Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-128/2024 14.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X1 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 30000 manat məbləğində əsas borc, 5380.85 manat faiz bоrcu, 1836 manat cərimə bоrcu və ödənilmiş 210 manat mediasiya xərcinin tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2- 2(117)-417/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 007A********** nömrəli kredit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən 25 ay müddətinə, illik faiz dərəcəsi 1.9167 % оlmaqla 30000 manat məbləğində kredit verilmişdir.
2. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən kredit alan Cavabdeh1 krediti ona hesablanmış faizi ilə birlikdə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavəödəniş planına uyğun olaraq həmin ödəniş planında razılaşdırılmış tarixdə banka qaytarmağı öhdəsinə götürmüşdür. 4.1.5-ci bəndinə əsasən kredit alan krediti və ona hesablanmış faizi ödəniş planı üzrə vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablanır.
3. Həmin kredit müqaviləsi üzrə ödhəliklərin icarsının təminatı olaraq iddiaçı bankla zamin Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə 007G**********01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.
4. Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun ödənilməmiş 30000 manat məbləğində əsas borc, 5380.85 manat faiz bоrcu, 1836 manat cərimə borcu qalmışdır. Bu hal xx.xx.2023-cü il tarixə olan maliyyə arayışı və hesabdan çıxarışla təsdiq olunur.
5. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 9/3628 nömrəli ekspert rəyinə əsasən xx.xx.2024-cü il tarixə əsas borc 30000 manat, faiz borcu 9430 manat təşkil etmiş, hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən cərimə borcu hesablanmamışdır.
6. Cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada onun хеyrinə 30000 manat məbləğində əsas borc, 5380.85 manat faiz bоrcu, 1836 manat cərimə bоrcu və ödənilmiş 210 manat mediasiya xərcinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 götürdüyü kredit bоrcundan ödəniş etməmiş və оnun iddiaçıya 30000 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 306 gün üçün hesablanmış faiz borcu 5380.85 manat təşkiledir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 306 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1836 manat təşkiledir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir.
9. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 bildirmişdir ki, Accessbank QSC ilə uzun müddət işləmişdir. İndiyə kimi 123800 manat pul alıb qaytarmışdır. Sonuncunun kredit müqaviləsinə əsasən təxminən 26000 manat borcu qalmışdır. Yenidən ona 30000 manat kredit vermişdilər. Təxminən 26000 manat borcunu 30000 manatdan çıxmışdılar. 3700 manat ona kassadan pul verilmişdir. Yeni kredit cədvəli ona veriləndən sonra o, ödəmə qabiliyyətini itirmişdir. Banka ödəniş qrafikini uzadıb, faizləri aşağı salmaqla bağlı müraciət etmişdir ki, o, ödəniş etsin. Bank bununla razılaşmamışdır. Sahibkarlıq failiyyəti və heyvandarlıqla məşğul olmuşdur. Heyvanları tələf olmuş, qəssab mağazası işlədirdi, lakin mağaza bağlanmışdır. Şəriyi də avto-qəza törətmişdir. Halhazırda həbsdədir. Ona görə də borcunu ödəyə bilməmişdir. Sonra pandemiya olmuş, ona pandemiya vaxtında iki il faizə güzəşt etmişdilər. Əlavə olaraq bildirmişdir ki, onun ailəsi genişdir və 4 nəfər uşağı var. Evdə onkoloji xəstəsi var. Həm də ona baxır. Ailəni dolandırmaqda çətinlik çəkmişdir. Bütün bunların nəzərə alınmasının xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 vəkili Vəkil bildirmişdir ki, cavabdeh öhdəliklərini yerinə yetirməsə də, bank bunun bilə-bilə vaxtında məhkəməyə müraciət etməmişdir. Faizlərin məqsədli şəkildə artmasına şərait yaratmışdır. Ona görə də faizlərin azaldılmasını xahiş etmişdir. Həm də onu bildirmişdir ki, onlar ekspert rəyi ilə razı deyillər. Çünki faizlər artıq hesablanmışdır. İddia tələbi həcmində iddianın təmin edilməsini, faiz və cərimənin silinməsinin xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 bildirmişdir ki, Qəribov Fazil qonşusu, uşaqlıq dostudur, ona zamin durmuşdur. Həmişə vaxtında borcunu ödəmişdir. Malları tələf olmuş, mağazası bağlanmışdır. Sonuncu aldığı krediti ödəyə bilməmişdir. Faiz borcu çoxdur. Bank tərəfindən şişirdilmişdir. Faizlərin, cərimələrin silinməsinə köməklik göstərilməsini xahiş etmişdir. Onun özünün də adına kredit var, aylıq ödəniş etmişdir. Öz işindən əlavə fəhləliklə məşğul olmuşdur. Qəribov Fazil də onunla bəzən fəhləlik etmişdir. Özünün də xəstəsi olduğunu, ona baxdığını, həm də ailəsinin geniş olduğunu bildirmişdir. Ümumilikdə onlara köməklik göstərilməsini xahiş etmişdir.
12. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 04 sentyabr 2024-cü il tarixli, e-2-2(117)-417/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 30000 manat əsas borc, 5380.85 manat faiz bоrcu, 500 manat cərimə borcu və 200 manat mediasiya xərci tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilməmiş 201.65 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
13. Məhkəmə hesab etmişdir ki, iddia tələbi 30000 manat əsas borc və 5380,85 manat faiz borcu hissəsində əsaslıdır.
14. Məhkəmə 1836 manat cərimə borcuna münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Çünki, araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 kredit borclarını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, 007A********** nömrəli kredit müqaviləsi üzrə 500 manat cərimə tutularaq banka ödənilməli, tələb qalan hissədə rədd edilməlidir.
15. Məhkəmə belə nəticəyə gəlmişdir ki, bankla zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixdə 007G**********01 nömrəli zaminlik müqaviləsi qüvvədə olduğundan və həmin müqavilə üzrə zamin Cavabdeh2 borclu Cavabdeh1 ilə kreditor qarşısında birgə məsuliyyət daşıdığından və sonuncu kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən cavabdehlərdən müştərək qaydada 30000 manat məbləğində əsas borc, 5380.85 manat faiz bоrcu və 500 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 462.1, 462.3, 467, 449.1, 470.1, 472.1, 739.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikаyəti vermişdir.
18. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: 007A********** nömrəli kredit müqaviləsi, zaminlik müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
II. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, qətnaməsi ilə tam razı deyildir. Belə ki, məhkəmə iclasında da bildirmişdir ki, İddiaçı QSC-dən müxtəlif vaxtlarda kredit alaraq bankla uzun müddət işləmişdir. İndiyə kimi 123800 manat pul alıb qaytarmışdır. Sonuncu dəfə kredit müqaviləsinə əsasən təxminən 26000 manat borcu qalmış və yenidən ona 30000 manat kredit verilmiş, təxminən 26000 manat borcunu 30000 manatdan çıxmışlar. 3700 manat ona kassadan pul verilmişdir. Yeni kredit cədvəli ona veriləndən sonra ödəmə qabiliyyətini itirmişdir. Banka ödəniş qrafikini uzadıb, faizləri aşağı salmaqla bağlı müraciət etmişdir ki, o, ödəniş etmişdir. Bank isə bununla razılaşmamışdır. Sahibkarlıq failiyyəti ilə və heyvandarlıqla məşğul olmuşdur. Heyvanları pandemiya vaxtı tələf olmuş, qəssab mağazası işlətmişdir ki, o da bağlanmış, şəriki avtoqəza törədərək müflis olmuşdur və hal-hazırda həbsdədir. Ona görə də borcunu ödəyə bilməmişdir. Ölkədə olan pandemiya vaxtı kredit borcunda iki il faizə güzəşt etmişdirlər. Həmçinin, ailə vəziyyəti də çox ağırdır, belə ki, 4 uşağı var. Evdə onkoloji xəstəsi var, həm də ona baxır və ailəni dolandırmaqda çətinlik çəkir. Ona görə də məhkəmə qətnamə qəbul edərkən iddiaçı tərəfindən tələb olunan kredit borcu üzrə faizləri azaltmamış, cərimə borcunu azaltsa da nisbətən yüksək saxlamış, mediasiya xərcinin yarısı ondan tutulmalı halda tam həcmdə alınaraq iddiaçıya verilməsi, eyni zamanda dövlət rüsumu ödənilmədiyi halda ondan dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi göstərilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, mülki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilən qətnamə qismən qanunsuz və əsassızdır. Hesab edir ki, iddia tələbi üzrə 5380.85 manat faiz bоrcu və azaldılaraq saxlanılan 500 manat cərimə məbləği maddi vəziyyətinə görə həddən artıq çoxdur. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2-2(117)-417/2024 saylı qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin kredit müqaviləsi üzrə faiz, cərimə borcu və mediasiya xərci hissəsində azaldılaraq, dövlət rüsumu hissəsində isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
21. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı QSC-nin nümayəndəsi ərizə ilə müraciət edərək hazırkı kommersiya mübahisəsinə dair işə nümayəndənin iştirakı olmadan baxılmasını, eyni zamanda cavabdeh tərəfindən verimiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
24. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
25. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini qismən kredit müqaviləsi üzrə faiz, cərimə borcu, mediasiya xərci və dövlət rüsumu hissələrində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissələrdə yoxlanılacaqdır.
IV. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
26. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
32. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
33. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.
34. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
35. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
36. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
37. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
43. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
46. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
V. Apellyasiya məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2-2(117)-417/2024 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
49. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
50. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildiyi kimi, xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 007A********** nömrəli kredit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən 25 ay müddətinə, illik faiz dərəcəsi 1.9167 % оlmaqla 30000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə bank (iddiaçı) arasında bağllanmış xx.xx.2022-ci il tarixdə 007G**********01 nömrəli zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh1 götürdüyü kredit bоrcundan ödəniş etməmiş və оnun iddiaçıya 30000 manat məbləğində kredit bоrcu qalmışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir.
51. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3628 nömrəli ekspert rəyinə əsasən xx.xx.2024-cü il tarixə əsas borc 30000 manat, faiz borcu 9430 manat təşkil etmiş, hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən cərimə borcu hesablanmamışdır.
52. Ekspert rəyindən də göründüyü kimi əsas borc məbləği iddiaçının tələb etdiyi məbləğlə eynilik təşkil edərək 30000 manat təşkil etmiş, faiz borcu isə iddiaçının tələb etdiyi məbləğdən çox olmuşdur.
53. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi həddində hesablanmış 30000 manat əsas borc, 5380,85 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
54. Apellyasiya şikayətinin başlıca dəlili kredit müqaviləsi üzrə faiz borcunun çox olması barədədir. Kollegiya həmin dəlillə bağlı qeyd edir ki, iş üzrə keçirilmiş ekspert rəyi ilə müəyyən edilən faiz borcu (9430 manat) iddia tələbində göstərilən faiz borcundan (5380,85 manat) əhəmiyyətli dərəcədə çoxdur. Birinci instansiya məhkəməsi isə iddia tələbində göstərilən faiz borcunu qət etdiyindən həmin dəlil əsassızdır.
55. Şikayətin digər dəlili cərimə borcunun yüksək olması barədədir. Birinci instansiya məhkəməsinin tutduğu cərimənin həcmi (500 manat) təmin olunan əsas borcun (30000 manat) heç 2%-ni belə təşkil etmir ki, bu da MM-in 467-ci maddəsinin tələbləri, habelə bu sahədə formalaşmış məhkəmə təcrübəsi baxımından tutulmuş cərimə pulunun tənasübsüz surətdə yüksək olması anlamına gəlmir.
56. Belə olan halda şikayətin həmin dəlili də əsassız hesab edilməlidir.
57. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən mediasiya xərci və dövlət rüsumunun düzgün tutlmamasına dair dəlillərini də əsassız sayır. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-in və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrini rəhbər tutaraq iş üzrə hesablanmış dövlət rüsumu və mediasiya xərclərini həll etmişdir.
58. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
59. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.
60. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
61. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.
62. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.
63. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
64. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2-2(117)-417/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
65. Qətnamənin mübahisələndirilən hissəsi on min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2-2(117)- 417/2024 saylı qətnаməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov