Məhkəmə qərarları › İş №2-2(107)-101/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-101/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-101/2025 30.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Məcidov Ələddin Tofiq oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, e-2-2(117)-96/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan 10 dekabr 2020-ci il tarixdə Zaqatala şəhərində İddiaçı Cavabdeh arasında imzalanan borc müqaviləsi mövcuddur. Həmin borc müqaviləsinə əsasən tərəflər təsdiq edirlər ki, həqiqətən də 10 dekabr 2020-ci il tarixə Cavabdeh İddiaçı 160 000 ABŞ dolları məbləğində borcu var. Cavabdeh borcu bir il müddətində bir ay qabaq xəbərdarlıq etmək şərti ilə istənilən zaman qaytarmağı öz üzərinə öhdəlik kimi götürür. Sözügedən borc müqaviləsi Cavabdeh ailə üzrvləri – X5, X6, X9, İddiaçı, X3, X1, X2 tərəfindən imzalanmışdır.

2. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Zaqatala rayon Polis Şöbəsi tərəfindən qəbul edilən “cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar”dan görünür ki, İddiaçı Cavabdeh barəsində Zaqatala Rayon Polis Şöbəsinə müraciət etmiş və ona qarşı dələduzluq olunduğunu bildirmişdir. Zaqatala Rayon Polis Şöbəsinin qeyd olunan qərarı ilə cinayət işinin başlanması əməldə cinayət tərkibi olmadığından rədd edilmişdir. - Həmin qərarda ilkin yoxlama zamanı izahatı alınmış İddiaçı izahatında göstərilmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Barəsində şikayət verdiyi Cavabdeh tanıyır. Belə ki, onunla təxminən 10 ildir ki münasibəti var. Onunla münasibəti yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 2015-ci ildə ona məlum oldu ki, Cavabdeh qaynı Zaxar ləqəbli X4 ilə birlikdə "xxxx" MMC-nin Zaqatala rayonu üzrə Satış nümayəndəliyini həyata keçirir. Həmin vaxtı Cavabdeh ona bir neçə dəfə təklif etmişdir ki, “səndə müəyyən məbləğdə xeyli miqdarda pul vəsaiti qoy biz satışımızı genişləndirək və səni özümüzə şərik edək”. O əvvəlcə razılaşmır, sonradan Nəriman və Zaxara ümumilikdə 160000 ABŞ dolları pul vermişdir. Aralarında olan şifahi razılaşmaya əsasən onu Azərsun MMC-nin Zaqatala şəhəri üzrə satış nümayəndəliyinə rəsmi qaydada şərik etməli idilər və o, əsas pulu saxlanılmaq şərti ilə müəyyən qədər gəlir əldə etməli idi. Onlar da gəlirlər üzrə şərik kimi onlara hesabat verməli idilər. O, Nəriman və Zakirlə yaxın münasibəti olduğu üçün onlara inanmış və əlində olduqca "xxxx" MMC-yə yatırım əldə etmiş ki, daha çox gəlir əldə etsin. O, sonradan Nəriman və Zakirin niyyətlərinin onu şərik etmək, ona gəlir əldə etməyə imkan vermək yox, niyyətlərinin onu aldadaraq əmlaklarının ələ keçirmək olduğunu başa düşmüşdür. Onlar vədlərinə əməl etməmiş ona hər-hansı məbləğdə gəlir verməmişlər. Uzun müddət keçməsinə və onun dəfələrlə Nərimandan tələb etmsinə baxmayaraq Nəriman müxtəlif bəhanələr gətirməklə onu aldatmış onu şərik etməmişlər. Belə olan halda o Nəriman və Zakirdən verdiyi əsas 160000 ABŞ dolları pulu qaytarmaqlarını tələb etmişdir. Sonra o Zakir və Nərimanla görüşmüş söhbət etmişdir. Zakir ona “sən narahat olma biz sənin pulunu tam şəkildə geri qaytaracağıq sənə təminat olaraq Nəriman ailə üzvləri ilə birlikdə könüllü şəkildə borc müqqaviləi yazıb imza edib sənə versinlər sonra qısa vaxt ərzində hissə-hisssə sənin pulunu qaytaracağıq” demişdir. O məcbur olub və inanıb yenə də onlarla razılaşmışdır. xx.xx.2020-ci ildə onun Nərimanın və ailə üzvlərinin imzası ilə borc müqaviləsi hazırlanmış həmin müqaviləyə əsasən Nəriman 160000 ABŞ dolları pulu bir il müddətində ona ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilə iki nüsxədə imzalanmış nir nüsxə ona, bir nüsxə isə Nərimanda qalmışdır. Həmin vaxt müqavilə yazılanda Zakir iştirak etməmişdir. O bunun səbəbini soruşanda Nəriman Zakirin işinin olduğu üçün iştirak edə bilmədiyini bildirmişdir. Onun təkidi ilə 12 iyul 2023-cü ildə tarixə kimi Nəriman və Zakir ona hissə-hissə olmaqla ümumilikdə 20000 ABŞ dolları pul qaytarmışdır. O, onlardan qalan 140000 ABŞ dolları pulu qaytarmağı tələb etsə də Nəriman ona son ödəmədən təxminən bir ay sonra bildirmişdir ki, “mənə zəng vurma, mən sənə pul ödəməyəcəm”. O bir neçə dəfə Zakirdən pulunun geri qaytarılmasının tələb etmişdir. Lakin müsbət nəticə olmamışdır. Sonradan ona məlum olmuşdur ki, Nəriman ona məxsus pulu dələduzluq yolu ilə ələ keçirib sonra həmin pulla oğlu X12 rayonu Yuxarı Tala kəndi ərazisində ev inşa edib, içərisində bahalı mebellər də almışdır. Sonra o məcbur olub ərizə ilə polisə müraciət etmişdir. - Zaqatala rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” barədə qərarında Cavabdeh izahatında göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, işsizdir. Barəsində şikayət etmiş İddiaçı tanıyır. Belə ki, onunla əvvəllər bir yerdə işləmiş, onunla ailəvi münasibətləri olmuşdur. Münasibətləri həmişə yaxşı olmuşdur. Aralarında düşmənçilik və ədavət olmamışdır. O 2006-cı ildən 2019-cu ilin dekabr ayının 31-nə kimi Azərsun MMC-nin Zaqatala, Qax, Balakən rayonları üzrə bölgə distirubutoru işləmişdir. Süleymanın əlində əlavə pulu olan kimi adətən onun yanına gəlib on vermiş və o da həmin pulu ticarət dövriyyəsində istifadə edib gəlirdən süleymana pul vermişdir. 2015-ci ilin fevral ayında baş vermiş birinci devalvasiya zamanı Süleymanın onda dövriyyədə olan 165000 manat pulu olmuşdur. Həmin puldan gələn gəlirləri hər ay üçün o Süleymana vermişdir. Pulun onda qalıq məbləğinə görə o Süleymana bir faiz vermişdir. 2015-ci ilin fevral ayında baş vermiş devalvasiya zamanı 1 ABŞ dolları 0,78 manatdan 1,05 manata qalxmış həmin vaxt Süleyman onun yanına gəlib ondan olan 165 000 manat pulu 0,78 ABŞ dolları ilə əvəzləməyi xahiş etmişdir. O, uzun illər Süleymanla münasibəti olduğu üçün razılaşmışdır. Əslində isə 1,05 lə əvəzlənməli idi. O, Süleymanın manatla pulunu 0,78 kursla əvəzləmiş və Süleymanın onda 211000 ABŞ dolları pulu olmuşdur. O 2015-ci ilin dekabr ayına kimi Süleymana 211000 ABŞ dolları pulun 2100 ABŞ dolları məbləğində hər ay 1 faizini vermişdir. 2015-ci ilin dekabr ayında növbəti devalvasiya baş vermiş, 1 ABŞ dollar 1,7 manat çıxmışdır. Belə olan ayda Süleyman təxminən 10 ay əvvəl 211000 ABŞ dollarına çevirdiyimiz 165000 manat pulu suni şəkildə qalxaraq 360000 manat olmuşdur. O 2016-cı ilin sonuna kimi 360000 manat pulun 1 faizinin yəni 3600 manatı hər ay Süleymana ödəmişdir. 2017-ci ilin təxminən yanvar ayında Süleyman pula ehtiyyacı olduğunu bildirimiş, 100000 ABŞ dolları pulu almışdır. Bundan sonra hər ay olmaqla onda qalan 200000 manatın bir faizini yəni iki min manatını hər ay təminən 2021ci ilin iyun ayına kimi 4 il 6 ay Süleymana ödəmişdir. 2021-ci ilin iyun ayında işləri yaxşı getməmiş və barəsində Dövlət Vergi Xidməti Vergi Cinayətləri Departamentində cinayət işi başlamış və onun bütün hesablarına sanksiya qoyulmuşdur. O, Süleymanla görüşüb vəziyyəti izah etmişdir. Süleyman onunla borc müqaviləsi bağlamağı xahiş etmişdir. O da razı olmuşdur. Həmin sənədi Süleyman hazırlamış sonra özü və ailə üzvləri imza edib vermiş, o da aparıb öz ailə üzvlərinə imza etdirmişdir.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 140000 ABŞ dolları (və ya həmin günə Azərbaycan Respublikasının Mərkəz Bankının müəyyən etdiyi məzənnə ilə manat olaraq) və ödənilmiş 528 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsinin məhkəmədən xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında xx.xx.2020-ci il tarixdə borc müqavilə bağlanmışdır. Cavabdeh ilə aralarında bağlanmış borc müqaviləsinə əsasən cavabdeh ona (iddiaçıya) 160000 (bir yüz altmış min) ABŞ dollarını bir il müddətində bir ay əvvəl xəbərdarlıq etmək şərti ilə istənilən zaman ödəməyi öz öhdəsinə götürmüşdür. Qeyd etdiyi borc müqaviləsini Cavabdeh, onun ailə üzvləri, o və onun (iddiaçının) ailə üzvləri imzalamışdır. xx.xx.2024-cü ilədək Cavabdeh həmin borc müqaviləsi üzrə borcundan 20000 (iyirmi min) ABŞ dollarını ona hissə-hissə olaraq nağd şəkildə və terminallar vasitəsilə ödəmişdir. Lakin qalan 140000 (bir yüz qırx min) ABŞ dollarını isə dəfələrlə tələb etməyinə baxmayaraq ona ödəməmişdir. Bununlada müəyyən etmək olar ki, Cavabdeh borc müqaviləsi üzrə üzərinə qoyulmuş öhdəliyə əməl etməmişdir. Bununlada O aralarında bağlanmış borc müqaviləsinin tələblərini pozmuşdur. Bundan sonra xx.xx.2024-cü il tarixində cavabdehin ünvanına “borc müqaviləsi üzrə öhdəliklərin icra edilməsi haqqında ”Pretenziya (təklif) göndərmişdir. Pretenziyanın cavabdehə çatması haqqında poçt qəbzi (cavabdehin şəxsən imza etdiyi xəbərnamə) almışdır.

5. İddiaçı xx.xx.2025-ci il tarixdə birinci instansiya məhkəməsinə iddia həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, cavabdehdən 200000 manat məbləğində pulun və ödənilmiş 528 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdehi uzun illərdir tanıyır və yaxın dost olublar. Birgə iş görmək üçün maddi imkanı yaxşı olanda ona 160 000 ABŞ dolları borca pul vermişdir. Sonradan cavavdeh pulu qaytarmadığı üçün o və ailə üzvləri ev şəraitində yazılı müqavilə imzalamışlar. Bir müddət sonra borca verdiyi pulu geri istəmişdir. Ondan sonra aralarında soyuqluq və mübahisə yarandı. Uzun söz-söhbətlərdən sonra Nəriman ona 20 000 ABŞ dolları qaytardı.Lakin qalan 140 000 ABŞ dolları borc hələ də onda qalıb və qaytarmır. Hazırda iddia tələbini azaldaraq, cavabdehdən 200000 manat məbləğində pulun və ödənilmiş 528 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı ilə 30-35 il aralarında dostluq münasibətləri olub. 2020-ci ilə qədər birgə iş görmək üçün İddiaçı bir neçə dəfə ona pul vermişdir, o da həmin pulları aylar üzrə ona qaytarmışdır. 2020-ci ilə qədər iddiaçıya 360 000 manat pul qaytarıb. Aralarında ev şəraitində borc müqaviləsi imzalayıblar, həmin vaxt həmin müqaviləni imzaladı ki, Süleyman ondan şikayət etməsin. Hesab edir ki, imzalanan müqavilə etibarsızdır. Belə ki, müqavilənin əvvəlində yazılan ad, familya və şəxsiyyət vəsiqəsi məlumatları düzgün tərtib edilməyib. İmzaladığı müqavilə üzrə ona həmin məbləğdə pul verilməyib. İddiaçı tərəfindən ona əvvəllər pul verilib, Süleymana olan borcu devalivasiyadan sonra yaranıb. İndi maddi vəziyyəti yaxşı deyil, müflis olub. Bank hesablarında 754 000 manat həcmində vergi sanksiyası tətbiq edən pul vəsaiti var. Vergi orqanı ona cinayət işi açmışdır. Halhazırda işinə Şəki Apelyasiya Məhkəməsində baxılır. Borcun silinməsi üçün də Şəki İnzibati Məhkəməsinə müraciət edib. Süleyman ona cəmi 20000-30000 manat aralığında pul verib, həmin pulu da artıqlaması ilə qaytarıb. Hazırda iddiaçıya 140 000 ABŞ dolları məbləğində borcu yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, cavabdeh tərəf borcu qəbul etmir. O qeyd edir ki, iddiaçıya olan borcunu ödəyib. Bununla bağlı kifayət qədər sübut yoxdur. Tərəflər arasında bağlanan müqavilədən əvvəl də müəyyən qədər pul verilib. Həmçinin iddiaçı polis şöbəsinə verdiyi şikayət ərizəsində cavabdehin ona 200000 manat borcunun olduğunu qeyd edir. Lakin iddiada isə 140000 ABŞ dolları qeyd edib. Göründüyü kimi burda qeyrimüəyyənlik mövcuddur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

9. Şəki Kommersiyа Məhkəməsinin (hakim Elnarə Hüseynova) 03 aprel 2025-ci il tarixli, e-2-2(117)-96/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabeh Cavabdeh 200000 manat məbləğində borc və 490 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddaçı İddiaçı aid edilməsi qət edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, tərəflərlər arasında 2020-ci ilin 10 dekabr tarixində borc müqaviləsi bağlanmışdır. Həmin müqavilədə Cavabdeh İddiaçı 160 000 ABŞ dolları məbləğində borcu vermiş, cavabdeh isə öz növbəsində borcu olduğunu etiraf etmişdir və müəyyən müddət ərzində qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilə tərəflərin imzaları ilə təsdiq edilməklə etibarsız olmamışdır.

11. Məhkəmə belə nəticəyə gəlmişdir ki, borc müqaviləsi tərəflərin öz iradə ifadələrinin əks etdirməklə imzalanmışdır.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçı borc müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi lazımınca icra edərək cavabdehə 160.000 ABŞ dolları pulu vermiş, cavabdeh isə öz üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş, qeyd olunan borcun 20000 ABŞ dolları hissəsini ödəniş etmiş, qalan 140.000 ABŞ dollarını ödəməmiş və bunun əksinin təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Daha sonra iddiaçı tərəfindən iddia həcminin azaldılaması barədə məhkəməyə ərizə təqdim edilmiş və borcun 200000 manat olaraq qəbul edilməsi və cavabdehdən 200.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 385.1, 442, 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə, 448.2, 739.1, 739.2 və 739.3-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 119.1, 217.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Cаvаbdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin əsassız olduğundan rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

15. Cаvаbdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə iddiaçının iddia tələbini təmin edərkən düzgün hüquqi nəticəyə gəlməmiş, hazırkı mübahisəyə mülki məcəllənin qeyd olunan maddəsinin tətbiq etməklə iddianı təmin etmişdir. Halbuki məhkəmə ilk öncə tərəflərin hansı hüquq münasibətində olmasını araşdırmalı, həqiqətəndə cavabdeh ilə iddiaçının arasında öhdəliyin olub-olmamasına hüquqi qiymət verməli idi. Məhkəmə iclasında qeyd edərək bildirmişdir ki, İddiaçı tanıyır. Belə ki, onunla əvvəllər bir yerdə işləmiş onunla ailəvi münasibətləri olmuşdur. Münasibətləri həmişə yaxşı olmuşdur. Aralarında düşmənçilik və ədavət olmamışdır. 2006-cı ildən 2019-cu ilin dekabr ayının 31-nə kimi Azərsun MMC-nin Zaqatala, Qax, Balakən rayonları üzrə bölgə distirubutoru işləmişdir. Süleymanın əlində əlavə pulu olan kimi adətən onun yanına gəlib ona vermiş və o da həmin pulu ticarət dövriyyəsində istifadə edib gəlirdən Süleymana pul vermişdir. 2015-ci ilin fevral ayında baş vermiş birinci devalvasiya zamanı Süleymanın onda dövriyyədə olan 165000 manat pulu olmuşdur. Həmin puldan gələn gəlirləri hər ay üçün o Süleymana vermişdir. Pulun onda qalıq məbləğinə görə o Süleymana bir faiz vermişdir. 2015-ci ilin fevral ayında baş vermiş devalvasiya zamanı 1 ABŞ dolları 0,78 manatdan 1,05 manata qalxmış həmin vaxt Süleyman onun yanına gəlib ondan olan 165 000 manat pulu 0,78 ABŞ dolları ilə əvəzləməyi xahiş etmişdir. O, uzun illər Süleymanla münasibəti olduğu üçün razılaşmışdır. Əslində isə 1,05-lə əvəzlənməli idi. O, Süleymanın manatla pulunu 0,78 kursla əvəzləmiş və Süleymanın onda 211000 ABŞ dolları pulu olmuşdur. O 2015-ci ilin dekabr ayına kimi Süleymana 211000 ABŞ dolları pulun 2100 ABŞ dolları məbləğində hər ay 1 faizini vermişdir. 2015-ci ilin dekabr ayında növbəti devalvasiya baş vermiş, 1 ABŞ dollar 1,7 manat çıxmışdır. Belə olan ayda Süleyman təxminən 10 ay əvvəl 211000 ABŞ dollarına çevirdikləri 165000 manat pulu suni şəkildə qalxaraq 360000 manat olmuşdur. O 2016-cı ilin sonuna kimi 360000 manat pulun 1 faizinin yəni 3600 manatı hər ay Süleymana ödəmişdir. 2017-ci ilin təxminən yanvar ayında Süleyman pula ehtiyacı olduğunu bildirimiş, 100000 ABŞ dolları pulu almışdır. Bundan sonra hər ay olmaqla onda qalan 200.000 manatın bir faizini yəni iki min manatını hər ay təminən 2021- ci ilin iyun ayına kimi 4 il 6 ay Süleymana ödəmişdir. 2021-ci ilin iyun ayında işləri yaxşı getməmiş və barəsində Dövlət Vergi Xidməti Vergi Cinayətləri Departamentində cinayət işi başlamış və onun bütün hesablarına sanksiya qoyulmuşdur. O, Süleymanla görüşüb vəziyyəti izah etmişdir. Süleyman onunla borc müqaviləsi bağlamağı xahiş etmişdir. O da razı olmuşdur. Həmin sənədi Süleyman hazırlamış sonra özü və ailə üzvləri imza edib vermiş, o da aparıb öz ailə üzvlərinə imza etdirmişdir. Qeyd etdiyi ifadələr Zaqatala rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” barədə qərarındada öz əksini tapmışdır. Onun iddiaçıya borcu yoxdur. İddiaçı ilə aralarında bağlanmış borc müqaviləsi yalnız formal xarakter daşımaqla bağlanmışdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrini əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub olmaması müəyyən edilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə almamış, əsassız qərar qəbul etmişdir. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, e-2- 2(117)-96/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddianın əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

17. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, e-2- 2(117)-96/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376. 2-ci maddəsinə əsasən işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

21. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

22. İş üzrə cavabdeh tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi

23. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: - 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; - 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

27. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

28. Maddə 739. Borc müqaviləsi (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) - 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

29. Maddə 740. Borc müqaviləsinin forması (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə) (...) - 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

30. Maddə 882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə - 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. (...). - 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, e-2- 2(117)-96/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

43. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

44. Müəyyən edilmişdir ki, tərəflər arasında yaranan hazırkı mübahisə borc münasibətlərindən yaranan mübahisədir. Belə ki, İddiaçı və Cavabdeh arasında 2020-ci ilin 10 dekabr tarixində borc müqaviləsi bağlanmışdır. Həmin müqavilədə Cavabdeh İddiaçı 160 000 ABŞ dolları məbləğində borcu vermiş, cavabdeh isə öz növbəsində borcu olduğunu etiraf etmişdir və müəyyən müddət ərzində qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilə tərəflərin imzaları ilə təsdiq edilməklə etibarsız olmamışdır.

45. Bundan başqa xx.xx.2024-cü il tarixli Zaqatala rayon Polis Şöbəsi tərəfindən qəbul edilən “cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar” tərəflər arasında borc müqaviləsinin bağlandığını etiraf etmişdir. Bununla da məhkəmə tərəfindən belə nəticəyə gəlmək olar ki, borc müqaviləsi tərəflərin öz iradə ifadələrinin əks etdirməklə imzalanmışdır.

46. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı borc müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi lazımınca icra edərək cavabdehə 160 000 ABŞ dolları pulu vermiş cavabdeh isə öz üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş, qeyd olunan borcun 20000 ABŞ dolları hissəsini ödəniş etmiş, qalan 140.000 ABŞ dollarını ödəməmiş və bunun əksinin təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Daha sonra iddiaçı tərəfindən iddia həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edilmiş və borcun 200.000 manat olaraq qəbul edilməsi və cavabdehdən 200.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bu səbəbdən iddia əsaslıdır və 200000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

47. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır və əlavə olaraq qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib edən sübutları işə baxan məhkəmələrə təqdim etməmişdir.

48. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış və onların ailə üzvlərinin də imzaladıqları sadə yazılı borc müqaviləsinin məzmunundadan görünür ki, tərəflər 10 dekabr 2020-ci il tarixə cavabdehin iddiaçıya 160.000 ABŞ dolları borcu olduğunu bəyan edirlər və cavabdeh həmin borcu bir il müddətində istənilən zaman qaytarmağı öz öhdəsinə götürür (həmin müqavilənin mövcudluğu işin mübahisələndirilməyən halıdır).

49. Tərəflərin istər birinci instansiya məhkəməsində verdikləri izahatlarında, istər apellyasiya şikayətində, istərsə də tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatlarında tərəfərın əvvəllər yaxın münasibətlərdə olduqları, iddiaçının cavabdehə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə borc pul verdiyi, cavabdehin də müəyyən məbləğlərdə borcu iddiaçıya qaytarıldığı göstərilir. Yəni tərəflər əvvəllər aralarında borc münasibətləri olduqlarını etiraf edirlər. Lakin həmin borc pul məbləğləri verilərkən tərəflər arasında yazılı müqavilə bağlanmamışdır.

50. Cavabdeh aldığı borcu tam qaytarmadığına görə, tərəflər arasında yuxarıda sözügedən müqavilə bağlanmışdır.

51. Həmin müqavilə isə məzmununa və mahiyyətinə görə daha çox mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə uyğun gəlir (Mülki Məcəllə, maddə 882).

52. Mövcud borcun etirafı barədə mücərrəd müqavilə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini ehtiva edən müqavilədir. Belə müqavilə yalnız o halda qüvvəyə malik olur ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən əsaslandıırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilmiş olsun.Mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün tələb edilən forma etiraf üçün də məcburidir. Maddənin məzmunundan görünür ki, borclu başlıca əqddən irəli gələn müəyyən borcu etiraf edir.

53. Əgər istinad olunan borc hesablaşma (ödəniş) və ya razılaşma yolu ilə etiraf edilibsə, bu halda hər hansı formaya riayət olunması tələb olunmur (Mülki Məcəllə, maddə 882.5).

54. Hüquq ədəbiyyatında mücərrəd əqd haqqında göstərilir ki, mücərrəd əqdlər öz əsasından ayrılmış əqddir və və onun etibarlılığı öz əsası olan əqdin məqsədindən asılı deyildir.

55. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

56. Cavabdeh iddiaçının ona verdiyi borc məbləğlərini qaytarmadığı üçün onunla 160.000 ABŞ dolları məbləğində borcun etirafına dair müqavilə bağlayaraq, sözügedən məbləği 1 il müddətinə ödəməyi öhdəsinə götürsə də, üzərinə götürdüyü öhdəliyi icra etməmiş və iddiaçıya borclu qalmışdır. Ona görə də, məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur.

57. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı, həmin dəlillər və cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatı bir-birini təkzib edir.

58. Belə ki, cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddiaçının ona cəmi 20.000-30.000 manat aralığında pul verdiyini və həmin pulu artıqlaması ilə qaytardığını, bildirsə də, apellyasiya şikayətində 2015-ci ilin fevral ayında onda Süleymanın 165.000 manat pulunun olduğunu, iddiaçının (Süleymanın) manatla olan həmin pulunu 0,78 kursla əvəzlədiyini və Süleymanın onda 211000 ABŞ dolları pulu olduğunu, 2015-ci ilin dekabr ayında baş vermiş devalvasiya nəticəsində Süleymanın təxminən 10 ay əvvəl 211.000 ABŞ dollarına çevirdikləri 165.000 manat pulu suni şəkildə qalxaraq 360.000 manat olduğunu, 2017-ci ilin anvar ayında Süleymana 100.000 ABŞ dolları qaytardığını bildirmişdir.

59. Məhkəmə kollegiyasının iclasında Cavabdeh həmin ziddiyyətlərin ağlabatan və inandırıcı izahını verə bilməmişdir.

60. Eyni zamanda cavabdeh borcunun olmadığı təqdirdə iddiaçı ilə aralarında nə üçün borc müqaviləsi bağladığının, həmin müqavilənin özü ilə yanaşı ailə üzvlərinin də imzalayaraq təsdiq etmələrinin də ağlabatan izahını verə bilməmişdir.

61. Ona görə də kollegiya şikayətin borc müqaviləsinin yalnız formal xarakter daşımaqla bağlandığı barədə dəlilini də əsassız hesab edir.

62. Məhkəmə kollegiyasının iclasında da cavabdeh iddiaçıdan borc pul aldığını və sonradan qaytardığını, onun iddiaçıya borcunun qalmadığını bildirsə də, nə qədər borc pul alıb qaytardığını göstərməmişdir.

63. Beləliklə, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlilləri təsdiq edən sübutlar təqdim olunmamışdır.

64. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

65. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

66. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

67. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

68. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.

69. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, e-2-2(117)-96/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cаvаbdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiyа Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, e-2-2(117)-96/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdəmübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar