Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-104/2024 24.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada 035R********** saylı kredit razılaşması üzrə 25036.22 manat məbləğində kredit borcu, 2176.60 manat məbləğində faiz borcu və 1128.8 manat cərimə borcu olmaqla ümumilikdə 28341.62 manat məbləğində borcun və ödənilmiş 175.03 manat dövlət rüsumunun tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, e- 2-2(117)-747/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022ci il tarixli 035L**********40 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə 500 000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən olunur.
2. Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli 035R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 26 000 manat olan krediti illik faiz dərəcəsi 20 % olmaqla 21 ay müddətinə kredit alana vermişdir. - müqavilənin 2.7-ci bəndinə əsasən kredit alan kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ödəniş haqları cəfvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. - müqavilənin 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür.
3. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş planından görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək hər ay müxtəlif məbləğlərdə ödəniş etməyi öz öhdəsinə götürmüşdür.
4. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 035R********** nömrəli razılaşma üzrə xx.xx.2024-cü il tarixə 25036.22 manat əsas, 2176.60 manat faiz, 226 gün gecikdirmə üçün hesablanmış 1128.8 manat cərimə borcu mövcuddur.
5. İş materiallarında olan köçürmə sənədlərindən görünür ki, Cavabdeh1 **********035292 nömrəli hesabına 26 000 manat köçürülmüşdür.
6. İş materiallarında olan Uzunmüddətli kredit və təminat müqaviləsindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh1 və zamin qismində Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixindən xx.xx.2032-ci il tarixinədək uzunmüddətli kredit müqaviləsi formasında borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. - Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Eyni zamanda müqavilənin 11.4cü bəndinə əsasən zamin kredit alanın bütün öhdəliklərini icra etməyi öz üzərinə götürmüşdür.
7. Cavabdeh kredit məbləğindən cəmi 963.78 manat ödəniş etmiş və onun ödənilməmiş 25036.22 manat borcu qalmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada 035R********** saylı kredit razılaşması üzrə 25036.22 manat məbləğində kredit borcu, 2176.60 manat məbləğində faiz borcu və 1128.8 manat cərimə borcu olmaqla ümumilikdə 28341.62 manat məbləğində borcun və ödənilmiş 175.03 manat dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlər Cavabdeh1 verdiyi izahatında bildirmişdir ki, krediti təsərrüfat üçün götürmüş, daha sonra işlə bağlı problemlər yaranmışdır. Əsas borcu qəbul edir, lakin hazırda borcu ödəməyə imkanı yoxdur. 9 ay müddətində vaxt verilərsə, borcu ödəyə bilər.
10. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 11 iyul 2024-cü il tarixli, e-2-2(117)-747/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 035R********** nömrəli kredit razılaşması üzrə 25036.22 manat kredit borcu, 2176.60 manat faiz borcu, 100 manat məbləğində cərimə borcu və 175.03 manat dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2, 470.1, 470.2, 472.1, 739.1 və 739.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır
12. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikаyəti vermişdir.
13. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzunmüddətli kredit müqaviləsi, kredit razılaşması, sazişlər və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ... o, (Cavabdeh1) krediti sırf əkinçilik üçün almış, lakin kredit müqaviləsində kreditin təsərrüfat məqsədləri ilə götürüldüyü qeyd edilmişdir. Bütün sənədlər banka kreditin əkinçilik məqsədi ilə alındığı baradə verilmişdir. Yəni, o, krediti əkinçilik üçün götürmüşdür. Banka bu ilki əkinçilik ilində yağışların yağması və təbii fəlakətlərlə əlaqədar məhsuldarlığın çox aşağı olduğu barədə məlumat vermişdir. Bunu məhkəmədə verdiyi izahatında da göstərmişdir. Verdiyi izahatda kreditin əkinçilik üçün götürüldüyü daha sonra işlə bağlı problemlər yarandığına görə, krediti vaxtında ödəyə bilmədiyini bilməmişdir. Həm Bankdan, həm də məhkəmədən ona kreditin ödənilməsi üçün daha 9 ay vaxt ayrılmasını xahiş etmişdir. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığıı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditor adərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Digər tərəfdən o, kreditin 4907 manatını ödəsə də, nə məhkəməyə verilmiş iddia ərizəsində nə də məhkəmə qərarında heç nə göstərilməmişdir. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, e-2- 2(117)-747/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
16. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı QSC-nin nümayəndəsi ərizə ilə müraciət edərək hazırkı kommersiya mübahisəsinə dair işə nümayəndənin iştirakı olmadan baxılmasını, eyni zamanda cavabdeh tərəfindən verimiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
20. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
21. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
27. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
28. Maddə 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.
29. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
30. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
31. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
32. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
38. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, e-2-2(117)-747/2024 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
43. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
44. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 035L**********40 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə 500 000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli 035R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 26 000 manat olan krediti illik faiz dərəcəsi 20 % olmaqla 21 ay müddətinə kredit alana vermişdir. Uzunmüddətli kredit müqaviləsinin 2.7-ci bəndinə əsasən kredit alan kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ödəniş haqları cəfvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin kredit müqaviləsinin 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür.
45. Qeyd olunduğu kimi uzunmüddətli kredit və təminat müqaviləsindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh1 və zamin qismində Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixindən xx.xx.2032-ci il tarixinədək uzunmüddətli kredit müqaviləsi formasında borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır.
46. Eyni zamanda uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Eyni zamanda müqavilənin 11.4-cü bəndinə əsasən zamin kredit alanın bütün öhdəliklərini icra etməyi öz üzərinə götürmüşdür.
47. Göründüyü kimi iddiaçı cavabdehlərdən 035R********** nömrəli razılaşma üzrə 25036.22 manat əsas, 2176.60 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehlər iddia tələbi ilə bağlı hər hansısa bir etiraz məhkəməyə təqdim etməmişlər.
48. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı cavabdehlərdən 035R********** nömrəli razılaşma üzrə 25036.22 manat əsas, 2176.60 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehlər iddia tələbi ilə bağlı hər hansısa bir etiraz məhkəməyə təqdim etməmişlər. Bu səbəbdən qeyd olunan əsas və faiz borcu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
50. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.
51. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
52. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.
53. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.
54. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
55. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, e-2-2(117)-747/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, e-2-2(117)- 747/2024 saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov