Məhkəmə qərarları › İş №2-2(107)-132/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-132/2024

14.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-132/2024 14.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC “Bank Standart” Kommersiya Bankının (ləğv prosesində olan) Cavabdeh qarşı “müqavilə əsasında yaranmış əsas, faiz, cərimə borcu, kredit müqaviləsi bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu və dövlət rüsumlarının cavabdehdən tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, əmlak satıldıqdan sonra ən gec 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: kredit borcu, tutmanın ipoteka predmetinə yönəldilməsi, likvid dəyər) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Şəki Kommersiya Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2-2(117)-231/2024 nömrəli qətnaməsindən iddiaçı QSC “Bank Standart” Kommersiya Bankı (ləğv prosesində olan) və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı QSC “Bank Standart” Kommersiya Bankı ilə Cavabdeh arasında xx.xx.2015ci il tarixli 160/05/309/15 nömrəli kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 60 ay müddətinə 208000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında xx.xx.2015-ci il tarixində 160/05/309/15 nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, altı oltaqlı, 189.29 kv.m ümumi, 107.13 kv.m yaşayış, 82.16 kv.m yardımçı sahədən ibarət 71 saylı fərdi yaşayış evi, kredit müqaviləsinin icrasını təmin etmək məqsədilə ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı QSC “Bank Standart” Kommersiya Bankı Cavabdeh qarşı “müqavilə əsasında yaranmış 141957.30 ABŞ dolları əsas, 109321.92 ABŞ dolları faiz, 30427.41 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 11615.08 ABŞ dolları faiz borcu, iş üzrə ödənilmiş 789 manat dövlət rüsumu və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, altı oltaqlı, 189.29 kv.m ümumi, 107.13 kv.m yaşayış, 82.16 kv.m yardımçı sahədən ibarət 71 saylı fərdi yaşayış evinin dəyəri 252000 manat müəyyən edilməklə qeydə alınmış ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, əmlak satıldıqdan sonra ən gec 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra, iddiaçı xx.xx.2024-cü il tarixində iddia həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, “müqavilə əsasında yaranmış 143744.90 ABŞ dolları əsas, 109321.92 ABŞ dolları faiz, 30427.41 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 28848.80 ABŞ dolları faiz borcu, iş üzrə ödənilmiş 976 manat dövlət rüsumu və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, altı oltaqlı, 189.29 kv.m ümumi, 107.13 kv.m yaşayış, 82.16 kv.m yardımçı sahədən ibarət 71 saylı fərdi yaşayış evi olan ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, əmlak satıldıqdan sonra ən gec 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi” kimi qəbul edilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnamə ilə iddia qismən təmin edilmişdir. İddiaçı QSC “Bank Standart” Kommersiya Bankı (ləğv prosesində olan)-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən və Cavabdeh tərəfindən apelyasiya şikayətləri verilmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları ilə şikayət mümkün hesab edilməmişdir. Daha sonra Cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli qərardadı ləğv edilmiş və iş apelyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən aidiyyəti üzrə iş baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı QSC “Bank Standart” Kommersiya Bankı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli 160/05/309/15 nömrəli kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 60 ay müddətinə 208000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndində göstərilmişdir ki, kredit 60 ay müddətinə verilir və kreditin ödənilməli olduğu son tarix xx.xx.2020-ci ildir. Müqavilənin 3.5-ci bəndinə əsasən cavabdeh almış olduğu kreditə görə illik 18% məbləğində faiz ödəyir. Müqavilənin 5.4.5-ci bəndinə əsasən borc alan alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəməyi, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən borcalan götürdüyü öhdəliyi icra etmədikdə və ya icranı gecikdirdiyi halda əsas borc və faizlərdən əlavə ödənişin gecikdirildiyi üçün kreditora vaxtında qaytarılmayan məbləğin illik 36% miqdarında cərimə ödəyir. Bundan başqa, tərəflər arasında xx.xx.2015ci il tarixində 160/05/309/15 nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, altı oltaqlı, 189.29 kv.m ümumi, 107.13 kv.m yaşayış, 82.16 kv.m yardımçı sahədən ibarət 71 saylı fərdi yaşayış evi, kredit müqaviləsinin icrasını təmin etmək məqsədilə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən qiymətləndirmə şirkəti tərəfindən xx.xx.2015-ci il tarixli qiymətləndirmə aktına əsasən daşınmaz əmlakın likvid dəyəri 252000 manat məbləğində müəyyən edilmişdir. İpoteka müqaviləsinin 5.1-ci bəndinə əsasən ipoteka qoyan kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri icra etmədikdə və ya lazımınca iccra etmədikdə ipoteka saxlayan ipoteka predmetinə yönəldilə bilər. Müqavilənin 7.2-ci bəndinə əsasən bu müqavilə ipoteka qoyanın əsas öhdəlik üzrə üzərinə düşən bütün vəzifələri tam icra etməsi anınadək qüvvədədir. Şəki Kommersiya Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2-2(117)-231/2024 nömrəli (hakim: Mübariz Hüseynov) qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək, Cavabdeh Müqavilə əsasında yaranmış 143744.90 ABŞ dolları əsas borcu, 86719.66 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 28848.80 ABŞ dolları faiz borcu ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə tutularaq iddiaçı QSC “Bank Standart” Kommersiya Bankına (ləğv prosesində olan) ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, altı oltaqlı, 189.29 kv.m ümumi, 107.13 kv.m yaşayış, 82.16 kv.m yardımçı sahədən ibarət 71 saylı fərdi yaşayış evinin olan ipoteka predmetinə yönəldilməsi, əmlakın hərracda satışı üçün likvid dəyəri 266 000 manat məbləğində müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, qeyd edilən ipoteka predmetinin satışından əldə olunmuş vəsaitin cavabdehin iddiaçı QSC “Bank Standart” Kommersiya Bankına (ləğv prosesində olan) olan kredit borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan sonra ən gec 1 ay ərzində cavabdeh tərəfindən boşaldılaraq təhvil verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmiş. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən 143744.90 ABŞ dolları əsas, 109321.92 ABŞ dolları faiz, kredit müqaviləsi bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 28848.80 ABŞ dolları faiz borcu cavabdehdən tələb edilsə də, məhkəməyə təqdim edilmiş ekspert rəyinə əsasən cavabdehin xx.xx.2024-cü il tarixə olan faiz borcu 86719.66 ABŞ dolları təşkil etmişdir. Bu səbəbdən də məhkəmə cavabdehdən müqavilə üzrə 143744.90 ABŞ dolları əsas, 86719.66 ABŞ dolları faiz, kredit müqaviləsi bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 28848.80 ABŞ dolları faiz borcunun tutulmasını qanuni və ədalətli hesab edir. Məhkəmə “30427.41 ABŞ dolları cərimə borcunun tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467). Odur ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehlərdən 500 ABŞ dolları cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağılabatandır. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddia tələbinin “tutmanın Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, altı oltaqlı, 189.29 kv.m ümumi, 107.13 kv.m yaşayış, 82.16 kv.m yardımçı sahədən ibarət 71 saylı fərdi yaşayış evinin dəyəri 252000 manat müəyyən edilməklə qeydə alınmış ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, əmlak satıldıqdan sonra ən gec 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 160/05/309/15 nömrəli sonrakı ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən qiymətləndirmə şirkəti tərəfindən xx.xx.2015-ci il tarixli qiymətləndirmə aktına əsasən daşınmaz əmlakın likvid dəyəri 252000 manat məbləğində müəyyən edilmişdir. Bununla belə, müqavilə bağlanan vaxtdan 9 il vaxt keçmiş və hazırkı şəraitə uyğun olaraq əmlakın likvid dəyəri 266 000 manat müəyyən edilmişdir. Eyni zamanda Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, altı otaqlı, 189,29 kv.m ümumi, 107,13 kv.m yaşayış, 82,16 kv.m yardımçı sahədən ibarət 71 saylı fərdi yaşayış evi hərracda satıldıqdan sonra cavabdeh tərəfindən ən gec bir ay ərzində boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırması üçün - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269, 385.1, 386.1, 442, 448.1, 448.2, 739.1 və 739.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 39, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı QSC “Bank Standart” Kommersiya Bankı (ləğv prosesində olan) birinci instansiya məhkəməsinin qətnaməsinin cərimə borcu və likvid dəyər hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka predmetinin ilkin satış qiymətinin belə yüksək müəyyən edilməsi sonradan həmin əmlakın açıq hərracda satılmasını və bankının tələbinin həmin əmlaka yönəldiməsini qeyri-mümkün edir. Əslində isə açıq hərrac zamanı əmlakın qiymətinin real olması alıcıları həmin əmlakı almağa həvəsləndirir. Təbiidir ki, əmlak açıq hərrac zamanı ən yüksək dəyəri verən şəxsə satılmalıdır. Lakin ilkin qiymətin əmlakın real dəyərindən çox qoyulması alıcıları əmlak barədə açıq hərracda iştirakdan çəkindirir və açıq hərracda iştiraka həvəsləndirmir. Cavabdehdən tutulmalı dəbbə pulunun həcmini formal məbləğədək azaldarkən, məhkəmə ziddiyyətli məhkəmə təcrübəsi yaratmış olur. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Təcrübədə kifayət qədər qətnamə mövcuddur ki, həmin qətnamələrdə məhkəmələr tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldarkən kreditorun mənafelərini nəzərə alaraq tələb edilən dəbbə pulunu 10 faiz miqdarında saxlamışdır. Lakin sözügedən qətnamədə tələb olunan 30427,41 ABŞ dollarımiqdarında dəbbə pulunu azaldaraq 100 ABŞ dolları miqdarında saxlamışdır. Beləliklə məhkəmə hüquq normalarını pozmuş və tənasüb müəyyənləşdirilərkən qanuna düzgün istinad edilməmişdir. Məhkəmələr tərəfindən təyin olunan ekspert rəylərində olan uyğunsuzluqlara baxmayaraq, Şəki Kommersiya Məhkəməsi aralarında ziddiyyət olan iki ekspert rəyindən birini əsas sübut kimi qəbul etmiş və mülki iş üzrə tam araşdırma aparmadan qərar qəbul etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bank tərəfindən törədilmiş pozuntu kredit ödənişlərini manat devalvasiyaya uğradıqdan sonra 2015-ci ildən etibarən ödəniş etməməyə başladığı halda tələbkar onu məhkəməyə üstündən bir neçə il keçdikdən sonra vermişdir. Əgər tələbkarın verilmiş kreditə görə ödənişin olunmaması ilə bağlı pretezniyası ve narazılığı var idisə nə üçün üstündən 7 (yeddi) ilə yaxın bir vaxt keçməsinə baxmayaraq 2022-ci ildə onun qeydiyyatda olduğu Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. Bu onu göstərir ki, tələbkar onunla olan müqaviləsinə müqavilənin şərtlərini pozduğu üçün məhkəməyə vaxtında ona görə müraciət etməmişdir ki, o buradan qazanc əldə etmək istəmişdir. Həmin müqavilə üzrə nəzərdə tutulmuş faizlərin və cərimənin artmasını gözləmişdir. Məhkəmə zamanı bir sıra prosessual hüquq pozuntularına yol verilmişdir. Məhkəmə onun tərəfindən aparılmış ödənişləri düzgün hesablamamışdır. Ödənişlər ilə bağlı hakim məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli idi. Çünkü faizlər və cərimə məbləğləri yüksək idi. Həmçinin məhkəmə qərar qəbul edərkən indiyədək etdiyi ödənişləri köhnə ABŞ dollarının dəyəri kimi qeydə almamışdır. Yəni əvvəlki vaxtda manata ekvivalenti bir dollarin, 0.76 manat etməsi və ona uyğun hesablanmasını nəzərə almamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, iddiaçının apellyasiya şikayətinin təmin, cavabdehin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş SMS xəbərdarlıqdan görünür ki, cavabdehin istifadəsində olmuş mobil nömrəyə (apellyasiya şikayətində də eyni nömrə qeyd edilmişdir) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat çatdırılmışdır. Bundan başqa, cavabdehin nümayəndəsi və vəkili də məhkəmə iclasından məlumatlı olmuşdur. Buna baxmayaraq, cavabdeh, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Bundan başqa, vəkil məhkəmə iclasının təxirə salınması ilə bağlı məhkəməyə ərizə ünvanlasa da, məhkəmə iclasının hansı səbəbə görə təxirə salınmasını qeyd etməmiş və həmin hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.

295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun:

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 36.1. İpoteka saxlayan həmin Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka muqaviləsi uzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka muqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yonəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş muddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yonəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. ...”

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam olaraq düzgün nəticəyə gəlmədiyindən iddiaçı tərəfin apellyasiya şikayəti qismən təmin edilərək qətnamə qismən ləğv olunmalı və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır. Belə ki, iddiaçı QSC “Bank Standart” Kommersiya Bankı Cavabdeh qarşı “müqavilə əsasında yaranmış 141957.30 ABŞ dolları əsas, 109321.92 ABŞ dolları faiz, 30427.41 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 11615.08 ABŞ dolları faiz borcu, iş üzrə ödənilmiş 789 manat dövlət rüsumu və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, altı oltaqlı, 189.29 kv.m ümumi, 107.13 kv.m yaşayış, 82.16 kv.m yardımçı sahədən ibarət 71 saylı fərdi yaşayış evinin dəyəri 252000 manat müəyyən edilməklə qeydə alınmış ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, əmlak satıldıqdan sonra ən gec 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra, iddiaçı xx.xx.2024-cü il tarixində iddia həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, “müqavilə əsasında yaranmış 143744.90 ABŞ dolları əsas, 109321.92 ABŞ dolları faiz, 30427.41 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 28848.80 ABŞ dolları faiz borcu, iş üzrə ödənilmiş 976 manat dövlət rüsumu və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, altı oltaqlı, 189.29 kv.m ümumi, 107.13 kv.m yaşayış, 82.16 kv.m yardımçı sahədən ibarət 71 saylı fərdi yaşayış evi olan ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, əmlak satıldıqdan sonra ən gec 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi” kimi qəbul edilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyatorlardan iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini likvid dəyər və cərimə borcu hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə apellyator iddianın tam təmin edilməsini tələb edir. Apellyator olan cavabdeh tərəf isə birinci instansiya məhkəməsinin qətnaməsini dolların kursunun yüksələrək ona zərər vurmasını, ödənilmiş məbləğin borcdan tam olaraq silinməməsini, faiz borcunun və cərimənin çox hesablanması hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası ilkin olaraq birinci instansiya məhkəməsinin cavabdehin öhdəliklərini tam olaraq icra etməməsi ilə bağlı hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 59-cu maddəsinə görə, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Qeyd olunmalıdır ki, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmalarıdır (Mülki Məcəllənin 5.3-cü maddəsi). Eyni zamanda, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadisosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli Qərarı). Məhkəmə kollegiyası göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikasının Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Məhkəmə kollegiyası işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslı olmuşdur. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Belə ki, Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Bundan başqa, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında da qeyd etmişdir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. Kollegiyası hesab edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Mülki Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı QSC “Bank Standart” Kommersiya Bankı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli 160/05/309/15 nömrəli kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 60 ay müddətinə 208000 ABŞ dolları məbləğində kredit verilmişdir.Kredit müqaviləsinin 2.3-cü bəndində göstərilmişdir ki, kredit 60 ay müddətinə verilir və kreditin ödənilməli olduğu son tarix xx.xx.2020-ci ildir. Müqavilənin 3.5-ci bəndinə əsasən cavabdeh almış olduğu kreditə görə illik 18% məbləğində faiz ödəyir. Müqavilənin 5.4.5-ci bəndinə əsasən borc alan alınmış krediti və ona hesablanmış faizləri vaxtlıvaxtında ödəməyi, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən borcalan götürdüyü öhdəliyi icra etmədikdə və ya icranı gecikdirdiyi halda əsas borc və faizlərdən əlavə ödənişin gecikdirildiyi üçün kreditora vaxtında qaytarılmayan məbləğin illik 36% miqdarında cərimə ödəyir. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü tələb qismən əsaslı olmuşdur. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu isə, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətininin digər dəlili olan dolların kursunun yüksələrək cavabdehə xeyli zərər vurması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. “Şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” yalnız qanunvericilikdə sadalanan şərtlər daxilində baş vermiş sayılır. Kollegiya hesab edir ki, yalnız bir tərəfin istəyi ilə müqavilədə nəzərdə tutulan hüquq və öhdəliklərin predmetinin, həcminin və ya şərtlərinin dəyişdirilməsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmadığı kimi, mahiyyətcə razılaşmanı nəzərdə tutan müqavilə anlayışının təbiətinə də zidd olardı. Yəni, tərəflər yalnız qarşılıqlı razılıq əsasında müqaviləni yeni şərtlərlə bağlaya və ya hər hansı digər razılığa gələ bilərlər. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayətin deyd edilən dəlilləri əsassızdır. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətininin faiz borcunun çox olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2084 nömrəli rəyinə əsasən xx.xx.2015-ci il tarixli 160/05/309/15 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2020-ci il tarixə əsas borc üzrə 143744.9 ABŞ dolları əsas, 86719.66 ABŞ dolları faiz və müqavilənin bitdiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 28848.8 ABŞ dolları məbləğində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 5% ilə hesablanmış faiz borcu mövcuddur. Kollegiya qeyd edir ki, iddiaçı faiz borcu üzrə 109321.92 ABŞ dolları tələb etsə də, birinci insstansiya məhkəməsi ekspertiza rəyində qeyd edilmiş məbləği əsas götürərək cavabdehdən 86719.66 ABŞ dolları faiz borcu tutmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası eyni zamanda bildirir ki, qeyd edilən ekspert rəyi hər hansı bir əsasla təkzib edilə bilmədiyindən ekspertin faiz borcu ilə bağlı ekspert rəyin daha arqumentli sübut olaraq qəbul edilmişdir. Odur ki, cavabdeh tərəfin faiz borcunun artıq hesablanması ilə bağlı qeyd etdikləri öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətininin iddia ərizəsinin məhkəməyə gec verilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, iddiaçı QSC “Bank Standart” Kommersiya Bankı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli 160/05/309/15 nömrəli kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 60 ay müddətinə 208000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndində göstərilmişdir ki, kredit 60 ay müddətinə verilir və kreditin ödənilməli olduğu son tarix xx.xx.2020-ci ildir. İddiaçı tərəf isə 0302.2022-ci il tarixdə hazırki iddia tələbi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəf qanunla ona verilmiş hüquqdan istifadə etmiş və bu zaman müddətlə bağlı heç bir pozuntuya yol verməmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətininin ekspertizanın təyin edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən ona təqdim edilmiş sənədlər əsasında məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2084 nömrəli rəyinə əsasən xx.xx.2015-ci il tarixli 160/05/309/15 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2020-ci il tarixə əsas borc üzrə 143744.9 ABŞ dolları əsas, 86719.66 ABŞ dolları faiz və müqavilənin bitdiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 28848.8 ABŞ dolları məbləğində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 5% ilə hesablanmış faiz borcu mövcud olması müəyyən edilmişdir. Eyni zamanda kreditin hansı hissəsinin aylar bölgüsü ilə əsas və faiz borcuna ödənilməsi ilə bağlı ödəniş cədvəlində məbləğlər göstərilmiş və cavabdeh ödəniş cədvəllərini öz imzası ilə təsdiq etmişdir. Həmçinin, ekspertizanın təyin edilməsi ilə bağlı verilmiş vəsatət hazırlıq iclası yekunlaşana qədər məhkəməyə təqdim edilməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 184.3-cü maddəsinə əsasən, hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bundan başqa, cavabdeh tərəfindən əlavə ödənişlərlə bağlı məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Kollegiya hesab edir ki, apellyator tərəfindən hazırki iş üzrə heç bir əlavə sənəd və ya sübut təqdim edilmədiyindən ekspertizanın təyin edilməklə yeni hal müəyyən edilməyəcək və bu lüzumsuz vaxt itkisinə səbəb olacaqdır. Əlavə olaraq borcun düzgün hesablanmadığını qeyd edən cavabdeh ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərməmişdir. Çünki, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq ekspertizanın keçirilməsi də təmin oluna bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin həmin dəlilləri də əsassızdır. Məhkəmə kollegiyası iddiaçı tərəfin apellyasiya şikayətininin likvid dəyər ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Tərəflər arasında xx.xx.2015-ci il tarixində 160/05/309/15 nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, altı oltaqlı, 189.29 kv.m ümumi, 107.13 kv.m yaşayış, 82.16 kv.m yardımçı sahədən ibarət 71 saylı fərdi yaşayış evi, kredit müqaviləsinin icrasını təmin etmək məqsədilə ipoteka ilə yüklü edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********97-10301 reyestr nömrəli çıxarışından da görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, altı oltaqlı, 189.29 kv.m ümumi, 107.13 kv.m yaşayış, 82.16 kv.m yardımçı sahədən ibarət 71 saylı fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir və xx.xx.2015-ci il tarixli kredit müqaviləsindəki öhdəliklərin icrasının təmin edilməsi məqsədilə QSC “Bank Standart” Kommersiya Bankının xeyrinə yüklü edilmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, qiymətləndirmə şirkəti tərəfindən xx.xx.2015-ci il tarixli qiymətləndirmə aktına əsasən daşınmaz əmlakın likvid dəyəri 252000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əmlakın likvid dəyərini düzgün müəyyən etmişdir. Belə ki, birinci instansiya məhkəməsi işə əvvəllər Ağsu Rayon Məhkəməsində baxılan zaman əldə edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə tənqidi yanaşmaqda haqlı olmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində daşınmaz əmlaka qoyulmuş 130.000 manat likvid qiymət ədalətli və qanuni hesab edilə bilməz. Kollegiya eyni zamanda bildirir ki, iddiaçının ilkin iddia ərizəsində ipoteka predmetinin likvid dəyərinin 252.000 manat məbləğində (müqavilədə qeyd edilmiş məbləğdə) müəyyən edilməsini tələb etmişdir. İddiaçı ilə cavabdeh arasında müqavilə 2015-ci il tarixində imzalanmış müqavilədə, xx.xx.2015-ci il tarixli qiymətləndirmə aktına əsasən daşınmaz əmlakın likvid dəyəri 252.000 manat müəyyən edilmişdir. Bundan başqa, Əmlak Ekspert Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində olan 2 mərtəbəli, altı otaqlı, 189,29 kv.m ümumi, 107,13 kv.m yaşayış, 82,16 kv.m yardımçı sahədən ibarət 71 saylı fərdi yaşayış evinin likvid dəyəri 266.000 manat müəyyən edilmişdir. Kollegiyası xüsusilə qeyd edir ki, ipoteka müqaviləsi bağlandığı vaxtdan təxminən 9 ildən artıq müddət keçmiş və keçən müddət ərzində əmakn qiyməti dəfələrlə artımışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hər iki qiymətləndirmə aktı arasında olan zaman kəsiyini və bu müddət ərzində əmlak bazarında qiymətlərin artımının olmasını nəzərə alaraq əmlakın hərracda satılması üçün likvid dəyərinin 266.000 manat müəyyən edilməs qanuni və ədalətli və tərəflərin mənafeyinə uyğun olmuşdur. Kollegiya eyni zamanda qeyd edir ki, ipoteka müqaviləsi bağlandığı vaxtdan təxminən 9 ildən artıq müddət keçməsinə baxmayaraq, iddiaçının qeyd etdiyi 252.000 manat olan likvid dəyərlə, hazırki reallığa uyğun olaraq müəyyən edilmiş 266.000 manat likvid dəyər arasında 9 illik müddət nəzərə alınsa ciddi fərq mövcud olmamışdır. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası iddiaçı tərəfin apellyasiya şikayətinin cərimə borcu ilə bağlı dəlillərinə münasibət bildirərkən, eyni zamanda cavabdeh tərəfin də cərimə borcu ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfin şikayəti həmin hissədə qismən əsaslıdır. İşdən göründüyü kimi, iddiаçı tərəf cаvаbdehdən ümumilikdə 30427.41 ABŞ dolları məbləğində cərimə (dəbbə pulu) ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi isə, 500 ABŞ dolları məbləğində cərimə borcunun tutulması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğ hazırki vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir və tənаsübsüz surətdə aşağıdır. Belə ki, məhkəmənin hazırda tutduğu cərimənin həcmi (500 ABŞ dolları) təmin olunan əsas borcun 1%-dən az məbləği təşkil edir ki, bu da məhkəmə kollegiyasının mövqeyinə görə, Mülki Məcəllənin 467-ci maddəsinin tələbləri, habelə bu sahədə formalaşmış məhkəmə təcrübəsi baxımından kreditorun əmlak mənafelərinə uyğun hesab edilə bilməz. Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, təqsiri olduğu təqdirdə tələb edə bilər. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Yuxarıdan qeyd edilən maddələrdən müəyyən edilir ki, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində borclunun təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir 09 iyul 2009-cu il tаrixli Plenum qərаrı”ndа göstərilmişdir ki, “digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır”. Kollegiya xüsusilə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cərimə borcuna münasibətdə təmin edilən məbləğ ümumi məhkəmə təcrübəsinə də uyğun deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cərimənin miqdаrının bu qədər aşağı оlmаsı ədalətlilik, habelə bu sahədə formalaşmış məhkəmə təcrübəsi baxımından da məqsədəmüvаfiq deyildir. Ona görə də, yuxarıda qeyd edilənlərə əsasən və bu sahədə formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmaqla Cavabdeh 4312.35 ABŞ dolları cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflər arasında yaranmış mübahisəni düzgün və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun həll etməmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayəti təmin edilməsin. İddiaçı QSC “Bank Standart” Kommersiya Bankının (ləğv prosesində olan) apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2-2(117)-231/2024 nömrəli qətnaməsi qismən yəni, cərimə borcuna aid hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. Cavabdeh 4312.35 ABŞ dolları cərimə borcu öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə tutularaq iddiaçı QSC “Bank Standart” Kommersiya Bankına (ləğv prosesində olan) ödənilsin. İddia tələbi cərimə borcuna münasibətdə qalan hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorlara aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar