Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-15/2023 24.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-1412/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 18 oktyabr 2022-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarı və Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarının qismən, yəni Zaqatala şəhəri İ.Şamil küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın Cavabdeh3 satılması hissəsində etibarsız hesab edilməsi və həmin mağazanın ona qaytarılması, onunla ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və Cavabdeh3 ilə şərik əldə etdikləri hamam binasının yarısının, həmin əmlaklar naturada mövcud olmadıqda isə əmlakların dəyəri olan 750.000 manat vəsaitin, həmçinin 840 manat dövlət rüsumunun, 220 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin “Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarı və Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarının qismən, yəni Zaqatala şəhəri İ.Şamil küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın Cavabdeh3 satılması hissəsində etibarsız hesab edilməsi” hissəsi üzrə icraata xitam verilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şəki Kommersiya Məhkəməsi “iş üzrə icraata xitam verilməsi” barədə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarının qismən, yəni Zaqatala şəhəri İ.Şamil küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın Cavabdeh3 satılması hissəsində etibarsız hesab edilməsi ilə bağlı tələbə mülki icraat üzrə iddia icraatı qaydasında baxıla bilməz. Belə ki, hər iki qərarı qəbul etmiş orqanlar inzibati orqandır və iddiaçı tərəfindən qəbul edilmiş inzibati aktlar mübahisələndirilir. Belə olan halda iddianın həmin hissəsi üzrə mülki icraat qaydasında işə baxılması yolverilən deyildir. İddiaçı Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarının qismən, yəni Zaqatala şəhəri İ.Şamil küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın Cavabdeh3 satılması hissəsində etibarsız hesab edilməsi ilə bağlı iddia tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(033)- 230/2020 nömrəli qətnaməsi ilə iddiası təmin edilmiş, qətnamədən verilmiş apellyasiya şikayəti Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(107)-427/2021 nömrəli qətnaməsi ilə təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Qətnamədən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)-4728/2021 nömrəli qərardadı ilə qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin qətnaməsi Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli, 152 saylı qərarının etibarsız hesab edilməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə iş üzrə icraata mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Göründüyü kimi, iddia tələbinin qiymət verilən hissəsi daha əvvəl məhkəmə mübahisəsinin predmeti olmuş və kassasiya instansiyasının müvafiq qərarı ilə həmin hissənin mülki məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmadığı bildirilməklə iddiaçı tərəfə izah edilmişdir ki, qərarların qismən etibarsız hesab edilməsi ilə bağlı inzibati məhkəməyə müraciət etməlidir. Bundan başqa iş materialları ilə o da müəyyən olunur ki, iddiaçı iddia tələbinin qiymət verilən hissəsi ilə bağlı Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(116)-1579/2021 nömrəli qərardadı ilə müddət ötürülməsi əsası ilə iddia mümkün sayılmamışdır. Qərardaddan verilmiş apelyasiya və kassasiya şikayətləri isə təmin edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab etmişdir ki, hazırki iddia tələbinin qərarların qismən etibarsız hesab edilməsi hissəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Şəki Kommersiya Məhkəməsinin mövqeyi ilə razılaşmayan iddiaçınin nümayəndəsivəkili Nümayəndə isə qərardaddan verdiyi şikayətdə bildirir ki, tələbin mahiyyətindən görünür ki, Şəki İnzibati Məhkəməsində baxılan tələblə eynilik təşkil etmir. Belə ki, həmin məhkəmədə iddia tələbi sözügedən qərarın “ləğv olunması” idi. Hazırda isə iddiaçı qərarın etibarsız hesab edilməsini xahiş edir. Bundan əlavə iş üzrə tərəflərin subyektiv tərkibi hüquqi şəxslər və vergi ödəyicilərindən ibarətdir. Bu halda da iddia tələbinə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsində baxılmalıdır. Şəki İnzibati Məhkəməsinin qərardadı mübahisəli qərarın ləğv edilməsinə münasibətdə qəbul edilmişdir ki, bu qərardad iddiaçının pozulan hüquqlarının bərpası ilə bağlı Şəki Kommersiya Məhkəməsinə müraciət etməsini məhdudlaşdırmır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qərarın 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Hazırki işin halları ondan ibarətdir ki, İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş qərarları mübahisələndirir. “Zaqatala RKC İdarə Heyətinin 08 sentyabr 2003-cü il tarixli 10 saylı qərarının, Azərittifaqın 05 sentyabr 2003-cü il tarixli 152 saylı qərarının” etibarsız hesab edilməsi hissələri üzrə mülki icraat qaydasında işə baxılması yolverilən hesab edilə bilməz. Qeyd edilməlidir ki, hər iki qərarı qəbul etmiş orqanlar inzibati orqandır və iddiaçı tərəfindən qəbul edilmiş inzibati aktlar mübahisələndirilir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, hazırki tələbə kommersiya mübahisəsi kimi mülki məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür. Belə olan halda hesab edilməlidir ki, Şəki Kommersiya Məhkəməsi “iş üzrə icraata xitam verilməsi” barədə qərardad qəbul etməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 18 oktyabr 2022-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-15/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-15/2023
24.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver