Məhkəmə qərarları › İş №2-2(107)-156/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-156/2025

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-156/2025 10.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qаrşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X7 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi ilə, Cavabdeh - Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı “krеdit razılaşması üzrə krеdit bоrcunun tutulması və sair tələbi”nə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, e-2-2(117)-624/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 002L**********82 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, illik faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla 500 000 manat məbləğində uzunmüddətli kredit xətti açılmışdır.

2. Həmin müqavilənin: - 1.4. Verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. 1.6. Kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında müəyyən olunmuş qaydada və şərtlərlə, olduğu halda ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür.

3. Uzunmüddətli kredit xətti müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təminatı olaraq İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə 002M**********01 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsində göstərilmiş Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Səməd Mənsur küçəsində xüsusi mülkiyyətdə olan 0.015 ha torpaq sahəsi və bu torpaq sahəsində yerləşən 79.5 m2 ümumi sahədən ibarət 12C nömrəli fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur.

4. İş materiallarında olan üçüncü şəxs X2 (xx.xx.2021-ci il tarixli) notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, o, qeyd edilən fərdi yaşayış evinin və 0.015 ha torpaq sahəsinin ipoteka (girov) qoyulmasına etiraz etmir.

5. xx.xx.2022-ci il tarixli 002S**********01 nömrəli (zamin Cavabdeh2) zaminlik müqaviləsinin tələbinə görə zamin, borclunun xx.xx.2021-ci il tarixdə bağlanmış 002L**********82 nömrəli uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.

6. 002L**********82 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə bağlanmış 002R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 48 ay müddətinə aylıq faiz dərəcəsi 1.8333 % olmaqla kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına uyğun razılaşdırılmış tarixlərdə kredit məbləğini və ona hesablanmış faizlə birlikdə ödənilməsi şərtilə 30 000 manat məbləğində kredit verilmişdir.

7. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu müqavilənin 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faiz dərəcəsinin 1/30 hissəsi kimi heablanır. 4.1.3-cü bəndinə əsasən, bank, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir.

8. xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında 002R**********S nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında saziş bağlanılmış və kreditin qalığının, hesablanmış faizlərin, habelə cərimə borcunun xx.xx.2023-cü il tarixli ödəniş planına uyğun olaraq ödənilməsi müəyyənləşdirilmişdir.

9. ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********46-10301 reyestr nömrəli çıxarışdan göründüyü kimi ünvan 1 ünvanında, 0.0150 ha torpaq sahəsində yerləşən 79.5 m2 ümumi sahədən ibarət fərdi yaşayış evi Cavabdeh1 tam (xüsusi) mülkiyyətindədir.

10. ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi qeyd edilən daşınmaz əmlak İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 007L**********80 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. II. Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı "xxxx" QSC cavabdehləı Cavabdeh1, Cavabdeh2 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı məhkəmədə iddia qaldıraraq cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə 002R********** nömrəli krеdit razılaşması üzrə 18624.49 manat krеdit bоrcu, 2405.92 manat faiz bоrcu və 527.19 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 21557.60 manat məbləğində borcun; məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 154.70 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Səməd Mənsur küçəsində yerləşən 0.015 ha torpaq sahəsi və üzərində yerləşən 79.5 m2 ümumi sahədən ibarət 12C saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və ümumilikdə cəmi 21557.60 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 154.70 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.

12. İddia işin yuxarıda göstərilən faktiki halları ilə əsaslandırılmış və əlavə olaraq göstərmişdir ki, Cavabdeh1 krеdit müqaviləsi üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. O, götürdüyü krеdit bоrcundan 11375.51 manat ödəmiş, onun 18624.49 manat məbləğində kredit borcu qalmış, eyni zamanda kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 140 gün üçün hesablanmış faiz borcu 2405.92 manat, cərimə borcu isə 527.19 manat təşkil edir.

13. Birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh1 borcundan ödənişlər etdiyini bildirmiş və xx.xx.2025-ci il tarixli (297 manat), xx.xx.2025-ci il tarixli (500 manat), xx.xx.2025-ci il tarixli (430 manat) ödəniş qəbzləri, xx.xx.2025-ci il tarixli (5500 manat) mədaxil qəbzi təqdim etmiş, bundan sonra iddiaçı xx.xx.2025-ci il tarixli maliyyə arayışı təqdim edərək cavabdehin həmin tarixə 11897.49 manat əsas borcu, 3984.31 manat faiz borcu, 1167.31 manat cərimə borcu olduğunu qeyd etmişdir.

14. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 10 sentyabr 2025-ci il tarixli, e-2-2(117)-624/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli 002R********** nömrəli krеdit müqaviləsi üzrə 11897.49 manat əsas bоrc, 2405.92 manat faiz bоrcu və 527.19 manat cərimə borcu olmaqla, cəmi 14830.6 manat pul və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı, 106.41 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməsi, borcun tutulması Cavabdeh1 tam (xüsusi) mülkiyyətində olan ünvan 1 ünvanında, 0.0150 ha torpaq sahəsində yerləşən 79.5 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında, 0.0150 ha torpaq sahəsində yerləşən 79.5 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri (ilkin satış) 36 000 manat məbləğində müəyyən edilməsi və həmin əmlak açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə edilmiş vəsait cavabdehin İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, iddianın qalan hissələrdə rədd edilməsi, aparılmış tədqiqatın dəyəri olan 250 manat pul Cavabdeh1 tutularaq "xxxx" MMC-nin müvafiq hesabına ödənilməsi qət edilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, təqdim edilmiş maliyyə arayışın əsasən iddiaçı cavabdeh tərəfindən edilmiş ödənişləri əsas borcdan çıxaraq cavabdehin hazırda 11897.49 manat (18624.49 manat – 6727 manat) əsas borcunun olduğunu bildirmişdir. Həmin arayışda qeyd edilən faiz və cərimə borcu isə iddia tələbinə münasibətdə artırılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı edilmiş ödənişləri əsas borcdan çıxdığından, cavabdehlərdən 11897.49 manat əsas borcun, o cümlədən faiz və cərimə borcunu isə iddia tələbinə uyğun olaraq tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, iş materiallarına əlavə edilmiş cavabdehlərə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan göründüyü kimi iddiaçı müqaviləni birtərəfli qaydada ləğv etmiş və bundan sonra cavabdehin banka 2405.92 manat faiz bоrcu və 527.19 manat məbləğində cərimə borcunun qaldığı bildirilmişdir.

16. Məhkəmə belə qənaətə gəlmişdir ki, zaminlik müqaviləsi qüvvədə olduğundan iddiaçı əsas borcludan və zamindən müştərək qaydada 11897.49 manat krеdit bоrcu, 2405.92 manat faiz borcu və 527.19 manat cərimə borcu tələb etməkdə haqlıdır.

17. Məhkəmə iddia tələbinin “tələbin Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Səməd Mənsur küçəsində yerləşən 0.015 ha torpaq sahəsi və üzərində yerləşən 79.2 m2 ümumi sahədən ibarət 12C saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və ümumilikdə cəmi 21557.60 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 154.70 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank QSC-yə ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tələbinin bu hissəsində haqlıdır.

18. Məhkəmə hesab etmişdir ki, ipoteka predmeti olan əmlakın ilkin satış (likvid) qiyməti mütəxəssis rəyinə uyğun olaraq 36 000 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərrac vasitəsi ilə satılmalıdır.

19. Məhkəmə iddia tələbinin “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması” hissəsinə münasibətdə hesab etmişdir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, belə olduğu təqdirdə icra qurumu tərəfindən məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Məhkəmə yalnız pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisəyə baxmalıdır. Digər məsələlər isə “İcra haqqında” və “İpoteka haqqında” Qanunların tələbi baxımından icra qaydasında həllini tapan məsələlərdir.

20. Birinci instansiya məhkəməsi öz qətnaməsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 385.1, 386.1, 442, 448.1, 448.2, 470.1, 470.2, 472.1, 739.1, 739.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3, 47.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. Qətnamədən narazı qalan Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

22. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iş üzrə əmlakın qiymətləndirilməsi barədə "xxxx" MMC-nin əmlaka baxış keçirmədən verdiyi mütəxəssis rəyi ilə və eyni zamanda bankın məhkəməyə təqdim etdiyi sonuncu maliyyə arayışı ilə qətiyyən razı deyil. Belə ki, kredit öhdəliyi üzrə etdiyi ödənişlərin böyük bir qismi əsassız olaraq faiz və cərimələrə silinmişdır. Lakin, iş məhkəmənin icraatında olduğu zaman banka ödənişlər etmiş və ona cəmi 11.100 manat əsas məbləğ üzrə borcunun qaldığının bildirilməsinə baxmayaraq, bankın məhkəməyə təqdim etdiyi maliyyə arayışında isə əksinə sonradan faiz və cərimələr əsassız olaraq artırılaraq, guya onun əsas məbləğ üzrə 11.897,49 manat, faiz üzrə 3984,31 manat, cərimə üzrə 1167,31 manat borcunun olması qeyd olunmuşdur. Halbuki, məhkəmə mübahisə olduğunu nəzərə alaraq, həqiqətə nail olmaq üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edərək, etdiyi ödənişlərdən əsassız olaraq artıq məblələrdə silinmiş faiz və cərimələrin məbləğini müəyyən edə, bununla da borcun dəqiq məbləğini müəyyənləşdirə bilərdi. Hətta, etdiyi ödənişlərdən sonra bankın yalınız əsas məbləğ üzrə 11.100 manat borcu qaldığını ona bildirməsinə baxmayaraq, əksinə Konstitusiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına məhəl qoymayaraq, yenidən hesabladığı faiz və cərimə borcunu nəzərə almamalı idi. Hesab edir ki, Məhkəmənin iş icraatına daxil olandan sonra hesablanmış faiz və cərimə məbləğlərini rədd etməli olduğu halda, onların məblələrini azaldaraq iddianı təmin etməsini əsaslı hesab etmir. İş üzrə həqiqətə nail olmaq üçün məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsinə zərurət vardır. Bundan əlavə, ipoteka predmeti olan ona məxsus ünvan 2 ünvanında, 0.0150 ha torpaq sahəsində yerləşən 79,5 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən olunması barədə "xxxx" MMC-nin mütəxəssis rəyi ilə razılaşmır. Fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə likvid dəyəri 36.000 manat məbləğində müəyyən olunmuşdur. Lakin həmin qiymətlərin nəyə əsasən müəyyən edilməsi aydın deyil. "xxxx" MMC-nin heç bir əməkdaşı evə baxış keçirmədən, həmin ərazi üzrə həm torpaq sahəsinin, həm də əmlakların real bazar qiymətlərini araşdırmadan reallığa uyğun olmayan qiymət müəyyən ediblər ki, bu da həqiqəti əks etdirmir. Belə ki, hamıya məlumdur ki, ölkədə və dünyada baş verən iqtisadi və siyasi prosseslər nəticəsində daşınmaz əmlakların dəyəri günü-gündən artır. Buna baxmayaraq, məhkəmə bu hallara diqqət etmədən girov qoyulmuş və haradan götürülməsi bəlli olmayan qiymətlər əsasında həmin daşınmaz əmlakın satılmasını qət etmişdir. Halbuki, həmin daşınmaz əmlaklın real bazar qiyməti qat-qat çoxdur. Qeyd edir ki, hazırda yalnız həmin torpaq sahəsinin orta bazar qiyməti 30.000 manatdan artıqdır, ümumi sahəsi 79,5 kv.m olan fərdi yaşayış evi isə bankda ipoteka ilə yüklü edildikdən sonra, evdə əsaslı təmir işləri aparılmışdır ki, bütün bu hallar əmlakın dəyər qiymətini artırmışdır. Hazırda həmin fərdi yaşayş evinin orta bazar qiyməti təxminən 100.000 manatdan yuxarıdır. Qeyd etdiyi kimi, "xxxx" MMC-nin mütəxəssisləri evə baxış keçirmədən əmlaka elə qiymət qoyublar ki, reallıqdan çox uzaqdır. Həmin ərazi üzrə fərdi yaşayış evlərinin 1 kv.mnin orta bazar qiyməti evin təmirindən asılı olaraq təxminən 1000 manatdan yuxarı təklif edilir. Bu səbəbdən də, hesab edir ki, iş üzrə həm məhkəmə-mühasibatlıq və həm də yenidən əmtəəşünaslıq ekspertiazası keçirilməli, əmlakın real bazar dəyəri və eyni zamanda əsas, faiz və cərimə borcu üzrə silinmənin düzgün hesablanması ekspert tərəfindən müəyyən olunmalıdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını, Şəki Kommersiya Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, e-2-2(117)-624/2025 saylı qətnaməsinin qismən ləğv edilərək, əmlakın qiymətinin müəyyən olunması və borc məbləğinin tutulmasına aid hissəsində məhkəmə-muhasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmaqla dəyişdirilməsi və həmin hissədə ekspert rəylərinə müvafiq olaraq iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

24. Məhkəmə kollegiyasınını iclasında Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.

25. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi, iş üzrə digər Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı QSC-nin nümayəndəsi ərizə ilə müraciət edərək hazırkı kommersiya mübahisəsinə dair işə nümayəndənin iştirakı olmadan baxılmasını, eyni zamanda cavabdeh tərəfindən verimiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

28. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

29. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini “əmlakın qiymətinin müəyyən olunması və borc məbləğinin tutulması” hissələrində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissələrdə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

30. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

31. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

34. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

35. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır.

36. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.

37. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

38. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

39. Maddə 739.1 (köhnə redaksiyada). Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

40. Maddə 739.2 (köhnə redaksiyada). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

41. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; (...). - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;

42. Maddə 39.3.3. ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir;

43. Maddə 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

44. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

48. Maddə 115.0.1. İşə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.

49. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

52. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

53. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

54. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

55. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

56. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

57. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

VI. Apellyasiya məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Kommersiya Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, e-2- 2(117)-624/2025 saylı qətnaməsi faiz borcunun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

59. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

60. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

61. Müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 002R********** nömrəli kredit razılaşması üzrə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun həmin müqavilə üzrə 11897.49 manat krеdit bоrcu, 2405.92 manat faiz bоrcu qalmışdır. İddiaçı tərəf cavabdehlərdən müştərək qaydada 18624.49 manat krеdit bоrcu, 2405.92 manat faiz bоrcu və 527.19 manat cərimə borcunun tutulmasını tələb etmiş, bundan sonra Cavabdeh1 sonradan borcundan ödənişlər etdiyini bildirmiş və xx.xx.2025-ci il tarixli (297 manat), xx.xx.2025-ci il tarixli (500 manat), xx.xx.2025-ci il tarixli (430 manat) ödəniş qəbzləri, xx.xx.2025-ci il tarixli (5500 manat) mədaxil qəbzi təqdim etmiş, bundan sonra iddiaçı tərəf xx.xx.2025-ci il tarixli maliyyə arayışı təqdim edərək cavabdehin həmin tarixə 11897.49 manat əsas borcu, 3984.31 manat faiz borcu, 1167.31 manat cərimə borcu olduğunu qeyd etmişdir.

62. İşə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir.

63. Apellyasiya şikayətinin başlıca tələblərindən biri ipoteka predmetinin dəyərinin müəyyən edilməsi üzrə əmtəəşünaslıq-ekspertizasının keçirilməsi ilə bağlıdır.

64. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işə baxmış birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini müəyyənləşdirmək məqsədi ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin etmiş və "xxxx" MMC şirkətinin qiymətləndirmə (mütəxəssis) rəyini almışdır. Həmin rəydə göstərilir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında, 0.0150 ha torpaq sahəsində yerləşən 79.5 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinin 05 sentyabr 2025-ci il tarixə bazar dəyəri 40 000 manat, likvid dəyəri isə 36 000 manat təşkil edir. Cavabdeh fərdi yaşayış evinin qiymətinin daha da yüksək olduğunu bildirsə də, bu xüsusatı təsdiq edən və qiymətləndirici tərəfindən verilmiş rəyi şübhə altına ala biləcək sübutları (məsələn: başqa qiymətləndiricinin rəyini) məhkəməyə təqdim etməmişdir.

65. Kollegiya qeyd edir ki, MPM-in 372.2-ci maddəsinin tələbinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdehlər, o cümlədən Cavabdeh1 birinci instansiya məhkəməsində işə baxılan zaman təkrar qiymətləndirmə ekspertizasının təyin edilməsi barədə vəsatət verməmişdir.

66. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2021-ci il tarixdə 002M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən, həmin müqavilənin tərəfləri ipoteka predmeti olan daşınmaz əmlakın qiymətini 32000 manat dəyərində qiymətləndirmişlər.

67. Göründüyü kimi, qiymətləndirmə rəyində müəyyən edilən ipoteka predmeti olan daşınmaz əmlakın likvid dəyəri tərəflərin ipoteka müqaviləsində razılaşdıqları dəyərdən artıqdır.

68. Şəki Kommersiya Məhkəməsi tərəfindən iş üzrə verilmiş qiymətləndirmə rəyinə düzgün hüquqi qiymət verilmiş və həmin rəyin doğru olmaması qənaətinə gəlmək üçün heç bir əsas müəyyən olunmamışdır.

69. Belə ki, təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları MPM-in 102-ci maddəsində göstərilmiş, lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş qiymətləndirmə rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy məhkəmənin qərardadı əsasında verilmiş, qiymətləndirici tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. Apellyator isə ipoteka predmetinin düzgün qiymətləndirilmədiyini bildirsə də, bunu təsdiq edən hər hansı təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

70. Apellyasiya şikayətinin digər dəlili isə məhkəmə muhasibatlıq-ekspertizasının keçirilməsi ilə bağlı olduğundan Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 18 noyabr 2025-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın аpаrılmаsı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

71. Məhkəmə mühasibatlıq-ekspertizası üzrə 25 dekabr 2025-ci il tarixli, 9/5325 nömrəli ekspert rəyində qeyd olunur ki: - Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, 15 iyul 2022-ci il tarixli, 002R********** nömrəli kredit razılaşmasına dəyişiklik edilməsi barədə 02 may 2023-cü il tarixli 002R**********S nömrəli sazişin qeyd olunan şərtləri nəzərə alınmaqla, xx.xx.2025-ci il tarixə Cavabdeh1 İddiaçı QSC-yə olan borcu 14.760,54 manat məbləğində müəyyən edilir, o cümlədən:

- əsas kredit borcu --------------------------- 14.408,34 manat; - faiz borcu -------------------------------------- 352,2 manat. - Hazırkı ekspertiza zamanı borc məbləği xx.xx.2025-ci il tarixə hesablandığından təqdim edilmiş hesabdan çıxarış məlumatlarında qeyd olunan xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək aparılmış 1864,3 manat məbləğində ödəniş hazırkı ekspertiza tədqiqatı zamanı nəzərə alınmadı.

72. İş üzrə verilmiş ekspert rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır.

73. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

74. Azərbaycan Republikası MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

75. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.

76. Beləliklə də, hazırkı işin apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin qismən ləğv olunmasına və apellyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.

77. “X4rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

78. Kollegiya qeyd edir ki, cavabdehlərdən əsas borc və cərimə borcu iddia tələbində göstərildiyi kimi, faiz borcu isə ekspert rəyinə uyğun tutulmalıdır.

79. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

80. Həmin qərarda qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

81. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

82. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

83. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, e-2-2(117)-624/2025 saylı qətnaməsi - faiz borcu hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

84. Məhkəmə kollegiyası onu da vurğulayır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra cavabdeh tərəfindənxx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək və xx.xx.2026-cı il tarixdə aparılmış ödənişlər qətnamənin icrası prosesində nəzərə alınacaq və qət edilmiş borc məbləğindən çıxılacaqdır.

85. İş üzrə məhkəmə xərci olan məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul Cavabdeh1 tutulmalı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, e-2-2(117)-624/2025 saylı qətnaməsi – faiz borcu hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi faiz borcu hissəsində qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, 002R********** nömrəli krеdit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutulan faiz borcunun məbləği 352,2 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul Cavabdeh1 tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar