Məhkəmə qərarları › İş №2-2(107)-116/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-116/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-116/2021 03.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin 03.09.2021-ci il tarixli, e-2-2(117)-584/2021 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “5004,64 manat əsas borc və AR Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 1281 manat borcun, cəmi 6285,64 AZN məbləğində kredit borcunun, ipoteka predmetlərinə tutmaların qeydiyyata alınması üçün istifadə olunan 30 manat və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və satışından əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin 03.09.2021-ci il tarixli, e-2-2(117)-584/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 5004,64 əsas borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 23,89 manat məbləğində hissəsi tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, borc məbləği Cavabdeh məxsus İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 32000 manat məbləğində müəyyən edilməsi və həmin əmlak açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsait Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissələrdə rədd edilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 6,11 manat məbləğində hissəsi iddiaçıya aid edilməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 manat pulun 75 manatı İddiaçı ASC-dən və 75 manatı Cavabdeh tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də bank hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti vermişdir. İşin halları 28.06.2013-cü il tarixli 0405/13/SKMF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh istifadə müddəti 36 ay olan 15000 manat kredit verilmiş, borcalan Cavabdeh kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 28.06.2013-cü il tarixli 0405/13/SKMF nömrəli ipoteka müqaviləsində göstərilmiş İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən fərdi yaşayış evi qəbul olunmuşdur. Cavabdeh öhdəliyi yerinə yetirmədiyindən, iddiaçı yuxarıda göstərilən tələblə bağlı məhkəmədə iddia qaldırmışdır İş üzrə Şəki Kommersiya Məhkəməsinin 03.09.2021-ci il tarixli, e-2-2(117)-584/2021 nömrəli qətnaməsi çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı olaraq ipoteka predmetinin ilkin likvid hərrac qiymətinin 32.000 manat olması razı deyil. Bildirmək istəyir ki, ipoteka müqaviləsi bağlanarkən həmin ipoteka predmeti bank tərəfindən 25.500 manat dəyərində qiymətləndirilmişdir və bu qiymətlə ipoteka qoyan və kredit alan razılaşmışdır. Göründüyü kimi tərəflərin razılaşdığı ipoteka predmetinin qiyməti ilə müstəqil qiymətləndirici - "xxxx" MMC tərəfindən qoyulan likvid qiymətlə çox böyük fərq var. Cavabdeh məxsus İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən fərdi yaşayış evi müstəqil qiymətləndiricinin tərəfindən qiymətləndirilərək evin ilkin likvid hərrac qiyməti - 32.000 manat çox yüksək olmuşdur. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)- 584/2021 saylı, 03.09.2021-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin likvid hərrac qiyməti hissəsində ləğv olunmasına dair qətnamə qəbul edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin ipoteka predmetinin likvid dəyəri hissəsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq bu qənaətə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyаsiyа şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 03.09.2021-ci il tarixli, e-2-2(117)-584/2021 nömrəli qətnaməsi mübahisələndirilən- hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 32000 manat müəyyən edilmişdir. İddiaçı ipoteka müqaviləsi bağlanarkən həmin ipoteka predmetinin bank tərəfindən 25.500 manat dəyərində qiymətləndirildiyini və bu qiymətlə ipoteka qoyan və kredit alanın razılaşdığını qeyd etsə də, tərəflər arasında bağlanmış 28 iyun 2013-cü il tarixli kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən ipoteka predmetinin 25.500 manat dəyərində qiymətləndirilməsi onun likvid dəyəri deyildir. Bundan başqa “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən fərdi yaşayış evinin likvid dəyərinin 32000 manat müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyаsiyа şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 03.09.2021-ci il tarixli, e-2-2(117)-584/2021 nömrəli qətnaməsi mübahisələndirilən- hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 03.09.2021-ci il tarixli, e-2-2(117)-584/2021 nömrəli qətnaməsi mübahisələndirilən- hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar