Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-12/2024 29.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin(bundan sonra- iddiaçı) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə(bundan sonra- cavabdeh) qarşı “icarə haqqı üzrə borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 11 sentyabr 2023-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı(icarəyəverən) ilə cavabdeh(icarəçi) arasında 11 iyun 2021-ci il tarixində “özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 493 nömrəli müqavilə (bundan sonra - Müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən icarəyəverənin icarəyə verdiyi ünvan 1 ünvanındakı əmlak kompleksinin yerləşdiyi 16286,4 m2 torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında istifadəyə qəbul edilir (Müqavilənin 1.1-ci bəndi). Müqavilənin şərtlərinə görə, müqavilə müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023cü il tarixədək müəyyən edilmişdir (Müqavilənin 4.1-ci bəndi). Müqavilə üzrə illik icarə haqqı 3360 manat, aylıq icarə haqqı 280 manat məbləğində müəyyən edilir (Müqavilənin 3.1-ci bəndi). Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7007 manat icarə haqqının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən 7007 manat məbləğində borcu yaranmışdır. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-875/2023 nömrəli iş üzrə qəbul etdiyi 11 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Hüseynov) iddia təmin edilmiş, Cavabdeh ASC-dən 7007 manat pulun tutularaq iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixə olan şəxsi hesab vərəqəsindən müəyyən edilir ki, Ağsu şəhəri, X4 küçəsi, döngə 3, bina 4 ünvanında yerləşən əmlak kompleksinin sahəsi 16286,4 m2 olmaqla, ödənilən məbləğ 179,60 manat, ödənilməli olan məbləğ 7007,07 manat təşkil edir. Cavabdehin 7007 manat məbləğində borcunun olması iş materiallarına əlavə olunmuş sübutlarla öz təsdiqini tapır. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1, 700.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119cu maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Hazırkı qətnamə əsassız və ədalətsizdir. Belə ki, cavabdehin hazırki məhkəmə prosessindən xəbəri olmamışdır. Prosesin bildirişi cavabdehə təqdim edilməmiş və cavabdehlə əlaqə saxlanılmamışdır. İcarəyə verilmiş ərazi basqa şəxslər tərəfindən zəbt edilmişdir. Qarşı tərəf uzun illərdir həmin ərazini boşaltması ilə bağlı heç bir tədbir görməmişdir. Bu səbəbdən hazirki icarə müqaviləsinin 7.2-ci bəndinə əsasən cavabdehin istifadəsində olmayan torpaq sahəsinin icarə verilməsinə dair müqaviləyə xitam verilməlidir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, təmsil etdiyi cəmiyyətin direktorlar şurasının sədridir. 2017-ci ildə cəmiyyətin səhmlərini alaraq müəssisəni özəlləşdirsə də, bu günə qədər müəssisənin əmlakları və icarəyə verilən torpaq sahəsi ona təhvil verilməmişdir. Cəmiyyətə icarəyə verilən torpaq sahəsində uzun müddət məcburi köçkün ailələri yaşağından torpağın təhvil verilməsi mümkün olmamışdır. Bununla bağlı o, dəfələrlə iddiaçıya müraciət etsə də, müraciəti öz həllini tapmamışdır. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, cavabdehin nümayəndəsinin bildirdikləri doğru deyil. Belə ki, torpaq sahəsi cavabdehə təhvil verilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, işin müəyyən olunmuş hallarından məlum olur ki, iddiaçı və cavabdeh arasında icarə müqaviləsi bağlanmış, müqavilə əsasında tərəflər arasında icarə hüququ ilə bağlı münasibətlər yaranmışdır. Tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə görə, icarəyəverən icarəyə verilən torpaq sahəsini icarəçiyə təhvil vermək, icarəçi isə icarə haqqını vaxtında və tam həcmdə ödəmək vəzifəsi daşıyır. İddiaçı bildirir ki, o, həmin Müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh özünün müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş və buna görə də cavabdehin 7007 manat məbləğində icarə borcu yaranmışdır. Cavabdehin iddiaçının dəlillərinə qarşı etirazı ondan ibarətdir ki, iddiaçı Müqavilə şərtlərini pozmuş və torpaq sahəsi cavabdehə təhvil verilməmişdir. Bu səbəbdən iddiaçının icarə haqqını tələb etmək hüququ yaranmamışdır. Məhkəmə cavabdehin apellyasiya şikayətində ifadə olunmuş dəlilləri ilə razılaşır və bununla bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış Müqavilənin 2.1-ci bəndində icarəyə verilən torpaq sahəsinin icarəçiyə təhvil verilməsi icarəyəverənin vəzifəsi kimi göstərilmişdir. Müqavilənin 5.3-cü bəndində isə göstəilmişdir ki, icarə haqqı ardıcıl 2 ay ərzində ödənilmədikdə icarə müqaviləsinə xitam verilir. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə müddəti ərzində cavabdeh tərəfindən Müqavilə öhdəliklərinin lazımınca icra edilmədiyini, iki il müddətində icarə haqqının ödənilmədiyini, müqavilə öhdəliklərinin pozulduğunu bildirsə də, keçən müddət ərzində bununla bağlı qarşı tərəfi hər hansı formada xəbərdar etməmiş, məlumat verməmiş, pretenziya göndərməmişdir. Eyni zamanda iddiaçı müqavilə şərtlərinə əməl etməmiş, üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş, icarəyə verilən torpaq sahəsini cavabdehə təhvil verməmişdir. İddiaçı, onunla cavabdeh arasında bağlanmış Müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etdiyini bildirsə də, bu halı təsdiq edən sübutları Məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən Müqavilə üzrə yaranmış 7007 manat icarə borcunu tələb etməkdə haqlı olmamışdır. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddia tələbi əsassızdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə xarakteri daşımır, şikayətin dəlilləri əsaslıdır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 11 sentyabr 2023-cü il tarixli qətnamə ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “7007 manat məbləğində icarə borcunun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-12/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-12/2024
29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver