Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-126/2024 30.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “mal-material qalıqları üzrə 2796.88 manat, pul dövriyyəsi üzrə 4619.18 manat, işıq borcu üzrə 392 manat, qaz borcu üzrə 599 manat, Badamlı şirkətinə yaranmış borc üzrə 386.50 manat və əsas dövriyyə vəsaitləri üzrə 937.70 manat olmaqla cəmi 9731.26 manat məbləğində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: pul tələbi) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X7 iclas katibliyi ilə, İddiaçının nümayəndəsi X4 və X1, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, Şəki Kommersiya Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, e-2-2(117)-528/2024 nömrəli qətnaməsindən İddiaçı MMC-nin nümayəndəsi X4 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı MMC ilə Cavabdeh arasında müştəri bazasının artırılması məqsədilə ilə xx.xx.2022-ci il tarixli əməkdaşlıq sazişi (tərəfdaşlıq) müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən Cavabdeh Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 6 ünvanında yerləşən, hər tərəfi tam hazır və işlək vəziyyətdə olan bütün zəruri avadanlıqlarla təchiz edilmiş 710 m2 sahəyə malik 2 mərtəbəli restoranı işlətmək və gəlirin tərəflər arasında bölüşdürülməsi vəzifəsini öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən tərəflər bütün xərclər çıxıldıqdan sonra qalan gəliri aralarında müqaviləyə uyğun olaraq bölüşdürməli idi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı MMC Cavabdeh qarşı “mal-material qalıqları üzrə 2796.88 manat, pul dövriyyəsi üzrə 4619.18 manat, işıq borcu üzrə 392 manat, qaz borcu üzrə 599 manat, Badamlı şirkətinə yaranmış borc üzrə 386.50 manat və əsas dövriyyə vəsaitləri üzrə 937.70 manat olmaqla cəmi 9731.26 manat məbləğində vurulmuş ziyanın əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müştəri bazasının artırılması məqsədilə Cavabdeh ilə xx.xx.2022-ci il tarixli əməkdaşlıq sazişi (tərəfdaşlıq) müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 6 ünvanında yerləşən, hər tərəfi tam hazır və işlək vəziyyətdə olan bütün zəruri avadanlıqlarla təchiz edilmiş 710 m2 sahəyə malik 2 mərtəbəli restoranı işlətmək və gəlirin tərəflər arasında bölüşdürülməsi vəzifəsini öz üzərinə götürmüşdür. Müxtəlif tarixlərdə cavabdehlə əmək müqaviləsi və maddi mülkiyyət haqqında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən tərəflər bütün xərclər çıxıldıqdan sonra qalan gəliri aralarında müqaviləyə uyğun olaraq bölüşdürməli idi. Cavabdeh öhdəliklərini tam yerinə yetirməmiş və ödənilməmiş borcları yaranmışdır. Bu səbəbdən də iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir, sözügedən obyektdə bir neçə iaşə müəssisəsi fəaliyyət göstərirdi, cavabdeh obyektdəki restoranı işlədərək müəyyən gəlir əldə etmiş, lakin üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh tərəf izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir, üç ay ərzində həmin obyektdə işçi kimi işləmişdir, restoranla yanaşı həmin obyektdə başqa müəssisələr də olmuşdur, obyektin gəlir gətirmədiyini bildirsə də birgə işləmək barədə razılaşmışlar, borc barədə akta imza çəkməsinin səbəbini işdən çıxmaq ehtimalının olması ilə izah edir. Qeyd edilən məbləğə yəni 2659,88 manat məbləğində borc olan akta imza etməklə iddiaçıdan “yaxa qurtarmaq” məqsədi ilə imza atmışdır. Şəki Kommersiya Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-528/2024 nömrəli (hakim M.Hüseynov) qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 2659.88 manat borc tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Eyni zamanda xx.xx.2022-ci il tarixində iddiaçı və cavabdeh arasında əməkdaşlıq sazişi (tərəfdaşlıq) haqqında müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən İddiaçı MMC Tərəf-1, Cavabdeh isə Tərəf-2 adlandırılmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən tərəflər ortaq maraqlarnı həyata keçirmək və ümumi məqsədlərə nail olmaq üçün yuxarıda göstərilən sahədə birgə tədbirlər həyata keçirməyi öhdələrinə götürürlər. Müqavilənin 2-ci bəndinə əsasən müqavilənin məqsədi tərəflərin məhsulların satışının genişləndirilməsi, müştəri bazasının artırılması məqsədi ilə qarşılıqlı əməkdaşlıqdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən İddiaçı MMC-yə məxsus olan və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 6 ünvanında yerləşən hər tərəfi tam hazır və işlək vəziyyətdə olan, bütün zəruri avadanlıqlarla təchiz edilmiş 710 m2 sahəyə malik 2 mərtəbəli restoranı işlətmək və gəlirin tərəflər arasında müqavilənin şərtlərinə uyğun olaraq bölüşdürülməsi üçün tərəf-2-yə verilir. Müqavilənin 4-cü bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və iki il müddətinə bağlanır. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə birgə idarə edilən restoranın gəliri aşağıdakı paylardan ibarət olur: Tərəf-1 (iddiaçı) – 70%, Tərəf-2 (cavabdeh) – 30%. Əlavə olaraq, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində etiraz məhkəməyə təqdim olunmuşdur. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəf iddia ərizəsi məhkəməyə verərkən bir sıra pozuntulara yol vermişdir, eyni zamanda iddianın əsassız olduğunu bildirərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, iş materialları kimi məhkməyə təqdim olunmuş Azərişıq ASC və X2 tərəfindən tərtib edilmiş abonent saldolarından da görünür ki, həmin obyektin qaz və işıq borcları mövcuddur. Eyni zamanda məhkəməyə təqdim olunmuş məlumat cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək ümumi borcun məbləği 9431.26 manat təşkil etmişdir. Həmin məbləğin 2796.88 manatlıq hissəsi mal dövriyyəsi borcu, 4619.18 manatlıq hissəsi pul dövriyyəsi borcu, 937.70 manat əsas və dövriyyə vəsaitləri borcu, 392 manat ödənilməmiş elektrik enerjisi borcu, 599 manat təbii qazdan istifadə borcu və 386.5 manat Badamlı şirkətinə olan borcdur. Bundan başqa xx.xx.2023cü il tarixli borc haqqında məlumatdan da görünür ki, cavabdehin xx.xx.2023 – xx.xx.2023-cü il aralığı üçün mövcud borcu ümumilikdə 2659.88 manat təşkil etmişdir. Həmin sənəd iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən imzalanaraq təsdiq edilmişdir. İddia tələbinin “işıq borcu üzrə 392 manat, qaz borcu üzrə 599 manat borcun cavabdehdən tutulması” hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə təmin olunmamalıdır. Bundan başqa, xx.xx.2023-cü il tarixli borc haqqında məlumatdan da görünür ki, cavabdehin xx.xx.2023 – xx.xx.2023-cü il aralığı üçün mövcud borcu ümumilikdə 2659.88 manat təşkil etmişdir. Həmin sənəd iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən imzalanaraq təsdiq edilmişdir. Eyni zamanda qeyd olunmuş məbləğlə bağlı iddiaçı və cavabdeh tərəf heç bir əsaslı etiraz bildirməmişdir. Bundan əlavə, iddiaçı Badamlı şirkətinə olan 386,50 manat məbləğində, dövriyyə vəsaitləri üzrə 937,70 manat borc, həmçinin pul dövriyyəsinin 4619,18 manat olması ilə bağlı hər hansı bir sübut təqdim etməmiş, Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 64.1, 385.1, 386.1, 389.1, 390.1, 390.5, 442, 448-ci Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin – 14, 77, 88 və 119.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı MMC-nin nümayəndəsi X4 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya onunla əsaslandırılmışdır ki, hazırkı mübahisədə isə şəriklilik qeyd edilən hüquqi şəxslərə aid normalarda göstərilən qaydada müvafiq dövlət qeydiyyatlarına alınmasa da, məhkəmə hesab edir ki, hazırki müqavilə mülki qanunvericiliyin ümumi normaları ilə ziddiyyət təşkil etmədiyindən mübahisəyə kommersiya məhkəməsi tərəfindən baxılmasını istisna edən hal yoxdur. Bu isə düzgün nəticə deyil. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verməmişdir. Buna görə də iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Əvvəlcə məhkəmə onu qeyd edir ki, hazırkı iş üzrə tərəflərin subyektiv tərkibi kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər olduğundan və mübahisənin predmeti tərəflərin sahibkarlıq fəaliyyəti ilə bağlı yarandığından, hazırkı işə kommersiya məhkəmələri tərəfindən baxılmalıdır. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): Bu səbəbdən də məhkəmə iddia tələbinin "işıq borcu üzrə 392 manat, qaz borcu üzrə 599 manat borcun cavabdehdən tutulması” hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə təmin olunmamalıdır. Eyni zamanda qeyd olunmuş məbləğlə bağlı iddiaçı və cavabdeh tərəf heç bir əsaslı etiraz bildirməmişdir. Cavabdeh, iddiaçıdan "yaxa qurtarmaq üçün” həmin müqaviləyə imza atdığını bildirmişdir. Düzdür, ilkin olaraq xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus restoranda cavabdehə təhvil verilmiş bütün avadanlıq və məhsullara dair aktlar imzalanmış və cavabdeh tərəf də iştirak etmişdir. Lakin, tərəflər arasında yekun akt imzlanaraq cavabdehin ödəyəcəyi məbləğin 2659,88 manat olması müəyyən edilir. Əksik qalan mal-materiallar və məhsullarla bağlı imzalanmış cavabdeh həmin restoranı tərk etdikdən sonra imzalanmış akt bitərəf qaydada tərtib edilmiş, cavabdehin imzası və iştirakı olmadığından, eyni zamanda iddiaçı tərəf həmin aktların əsaslılığını təsdiq edə bilmədiyindən məhkəmə həmin aktları sübut olaraq qəbul etmir. Bundan əlavə, iddiaçı Badamlı şirkətinə olan 386,50 manat məbləğində, dövriyyə vəsaitləri üzrə 937,70 manat borc, həmçinin pul dövriyyəsinin manat olması ilə bağlı hər hansı bir sübut təqdim etməmiş, bu halları sübuta yetirə bilməmiş, yekun olaraq, tərəflər arasında imzalanmış cavabdehin borcunu təsdiq edən xx.xx.2023-cü il tarixli akt əsas sübut olaraq qəbul edilmiş və işin həqiqi hallarını əks etdirməsi kimi qiymətləndirilmişdir. Lakin məhkəmə şikayətlərinə ciddi əhəmiyyət vermədi və ərizəsində göstərdikləri hallar araşdırılmadan şikayətləri qismən rədd edildi. Bu, Mülki Məcəllənin tələblərinə ziddir. Qanun tələb edir ki, şikayətlərinə məhkəmə tərəfindən diqqətlə baxılsın. Şikayətlərində təqdim olunan sübutlar hərtərəfli araşdırılmalı, imtina edildiyi halda isə bu imtina zəruri ekspertiza vasitəsilə əsaslandırılmalı idi. Lakin məhkəmə tərəflərin təqdim etdiyi faktlara əsaslanıb. Qanunvericilik normalarını sadalayan məhkəmə öz vəzifəsini başa vurmuş hesab etmişdir. Qaldırdıqları bu suallar məhkəmə tərəfindən araşdırılmalı və hüquqi qiymət verilməli idi. Cavabdehin borcunun məbləği məhkəmə tərəfindən yalnız cavabdeh tərəfindən imzalanmış və cavabdehin fəaliyyət müddətinin 1/3-ni təşkil edən sənəd əsasında müəyyən edilmişdir. Amma məhkəmə cavabdehin fəaliyyətlə məşğul olduğunu hər üç ayı nəzərə almalı idi. Deməli, hesab edirik ki, bu qərara etiraz edilməli və iqtisadi baxımdan müəyyən araşdırma aparılmalıdır. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya onunla əsaslandırmışdır ki, əmək, vergi və mülki qanunvericiliyin tələblərini ciddi şəkildə pozan, gördüyümüz nəticəyə görə çoxsaylı insanlara qarşı bu cür əsassız şikayət və iddiaları ilə öz məqsədinə nail olan şəxsin əməlləri ciddi şəkildə araşdırılmalıdır. İddiasının əsasını sadəcə formal təhvil-təslim aktları təşkil edir ki, o da öz-özlüyündə əsassızdır. Belə ki, cavabdehə təhvil-təslim olunma tarixi xx.xx.2022-ci il, digər şəxslərə xx.xx.2023-cü il tarixdə görünən aktlar heç də mötəbər sübut sayıla bilməz. Hansı ki həmin tarixdə biz Bakı şəhərində saziş imzaladığımız halda Şəki şəhərində cavabdeh inventarı necə təhvil almışdır. Bundan əlavə cavabdehə təhvil verildiyi bildirilən heç nəyi xarab etməmiş, zədələməmiş, nə də ki, götürməmişdir. Əgər elə olsa idi cavabdehin oğurluq etməyi ilə bağlı hər halda şikayət edərdi. Çünki həmin şəxs hüququnun pozulmadığı halda belə pozulmuş kimi səhnəciklər yaradaraq hüquq mühafizə orqanlarına müraciət etməyin və uğurlu nəticə əldə etməyin yollarını çox yaxşı bilir. Cavabdehə qədər bəlkə də 3-4 nəfər şəxslə işləyib ki, hamısı ilə də problem yaşayıb. İndi cavabdehdən əsassız olaraq 10000 manat pulu istəməsi isə tamamilə qanunsuzdur. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında heç bir borc münasibətlərini nizamlayan müqavilə mövcud deyil. İddiaçı ilə zərər dəydiyi ehtimal edilən Şəki “Dastan” Restoranının hər hansı hüquqi bağlılığı barədə dəlil yoxdur. Cavabdehin vurduğu hansısa zərər heç bir hüquqi dəlilə əsaslanmır. İş materiallarına nəzər salsaq "xxxx" MMC-nin balansında olan Şəki “Dastan” Restoranı qeyd edilir ki, bu barədə də heç bir sənəd mövcud deyil. Bu halda Şəki “Dastan” Restoranın adından "xxxx" MMC-nin iddia qaldırmaq hüququnun olub-olmaması aydınlaşdırılmalı, iddiaçının subyektiv-hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Məhkəmə iddiaçının subyektiv hüquqlarının olub-olmamasını aydınlaşdırmalıdır. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçı hazırkı tələblə bağlı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Hətta iddiaçının subyektiv hüququnun mövcud olduğu halda belə bu zaman mötəbər sübutlarla öz tələbini dəqiq əsaslandırılmalıdır. İşçi ilə rəhbər arasında mövcud ola bilməyəcək tələblər iddianın əsasını təşkil edir. Cavabdehin işdən Əmək Məcəlləsinin 70- ci maddəsinin Ç bəndi tətbiq edilməklə işdən çıxarılmağından da hazırkı iddia ərizəsinə əlavə edilən sənədləri gördükdən sonra məlumatı olub. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndələri X4 və X1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək bildirdilər ki, restoran iddiaçı ya 2022-ci ilin dekabr ayında təhvil verilmiş və cavabdeh, restoranı 2023-cü ilin mart ayına qədər işlətmişdir. Təhvil-təslimlə bağlı cavabdehə dəfələrlə məlumat verilməsinə baxmayaraq o, təhvil-təslimdən yayınmışdır. Yalnız bir dəfə akta imza etmişdir. Əlavə olaraq bildirir ki, həmin obyektdə olan mühafizəçini o özü işə götürmüşdür. Obyektin qaz və işıq sayğacları ümumi olmuşdur. Odur ki, məhkəmə kollegiyasından iddiaçı tərəfin apellyasiya şikayətinin təmin, cavabdeh tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək bildirdilər ki, Tərlan ancaq 2659.88 manat borc qeyd edilmiş akta imza etmişdir. Həmin aktı da, o, hədə-qorxu və təsir altında imzalamışdır. Belə ki, iddiaçı onu polis və digər orqanlarla hədələmişdir. Lakin, bugünədək iddiaçının onu hədələməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Onun iddiaçıya heç bir borcu yoxdur. Əksinə o, özü restorana əlavə pul qoymuşdur. İş materiallarında olan digər aktlar tərtib edilən zaman isə ona heç bir məlumat verilməmişdir. Əlavə olaraq bildirdi ki, restoran yerlən obyektin həyətində dəmirçi sexi və iddiaçının evi vardır və bütün obyektlərin qaz və işıq sayğacları birdir. Odur ki, məhkəmə kollegiyasından cavabdeh tərəfin apellyasiya şikayətinin təmin, iddiaçı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 64.1. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. ...”
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır. İddiaçı tərəf apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsini iddianın rədd edilməsi hissəsində mübahisələndirmişdir. Cavabdeh tərəf isə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilməsi hissəsində mübahisələndirmişdir. Göründüyü kimi, iddiaçı tərəf iddia tələbinin tamamilə təmin edilməsini, cavabdeh tərəf isə iddia tələbinin tamamilə rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 59-cu maddəsinə görə, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Qeyd olunmalıdır ki, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmalarıdır (Mülki Məcəllənin 5.3-cü maddəsi). Eyni zamanda, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadisosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli Qərarı). Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə, öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Azərbaycan Respublikasının Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında yazılı müqavilə mövcud olmamışdır. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixində İddiaçı MMC ilə Cavabdeh arasında əməkdaşlıq sazişi (tərəfdaşlıq) haqqında müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən İddiaçı MMC Tərəf-1, Cavabdeh isə Tərəf-2 adlandırılmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, tərəflər ortaq maraqlarını həyata keçirmək və ümumi məqsədlərə nail olmaq üçün yuxarıda göstırilən sahədə birgə tədbirlər həyata keçirməyi öhdələrinə götürürlər. Həmin müqavilənin 2-ci bəndinə əsasən, müqavilənin məqsədi tərəflərin məhsulların satışının genişləndirilməsi, müştəri bazasının artırılması məqsədi ilə qarşılıqlı əməkdaşlıqdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, İddiaçı MMC-yə məxsus olan və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 6 ünvanında yerləşən hər tərəfi tam hazır və işlək vəziyyətdə olan, bütün zəruri avadanlıqlarla təchiz edilmiş 710 m2 sahəyə malik 2 mərtəbəli restoranı işlətmək və gəlirin tərəflər arasında müqavilənin şərtlərinə uyğun olaraq bölüşdürülməsi üçün tərəf-2-yə verilir. Həmin müqavilənin 4-cü bəndinə əsasən, müqavilə imzalandığı gündən qüvvəyə minir və iki il müddətinə bağlanır. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, tərəflərin razılığı ilə birgə idarə edilən restoranın gəliri aşağıdakı paylardan ibarət olur: Tərəf-1 (iddiaçı) – 70%, Tərəf-2 (cavabdeh) – 30%. Məhkəmə kollegiyası iddiaçı tərəfin apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman əlavə olaraq qeyd edir ki, iddia tələbi bir neçə hissədən ibarətdir. Belə ki, iddiaçı tərəf olaraq mal-material qalıqları üzrə, pul dövriyyəsi üzrə, işıq-qaz borcu üzrə, Badamlı şirkətinə yaranmış borc üzrə və əsas dövriyyə vəsaitləri üzrə cəmi 9731.26 manat məbləğində vurulmuş zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etmişdir. Şəki Kommersiya Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, e-2-2(117)-528/2024 nömrəli qətnaməsi, Cavabdeh 2659.88 manat pulun tutulması qərara alınmışdır. Məhkəmə kollegiyası işıq-qaz pulu üzrə borc tələbi ilə bağlı qeyd edir ki, iş materialları ilə obyektin qaz və işıq borcları olması müəyyən edilmişdir. Belə ki, "xxxx" ASC və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş abonent saldolarından da görünür ki, mübahisə predmeti olan obyektin qaza və işığa müəyyən məbləğlərdə borcları vardır. Bundan başqa, tərəflərin məhkəmədə verdikləri izahatlardan müəyyən edilmişdir ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 6 ünvanında yerləşən obyektin daxilində restoranla yanaşı başqa iaşə obyektləri (mühafizə və digər inzibati bina) də fəaliyyət göstərmişdir. Həmin obyektlərin qaz və işıq sayğacları eyni olmuşdur. Göründüyü kimi, təqdim olunmuş qaz və elektrik enerjisinin sərfi ilə bağlı abonent saldolarında göstərilən borc təkcə Cavabdeh məxsus olan borc deyildir. Eyni zamanda iddiaçı tərəfindən Cavabdeh qeyd olunmuş dövr ərzində nə qədər təbii qaz və elektrik enerjisi istifadə etməsi və həmin istifadəyə görə nə qədər borcunun olması barədə də iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Beləliklə, iş materialları ilə qeyd edilən borcların hansı hissəsinin cavabdehə, hansı hissəsinin isə iddiaçıya məxsus digər sahələrdə istifadə olunan kommunal xidmətlər nəticəsində yarandığını müəyyən etmək mümkün olmamışdır. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini işıq və qaz borclarına aid hissədə rədd etməklə haqlı olmuş, apellyasiya şikayətinin dəlilləri də həmin hissədə əsaslı olmamışdır. Məhkəmə kollegiyası badamlıya olan borc üzrə qeyd edir ki, iddiaçı Badamlı şirkətinə cavabdehin 386,50 manat məbləğində borcu olduğunu bildirmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, iddiaçı tərəf Cavabdeh badamlı suyuna görə borcu olduğunu qeyd etsə də bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmiş. Məhkəmə kollegiyası pul dövriyyəsi və dövriyyə vəsaitləri üzrə borc tələbi ilə bağlı qeyd edir ki, iddiaçı tərəf Cavabdeh dövriyyə vəsaitləri üzrə 937,70 manat və pul dövriyyəsi üzrə 4619,18 manat borcu olduğunu bildirmişdir. Bundan başqa, əksik qalan mal-materiallar və məhsullarla bağlı tərtib edilmiş aktlar cavabdeh həmin restoranı tərk etdikdən sonra bitərəfli qaydada imzalanmış və cavabdehin imzası və iştirakı təmin edilməmiş, eyni zamanda iddiaçı tərəf həmin aktların əsaslılığını təsdiq edə bilməmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd ki, tərəf (və/vəya hansısa dəlili irəli sürən) iş üzrə qarşı tərəfin tələbinin əsasları ilə bağlı verdiyi etirazın dəlillərini sübut etmə yükünü daşıyır. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhəkəm kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə işin hallarından müəyyən edilir ki, iddiaçı tərəf apellyasiya şikayətində qeyd etdiyi dəlilləri ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, yalnız iddiaçı tərəfin bildirdikləri əsasında iddia etdiyi halın baş verməsi ilə bağlı iddiaçı tərəfin qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyil. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman, kollegiya eyni zamanda iddiaçı tərəfin tələbinin həmin hissədə qismən təmin edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə də qiymət verərək əlavə olaraq qeyd edir ki, cavabdehin mövcud borcu ümumilikdə 2659.88 manat təşkil etmişdir. Həmin sənəd iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən imzalanaraq təsdiq edilmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə birgə idarə edilən restoranın gəliri aşağıdakı Tərəf-1 (iddiaçı) – 70%, Tərəf-2(cavabdeh) – 30% nisbətində müəyyən edilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, ilkin olaraq xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus restoranda cavabdehə təhvil verilmiş bütün avadanlıq və məhsullara dair aktlar imzalanmış və cavabdeh tərəf də iştirak etmişdir. Lakin, tərəflər arasında yekun akt imzalanan zaman cavabdehin ödəyəcəyi məbləğin 2659,88 manat olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək müəssisə 4049.83 manat gəlir əldə etmişdir. Həmin gəlirdən 250 manat xərc çıxıldıqdan sonra müəssisənin əldə etdiyi xalis gəlir 3799.83 manat olmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə birgə idarə edilən restoranın gəliri aşağıdakı Tərəf-1 (iddiaçı) – 70%, Tərəf-2 (cavabdeh) – 30% nisbətində müəyyən edilmişdir. Bu səbəbdən də həmin dövr ərzində iddiaçıya çatmalı olan məbləğ 2659.88 manat (4049.83 – 250 = 3799.83;3799.83 x 70% =2659.88) olmuşdur. Göründüyü kimi, cavabdeh tərəf 2659,88 manat pulun ondan tutulmasından narazı olsa da, iş materiallarında cavabdehin özünün həmin məbləği qəbul etməsi ilə bağlı Akt mövcuddur. Belə olan halda isə kollegiya hesab edir ki, şikayətin həmin dəlilləri əsassızdır. Bundan başqa, cavabdeh tərəf izahatında bildirmişdir ki, qeyd edilən məbləğə yəni 2659,88 manat məbləğində borc olan akta imza etməkdə məqsədi iddiaçıdan “yaxa qurtarmaq” olmuşdur. Məhkəmə kollegiyası Aktın iddiaçıdan yaxa qurtarmaq üçün imzalanması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh tərəfin həmin dəlilləri əsassızdır. Belə ki, cavabdehin bildirdiklərindən belə anlaşılır ki iddiaçı tərəf ona hədə-qorxu gəlmişdir. Lakin, cavabdeh bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda da, cavabdeh həmin halla bağlı heç bir hüquq-mühafizə orqanına (prokurorluq və ya məhkəməyə) da müraciət etməmişdir. Odur ki, kollegiya cavabdeh tərəfin həmin dəlillərini inandırıcı hesab etmir. Bundan başqa, iddiaçı tərəf də həmin iddia tələbinin tam təmin edilməsi üçün məhkəməyə əlavə olaraq heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı dəlillərinə qiymət verən zaman qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etməkhüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 30 iyul 2008-ci il Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Göründüyü kimi, subyektiv hüququnun “öz hərəkətlərinə hüquqi ixtiyar” elementi başlıca amildir və əgər iddia irəli sürmüş şəxsin öz hərəkətlərində hüquqi ixtiyarlı deyildirsə bu zaman subyektiv hüququnun digər elementlərinin mövcudluğundan söhbət gedə bilməz. İşdən isə müəyyən edilir ki, iddiaçı tərəfin hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmuşdir. Belə olan halda kollegiya hesab edir ki, şikayətin həmin dəlilləri də əsassızdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını əks etdirdiyindən tərəflər arasında imzalanmış və cavabdehin borcunu təsdiq edən xx.xx.2023-cü il tarixli aktı əsas sübut olaraq qəbul edərək cavabdehdən iddiaçının xeyrinə 2659.88 manat pul tutmaqda haqlı olmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı MMC-nin nümayəndəsi X4 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətləri təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, e-2-2(117)-528/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorlara aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.