Məhkəmə qərarları › İş №2-2(107)-16/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-16/2020

25.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-16/2020 25.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2-2(117)-3/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh və ya Cavabdeh, Ağdaş RİH) qarşı “tərəflər arasında bağlanmış 15.09.2017-ci il tarixli 99 nömrəli icarə müqaviləsi əsasında verilən JN seriyalı 1328 nömrəli (KOD 90100001) Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamədə göstərilən, Ağdaş rayonu Şəkili kəndi ərazisində (Ağ dib deyilən yerdə) dövlət mülkiyyətində olan qış otlaq sahəsində yerləşən 200 hektarlıq torpaq sahəsinin döngə nöqtələri, Ağdaş Rayon İHB-nin imzası ilə məhkəməyə göndərilən 05.11.2018-ci il tarixli 010763 nömrəli məktubunda yazılan “dövlət fondu qış otlaq sahəsindən kəndin sərhəd boyu örüş ərazisinədək uzanan 40 metr və İddiaçı ilə qonşu icarədar x3 icarə torpaq sahələri arasında yerləşən sərhəddən sol tərəfə 300 metr enində torpaq sahəsinin dəhliz kimi saxlanılmaqla İddiaçı 200 ha torpaq sahəsinin icarəyə verilməsi” barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 11 fevral 2020-ci il tarixli 2- 2(117)-3/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. İşin halları Oğuz Rayon İcra Hakimiyyəti Başçısının 03.10.2001-ci il tarixli 49 nömrəli sərəncamı və 04.10.2001-ci il tarixli 03 nömrəli icarə müqaviləsi ilə Ağdaş rayon ərazisindəki qış otlaq sahəsindən heyvandarlığın inkişafı üçün 15 il müddətinə 200 ha torpaq sahəsi iddiaçının icarəsinə verilmiş və adına JN seriyalı 1328 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə hazırlanmışdır. İddiaçı həmin torpaq sahəsindən 15 il müddətində istifadə etmiş, müqavilə müddəti başa çatdıqdan sonra Cavabdeh Başçısının 15.09.2017-ci il tarixli 99 nömrəli sərəncamı və torpaq icarə müqaviləsi ilə Ağdaş rayonu Şəkili kəndi ərazisində olan 200 ha torpaq sahəsi 3 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti 03.10.2017-ci il tarixli **********45 nömrəli məktubla Cavabdehnə müraciət edərək İddiaçı icarəyə verilmiş torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilərkən texniki səhvə yol verildiyini və bu səbəbdən də torpaq sahəsinə dair tərtib edilmiş yerquruluşu planının İcra hakimiyyətində olan nüsxəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti 05.10.2017-ci il tarixli **********28 nömrəli məktubla iddiaçıya müraciət edərək Ağdaş rayonu ərazisində yerləşən 200 ha qış otlaq sahəsinə hazırlanmış yerquruluşu planında texniki qüsura yol verilərək qonşuluqlar səhv göstərildiyinə görə planın tərtibinə ödənilmiş vəsaitin geri ödənilməsi üçün şəxsi hesab nömrəsinin təqdim olunmasını bildirmişdir. Cavabdeh Başçısının 20.11.2017-ci il tarixli 131 nömrəli sərəncamı ilə İddiaçı icarəyə verilmiş torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilərkən texniki səhvə yol verildiyi, ərazidə bələdiyyə, kənd sakinləri və icarədar arasında münaqişə yarandığı üçün Şəkili kənd sakinlərinin müraciətləri nəzərə alınaraq Ağdaş RİHB-nın 15.09.2017-ci il tarixli 99 nömrəli sərəncamı və icarə müqaviləsi qüvvədən düşmüş hesab edilmişdir. Sərəncamın “qərara alıram” hissəsinin 3-cü bəndində qeyd olunmuşdur ki, Ağdaş rayonunun inzibati ərazisində yerləşən “Ağ dib” adlanan qış otlaq sahəsinin yerquruluşu planı yenidən kənd sakinlərinin, bələdiyyənin və sərhəd kənarında yerləşən digər fermerlərin qanunla qorunan hüquqlarına zidd olmayan hallar nəzərə alınmaqla hazırlanaraq Ağdaş RİH-nə təqdim edildikdə, İddiaçı icarəyə torpaq sahəsi verilməsi məsələsinə təkrar baxıla bilər. İddiaçı bununla razılaşmayaraq hazırkı iddia tələbi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmiş və iddiasını onunla əsaslandırmışdır ki, Oğuz Rayon İHBnın 03.10.2001-ci il tarixli 49 nömrəli sərəncamı və 04.10.2001-ci il tarixli 03 nömrəli icarə müqaviləsi ilə Oğuz rayonunun Ağdaş rayonu ərazisindəki qış otlaq sahəsindən heyvandarlığın inkişafı üçün 15 il müddətinə 200 hektar kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi müvəqqəti istifadə üçün verilmiş və adına JN 1328 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə hazırlanmışdır. Bundan sonra o, həmin torpaq sahəsinin yenidən icarəsinə verilməsi içün Cavabdehnə müraciət etmiş, sonuncunun 200 ha torpaq sahəsinə dair icarə müqaviləsinin müddətinin uzadılmasına rəy bildirilməsi üçün müraciətinə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyində baxılmış və torpaq sahəsinin yenidən onun icarəsinə verilməsinə etiraz edilməmişdir. Əmlak Məsələləri Dövlət Komitəsindən rəy almış, həmin rəy əsasında Cavabdehnə müraciət etmiş və Ağdaş rayonunun inzibati ərazisində yerləşən "Ağ dib"adlanan 3 nömrəli qış otlaq sahəsindən 200 ha torpaq tahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və x6 Mərkəzinin 17 saylı x8 İdarəsi tərəfindən yerquruluşu planı hazırlanmışdır. Cavabdeh Başçısının 15.09.2017-ci il tarixli 99 nömrəli sərəncamı ilə Ağdaş rayonu Şəkili kənd ərazisində yerləşən, dövlət mülkiyyətində olan otlaq sahəsindən 3 il müddətinə 200 ha torpaq sahəsi ona icarəyə verilmiş və müqavilə bağlanmışdır. Lakin yerquruluşu planında texniki qüsurlara yol verildiyindən Cavabdehnə müraciət etmiş, bundan sonra Ağdaş RİHB-ın 20.11.2017-ci il tarixli 131 nömrəli sərəncamı ilə Ağdaş RİHB-ın 15.09.2017-ci il tarixli 99 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilmişdir. Lakin bu günədək cavabdeh həmin torpaq sahəsinin icarə müqaviləsinin uzadılması barədə sərəncam verməmiş və müqavilə bağlamamışdır. Bu səbəbdən də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinə Cavabdeh 05.11.2018-ci il tarixli 01-763 nömrəli və 15.11.2019-cu il tarixli 01-751 nömrəli məktublarla müraciət edərək bildirmişdir ki, Oğuz rayonu Qarabulaq kənd sakini İddiaçı icarəsinə verilmiş ərazi üzrə Şəkili kənd sakinləri ilə iddiaçı arasında müxtəlif dövrlərdə yaranmış mübahisələr, Şəkili kənd sakinlərinin rayon icra hakimiyyətinə və digər yuxarı orqanlara çoxsaylı kolektiv şikayətləri ilə nəticələnmişdir. Aparılmış aradırmalar nəticəsində Şəkili kənd sakinlərinin kəndin örüş sahələrinə malqaralarının aparılıb-gətirilməsi məqsədilə Ağdaş rayon dövlət fondu qış otlaq sahəsindən kəndin sərhəd boyu örüş ərazisinədək uzanan 40 metr enində torpaq sahəsinin dəhliz kimi saxlanılması zərurətinin olduğu müəyyən edilərək müvafiq baxış aktı ilə rəsmiləşdirilmişdir. Lakin kənd sakinləri əlavə olaraq ərazidə yerləşən yataqdan (tikilidən) x4 icarə torpaq sahəsinin sərhəddinədək olan sahəsinin dəhliz kimi saxlanılmasını tələb edirlər. Sözügedən ərazinin şimal hissəsində 500 hektardan çox istifadəsiz qalmış dövlət fondu qış otlaq sahəsi mövcuddur. Heyvandarlığın inkişafı məqsədilə boş qalan həmin dövlət fondu qış otlaq sahəsindən icarəyə torpaq verilməsi üçün Şəkili kənd əhalisi tərəfindən rayon icra hakimiyyətinə çoxsaylı müraciətlər edilmişdir. Bu müraciətlərə rayon icra hakimyyəti tərəfindən müsbət yanaşılsa da, göstərilən torpaq sahəsinə giriş-çıxış yolunun olmaması həmin torpaq sahəsindən istifadəni məhdudlaşdırmaqla uzun illər ərzində istifadəsiz qalmasına səbəb olmuş, müraciət edən vətəndaşlara icarəyə verilməsini mümkünsüz etmişdir. Odur ki, həmin 500 hektar dövlət fondu torpağından səmərəli istifadə olunması məqsədilə digər vətəndaşlara icarəyə verilməsi üçün giriş-çıxış yolunun olmasını və Şəkili kənd sakinlərinin iddialarının təmin edilməyəcəyi təqdirdə gələcəkdə İddiaçı ilə mübahisələrin yenidən yaranma ehtimalını nəzərə alaraq, dövlət fondu qış otlaq sahəsində yerləşən yataqdan (tikilidən) Qoşaqovaq kəndi istiqamətinə 200 hektar torpaq sahəsinin verilməsini məqsədəuyğun hesab edir. Məhkəmə Ekspertizası Mərkəzinin 15.01.2020-ci il tarixli 362 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Ağdaş rayonu Şəkili kəndi ərazisində yerləşən 500 ha dövlət fondu torpaq sahəsinin JN-1328 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə göstərilən 200 ha dövlət fondu qış otlaq sahəsinin şimal hissəsində yerləşdiyini nəzərə alaraq, şəhadətnamədə göstərilən 200 ha dövlət fondu qış otlaq sahəsindən kəndin sərhəd boyu örüş ərazisinədək uzanan 40 m. və qeyd olunan 300 m. enində dəhliz saxlanılmaqla iddiaçıya 200 ha torpaq sahəsinin icarəyə verilməsi sözügedən ərazinin 500 ha torpaq sahəsindən digər vətəndaşların səmərəli və sərbəst istifadə etmələrinə maneə yaradır. Ağdaş RİH-nın 05.11.2018-ci il tarixli 01-763 nömtəli məktubu və ona əlavə edilmiş sxemlə Ağdaş RİH-nın 15.11.2019-cu il tarixli 01-751 nömrəli məktubu və ona əlavə edilmiş sxem arasındakı fərq həmin sxemlərdəki ərazilərin fərqli ərazilər olması ilə müəyyən edilir. İddiaçının tələb etdiyi torpaq sahəsi ilə həmsərhəd olan bələdiyyə torpaq sahəsi həmin torpaq sahəsinin qərb tərəfində, dövlət mülkiyyətində olan torpaq sahələrinin isə şərq tərəfində yerləşir.” Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh nümayəndəsi x5 verdiyi izahatında bildirmişdir ki, İddiaçı istifadəsində olan örüş sahəsinin qonşu sərhəddində kənd camaatının örüş sahələri yerləşir. Həmin sahədən istifadə ilə bağlı kənd sakinləri ilə aralarında mübahisələr yaranmışdır və mübahisə ilə bağlı kənd sakinləri Ağdaş RİH-nə müraciət etmişlər. Onların müraciətinə cavab olaraq bildirilmişdir ki, İddiaçı həmin torpaq sahəsinə icarə müqaviləsinin müddəti bitdikdən sonra məsələyə baxıla bilər. 2016-cı ildə icarə müqaviləsinin müddəti bitmişdir. Sözügedən torpaq sahəsi dövlət mülkiyyətindədir, həmin torpaq sahəsinə sərəncam vermək hüququ Cavabdehnə məxsusdur. Cavabdeh sözügedən torpaq sahəsini İddiaçı icarəsinə verməkdən qəti olaraq imtina edir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İş üzrə Şəki Kommersiya Məhkəməsinin11 fevral 2020-ci il tarixli 2-2(117)-3/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayəti verərək Şəki Kommersiya Məhkəməsinin11 fevral 2020-ci il tarixli 2-2(117)-3/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kommersiya Məhkəməsi onun iddia ərizəsi ilə tələb etdiyi iddia tələbi ilə bağlı deyil, tələb etmədiyi iddia tələbi ilə bağlı qətnamə qəbul edib. Bu da məhkəmənin işi kifayət qədər araşdırmadığını, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmadığını sübut etdiyi kimi, həm də qanunun maddi və prosessual normalarını pozaraq qətnamə qəbul etdiyini də sübut edir. Belə ki, məhkəmə iddiaçının iddia tələbinin nədən ibarət olduğunu düzgün təsbit edə bilməyib. Ona görə də hesab edir ki, məhkəmə işi kifayət qədər araşdırmayıb, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmayıb. Onun tələbi ondan ibarətdir ki, “Cavabdeh ilə onun arasında bağlanmış 15.09.2017ci il tarixli 99 nömrəli icarə müqaviləsi əsasında ona verilən JN-1328 Kod:90100001 Nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamədə göstərilən Ağdaş rayonu Şəkili kəndi ərazisində (Ağ dib deyilən yerdə) dövlət mülkiyyətində olan qış otlaq sahəsində yerləşən 200 hektarlıq torpaq sahəsinin döngə nöqtələri dəqiq göstərilərək onun faktiki istifadəsinə verilməsinə” dair qətnamə qəbul edilsin. Məhkəmənin təmin etmədiyi tələb isə belədir: “İddiaçı Ağdaş RİH-ə qarşı “tərəflər arasında bağlanmış 15.09.2017-ci il tarixli 99 nömrəli icarə müqaviləsi əsasında verilən JN seriyalı 1328 nömrəli (KOD 90100001) Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamədə göstərilən Ağdaş rayonu Şəkili kəndi ərazisində (Ağ dib deyilən yerdə) dövlət mülkiyyətində olan qış otlaq sahəsində yerləşən 200 hektarlıq torpaq sahəsinin döngə nöqtələri, Ağdaş RİHB-nın imzası ilə məhkəməyə göndərilən 05.11.2018-ci il tarixli 010763 nömrəli məktubunda yazılan “dövlət fondu qış otlaq sahəsindən kəndin sərhəd boyu örüş ərazisinədək uzanan 40 m. və İddiaçı ilə qonşu icarədar x3 icarə torpaq sahələri arasında yerləşən sərhəddən sol tərəfə 300 m. enində torpaq sahəsinin dəhliz kimi saxlanılmaqla İddiaçı 200 ha torpaq sahəsinin icarəyə verilməsi” tələbinə dair iddia rədd edilsin”. Bunlar tamamilə bir birindən fərqli tələblərdir. O, məhkəmənin qətnamə ilə təmin etmədiyi tələbə uyğun iddia ərizəsini dəyişdirməyib. Cavabdehin məhkəməyə ünvanlandığı 05.11.2018-ci il tarixli 010763 saylı məktubunda göstərilən formada mübahisənin həll olunması təklifi ilə onun razı olduğunu göstərən, barışıq sazişi bağlamağa hazır olduğunu bildirən ərizənin məzmununda iddia tələbinin dəyşdirilməsi iradəsi yoxdur. Qeyd edilənlər səbəbi ilə hesab edir ki, qətnamə ləğv edilməldir. Bundan başqa məhkəmə onun təkrar-əlavə ekspertiza keçirilməsi tələbini əsassız olaraq rədd edib, bununla MPM-nin tələbini pozaraq düzgün olmayan qətnamə qəbul edib. Belə ki, o, məhkəməyə vəsatət verərək bildirmişdir ki, bu ekspert rəyi həqiqəti əks etdirmir, yanlış məlumatlar ehtiva edir. Yəni həmin rəy qanun pozuntuları törədilərək, təfsilatlı araşdırma aparılmadan tərtib edilmişdir. Ona görə də məhkəmədən əlavə/təkrar ekspertiza keçirilməsini və əlavə/təkrar mütəxəssis rəyinin alınmasının xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında izahat verən İddiaçı izahatında apelyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2-2(117)- 3/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi haqqında qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında izahat verən cavabdehin nümayəndəsi x5 izahatında apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2-2(117)-3/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. x5 izahatında əlavə olaraq bildirdi ki, sözügedən torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə həmin torpaq sahəsinin qonşuluğunda yerləşən Şəkili kənd sakinlərinin ciddi narazılığının olmasını, əgər torpaq sahəsi iddiaçının icarəsinə verilərsə iddiaçı ilə Şəkili kənd sakinləri arasında çox ciddi və qarşısıalınmaz problemlər yarana biləcəyini, odur ki, gözlənilən xoşagəlməz halların qarşısının alınması məqsədilə və müqavilə bağlamaq hüququnun Cavabdeh diskresion səlahiyyətinə aid olmasını nəzərə alaraq Cavabdeh sözügedən torpaq sahəsini İddiaçı icarəsinə verməkdən qəti olaraq imtina edir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan icraat materialları iddiaçı tərəfindən elektron qaydada məhkəməyə təqdim olunmuşdur. Aşağıda sadalanan həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Ağdaş RİHB-nın sərəncamlarının surətləri, icarə müqavilələrinin surətləri, ekspert rəyi, Cavabdeh 05.11.2018-ci il tarixli 01-763 nömrəli və 15.11.2019-cu il tarixli 01-751 nömrəli məktubları və digər sənədlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müqavilə tərəflərin sərbəst iradə ifadəsinin və müqavilə azadlığı prinsipinin nəticəsində bağlandığından və bununla da hər hansı fiziki və ya hüquqi şəxsi müqavilənin bağlanılmasına məcbur edilməsinə yol verilmədiyindən, habelə iddiaçının iddia etdiyi qaydada torpaq sahəsinin ona icarəyə verilməsi ictimai maraqlara zidd olduğundan iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. İşin həqiqi hallarından görünür ki, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı mübahisə predmeti olan 200 ha torpaq sahəsinin Cavabdeh tərəfindən onun icarəsinə verilməsindən ibarətdir. “Torpaq İcarəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən, torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 11-ci maddəsinə əsasən, icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır. 18-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpağı icarəyə vermək hüququ mülkiyyətçilərə, onların vəkil etdiyi orqanlara, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə məxsusdur. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə görə, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3-cü maddəsinə görə, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Yuxarıda sadalanan qanunvericilik normalarının tələblərindən göründüyü kimi, icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir ki, müqavilə tərəflərin azad iradə ifadəsidir, müqavilənin şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir və müqavilə bağlamağa məcburetməyə yol verilmir. Eyni zamanda mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1-ci maddəsinə görə, mülki hüquq subyektlərinin bərabərliyi, 6.1.2-ci maddəsinə görə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, 6.1.5-ci maddəsinə görə, müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərinə aid edilmişdir. Həmin prinsiplərə görə, o cümlədən müqavilələrin bağlanması zamanı tərəflərin azadlığı mülki dövriyyənin iştirakçılarının müqavilə bağlanmasına məcbur edilməsini mümkünsüz edir və bu hal mülki qanunvericiliyin prinsiplərinə ziddir. İstinad edilən maddi hüquq normalarını və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, işdən görünür ki, mübahisə predmeti olan 200 ha torpaq sahəsinin icarəyə verilməsi və icarə müqaviləsinin bağlanması Cavabdeh diskresion səlahiyyətidir və qanunvericiliyin tələbinə əsasən müqavilə bağlamağa məcbur edilə bilməz ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin və məhkəmə kollegiyasının iclaslarında iddiaçıya torpaq sahəsinin icarəyə verilməsindən cavabdehin imtina etdiyini bildirmişdir. Cavabdehin müqavilə bağlamağa razı olması iddia olunan dövlət fondu qış otlaq sahəsindən kəndin sərhəd boyu örüş ərazisinədək uzanan 40 metr və İddiaçı ilə qonşu icarədar x3 icarə torpaq sahələri arasında yerləşən sərhəddən sol tərəfə 300 metr enində torpaq sahəsinin dəhliz kimi saxlanılma şərtinə münasibətdə məhkəmə araşdırması zamanı ekspertiza tədqiqatının rəyi ilə Ağdaş rayonu Şəkili kəndi ərazisində yerləşən 500 ha dövlət fondu torpaq sahəsi JN-1328 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə göstərilən 200 ha dövlət fondu qış otlaq sahəsinin şimal hissəsində yerləşdiyini nəzərə alaraq, şəhadətnamədə göstərilən 200 ha dövlət fondu qış otlaq sahəsindən kəndin sərhəd boyu örüş ərazisinədək uzanan 40 metr və qeyd olunan 300 metr enində dəhliz saxlanılmaqla iddiaçıya 200 ha torpaq sahəsinin icarəyə verilməsinin sözügedən ərazinin 500 ha torpaq sahəsindən digər vətəndaşların səmərəli və sərbəst istifadə etmələrinə maneə yarada bilməsi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının iddia etdiyi torpaq sahəsi onun icarəsinə veriləcəyi təqdirdə 500 ha torpaq sahəsindən digər vətəndaşların səmərəli və sərbəst istifadə etmələrinə maneə yaranır ki, bu da kənd sakinlərinin hüquqlarına müdaxilə təşkil edir və ictimai maraqlara ziddir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahatında sözügedən torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə həmin torpaq sahəsinin qonşuluğunda yerləşən Şəkili kənd sakinlərinin ciddi narazılığının olmasını, əgər torpaq sahəsi iddiaçının icarəsinə verilərsə iddiaçı ilə Şəkili kənd sakinləri arasında çox ciddi və qarşısıalınmaz problemlər yarana biləcəyini, odur ki, gözlənilən xoşagəlməz halların qarşısının alınması məqsədilə və müqavilə bağlamaq hüququnun Cavabdeh diskresion səlahiyyətinə aid olmasını nəzərə alaraq Cavabdeh sözügedən torpaq sahəsini İddiaçı icarəsinə verməkdən qəti olaraq imtina etdiyini bildirdi. Bundan başqa məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində qeyd etdiyi “birinci instansiya məhkəməsinin iddia tələbini dəyişdirmişdir” dəlilinə münasibət bildirərək göstərir ki, iş materiallarında olan “iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə”dən görünür ki, iddiaçı birinci instansiya məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi adı ilə əslində iddianın dəyişdirilməsi barədə ərizə verərək onunla cavabdeh arasında bağlanmış 15.09.2017-ci il tarixli 99 nömrəli icarə müqaviləsi əsasında verilən JN seriyalı 1328 nömrəli (KOD 90100001) Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamədə göstərilən, Ağdaş rayonu Şəkili kəndi ərazisində (Ağ dib deyilən yerdə) dövlət mülkiyyətində olan qış otlaq sahəsində yerləşən 200 hektar torpaq sahəsinin döngə nöqtələri, Ağdaş Rayon İHB-nin imzası ilə məhkəməyə göndərilən 05.11.2018-ci il tarixli 010763 nömrəli məktubunda yazılan “dövlət fondu qış otlaq sahəsindən kəndin sərhəd boyu örüş ərazisinədək uzanan 40 m və İddiaçı ilə qonşu icarədar x3 icarə torpaq sahələri arasında yerləşən sərhəddən sol tərəfə 300 m enində torpaq sahəsinin dəhliz kimi saxlanılmaqla İddiaçı 200 ha torpaq sahəsinin icarəyə verilməsi” təklifinə uyğun olaraq təsbit edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddısinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Göründüyü kimi, iddiaçı özü ərizə verərək iddianı dəyişdirdiyindən və onun iddianın dəyişdirilməsi haqqında ərizəsi məhkəmə tərəfindən qəbul edildiyindən apelyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır. İddiaçının apelyasiya şikayətinin “ekspert rəyinin əsassızlığı” haqqında dəlili də məhkəmə araşdırması zamanı təsdiq edilmədi. Kollegiyaya görə, apelyasiya şikayətinin dəlilləri əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. x9 Məhkəməsi “x1rşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və x9 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. x9 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpelyаsiyа şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin11 fevral 2020-ci il tarixli 2-2(117)-3/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qətetdi: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2-2(117)-3/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar