Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-104/2022 22.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-1412/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı və Cavabdeh2nə qarşı “Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarı və Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarının qismən, yəni Zaqatala şəhəri İ.Şamil küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın Cavabdeh3 satılması hissəsində etibarsız hesab edilməsi və həmin mağazanın ona qaytarılması, onunla ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və Cavabdeh3 ilə şərik əldə etdikləri hamam binasının yarısının, həmin əmlaklar naturada mövcud olmadıqda isə əmlakların dəyəri olan 750.000 manat vəsaitin, həmçinin 840 manat dövlət rüsumunun, 220 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi” tələbinə dair işə baxmış Şəki Kommersiya Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə iddia tələbinin “Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarı və Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarının qismən, yəni Zaqatala şəhəri İ.Şamil küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın Cavabdeh3 satılması hissəsində etibarsız hesab edilməsi” hissəsi üzrə icraata xitam verilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2022-ci il tarixdə qərardaddan şikayət vermişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022 il tarixli qərardadı ilə şikayətin forma və məzmununa dair tələblərə riayət edilmədiyi üçün şikayət geri qaytarılmışdır. Qərardadda qeyd edilən nöqsanı aradan qaldırmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə yenidən, xx.xx.2022-ci il tarixdə şikayət vermişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022 il tarixli qərardadı ilə şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən və şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldüyündən şikayət geri qaytarılmışdır. Qərardadda qeyd edilən nöqsanı aradan qaldırmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə yenidən, xx.xx.2022-ci il tarixdə şikayət vermişdir. O, həmçinin birinci instansiya məhkəməsinə ərizə təqdim edərək xx.xx.2022-ci il tarixli qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə onunla əsaslandırmışdır ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından qanunla nəzərdə tutulan şikayət vermə müddəti tərəflərindən üzrlü səbəbdən buraxılmışdır. Belə ki, qərardaddan verilən şikayətlərdə müxtəlif nöqsanlar olmuş və həmin nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən şikayət verilmişdir. Şikayətin verilməsində müddətin ötməsinə əsas səbəb texniki problem olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə günün müxtəlif saatlarında elektron məhkəmə portalında müəyyən texniki problemlər yarandığı üçün şikayətin verilməsi mümkün olmamış, növbəti gün- xx.xx.2022-ci il tarixdə verilmişdir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə baxmış birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-1412/2022 nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilmiş, verilmiş şikayətin geri qaytarılması qərara almışdır. Şəki Kommersiya Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəf qeyd olunan əsasla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və belə halın mövcudluğuna dair məhkəmədə sübut yoxdur. Bundan başqa, əgər iddiaçı tərəf elektron portalda problemlə qarşılaşmışdırsa bu zaman yazılı qaydada və ya elektron poçt vasitəsilə bu barədə məhkəməyə məlumat verə bilərdi. Göründüyü kimi, qərardaddan şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddət hər hansı üzrlü səbəbdən ötürülməmişdir, buraxılmış müddətin bərpası üçün qanuni əsas mövcud deyildir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə həmin qərardaddan birinci instansiya məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, texniki problemin mövcudluğuna dair hər hansı sübut təqdim etmək tələbini əsaslı hesab etmirik. Belə ki, e-mehkeme portalında müxtəlif zaman kəsiyində belə texniki problemlər yaşanır. İstər məhkəmələr istər digər istifadəçilər bu narahatçılığı yaşayır. Bəzi hallarda problem bir neçə saat və yaxud bir neçə gün də davam edə bilir. Sözügedən şikayəti vermək üçün günün müxtəlif saatlarında cəhdlər olunsa da mümkün olmamışdır. Bu problem istifadəçinin qoşulduğu mobil operatordan, şəbəkədən, internet xəttindən və s. yarana bilər. Nəzərə alsaq ki, şikayətin verilməsi sadəcə saat etibarı ilə gecikdirilmişdir. Bundan əlavə əgər məsələyə hərtərəfli obyektiv yanaşırıqsa, o zaman məhkəmənin də bu halın yaranmasına şərait yaratmasını da nəzərə almaq lazım idi. Hansı ki, xx.xx.2022-ci il tarixli qərardaddan verdiyimiz şikayəti sadəcə texniki səhvə görə qaytaran zaman rüsumun ödənilməməsi də qeyd olunsa idi həmin vaxt hər iki nöqsanı aradan qaldırmaqla şikayəti vermiş olardı. Bundan əlavə xx.xx.2022-ci il tarixdə verilən şikayətimiz də xx.xx.2022-ci il tarixdə geri qaytarılmışdır. Hansı ki, həmin şikayətə baxılması üçün qanunvericilik 3 gün müddət müəyyən etmişdir. Lakin məhkəmə 7 gün sonra hüquqi qiymət vermişdir. Müddətlə bağlı problemlər yalnız iddiaçı tərəfindən deyil eyni zamanda məhkəmənin özü tərəfindən baş vermişdir. Bu halda obyektivliyi təmin etmək baxımından vaxt etibarı ilə çox da uzun müddət hesab olunmayan təqvim üzrə 1 gün, saat etibarı ilə bir neçə saat texniki səbəbdən ötürülən müddətin bərpa edilməsi daha ədalətli olardı. Nəzərə alınmalı məqamlardan biri də məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadından nəzərdə tutulan şikayət vermə müddətinin hələ xx.xx.2022-ci il tarixdə bitməsi idi ki, həmin müddət daxilində yəni müddət bitməmiş tərəfimizdən şikayət verilmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-1412/2022 nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 268.1-ci maddəsinə görə, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İşdə olan sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixli qərardaddan prosessual müddətin bitməsinə 2 gün qalmış(qərardad rəsmi qaydada xx.xx.2022-ci il tarixdə verilmişdir), yəni xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi-vəkili Nümayəndə tərəfindən ilk dəfə apellyasiya şikayəti verilmişdir. Həmin apellyasiya şikayəti Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. İddiaçının nümayəndəsi-vəkili Nümayəndə qərardadda qeyd edilən nöqsanı aradan qaldıraraq yenidən şikayət vermişdir. Qeyd olunan hallar nəzərə alındıqda müəyyən edilir ki, iddiaçının nümayəndəsinin hərəkətlərində hüquqdan sui-istifadənin əlamətləri yoxdur, prosessual müddət üzrlü səbəbdən ötürülmüşdür. MPM-nin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan əsasla buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilməsi barədə qərardad qəbul etməkdə və həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayəti təmin etməməkdə haqlı olmamışdur. Şikayətin dəlilləri əsaslıdır. Odur ki, Məhkəmə, MPM-in 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli, “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş ərizə təmin edilməlidir. Eyni zamanda MPM-in 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 01 dekabr 2022-ci il tarixli qərardad ləğv edilsin. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş ərizə təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(117)-1412/2022 nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-104/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-104/2022
22.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver