.2021ci il tarixdə poçt vasitəsilə ərizələrlə məhkəməyə müraciət edərək iddia müddətinin ötürüldüyünü bildirmiş və iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəmsində işə tərəflərin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyаsiyа şikаyəti vermişdir. Həmin apellyasiya şikayətindən Cavabdeh1 tərəfindən məhkəmə kollegiyasına etiraz verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində, Şəki Kommersiya Məhkəməsinin 22.07.2021-ci il tarixli, e-2- 2(117)-394/2021 saylı qətnamənin əsassız olduğunu və iddia tələbinin təmin edilməli olması bildirilir. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən cavabdeh tərəfindən məhkəməyə təqdim olunan iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq sözügedən kredit müqaviləsi üzrə iddia müddətinin axımı müqavilənin icra müddətini bitdiyi 12 may 2015-ci il tarixdən hesablanması səbəbindən iddia tələbinin rədd edilməsi düzgün olmadığını bildirir. Məhkəmə qətnamə qəbul etdiyi zaman işin bütün halları tam və düzgün araşdırmamışdır və nəticədə səhv qərar vermişdir. Apellyasiya şikayətində qeyd edilir ki, bütün hallar məhkəmə tərəfindən tam araşdırılmamışdır, məhkəmə müştərinin kredit üzrə ödənişlərini nəzərə almamışdır və cavabdehin məhkəməyə ünvanladığı iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq səhv nəticəyə gəlmişdir. Cavabdeh1 məhkəməyə unvanladığı ərizəsində bankdan 14.500 manat məbləğində kredit müqaviləsini aldığı təsdiq etdiyini və iddia müddətinin tətbiq edilməsini xahiş etdiyini bildirir. Lakin kredit üzrə cavabdeh tərəfindən aparılan ödənişlər nəzərə alınmadığını, 1 baxış iclası keçirərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edildiyini, qeyd edilən hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyini, araşdırma tam aparılmadığını bildirir. Cavabdeh1 12.05.2015-ci il tarixli 2347 saylı kredit müqaviləsi üzrə müqavilənin icra müddətini bitdiyi 12 may 2015-ci il tarixdən sonra banka 12 dəfə - 2008 manat məbləğində ödəniş etdiyini bildirir. Məhkəmə qətnamə qəbul edərkən Mülki Məcəllənin 377.2-ci maddəsini rəhbət tutaraq həmin Məcəllənin 380-ci maddəsinin tələblərini nəzərə almamışdır. Cavabdeh1 müqavilənin icra müddətini bitdiyi 12 may 2015-ci il tarixdən sonra aşağıdakı qeyd olunan tarixlərdə 12.05.2015-ci il tarixli 2347 saylı kredit müqaviləsi üzrə ödənişlər etməsini sonuncu ödənişin - 04.07.2019-cu il tarixdə olması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Göstərilənlərə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış 12.05.2015-ci il tarixli 2347 saylı kredit müqaviləsi üzrə iddia müddətinin axımı 04.07.2019-ci il tarixdə kəsilmiş və 05.07.2019-cu il tarixdə yenidən başlanmışdır. Bank tərəfindən tərəflər arasında olan kredit müqaviləsinin iddia müddəti ötürülməmiş və məhkəmənin qəldiyi nəticə səhv olmuşdur. Birinci instansiya məhkəməsi tələbini iddia müddətinin tətbiq edilməsi əsası ilə rədd edərək iddiaçının mənafeyini və cavabdeh tərəfindən hüquqların pozulub-pozulmamasını nəzərə almamışdır. Məhkəmə sözügedən mübahisəni tam araşdırmadan, cavabdehin ödənişlərini nəzərə almadan iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsasına istinad edərək iddianı rədd etmiş və iddiaçının pozulmuş hüquqlarının məhkəmə müdafiəsini həyata keçirməmişdir. Ona görə də Şəki Kommersiya Məhkəməsinin 22.07.2021-ci il tarixli, e-2-2(117)-394/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyаsiyа instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyаsiyа instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyаsiyа şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-2(117)- 133/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı ASC-nin Yevlax filialı ilə Elçin Bayramov arasında bağlanmış 06.02.2015-ci il tarixli 2292 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Elçin Bayramova heyvandarlığın inkişafı məqsədilə istifadə müddəti 36 ay olan 14500 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 10.02.2015-ci il tarixli 2292/1 nömrəli ipoteka müqaviləsində göstərilmiş Təranə Bayramovnın mülkiyyətində olan ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə ipoteka predmeti kimi qəbul olunmuşdur. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsıdır. Tərəflər аrаsındа bаğlаnmış və yuxаrıdа göstərilən kredit müqаviləsi iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Sаdаlаnаn hüquq nоrmаlаrınа əsаsən, iddiaçı kredit borcunun qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış 12.05.2015-ci il tarixli 2347 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 kənd təsərrüfatı məhsullları istehsalı məqsədilə 36 ay müddətinə 18 ay güzəşt müddəti ilə 14500 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 26.05.2015-ci il tarixli 2347/i nömrəli ipoteka müqaviləsində göstərilmiş Cavabdeh2 mülkiyyətində olan Yevlax rayonu Aran qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək götürdüyü kredit borcunu ödəməmiş, nəticədə onun ödənilməmiş borcu qalmış və tərəflər arasında müqavilə tələbi üzrə hazırkı mübahisə yaranmışdır ki, iddiaçının əsas borca münasibətdə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia müddəti keçmişdir. Bu səbəbdən iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı kredit müqaviləsinin müddətinin bitmə anı ilə müəyyən edilir ki, kredit müqaviləsi 3 il müddətinə 12.05.2015-ci il tarixdə bağlanmış və kredit müqaviləsinin müddəti 12.05.2018-ci il tarixdə bitmişdir. Məhz bu baxımdan iddia müddəti üzrə 3 illik iddia müddəti müqavilə müddətinin bitdiyi 12.05.2018-ci il tarixdən hesablanır ki, iddia müddətinin kəsilməsinə səbəb olan hal iş materiallarında mövcud deyil və bunun əksini təsdiq edən sübut məhkəməyə təqdim olunmamışdır. İddia müddəti 12.05.2018-ci il tarixdə başlanmış və 12.05.2021-ci il tarixdə bitmişdir ki, iddiaçı iddia müddəti ərzində məhkəməyə müraciət etməmiş və sonuncunun müraciəti elektron kabinet vasitəsi ilə 11.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, 12.05.2015-ci il tarixli 3 il müddətinə bağlanmış kredit müqaviləsinin müddəti 12.05.2018-ci il tarixdə bitmişdir. İddia müddətinin axımı 12.05.2018-ci il tarixdə başlamış və 12.05.2021-ci il tarixdə bitmişdir. İddiaçı hazırkı iddia tələbi ilə 11.06.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir ki, onun müraciəti iddia müddətinin bitməsindən sonra baş verdiyindən bitmiş iddia müddətinin axımına təsir etməmiş və iddia müddətinin kəsilməsinə səbəb olan halların baş verməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. İddia tələbi əsas borca münasibətdə əsaslı olduğundan və cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə əsasən həm əsas, həm də faiz və cərimələri əhatə edəcəyindən faiz və cərimə borclarının əsaslılığının araşdırılması birinci instansiya məhkəməsi tərəfindən aparılmamışdır. Belə ki, cərimə və faiz borclarının əsaslılığının araşdırılması iddia müddəti tətbiq ediləcəyi təqdirdə nəticəyə təsir etməyəcəkdir. Belə ki, hesablanmış faiz və cərimələrin məbləğinin aşağı və yuxarı olması iddia müddəti tətbiq ediləcəyi təqdirdə əhəmiyyət kəsb etmir. Həmin halların araşdırılması isə lüzumsuz ekspertizanın keçirilməsi və əlavə məhkəmə xərclərinin yaranmasına gətirib çıxaracağından birinci instansiya məhkəməsi həmin halların araşdırılmasından imtina etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi tələbin ipoteka predmetinə yönəldilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir (Mülki Məcəllə maddə -376). Məhkəmə qeyd edir ki, ipoteka qoyanın iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilməsi və ya verilməməsi iddianın bu hissədə rədd edilməsinə təsir etmir. Belə ki, əsas borcluya yönələn tələb üzrə iddia müddətinin keçməsi əsas tələbin təminatı qismində çıxış edən ipoteka predmeti ilə bağlı iddianın rədd edilməsi üçün əsasdır. Bu səbəbdən də ipoteka qoyan cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə əlavə hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşaraq hesab edir ki, əsas tələb olan borc tələbi ilə bağl iddia müddətinin keçməsi ilə bağlı iddia rədd olunduğundan tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi də rədd edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehin kredit borcu üzrə 2018-2019-cu illərdə ödəniş etdiyini, cavabdeh tərəfindən sonuncu ödənişin - 04.07.2019-cu il tarixdə edildiyini bildirir. Lakin iddiaçı bu barədə sübutu-ödəniş qəbzini məhkəmələrə təqdim etməmişdir. Eyni zamanda Cavabdeh1 apellyasiya şikayətə etirazına əlavə etdiyi sübutlardan müəyyən olunur ki, o, iddiaçının ödənişlər etdiyini bəyan etdiyi 2018-2019-cu illərdə Azərbaycan Respublikasının hüdudlarından kənarda olmuşdur. Digər Cavabdeh2 isə ipoteka qoyan olduğundan kredit borcunun ödəyicisi deyil, təminatçısıdır. Ona görə də, məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, müəyyən edilmişdir ki, şikayət əsaslandırılmamış, ancaq formal mülahizələrdən ibarət olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyаsiyа instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyаsiyа şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı kommersiya mübahisəsinə dair iş üzrə mübahisələndirilən hissəsə on min manatdan aşağıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyаsiyа şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2-2(117)-394/2021 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyаsiyа şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2-2(117)-394/2021 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar