Məhkəmə qərarları › İş №2-2(107)-128/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-128/2021

25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-128/2021 25.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “14500 manat əsas borc, 1986,04 manat faiz borcu, 1766,58 manat cərimə və 2156,73 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla cəmi 20409,35 manat kredit borcunun və 30 manat dövlət rüsumu əvəzinin Cavabdeh3 tutularaq ödənilməsi, Cavabdeh1 və Cavabdeh2 məxsus İsmayıllı rayonu Mollaisaqlı kəndində yerləşən fərdi yaşayış evinin (0,25 ha torpaq sahəsi ilə birlikdə) açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və satışdan əldə olunan vəsait kredit borcunun tam ödənilməsinə kifayət etmədiyi halda borc məbləğinin Cavabdeh3 tutularaq ödənilməsi tələbinə dair” kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, e-2- 2(117)-366/2020 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 18 noyabr 2020-ci il tarixli, e-2-2(117)-366/2020 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “14500 manat əsas borc, 1986,04 manat faiz borcu, 1766,58 manat cərimə və 2156,73 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla cəmi 20409,35 manat kredit borcunun və 30 manat dövlət rüsumunun Cavabdeh3 tutularaq ödənilməsi, Cavabdeh1 və Cavabdeh2 məxsus İsmayıllı rayonu Mollaisaqlı kəndində yerləşən fərdi yaşayış evinin (0,25 ha torpaq sahəsi ilə birlikdə) açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və satışdan əldə olunan vəsait kredit borcunun tam ödənilməsinə kifayət etmədiyi halda borc məbləğinin Cavabdeh3 tutularaq ödənilməsi tələbinə dair” iddiası rədd edilmiş və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, e-2-2(117)-366/2020 nömrəli qətnаməsinin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 03 mart 2021-ci il tarixli, e-2-2(107)-13/2021 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, e-2-2(117)-366/2020 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh3 14500 (on dörd min beş yüz) manat kredit borcu və 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus İsmayıllı rayonu Mollaisaqlı kəndində yerləşən fərdi yaşayış evinə (0,25 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına kredit borcun ödənilməsi, ipoteka predmetinin, yəni Cavabdeh1 və Cavabdeh2 məxsus İsmayıllı rayonu Mollaisaqlı kəndində yerləşən fərdi yaşayış evinin (0,25 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiymətinin 24500 (iyirmi dörd min beş yüz) manat müəyyən edilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC və cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti vermişlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 28 iyul 2021-ci il tarixli qərarı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş Şəki Apellyasiya Məhkəməsinin 03 mart 2021-ci il tarixli, e-2-2(107)-13/2021 nömrəli qətnaməsi qismən iddianın qismən təmin edilməsi hissəsində ləğv edilərək iş apellyasiya qaydasında yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı ASC-nin İsmayıllı filialı ilə Cavabdeh3 arasında bağlanmış 08.08.2014-cü il tarixli 317/14/SKMF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh3 heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 36 ay müddətinə 18 ay güzəşt müddəti ilə 14500 manat kredit verilmiş, borcalan Cavabdeh3 kredit borcunu və müqavilə üzrə müəyyən edilmiş qaydada illik 6 % dərəcəsi ilə faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 %-i cərimə və vaxtı keçmiş kredit üzrə 12 % ödəyir. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 08.08.2014-cü il tarixli 317/14/SKMF nömrəli ipoteka müqaviləsində göstərilmiş Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan İsmayıllı rayonu Mollaisaqlı kəndində yerləşən fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsində tərəflərin razılığı ilə ipoteka predmetinin dəyəri 24500 manat qiymətləndirilmişdir. Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərini lazımında yerinə yetirməyərək götürdüyü 14500 manat kredit borcunu tam ödəməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. Cavabdeh tərəfindən sonuncu ödəniş 15.09.2016-cı il tarixdə 70 manat məbləğində olmuşdur. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehin ödənilməmiş 14500 manat əsas borc, 1986,04 manat faiz borcu, 1766,58 manat cərimə və 2156,73 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla cəmi 20409,35 manat kredit borcunun olduğunu əsas gətirərək borcun ödənilməsi, borcun ipoteka predmeti olan əmlaka yönəldilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi Nümayəndə2 və Cavabdeh2 ərizələrlə birinci instansiya məhkəməsinə müraciət edərək bildirmişlər ki, tərəflər arasındakı kredit müqaviləsi 08.08.2014-cü ildə bağlanmış və 3 illik iddia müddəti keçmişdir. Bu səbəbdən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahatında bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətindən arvadının adına 14500 kredit almışdır. 2016-cı ilin sentyabr ayınadək həmin kredit müqaviləsi üzrə ödənişlər etmişlər. 2016-cı ildə baş vermiş zəlzələ nəticəsində evə dəyən ziyanın ödənilməsi və evin sığortası ilə bağlı aralarında mübahisə yarandığından ödənişlər dayandırılmışdır. Məhkəmə mübahisəsi bitdikdən sonra da iddiaçı tərəfindən onlardan pul tələb edilməmişdir. İddiaçı ASC tərəfindən iddia müddəti ötürülmüşdür. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən məhkəməyə kredit müqaviləsi, ipoteka müqaviləsi, bildirişlər, İddiaçı ASC-nin İsmayıllı filialı tərəfindən verilmiş Cavabdeh3 kredit hesabından çıxarış, cavabdehlərin ərizələri və digər sənədlər təqdim olunmuşdur. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Şəki Kommersiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, e-2-2(117)-366/2020 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxsin dəlilləri İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin qətnamədən narazıdır, onu qanunsuz və əsassız hesab edir. Belə ki, Cavabdeh3 kredit müqaviləsi üzrə ona ayrılmış məbləğdən istifadə etmiş, lakin əsas məbləğ və hesablanmış faiz ödənişlərini yerinə yetirməmiş, bununla da istifadə edilmiş məbləğin geri qaytarılmasına dair üzərinə düşən öhdəliyi icra etməmişdir. Həmin kredit müqaviləsi üzrə cavabdehin 14500 manat əsas borcu, 1986,04 faiz borcu, 2156,73 manat məbləğində Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanan faiz borcu, 1766,58 manat cərimə borcu vardır. Cavabdehə gecikdirilən pul öhdəliyinin banka ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmiş, bildiriş göndərilmiş və digər vasitələrlə borcun ödənilməsi təklif olunmuşdur. Lakin borcun qaytarılması yönündə iddiaçı tərəfindən atılmış bütün addımlara baxmayaraq yuxarıda qeyd olunan borc məbləği bu günədək ödənilməmiş qalmaqdadır. Bildirmək istəyir ki, problemli kreditlərin kompensasiyası uzrə Azerbaycan Respublikası Maliyyə Bazarlanna Nəzarət Palatasının rəsmi internet portalından çıxarışdan görünür ki, Cavabdeh3 ləğv prosesində olan İddiaçı ASC-nə 01 mart 2019-ci il tarixinə əsas kredit borcu 14.500 manat təşkil etmişdir. Restrukturizasiya olunması təklif olunan kredit məbləği 14.500 manat məbləğində müəyyən edilmiş, həmin kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya edilməsi təklif olunmuşdur. Cavabdeh3 ləğv prosesində olan İddiaçı ASC-nin ləgvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ünvanlanmış bildirişdə kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın tələblərinin yerinə yetirilməsi məqsədilə restrukturizasiya olunması təklif edilmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı dərc edildiyi tarixdən bütün kreditlər üzrə iddia müddətinin axımı dayanmışdır. Buna əsasən hesab edir ki, Cavabdeh3 kredit müqaviləsi üzrə iddia müddətinin 08.08.2020-cu il tarixdə keçməsi səbəbindən iddianın rədd edilməsi barədə Şəki Kommersiya Məhkəməsinin 18.11.2020 il tarixli, e-2-2(117)-366/2020 nömrəli qətnaməsindən verdikləri şikayət təmin edilməlidir. Bundan başqa qeyd edir ki, məhkəmənin iddia müddəti tətbiq edərkən sözügedən kredit müqaviləsi üzrə iddia müddəti axımını müqavilənin icra müddətinin bitdiyi 13 dekabr 2013-cü il tarixdən hesablaması düzgün deyil. Bu zaman məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli, 24.12.2014-cü İİ tarixli və 08.05.2008-ci il tarixli qərarlarının və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın tələblərini nəzərə almamışdır. Birinci instansiya məhkəməsi tələbi iddia müddətinin tətbiq edilməsi əsası ilə rədd edərkən iddiaçının mənafeyini və onun hüquqlarının cavabdeh tərəfindən pozulub-pozulmamasını nəzərə almamışdır. Belə ki, iddia tələbinin mahiyyətindən də görünür ki, cavabdehlə kredit müqaviləsi bağlanmış və cavabdeh həmin kredit müqaviləsi üzrə 14.500 manat kredit götürmüşdür. İddiaçının iddia tələbinin əsasını cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi təşkil edir. Məhkəmə isə sözügedən mübahisəni araşdırmadan iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsasına istinad edərək iddianı rədd etmiş və iddiaçının pozulmuş hüquqlarının məhkəmə müdafiəsi həyata keçirməmişdir. Beləliklə, iddiaçının hazırkı iddia tələbi haqlı tələb olmaqla kreditor kimi öhdəliyin icrasını və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmə hüququndan irəli gəldiyindən iddia tələbi təmin olunmalı və iddia ərizəsində tələb olunan məbləğlər cavabdehdən tutulmalıdır. Göstəriənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 18.11.2020 il tarixli, e-2-2(117)- 366/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi, habelə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 28 iyul 2021ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 03 mart 2021-ci il tarixli, e-2-2(107)- 13/2021 nömrəli qətnaməsi qismən-iddianın qismən təmin edilməsi hissəsində ləğv edilərək iş apellyasiya qaydasında yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin 03 mart 2021-ci il tarixli, e-2-2(107)-13/2021 nömrəli qətnaməsi iddianın təmin edilməmiş yəni 14500 (on dörd min beş yüz) manat əsas borc tələbinin rədd edilməsi hissəsinə dair hüquqi qiymətləndirilmə aparılmalıdır. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448 bənd 1, 2). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 739.1, 739.2)... Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olmuşdur ki, İddiaçı ASC-nin İsmayıllı filialı ilə Cavabdeh3 arasında bağlanmış 08.08.2014-cü il tarixli 317/14/SKMF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh3 heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 36 ay müddətinə 18 ay güzəşt müddəti ilə 14500 manat kredit verilmiş, borcalan Cavabdeh3 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 08.08.2014-cü il tarixli 317/14/SKMF nömrəli ipoteka müqaviləsində göstərilmiş Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan İsmayıllı rayonu Mollaisaqlı kəndində yerləşən fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsində tərəflərin razılığı ilə ipoteka predmetinin dəyəri 24500 manat qiymətləndirilmişdir. Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək götürdüyü 14500 manat kredit borcunu ödəməmiş, nəticədə onun ödənilməmiş borcu qalmış və tərəflər arasında müqavilə tələbi üzrə hazırkı mübahisə yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Cavabdehlər şəxsən və nümayəndəsi vasitəsi ilə ərizələrlə birinci instansiya məhkəməsinə müraciət edərək bildirmişlər ki, tərəflər arasındakı kredit müqaviləsi 08.08.2014-cü ildə bağlanmış və 3 illik iddia müddəti keçmişdir. Bu səbəbdən iddianın rədd edilməsini birinci instansiya məhkəməsindən xahiş etmişlər. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC-nin İsmayıllı filialı ilə Cavabdeh3 36 ay müddətinə 08.08.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Eyni zamanda Zaminbank ASC-nin İsmayıllı filialı tərəfindən verilmiş Cavabdeh3 kredit hesabından çıxarışdan müəyyən olunur ki, Cavabdeh3 tərəfindən iddiaçıya sonuncu ödənişi 15.09.2016-cı il tarixdə 70 manat məbləğində olmuşdur. Qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı kredit müqaviləsinin müddətinin bitmə anı ilə müəyyən edilir ki, kredit müqaviləsi 3 il müddətinə 08.08.2014-cü il tarixdə bağlanmış və kredit müqaviləsinin müddəti 08.08.2017-ci il tarixdə bitmişdir. Məhz bu baxımdan iddia müddəti üzrə 3 illik iddia müddəti müqavilə müddətinin bitdiyi 08.08.2017-ci il tarixdən hesablanır ki, iddia müddəti ərzində cavabdeh tərəfindən iddiaçıya ödəniş edilməmiş və iddia müddətinin kəsilməsinə səbəb olan hal mövcud deyildir. İddia müddəti 08.08.2017-ci il tarixdə başlanmış və 08.08.2020-ci il tarixdə bitmişdir ki, iddiaçı iddia müddəti ərzində məhkəməyə müraciət etməmiş və sonuncunun müraciəti elektron kabinet vasitəsi ilə 09.09.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı iddia müddəti bitdikdən sonra məhkəməyə müraciət etmişdir ki, qanunvericiliyin tələbi baxımından iddia müddətinin tətbiqinə dair cavabdehin ərizəsi məhkəmə üçün iddianın rədd edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyаsiyа instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyаsiyа şikayətini isə təmin etmədən saxlaya bilər. Kassasiya şikayətinn mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyаsiyа şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, e-2-2(117)-366/2020 saylı qətnaməsi əsas borc tələbinə dair iddianın təmin edilməməsinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, e-2-2(117)- 366/2020 nömrəli qətnаməsi iddia tələbinin təmin edilməmiş 14500 (on dörd min beş yüz) manat əsas borc tələbinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar