Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-177/2025 22.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - X1 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı “cavabdehlərdən müştərək qaydada 007R********** saylı kredit razılaşması üzrə 8057,74 manat kredit borcu, 592,58 manat faiz borcu, 170,58 manat cərimə borcu, 007R********** saylı kredit razılaşması üzrə 8153,13 manat kredit borcu, 880,38 manat faiz borcu, 215,55 manat cərimə borcu olmaqla, cəmi 18069,96 manat borcun və 144,21 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, e-2-2(117)-672/2025 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 (kredit alan), Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 (zaminlər) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 007L**********41 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə 100 000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən olunur.
2. Həmin müqavilənin: - 2.7-ci bəndinə əsasən, kredit alan kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. - 4.4-cü bəndinə, kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün Bank tərəfindən kreditin verildiyi tarixdən (gündən) onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. - 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. - 11.1-ci bəndinə əsasən, zamin (Cavabdeh1, Cavabdeh5, Cavabdeh4) kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında kredit alan ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.
3. xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında 007S**********01 nömrəli qoşulma barədə saziş bağlanmış və zamin kredit alanın xx.xx.2022-ci il tarixli 007L**********41 saylı uzunmüddətli kredit və təminat müqaviləsindən irəli gələn öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.
4. xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 007R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Cavabdeh3 36 ay müddətinə, illik faiz dərəcəsi 23% оlmaqla 15 500 manat məbləğində kredit verilmişdir.
5. xx.xx.2024-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 007R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Cavabdeh3 36 ay müddətinə, illik faiz dərəcəsi 25% оlmaqla 10 000 manat məbləğində kredit verilmişdir.
6. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixli, 007R********** nömrəli razılaşma üzrə 8057.74 manat əsas, 592.58 manat faiz, 130 gün gecikdirmə üçün hesablanmış 170.58 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli 007R********** nömrəli razılaşma üzrə 8153.13 manat əsas, 880.38 manat faiz, 130 gün gecikdirmə üçün hesablanmış 215.55 manat cərimə borcu mövcuddur.
7. Cavabdeh xx.xx.2023-cü il tarixli, 007R********** nömrəli razılaşma üzrə kredit borcundan cəmi 7442.26 manat ödəniş etmiş, onun ödənilməmiş 8057.74 manat borcu qalmış, xx.xx.2024-cü il tarixli 007R********** nömrəli razılaşma üzrə kredit borcundan cəmi 1846.87 manat ödəniş etmiş, onun ödənilməmiş 8153.13 manat borcu qalmışdır.
8. İddiaçı kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəliyə tam əməl edərək borc məbləğlərini Cavabdeh3 versə də, sonuncu kredit razılaşmaları üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcları qalmışdır. II. İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “cavabdehlərdən müştərək qaydada 007R********** saylı kredit razılaşması üzrə 8057.74 manat kredit borcu, 592.58 manat faiz borcu, 170.58 manat cərimə borcu, 007R********** saylı kredit razılaşması üzrə 8153.13 manat kredit borcu, 880.38 manat faiz borcu, 215.55 manat cərimə borcu olmaqla, cəmi 18069.96 manat borcun və 144.21 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. İddia ərizəsi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmışdır.
11. Cavabdeh3 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə vəsatət təqdim edərək bildirmişdir ki, 15 fevral 2023-cü il tarixli və 17 yanvar 2024-cü il tarixli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmalar əsasında bankdan kredit götürmüş, əvvəllər hər ay vaxtlı vaxtında ödəniş etmiş, lakin işlə bağlı yaranmış çətinliklər səbəbindən kredit ödənişlərini ödəməkdə çətinlik çəkmişdir. İndiyədək götürdüyü kredit borcundan cəmi 7442,26 manat bir və 1846,87 manat bir ödəniş etməyinə baxmayaraq kredit borcu cəmi 18069 manat göstərilmişdir. Hesab edir ki, bank tərəfindən onun faiz və cərimə borcu düzgün göstərilməmişdir. İş üzrə məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin vəsatəti təmin olunaraq iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 9/3317 nömrəli məhkəmə-mühasibatlıq ekspertizası barədə ekspert rəyindən görünür ki, Cavabdeh3 27 may 2025-ci il tarixinə xx.xx.2023-cü il tarixli, 007R********** nömrəli kredit razılaşması üzrə 8001.51 manat əsas, 827.16 manat faiz, xx.xx.2024-cü il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə 8192.29 manat əsas, 1080.39 manat faiz borcu mövcud olduğu müəyyən edilmişdir.
14. Birinci instansiya məhkəməsində işə tərəflərin iştirakı olmadan baxılmışdır.
15. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 21 oktyabr 2025-ci il tarixli, e-2-2(117)-672/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada xx.xx.2023-cü il tarixli, 007R********** nömrəli kredit razılaşması üzrə 8001.51 manat əsas borc, 592.58 manat faiz borcu, 170.58 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli 007R********** nömrəli kredit razılaşması 8153.13 manat əsas borc, 880.38 manat faiz borcu, 215.55 manat cərimə borcu olmaqla, cəmi 18013.73 manat pul və 143.76 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, aparılmış tədqiqatın dəyəri olan 100 manat pul Cavabdeh3 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
16. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar ekspert rəyi ilə qarşılıqlı təhlil edilərək yekun nəticəyə gəlinməlidir. Belə ki, ekspert rəyi məhkəməyə təqdim edildikdən sonra tərəflər rəylə razılaşmamaları ilə bağlı hər hansısa münasibət bildirməmişlər.
17. Belə ki, cavabdehlər üzərilərinə götürdükləri öhdəlikləri lazımi qaydada yerinə yetirmədiklərindən iddiaçı tərəf xx.xx.2023-cü il tarixli, 007R********** nömrəli kredit razılaşması üzrə 8001.51 manat əsas borc, 592.58 manat faiz borcu, 170.58 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə 8153.13 manat əsas borc, 880.38 manat faiz borcu, 215.55 manat cərimə borcu tələb etməkdə haqlıdır.
18. Məhkəmə hesab etmişdir ki, cavabdehlər üzərilərinə götürdükləri öhdəlikləri lazımi qaydada yerinə yetirmədiklərindən iddiaçı tərəf xx.xx.2023-cü il tarixli, 007R********** nömrəli kredit razılaşması üzrə 8001.51 manat əsas borc, 592.58 manat faiz borcu, 170.58 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə 8153.13 manat əsas borc, 880.38 manat faiz borcu, 215.55 manat cərimə borcu tələb etməkdə haqlıdır.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2, 470.1, 470.2, 472.1, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 81, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikаyəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ...sözügedən qətnamədən narazıdır. Çünki o, hazırda anadangəlmə iflic xəstə uşağa baxır. Həmin uşağın fəaliyyət qabiliyyəti olmaması barədə ərizə ilə məhkəməyə də müraciət etmişdir. İş hazırda məhkəmənin icraatındadır. Məhkəmə tərəfindən ətraflı araşdırma aparılsa da, onun vəsatəti təmin edilərək iş ekspertizaya göndərilsə də, bank tərəfindən ondan tələb edilən cərimə məbləği silinməmişdir. Hər iki kredit razılaşması üzrə bank tərəfindən ondan cərimə borcu tələb edilmiş, həmin cərimə borcu cəmi, 386,13 manat hesablanmışdır. Həmin pul onun üçün böyük məbləğdir. O, hazırda heç bir yerdə işləmir və heç bir yerdən qazanc əldə etmir. Hesab edir ki, məhkəmə həmin cərimə məbləğini azalda bilərdi. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, e-2-2(117)-672/2025 saylı qətnaməsinin ləğv edilərək cərimə məbləğinin azadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
23. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı QSC-nin nümayəndəsi ərizə ilə müraciət edərək hazırkı kommersiya mübahisəsinə dair işə nümayəndənin iştirakı olmadan baxılmasını, eyni zamanda cavabdeh tərəfindən verimiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
26. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
27. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini - kredit müqaviləsi üzrə cərimə borcu hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin mübahisələndirilən hissədə yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
28. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
33. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
34. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
35. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.
36. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
37. Maddə 739.1 (köhnə redaksiyada). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
38. Maddə 739.2 (köhnə redaksiyada). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
39. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
45. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
46. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
47. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
48. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, e-2-2(117)-672/2025 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
51. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
52. Müəyyən edilmişdir ki, xx.xx.2023-cü il və xx.xx.2024-cü tarixlərdə İddiaçı QSC ilə Cavabdeh3 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında müvafiq olaraq 007R********** nömrəli və 007R********** kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmalar bağlanmışdır. Hər iki razılaşmaya əsasən bank tərəfindən Cavabdeh3 kredit verilmişdir.
53. İddiaçı kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəliyə tam əməl edərək razılaşmalarda göstərilən borc məbləğlərini Cavabdeh3 versə də, sonuncu kredit razılaşmaları üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcları qalmışdır. İddiaçı hazırkı iddia tələbləri ilə məhkəmədə iddia qaldırmış, işə mahiyyəti üzrə baxan Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti vermişdir.
54. Birinci instansiya məhkəməsinin baxışı zamanı Cavabdeh3 məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, 15 fevral 2023-cü il tarixli və 17 yanvar 2024-cü il tarixli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmalar əsasında bankdan kredit götürmüş, əvvəllər hər ay vaxtlı vaxtında ödəniş etmiş, lakin işlə bağlı yaranmış çətinliklər səbəbindən kredit ödənişlərini ödəməkdə çətinlik çəkmişdir. İndiyədək götürdüyü kredit borcundan cəmi 7442,26 manat bir və 1846,87 manat bir ödəniş etməyinə baxmayaraq kredit borcu cəmi 18069 manat göstərilmişdir. Hesab etmişdir ki, bank tərəfindən onun faiz və cərimə borcu düzgün göstərilməmişdir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdir.
55. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 9/3317 nömrəli ekspert rəyindən görünür ki, Birinci sual üzrə; - iş materiallarında olan hesabdan çıxarış məlumatları xx.xx.2022-ci il tarixli 007L**********41 saylı kredit xətti müqaviləsinin çərçivəsində imzalanmış xx.xx.2023-cü il tarixli 007R********** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh3 Ramiz qızının 27 may 2025-ci il tarixinə (sual üzrə tarixə) İddiaçı QSC olan borcu 8 828.67 manat məbləğində müəyyən edilir, o cümlədən: - əsas borc üzrə - 8 001.51 manat, - faiz borcu üzrə - 827.16 manat. - Qeyd edilir ki, xx.xx.2023-cü il tarixli 007R********** saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh3 Ramiz qızına cərimə borcu hesablanmadı. İkinci sual üzrə; - iş materiallarında olan hesabdan çıxarış məlumatları xx.xx.2022-ci il tarixli 007L**********41 saylı kredit xətti müqaviləsinin çərçivəsində imzalanmış xx.xx.2024-cü il tarixli 007R********** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh3 Ramiz qızının 27 may 2025-ci il tarixinə (sual üzrə tarixə) İddiaçı QSC olan borcu 9 272.68 manat məbləğində müəyyən edilir, o cümlədən: - əsas borc üzrə 8 192.29 manat, - faiz borcu üzrə 1 080.39 manat. - Qeyd edilir ki, xx.xx.2024-cü il tarixli 007R********** saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh3 Ramiz qızına cərimə borcu hesablanmadı.
56. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar ekspert rəyi ilə qarşılıqlı təhlil edilərək yekun nəticəyə gəlinməlidir. Belə ki, Cavabdeh3 ilkin olaraq iddiaçının tələbi ilə razılaşmayaraq vəsatətlə məhkəməyə müraciət edərək məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmiş, bundan sonra ekspert rəyi məhkəməyə təqdim edildikdən sonra tərəflər rəylə razılaşmamaları ilə bağlı hər hansısa münasibət bildirməmişlər.
57. Məhkəmə kollegiyası qeyd edir ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir.
58. Göründüyü kimi cavabdehlər üzərilərinə götürdükləri öhdəlikləri lazımi qaydada yerinə yetirmədiklərindən iddiaçı tərəf xx.xx.2023-cü il tarixli, 007R********** nömrəli kredit razılaşması üzrə 8001.51 manat əsas borc, 592.58 manat faiz borcu ilə yanaşı 170.58 manat cərimə borcu da, xx.xx.2024-cü il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə 8153.13 manat əsas borc, 880.38 manat faiz borcu ilə yanaşı 215.55 manat cərimə borcu tələb etməkdə haqlıdır.
59. Belə ki, tərəflər bağlanmış müqavilələrdə (razılaşmalarda) kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu ödəmə barədə razılaşmışlar. Yəni cərimənin ödənilməsi müqavilə şərti kimi nəzərdə tutulmuşdur.
60. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində cərimə borcunun yüksək olması ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsinin hər iki kredit razılaşmaları üzrə ayrı-ayrılıqda əsas borca münasibətdə cərimənin həcmi heç 3%-ni belə təşkil etmir ki, bu da MM-in 467-ci maddəsinin tələbləri, habelə bu sahədə formalaşmış məhkəmə təcrübəsi baxımından tutulmuş cərimə pulunun tənasübsüz surətdə yüksək olması anlamına gəlmir.
61. Belə olan halda şikayətin həmin dəlili əsassız hesab edilməlidir.
62. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə və qoşulma barədə sazişə əsasən zaminlər və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və cavabdeh kredit alan öhdəliklərini lazımınca yerinə yetirmədiyindən cavabdehlərdən müştərək qaydada xx.xx.2023-cü il tarixli, 007R********** nömrəli kredit razılaşması üzrə 8001.51 manat əsas bоrc, 592.58 manat faiz borcu, 170.58 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli 007R********** nömrəli kredit razılaşması üzrə 8153.13 manat əsas borc, 880.38 manat faiz borcu və 215.55 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.
63. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
64. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.
65. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
66. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.
67. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.
68. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
69. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, e-2-2(117)-672/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
70. Qətnamənin mübahisələndirilən hissəsi on min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (bax: 48-ci bənd). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, e-2-2(117)- 672/2025 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov