Məhkəmə qərarları › İş №2-2(107)-102/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-102/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-102/2025 30.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 15 aprel 2025-ci il tаrixli e-2-2(117)-180/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) 15 aprel 2025-ci il tаrixli e-2-2(117)-180/2025 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi qismən təmin edilərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 müştərək qaydada, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 miras payı həcmində 026R********** saylı krеdit razılaşması üzrə 15426,62 manat məbləğində krеdit bоrcu, 2069,96 manat məbləğində faiz bоrcu və 721,21 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 18217,79 manat məbləğində pulun və ödənilmiş 144,65 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, cavabdeh X1 münasibətdə isə iddianın rədd edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə həmin qətnamədən apellyasiya şikayəti verərək, “Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-180/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsini ləğv edib, yeni qətnamə qəbul edilməsini” xahiş etmişdir. Qeyd etmək lazımdır ki, hər iki cavabdehin apellyasiya şikayəti bir yerdə tərtib edilib, Cavabdeh2 nümayəndəsi qismində və eyni zamanda “şikayət verən şəxs” qismində Cavabdeh3 tərəfindən imzalanaraq, iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iki dəfə olmaqla, 18 may 2025-ci ildə məhkəməyə təqdim edilmişdir. Yəni, apellyasiya şikayəti olaraq hər iki cavabdehin adından birlikdə tərtib edilmiş eyni məzmunlu apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər - iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə iki dəfə daxil edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətini işlə birlikdə baxılması üçün 27 may 2025-ci il tarixli məktubla Şəki Apellyasiya Məhkəməsinə göndərmiş və həmin iş 29 may 2025-ci ildə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının icraatına verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 10-1-ci maddəsinin tələblərinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır (maddə 10-1.1), məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir (maddə 10-1.2) və kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir (maddə 10-1.3). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələblərinə uyğun olaraq, bu Məcəllə ilə müəyyən edilmiş formada (forma - həmin Məcəlləyə “Əlavə 2” ilə müəyyən edilmişdir) verilən apellyasiya şikayətində - şikayətin verildiyi məhkəmənin adı və ünvanı (maddə 361.1.1), şikayəti verən şəxsin soyadı, adı, atasının adı, şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti (maddə 361.1.2), barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı (maddə 361.1.3), şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi (maddə 361.1.4), şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar (maddə 361.1.5), şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar (maddə 361.1.6) və şikayətə əlavə edilən sənədlərin siyahısı (maddə 361.1.7) göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366-cı maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olması daxildir (maddə 366.1), əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə 366.2), apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır (maddə 366.3) və apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər (maddə 366.4). Məhkəmə kollegiyası, Şəki Kommersiya Məhkəməsinin 15 aprel 2025-ci il tаrixli e-2- 2(117)-180/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətini və iş materiallarını öyrənib, apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Belə ki, Şəki Kommersiya Məhkəməsinin 15 aprel 2025-ci il tаrixli e-2-2(117)- 180/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən bir yerdə tərtib olunmaqla, hər ikisinin adından bir yerdə verilmiş apellyasiya şikayətinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində (qrafasında) həmin şikayətin verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli qəbzin nömrəsi göstərilmiş və həmin Bölmənin “Dövlət rüsumunun məbləği” sətrində həmin qəbzlə “72,6 manat məbləğində dövlət rüsumunun ödənildiyi” və “Ödəniş edən şəxs” sətrində isə həmin dövlət rüsumunun Cavabdeh2 tərəfindən ödənildiyi qeyd edilmişdir (iş vərəqi: 196). Yəni, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 adından birlikdə tərtib edilmiş apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ********** nömrəli qəbzlə Cavabdeh2 tərəfindən 72,6 manat məbləğində dövlət rüsumu ödənilmiş və bununla bağlı ********** nömrəli qəbzin özü də apellyasiya şikayətinə əlavə edilərək, elektron kabinetə yerləşdirilmişdir (iş vərəqi: 200). Qeyd etmək lazımdır ki, iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet məlumatları və iş materialları ilə müəyyən olunur ki, hər iki cavabdehin adından bir yerdə tərtib olunaraq verilmiş hazırkı apellyasiya şikayəti 18 may 2025-ci ildə iki dəfə elektron kabinetə yarləşdirilmiş və hər ikisində də dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd olaraq - eyni qəbzdən, yəni ********** nömrəli qəbzdən istifadə olunmuşdur. Göründüyü kimi, hazırkı apellyasiya şikayəti cavabdehlər Cavabdeh3 və Cavabdeh2 adından bir yerdə tərtib edilərək məhkəməyə təqdim olunsa da, apellyasiya şikayətinin verilməsi üçün qanunla ödənilməsi nəzərdə tutulan dövlət rüsumu yalnız apellyasiya şikayəti vermiş Cavabdeh2 tərəfindən ödənilmişdir. Lakin digər apellyator, yəni Cavabdeh3 tərəfindən isə apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu ödənilməmişdir. Halbuki, məhkəmə qətnaməsindən bir neçə cavabdeh tərəfindən apellyasiya şikayəti verildikdə, şikayətin birlikdə və yaxud ayrı-ayrılıqda tərtib edilməsindən asılı olmayaraq, hər bir şikayətçi tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulan dövlət rüsumu məbləği də hər birinin öz adından müvafiq qaydada ayrı-ayrılıqda Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi üçün dövlət rüsumu tutulur (maddə 2.0.1.) və dövlət rüsumunun ödənilməsi tələb olunan hallarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən əməliyyat icra olunmur (maddə 4.6.). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108-ci maddəsinin tələblərinə görə - apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir (108.1.7-ci maddə), məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir (108.2-ci maddə) və dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir (108.3-cü maddə). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Beləliklə də, yuxarıda qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 adından bir yerdə tərtib edilərək məhkəməyə təqdim edilmiş hazırkı apellyasiya şikayətində istinad olunan ********** nömrəli qəbz - Cavabdeh3 adından apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.3-cü maddəsinin tələblərinə görə, apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinin tələblərinə görə, apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa - birinci instansiya məhkəməsi tərəfindən apelyasiya şikayəti geri qaytarılır. Eləcə də, Şəki Kommersiya Məhkəməsinin 15 aprel 2025-ci il tаrixli e-2-2(117)- 180/2025 nömrəli qətnaməsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin “Apellyasiya şikayəti verən şəxsin tələbi” adlanan 12-ci bəndində şikayətçilərin apellyasiya instansiyasından tələbi “Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-180/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsini ləğv edib, yeni qətnamə qəbul edilməsi” kimi ifadə olunmuşdur. Halbuki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələblərinə uyğun tərtib edilməli və eyni zamanda, apellyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemində formasını müəyyənləşdirən “Əlavə 2”-nin 12-ci bəndində apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin, hazırkı apellyasiya şikayətində “qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi” xahiş olunsa da, şikayətçilər tərəfindən şikayət verdikləri məlum qətnamənin qəbul edilməsi ilə nəticələnmiş iddiaçının iddia tələbinin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələbi, yəni apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə “iddiaçının iddia tələbinin rədd olunması” və s. barədə tələbi apellyasiya şikayətinin müvafiq hissəsində öz əksini tapmamışdır. Bundan əlavə, apellyasiya şikayətində onu verən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ünvanları göstərilməmişdir (MPM-in 361.1.2 maddəsi və “Əlavə 2”-nin 1.5-ci yarımbəndləri). Eyni zamanda, apellyasiya şikayətində onu verən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 prosessual vəziyyətləri də düzgün qeyd olunmamışdır (MPM-in 361.1.2 maddəsi və “Əlavə 2”-nin 1.8-ci yarımbəndləri). Yəni, apellyasiya şikayətini vermiş Cavabdeh3 və Cavabdeh2 hazırkı kommersiya işi üzrə prosessual vəziyyəti “cavabdeh” olduğu halda, “Əlavə 2”-nin 1.8-ci yarımbəndlərində onlar “şikayət verən şəxs” kimi qeyd olunmuşdur ki, bu da onların MPM-in 361.1.2-ci maddəsi ilə qeyd olunması tələb olunan prosessual vəziyyətini düzgün əks etdirmir. Məlumdur ki, Mülki-Prosessual Məcəllənin tələbləri baxımından iddia icraatları üzrə tərəflər (proses iştirakçıları) - prosessual vəziyyətlərinə görə iddiaçı, cavabdeh və yaxud üçüncü şəxslər olduğundan, həmin Məcəllənin 361.1.2-ci maddəsində (“Əlavə 2”-nin 1.8-ci yarımbəndində) nəzərdə tutulan “şikayəti verən şəxsin prosessual vəziyyəti” ifadəsi də - şikayət verən şəxsin iddiaçı, cavabdeh və yaxud üçüncü şəxs olmasının qeyd olunmasını tələb edir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsi ilə təminat verilən məhkəmə müdafiəsi hüququ - yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur və hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin, nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Ona görə də, məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün bir sıra mühüm prosessual qaydalar və məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, bunlara - Mülki Prosessual Məcəllənin 361-ci maddəsində nəzərdə tutulmuş prosessual qaydalar da aiddir və apellyasiya şikayəti həmin maddənin tələblərinə riayət edilməklə verilməlidir. Çünki, Mülki-Prosessual Məcəllənin 361-ci maddəsində apellyasiya şikayəti üçün zəruri olan forma və məzmuna dair tələblər nəzərdə tutulmuşdur. Eyni zamanda, MPM-in apellyasiya şikayətinin məzmununa dair ümumi tələbləri müəyyənləşdirən 361-ci maddəsi ilə yanaşı, həmin Məcəlləyə “Əlavə 2”-də də apellyasiya şikayətinin forması ilə bağlı mühüm tələblər öz əksini tapmışdır. Bu səbəbdən də, qeyd olunan tələblərin düzgün və bir qaydada yerinə yetirilməsi üçün “Elektron məhkəmə” informasiya sistemində apellyasiya şikayətinin ümumi formasını müəyyən edən “Əlavə 2”-yə uyğun elektron apellyasiya şikayəti nümunəsi tərtib edilərək, apellyasiya şikayəti hazırlayan proses iştirakçılarının istifadəsinə verilmişdir. Göründüyü kimi, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş hazırkı apellyasiya şikayəti - Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin apellyasiya şikayətinin forma və məzmununa dair ümumi prosessual tələbləri müəyyənləşdirən 361-ci maddəsinin tələblərinə və eyni zamanda, şikayətin “Elektron məhkəmə” informasiya sistemində formasını müəyyənləşdirən həmin Məcəlləyə “Əlavə 2”-də təsbit olunmuş mühüm tələblərə uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə - apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə də, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Şəki Kommersiya Məhkəməsinin 15 aprel 2025-ci il tаrixli e-2-2(117)-180/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki-Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinə riayət edilmədən verildiyindən, hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayəti qeyri-mümkün hesab olunaraq, iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalı və birinci instansiya məhkəməsi isə hazırkı apellyasiya şikayətinə münasibətdə Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq sonrakı prosessual hərəkətləri etməlidir. Eyni zamanda, bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 364.1-ci maddəsinin tələblərinə görə, birinci instansiya məhkəməsi - apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayətini ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərir. Həmin Məcəllənin 363-cü maddəsində isə prosessual tələblərə riayət edilmədən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasının əsasları təsbit olunmuşdur. Yəni, Mülki-Prosessual Məcəllədə apellyasiya şikayətlərinin qanunvericiliyin tələblərinə uyğun verilməsinin yoxlanılması və düzgün verilməyən apellyasiya şikayətlərinin geri qaytarılması vəzifəsi imperativ qaydada birinci instansiya məhkəməsinə həvalə olunmuşdur. Lakin, birinci instansiya məhkəməsi hazırkı apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu tam yoxlamadan, оnu baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 361-366, 402 və 405-406cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 15 aprel 2025-ci il tаrixli e-2-2(117)-180/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. Apellyasiya şikayəti işlə birlikdə sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şəki Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar