Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-11/2021 28.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(117)-431/2020 nömrəli qərardadından iş üzrə Cavabdeh2 tərəfindən verilmiş şikаyətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı QSC X4 Təşkilatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “6876,76 manat əsas borc, 403,06 manat faiz borcu olmaqla, cəmi 7279,82 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-22(117)-431/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 6876,76 manat əsas borc, 403,06 manat faiz borcu olmaqla, cəmi 7279,82 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı QSC X4 Təşkilatına ödənilməsi qət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-22(117)-431/2020 nömrəli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxx 2020-ci il tarixli e- 2-2(117)-431/2020 nömrəli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(117)-431/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(117)-431/2020 nömrəli qərardadından Cavabdeh2 şikayət verərək qərardadın ləğv edilməsi və şikayətin apellyasiya instansiyasına göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsi apellyasiya şikayətini geri qaytarmaqda “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıldığını qeyd etsə də, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(117)- 431/2020 nömrəli qərardadını ona poçt vasitəsi ilə göndərmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarlarından, qətnamələrindən şikayət kağız daşıyıcıda da verilə bilər. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(117)-431/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC X4 Təşkilatının nümayəndəsi X1 şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(117)-431/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının MPM-in 376.2-ci mаddəsinə əsаsən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(117)-431/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(117)-431/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermiş, şikayət kağız daşıyıcıda poçt vasitəsilə xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(117)-431/2020 nömrəli qətnaməsinin nəticə hissəsində apelyasiya şikayətinin elektron kabinet vasitəsilə verilməli olmasının qeyd olunmasına baxmayaraq cavabdeh hazırkı şikayəti kağız daşıyıcıda poçt vasitəsilə məhkəməyə təqdim etmiş və şikayət gücləndirilmiş elektron imzadan və ya sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməklə imzalanmamışdır. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, cavabdehin verdiyi apellyasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən iqtisadi mübahisələr üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.4-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə həyata keçirilə bilər. İşdən görünür ki, iddia ərizəsi birinci instansiya məhkəməsinin icraatına qəbul edildikdən sonra xx.xx.2020-ci il tarixli hüquq və vəzifələrin izahı haqqında bildiriş cavabdehə göndərilmiş və həmin bildirişlə ona kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə və yalnız elektron qaydada aparılması və məhkəməyə kağız daşıyıcıda, əl imzası ilə təqdim edilmiş sənədlərin (ərizə, şikayətlər və s.) məhkəmənin icraatına qəbul edilməyərək geri qaytarılacağı barədə xəbərdarlıq edilmişdir. Habelə, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(117)-431/2020 nömrəli qətnaməsinin nəticə hissəsində apelyasiya şikayətinin elektron kabinet vasitəsilə verilməli olması qeyd olunmuşdur. Bundan başqa, işin halından görünür ki, hazırkı vəziyyətdə cavabdeh tərəfindən “Elektron Məhkəmə” informasiya sistemində elektron kabinet yaradılmadığından cavabdehin məhkəmə mübahisəsindən məlimatlı olması, çəkişmə prinsipinin təmin edilməsi üçün elektron qaydada imzalanmış məhkəmə sənədləri ona poçt vasitəsilə çatdırılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən də cavabdehə həm məhkəmə bildirişi, həm də qətnamə vasitəsilə məhkəmə icraatının yalnız elektron qaydada aparılması barədə xəbərdarlıq edilmişdir. Kollegiya hesab edir ki, cavabdehə məhkəmə sənədlərinin kağız daşıyıcıda təqdim olunması cavabdehin məhkəmə sənədlərindən şikayət və sair buna bənzər yazışmalarını kağız daşıyıcıda aparılmalı olmasına dəlalət etmir və cavabdeh bu hərəkətlərinə görə məsuliyyəti özü daşıyır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən göndərilən həm hüquq və vəzifələrinin izahı haqqında bildirişdə, həm də məhkəmə aktlarından şikayətin verilməsinin izahı hissəsində şikayətin elektron kabinet vasitəsi ilə verilməli olmasına dair izahlar mövcuddur. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(117)- 431/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-11/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-11/2021
28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver