Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-14/2021 18.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(117)-392/2020 nömrəli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxxx 2020-ci il tarixli e-2-2(117)-392/2020 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X5 qarşı 6593,46 manat əsas borc, 478,02 manat faiz borcu olmaqla 7071,48 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi tələbinə dair iddiası təmin edilərək, cavabdeh X2 6593,46 manat əsas borc, 478,02 manat faiz borcu olmaqla, ümumilikdə 7071,48 manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı və ya “xxxx” MMC) iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh X2 (bundan sonra cavabdeh və ya Carullah Qazıyev) 6593,46 manat əsas borc, 478,02 manat faiz borcu olmaqla 7071,48 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” MMC-in xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, “xxxx” QSC Bank olmayan X8 filialı ilə borcalan Cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli 04TM saylı kredit müqaviləsinə əsasən Cavabdeh 9 ay müddətinə 6 faizlə yaşıl tütün yarpağının istehsalı üçün 13940,0 (on üç min doqquz yüz qırx) manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi “xxxx” QSC Bank olmayan X8 filialı ilə birgə zamin olmuş şəxslər “xxxx” MMC və “xxxx” MMC-nin X11 və Emalı Məntəqəsi arasında xx xxxx 2016-cı il tarixli 04İT saylı zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin 3.1-ci bəndinin şərtinə görə zamin olmuş şəxslər borcalanın xx xxxx 2016cı il tarixli 04TM saylı kredit müqaviləsi üzrə Kredit Təşkilatına olan kredit və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və sair üçün məsuliyyət daşıyırlar. Borcalan Cavabdeh onunla bağlanmış xx xxxx 2016-cı il tarixli kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və öhdəliyi icra etməmişdir. Bununla bağlı onun zaminlərinə Kredit Təşkilatı tərəfindən xəbərdarlıq edilmişdir. Qeyd edilənlərlə əlaqədar Cavabdeh xx xxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə yaranmış 6593,46 manat əsas borcu, 478,02 manat faiz borcu olmaqla, cəmi 7071,48 (yeddi min yetmiş bir manat qırx səkkiz qəpik) manat borcu xx xxxx 2016-cı il tarixli 04İT saylı zaminlik müqaviləsinin şərtlərinə uyğun olaraq zamin olmuş “xxxx” MMC tərəfindən “xxxx” QSC Bank olmayan Kredit Təşkilatına ödənilmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən cavabdeh izahatında bildirmişdir ki, 2016-cı ildə xxxx QSC-dən 13940 manat kredit götürərək tütün əkmişdir. Lakin, İddiaçı MMC tərəfindən ona verilən toxum yararsız olduğundan tütün bitməmişdir. Bu səbəbdən sonradan tütün şitili verilmişdir. Tütün şitilləri 10 ha torpaq sahəsi üçün verilsə də 2.5 ha əraziyə yetmişdir. Özü əkdiyi şitillərlə ümumilikdə 8 ha tütün əkə bilmişdir. Ona görə də məhsul gecikərək noyabr ayına düşmüşdür. Bundan başqa sahəni çəyirtikə basmış, tütün yarpaqlarını yemişdir. Cəmi 9500 manatlıq tütün yarpağı təhvil verə bilmişdir. 6593.46 manat əsas borc, 472.02 manat faiz borcu qalmışdır. İddiaçı MMC müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəbindən borcu ödəyə bilməmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(117)-392/2020 nömrəli qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Carullah Qazıyev apellyasiya şikayəti verərək Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(117)-392/2020 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş və bu səbəbdən dəyişdirilərək yeni qətnamə qəbul edilməlidir. Sözügedən qətnamə qəbul edilərkən işin faktiki halları nəzərə alınmamışdır. Ona keyfiyyətsiz toxum verilməsi səbəbindən bitiş ümumiyyətlə olmamışdır. Təkrar əkin üçün verilmiş toxum da keyfiyyətsiz olduğundan 30-40 faiz bitiş olmuş və şitillərin sahələrə köçürülməsi 1 ay müddətində gecikdirilmişdir. Ona görə də lazımi aqrotexniki tədbirlər aparılmasına baxmayaraq tütün sahəsində inkişafın zəif olması, sahədə çiçək açma və sort müxtəlifliyi müşahidə olunmuşdur. Bütün bu səbəblərdən tütün əkini ilə bağlı götürdüyü kreditin ödənilməsi sahəsində ciddi problemlər yaranmışdır. Hazırda yaranmış kredit borcu bilavasitə şirkətin təqsirkar olması səbəbindəndir. Hətta bununla bağlı İddiaçı MMC-yə müraciət olunmuş, onlar ona yenidən şitil verəcəklərini, heç yerə şikayət etməməyini xahiş etmişlər. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Carullah Qazıyev izahatında apellyasiya şikayətinin təmin edilməsini və Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(117)-392/2020 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” MMC-in nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(117)-392/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan icraat materialları iddiaçı tərəfindən elektron qaydada məhkəməyə təqdim olunmuşdur. Aşağıda sadalanan həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Kredit müqaviləsi, Zaminlik müqaviləsi, Hesabdan çıxarışlar, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı və digər sənədlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, mülki proses tərəflərini dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. İşin həqiqi hallarından görünür ki, xx.xx.2016-cı il tarixdə borcverən “xxxx” QSC Bank olmayan Kredit Təşkilatı ilə borcalan Cavabdeh, alıcı İddiaçı MMC və tədarükçü İddiaçı MMC-nin tabeliyində fəaliyyət göstərən X11 və Emalı Məntəqəsi arasında 04TM nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borcverən borcalana tütün istehsalı üçün 9 ay müddətinə illik 6 % olmaqla 13940 manat kredit verməyi, borcalan aldığı krediti təyinatı üzrə istifadə edərək Qax rayonu Ləkit kəndində yerləşən 8,2 ha torpaq sahəsində yaşıl tütün yarpağını əkib becərməyi, becərdiyi yaşıl tütün yarpağını xx.xx.2016-cı il tarixədək müqavilə ilə müəyyən edilmiş qiymətdə alıcının tabeliyindəki tədarükçüyə verməyi, alıcı onun tabeliyindəki tədarükçü tərəfindən qəbul olunmuş yaşıl tütün yarpağının dəyərinin borcalanın kredit borcu üzrə bağlamağı, artıq qalan vəsaiti isə borcalanın təqdim etdiyi bank hesabına və ya nağd qaydada ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi “xxxx” QSC BOKT ilə İddiaçı MMC və İddiaçı MMC-nin tabeliyində fəaliyyət göstərən X11 və Emalı Məntəqəsi arasında 04İT nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən zamin olmuş şəxslər xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə kredit təşkilatına olan kredit və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissyon, dəbbə pulu, məhkəmə xərcləri və sair üçün məsuliyyət daşıyırlar. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun kredit təşkilatına ödənilməmiş 6593,46 manat əsas borc, 478,02 manat faiz borcu olmaqla ümumilikdə 7071,48 manat borcu qalmışdır. Kredit təşkilatı ilə İddiaçı MMC arasında bağlanmış zaminlik müqaviləsinə əsasən 6593,46 manat əsas borc, 478,02 manat faiz borcu olmaqla ümumilikdə 7071,48 manat borc zamin cəmiyyət, yəni İddiaçı MMC tərəfindən kredit təşkilatına ödənilmiş və xx.xx.2019-cu il tarixli 24 nömrəli akt əsasında borcalana dair sənədlər kredit təşkilatı tərəfindən İddiaçı MMC-yə təhvil verilmişdir. Cavabdeh tərəfindən borc məbləği İddiaçı MMC-yə ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kollegiya işin hallarını istinad edilən maddi hüquq normaları ilə əlaqəli olaraq araşdırıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq göstərmişdir ki, cavabdehin üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi səbəbindən kredit təşkilatına yaranmış 6593,46 manat əsas borc və 478,02 manat faiz borcu öhdəliyi zamin tərəfindən icra edildiyindən və qanunvericiliyin tələbinə əsasən kreditorun həmin öhdəlik üzrə hüquqları zaminə keçdiyindən iddia tələbi təmin edilərək qeyd olunan borc məbləği cavabdehdən tutulmaqla zamin İddiaçı MMC-yə ödənilməlidir. Sonda məhkəmə cavabdehin İddiaçı MMC tərəfindən öhdəliyinin yerinə yetirməməsi nəticəsində borcun yarandığına dair dəllərinə münasibətdə qeyd edir ki, qeyd olunduğu kimi tərəflər arasında xx.xx.2016-cı il tarixdə çox tərəfli müqavilə bağlanmış və hazırkı iddia cavabdehin kredit öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı yaranmışdır. İddiaçı MMC-nin müqavilə üzrə üzərinə götürüdüyü öhdəliyinin yerinə yetirilməməsi cavabdehin kredit öhdəliyinin icra edilməməsi üçün əsas deyildir. İddiaçı MMC-nin müqavilə üzrə üzərinə götürüdüyü öhdəliyinin yerinə yetirilməməsi ona qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia irəli sürülməsi üçün əsas ola bilər. Bu səbəbdən də məhkəmə cavabdehin etiraz dəlillərini əsassız sayır. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X10 Məhkəməsi “X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X10 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, Şəki Kommersiya Məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən аpellyаsiyа şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(117)-392/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 404-1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X6 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(117)-392/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-14/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-14/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver