Məhkəmə qərarları › İş №2-2(107)-13/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-13/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-13/2021 03.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “14500 manat əsas borc, 1986,04 manat faiz borcu, 1766,58 manat cərimə və 2156,73 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla cəmi 20409,35 manat kredit borcunun və 30 manat dövlət rüsumu əvəzinin Cavabdeh3 tutularaq ödənilməsi, Cavabdeh1 və Cavabdeh2 məxsus İsmayıllı rayonu Mollaisaqlı kəndində yerləşən fərdi yaşayış evinin (0,25 ha torpaq sahəsi ilə birlikdə) açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və satışdan əldə olunan vəsait kredit borcunun tam ödənilməsinə kifayət etmədiyi halda borc məbləğinin Cavabdeh3 tutularaq ödənilməsi tələbinə dair” kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2- 2(117)-366/2020 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxx 2020-ci il tarixli, e- 2-2(117)-366/2020 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “14500 manat əsas borc, 1986,04 manat faiz borcu, 1766,58 manat cərimə və 2156,73 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla cəmi 20409,35 manat kredit borcunun və 30 manat dövlət rüsumunun Cavabdeh3 tutularaq ödənilməsi, Cavabdeh1 və Cavabdeh2 məxsus İsmayıllı rayonu Mollaisaqlı kəndində yerləşən fərdi yaşayış evinin (0,25 ha torpaq sahəsi ilə birlikdə) açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və satışdan əldə olunan vəsait kredit borcunun tam ödənilməsinə kifayət etmədiyi halda borc məbləğinin Cavabdeh3 tutularaq ödənilməsi tələbinə dair” iddiası rədd edilmiş və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. İşin halları İddiaçı ASC-nin İsmayıllı filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 317/14/SKMF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh3 heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 36 ay müddətinə 18 ay güzəşt müddəti ilə 14500 manat kredit verilmiş, borcalan Cavabdeh3 kredit borcunu və müqavilə üzrə müəyyən edilmiş qaydada illik 6 % dərəcəsi ilə faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 %-i cərimə və vaxtı keçmiş kredit üzrə 12 % ödəyir. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2014-cü il tarixli 317/14/SKMF nömrəli ipoteka müqaviləsində göstərilmiş Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan İsmayıllı rayonu Mollaisaqlı kəndində yerləşən fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsində tərəflərin razılığı ilə ipoteka predmetinin dəyəri 24500 manat qiymətləndirilmişdir. Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərini lazımında yerinə yetirməyərək götürdüyü 14500 manat kredit borcunu tam ödəməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. Cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2016-cı il tarixdə 70 manat məbləğində olmuşdur. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehin ödənilməmiş 14500 manat əsas borc, 1986,04 manat faiz borcu, 1766,58 manat cərimə və 2156,73 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla cəmi 20409,35 manat kredit borcunun olduğunu əsas gətirərək borcun ödənilməsi, borcun ipoteka predmeti olan əmlaka yönəldilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi Nümayəndə2 və Cavabdeh2 ərizələrlə birinci instansiya məhkəməsinə müraciət edərək bildirmişlər ki, tərəflər arasındakı kredit müqaviləsi xx.xx.2014-cü ildə bağlanmış və 3 illik iddia müddəti keçmişdir. Bu səbəbdən iddiadan imtina edilməsini məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahatında bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətindən arvadının adına 14500 kredit almışdır. 2016-cı ilin sentyabr ayınadək həmin kredit müqaviləsi üzrə ödənişlər etmişlər. 2016-cı ildə baş vermiş zəlzələ nəticəsində evə dəyən ziyanın ödənilməsi və evin sığortası ilə bağlı aralarında mübahisə yarandığından ödənişlər dayandırılmışdır. Məhkəmə mübahisəsi bitdikdən sonra da iddiaçı tərəfindən onlardan pul tələb edilməmişdir. İddiaçı ASC tərəfindən iddia müddəti ötürülmüşdür. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən məhkəməyə kredit müqaviləsi, ipoteka müqaviləsi, bildirişlər, İddiaçı ASC-nin İsmayıllı filialı tərəfindən verilmiş Cavabdeh3 kredit hesabından çıxarış, cavabdehlərin ərizələri və digər sənədlər təqdim olunmuşdur. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(117)-366/2020 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxsin dəlilləri İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin qətnamədən narazıdır, onu qanunsuz və əsassız hesab edir. Belə ki, Cavabdeh3 kredit müqaviləsi üzrə ona ayrılmış məbləğdən istifadə etmiş, lakin əsas məbləğ və hesablanmış faiz ödənişlərini yerinə yetirməmiş, bununla da istifadə edilmiş məbləğin geri qaytarılmasına dair üzərinə düşən öhdəliyi icra etməmişdir. Həmin kredit müqaviləsi üzrə cavabdehin 14500 manat əsas borcu, 1986,04 faiz borcu, 2156,73 manat məbləğində Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanan faiz borcu, 1766,58 manat cərimə borcu vardır. Cavabdehə gecikdirilən pul öhdəliyinin banka ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmiş, bildiriş göndərilmiş və digər vasitələrlə borcun ödənilməsi təklif olunmuşdur. Lakin borcun qaytarılması yönündə iddiaçı tərəfindən atılmış bütün addımlara baxmayaraq yuxarıda qeyd olunan borc məbləği bu günədək ödənilməmiş qalmaqdadır. Bildirmək istəyir ki, problemli kreditlərin kompensasiyası uzrə Azerbaycan Respublikası Maliyyə X1 rəsmi internet portalından çıxarışdan görünür ki, Cavabdeh3 ləğv prosesində olan İddiaçı ASCnə xx xxxx 2019-ci il tarixinə əsas kredit borcu 14.500 manat təşkil etmişdir. Restrukturizasiya olunması təklif olunan kredit məbləği 14.500 manat məbləğində müəyyən edilmiş, həmin kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya edilməsi təklif olunmuşdur. Cavabdeh3 ləğv prosesində olan İddiaçı ASC-nin ləgvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ünvanlanmış bildirişdə kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın tələblərinin yerinə yetirilməsi məqsədilə restrukturizasiya olunması təklif edilmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı dərc edildiyi tarixdən bütün kreditlər üzrə iddia müddətinin axımı dayanmışdır. Buna əsasən hesab edir ki, Cavabdeh3 kredit müqaviləsi üzrə iddia müddətinin xx.xx.2020-cu il tarixdə keçməsi səbəbindən iddianın rədd edilməsi barədə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020 il tarixli, e-2-2(117)-366/2020 nömrəli qətnaməsindən verdikləri şikayət təmin edilməlidir. Bundan başqa qeyd edir ki, məhkəmənin iddia müddəti tətbiq edərkən sözügedən kredit müqaviləsi üzrə iddia müddəti axımını müqavilənin icra müddətinin bitdiyi xx xxxxxx 2013-cü il tarixdən hesablaması düzgün deyil. Bu zaman məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli, xx.xx.2014-cü İİ tarixli və xx.xx.2008-ci il tarixli qərarlarının və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın tələblərini nəzərə almamışdır. Birinci instansiya məhkəməsi tələbi iddia müddətinin tətbiq edilməsi əsası ilə rədd edərkən iddiaçının mənafeyini və onun hüquqlarının cavabdeh tərəfindən pozulub-pozulmamasını nəzərə almamışdır. Belə ki, iddia tələbinin mahiyyətindən də görünür ki, cavabdehlə kredit müqaviləsi bağlanmış və cavabdeh həmin kredit müqaviləsi üzrə 14.500 manat kredit götürmüşdür. İddiaçının iddia tələbinin əsasını cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi təşkil edir. Məhkəmə isə sözügedən mübahisəni araşdırmadan iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsasına istinad edərək iddianı rədd etmiş və iddiaçının pozulmuş hüquqlarının məhkəmə müdafiəsi həyata keçirməmişdir. Beləliklə, iddiaçının hazırkı iddia tələbi haqlı tələb olmaqla kreditor kimi öhdəliyin icrasını və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmə hüququndan irəli gəldiyindən iddia tələbi təmin olunmalı və iddia ərizəsində tələb olunan məbləğlər cavabdehdən tutulmalıdır. Göstəriənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020 il tarixli, e-2-2(117)- 366/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya baxışı iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(117)-366/2020 nömrəli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi, habelə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahat və çıxışını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib tətbiq edilməli hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(117)-366/2020 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı ASC-nin İsmayıllı filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 317/14/SKMF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh3 heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 36 ay müddətinə 18 ay güzəşt müddəti ilə 14500 manat kredit verilmiş, borcalan Cavabdeh3 kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2014-cü il tarixli 317/14/SKMF nömrəli ipoteka müqaviləsində göstərilmiş Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan İsmayıllı rayonu Mollaisaqlı kəndində yerləşən fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur. İpoteka müqaviləsində tərəflərin razılığı ilə ipoteka predmetinin dəyəri 24500 manat qiymətləndirilmişdir. Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək götürdüyü 14500 manat kredit borcunu ödəməmiş, nəticədə onun ödənilməmiş borcu qalmış və tərəflər arasında müqavilə tələbi üzrə hazırkı mübahisə yaranmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehin ödənilməmiş 14500 manat əsas borc, 1986,04 manat faiz borcu, 1766,58 manat cərimə və 2156,73 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla cəmi 20409,35 manat kredit borcunun olduğunu bildirərək həmin borcun tutulmasının ipoteka predmeti olan əmlaka yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı kredit müqaviləsinin müddətinin bitmə anı ilə müəyyən edilir ki, kredit müqaviləsi 3 il müddətinə xx.xx.2014-cü il tarixdə bağlanmış və kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Məhz bu baxımdan iddia müddəti üzrə 3 illik iddia müddəti müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən hesablanır ki, iddia müddəti ərzində cavabdeh tərəfindən iddiaçıya ödəniş edilməmiş və iddia müddətinin kəsilməsinə səbəb olan hal mövcud deyildir. İddia müddəti xx.xx.2017-ci il tarixdə başlanmış və xx.xx.2020-ci il tarixdə bitmişdir ki, iddiaçı iddia müddətini 1 ay ötürəndən sonra məhkəməyə müraciət etmiş, onun müraciəti elektron kabinet vasitəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı iddia müddəti bitdikdən sonra məhkəməyə müraciət etmişdir ki, qanunvericiliyin tələbi baxımından iddia müddətinin tətbiqinə dair cavabdehin ərizəsi məhkəmə tərəfindən iddianın rədd edilməsi üçün əsasdır. İddia tələbi əsas borca münasibətdə əsaslı olduğundan və cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə əsasən həm əsas, həm də faiz və cərimələri əhatə edəcəyindən faiz və cərimə borclarının əsaslılığının məhkəmə tərəfindən aparılmasına lüzum qalmamışdır. Belə ki, cərimə və faiz borclarının əsaslılığının araşdırılması iddia müddəti tətbiq ediləcəyi təqdirdə nəticəyə təsir etməyəkdir; hesablanmış faiz və cərimələrin məbləğinin aşağı və ya yuxarı olması iddia müddəti tətbiq ediləcəyi təqdirdə əhəmiyyət kəsb etmir. Həmin halların araşdırılması isə lüzumsuz olaraq ekspertizanın keçirilməsi və əlavə məhkəmə xərclərinin yaranmasına gətirib çıxaracağından məhkəmə həmin halların araşdırılmasından imtina etmişdir. Həmçinin birinci instansiya məhkəməsi tələbin ipoteka predmetinə yönəldilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 376-cı maddəsinə müvafiq olaraq əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir... Ona görə də iddia tələbi bu hissədə də təmin edilməməlidir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iddia müddətinin keçməsi barədə gəldiyi nəticə ilə razılaşmır və həmin nəticənin işin həqiqi hallarına uyğun olmadığı qənaətindədir. Belə ki, iş materiallarından göründüyü kimi, hazırkı tələb üzrə öhdəliyin icrası müddəti xx.xx.2017-ci il tarixdə sona çatmış və növbəti gündən iddia müddətinin axımı başlamış, iddiaçının xx.xx.2020-ci il tarixədək məhkəmədə iddia qaldırmaq hüququ olmuşdur. İş materialları ilə həmçinin müəyyən olunur ki, iddiaçının Cavabdeh3 qarşı hazırkı tələblə bağlı iddia ərizəsi Şəki Kommersiya Məhkəməsinə xx.xx.2020-ci il tarixdə verilmiş (daxil olmuş) və Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. Belə vəziyyətdə iddiaçının iddia müddətini 1 ay ötürməsi müəyyən olunur. Lakin, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanı kredit mübahisələrinin məhkəmə qaydasında həllinə möhlət verilməsini və həmin müddətdə fiziki şəxslərin kredit borclarının dəqiqləşdirilməsi, dövlət tərəfindən banklara verilən vəsait hesabına fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının banklar tərəfindən restrukturizasiyasının aparılması və güzəştli şərtlərlə yeni kredit müqavilələrinin bağlanması, problemli kreditlər üzrə sair güzəştlərin tətbiqi kimi tədbirlərin həyata keçirilməsini nəzərdə tuturdu. Həmin Fərmana müvafiq olaraq X2 Palatası tərəfindən problemli kreditlər üzrə fiziki şəxslərin xx.xx.2019-cu il tarixə olan əsas borcları müəyyən edilmiş və Fərmanın təsiri altına düşən kreditlərin restrukturizasiyası ilə əlaqədar banklara zəruri tədbirlərin görülməsi təklif olunmuşdur. Fərmanın 6-cı bəndinə əsasən, banklara vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı kredit mübahisələri üzrə iddia müddətinin axımını dayandıran amil kimi təzahür etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 379.1.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə iddia müddətinin axımı dayandırılır. Həmin Məcəllənin 379.4-cü maddəsinə əsasən, müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır. İddiaçının apellyasiya şikayətinə əlavə etdiyi xx.xx.2019-cu il tarixli bildirişin surətindən məlum olur ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh3 kredit borcunun restrukturizasiya edilməsi məqsədilə banka müraciət etməsi təklif olunmuşdur. İşdə olan Cavabdeh3 Əmanətlərin Sığortalanması Fonduna təqdim olunmuş ərizəsindən isə görünür ki, cavabdeh onunla restrukturizasiya müqaviləsinin bağlanması xahişi ilə Əmanətlərin Sığortalanması Fonduna yalnız xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının icra müddətinin həmin Fərmanın təsiri altına düşən kredit müqavilələri üzrə iddia müddətindən çıxılmalı olduğunu nəzərə aldıqda hazırkı iddia tələbi üzrə iddia müddətinin iddiaçı tərəfindən ötürülmədiyi nəticəsinə gəlmək mümkündür. Bu baxımdan məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi hazırkı iş üzrə maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və əsassız olaraq iddiaçı tərəfindən iddia müddətini ötürülmüş hesab etmişdir. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının ... pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir və iddiaçının apellyasiya şikayətinin bununla bağlı dəlilləri əsaslıdır. Ona görə də iddia müddəti örürülməmiş hesab edilməli və iddia tələbinə mahiyyəti üzrə baxılmalıdır. Qeyd edildiyi kimi, iddiaçı cavabdehin ödənilməmiş 14500 manat əsas borc, 1986,04 manat faiz borcu, 1766,58 manat cərimə və 2156,73 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla cəmi 20409,35 manat kredit borcunun olduğunu iddia edir və həmin borcun ödənilməsini, borcun tutulmasının isə ipoteka predmetinə yönəldilməsini tələb edir. Yuxarıda istinad edilən Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanında banklara vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. Fərmanına əsasən, problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə, həmin Fərmanda vətəndaşların 10.000 ABŞ dolları və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması ilə bağlı dövlət tərəfindən banklara güzəştli kreditin verilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçı borcluya münasibətdə xx xxxxxx 2019-cu il tarixli Fərmandan irəli gələn güzəştləri tətbiq etməmiş, o cümlədən borclu ilə bağlanmış kredit müqaviləsi restrukturizasiya olunmamış və onunla güzəştli şərtlərlə yeni kredit müqaviləsi bağlanmamışdır. Halbuki, restrukturizasiya tətbiq olunmaqla yeni kredit müqaviləsi bağlanılsaydı, Fərmanın tələbinə müvafiq olaraq, iddiaçı kredit müqaviləsi üzrə hesablanmış faiz borcunu və cəriməni silməli, yeni kredit müqaviləsini əsas qalıq borca görə bağlamalı idi. Belə olduğu halda banklar istinad edilən Fərmanın təsiri altına düşən kreditlər üzrə faiz və cərimə borclarını vətəndaşlardan (borclulardan) tələb edə bilməz, banklar tərəfindən yalnız əsas kredit borcu tələb edilə bilər. Məhkəmə kollegiyasının qənaətincə, iddiaçı tərəfindən restrukturizasiya edilməli olan kredit məbləğinin restrukturizasiya olunmaması nəzərə alınaraq, iddia tələbinin restrukturizasiya edilməli olan, yəni qalıq əsas borc məbləği həddində təmin edilməsi, silinməli olan faiz borcu və cəriməyə aid tələbin isə təmin olunmaması qanuni və ədalətli sayılmalıdır. Azerbaycan Respublikası Maliyyə X1 rəsmi internet portalından çıxarışdan görünür ki, Cavabdeh3 ləğv prosesində olan İddiaçı ASC-nə xx xxxx 2019-ci il tarixinə əsas kredit borcu 14.500 manat təşkil etmişdir. Restrukturizasiya olunması təklif olunan kredit məbləği 14.500 manat məbləğində müəyyən edilmiş, həmin kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya edilməsi təklif olunmuşdur. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddiası “14500 manat əsas borc, 1986,04 manat faiz borcu, 1766,58 manat cərimə və 2156,73 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla cəmi 20409,35 manat kredit borcu” tələbinə dair hissədə qismən, yəni 14.500 manat məbləğində təmin edilməli, borc tələbinin qalan hissəsi rədd edilməlidir. Eyni zamanda, iddianın tələbinin kredit borcu üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsi də təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin açıq hərracdan ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 24.500 manat müəyyən edilməlidir. Belə ki, hazırkı iddia tələbinə məhkəmədə baxılarkən tərəflərdən heç biri ipoteka predmetinin qiymətini mübahisələndirməmişdir. “İpoteka haqqında” Qanunun 39.3 və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbаycаn Respublikаsı MPM-in 14.2 və 77.1-ci mаddələrinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(117)-366/2020 nömrəli qətnaməsi ləğv edilməli və iddia kredit borcu tələbinə dair hissədə qismən - 14500 manat məbləğində təmin, qalan hissədə rədd edilməli, həmçinin iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsi təmin edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu normaya uyğun olaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı onun özünə aid edilməli, 20 manatı isə cavabdehlərdən alınaraq ona qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(117)- 366/2020 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilərək, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddiası qismən təmin edilsin. Cavabdeh3 14500 (on dörd min beş yüz) manat kredit borcu və 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka predmeti olan, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus İsmayıllı rayonu Mollaisaqlı kəndində yerləşən fərdi yaşayış evinə (0,25 ha torpaq sahəsi ilə birlikdə) yönəldilsin, həmin əmlak açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilsin. İpoteka predmetinin, yəni Cavabdeh1 və Cavabdeh2 məxsus İsmayıllı rayonu Mollaisaqlı kəndində yerləşən fərdi yaşayış evinin (0,25 ha torpaq sahəsi ilə birlikdə) ilkin satış qiyməti 24500 (iyirmi dörd min beş yüz) manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar