Məhkəmə qərarları › İş №2-2(107)-136/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-136/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-136/2024 07.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli e-2-2(117)- 709/2024 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin 09 iyul 2024-cü il tarixli e-2-2(117)-709/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 026R********** saylı kredit razılaşması üzrə 16691,37 manat məbləğində kredit borcunun, 3156,38 manat məbləğində faiz borcunun və 150 manat məbləğində cərimə borcunun cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, 026R********** saylı kredit razılaşması üzrə isə 4478,61 manat məbləğində kredit borcunun, 758,40 manat məbləğində faiz borcunun və 50 manat məbləğində cərimə borcunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi və Cavabdeh3 200 manat mediasiya xərcinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir (hakim Mübariz Hüseynov). Cavabdeh1 25 sentyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə həmin qətnamədən apellyasiya şikayəti vermiş və eyni zamanda, apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin 09 iyul 2024-cü il tarixli e-2-2(117)-709/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini” xahiş etmiş və həmin ərizəsini onunla əsaslandırmışdır ki, məlum qətnamə məhkəmə tərəfindən yaşadığı Göyçay rayonu Cəyirli kəndinə göndərilməmiş və qətnamə onun tərəfindən və digər ailə üzvləri tərəfindən qəbul edilməmişdir. Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən pensiyasından tutulma başladıqdan sonra onun qətnamədən məlumatı olmuşdur. Yəni, qeyd edilən qətnamə ona və onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin hər hansı birinə təqdim edilmədiyindən, qətnamə ona rəsmi qaydada verilmiş hesab edilə bilməz. Eləcə də, məhkəmə iclasları barədə bildirişlər də yaşadığı ünvana gəlib çatmamış və onun məhkəmə iclasları barədə məlumatı olmamışdır. Şəki Kommersiya Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli e-2-2(117)-709/2024 nömrəli qərardadı ilə “Şəki Kommersiya Məhkəməsinin 09 iyul 2024-cü il tarixli e-2-2(117)- 709/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi” barədə Cavabdeh1 ərizəsi təmin edilməmiş və məhkəmə, qərardadında “qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmamasını” – “ “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə 09 iyul 2024-cü ildə yerləşdirilməklə imzalanmış qətnamənin surətinin poçt vasitəsilə cavabdehlərə göndərilməsi və "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş “xəbərnamə-bildirişə” əsasən Göyçay rayonu Cəyirli kəndində yaşayan Cavabdeh1 göndərilmiş qətnamənin surətinin 17 iyul 2024-cü il tarixində “Nəsirov” soyadı qeyd olunmaqla və imzalanmaqla qəbul edilməsi” ilə əsaslandırmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh1 11 oktyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Şəki Kommersiya Məhkəməsinə şikayət verərək, Şəki Kommersiya Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli e-2-2(117)-709/2024 nömrəli qərardadını ləğv edib, həmin məhkəmənin 09 iyul 2024-cü il tarixli e-2-2(117)-709/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılması səbəbini üzürlü hesab edərək, buraxılmış müddətin bərpasına dair qərardad qəbul edilməsini və apellyasiya şikayətinin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmiş və həmin şikayətini onunla əsaslandırmışdır ki, o, Şəki Kommersiya Məhkəməsinin 09 iyul 2024-cü il tarixli e- 2-2(117)-709/2024 nömrəli qətnaməsinin surətini almamışdır və yalnız Göyçay rayon İcra və Probasiya Şöbəsinə çağırıldıqdan sonra qətnamə barədə məlumatı olmuşdur. Qətnamə ilə elektron kabinet açdıqdan sonra tanış olmuş və 24 sentyabr 2024-cü ildə elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinə apelyasiya şikayəti və şikayətin verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizə vermişdir. Məhkəmənin 03 oktyabr 2024-cü il tarixli qərardadı ilə məlum qətnamədən şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi rədd olunmuşdur. Lakin, həmin qərardadı qəbul edərkən məhkəmə poçt xəbərnaməsindəki imzanın ona məxsus olub-olmamasını araşdırmamışdır. Şəki Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli e-2-2(117)-709/2024 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim Mübariz Hüseynov). Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən Şəki Kommersiya Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli e-2-2(117)-709/2024 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılması mümkün sayılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, Şəki Kommersiya Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli e-2-2(117)-709/2024 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, e-2-2(117)-709/2024 nömrəli kommersiya işinin materialları və həmin iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan sənəd və məlumatlarla işin faktiki halları kimi aşağıda qeyd olunanlar müəyyən olunur: - İddiaçı QSC 22 may 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Göyçay rayonu Cəyirli kəndində yaşayan cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdеhlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 026R********** saylı krеdit razılaşması üzrə 16691,37 manat krеdit bоrcu, 3156,38 manat faiz bоrcu və 1512,39 manat cərimə borcu olmaqla, cəmi 21360,14 manat məbləğində borcun və 026R********** saylı krеdit razılaşması üzrə 4478,61 manat krеdit bоrcu, 758,40 manat faiz bоrcu və 384,23 manat cərimə borcu olmaqla, cəmi 5621,24 manat məbləğində bоrcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iş vərəqi: 1-3). - Şəki Kommersiya Məhkəməsinin 22 may 2024-cü il tarixli qərardadı ilə həmin iddia ərizəsi icraata qəbul edilmiş və "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş “Poçt göndərişinin verilməsi haqqında Xəbərnamə”də qeyd olunan məlumatlara əsasən iş üzrə məhkəmənin hazırlıq iclasının 20 iyun 2024-cü il tarixə təyin edilməsi barədə Cavabdeh1 göndərilmiş 22 may 2024-cü il tarixli “məhkəmə bildirişi” sonuncunun ünvanında “Nəsirov” soyadı qeyd olunmaqla və imzalanmaqla 31 may 2024-cü ildə qəbul edilmişdir (i/v: 84). Eyni zamanda, həmin iclasla əlaqədar "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Cavabdeh1 “SMS-xəbərdarlıq” da göndərilmişdir (i/v: 86). - İş üzrə 20 iyun 2024-cü ildə keçirilən məhkəmə hazırlıq iclasında məlum mübahisə üzrə krediti almış Cavabdeh3 iştirak etsə də, Cavabdeh1 məhkəmə hazırlıq iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir (i/v: 90-91). Qeyd etmək lazımdır ki, hazırkı iş üzrə hər üç cavabdehin, yəni mübahisə predmeti olan kredit müqavilələri üzrə borc alan Cavabdeh3 və onun zaminləri Cavabdeh1 və Cavabdeh2 rəsmi qeydiyyat ünvanları Göyçay rayonu Cəyirli kəndində olmaqla, onlar eyni kənd sakinləridir. - Şəki Kommersiya Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qərardadı ilə işin məhkəmə iclasında baxılması 09 iyul 2024-cü il tarixə təyin edilərək, bununla bağlı həmin tarixdə bütün tərəflərə, həmçinin Cavabdeh1 20 iyun 2024-cü il tarixli “məhkəmə bildirişi” göndərilmiş və "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş “Poçt göndərişinin verilməsi haqqında Xəbərnamə”də qeyd olunan məlumatlara əsasən iş üzrə məhkəmə baxış iclasının 09 iyul 2024-cü il tarixə təyin edilməsi barədə Cavabdeh1 göndərilmiş 20 iyun 2024-cü il tarixli “məhkəmə bildirişi” - sonuncunun ünvanında “Nəsirov” soyadı qeyd olunmaqla və imzalanmaqla 28 iyun 2024-cü ildə qəbul edilmişdir (i/v: 100) . Eyni zamanda, həmin iclasla əlaqədar "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Cavabdeh1 “SMS-xəbərdarlıq” da göndərilmişdir (i/v: 98). - İş üzrə 09 iyul 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasında Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 09 iyul 2024-cü il tarixli e-2-2(117)- 709/2024 nömrəli qətnamə ilə iddia qismən təmin edilərək, həmin qətnamə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə 09 iyul 2024-cü ildə yerləşdirilməklə - imzalanmış və qəbul edilmiş məhkəmə qətnaməsinin surəti cavabdehlərə, o cümlədən də Cavabdeh1 poçt vasitəsilə göndərilmişdir. Həmin qətnamənin göndərilməsi ilə əlaqədar "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş “Poçt göndərişinin verilməsi haqqında Xəbərnamə”də qeyd olunan məlumatlara əsasən müəyyən olunur ki, Cavabdeh1 ünvanında “Nəsirov” soyadı qeyd olunmaqla və imzalanmaqla qətnamənin göndərildiyi pöçt göndərişi 17 iyul 2024-cü ildə qəbul edilmişdir (i/v: 108-120). - Şəki Kommersiya Məhkəməsinin 09 iyul 2024-cü il tarixli e-2-2(117)-709/2024 nömrəli qətnaməsi 19 avqust 2024-cü ildə verilmiş icra vərəqəsi ilə müvafiq qaydada icraya yönəldilmişdir (i/v: 121-124). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 134-cü maddəsinin tələblərinə görə məhkəmə sənədləri, o cümlədən də məhkəmə bildirişi və qətnamə işdə iştirak edən şəxslərə məhkəmə tərəfindən rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinin tələblərinə görə, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Həmin Məcəllənin 135.3-cü maddəsinin tələblərinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinin tələblərinə görə, Mülki-Prosessual Məcəllənin 135.2ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən, sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişi. Göründüyü kimi, yuxarıda qeyd olunanlarla müəyyən edilir ki, məhkəmə tərəfindən poçt vasitəsi ilə göndərilən Şəki Kommersiya Məhkəməsinin 09 iyul 2024-cü il tarixli e-2- 2(117)-709/2024 nömrəli qətnaməsi Cavabdeh1 ünvanında 17 iyul 2024-cü ildə qəbul edilmiş və bunu təsdiq edən “Poçt göndərişinin verilməsi haqqında Xəbərnamə” iş materiallarına əlavə edilmişdir. Eləcə də, iş materialları ilə müəyyən edilmişdir ki, poçt vasitəsi ilə rəsmi ünvanına göndərilmiş məhkəmə bildirişləri və "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə göndərilən “SMS-xəbərdarlıq”larla hazırkı iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh1 müvafiq qaydada məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinin tələbinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etdiyi halda, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Beləliklə də, yuxarıda qeyd olunanlarla təsdiq olunur ki, Cavabdeh1 17 iyul 2024-cü ildə rəsmi qaydada almış olduğu Şəki Kommersiya Məhkəməsinin 09 iyul 2024-cü il tarixli e-2-2(117)-709/2024 nömrəli qətnaməsindən 25 sentyabr 2024-cü ildə apellyasiya şikayəti verərkən, birinci instansiya məhkəmələrinin qətnamələrindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti (1 (bir) ay müddətini) buraxmış və bu müddətin bərpa olunması üçün verilmiş ərizə üzrə aparılan məhkəmə araşdırması zamanı məlum qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin onun tərəfindən üzürlü səbəblərə görə buraxıldığı müəyyən edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası hazırkı şikayətin dəlilləri ilə əlaqədar qeyd etməyi lazım bilir ki, məlum işə baxılarkən məhkəmə bildirişlərinin və məhkəmə qətnaməsinin göndərilməsi ilə əlaqədar tərtib edilərək məhkəməyə qaytarılmış “Poçt göndərişinin verilməsi haqqında Xəbərnamə”lərdə aparılan qeydlərlə müəyyən edilir ki, yuxarıda qeyd olunan bütün poçt göndərişləri Cavabdeh1 ünvanında “Nəsirov” soyadı qeyd olunmaqla və imzalanmaqla qəbul edilmiş və eyni zamanda, iş üzrə təyin edilən məhkəmə iclaslarının vaxtı və yeri barədə "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə göndərilən “SMS-xəbərdarlıq”larla da ona məlumat verilmişdir. Bu qeyd olunan hallar isə, Cavabdeh1 məlum mübahisə üzrə “birinci instansiya məhkəməsində aparılan araşdırmadan və qəbul edilən qətnamədən məlumatsız olması” kimi dəlillərini təsdiq etmir. Eləcə də, bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akif Həsənov Azərbaycana qarşı” iş üzrə 19 sentyabr 2019cu il tarixli Qərarında vurğulanmışdır ki, “... birinci instansiya məhkəməsinin qərarından 26 noyabr 2007-ci ildə verdiyi şikayətini nəzərə alaraq, ərizəçinin 2007-ci ilin axırında apellyasiya şikayətinə münasibətində apellyasiya məhkəməsinin hərəkətsizliyi barədə xəbəri olmalı idi. Hətta, Bakı Apellyasiya Məhkəməsi onu məhkəmə iclasına çağırmasa və dinləmədə onun iştirakını təmin etməsə (həmçinin, qərarın surətini ona təqdim etməsə) belə, bu hallar ərizəçini öz təşəbbüsü ilə elementar addımlar atmağa və müvafiq orqanlardan apellyasiya baxışının nəticəsi barədə məlumat əldə etməyə dair fərdi məsuliyyətdən azad etmir”. Yəni, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bu Qərarında belə bir hüquqi mövqe müəyyən edir ki, məhkəmə sənədlərinin tərəfə göndərilməsi - tək məhkəmənin vəzifəsi olmaqla məhdudlaşmır və tərəflərin özləri də məhkəmədə onlar barəsində gedən işlərə dair sənədlərin əldə edilməsində maraqlı olmalıdırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "X1 Partiyası və başqalarının Rusiyaya qarşı" iş üzrə 11 yanvar 2007-ci il tarixli qərarında qeyd edir ki, hüquqi müəyyənlik tələbi res judikata prinsipinə, yəni qərarların qətiliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Bu prinsip onu vurğulayır ki, heç bir tərəf sadəcə iş üzrə yeni məhkəmə iclasının keçirilməsi və iş üzrə yeni qərar çıxarılması məqsədi ilə qəti və məcburi qərara yenidən baxılması üçün müraciət edə bilməz. Məhkəmə qərarlarına yenidən baxmaq üzrə yuxarı məhkəmələrin səlahiyyətləri isə yenidən baxılması məqsədi ilə yox, yalnız məhkəmə səhvlərini, ədalət mühakiməsinin düzgün aparılmamasının nəticələrini düzəltmək məqsədi ilə həyata keçirməlidir. Məsələyə münasibətdə iki nöqteyi-nəzərin mümkünlüyü isə işə yenidən baxılması üçün əsas deyil. Bu prinsipdən istisnalara yalnız o halda yol verilə bilər ki, istisnanın zəruriliyi işin mühüm və inkarolunmaz hallarından irəli gəlsin. Göründüyü kimi, yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, Şəki Kommersiya Məhkəməsi 03 oktyabr 2024-cü il tarixli e-2-2(117)-709/2024 nömrəli qərardadı ilə Cavabdeh1 “Şəki Kommersiya Məhkəməsinin 09 iyul 2024-cü il tarixli e-2-2(117)-709/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi” barədə ərizəsini təmin etməməkdə və eləcə də, həmin qərardaddan onun verdiyi hazırkı şikayəti təmin etməməkdə haqlı olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, hazırkı şikayətin dəlilləri əsassızdır və 03 oktyabr 2024-cü il tarixli e-2-2(117)-709/2024 nömrəli qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (maddə 398.0.1); qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək (maddə 398.0.2); qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək (maddə 398.0.3); qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək (maddə 398.0.4). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 395-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şəki Kommersiya Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli e-2-2(117)-709/2024 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli e-2-2(117)-709/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar