Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-127/2024 06.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi və icarə obyektinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair ilk, Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “iddiaçının icarə obyektinə ayda bir dəfədən artıq yaxınlaşmasının qadağan edilməsi, icarə müqaviləsinin sonunadək Cavabdeh MMCni narahat etməməsi” tələbinə dair qarşılıqlı iddia üzrə kommersiya mübahisəsi (Açar sözlər: icarə müqaviləsinin xitamı və müqavilədən əmələ gələn öhdəliklər üzrə mübahisələr) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabadehin direktoru Nümayəndə2 və Nümayəndə3 iştirakları ilə, Şəki Kommersiya Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, e-2-2(117)-780/2024 nömrəli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İcarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi bağlamışdır. İcarəyə verənlə icarəçi arasında bağlanmış həmin icarə müqaviləsinə əsasən, icarəyə verən Qax şəhəri, H.Əliyev prospekti 29 ünvanında yerləşən 1 və 2-ci mərtəbədən ibarət 1-ci mərtəbə 170 kv.m 2-ci mərtəbə 202.41 kv.m qeyri-yaşayış sahəsini icarəçinin müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, icarəçi isə icarə obyektini qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürür. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət “tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə xitam verilməsi və icarə obyektinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, Cavabdeh MMC cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçının icarə obyektinə ayda bir dəfədən artıq yaxınlaşmasının qadağan edilməsi, icarə müqaviləsinin sonunadək Cavabdeh MMC-ni narahat etməməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, obyekt icarəçiyə 10 il müddətinə icarəyə verilmişdir, icarəçi müqavilə şərtlərini pozmuş və onun vəziyyətinin əhəmiyyətli şəkildə pisləşməsinə səbəb olmuşdur. İcarəçi lisenziyasız fəaliyyət göstərir, icarə haqqını mütəmadi olaraq gecikdirir, icarə haqqına hər il yenidən baxılması müddəasını qəbul etmir, yanğın təhlükəsizliyi qaydalarına riayət etmir. Bu səbəbdən də tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə xitam verilməsini və icarəçi tərəfindən icarə obyektinin boşaldılaraq ona təhvil verilməsini məhkəmədən xahiş edir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, müqaviləyə icarəçinin icazəsi olmadan xitam verilə bilməz, obyekt icarəçiyə verilən zaman təmirsiz vəziyyətdə olmuşdur, cavabdehin hesabına təmir edilmişdir. Cavabdeh MMC-nin fəaliyyət göstərməsi üçün lisenziyası vardır. Həmçinin yanğın-təhlükəsizlik qaydalarına da riayət olunmaqdadır. İcarəçinin müqavilə üzrə icarəyə verənə heç bir borcu yoxdur, iddiaçı qurulmuş təsərrüfatı mənimsəmək və Cavabdeh MMC-ni obyektdən çıxartmaq istəyir. Bu səbəbdən də ilkin iddianın rədd edilməsini, İddiaçı obyektə ayda bir dəfədən artıq yaxınlaşmasının qadağan edilməsini və icarə müqaviləsinin sonunadək icarəçinin narahat etməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Şəki Kommersiya Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, e-2-2(117)-780/2024 nömrəli qətnaməsi (hakim M.Hüseynov) ilə, ilkin iddia tələbi təmin edilərək xx.xx.2021-ci il tarixli müqaviləyə xitam verilməsi, Qax şəhəri, H.Əliyev prospekti 29 ünvanında yerləşən 1 və 2-ci mərtəbədən ibarət icarə obyekti boşaldılaraq iddiaçıya təhvil verilməsi, eyni zamanda qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər razılaşmışlar ki, müqavilənin 3.6-cı bəndinə əsasən inflyasiya nəzərə alınmaqla icarə qiymətinə hər il yenidən baxılacaqdır. Buna baxmayaraq müqavilə bağlandığı vaxtdan icarə qiymətinə müvafiq amillər nəzərə alınmaqla yenidən baxılması ilə bağlı qarşı tərəflə razılıq əldə edilməmişdir. Halbuki müqavilənin məcburi şərti olaraq qeyd edilən icarə haqqının məbləğinə, yəni artım istiqamətində yenidən baxılmalı idi. Çünki, məlum olduğu kimi rəsmi təsdiq olunan fakt odur ki, ümumi infilyasiya hər il baş verir və bu hər il müxtəlif rəqəmlərdə ifadə olunmaqla qiymətlərin artımı baş verir. Cavabdeh tərəf hər il müvafiq infilyasiya faizlərinə uyğun olaraq qiymətin artımını təsdiq etsə də, bu yalnız birtərəfli qaydada baş verməsi və ya məhkəmənin müvafiq qərarı ilə təsdiq edilməsi ilə mümkün olmur. Çünki tərəflər qarşılıqlı razılaşma yolu ilə bunu etməlidirlər. Məhkəmə qətnaməsi ilə tərəflərin iradəsi əleyhinə müqavilə gücünə malik qərarla müqavilə bəndi ilə nəzərdə tutulmuş icarə haqqı qiyməti artırıla bilməz. Eyni zamanda, tərəflərin razılaşdıqları müqavilə şərtinin qarşı tərəf tərəfindən icra edilməməsi artıq müqavilə şərtinin pozulması hesab edilir. Bundan əlavə, cavabdeh tərəf təmir və digər istiqamətdə xərc çəkdiyini qeyd etsə də, bununla bağlı sübutları məhkəməyə təqdim etməmiş və bu arqumentini əsaslandırmamışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 9.4-cü bəndinə əsasən icarə obyekti tam təmirli vəziyyətdə icarəçiyə təhvil verilir və tam yararlı vəziyyətdə müqavilə müddəti bitdikdən sonra təhvil alınacadır. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə şərtlərində təmir və digər xərclərin çəkilməsinin qaydası ilə bağlı icarəyəverənin vəzifələri müəyyən edilmişsə, bununla bağlı aidiyyəti məhkəmədə iddia qaldırıla bilər. Bundan əlavə tərəflər bütün vergi və məcburu ödənişlərin icarəçi tərəfindən ödənilməsi barədə razılığa gəlsələr də, icarəçi ödənilən icarə haqqı məbləğinin azalması hesabına vergini ödəməklə, aylıq icarə haqqını 1290 manat ödəməklə icarə haqqını kəsirlə ödəmiş və müqavilə öhdəliklərini lazımı qaydada icra etməmiş və müqavilə şərtlərini pozmuşdur. Bundan əlavə iddiaçının təqdim etdiyi bank hesabından çıxarışdan müəyyən edilir ki, cavabdeh 5 dəfə icarə haqqı borcunu kəsirlə də olsa ödəməmişdir. Bu da müqavilənin və qanunvericiliyin tələblərinin pozulması deməkdir. Bu isə iddiaçıya ən azı iki dəfədən artıq icarə haqqını ödəməməsi icarə müqaviləsinin ləğv edilməsini tələb etmək hüququ verir. Məhkəmə hesab etmişdir ki, vavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsində tələb edilən “iddiaçının icarə obyektinə ayda bir dəfədən artıq yaxınlaşmasının qadağan edilməsi, icarə müqaviləsinin sonunadək Cavabdeh MMC-ni narahat etməməsi” tələbi də məhkəmə tərəfindən əsassız və qanunsuz hesab edilir. Bu qadağa əmlkaın mülkiyyətçisinə tətbiq edilməsi qanunvericiliyin ümumi prinsiplrinə ziddir. Belə ki, mülkiyyətçinin hər ay əmlakının vəziyyəti ilə tanış olmaq və bununla bağlı zəruri məlumata malik olmaq hüququ pozula bilməz. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 421,2, 442, 445.1, 445.2, 445.2.1, 445.2.2, 445.7, 448.1, 448.2, 685.1, 685.2, 685.2.1, 685.2.2, 686, 687, 700.1, 700.2-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 217.1, 217.2, 217.3 və 217.4-ci maddələrinə - istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh MMC birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması halının təsbit edilməsinin qeydə alınmasını qeyd etmiş, ancaq əsaslandırma hissəsində qeyd edilən, həmin pozuntunun nədən ibarət olduğu, sübutların həqiqətə uyğun olub-olmaması, düzgün araşdırılmadan bu nəticəyə gəlinmişdir. Məhkəmənin gəldiyi nəticəyə görə, 5 ay ümumiyyətlə icarə haqqı ödənilməmişdir. Halbuki, qeyd edilən 5 ayın ödənişləri, nağd şəkildə icarəyə verənin bank kartına, bank ödənişi şəklində deyil, terminal vasitəsi ilə ödənilmişdir ki, bu fakt ümumiyyətlə araşdırılmamışdır. İş üzrə cavabdeh icarəyə verənin vəzifəsinə daxil olan gəlir vergisini, öz xidməti vəzifəsinə uyğun olaraq icarəyə verənin hesabına vergi orqanlarına ödəməklə və həmin məbləği, icarəyə verənə ödəməli olduğu, aylıq 1500 manatdan çıxmaqla (ayda 1290 manat) ödəmişdir ki, məhkəmə bu faktı düzgün araşdırmamışdır. Məhkəmə iş üzrə iddiaçının, icarəyə verdiyi obyektlə bağlı qazancından gəlir vergisinin, özü tərəfindən ödənilib-ödənilməməsini araşdırmamışdır. Məhkəmə tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetiriibyetirilməməsini hərtəfli və tam araşdırmamışdır. İş üzrə cavabdeh tərəfindən 5 ay icarə haqqının ödənilməməsi və iş üzrə iddiaçının icarəyə verdiyi obyektdən icarə haqqı olaraq qazandığı gəlirdən özünün, gəlir vergisi ödəməsi sübut edilməmişdir. İş üzrə cavabdehin, iş üzrə iddiaçıya heç bir borcu yoxdur. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabadehin direktoru Nümayəndə2 və Nümayəndə3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirdilər ki, iddiaçı tərəfə icarə haqqı borcu yoxdur. İcarə haqqını 1500 manatdan az ödəmələrinə səbəb 14% gəlir vergisinin icarə haqqı məbləğindən çıxılaraq ödənilməsi olmuşdur. İcarə haqqı məbləğinin cəmi 9.5% artırılmasına razıdırlar. İddiaçı cavabdehə obyekti işlətməkdə mane olur. İddiaçının dediyi kimi bir müddət lisenziyasız fəaliyyət göstərmişlər, lakin sonradan lisenziya alınmışdır. Borclarını ödədikdən sonra obyekti boşaldaraq təhvil verə bilər. İddiaçının tələb etdiyi icarə haqqı məbləği çox yüksəkdir. Bundan başqa o, binanın təmirinə təxminən 40.000 manata yaxın xərc çəkmiş, 400.000 manata yaxın məbləğdə tibbi avadanlıqlar almışdır. 8-10 nəfərlə əmək müqaviləsi bağlamışdır. Yeni şərtlərlə icarə bağlanılması ilə bağlı iddiaçı ona 2024-cü ilin yanvar ayında müraciət etmişdir. Onun iddiaçıya heç bir əlavə borcu olmamışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək bildirdilər ki, cavabdeh tərəf müqavilənin şərtlərini kobud şəkildə pozur. O, lisenziyasız fəaliyyət göstərmiş, icarə haqqını gecikdirmiş və 5 ay ərzində ümumiyyətlə icarə haqqı ödənişlərini etməmişdir. Cavabdeh lisenziya aldıqdan sonra qanunsuz rentgen fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh icarə obyektinin bir hissəsini başqa şəxsə lazer epilyasiya fəaliyyəti üçün icarəyə vermişdir. Tərəflər arasında icarə haqqı 1500 manat müəyyən edilsə də, obyekt qeyri-rəsmi olaraq 2500 manata icarəyə verilmişdir. Lakin, müqavilədə rəsmi olaraq 1500 manat qeyd edilmişdir. Cavabdeh isə öhdəliyi pozaraq həmin 1000 manatları da iddiaçıya ödəmir. İcarə haqqı artırılmalıdır. Qax şəhərində həmin qiymətə icarə obyekti yoxdur. Cavabdeh tərəf isə icarə haqqının artırılması ilə razılaşmır. İcarə obyekti iddiaçıya məxsusdur və o istədiyi zaman obyektə daxil ola bilər. Cavabdeh 4000 manat icarə haqqı ödəməyi öhdəsinə götürərsə razılaşmaq mümkündür. Doğrudan da onun hesabına 2023-cü ilin sentyabr, oktyabr, noyabr və 2024-cü ilin yanvar və fevral aylarında həmin məbləğlər köçmüşdür. Lakin, cavabdehin direktoru Raminin ona borcu olmuşdur və hesabına müvafiq dövrlər ərzində köçən pullar Raminin borcları olmuşdur. O, həmin borclarla bağlı hazırki məhkəmə prosesləri yekunlaşandan sonra iddia qaldıracaqdır. Cavabdeh binanın təmirinə xırda məbləğlərdə xərc çəkib. O, binanı təmirli olaraq təhvil vermişdir. Yeni icarə haqqı üçün 2023-cü ilin yanvar ayında müraciət etmişdir. Cavabdeh onun vergi borcunu müəyyən müddət ödəməyindən o dəfələrlə həmin borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, bundan sonra cavabdeh həmin borcu ödəmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası M a d d ə 1 3 . Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. M a d d ə 2 9 . Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 676.0. Bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: 676.0.1. kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır.
679. Kirayəyə verilmiş əşya ilə bağlı yüklülükləri, dövlət vergilərini və yerli vergiləri, ayrı razılaşma olmadıqda, kirayəyə verən ödəməlidir. 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 684.2. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. 685.1. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. 685.3. Bu Məcəllənin 685.2-ci maddəsinə uyğun olaraq müqavilə ləğv edilənədək kirayəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna edilir. Əgər kirayəçi qarşılıqlı əvəzləşdirmə çərçivəsində öz borcundan azad edilərsə və müqavilənin ləğvi bəyan edildikdən dərhal sonra borcunun ləğvini elan edərsə, müqavilənin ləğvi etibarsız olur. 690.1. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. 690.2. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. 691.1. Torpaq sahələrinin, otaqların və ya rəsmi reyestrdə qeydə alınmış gəmilərin kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə aşağıdakı hallarda yol verilir: 691.1.3. kirayə haqqı aylar və ya daha uzun zaman hissələri üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti aydan sonrakı ayın axırı üçün qüvvəyə minməklə təqvim ayının birinci iş günü verildikdə. 691.3. Müqavilənin ləğvinə dair xəbərdarlıq edilməsinin bu Məcəllənin 691.1.3 və 691.3-cü maddələrində göstərilmiş və kirayəçi tərəfindən gözlənilməli olan müddətləri kirayəlik əşya verildikdən üç, altı və doqquz il sonra kirayəçinin xeyrinə müvafiq surətdə üç ay uzadılır. Müqavilənin ləğvinə dair xəbərdarlıq müddətləri kirayəçi üçün dəyişilməz qalır. Müqavilənin ləğvinə dair xəbərdarlıq edilməsinin kirayəyə verən tərəfindən gözlənilməli olan müddətlərinin qısaldılmasına əsas verən razılaşmaların qüvvəsi yoxdur. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
“İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7.1. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. 7.2. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək. və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. 7.3. İcarə müqaviləsinə tərəflərin başqa vəzifələri də daxil edilə bilər. 8.1. İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir. 8.5. İcarəçi icarə haqqından savayı, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş vergiləri və digər tədiyyələri də ödəyir, bir şərtlə ki, bu, icarəyəverənin vəzifəsinə daxil edilməsin. 9.1. Əmlakın icarəyə verilməsi bu əmlak üzərində mülkiyyət hüququnun verilməsinə səbəb olmur. 9.3. Əgər icarə müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə pozulduqda icarəyəverən həmin binaların və qurğuların bazar dəyərini icarəçiyə ödəməlidir. 9.5. İcarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. 9.6. İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir. 9.7. İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini icarəyə verən ödəməyə razı olmadıqda icarəçi bu yaxşılaşdırmaları geri götürə bilər. 13.1. İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. 15.1. İcarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblik dən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər.
“Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”
17. Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın İ saylı Protokolu
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. ...”
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. ...” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam olaraq düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilərək qətnamə qismən ləğv olunmalı, ilkin iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə icarə müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır. Belə ki, İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət “tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə xitam verilməsi və icarə obyektinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra isə, Cavabdeh MMC cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçının icarə obyektinə ayda bir dəfədən artıq yaxınlaşmasının qadağan edilməsi, icarə müqaviləsinin sonunadək Cavabdeh MMC-ni narahat etməməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddia tələbinin təmin edilmiş hissəsini mübahisələndirir. Ümumiyyətlə apellyator iddianın rədd edilməsini tələb edir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Kollegiya qeyd edir ki, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək şikayəti qismən əsaslı hesab edir. Belə ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (Mülki Məcəllə 700). Mülki qanunvericiliyə əsasən, icarə müqavilə ilə bağlı fəslin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə Mülki Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. İcarə müqaviləsi elə bir müqavilədir ki, həmin müqavilə ilə əmlak müvəqqəti istifadə üçün bir şəxsdən digərinə keçir. Nəticədə icarəyə verilmiş əşya müxtəlif hüquqi titullar əsasında eyni zamanda iki subyektə məxsus olur. Müqavilənin qüvvədə olduğu müddət ərzində icarəçinin icarə predmeti üzərində istifadə hüququ yaranır. Predmetin mülkiyyətçisi kimi yenə də icarəyə verən qalır yəni, onun icarəyə verilən əşya üzərində mülkiyyət hüququ saxlanılır. Mülkiyyətçi icarə əsasında onu özgəninkiləşdirmədən başqa şəxsin istifadəsinə verir və bununla o, haqq əldə edir. Ümumiyyətlə, icarə müqaviləsinin əmlak kirayəsi müqaviləsindən ən başlıca fərqi ondadır ki, kirayə müqaviləsi üzrə kirayəçi kirayəyə verilmiş əşyalardan ancaq istifadə hüququnu əldə edirsə, icarə müqaviləsi üzrə icarəçi isə icarəyə götürdüyü əşyadan və ya hüquqdan istifadə ilə yanaşı, əşyanın bəhərindən də istifadə etmək və əşyanın istifadəsindən gəlir götürmək hüququna da malikdir. Birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin edərkən əsaslandırması ondan ibarət olmuşdur ki, müqavilə 2021-ci ildə bağlansa da Cavabdeh MMC-nin fəaliyyət göstərməsi üçün lisenziya yalnız xx.xx.2024-cü il tarixində alınmış, cavabdeh lisenziyasız fəaliyyət göstərmiş və bu səbəblə də ona İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş bank hesabından çıxarışdan görünür ki, cavabdeh 2022-ci ildən başlayaraq müxtəlif tarixlərdə 1290 manat olmaqla icarə haqqı ödəmişdir. Halbu ki, aylıq icarə haqqı 1500 manat təşkil edir. İcarəçi vergi məbləğini də icarə haqqından çıxmaqla ödəmişdir. Əlavə olaraq tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.3-cü bəndində hər ayın icarə haqqı məbləği icarəyə götürən tərəfindən icarəyə verənə ayın 10-dan gec olmayaraq köçürmə yolu ilə ödənilməsi razılaşdırılsa da, hesabdan çıxarışdan aydın olur ki, cavabdeh tərəf müxtəlif tarixlərdə icarə haqqı ödənişlərini gecikdirmişdir. (xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023). Göründüyü kimi, birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin edən zaman qətnaməni aşağıda göstərilən hallarla əsaslandırmışdır: 1) cavabdehin lisenziyasız fəaliyyət göstərməsi; 2) natamam icarə haqqı ödənməsi; 3) bəzi aylarda icarə haqqının bir neçə gün gecikdirilməsi; 4) icarə müqaviləsinin predmeti olan qeyri-yaşayış sahəsinin icarə haqqının daha baha olması; 5) yeni müqavilə bağlamaqdan yayınmaq; 6) beş aylıq icarə haqqının ümumiyyətlə ödənilməməsi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, icarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə icarə müqaviləsi bağlamışdır. Həmin icarə müqaviləsinin 1-ci bəndinə əsasən, icarəyə verən Qax şəhəri, H.Əliyev prospekti 29 ünvanında yerləşən 1 və 2-ci mərtəbədən ibarət 1-ci mərtəbə 170 kv.m 2-ci mərtəbə 202.41 kv.m qeyri-yaşayış sahəsini icarəçinin müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, icarəçi isə icarə obyektini qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.2-ci bəndinə əsasən, müqavilənin imzalanması tarixindən etibarən icarə obyektindən istifadəyə görə icarəçi icarəyə verənə aylıq 1-ci mərtəbə üçün 1000 manat, 2-ci mərtəbə üçün isə 500 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.3-cü bəndinə əsasən, hər ayın icarə haqqı məbləği icarəyə götürən tərəfindən icarəyə verənə ayın 10-dan gec olmayaraq köçürmə yolu ilə ödənilməlidir. Müqavilənin 3.6-cı bəndinə əsasən, AR-də inflyasiya nəzərə alınmaqla icarə qiymətinə hər il yenidən baxılacaqdır. Müqavilənin 4.3.3-cü bəndinə əsasən, icarəçi ehtimal olunan xitam tarixindən ən azı 6 ay əvvəl icarə verəni yazılı şəkildə xəbərdar etmək şərti ilə müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər. Müqavilənin 4.4.3 - 4.4.6-cı bəndlərinin tələblərinə əsasən, icarə haqqını müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə icarəyə verənə ödəmək, icarə obyektindən istifadə zamanı qanunsuz, o cümlədən icarəyə verənə ziyan vuran hərəkətlərə yol verməmək, icarə obyektinin nəzərdə tutulmuş bütün vergilərini və icbari ödənişlərini vaxtında ödəmək, icarə obyektinin texniki və yanğın təhlükəsizliyini və monun sanitargigiyenik tələblərə uyğun vəziyyətdə saxlanılmasını təmin etmək icarəçinin vəzifəsidir. Müqavilənin 8.1-ci bəndinə əsasən, müqavilə üzrə icarə müddəti müqavilənin imzalanması tarixindən 10 il müddətinədək, xx.xx.2031-ci il müddətində müəyyən edilir. Müqavilənin 9.2-ci bəndinə əsasən, icarə müddəti dövründə inflyasiyanın artması, milli valyutanın məzənnəsinin xarici valyutalara nisbətən dəyişməsi icarə verənə icarə haqqını müvafiq məbləğdə artırmaq hüququnu verir. Müqavilənin şərtlərindən aydın görünür ki, icarəyə verənlə icarəçi arasında bağlanmış həmin icarə müqaviləsinə əsasən, icarəyə verən Qax şəhəri, H.Əliyev prospekti 29 ünvanında yerləşən 1 və 2-ci mərtəbədən ibarət 1-ci mərtəbə 170 kv.m 2-ci mərtəbə 202.41 kv.m qeyri-yaşayış sahəsini icarəçinin müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, icarəçi isə icarə obyektini qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürür. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, iddiaçı tərəfin əsas arqumenti cavabdehin 5 ay ərzində (yəni, 2023-cü ilin – sentyabr, oktyabr, noyabr və 2024-cü ilin yanvar və fevral ayları üzrə) ümumiyyətlə icarə haqqının ödəməməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyasının araşdırması zamanı isə müəyyən edilmişdir ki, 2023-cü ilin sentyabr, oktyabr, noyabr və 2024-cü ilin yanvar və fevral ayları üzrə icarə haqları cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Belə ki, cavabdeh tərəf apellyasiya şikayətində mübahisəli ayların ödənişlərini köçürmə yolu ilə yox, iddiaçının “Yelo” Bankda olan hesabına vurulmuşdur. Həmin halın araşdırılması üçün məhkəmə tərəfindən “Yelo” Banka sorğu verilərək iddiaçının adına olan hesabda müvafiq dövrlərin əməliyyat çıxarışları götürülmüşdür. Əldə edilmiş hesabdan çıxarışlardan müəyyən edilir ki, icarəyəverən İddiaçı “Yelo” Bankdakı hesabına 2023-cü ilin sentyabr ayında 1290 manat, oktyabr ayında 1300 manat, noyabr ayında 1290 manat, 2024-cü ilin yanvar ayında 1290 manat və fevral ayında 1290 manat pul köçürlənmişdir. Bundan başqa, 2024-cü ilin yanvar ayında iddiaçının hesabına köçürülmüş 1290 manatlıq qəbzi iddiaçı tərəf özü məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf hesabına həmin pullarla bağlı qeyd etdi ki, doğrudan da onun hesabına həmin məbləğlər köçmüşdür. Lakin, cavabdehin direktoru Raminin ona borcu olmuşdur və hesabına müvafiq dövrlər ərzində köçən pullar Raminin borcları olmuşdur. Cavabdeh tərəf isə bildirmişdir ki, onun iddiaçı tərəfə heç bir əlavə borcu olmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi əhəmiyyətli hal olaraq beş ay ərzində icarə haqlarının ödənilmədiyini qeyd etsədə, məhkəmə kollegiyasının araşdırması zamanı həmin hal öz təsdiqini tapmamış, əksinə icarə haqlarının mütəmadi olaraq ödənməsi müəyyən edilmişdir. Kollegiya cavabdehin iddiaçıya hansısa borcu olması halı ilə bağlı isə qeyd edir ki, həmin hal iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası bəzi aylarda icarə haqqının bir neçə gün gecikdirilməsi ilə bağlı qeyd edir ki, iş materiallarından cavabdeh tərəfindən icarə haqqının bəzi aylarda bir neçə gün gecikdirilməsi müəyyən edilsə də kollegiya həmin halı 10 il müddətə bağlanmış icarə müqaviləsinin ləğvi üçün əhəmiyyətli hesab etmir. Belə ki, birinci instansiya məhkəməsinin araşdırması ilə gecikmə olan aylar təxminən beş ay olmuşdur. İşdən həmçinin müəyyən edilmişdir ki, bir neçə gün sonra gecikmə baş verən aylar üzrə icarə haqları tam olaraq ödənmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.3-cü bəndinə əsasən icarə haqqı hər ay icarəyə verənə ayın 10-dan gec olmayaraq ödənilməli idi. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışlardan isə görünür ki, icarə haqqı bəzi aylarda bir neçə gün gecikdirilsədə bəzi aylarda (misal: fevral 20224) isə vaxtından əvvəl ödənilmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, gecikmə mütəmadi xarakter daşımamış və müəyyən aylarda baş vermişdir. Həmçinin cavabdeh tərəf özüdə bildirmişdir ki, həmin vəziyyət bəzi aylarda bankla bağlı problemlər olduğu üçün baş vermişdir. Məhkəmə kollegiyası natamam icarə haqqının ödənməsi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış Müqavilənin 4.4.5-ci bəndinin tələbinə əsasən, icarə obyektinə münasibətdə qanunvericilikdə nəzərdə tutulmuş bütün vergilərini və digər icbari ödənişlərini vaxtında ödəmək icarəçinin vəzifəsidir. Həmin halla bağlı cavabdeh tərəf izahatında bildirmişdir ki, iddiaçı tərəfə icarə haqqı borcu yoxdur. İcarə haqqını 1500 manatdan az ödəmələrinə səbəb 14% gəlir vergisinin icarə haqqı məbləğindən çıxılaraq ödənilməsi olmuşdur. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Müqavilənin 4.4.5-ci bəndinə istinad edərək icarə haqqının cavabdeh tərəfindən ödənilməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Belə ki, tərəflər arasında bağlanmış Müqavilənin həmin bəndində vergilərini və digər icbari ödənişlərin cavabdeh tərəfindən vaxtında ödənilməsi olması nəzərdə tutulmuşdur. Yəni, müqavilənin həmin bəndində cavabdeh tərəfin 1500 manat icarə haqqından əlavə 14% gəlir vergisini də onun (cavabdeh) tərəfindən ödənilməli olması qeyd edilməmişdir. Sadəcə olaraq, müqavilədə vergiləri vaxtında ödənilməsi vəzifəsi icarəçinin üzərinə qoyulmuşdur. Vergi qanunvericiliyinə əsasən, mübahisəli 14% olan vergi gəlir vergisi hesab edilir. Hazırki məqamda isə, obyekti icarəyə verib gəlir əldə edən tərəf iddiaçı olduğundan həmin 14% gəlir vergisi də ona çatacaq məbləğdən tutulmalı idi. İddiaçı tərəf isə həmin halın əksini hazırki işdə sübuta yetirə bilməmişdir. Kollegiya xüsusilə qeyd edir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (Mülki Məcəllə 404.2). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 09 dekabr 2019 və N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021ci il tarixli qərarlar). Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı). Bu kontekstdə məhkəmə kollegiya hesab edir ki, tərəflər arasında razılaşma icarəçi tərəfindən icarə haqqından 14% gəlir vergisi ödənildikdən sonra qalan məbləğ yəni, 1290 manat icarəyə verənə ödənməli idi. Məhkəmə kollegiyası ona görə hazırki qənaətə gəlir ki, icarəçi 2022-ci ilin yanvar ayından 29 aprel 2024-cü il tarixədək yəni, cavabdehə pretenziya məktubu göndərənədək icarə haqqından 14% gəlir vergisi dövlət büdcəsinə ödədikdən sonra qalan məbləğ yəni, 1290 manatı icarəyə verənə ödəmişdir. İcarəyə verən isə, 2 ildən artıq nüddətdə həmin hala səs çıxarmamış və buna heç bir etiraz etməmişdir. Kollegiya hesab edir ki, əgər tərəflər arasında razılaşma əksinə yəni, icarəçi, həm icarə haqqını, həm də 14% gəlir vergisi ödəməli olsa idi onda iddiaçı tərəf 2 il ərzində buna etiraz edərdi. Hazırki işdə isə iddiaçının həmin məqama etiraz etməsi ilə bağlı heç bir sübut yoxdur. Bundan başqa, vergi orqanından əldə edilən sənədlərdən görünür ki, cavabdeh tərəf vergi borcunu ödəmişdir. İddiaçı tərəf izahatında həmçinin bildirmişdir ki, cavabdeh onun vergi borcunu müəyyən müddət ödəməyindən o dəfələrlə həmin borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, bundan sonra cavabdeh həmin borcu ödəmişdir. Göründüyü kimi, tərəflər arasında razılaşma məhz icarəçi tərəfindən icarə haqqından 14% gəlir vergisi ödənildikdən sonra qalan məbləğ yəni, 1290 manat icarəyə verənə ödənilməli olması kimi olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi işin həmin hallarına da düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası icarə müqaviləsinin predmeti olan qeyri-yaşayış sahəsinin icarə haqqının daha baha olması ilə bağlı qeyd edir ki, iddiaçı tələbini əsaslandırmaq üçün məhkəməyə qiymətləndirmə aktı təqdim etmişdir. Həmin qiymətləndirmə aktında göstərilmişdir ki, Qax şəhəri, H.Əliyev prospekti 29 ünvanında yerləşən qeyri-yaşayış binasının ölçüsündən asılı olaraq 1 aylıq icarə dəyərinin 1 kv.m qiyməti 10-15-20 manat arası dəyişir. Buradan belə nəticəyə gəlmək olar ki, 1 aylıq icarə haqqını 1kv.m qiyməti kimi minimum 10 manatdan hesablasaq 3724.1 manat olmalı idi. (170 kv.m + 202.41 kv.m = 372.41 kv.m; 372.41 kv.m X 10 = 3724.1 manat). Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında müqavilə xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndinə əsasən, müqavilənin imzalanması tarixindən etibarən icarə obyektindən istifadəyə görə icarəçi icarəyə verənə aylıq 1-ci mərtəbə üçün 1000 manat, 2-ci mərtəbə üçün isə 500 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürür. Kollegiya qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (Mülki Məcəllə 398.1, 390.1, 399.1, 405.1). Mülki Məcəllənin 398.2-ci maddəsinə əsasən, müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. Göründüyü kimi, qanunvericilikdə müqavilə bağlandıqdan sonra icarəyə verilən əmlakın qiymətinin artması səbəbindən müqavilənin qiymətinin dəyişdirilməsinə yol verilmir (yalnız iki halda: müqavilədə və qanunda nəzərdə tutulanda yol verilir). İddiaçı tərəf eyni zamanda qeyd etmişdir ki, obyektin qeyri-rəsmi olaraq 2500 manata icarəyə verilmişdir. Lakin, müqavilədə rəsmi olaraq 1500 manat qeyd edilmişdir. Cavabdeh isə öhdəliyi pozaraq həmin 1000 manatları da iddiaçıya ödəmir. Kollegiya xüsusilə qeyd edir ki, Cavabdeh MMC xx.xx.2024-cü il tarixdə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixli müqavilənin qiymətinin 2022-ci il üçün 13.9%, 2023-cü il üçün isə 9.5% həcmində artırılmasına razı olduqlarını bildirmişdir. Cavabdeh tərəfin vəsatəti bir daha onu təsdiq edir ki, cavabdeh icarə haqqının müəyyən həddə artırılmasına razı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin yeni müqavilə bağlamaqdan yayınması ilə bağlı qeyd edir ki, iddiaçı tərəf cavabdehin yeni müqavilə bağlamaqdan yayındığını bildirmiş, işə baxan birinci instansiya məhkəməsi yekun nəticəyə gələn zaman iddiaçı tərəfin həmin arqumentini müqavilənin ləğv edilməsi üçün əsaslı hesab etmişdir. Müqavilənin 3.6-cı bəndinə əsasən, AR-də inflyasiya nəzərə alınmaqla icarə qiymətinə hər il yenidən baxılacaqdır. Tərəflər arasında bağlanmış Müqavilənin 9.2-ci bəndinə əsasən, icarə müddəti dövründə inflyasiyanın artması, milli valyutanın məzənnəsinin xarici valyutalara nisbətən dəyişməsi icarə verənə icarə haqqını müvafiq məbləğdə artırmaq hüququnu verir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf həm iddia ərizəsində, həm də 29 aprel 2024-cü il tarixədə cavabdehə ünvanladığı pretenziya məktubunda cavabdeh tərəfin icarə haqqı ilə əlaqədar müqavilə şərtlərinə baxmaqdan yayındığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında isə iddiaçı tərəf 2023-cü ilin yanvar ayından yeni icarə haqqının artırılması ilə bağlı cavabdehə müraciət etdiyini bildirmişdir. Cavabdeh tərəf isə izahatında, iddiaçının onlara belə bir təklifinin ancaq 2024-cü ilin yanvar ayında olduğunu bildirmişdir. Göründüyü kimi, iddiaçı tərəf cavabdehin müqavilə şərtlərinə (Müqavilənin 3.6 və 9.2-ci bəndinə uyğun) yenidən baxılmasından uzun yayındığını bildirsə də, həmin halı təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası sübut etmə ilə bağlı qeyd edir ki, tərəf (və/və ya hansısa dəlili irəli sürən) iş üzrə qarşı tərəfin tələbinin əsasları ilə bağlı verdiyi etirazın dəlillərini sübut etmə yükünü daşıyır. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhəkəm kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Həmçinin, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Əksinə, Cavabdeh MMC birinci instansiya məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixli müqavilənin qiymətinin 2022-ci il üçün 13.9%, 2023-cü il üçün isə 9.5% həcmində artırılmasına razı olduqlarını bildirmişdir. Göründüyü kimi, cavabdeh tərəfin vəsatəti bir daha onu təsdiq edir ki, cavabdeh icarə haqqının artırılmasına (müqavilədə nəzərdə tutulmuş qaydada: infilyasiya və s.) razı olmuşdur. Kollegiya xüsusilə qeyd edir ki, müqavilənin 9.2-ci bəndinə əsasən, icarə müddəti dövründə inflyasiyanın artması, milli valyutanın məzənnəsinin xarici valyutalara nisbətən dəyişməsi icarə verənə icarə haqqını müvafiq məbləğdə artırmaq hüququnu verirdi. Kollegiya hesab edir ki, müqavilənin 9.2-ci bəndinə əsasən icayəyə verənə icarə haqqını artırmaq hüququ verildiyindən o, icarə haqqını artırdığı barədə icarəçiyə bildiriş verə bilərdi. Lakin, icarəyə verən müqavilə ilə ona verilmiş həmin hüququndan da rəsmi olaraq istifadə etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, yalnız iddiaçı tərəfin şifahi qaydada bildirdikləri əsasında cavabdehin müqavilə şərtlərinə yenidən baxılmasından yayınması ilə bağlı hazırki iş üzrə qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyildir. Məhkəmə kollegiyası cavabdehin yanğın təhlükəsizliyi qaydalarının pozması ilə bağlı qeyd edir ki, iddiaçı tərəf cavabdehin yanğın təhlükəsizliyi qaydalarının pozduğunu bildirmiş, işə baxan birinci instansiya məhkəməsi yekun nəticəyə gələn zaman iddiaçı tərəfin həmin arqumentini müqavilənin ləğv edilməsi üçün əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin yanğın təhlükəsizliyi qaydalarının pozması ilə bağlı səhv nəticəyə gəlmişdir. Belə ki, işə birinci instansiya məhkəməsində baxılan zaman təqdim edilmiş xx.xx.2024-cü il tarixli obyektin “X3” AKT-dan görünür ki, icarəyə verilən obyektdə heç bir yanğın təhlükəsizliyi qaydalarını pozulmamışdır. Odur ki, birinci instansiya məhkəməsi işin həmin halları üzrə də düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin lisenziyasız fəaliyyət göstərməsi ilə bağlı qeyd edir ki, həmin hal icarə müqaviləsinə xitam verilməsinə birbaşa əsas ola bilməz. Belə ki, icarə müqaviləsində müqavilənin şərtlərində lisenziyasız fəaliyyətə görə müqaviləyə xitam verilməsi halı nəzərdə tutulmamışdır. Bundan başqa, qanunvericiliyə əsasən, tibbi fəaliyyətlə məşğul olmaq müvafiq lisenziya tələb edilir. İşdən müəyyən edilir ki, iddiaçı tərəf bir müddət lisenziyasız fəaliyyət göstərmiş və həmin dövrdə də inzibati məsuliyyətə cəlb edilmişdir. Daha sonra isə cavabdeh tərəf lisenziya almışdır. Məhkəmə kollegiyası müqaviləyə xitam verilməsinə münasibətdə lisenziyanın olmamasını ona görə əhəmiyyətli hesab etməmişdir ki, bununla iddiaçının heç bir hüquqları məhdudlaşmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən hal tərəflər arasında bağlanmış müqavilənin xitamına əsas ola bilməzdi. Xüsusilə qeyd edilməlidir ki, iddiaçı tərəf iddia ərizəsində və məhkəmdə dəfələrlə imkanın aşağı düşməsini, kredit borcu olmasını və obyektin daha yuxarı qiymətə icarəyə verilə bilməsini qeyd etmişdir. Göründüyü kimi, cavabdeh müqavilənin çoxda əhəmiyyətli olmayan hansısa şərtlərini (lisenziyanın gec alması və s.) pozsa da, iddiaçının əsl məqsədi icarə müqaviləsinin predmeti olan obyekti geri alaraq daha yüksək qiymətə icarəyə vermək olmuşdur. Həm iddia ərizəsində həm də pretenziya məktubunda iddiaçı maliyyə vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşdiyini bildirərək icarə müqaviləsinə xitam verilməsini tələb etmişdir. Belə ki, iddiaçı 5 aylıq icarə haqqı məbləğinin ödənilmədiyini bildirmişdir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin məbləğ tam şəkildə iddiaçının hesabına ödənilmişdir. Həmin hal birdaha təsdiq etmişdir ki, iddiaçı tərəf cavabdehə qarşı qərəzli olmuş ödənilmiş icarə haqlarını müqaviləyə xitam vermək üçün gizlətməyə çalışmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Hazırki işdən isə müəyyən edilir ki, cavabdeh tərəflər arasında bağlanmış müqaviləyə etimad edərək uzun prosedur olsa da tibbi xidmətlərin həyata keçirilməsi ilə bağlı lisenziya almış, FHN və digər qurumlarla bütün xitmətlər razılaşdırmış, obyekti təmir etdirmiş, istifadə etmək üçün tibbi avadanlıqlar almış və işçilərlə əmək müqaviləsi bağlamışdır. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən ilk iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qarşılıqlı iddia tələbi ilə bağlı hissəsinə münasibət bildirən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan başqa, cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsində tələb edilən “iddiaçının icarə obyektinə ayda bir dəfədən artıq yaxınlaşmasının qadağan edilməsi, icarə müqaviləsinin sonunadək Cavabdeh MMC-ni narahat etməməsi” tələbi də məhkəmə tərəfindən əsassız və qanunsuz hesab edilir. Bu qadağa əmlkaın mülkiyyətçisinə tətbiq edilməsi qanunvericiliyin ümumi prinsiplrinə ziddir. Belə ki, mülkiyyətçinin hər ay əmlakının vəziyyəti ilə tanış olmaq və bununla bağlı zəruri məlumata malik olmaq hüququ pozula bilməz. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı). Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflər arasında yaranmış mübahisəni düzgün və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun həll etməmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək ilkin iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "İnvitro”MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, e-2-2(117)-780/2024 nömrəli qətnaməsi qismən yəni, ilkin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh MMC-yə qarşı “tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə xitam verilməsi və icarə obyektinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair ilkin iddiası təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.