Məhkəmə qərarları › İş №2-2(107)-113/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-113/2025

23.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-113/2025 23.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı (açar sözlər: Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Sadiqov Zülfüqar Əhməd oğlu və X3 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, Cavabdeh - Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 04 mart 2025-ci il tarixli, e-2-2(117)- 62/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarından olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 10/3081 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, diametri 219 mm olan orta təzyiqli (200 mbar) yeraltı qaz xəttindən çəkilmiş diametri 57 mm olan dəmir boruyla xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət (150 gün) ərzində qoşulmuş 23 ədəd (hər birinin maksimal saatlıq qaz sərfiyyatı 1.4 m3 olan) dəmir sobada 115920 m3 və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət (80 gün) ərzində isə 40 ədəd (hər birinin maksimal saatlıq qaz sərfiyyatı 1.4 m3 olan) dəmir sobada 107520 m3 həcmində cəmi 223440 m3 təbii qaz istifadə olunmuşdur.

2. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 1(014)-2/2023 nömrəli, xx.xx.2023-cüil tarixli hökmündən müəyyən edilir ki, Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası CM-in 189-1.1 və 222-2.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşlar.

3. Ağdaş Rayon Məhkəməsinin 1(014)-2/2023 nömrəli, xx.xx.2023-cüil tarixli hökmdə göstərilmişdir ki, təqsirləndirilən şəxslər Cavabdeh1 və Cavabdeh2 verilmiş ittihamın əsasını təşkil edən İddiaçı ASC-yə dəymiş maddi ziyanın məbləğinə dair hissəyə məhkəmə hüquqi qiymət verərək qeyd etmişdir ki, sonuncu dəfə ekspertiza təyin edildikdən sonra tərəflərin iştirakı və ittihamın verildiyi şərtlər nəzərə alınmaqla qazın mümkün sərfiyyatı ilə bağlı keçirilmiş məhkəmə eksperimentində müəyyən edilmişdir ki, ümumilikdə itirilmiş təbii qazın həcmi 114912 m3 itirilmiş təbii qazın dəyəri 24088,32 manat təşkil edir. Məhkəmə bu eksperimentin nəticələrini əsaslı, ittihamı isə qalan hissədə əsassız hesab edir. Ona görə də təqsirləndirilən şəxslər tərəfindən təbii qaz şəbəkəsinə qanunsuz qoşulmaqla bu resursun talanmış məbləği 24088,32 manat kimi nəzərə alınmalıdır.

4. Sözügedən hökmdə sübut kimi qiymətləndirilən İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, sözügedən Ekspertiza rəyində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 23 ədəd dəmir sobada istifadə edilə biləcəyi 59616 m3 həcmindəki təbii qazın dəyəri Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” xx.xx.2016-cı il tarixli 18 №-lı qərarında nəzərdə tutulmuş tariflə hesablanmalı olduğundan itirilmiş qazın dəyəri 11923.20 manat (59616 m3 x 0,20 m = 11923,20 m), xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 40 ədəd dəmir sobada istifadə edilə biləcəyi 55296 m3 həcmindəki təbii qazın dəyəri Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” xx.xx.2021-ci il tarixli 13 №-li qərarında nəzərdə tutulmuş tariflə hesablanmalı olduğundan itirilmiş qazın dəyəri 12165,12 manat (55296 m3 x 0.22 m = 12165.12 m), ümumilikdə isə 114912 m3 həcmində (59616 m3 + 55296 m3 = 114912 m3) itirilmiş təbii qazın dəyəri 24088,32 manat (11923.20 m + 12165,12 m = 24088,32 m) təşkil edir.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddai ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyri-qanuni qazdan istifadəyə hesablanmış 36833.40 manat məbləğində əsas borcun, 200.50 manat ödənilmiş rüsum xərcləri, ümumilikdə 37033.90 manat borcun (pulun) məcburi qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı xeyrinə (hesabına) ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Zaqatala X7 İdarəsinin Ağdaş sahəsinin xidməti ərazisində qaz təsərrüfatında “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərinin cidd şəkildə pozulması faktı aşkar edilmişdir. Belə ki, Zaqatala RQİİ-nin Ağdaş xidməti sahəsində Ağdaş şəhəri, Məşəd küçəsində Cavabdeh1 və Cavabdeh2 məxsus istixanada təbii qazdan qeyri-qanuni istifadə edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfin nümayəndələri tərəfindən əraziyə baxış keçirilən zaman Ağdaş QPS-dən qidalanan diametri 219 mm olan orta təzyiqli daşıyıcı yeraltı qaz xəttindən qeyri-qanuni diametri 57 mm olan qaz xətti çəkilərək istixanada təbii qazdan istifadə edildiyi müəyyən edilmişdir. Ağdaş şəhəri, Məşəd küçəsində Cavabdeh1 və Cavabdeh2 məxsus istixana təbii qaz istehlakçısı kimi qeydiyyata alınmamış və onunla “Təbii qazın alqı-satqısı barədə” müqavilə mövcud olmamışdır. Bu yolla İstixana sahibi Cavabdeh1 və Cavabdeh2 tərəfindən təbii qazdan qeyri qanuni istifadə edilməsinə nail olmuşlar. Belə ki, həmin istixanaya baxış keçirilən zamanı qeyri-qanuni çəkilmiş d-57 mmlik qaz xətindən istixananın daxilinə yerləşdirilmiş 40 ədəd kustar üsulla hazırlanmış qeyristandart sobada təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. Aşkar edilmiş "Qazdan istifadə Qaydaları"nın tələblərinin cidd şəkildə pozulması faktı əsasında aparılmış ilkin hesabat üzrə itirilmiş qazın miqdarı 67200 kub metr həcmində müəyyən edilərək 14784.00 manat məbləğdə Birliyə maddi ziyanın dəydiyi müəyyən edilmişdir. Daha sonra Aşkar edilmiş faktla bağlı toplanmış materiallarla tədbirin görülməsi üçün Ağdaş rayon prokurorluğuna müraciət edilmişdir. Müraciət əsasında açılmış ********* saylı cinayət iş üzrə aparılan araşdırmada cavabdehlərin istixanda xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 23 ədəd dəmir sobada və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 40 ədəd dəmir sobada qeyri qanuni qazdan istifadə edildiyi müəyyənləşdirilmişdir. Araşdırmaya təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2022-ci il tarixli 10/3081 nömrəli ekspert rəyinə əsasən Diametri 219 mm olan orta təziqli (200 mbar) yeraltı qaz xəttindən çəkilmiş diametri 57 mm olan dəmir boruya xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddət (150 gün) ərzində qoşulmuş 23 ədəd (hər birinin maksimal saatlıq qaz sərfiyyatı 1.4 m³ olan) dəmir sobada 115920 m³ ve xx.xx.2021-ci il tarixdən 21.01.22-ci il tarixə qədər olan müddət (80 gün) ərzində isə 40 ədəd (hər birinin maksimal saatlıq qaz sərfiyyatı 1.4 m³ olan) dəmir sobada 107520 m³ həcmində cəmi 223440 m³ təbii qaz istifadə olunmuşdur. Həmin Ekspertiza rəyi əsasında sözügedən istixanada xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 23 ədəd dəmir sobada istifadə edilmiş 115920 m³ həcmindəki təbii qazın dəyəri Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" xx.xx.2016-cı il tarixli 18 nömrəli qərarında nəzərdə tutulmuş tariflə hesablanmalı olduğundan itirilmiş qazın dəyəri 23184 manat (115920 m³ x 0.20 m = 23184 m), xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 40 ədəd dəmir sobada istifadə edilmiş 107520 m³ həcmindəki təbii qazın dəyəri Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” xx.xx.2021-ci il tarixli 13 nömrəli qərarında nəzərdə tutulmuş tariflə hesablanmalı olduğundan itirilmiş qazın dəyəri 23654.40 manat (107520 m³ x 0.22 m = 23654.40 m), ümumilikdə isə dəymiş ziyanın həcmi 46838.40 manat (23184 m + 23654.40 m = 46848.40 m) müəyyən edilmişdir. Beləliklə, Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 189-1.1 və 222-2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi faktı öz təsdiqini tapdığından Ağdaş rayon prokurorluğu ********* saylı cinayət iş üzrə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ittiham aktını baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərmişdir. Ağdaş Rayon Məhkəməsinin icraatında olmuş 1(014)-2/2023 saylı cinayət işi üzrə Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 189-1.1 və 2222.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törədilməsi öz təsdiqini tapdığından barələrində Ağdaş Rayon Məhkməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-2/2023 saylı hökmü çıxarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(107)-38/2024 saylı qərarı ilə Zərərçəkmiş hüquqi şəxs İddiaçı İB tərəfindən və təqsirləndirilən şəxslər Cavabdeh1 və Cavabdeh2 verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Cinayət icaatı zamanı Cavabdeh1 və Cavabdeh2 tərəfindən maddi zərərin 10005 manat hissəsi əvvəlcədən ödənilmişdir (xx.xx.2022). Lakin bununla belə uzun müddət keçməsinə baxmayaraq Cavabdeh1 və Cavabdeh2 maddi zərərin 36833.40 manat hissəsini tələbkarın hesabına ödəməmişdir. Bundan əlavə cavabdehlər Cavabdeh1 və Cavabdeh2borcun könüllü ödənilməsi üçü onlayn kargüzarlıq vasitəsilə elektron pretenziya qaydasında məktub göndərilsə də, həmin pretenziyalar rəsmi qəbul edilsə də keçən dövr ərzində tam ödəniş edilməmişdir və ona görə də iddiaçı tərəf hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. İddiaçının nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsinəiddia həcminin azaldılması ilə bağlı ərizə ilə müraciət etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyri-qanuni qazdan istifadəyə görə hesablanmış 24088,32 manat məbləğində əsas borcun və ödənilmiş 200.50 manat ödənilmiş rüsumunun tutulmasını xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyri-qanuni qazdan istifadəyə görə hesablanmış 24088,32 manat məbləğində əsas borcun və ödənilmiş 200.50 manat ödənilmiş rüsumunun tutulmasını xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, Ağdaş zonasında noyabr, dekabr aylarında yox, fevral, mart aylarında xiyar əkilir. Qaz İdarəsinin işçiləri parnikə baxış keçirən zaman parniki ot basmışdı. Ot olan yerdə məhsuldarlıq olmur. Noyabr ayında xiyar parnikdə 17-18 sm idisə, fevral ayında 1.80 metrə yaxın olmalı idi. Qaz İdarəsinin işçiləri sobaları görüblər, amma həmin sobaların yanaraq qaz işlətdiyini necə sübut edə bilərlər. Parnikin hər tərəfi açıqdır. Qaz olmasa da parnikdə 25 dərəcə istilik olur. İddiaçının əvvəlki tələbi üzrə 36833.40 manat məbləğində əsas borcun çox olduğunu bildirmiş və iddia tələbi azaldıldıqdan sonra iddiaçıya 24088,32 manat məbləğində borcu olduğunu etiraf etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 Cavabdeh1 izahatına əlavəsinin olmadığını bildirmiş və iddia tələbi azaldıldıqdan sonra iddiaçıya 24088,32 manat məbləğində borcu olduğunu etiraf etmişdir.

11. Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) 04 mart 2025-ci il tarixli, e-2-2(117)-62/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 24088,32 manat məbləğində borc və ödənilmiş 162,26 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi, iş üzrə ödənimiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməsi qət edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər tərəfindən Ağdaş şəhəri, Məşəd küçəsində onlara məxsus istixanada təbii qazdan diametri 219 mm olan orta təzyiqli daşıyıcı yeraltı qaz xəttindən qeyri-qanuni diametri 57 mm olan qaz xətti çəkməklə qeyriqanuni istifadə edilmişdir. Ağdaş şəhəri, Məşəd küçəsində Cavabdeh1 və Cavabdeh2 məxsus istixana təbii qaz istehlakçısı kimi qeydiyyata alınmamış və onunla "Təbii qazın alqı-satqısı barədə" müqavilə mövcud olmamışdır. Nəticədə istixana sahibi Cavabdeh1 və Cavabdeh2 təbii qazdan qeyri qanuni istifadə edərək İddiaçı İB-yə maddi zərər vurmuşlar.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının hazırkı tələbinin hüquqi əsası kimi cavabdehlər tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunması faktı Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-2/2023 saylı hökmünə əsasən müəyyən edilir. Belə ki, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyd olunan ərazidə təbii qazdan qeyri-qanuni istifadə etmələri faktı istintaq orqanı tərəfindən sübuta yetirilmiş və bu hal qeyd olunan hökmdə öz əksini tapmışdır. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-2/2023 saylı hökmü isə qanuni qüvvəsini almışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehlərin təbii qazdan qeyri-qanuni istifadələri nəticəsində iddiaçıya dəymiş ziyanın həcminin müəyyən edilməsi zamanı İddiaçı İB-yə dəymiş ziyan Ağdaş Rayon Məhkəməsinin 1(014)-2/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündə 24088,32 manat məbləğində müəyyən edilmişdir. Bu hal iddiaçı tərəfindən mübahisələndirilmir və məhkəməyə ünvanlanan iddia həcminin azaldılması barədə ərizədə də cavabdehlərdən 24088,32 manat məbləğində pul tələb edilir. Həmçinin cavabdehlər sonuncu məhkəmə iclasında iddiaçıya 24088,32 manat məbləğində borcları olduğunu etiraf etmişlər.

15. Məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 24088,32 manat məbləğində borc pul tutularaq İddiaçı İB-nin xeyrinə ödənilməlidir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1, 21.1, 21.3, 385.1, 386.1, 1096.1, 1096.2, 1097.1-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 3.5, 3.5-1, 3.5-2, 6-4, 13.6, 13.8, 13.8-1, 13.9-ci, Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının 2.10, 2.11-2, 3.1.10, 4.2, 4.6, 4.7, 4.8, 4.9, 5.2, 5.5, 6.1, 6.1.4, 6.1.5-1, 6.5-1, 6.5-1.1, 6.5- 1.2, 6.5-1.3, 6.5-2, 6.5-3, 6.5-4-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Cavabdeh2 Şəki Kommersiya Məhkəməsinin 04 mart 2025-ci il tarixli, e-2-2(117)- 62/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı tərəfin tələb etdiyi 24088,32 manat təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış zərərin məbləğindən 10000 manatının ödənilməsi apellyasiya şikayətinə əlavə sübut kimi əlavə olunmuş məhkəmə qərarı, mədaxil qəbzi və Debit haqqında bildirşlə təsdiq olunur. Lakin işə baxan məhkəmə həmin halları nəzərə almamış və iddia tələbini tam təmin etməklə onun maddi vəziyyətini ağırlaşdırmışdır. İddiaçı tərəfin əməli 24088,32 manat borcdan 10000 manatının ödənilməsini, bunun məhkəmə qərarı ilə təsdiq edilməsini və bu barədə mədaxil qəbzi olduğunu bildiyi halda, əsassız olaraq 24088,32 manat borc tələbi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsinə və birbaşa mənə zərər vurmağa nail olduğuna görə hüquqa zidd əməldir. Cavabdeh tərəf 24088,32 manat borcdan 10000 manatının ödənilməsi barədə qəbzi işə baxılan zaman məhkəməyə təqdim etsə də, işə baxan məhkəmə həmin sübutu araşdırmamış və ondan istifadə etməmişdir. Qeyd edilən 24088,32 manat borcdan 10000 manatının biz cavabdehlər tərəfindən ödənilməsi apellyasiya şikayətinə əlavə etdiyi mədaxil qəbzi və ABB tərəfindən verilmiş debit haqqında bildirişlə sübut olunur. Məhkəmə qətnaməsindən görünür ki, 24088,32 manat borcdan 10000 manatının cavabdehlər tərəfindən ödənilməsini təsdiq edən sənəd məhkəməyə təqdim olunsa da, işə baxan məhkəmə tərəfindən həmin sübuta baxılmamış və hüquqi qiymət verilməmişdir. xx.xx.2022-ci il tarixli, BPM**********89 saylı mədaxil qəbzi və xx.xx.2025-ci il tarixli debit haqqında bildirişlə iddiaçıya yaranmış 24088,32 manat borcun 10000 manatının Cavabdeh1 qohumu X4 tərəfindən iddiaçının Beynəlxalq Bankda olan hesabına ödənilməsi sübut olunur. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(014)-80/2025 saylı qərarının 5ci səhifəsinin 8-ci abzası ilə təbbi qazdan qanunsuz istifadəyə görə iddiaçı tərəfə dəymiş zərərdən 10000 manatının ödənilməsi tam sübut olunur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 04 mart 2025-ci il tarixli, e-2-2(117)-62/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin qismən - 14088.32 manat borcun cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

20. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

21. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və digər Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı tərəf ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə kollegiyasının iclasında nümayəndənin iştirakı olmadan keçirilməsini, verilmiş apellyasiya şikayətininin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, iddiaçının nümayəndəsi və digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

24. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

25. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsini qətnaməsini qismən mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

26. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

27. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

28. Maddə 15.2. Fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur.

29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

30. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

32. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

33. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

“Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı:

34. Maddə 2.11-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

35. Maddə 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 42. Cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir.

40. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

41. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

44. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

V. Apellyasiya məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 04 mart 2025-ci il tarixli, e-2-2(117)- 62/2025 saylı qətnaməsi qismən ləğv edilməlidir.

48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

49. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

50. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə görə, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır.

51. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı Zaqatala RQİİ-nin Ağdaş xidməti sahəsində Ağdaş şəhəri, Məşəd küçəsində Cavabdeh1 və Cavabdeh2 məxsus istixanada təbii qazdan qeyri-qanuni istifadə edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfin nümayəndələri tərəfindən əraziyə baxış keçirilən zaman Ağdaş QPS-dən qidalanan diametri 219 mm olan orta təzyiqli daşıyıcı yeraltı qaz xəttindən qeyri-qanuni diametri 57 mm olan qaz xətti çəkilərək istixanada təbii qazdan istifadə edildiyi müəyyən edilmişdir. Ağdaş şəhəri, Məşəd küçəsində Cavabdeh1 və Cavabdeh2 məxsus istixana təbii qaz istehlakçısı kimi qeydiyyata alınmamış və onunla "Təbii qazın alqı-satqısı barədə" müqavilə mövcud olmamışdır. Aşkar edilmiş faktla bağlı toplanmış materiallarla tədbirin görülməsi üçün Ağdaş rayon prokurorluğuna müraciət edilmişdir. Müraciət əsasında açılmış ********* saylı cinayət iş üzrə aparılan araşdırmada cavabdehlərin istixanda xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 23 ədəd dəmir sobada və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 40 ədəd dəmir sobada qeyri qanuni qazdan istifadə edildiyi müəyyənləşdirilmişdir. Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası CM-in 189-1.1 və 222-2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi faktı öz təsdiqini tapdığından Ağdaş rayon prokurorluğu ********* saylı cinayət iş üzrə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ittiham aktını baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərmişdir. Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 189-1.1 və 2222.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törədilməsi öz təsdiqini tapdığından barələrində Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)- 2/2023 saylı hökmü çıxarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(107)-38/2024 saylı qərarı ilə zərərçəkmiş hüquqi şəxs İddiaçı İB tərəfindən və təqsirləndirilən şəxslər Cavabdeh1 və Cavabdeh2 verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Qanuni qüvvəsini almış Ağdaş Rayon Məhkəməsinin hökmünə əsasən Cavabdeh1 və Cavabdeh2 İddiaçı İB-yə 24088,32 manat məbləğində ziyan vurduqları müəyyən edilmişdir. İddiaçı İB hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir.

52. İddianı təmin edən birinci instansiya məhkəməsi qənaətini belə əsaslandırmışdır ki, ...cavabdehlərin təbii qazdan qeyri-qanuni istifadələri nəticəsində iddiaçıya dəymiş ziyanın həcminin müəyyən edilməsi zamanı məhkəmə qeyd edir ki, İddiaçı İB-yə dəymiş ziyan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-2/2023 saylı hökmündə 24088,32 manat məbləğində müəyyən edilmişdir. Bu hal iddiaçı tərəfindən mübahisələndirilmir və məhkəməyə ünvanlanan iddia həcminin azaldılması barədə ərizədə də cavabdehlərdən 24088,32 manat məbləğində pul tələb edilir. Həmçinin cavabdehlər sonuncu məhkəmə iclasında iddiaçıya 24088,32 manat məbləğində borcları olduğunu etiraf etmişlər. Məhkəmə belə qənaətə gəlir ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-2/2023 saylı tarixli hökmündə sübut kimi qiymətləndirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli, 10/3081 nömrəli ekspertiza rəyi əsasında cavabdehlərdən tələb olunan borc əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 24088,32 manat məbləğində borc pul tutularaq İddiaçı İB-nin xeyrinə ödənilməlidir.

53. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehlərin iddiaçıya ziyan vurmaları barədə qənaəti ilə razılaşsa da, qeyd edir ki, məhkəmə ödənilməli ziyan (borc) məbləğinin müəyyən edilməsində səhvə yol vermişdir.

54. Belə ki, iş materialında olan xx.xx.2022-ci il tarixli, BPM**********89 saylı mədaxil qəbzi, eyni zamanda xx.xx.2025-ci il tarixli debit haqqında bildirişdən görünür ki, təbii qazdan qanunsuz istifadəyə görə iddiaçı tərəfə dəymiş zərərdən 10000 manat ödəniş edilmişdir.

55. Kollegiyanın sorğusuna iddiaçının nümayəndəsi tərəfindən verilmiş məktubda (ərizədə) göstərilmişdir ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən tutulmalı olan borc məbləğinin 24088,32 manat müəyyən edərkən Ağdaş Rayon Məhkəməsnin xx.xx.2023-cü il tarixli, 1(014)-2/2023 saylı hökmünün maddi zərərlə bağlı mövqeyini və Cavabdeh1 və Cavabdeh2 həmin həcmdə olan borcla bağlı etirafını nəzərə almaqla düzgün qənaətə gəlmişdir. Bundan əlavə iş materlallarından göründüyü Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-62/2025 saylı qətnaməsindən yalnız yalnız Cavabdeh2 şikayət vermiş, Cavabdeh1 isə birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmədiyindən apellyasiya şikayəti verməmişdir. Ağdaş Rayon Məhkəməsinin icraatında cinayət işinə baxılarkən X1 adından 10005 manat Cavabdeh1 münasibətdə ödənilmişdir və ödəniş bildirişindən də göründüyü kimi hazırkı şikayət verən Cavabdeh2 adından hər hansı zərərin ödənilməsindən söhbət belə getmir. Ona görə də nə qədər ki, Cavabdeh2 adından maddi zərərlə bağlı hər hansı ödəniş həyata keçirilməyib ona görə də Cavabdeh2 münasibətdə Şəki Kommersiya Məhkəməsinin qətnaməsi və orada yer alan borc məbləği mübahisələndirilə bilməz. Bundan əlavə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 fəaliyyət göstərdiyi qeyri yaşayış sahəsi (istixana) istehlakçı kimi abonent bazasında qeydiyyata alınmamış və hər hansı alqı-satqı müqaviləsi bağlanılmamışdır. Ona görə də Cavabdeh1 və Cavabdeh2 adına ünvan 1 ünvanında istixana üzrə 2020-2025-ci illərə dair təbii qazın sərfiyyatına dair abonent saldoları mövcud deyildir.

56. Verilmiş iddia ərizəsində də cinayət icaatı zamanı Cavabdeh1 və Cavabdeh2 tərəfindən maddi zərərin 10005 manat hissəsinin əvvəlcədən ödənildiyi göstərilmişdir.

57. Göründüyü kimi, iddiaçının nümayəndəsi cavabdehlərin adına 2020-2025-ci illərə dair abonent saldosunun olmamasını və cavabdehlər tərəfindən vurulmuş ziyandan 10005 manatının ödənildiyini etiraf edir. Ancaq həmin məbləğin apellyasiya şikayəti verən Cavabdeh2 deyil, apellyasiya şikayəti verməyən Cavabdeh1 adından ödənildiyini göstərir.

58. İlk növbədə kollegiya vurğulayır ki, iddiaçının nümayəndəsi hansı səbəbdənsə 10005 manatın Cavabdeh2 anası X4 tərəfindən ödənildiyini “unudur”.

59. İkincisi, qanuni qüvvəsini almış hökmdən və birinci instansiya məhkəməsinin qətnaməsindən də göründüyü kimi 24088,32 manat məbləğində ziyanı cavabdehlər bir yerdə vurmuşlar və hər ikisindən tələb olunur. Belə olan halda 10000 manat məbləğ cavabdehlərdən hansının adından ödənilməsindən asılı olmayaraq ümumi ziyandan (borcdan) çıxılmalıdır.

60. Eyni zamanda işdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzi və həmin tarixli debut haqqında bildirişdən görünür ki, İddiaçı İB-nin ABB-nin Ağdaş filialındakı hesabına Cavabdeh1 Nizami oğlunun adından 10000 manat qaz pulu borc məbləği ödənilmiş, yerdə qalan 5 manat isə xidmət haqqı kimi ödənilmişdir.

61. Cavabdehlərin birinci instansiya məhkəməsində 24088,32 manat ziyan vurulmasının etirafına gəldikdə isə onlar ödəməli məbləği deyil, vurulmuş ziyanı etiraf etmişlər.

62. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası iddianın tam təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı tam təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

63. Beləliklə də, mülki işin apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin qismən ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.

64. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

65. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

66. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 04 mart 2025-ci il tarixli, e-2-2(117)-62/2025 saylı qətnaməsi qismən – “təbii qazdan qeyriqanuni istifadəyə görə yaranmış 10000 manat məbləğində borcun tutularaq İddiaçınə ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 04 mart 2025-ci il tarixli, e-2-2(117)-62/2025 saylı qətnaməsi qismən – “təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 10000 manat məbləğində borcun tutularaq İddiaçınə ödənilməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməsin. Cavabdehlərin iddiaçıya ödəməli olduğu borcun məbləği 14088,32 manat müəyyən edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 132,26 manatı cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 132,26 manat məbləğində pul alınıb İddiaçınə verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar