Məhkəmə qərarları › İş №2-2(107)-12/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-12/2020

20.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-12/2020 20.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli e-2-2(84)-318/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiyaşikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X5 Təşkilatı (bundan sonra iddiaçı və ya İddiaçı QSC BOKT) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “8005,04 manat əsas borc, 662,96 manat faiz borcu olmaqla, cəmi 8668 (səkkiz min altı yüz altmış səkkiz) manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxx 2019-cu il tarixli e-2-2(84)-318/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh Cavabdeh 8005,04 manat əsas borc, 200 manat faiz borcu olmaqla cəmi 8205,04 (səkkiz min iki yüz beş manat 04 qəpik) manat borc məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-na ödənilməsi qət edilmişdir. İşin halları xx.xx.2018-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X5 Təşkilatının Şəki filialı ilə Cavabdeh arasında 499TM/18 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı 14600 (on dörd min altı yüz) manat pulu illik 10 faizlə Cavabdeh verməyi, sonuncu isə xx.xx.2018-ci il tarixədək olan müddətə kredit borcu üzrə əsas və faiz borclarını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə borcalana ümumilikdə 14600 manat pul vəsaitini vermiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 8005,04 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit öhdəliyini yerinə yetirmədiyindən onun əsas və faiz borcu yaranmışdır. Birinci instansiya məhkəməsinin iclasında zahat verən iddiaçının nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh izahatında bildirmişdir ki, iddiaçıdan 14600 manat məbləğində kredit almışdır. Müqavilə şərtlərinə əsasən “xxxx MMC”xxxx“xxxx MMC” tütünü qəbul etmədiyinə görə tütün xarab olmuşdur. Bu səbəbdən borcunu ödəyə bilməmişdir. İş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli e-2-2(84)- 318/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli e-2-2(84)-318/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən işin faktiki halları nəzərə alınmamışdır. Çünki, həmin kredit müqaviləsinin bağlanmasında məqsəd tütün əkmək fəaliyyəti ilə məşğul olmaq olmuşdur. Onlar aldıqları kredit məbləği ilə tütün əkərək istehsal etdikləri tütünü “xxxx MMC”-nə satmalı və əldə edilən puldan İddiaçıxxxx“xxxx MMC” onların istehsal etdikləri tütünü onlardan vaxtında almamış, bununla bağlı müvafiq tədbirlər görməmişdir. Nəticədə əkdikləri və satış üçün yararlı olan tütün məhsulları xarab olmuşdur. Aralarında bağlanmış kredit müqaviləsinin şərtləri borc alan tərəfindən deyil, müqavilədə 3-cü və 4-cü tərəf kimi iştirak edən «xxxx» MMC və onun «Tədarükçü» təşkilatı olan X6 və Emalı məntəqəsi tərəfindən birtərəfli qaydada pozulmuşdur. Borc alan kimi onlar müqaviləyə uyğun olaraq üzərlərinə düşən bütün öhdəlikləri vaxtında və yüksək səviyyədə yerinə yetirmişlər. Şitilliklər üçün istixanaların hazırlanmasından başlayaraq tütün əkini sahələrində bütün lazımi aqrotexniki tədbirlər, 3 dəfə şum çıxarılması, ağır mala sürülməsi, cərgələrə bölünməsi, şum altına hər hektara 300 kq hesabı ilə mineral gübrə səpilməsi, sağlamseçmə şitillərin sahələrə köçürülməsi, 3 dəfə şitillərin alaqdan təmizlənərək diblərinin yumşaldılması, doldurulması, 12-15 dəfə sahələrin səhər-axşamlar suvarılması və sair vaxtı çatmış tədbirlər əkin sahələrində yüksək səviyyədə, peşəkarlıqla yerinə yetirilmişdir. Nəticədə sahələrdə ən yüksək məhsuldarlığa nail olunmaqla bol məhsul yetişdirilmişdir. Ayrı-ayrı sahələrdə yetişdirilən tütünün boyu 3,5-4,5 metr hündürlüyündə olmuşdur. Bütün bu işlərin görülməsinə mövsümü olaraq gündəlik avtomaşın və işçilər cəlb edilmiş, tərəflərindən xeyli miqdarda vəsait xərclənmişdir. Qeyd olunan kreditin və digər mənbələrdən cəlb olunmuş vəsaitlərin hesabına tütün sahələrində ən yüksək məhsuldarlığa nail olunaraq bol məhsul yetişdirilsə də, lakin «xxxx» MMC və onun bütün «Tədarükçü» təşkilatları, o cümlədən X6 və Emalı məntəqəsi sahibkarlar tərəfindən sahələrdə yetişdirilən yaşıl tütünü qəbul etmək, emal etmək gücündə olmamışdır. «xxxx» MMC 2300 ha sahədə tütün əkilməsinə, yetişdirilməsinə hər hektar sahədən ən azı 120 sentner yaşıl tütün yarpağı tədarük olunmasına dair bölgə sahibkarları ilə müqavilələr bağlasa da, lakin onun yerlərdə olan, o cümlədən X6 və Emalı Məntəqəsində quraşdırılan qurutma kameralarının, yaşıl tütünü sahələrdən daşıyacaq avtomaşınların sayı, ümumilikdə mövcüd maddi texnika baza tələbatdan bir neçə dəfə aşağı səviyyədə olmuşdur. Faktdır ki, tütün yığımının ən optimal dövrü sayılan avqust, sentyabr aylarında çoxsaylı şikayətlərdən sonra avqust və sentyabr aylarında çox az sayda kiçik yük götürmə qabiliyyəti olan “Qazel” markalı avtomaşın ayrılmışdır. Həmin avtomaşınlarla da az miqdarda yaşıl tütün qəbul olunmuşdur. Qalan vaxtlarda çoxsaylı tələblərinə, şikayətlərinə baxmayaraq avtomaşın ayrılmamışdır. Əlacsız qalaraq kənar avtomaşınlarla apardıqları yaşıl tütünü isə götürməkdən qətiyyətlə imtina etmişlər. Nəticədə sahələrdə yetişdirilmiş xeyli çəkidə (tonlarla) yaşıl tütünün bir hissəsi dərildikdən sonra sahələrdə qalaraq-çürüyərək müəyyən hissəsi emal məntəqəsindən geri qaytarılaraq tullanmış, əksər hissəsi də ayaq üstə dərilmədiyinə görə quruyaraq batmış, tələf olmuşdur. Yaranmış vəziyyətlə bağlı aidiyyəti üzrə dəfələrlə şikayətlər etsələr də, çoxsaylı məlumatlar versələr də, lakin sahələrdə yetişdirlən bol məhsulun qəbul olunmasına, daşınmasına köməklik edilməmiş, “hər şeydən məlumatımız var deməklə" kifayətlənmişlər. Bu gün kredit borcunun qaytarılmasına, ödənilməməsinə dair iddia qaldırmaqlarına baxmayaq yaranmış vəziyyətlə bağlı dəfələrlə onları məlumatlandırsalar da, lakin hər şeydən xəbərdar olduqlarını bildirməklə işlərini bitirmişlər, heç bir tədbir görmək gücündə olmamışlar. Yetişdirilmiş yaşıl tütünün 100 % dövlətə məxsus olması, kənar şəxslərə satılmasının qəti qadağan olması barədə «xxxx» MMC-in xx xxxx 2018-ci il tarixli TT-153 saylı xəbərdarlıq məktubundan çəkinərək tütünün bir hissəsinin qurudularaq, yaxud yaşıl kütlə halında digər şəxslərə satılmasına yol verilməmişdir. Bütün bu və ya digər faktlar onlarla işləyən işçilərin və bölgənin ayrı-ayrı bu sahə ilə məşğul olan sahibkarlarının gözü qarşısında, onların şahidliyi ilə baş vermişdir. Onlar çox yaxşı bilirlər ki, 2018-ci ildə «xxxx» və onun bölgədə olan tütün istehsalı və emalı məntəqələri bölgə sahibkarlarının yetişdirdikləri yaşıl tütünü tədarük, istehsal, emal etmək gücündə olmamış, onların qeyri peşəkarlığı, səhlənkarlığı ucbatından min tonlarla yaşıl tütün sahələrdə batmış, bu səbəbli bölgənin ayrı-ayrı sahibkarları, o cümlədən onlar külli miqdarda ziyanla mövsümü başa vurmuş, təkcə onların ailəsi nəinki xeyir qazanmış, əksinə ziyana düşmüşlər. Sahibkar kimi xeyir qazanmaq əvəzinə ailəsi ilə birlikdə borc içərisində qalmışlar. “xxxx” QSC BOKT-nın borcun tutulması haqqında iddiası tam əsassız, qeyriqanunidir. Müqavilə şərtlərinin pozulmasına görə yaranmış həmin borc, kredit alandan deyil, müavilədə 3-cü və 4-cü tərəflər kimi iştirak edən «xxxx» MMC və onun «tədarükçü» təşkilatı olan X6 və Emalı məntəqəsindən alınaraq“kredit verənə” ödənilməlidir. Müqavilə şərtlərini borc alan yox, istehsal olunan yaşıl kütləni götürməyə, qəbul etməyə imkanı olmayan, 100 tonlarla yaşıl tütunü zay edən, tələf edən X6 və Emalı məntəqəsi pozmuşdur. Onlar 7 ay gecə-gündüz, fasiləsiz, gərgin işləmələrinin müqabilində ailələrinə xeyli miqdarda ziyan vurmuşlar, onları ac, borc içərisində qoymuşlar. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında izahat verən İddiaçı QSC BOKT-nın nümayəndəsi X1 izahatında apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli e-2-2(84)-318/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli e-2-2(84)-318/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi haqqında yeni qərar çıxarılmasını xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikasının MPM-in 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan icraat materialları iddiaçı tərəfindən elektron qaydada məhkəməyə təqdim olunmuşdur. Aşağıda sadalanan həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Kredit müqaviləsi, Fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə, Hesabdan çıxarış, Xəbərdarlıq bildirişləri və digər sənədlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı borclu qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirsə də, borclu öhdəliyini lazmınca yerinə yetirmədiyindən onun 8005,04 manat əsas borcu qalmışdır. Bundan başqa məhkəmə 662,96 manat faiz borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən müəyyən oluduğu kimi kreditin qaytarılma müddəti xx.xx.2018-ci il tarixlə məhdudlaşdırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi cavabdeh xx.xx.2018-ci il tarixə kredit üzrə əsas borcunu ödəyə bilməmiş və iddiaçı əsas borca münasibətdə faiz borcunu hesablamağa davam etmişdir. Cavabdeh üzərinə düşən öhdəliyi icra etməyərək kredit ödənişlərini gecikdirməsinə və ödəməməsinə baxmayaraq iddiaçı xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək vaxtında məhkəməyə müraciət etməmiş və faiz borcunun artmasına şüurlu surətdə şərait yaratmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinin ikinci cümləsinə əsasən, kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Bu səbəbdən də məhkəmə hesab edir ki, əsas borca görə cavabdehdən alınmalı olan faiz borcuna görə sonuncunun məsuliyyət ölçüsü 200 manat müəyyən edilməli, iddia qalan hissə də isə rədd edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. İşin həqiqi hallarından görünür ki, Cavabdeh fərdi sahibkardır. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş Fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamədə onun xx.xx.2017-ci ildə ********** qeydiyyat (VÖEN) nömrəsi ilə qeydiyyata alındığı göstərilir. xx.xx.2018-ci il tarixdə İddiaçı QSC BOKT-nın Şəki filialı ilə Cavabdeh arasında 499TM/18 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı 14600 manat pulu illik 10 faizlə Cavabdeh verməyi, sonuncu isə xx.xx.2018-ci il tarixədək olan müddətə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə borcalana ümumilikdə 14600 manat məbləğində kredit vermiş, borcalan isə aldığı kreditin qaytarılması ilə bağlı öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 8005,04 manat ödənilməmiş borcu qalmışdır..İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsində deyilir ki, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739.2-ci maddəsində nəzərdə tutulur ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İstinad edilən maddi hüquq normalarını və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 499TM/18 nömrəli kredit müqaviləsinə şərtlərinə görə iddiaçı 14600 (on dörd min altı yüz) manat pulu illik 10 faizlə olmaqla Cavabdeh verməyi, Cavabdeh isə xx.xx.2018-ci il tarixədək borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2018-ci il tarixli 499TM/18 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyini tam olaraq yerinə yetirməmişdir. Göründüyü kimi, Cavabdeh müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliyini lazımınca icra etməmiş, bu səbəbdən də iddiaçı məhkəmədə hazırda baxılan iddianı qaldırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, bununla bağlı kifayət qədər araşdırma aparmış və həmin sübutlara MPM-in 88-ci maddəsinin (məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur) tələbləri baxımından hüquqi qiymət verərək iddia tələbini qismən təmin etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın 662,96 manat faiz borcunun ödənilməsi hissəsini qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən müəyyən oluduğu kimi kreditin qaytarılma müddəti xx.xx.2018-ci il tarixlə məhdudlaşdırılmışdır. İşdən isə gprünür ki, cavabdeh xx.xx.2018-ci il tarixə kredit üzrə əsas borcunu ödəyə bilməmiş və iddiaçı əsas borca münasibətdə faiz borcunu hesablamağa davam etmişdir. Cavabdeh üzərinə düşən öhdəliyi icra etməyərək kredit ödənişlərini gecikdirməsinə və ödəməməsinə baxmayaraq iddiaçı hazırkı iddianı xx.xx.2019-cu il tarixdə qaldıraraq vaxtında məhkəməyə müraciət etməmiş və faiz borcunun artmasına şüurlu surətdə şərait yaratmışdır ki, bu da qanunvericilik baxımından yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinin ikinci cümləsinə əsasən, kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdehdən alınmalı olan faiz borcunun məbləğini 200 manat müəyyən etməkdə düzgün nəticəyə gəlmişdir. Bundan başqa cavabdeh apellyasiya şikayətində tədarükçü kimi (onun istehsal etdiyi tütün məhsullarını qəbul etməli olan müəssisə) X6 və Emalı məntəqəsini göstərmişdir. Lakin xx.xx.2018-ci il tarixli 499TM/18 nömrəli kredit müqaviləsində tədarükçü müəssisə olaraq «xxxx» MMC-in tabeliyində fəaliyyət göstərən X4 və Emalı məntəqəsi göstərilmişdir. Göründüyü kimi, apellyasiya şikayəti səthi hazırlanmışdır. Bundan başqa apellyasiya şikayətində «xxxx» MMC-in və onun «tədarükçü» təşkilatı olan X6 və Emalı məntəqəsinin onların istehsal etdikləri tütünü onlardan vaxtında almaması, bununla bağlı müvafiq tədbirlər görməməsi, nəticədə əkdikləri və satış üçün yararlı olan tütün məhsullarının xarab olması və bununla da cavabdehlər maddi ziyana uğradıqlarından kredit borclarını vaxtında ödəyə bilmədikləri göstərilmişdir. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, göstərilənlər cavabdehlərin iddia etmək hüququnun yaranmasına əsas verə bilər və belə olan halda qeyd edilən hal ayrıca iddianın predmeti ola bilər. Lakin apellyasiya şikayətində göstərilən həmin hallar sübut olunsa belə, bu, cavabdehin xx.xx.2018-ci il tarixli 499TM/18 nömrəli kredit müqaviləsinə əsasən iddiaçının qarşısında yaranan öhdəliyinin icrasını istisna edən hal hesab edilə bilməz. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X3 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli e-2-2(84)-318/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 404-1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli e-2-2(84)-318/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar