Məhkəmə qərarları › İş №2-2(107)-105/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-105/2024

10.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-105/2024 10.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - X12 və X8 ibarət tərkibdə; İddiaçı X11 cavabdehlər X9, X5 qarşı qarşı “cavabdehlərdən müştərək qaydada 348000 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 638 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair” kоmmersiyа mübаhisəsi üzrə Şəki Kоmmersiyа Məhkəməsinin 19 avqust 2024-cü il tаrixli, e-2-2(117)- 1180/2024 saylı “iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması” barədə qərаrdаdındаn iddiaçı X13 tərəfindən şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı X13 cavabdehlər X9, X5 qarşı qarşı ərizə ilə məhkəməyə müraciət edərək “cavabdehlərdən müştərək qaydada 348000 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 638 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 19 avqust 2024-cü il tаrixli, e-2-2(117)-1180/2024 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiаçı X7 Kоmmersiyа Məhkəməsinin 19 avqust 2024-cü il tаrixli, e-2-2(117)- 1180/2024 saylı qərardadından şikаyət verərmişdir. Şikayət onunla əsaslandırmışdır ki, ...o, cavabdehlərə pretenziya göndərmiş və X10 pretenziyanı almışdır. Bununla bağlı ona xəbərnamə də göndərilmişdir. Həmin xəbərnaməni işə əlavə etmişdir. Digər cavabdeh X9 isə pretenziyanı almaqdan imtina etmişdir. Onu da qeyd etmişdir ki, cavabdehlər ər-arvaddır və birlikdə yaşayırlar. Bu da onu deməyə əsas verir ki, cavabdehlərin hər ikisinin bu işdən məlumatı var. Bundan əlavə o, şifahi qayda da bir neçə dəfə məlumat versə də, ona heç bir münasibət bildirilməmişdir. Yuxarıda qeyd edilənləri və qanunvericiliyin tələblərini əsas gətirərək Şəki Kommersiya Məhkəməsinin icraatında olan 19 avqust 2024-cü il tаrixli, e-2-2(117)-1180/2024 saylı qərardadının ləğv edilməsi və işin yenidən icraata götürülərək baxılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 22 avqust 2024-cü il tаrixli, e-2-2(117)-1180/2024 saylı qərardadı ilə şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, iddiаçı tərəfindən verilmiş şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 19 avqust 2024-cü il tаrixli, e-2-2(117)-1180/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki , Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.1.6cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Müəyyən edilmişdir ki, iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər, o cümlədən, məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd xx.xx.2021-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsinin tələblərinə uyğun cavabdeh X5 təqdim edilməmişdir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən cavabdeh X3 VÖEN-i mövcuddur. Belə olduqda iddiaçı tərəfindən iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər, o cümlədən, məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd sonuncuya Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinin tələblərinə uyğun çatdırılmalıdır ki, hazırki vəziyyətdə iş materiallarında bunu təsdiq edəcək sübutlar mövcud deyildir. Bundan başqa iddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin digər cavabdeh X6 çatdırılmasını (cavabdehin elektron kabinetində yerləşdirilməsini, cavabdehin elektron kabineti olmadıqda poçt vasitəsilə çatdırılmasını) təmin etməli olduğu halda bunu etməmişdir. Dövlət Vergi Xidmətinin X1 Sistemindən əldə edilən məlumatdan görünür ki, iş üzrə digər cavabdeh olan X4 VÖEN-i (X2 Nömrəsi) və elektron kabineti mövcud deyil. Buna baxmayaraq iddiaçı digər cavabdeh H.Aslanovanın da ona qarşı qaldırılmış iddiadan məlumatlı olması üçün qeyd edilən cavabdehə VÖEN-i olmaması səbəbindən iddia ərizəsi və pretenziya sənədini kağız daşıyıcda çatdırılmalı olduğu halda bunu etməmişdir. Kommersiya mübahisələri üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə çatdırılmalı olması barədə qanunvericiliyin tələbləri formal xarakter daşımır. Çatdırılma və ya təqdim olunma dedikdə, həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür. Belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması, müdafiəsini təşkil etməsinə imkan yaradılması və iddiaçının tələbinin hüquqi əsasını təşkil edən sənədlərlə məhkəmə iclasınadək tanış olmasıdır. İddiaçı tərəf iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin N.İbrahimova münasibətdə çatdırılması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi prinsiplərindən biri də çəkişmə prinsipidir ki, çəkişmə prinsipi təmin olunmadan ədalət mühakiməsinin həyata keçirilməsi yolverilməzdir. Nə qədər ki, iddiaçı tərəfindən cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, habelə iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsini təsdiq edən müraciətin cavabdehə çatdırılması təmin edilməyib cavabdehin məhkəmə araşdırmasının gedişindən məlumatı olmayacaq və iddia ərizəsinin tərkib hissəsi hesab edilən cavabdehlərin ünvanı barədə rəsmi sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədən hazırki işə baxıla bilməz. Qeydiyyat ünvanı üzrə yaşamayan və faktiki yaşadığı ünvan məlum olmayan hər hansı borcluya qarşı iddia tələbinin irəli sürülməsinin mümkünlüyünə dair məhkəmə qeyd edir ki, qanunverici iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə cavabdehə çatdırlmasını təmin etmək vəzifəsini məhz iddiaçının üzərinə qoymuşdur və belə təqdimetməni təmin etmək iddiaçının vəzifəsidir ki, qanunvericiliyin bu tələbləri formal xarakter daşımır. Qeyd olunduğu kimi çatdırılma və ya təqdim olunma dedikdə həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür ki, belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması, müdafiəsini təşkil etməsinə imkan yaradılması və çəkişmə prinsipinin təmin edilməsindən ibarətdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyini qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası onu da vurğulayır ki, iddiаçı X13 özü də həm şikayətində və həm də məhkəmə kollegiyasına ünvanladığı müraciətində cavabdehlərə yalnız pretenziya məktubunu təqdim etdiyini bildirir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehlərə təqdim edib-etmədiyindən bəhs etmir. Halbuki, qanunun tələbinə görə tərəfə cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsi ilə kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin işdə iştirak edən digər şəxslərə çatdırılması iddianın verilməsi prosessinin ayrı-ayrı mərhələləridir. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Şəki Kommersiya Məhkəməsinin 19 avqust 2024-cü il tаrixli, e-2-2(117)-1180/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiаçı X13 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 19 avqust 2024-cü il tаrixli, e-2-2(117)- 1180/2024 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar