Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-13/2020 06.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı QSC BOKT-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC X7 Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ”2994 manat əsas borc və 445 manat faiz borcu olmaqla cəmi 3439 manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması tələbinə dair” kommersiya işi üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(84)-317/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim R.A.Məcidov) xx xxxxxx 2019-cu il tarixli, e-2-2(84)-317/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2994 manat əsas borc və 445 manat faiz borcu olmaqla cəmi 3439 (üç min dörd yüz otuz doqquz) manat borc məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumu əvəzinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X7 Təşkilatına ödənilməsi qət edilmişdir. İşin halları: xx.xx.2018-ci il tarixdə İddiaçı QSC X7 Təşkilatının Şəki filialı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixinədək olan müddətə 473TM/18 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı 3300 manat pulu illik 10 faizlə Cavabdeh1 verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, xx.xx.2018-ci il tarixdə İddiaçı QSC BOKT-nın Şəki filialı ilə Cavabdeh2 arasında borcalan 473TM/18 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 473ZT/18 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə borcalana ümumilikdə 3300 manat pul vəsaiti vermiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 2994 manat ödənilməmiş əsas borcu qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehlərə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit öhdəliyini yerinə yetirmədiyindən onun əsas və faiz borcu yaranmışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, İddiaçı QSC BOKT-dən 3300 manat kredit götürərək tütün əkmiş, əkdiyi tütünü su basdığından məhsul götürə bilməmişdir. Bu səbəbdən iddiaçıya borclu qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 verdiyi izahatında bildirmişdir ki, 2018-ci ildə Cavabdeh1 tütün əkmək üçün kredit götürmüş, o da zamin durmuşdur. Kredit 4 mərhələdə verilmiş və hər mərhələdə iştirak etmişdir. 2 ha sahədə tütün əkmişlər, lakin təbii fəlakət nəticəsində tütünü su basmışdır. Bundan sonra, onlar şitil alaraq ikinci dəfə tütün əkmişlər. Avqust ayında məhsul yığımından əvvəl bankın nümayəndəsi tərəfindən sahəyə baxış keçirilmiş və dördüncü mərhələdə də pul ayrılmışdır. Lakin, bundan sonra sel gələrək sahəni tamamilə aparmış və bu barədə Balakən rayon İcra Hakimiyyətindən də arayış almışlar. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, zaminlik müqaviləsi, hesabdan çıxarış, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(84)-317/2019 nömrəli qətnaməsindən Cavabdeh1 apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin və tərəflərin dəlilləri Cavabdeh1 apelyasiya şikayətində Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(84)-317/2019 nömrəli qətnaməsinin ləğv edilməsini, onun İddiaçı QSC BOKT-ya olan 3439 manat borcunun silinməsini və hazırkı işin obyektiv və hərtərəfli araşdırılması üçün ekspertiza təyin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə qətnaməsi qanunsuz, əsassız və ədalətsizdir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsi sözügedən qətnamədə müqavilə üzrə tərəflərin öhdəliklərinə toxunmadan səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) X3 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, eyni zamanda, tərəfindən işin daha yaxşı öyrənilməsi və yazılı məhkəmə çıxışının hazırlanması üçün ona müəyyən vaxt verilməsini, bununla əlaqədar məhkəmə baxışının təxirə salınmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edənCavabdeh2 da apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş Cavabdeh1 və onun nümayəndəsi (vəkili) X3, həmçinin iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, cavabdehlər gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Cavabdeh1 nümayəndəsi (vəkili) X3 teleqramla məhkəmə kollegiyasına müraciət edərək xx.xx.2020-ci il tarixdə, saat 11:15-də Balakən Rayon Məhkəməsində cinayət işi üzrə təqsirləndirilən şəxsin müdafiəçisi qismində iştirak edəcəyinin nəzərə alınaraq, işin baxılmasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası əvvəlki məhkəmə iclasında apelyasiya baxışının məhz cavabdehin nümayəndəsi (vəkili) Hidayət Muradovun təşəbbüsü ilə təxirə salınmasını, hazırkı məhkəmə iclasında iştirakının mümkünsüzlüyü barədə isə hər hansı sübut təqdim etməməsini (göndərməməsini) nəzərə alaraq onun məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz hesab edir. Belə olan halda məhkəmə işə şəxsin iştirakı olmadan baxmağa haqlıdır. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə cavabdehlərin və nümayəndənin (vəkilin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən İddiaçı QSC BOKT-nın nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 tərəfindən verilmiş apelyasıya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(84)-317/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Müki Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. İşdə olan, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 473TM/18 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə tütün istehsalı üçün illik 10 faizlə əsas və faiz borclarını xx.xx.2018-ci ilədək tam ödəmək şərtilə 33000 manat kredit vermişdir. Borcalan borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə yüksək məhsuldarlıqlı tütün əkib becərmək və əldə edilmiş yaşıl tütün yarpağını bu müqavilə ilə müəyyən edilmiş qiymətlə “xxxx”yə təhvil verməyi, xxxx məhsulu qəbul etməyi, xxxxnün tabe olduğu “Alıcı” isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı və cavabdehdən savayı, “Alıcı” qismində “xxxx” MMC və “xxxx” qismində həmin MMC-nin X4 və Emalı Məntəqəsi də sözügedən müqavilənin iştirakçısıdırlar. Eyni zamanda, həmin müqaviləyə əsasən Cavabdeh2 zamin qismində iştirak edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2994 manat əsas borc və 445 manat faiz borcu olmaqla cəmi 3439 manat borc məbləği, habelə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC BOKT-ya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, həmin nəticəni işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə isə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Hazırkı mübahisədə iddiaçı müqavilə şərtlərinə riayət edərək kredit məbləğini cavabdehə versə də, cavabdeh öhdəliyini lazımınca icra etməmiş, nəticədə onun əsas kredit məbləği üzrə 2994 manat, faizlər üzrə 445 manat borcu yaranmışdır. Cavabdeh1 apelyasiya şikayətində borcunun yaranmasının səbəbi kimi yetişdirdiyi tütün məhsulunun 1,8 hektar torpaq sahəsindəki hissəsini iki dəfə Qaraçay çayının daşması nəticəsində sel daşqınının yuyub aparmasını göstərmişdir. Eyni zamanda, cavabdeh hazırkı iş üzrə ona dəymiş zərərin hesablanması üçün ekspertiza keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, götürülmüş kredit məbləğinin sərf olunduğu əkinin təbii fəlakət nəticəsində məhv olması həmin kredit üzrə borcun ödənilməməsi (qaytarılmaması) üçün əsas deyildir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 473TM/18 nömrəli kredit müqaviləsinin 2.2.1-ci bəndinin “c” yarımbəndinə əsasən, “Borcalan” (cavabdeh) təbii fəlakətdən və digər zərərlərdən qorunmaq üçün müvafiq sığorta təşkilatları ilə müqavilə bağlaya bilər. Həmin müqavilənin 2.2.2-ci bəndinin “h” yarımbəndinə əsasən isə, “Borcalan” (cavabdeh) işlər görülən sahədə tütün bitkisini mümkün olan bütün itkilərdən qorumaq üçün bütün zəruri tədbirləri həyata keçirmək öhdəliyi daşıyır. Eyni zamanda, kredit müqaviləsinin 2.2.2-ci bəndinin “g” yarımbəndinə görə, “Borcalan” (cavabdeh) “Borcverən”dən (iddiaçıdan) aldığı krediti faizi ilə birlikdə tam həcmdə və vaxtında ödəmək, əks təqdirdə ona ayrılmış subsidiyadan borcun ödənilməsinə yönəldilməsini təmin etmək öhdəliyi daşıyır. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər arasında bağlanmış kredit müqaviləsində əkinin (tütün məhsulunun) təbii fəlakət (o cümlədən əkin sahəsini sel sularının basması) nəticəsində məhv olması zamanı borcalanı (cavabdehi) kredit borcunu ödəməkdən (qaytarmaqdan) azad edən, yaxud belə hallarda borcverənin (iddiaçının) üzərinə yaranmış borcu bağışlamaq (silmək) öhdəliyi qoyan müddəalar nəzərdə tutulmamışdır. Əksinə, müqavilənin şərtlərinə görə borcalan (cavabdeh) bütün hallarda, o cümlədən əkinə hər hansı səbəbdən zərər dəydikdə və itkilərə məruz qaldıqda, hətta məhsul tamamilə məhv olduqda belə, aldığı krediti faizi ilə birlikdə tam həcmdə və vaxtında ödəmək öhdəliyi daşıyır. Bununla yanaşı, borcalan məhsulunu mümkün risklərdən, o cümlədən təbii fəlakət və ya digər zərərlərdən qorunmaq üçün sığorta xidmətlərindən istifadə edə, yəni müvafiq sığorta təşkilatları ilə müqavilə bağlaya bilərdi, lakin o bunu etməmişdir. Beləliklə, tərəflər arasında başlanmış müqavilədə kredit borcunun ödənilməsini istisna edən və ya aradan qaldıran hər hansı hal nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı işin həlli üçün borcalana (cavabdehə) təbii fəlakət nəticəsində dəymiş zərərin müəyyən olunmasının (“vəziyyətin iqtisadi cəhətdən araşdırılmasının”) əhəmiyyəti olmadığından apelyasiya şikayətinin iş üzrə ekspertiza təyin edilməsi barədə tələbi də qəbuledilməzdir. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, cavabdehlər (borcalan və zamin) iddiaçının tələbinə qarşı etiraz etməkdə haqlı deyillər, onlar alınmış kreditin faizi ilə birlikdə tam həcmdə və vaxtında ödənilməsini təmin etməməklə müqavilə öhdəliklərini pozmuşlar. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir, apelyasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə iddianın qiyməti on min manatdan az olduğundan bu iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən аpelyаsiyа şikayəti təmin edilmədən, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli e-2-2(84)- 317/2019nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli e-2-2(84)- 317/2019nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov.
Məhkəmə qərarları › İş №2-2(107)-13/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-13/2020
06.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver