Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-16/2023 14.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Bank) cavabdeh X1(bundan sonra- cavabdeh)qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz borcunun və cərimənin tutulması” tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 11 noyabr 2022-ci il tаrixli qətnaməsindən Bank tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları Bank ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.0.1 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC/SE/0564 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq cavabdeh www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2019-cu il tarixli 41040AZNSK**********5 saylı kart hesabına əsasən overdraft əməliyyatı üzrə PK0136 saylı maliyyələşdirmə üçün ərizə (plastik kart üzrə overdraft əməliyyatı) imzalanmış, Bank tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixidək illik faiz dərəcəsi 25%, illik cərimə faizi 34% olmaqla 2000 manat məbləğində plastik kart üzrə kredit xətti açılmışdır. Bank tərəfindən verilmiş maliyyə arayışına əsasən PK0136 saylı saylı ərizə üzrə 18 avqust 2022-ci il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 1997,85 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 491,72 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 1136,92 manat olmaqla, cəmi 3626,49 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat Bank cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1997,85 manat məbləğində əsas borc, 491,72 manat məbləğində faiz borcu və 1136,92 manat cərimə borcu olmaqla, cəmi 3626,49 manat məbləğində borcun, 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-1448/2022 nömrəli iş üzrə qəbul etdiyi 11 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Məcidov) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 1997,85 manat məbləğində əsas borcun, 491,72 manat məbləğində faiz borcunun və 100 manat cərimə borcunun, 43,91 manat məbləğində mediasiya xərcinin tutularaq Bankın hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdeh kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 1997,85 manat məbləğində əsas borcu, 491,72 manat məbləğində faiz borcu yaranmışdır ki, qeyd olunan hissədə iddia tələbi əsaslıdır. Məhkəmə 1136,92 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə yüksəkdir. Bu səbəbdən də, dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 1136,92 manat deyil, 100 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 421.3, 442, 445.2, 448, 449.1, 472.1, 462.1, 462.3, 467-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Bank apellyasiya şikayəti verərək həmin qətnamənin cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Şəki Kommersiya Məhkəməsinin qətnaməsi cərimə borcunun tutulması hissəsində əsassızdır, buna görə də apellyasiya qaydasında baxılmalı və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv olunaraq, iddia tələbinin tam təmin olunması barədə iş üzrə yeni qətnamə çıxarılmalıdır. X2 qeyd edilir ki, Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Cavabdehin müqavilə üzrə yaranmış cərimə borcu məbləğinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan cərimə məbləği əsassız surətdə azaldılmışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, birinci instansiya məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, lakin cavabdeh qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir. İddiaçının apellyasiya şikayətində qətnamənin bir hissəsi, yəni iddianın cərimə borcunun tutulmasına aid hissəsinin həll edilməsi ilə bağlı hissəsi mübahisələndirilir. Ona görə də Məhkəmə birinci instansiyası məhkəməsinin aktını yalnız mübahisələndirilən hissədə yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərdən görünür ki, Bank tərəfindən cavabdehə xx.xx.2019-ci il tarixdə illik faiz dərəcəsi 25%, illik cərimə faizi 34% olmaqla 2000 manat məbləğində plastik kart üzrə kredit xətti açılmışdır. İş materiallarından görünür ki, borcalan cavabdeh kredit razılaşması üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Bank tərəfindən təqdim edilmiş hesablamalardan görünür ki, üzrə cavabdehin Banka 1997,85 manat əsas borcu, 491,72 manat faiz borcu yaranmış, həmin borcun ödənilməsinin gecikdirilməsinə görə Bank tərəfindən cavabdehə cərimə (dəbbə) tətbiq edilmişdir ki, həmin cərimənin məbləği 1136,92 manat təşkil edir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın üzərinə düşür. Lakin iş materiallarından görünür ki, cavabdeh, öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir və qətnamə onun tərəfindən ümumiyyətlə mübahisləndirilmir. Göründüyü kimi, cavabdehin kredit müqavilələri üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasını gecikdirməsi aşkardır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi kredit razılaşması üzrə 1136,92 manat cərimənin (dəbbənin) tutulması barədə tələb olunan məbləğini azaltmaqda haqlı olmuşdur. Çünki cərimə borcunun həmin məbləğdə müəyyən edən birinci instansiya məhkəməsi kreditorun bütün əsaslı mənafelərini nəzərə almışdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 11 noyabr 2022-ci il tarixli qətnamə apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-16/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-16/2023
14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver