Məhkəmə qərarları › İş №2-2(107)-12/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-12/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-12/2025 01.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 01 avqust 2024-cü il tarixli e-2- 2(117)-17/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:

1. İşin halları

İddiaçı Açıq Səhmdar Cəmiyyəti 27 oktyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13 mart 2023-cü il tarixli RB/MFMK0119 saylı kredit müqaviləsi üzrə əsas kreditə görə 19247,15 manat, faiz borcuna görə 1790,58 manat və cərimə borcuna görə 419,46 manat olmaqla, cəmi 21457,19 manat məbləğində borcun və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 200 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh2 məxsus 2015-ci il buraxılışlı, ban 3FA6P0HD6FR251553 olan, göy metallik rəngli, **-TP-*** dövlət qeydiyyat nişanlı, “sedan” tipli “Ford Fusion” minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 13 mart 2023-cü il tarixli RB/MFMK-0119 saylı kredit müqaviləsi üzrə cəmi 21 457,19 manat məbləğində borcun və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 200 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi və ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 13 mart 2023-cü il tarixli RB/MFMK-0119 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh1 arasında bağlanmış 13 mart 2023-cü il tarixli, RB/MFMK0119 saylı kredit müqaviləsinə əsasən illik 20 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 20000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 13 mart 2023-cü il tarixdə İddiaçı ASC-nin “Mərkəz” filialı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin Cavabdeh2 13 mart 2023-cü il tarixli, RB/MFMK-0119 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 13 mart 2023-cü il tarixli, RB/MFMK-0119 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışlar. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 13 mart 2023-cü il tarixli, RB/MFMK-0119 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 19247,15 manat əsas borc, faiz borcuna görə 1790,58 manat və cərimə borcuna görə 419,46 manat olmaqla, cəmi 21457,19 manat təşkil edir. 13 mart 2023-cü il tarixli, RB/MFMK-0119 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh2 məxsus 2015-ci il buraxılışlı, ban 3FA6P0HD6FR251553 olan, göy metallik rəngli, **-TP-*** qeydiyyat nişanlı, “sedan” tipli “Ford Fusion” minik markalı nəqliyyat vasitəsinin İddiaçı ASC-nin qarşısında 13 mart 2023cü il tarixli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. Tərəflər arasında bağlanmış 13 mart 2023-cü il tarixli, RB/MFMK-0119 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda, həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borc alana aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərin vaxtından əvvəl ödəməsini tələb etməyə hüququ vardır”. Kredit dövriyyə vəsaitlərin artırılması məqsədilə götürüldüyü və borcalan Cavabdeh1 VÖEN ödəyicisi olduğu üçün qanunvericiliyin tələblərinə uyğun olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehlərlə mediasiya prosesinin keçirilməsi qaydalarına riayət olunmuş və mediasiya xərci kimi hesablanmış 200 manat pul vəsaiti İddiaçı ASC tərəfindən ödənilmişdir (iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279, 295, 385.1, 427, 442 və 445-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1.1, 36, 37.2 və 39.1-ci maddələri ilə əsaslandırılmışdır). İddiaçı tərəfindən iddia tələbinin əsaslılığının sübutu kimi aşağıda qeyd olunan sənədlər iddia ərizəsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuşdur: - xx.xx.2023-cü il tarixli RB/MFMK-0119 saylı Baş Kredit müqaviləsi üzrə kreditin verilməsinə dair borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 13 mart 2023-cü il tarixli Razılaşma: Həmin Razılaşmadan görünür ki, xx.xx.2023-cü il tarixdə borcverən Bank tərəfindən borcalan Cavabdeh1 dövriyyə vəsaitlərinin artırılması məqsədilə 24 ay müddətinə, illik faiz dərəcəsi 20 % olmaqla 20000 manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 2.13.1-ci bəndinə əsasən bu müqavilə üzrə kreditin müddəti ərzində kreditin ödəniş cədvəli üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 % həcmində dəbbə pulu hesablanır. - İş materiallarında olan 13 mart 2023-cü il tarixli Ödəniş Qrafiki (Ödəniş Cədvəli): X3 xx.xx.2023-cü il tarixli RB/MFMK-0119 nömrəli Kredit Müqaviləsinə əsasən verilən kreditin və ona hesablanmış faizlərin borcalan Cavabdeh1 tərəfindən müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (24 ay ərzində, hər ay 1017,96 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Qrafikini borcalan Cavabdeh1 imza etmişdir. X4 əsasən ödənişin son tarixi 13 mart 2025-ci il müəyyən olunmuşdur. - xx.xx.2023-cü il tarixli RB/MFMK-0119 saylı Baş Kredit müqaviləsi üzrə borcverən İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış 13 mart 2023-cü il tarixli Zaminlik Müqaviləsi: Həmin Müqavilədən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh2 – “Zamin” və Cavabdeh1 – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh2 zamin olaraq, borcalan Cavabdeh1 xx.xx.2023-cü il tarixli RB/MFMK-0119 saylı Baş Kredit müqaviləsi və onun əsasında bağlanan Razılaşmalar əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. - İpoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh2 arasında notarial qaydada bağlanaraq təsdiq edilmiş 13 mart 2023-cü il tarixli RB/MFMK- 0119 nömrəli İpoteka müqaviləsi və həmin İpoteka Müqaviləsi əsasında ipotekaya qoyulmuş “Ford Fusion” markalı **-TP-*** dövlət nömrə nişanlı minik avtomobilinin yüklülüyünü təsdiq edən sənədlər: Həmin sənədlərdən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “İpoteka saxlayan”, Cavabdeh2 – “İpoteka qoyan” və Cavabdeh1 – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən ipoteka qoyan Cavabdeh2 məxsus “Ford Fusion” markalı **-TP-*** dövlət nömrə nişanlı minik avtomobili borcalan Cavabdeh1 xx.xx.2023-cü il tarixli RB/MFMK-0119 saylı Baş Kredit müqaviləsi və onun əsasında bağlanan Razılaşmalar əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin təminatı olaraq xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək ipoteka ilə yüklü edilmişdir. - Hazırkı mübahisə üzrə tərtib edilmiş 13 oktyabr 2023-cü il tarixli maliyyə arayışı, borcun qaytarılması ilə əlaqədar tərtib edilmiş 27 sentyabr 2023-cü il tarixli pretenziya məktubları, bildirişlər, hesabdan çıxarışlar, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə sənədlər. - 13 oktyabr 2023-cü il tarixli maliyyə arayışı: Həmin Arayışda göstərilir ki, xx.xx.2023-cü il tarixli RB/MFMK-0119 nömrəli Müqavilə üzrə borcalan Cavabdeh1 12 oktyabr 2023-cü il tarixinə 19247,15 manat məbləğində əsas borcu, 1790,58 manat məbləğində faiz borcu və 419,46 manat məbləğində cərimə borcu vardır. - İddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, borcların ödənilməsi və borclar qaytarılmadığı halda borcun ipoteka predmetinə yönəldilməsi barədə cavabdehlərə müvafiq qaydada müraciət olunsa da, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. - İş üzrə məhkəmə araşdırması zamanı iddiaçı tərəf 12 mart 2024-cü ildə “iddia tələbinin həcminin artırılması” (iddia tələbi faiz və cərimə hissəsində artırılmışdır) barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 13 mart 2023cü il tarixli, RB/MFMK0119 nömrəli kredit müqaviləsi üzrə əsas kreditə görə 19247,15 manat, faiz borcuna görə 3394,08 manat, cərimə borcuna görə 1608,07 manat olmaqla, cəmi 24249,30 manat məbləğində pulun və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 200 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh2 məxsus Sedan tipli “Ford Fusion minik” markalı **-TP-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsində icraat

Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin 01 avqust 2024-cü il tarixli e-2-2(117)-17/2024 nömrəli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 19247,15 manat əsas borcun, 1738,06 manat faiz borcunun, 419,46 manat cərimə borcunun və 199,62 manat mediasiya xərcinin tutularaq idddiaçı İddiaçı ASC-yə ödənilməsi, borcun Cavabdeh2 məxsus ipoteka predmeti olan “Ford Fusion” markalı, **- TP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi, həmin avtomobilin likvid dəyərinin 24150 manat müəyyən edilməsi və açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin cavabdehlərin "xxxx" QSC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, ödənilməmiş 154,37 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 200 manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq "xxxx" MMC-nin bank hesabına ödənilməsi qət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 01 avqust 2024-cü il tarixli e-2-2(117)-17/2024 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borc verən Bank borcalan Cavabdeh1 qarşısında kredit razılaşmasından irəli gələn öhdəliyini yerinə yetirsə də, sonuncu öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 19247,15 manat ödənilməmiş əsas borcu qalmışdır. Kredit razılaşmasının 2.13.1-ci bəndinə əsasən bu müqavilə üzrə kreditin müddəti ərzində kreditin ödəniş cədvəli üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 % həcmində dəbbə pulu hesablanır ki, hazırkı iddia tələbi üzrə əsas borcun 5 %-i həddində cərimə borcunu hesabladıqda (962 manat) iddiaçının tələb etdiyi məbləğdən çox olur ki, göründüyü kimi iddiaçı 419,46 manat cərimə borcunu düzgün hesablamış və bu səbəbdən 419,46 manat borcunu cavabdehlərdən tələb etməkdə haqlıdır. Zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və zaminlik müqaviləsi qüvvədə olduğundan 19247,15 manat əsas borc və 419,46 manat cərimə borcu cavabdehlərdən müştərək qaydada tutularaq kredit təşkilatına ödənilməlidir. Məhkəmə tələbin 1790,58 manat faiz borcunun ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Çünki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 9/354 nömrəli ekspert rəyinə əsasən xx.xx.2023-cü il tarixə əsas borc 19553,18 manat, faiz borcu 1738,06 manat təşkil etmişdir. İddiaçı isə hazırkı vəziyyətdə 1790,58 manat faiz borcunun ödənilməsini iddia edir ki, ekspert rəyindən də göründüyü kimi xx.xx.2023-cü il tarixə faiz borcu 1738,06 manat təşkil etmişdir. İddiaçının tələb etdiyi məbləğ ekspert rəyində qeyd edilmiş faiz borcundan çox olduğundan, məhkəmə ekspert rəyi ilə müəyyən olunmuş faiz borcunu əsas götürüb hesab edir ki, 1738,06 manat faiz borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “Cavabdeh2 məxsus 2015-ci il buraxılışlı, ban 3FA6P0HD6FR251553 olan, göy metallik rəngli, ** TP *** qeydiyyat nişanlı, Sedan tipli Ford Fusion minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 13 mart 2023-cü il tarixli, RB/MFMK-0119 saylı kredit müqaviləsi üzrə cəmi 21457,19 manat və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 200 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci bəndinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 6.1-ci bəndinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə qeyd edir ki, ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 148421 nömrəli çıxarışdan görünür ki, **-TP-*** qeydiyyat nişanlı, “Ford Fusion minik” markalı nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətindədir və həmin nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi, Cavabdeh2 mülkiyyətində olan 2015-ci il buraxılışlı, ban 3FA6P0HD6FR251553 olan, göy metallik rəngli, ** TP *** qeydiyyat nişanlı, Sedan tipli “Ford Fusion minik” markalı nəqliyyat vasitəsi müvafiq qaydada reyesterdə qeydə alınmışdır ki, həmin nəqliyyat vasitəsi rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya olduğundan “İpoteka haqqında” Qanunun 1.0.1-ci bəndi üzrə ipoteka hesab olunduğundan hazırki vəziyyətdə ipoteka predmeti kimi yüklü edilə bilər. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin 2015-ci il buraxılışlı, ban 3FA6P0HD6FR251553 olan, göy metallik rəngli, ** TP *** qeydiyyat nişanlı, Sedan tipli “Ford Fusion minik” markalı nəqliyyat vasitəsinə yönəldilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış (likvid) qiyməti, əmlakın likvid dəyəri ilə götürülərək 24150 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılmalıdır. Belə ki, İpoteka haqqında Qanunun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Bundan başqa, iddia tələbinin “satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, İpoteka haqqında Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Göründüyü kimi, satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, ehtimalən belə olduğu təqdirdə icra qurumu tərəfindən məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Məhkəmə yalnız pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisəyə baxmalıdır. Digər məsələlər isə İcra haqqında və İpoteka haqqında Qanunların tələbi baxımından icra qaydasında həllini tapan məsələlərdir. Məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan, məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 385.1, 386.1, 442, 445.2, 448.1, 462.1, 462.3, 467, 470.1, 472.1 və 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.9, 6.1, 33, 39.3.3 və 47.5-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1, 78.1, 78.1-1, 78.2, 81, 115.0.1, 116.2, 117.1, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir. Eyni zamanda, qeyd olunan qətnamənin bəzi hissələrində iddiaçı Bankın adında yanlışlığa yol verildiyindən, birinci instansiya məhkəməsində iş üzrə Şəki Kommersiya Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli e-2-2(117)-17/2024 nömrəli qərardadı qəbul olunmuş və həmin qərardadda qərara alınmışdır ki, Şəki Kommersiya Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, e-2-2(117)-17/2024 nömrəli qətnaməsinin nəticə hissəsinin 5-ci abzasında və qətnamədən çıxarışın nəticə hissəsinin 5-ci abzasında "xxxx" QSC” sözləri İddiaçı ASC” sözləri ilə dəyişdirilsin və İddiaçı ASC kimi oxunsun. Bundan əlavə, birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı iş üzrə iddiaçı tərəf məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim etsə də, Şəki Kommersiya Məhkəməsinin 01 avqust 2024-cü il tarixli e-2-2(117)-17/2024 nömrəli qətnaməsində həmin ərizəyə qiymət verilmədiyindən iş üzrə çıxarılmış Şəki Kommersiya Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli e-2-2(117)-17/2024 nömrəli əlavə qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin həmin “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə iddia tələbinin artırılmış hissəsi təmin edilməmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz

3.1) İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri

Cavabdeh1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin 01 avqust 2024-cü il tarixli e-2-2(117)-17/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, “Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-17/2024 saylı qətnaməsinin qismən - əsas, faiz, cərimə borcunun və ipoteka predmetinin likvid qiymətinin müəyyən edildiyi hissələrdə ləğv edilməsi, əsas və faiz borcunun, eləcə də ipoteka predmetinin likvid qiymətinin düzgün müəyyənləşdirilməsi, cərimə borcu hissəsində isə iddia tələbinin rədd edilməsi, qətnamənin qalan hissəsinin isə dəyişdirilmədən saxlanılması” barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir (apellyasiya şikayətini elektron imza ilə nümayəndəsi (vəkil) – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil imzalamışdır). Cavabdeh1 tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 19247,15 manat əsas borc, 1738,06 manat faiz borcu, 419,46 manat cərimə borcu və 199,62 manat mediasiya xərcinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, borc məbləğinin Cavabdeh2Mayıl qızına məxsus “Ford Fusion” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin likvid dəyərinin 24150 manat müəyyən edilməsi və həmin nəqliyyat vasitəsinin açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsaitin cavabdehlərin İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissələrdə rədd edilməsi, ödənilməmiş 154,37 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmənin qəbul etdiyi qətnamə ilə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırılması hüququ) tələbləri pozulmuşdur. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Аvropa Konvensiyası məhkəmə qərarlarının əsaslandırılması hüququnun təmin edilməsini tələb edir. 6-cı maddə tələb edir ki, dövlətdaxili məhkəmələr çıxardıqları qərarları əsaslandırsınlar. Lakin hazırkı halda, birinci instansiya məhkəməsi borc məbləğinin və ipoteka predmetinin likvid qiymətinin müəyyən edildiyi hissələrdə gəldiyi nəticəni düzgün əsaslandırmamış, həmin hissələrdə əsassız olaraq iddia tələbini təmin etmişdir. Göründüyü kimi, bütün məhkəmələr üçün məcburi olan bu qərarın tələblərinə əsasən məhkəmə tərəflərin istinad etdiyi sübutların və dəlillərin hər birinə öz münasibətini bildirməli, bu və ya digər dəlilin qəbul və ya rədd edilməsini müvafiq qaydada əsaslandırmalıdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual qanunvericilik normalarının tələbləri pozulmuş, iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılmamış, əsas və faiz borc məbləği real borc məbləğinə uyğun hesablanmamış, əsassız olaraq cərimə borcu hesablanmış, eləcə də avtomobilin likvid dəyəri düzgün müəyyən edilməmişdir. İş materiallarından da məlum olduğu kimi cavabdeh tərəfin verdiyi vəsatət əsasında birinci instansiya məhkəməsi tərəfindən məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilərək, ekspert qarşısında Cavabdeh2 məxsus “Ford Fusion” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar və likvid dəyərinin nə qədər təşkil edilməsi sualı qoyulmuşdur. X5 Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilsə də, nəqliyyat vasitəsinin qiymətləndirilməsi üçün ekspertizaya təqdim olunmaması əsas götürülərək, müvafiq ekspert rəyi alınmadan iş üzrə icraat təzələnərək, məhkəmə hazırlıq iclası təyin edilmişdir. Cavabdeh tərəfindən müvafiq vəsatət verilərək, hazırkı mülki iş üzrə Cavabdeh2 nəqliyyat vasitəsinin qiymətləndirilməsi üçün ekspertizaya təqdim olunması barədə ona hər hansı bir məlumat verilmədiyini bildirməsi qeyd edilərək, ipoteka predmeti olan Cavabdeh2 məxsus “Ford Fusion” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin likvid dəyərinin müəyyən edilməsindən ötrü məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Lakin, əsassız olaraq vəsatət təmin edilməmişdir. Halbuki, məhkəmənin istinad etdiyi müvafiq mütəxəssis rəyi ilə müəyyən edilmiş ipoteka predmeti olan avtomobilin likvid dəyəri həmin avtomobilin real likvid dəyərini əks etdirmir. Həmçinin ipoteka predmeti olan avtomobilin qeydiyyat nişanının 99- TP-103 olmasına baxmayaraq, verilmiş mütəxəssis rəyindəki avtomobilin qeydiyyat nişanı **-TB-***-dür. Yəni, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi məhkəmə tərəfindən verilmiş mütəxəssis rəyində yanlışlıqların olmasına, eləcə də mütəxəssis rəyi ilə müəyyən edilmiş likvid dəyərinin real likvid dəyərini əks etdirməməsinə baxmayaraq, əsassız olaraq təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi alınmadan yekun qərər qəbul edilmişdir.

3.2) Apellyasiya şikayətinə qarşı etiraz

Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

4. İş üzrə apellyasiya icraatı:

4.1) Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə 01 may 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi, Cavabdeh2 və apellyasiya şikayətini vermiş Cavabdeh1 və yaxud, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Lakin, apellyasiya şikayəti vermiş Cavabdeh1 nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və müvafiq ekspert rəyinin alınmasından ötrü kommersiya işinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsini xahiş etmişdir. Eyni zamanda, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi də “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, apellyasiya icraatı zamanı iş üzrə cavabdehin vəsatətinə əsasən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və qiymətləndirmə işi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Lakin, cavabdeh əmlakın ekspert baxışı üçün təqdim edilməsinə dair ekspert vəsatətini icra etməkdən yayınmış və bu səbəbdən ekspert tərəfindən ekspertizanın keçirilməsindən imtina edilərək, qərardad icra olunmadan qaytarılmışdır. Halbuki, iş Şəki Kommersiya Məhkəməsinin icraatında olarkən də iş üzrə cavabdeh tərəfindən əmlakın Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən qiymətləndirilməsi vəsatəti verilsə də, əmlakı ekpert baxışı üçün təqdim etməkdən yayınmışdır. Bununla da, cavabdehin məqsədi işi əsassız vəsatətlərlə uzatmaqdır. Ona görə də, cavabdehin təkrar vəsatətini təmin etməyərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və əsassız olduğundan cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 01 avqust 2024-ci il tarixli e-2-2(117)-17/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

4.2). Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh1 tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-17/2024 saylı qətnaməsinin qismən - əsas, faiz, cərimə borcunun və ipoteka predmetinin likvid qiymətinin müəyyən edildiyi hissələrdə ləğv edilməsi, əsas və faiz borcunun, eləcə də ipoteka predmetinin likvid qiymətinin düzgün müəyyənləşdirilməsi, cərimə borcu hissəsində isə iddia tələbinin rədd edilməsi, qətnamənin qalan hissəsinin isə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... 296.1. Girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ... 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739. Borc müqaviləsi (hazırkı iş üzrə mübahisə predmeti olan kredit müqavilələri bağlandığı dövrdə qüvvədə olan redaksiyada): 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

"İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun normaları (maddələri): 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə və cavabdeh tərəfin iddia tələbi üzrə mövqeyinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, 13 mart 2023-cü il tarixli RB/MFMK-0119 saylı Baş Kredit Müqaviləsi üzrə kreditin verilməsinə dair iddiaçı (borcverən) İddiaçı ASC ilə cavabdeh (borcalan) Cavabdeh1 arasında imzalanmış 13 mart 2023-cü il tarixli Razılaşma əsasında xx.xx.2023-cü il tarixdə borcverən Bank tərəfindən borcalan Cavabdeh1 dövriyyə vəsaitlərinin artırılması məqsədilə 24 ay müddətinə, illik faiz dərəcəsi 20 % olmaqla 20000 manat məbləğində kredit verilmiş və həmin Müqavilədə kreditin Ödəniş Qrafiki üzrə müəyyən edilmiş ödənişlərin gecikməsi halında vaxtında ödənilməmiş məbləğin 1 % həcmində dəbbə pulu hesablanması nəzərdə tutulmuşdur. Eyni zamanda, həmin kreditin təminatı olaraq iş üzrə digər cavabdeh (zamin və ipoteka qoyan) Cavabdeh2 ilə zaminlik və ipoteka müqavilələri bağlanmış və onun mülkiyyətində olan “Ford Fusion” markalı **- TP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ipoteka ilə yüklü edilmişdir. Lakin, borcalan Cavabdeh1 kredit ödənişlərinin edilməsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən, iddiaçı Bank 27 oktyabr 2023-cü ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli RB/MFMK-0119 nömrəli Müqavilə üzrə 12 oktyabr 2023-cü il tarixinə hesablanmış 19247,15 manat məbləğində əsas borcun, 1790,58 manat məbləğində faiz borcunun və 419,46 manat məbləğində cərimə borcunun müştərək qaydada cavabdehlərdən tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 08 fevral 2024-cü il tarixli 9/354 nömrəli Ekspert Rəyində xx.xx.2023-cü il tarixli RB/MFMK-0119 nömrəli Müqavilə üzrə borcalan Cavabdeh1 27 oktyabr 2023-cü il tarixə əsas borcunun 19553,18 manat və faiz borcunun isə 1738,06 manat məbləğində olduğu müəyyən edilmişdir. Göründüyü kimi, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdeh (borcalan) Cavabdeh1 müvafiq olaraq xx.xx.2023-cü il tarixli RB/MFMK-0119 nömrəli kredit müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, iddiaçı (borcverən) İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Cədvəlində nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən İddiaçı ASC-dən alınmış krediti həmin müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmamaqla, müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan məhkəmə-mühasibatlıq ekspertizasının rəyini və iddiaçının iddia tələbini nəzərə alıb, 01 avqust 2024-cü il tarixli e-2-2(117)-17/2024 nömrəli qətnaməsində hazırkı iddia ərizəsi üzrə iddiaçının xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 19247,15 manat əsas borcu, 1738,06 manat faiz borcunu və 419,46 manat cərimə borcunu tutmuşdur. Cavabdeh1 hazırkı apellyasiya şikayətində qətnamənin “əsas, faiz, cərimə borcunun ... müəyyən edildiyi hissələrdə ləğv edilməsi və əsas və faiz borcunun ... düzgün müəyyənləşdirilməsi, cərimə borcu hissəsində isə iddia tələbinin rədd edilməsini” xahiş etsə də, yuxarıda qeyd olunanlar və işin konkret hallarına əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin şikayət olunan qətnaməsində cavabdehlərdən tutulan borcun miqdarı tamamilə düzgün müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, Cavabdeh1 13 mart 2023-cü ildə 24 ay müddətinə, illik faiz dərəcəsi 20 % olmaqla almış olduğu 20000 manat məbləğində kredit üzrə hər ay əsas və hesablanan faiz məbləğləri ilə birlikdə ödəməli olduğu cəmi 1017,96 manat məbləğində aylıq ödənişləri lazimi qaydada və miqdarda etmədiyindən, 12 oktyabr 2023-cü il tarixində onun 19247,15 manat məbləğində əsas borcu və 1738,06 manat məbləğində hesablanmış, lakin ödənilməmiş faiz borcu mövcud olmuşdur. Məlum qətnamə ilə tutulan “419,46 manat cərimə” isə tərəflər arasında bağlanmış müqavilənin müvafiq şərtlərinə uyğun hesablanmış cərimədir və məhkəmə araşdırması zamanı həmin cərimənin əsassızlığı müəyyən edilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı ipoteka predmeti olan və cavabdehlərdən tutulan borcun yönəldiyi “Ford Fusion” markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-17/2024 nömrəli qətnaməsində açıq hərracda ilkin satış qiyməti olaraq likvid dəyərinin 24150 manat məbləğində müəyyən edilməsinin əsassızlığı və yaxud, işin hallarına uyğun olmaması da müəyyən edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı müstəqil qiymətləndirici olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan “Ford Fusion” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin likvid dəyəri 24 noyabr 2023-cü il tarixə 24150 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəf isə bununla razılaşmayaraq, birinci instansiya məhkəməsində avtomobilin yenidən qiymətləndirilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsindən ötrü vəsatət vermişdir. Şəki Kommersiya Məhkəməsinin 13 mart 2024-cü il tarixli qərardadı ilə ipoteka predmeti olan Cavabdeh2 məxsus “Ford Fusion” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin təyin olunması üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Lakin, cavabdeh tərəf mülkiyyətində, qanuni sahibliyində və istifadəsində olan həmin avtomobili ekspertizaya təqdim etməmişdir. Buna görə də, ekspertiza tərəfindən həmin qərardadın icra olunması və rəyin verilməsi mümkün olmamışdır. Bu səbəbdən də, Şəki Kommersiya Məhkəməsinin mübahisələndirilən 01 avqust 2024-cü il tarixli e-2-2(117)-17/2024 nömrəli qətnaməsində həmin ipoteka predmetinin ilkin satış qiyməti "xxxx" MMC tərəfindən tərtib olunmuş mütəxəssis rəyi ilə müəyyən edilmişdir. Bununla belə, Cavabdeh1 hazırkı apellyasiya şikayətində bu xüsusatla əlaqədar “... birinci instansiya məhkəməsi borc məbləğinin və ipoteka predmetinin likvid qiymətinin müəyyən edildiyi hissələrdə gəldiyi nəticəni düzgün əsaslandırmamış, həmin hissələrdə əsassız olaraq iddia tələbini təmin etmişdir” qeyd olunmuş və apellyasiya şikayətində “qətnamənin ... ipoteka predmetinin likvid qiymətinin müəyyən edildiyi hissələrdə ləğv edilməsini, ... eləcə də ipoteka predmetinin likvid qiymətinin düzgün müəyyənləşdirilməsini” xahiş etmişdir. Odur ki, apellyasiya instansiyasında aparılan araşdırma zamanı da Şəki Apellyasiya Məhkəməsinin 05 dekabr 2024-cü il tаrixli qərаrdаdına əsasən 13 mart 2023-cü il tarixli RB/MFMK-0119 nömrəli İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş ipoteka qoyan Cavabdeh2 məxsus “Ford Fusion” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin real bazar qiymətinin və likvid qiymətinin müəyyən olunması üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır. Lakin, bu dəfə də rəy verilmədən ekspertiza tərəfindən kommersiya işi Şəki Apellyasiya Məhkəməsinə qaytarılmış və bununla bağlı ekspert tərəfindən tərtib edilmiş 14 mart 2025-ci il tarixli ekspertizanın keçirilməsindən imtina olunması barədə məlumatda qeyd olunmuşdur ki, “məhkəmə-əmtəəşünaslıq eksperti qarşısında qoyulmuş sualın həll edilməsi üçün məhkəməyə xx.xx.2025-ci il tarixli vəsatət göndərilmiş və qərardadda göstərilən avtomobilin ekspert baxışına təqdim edilməsi xahiş edilmiş və bununla bağlı xx.xx.2025-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubu daxil olmuşdur. Həmin məktubda göstərilmişdir ki, avtomobilə baxış 10 fevral 2025-ci il tarixə saat 12:00-a təyin edilmişdir. Lakin, avtomobil ekspert baxışına təqdim edilməmişdir”. Halbuki, iş materiallarından görünür ki, müvafiq məhkəmə bildirişləri vasitəsi ilə ekspert tərəfindən keçirilən həmin yerli baxışda iştirak etmələri və eyni zamanda, ekspert tərəfindən baxışın keçirilməsi üçün ipoteka predmeti olan “Ford Fusion” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin 10 fevral 2025-ci ildə, saat 1200-da ekspertə təqdim edilməsi cavabdehlərdən xahiş olunmuş və bununla bağlı Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin tələbləri onlara izah edilmiş və eləcə də, işin hallarına görə hazırkı ekspertiza cavabdeh tərəfin vəsatəti əsasında keçirildiyindən və ipoteka predmeti olan avtomobil cavabdeh tərəfdə olduğundan, həmin avtomobilin ekspertizaya təqdim olunmasının da cavabdeh tərəfin üzərinə düşməsi onların diqqətinə çatdırılmışdır. Lakin, buna baxmayaraq cavabdeh tərəf yenə də, ipoteka predmeti olan avtomobilin qiymətləndirilməsi üçün ekspertizaya təqdim olunmasını təmin etməmiş və bu səbəbdən də ekspertiza tərəfindən məlum qərardad əsasında müvafiq rəyin verilməsi mümkün olmamışdır. Bütün bu hallara baxmayaraq, apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə 01 may 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclası ilə əlaqədar apellyasiya şikayəti vermiş Cavabdeh1 nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək, müvafiq ekspert rəyinin alınmasından ötrü kommersiya işinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyasının 01 may 2025-ci il tarixli qərardadı ilə Cavabdeh1 nümayəndəsi Vəkil “müvafiq ekspert rəyinin alınmasından ötrü kommersiya işinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilməsi” barədə həmin vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunanlara və işin mübahisəsiz hallarına görə müəyyən olunur ki, apellyasiya şikayəti qətnamənin “... ipoteka predmetinin likvid qiymətinin müəyyən edildiyi hissələrdə ləğv edilməsi, ... eləcə də ipoteka predmetinin likvid qiymətinin düzgün müəyyənləşdirilməsi” hissələrində də tamamilə əsassızdır. Ona görə də, məhkəmə kollegiyası, apellyasiya şikayətinin bu tələbi (hissəsi) ilə əlaqədar da məhkəmə araşdırmaları zamanı müəyyən edilmiş işin mübahisəsiz halları, iş materialları və bu mübahisə üzrə tətbiq edilən müvafiq maddi və prosessual normalara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin 24150 manat məbləğində müəyyən edilməsi - işin hallarına uyğun olmaqla, həmin qiymət hazırkı dövr üçün məlum ipoteka predmetinin real likvid dəyərinə uyğun müəyyən edilmiş qiymətdir. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 hazırkı apellyasiya şikayətində mübahisələndirdiyi hissələrdə iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin 01 avqust 2024cü il tarixli e-2-2(117)-17/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 01 avqust 2024-cü il tarixli e-2-2(117)-17/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar