Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-18/2021 11.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(117)-564/2020 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) xx xxxxxx 2020-ci il tarixli e-2-2(117)-564/2020 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən 2941,33 manat əsas borc, 203,35 manat faiz borcu, 322,79 manat məbləğində cərimə və 438,70 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan məbləğ olmaqla, cəmi 3906,17 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 2941,33 manat əsas borc və 22,50 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə və digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə rədd edilmişdir. İşin halları İddiaçı Açıq Səhmdаr Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra iddiaçı və ya İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) cavabdehlər Cavabdeh1, Cavabdeh2və Cavabdeh3 (bundan sonra cavabdeh və ya Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək “cavabdehlərdən 2941,33 manat əsas borc, 203,35 manat faiz borcu, 322,79 manat məbləğində cərimə və 438,70 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan məbləğ olmaqla, cəmi 3906,17 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 48 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 6% (altı faiz) ödənilmək şərtilə 5000 (beş min) manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh2 və Cavabdeh3 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zamin Cavabdeh2 və Cavabdeh3 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti dayışır. Lakin buna baxmayaraq Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehlərin Banka ödənilməmiş 2941,33 manat əsas, 203,35 manat faiz, 322,79 manat cərimə, 438,70 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 3906,17 AZN (üç min doqquz yüz altı manat, 17 qəpik) məbləğində borcu mövcuddur. Cavabdehlərdən 2941,33 manat əsas, 203,35 manat faiz, 322,79 manat cərimə, 438,70 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 3906,17 AZN (üç min doqquz yüz altı manat, 17 qəpik) məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(117)- 564/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e- 2-2(117)-564/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli e-2-2(117)-564/2020 saylı qətnaməsinə əsasən Cavabdeh1 yalnız 2941.33 manat əsas borcun və ödənilmiş 22.50 manat dövlət rüsumunun tutularaq Banka ödənilməsi qət edilmişdir. Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-564/2020 nömrəli mülki iş üzrə xx xxxxxx 2020-cu il tarixdə qəbul etdiyi qətnamə ilə zaminliyə xitam verilməsi, faiz, cərimə və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan borc hissəsində gəlidyi nəticə ilə razı deyilik və hesab edirik ki, bu hissədə qətnamə ləğv olunmalıdır və iddia tələbləri tam təmin edilməlidir. “Banklar haqqında” Azərbaycan Respublikasının qanunun 71.3-cü maddəsinə əsasən banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın diğər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Ləğvedici məhkəmənin nəzarəti altında və maliyyə bazarlarına nəzarət orqanı ilə sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir. Fərmanın icrasını təmin etmək məqsədi ilə ləğvedici tərəfindən ləğvediciyə nəzarət edən Bakı Apelyasiya Məhkəməsinə müraciət edilmiş və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-305/2019 saylı qərardadı ilə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ərizəsi təmin edilərək Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın tələblərinin yerinə yetirilməsi məqsədilə, ləğv prosesində olan İddiaçı ASCnin ABŞ dolları valyutasında verilmiş kreditlər üzrə yalnız 20 fevral və xx xxxxxx 2015-ci il üzrə manatın ABŞ dollarına qarşı ucuzlaşması nəticəsində (devalvasiya) 10000 (on min) ABŞ dollarına qədər, bankın fiziki şəxslərinə aid borclar üzrə artmış məbləğin kompensasiya edilməsi ilə və milli valyutada isə 17000 (on yeddi min) manatadək başlanğıc tarixi xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək dövrü əhatə edən, güzəşt şərtlərinin tətbiq edilməsinə, o cümlədən kreditlər üzrə restrukturizasiyadan əvvəl balansda dondurulmuş faizlərin ləğvedici tərəfindən bağışlanmasına (silinməsinə); Ləğv prosesində olan İddiaçı ASC-nin ABŞ dolları valyutasında olan kreditləri üzrə güzəştlərin yalnız 20 fevral və xx xxxxxx 2015-ci ildə devalvasiya qərarları nəticəsində fiziki şəxslərin 10000 (on min) ABŞ dollarına qədər və milli valyutada isə 17000 (on yeddi min) manatadək hesablanmış bütün faiz borclarının silinməsinin tətbiq edilməsi ilə ləğvedici tərəfindən bağışlanmasına (silinməsinə); Ləğv prosesində olan İddiaçı ASC-nin fiziki şəxslərə verdiyi 10000 (on min) ABŞ dolları məbləğində kreditlərin manata keçirilməsi zamanı xarici valyuta ilə verilmiş kreditin hesablanmış faiz və cərimələrin və müddətin sonunda dondurulmuş faiz və cərimələrin ləğvedici tərəfindən bağışlanmasına (silinməsinə); Ləğv prosesində olan İddiaçı ASC-nin ABŞ dolları valyutasında olan kreditləri üzrə kredit şərtlərinə restrukturizasiya edilən və xarici (ABŞ dolları) valyutada verilmiş kreditlərin valyutasının manata keçirilməsi ilə İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna bankla borcalanlar arasında bağlanmış müddəti bitmiş kredit müqavilələrinin öhdəlikləri çərçivəsində, lakin icra edilməmiş borclar üzrə yeni müqavilələrin bağlanmasına və ya müqavilə müddəti qüvvədə olan və öhdəliyi xarici valyutadan (ABŞ dolları) manata keçirilən və milli valyutada isə 17000 (on yeddi min) manatadək kreditlər üzrə restrukturizasiya şərtləri tətbiq edilməklə əlavə razılaşmaların bağlanmasına icazə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının tələblərinin yerinə yetirilməsi məqsədilə restrukturizasiyanın başlanması ilə bağlı xx.xx.2019-cu il tarixdə Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində elan verilərək Fondun ləğvetməsində olan banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələrinin qəbul olunduğu və bunun üçün ləğv prosesində olan “xxxx” ASC-nin ünvan 1 ünvanında yerləşən “Əməliyyat İdarəsi” filialına müraciət etmələri bildirilmişdir. xx.xx.2014cü il tarixli 48 saylı saylı kredit müqaviləsinin resrtukturizasiya olunması üçün LPO İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təklif olunsa da, Cavabdeh1 tərəfindən müraciət edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanın tələblərini nəzərə almayaraq Cavabdeh1nun LPO İddiaçı ASC-yə xx.xx.2014-cü il tarixli 48 saylı kredit müqaviləsi üzrə olan borcunun tərkib hissləri olan 203.35 manat məbləğində faiz, 322.79 manat cərimə, 438.70 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ əsassız olaraq silmişdir. Bilindiyi kimi, həmin Fərmanın 6-cı bəndində banklara tövsiyə edilib ki: bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Həmin Fərmanın 10-cu bəndində Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyə edilir ki, ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görsünlər. Hal-hazırda Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan İddiaçı ASC-nin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanın təsirinə düşən müştərilərin kredit borclarının restukturizasiyası üçün bütün lazımı tədbirlər görür. Belə ki, fərmanın təsirinə düşən müştəriləri telefon və poçt vasitəsi ilə borcların restrukturizasiyasına dəvət edir, ərizələr qəbul edir və yeni müqavilərər bağlayır. Həmin müqavilərdə fərmana uyğun olaraq yalnız əsas borc məbləği 5 il müddətinə, 1% olmaqla restrukturizasiya olunur. Müqavilənin digər maddələri, o cümlədən təminat hissələri dəyişilmədən qalır. Həmin fərmanın heç bir maddələrində fərmanın təsirinə düşən müqavilərinin məhkəmələr tərəfindən restrukturizasiya olunmayan kredit müqavilərinin faiz, cərimə və (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ borclarının silinməsi səlahiyyətləri verilməyib. Bunlara baxmayaraq Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli, e- 2-2(117)-564/2020 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsinə və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı ASC-nin arasında bağlanmış kredit müqaviləsi üzrə 2941.33 manat məbləğində əsas borcun və ödənilmiş 22.40 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi qət edilmişdir, Cavabdeh1 203.35 manat məbləğində faiz, 322.79 manat cərimə, 438.70 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ tutulmasını təmin etməmişdir. Qeyd olunları nəzərə alaraq hesab edirlər ki, bu hissədə məhkəmənin gəldiyi nəticə səhvdir və bu hissədə ləğv olunmalıdır, Cavabdeh1 203.35 manat məbləğində faiz, 322.79 manat cərimə, 438.70 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ tutulmasını təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Eyni zamanda, məhkəmənin zaminlik barədə qənaəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələblərinə ziddir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində qeyd olunur ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin 5-ci bəndində zaminliyin verilmə müddəti göstərilməklə müqaviləyə xitam verilməsi halları müəyyən edilmişdir. Həmin müqavilənin 5.1, 5.1.1, 5.1.2, 5.1.3, 5.2, 5.3 və 5.4-cü bəndlərinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyə xitam verildikdə, kredit müqaviləsində göstərilən bütün şərtlərə borcalan tərəfindən əməl edildikdə zaminliyə xitam verilməsi, zaminlik müqaviləsinin kredit müqaviləsi üzrə öhdəliklərin tam icra olunduğu vaxta kimi qüvvədə olması müəyyən edilmişdir. Göründüyü kimi, tərəflər arasında mülki hüquq münasibətlərini tənzimləyən yazılı zaminlik müqaviləsi bağlanmış, zaminlik müqaviləsində zaminliyin verilmə müddətləri təyin edilmişdir. Həmin müddət isə bitməmişdir. Belə ki, kredit müqaviləsi üzrə öhdəlik tam icra edilməmişdir. İddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqları pozulmuşdur. Qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir, bu səbəbdən qətnamə ləğv edilməli və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(117)-564/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının tarixi, vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı ASC nümayəndəsinin iştirakını təmin etməmiş, Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. İddiaçı ASC məhkəmənin elektron ünvanına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələblərinin tam təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiyası məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarını hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İmran Gəncəliyevin apellyasiya şikayətində qətnamənin yalnız aliment hissəsində dəyişdirilməsi və daha az miqdarda aliment təyin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmiş, qətnamənin qalan hissəsi mübahisələndirilməmişdir. İddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin yalnız 203,35 manat faiz borcu, 322,79 manat məbləğində cərimə və 438,70 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan məbləğin təmin edilməməsi və zaminlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə iddianın təmin edilməməsi hissədə mübahisələndirilmiş, iddianın təmin edilən hissəsində qətnamə mübahisələndirilməmişdir. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: xx.xx.2014-cü il tarixli 48 nömrəli kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 heyvandarlığın inkişafı məqsədilə 36 ay müddətinə (18 ay güzəşt müddəti, 18 ay əsas məbləğ və ona hesablanmış faizlər), illik 6% ödənilmək şərtilə 5000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin müqavilə üzrə vaxtı keçmiş kredit faizi illik 12%, cərimə faizi isə 1% müəyyən edilmişdir. xx xxxxxx 2014-cü il tarixli 48 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda zaminlik müqavilələrinə əsasən Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 ilə birlikdə müştərək məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet portalından çıxarışdan görünür ki, Cavabdeh1 ləğvetmə prosesində olan İddiaçı ASC-yə borcu xx.xx.2020-ci il tarixinə kredit borcu üzrə restrukturizasiya məbləği 2941,33 manat təşkil etmiş, həmin kreditin illik faiz dərəcəsi 1% olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin həqiqi halları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 48 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya heyvandarlığın inkişafı məqsədilə 36 ay müddətinə (18 ay güzəşt müddəti, 18 ay əsas məbləğ və ona hesablanmış faizlər), illik 6% ödənilmək şərtilə 5000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2014-cü il tarixli 48 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilədə Cavabdeh1 üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyi halda iddiaçının kredit məbləğini, kreditdən istifadəyə görə faizləri və borcun gecikdirilməsinə görə dəbbə pulunu tələb etmək hüququ nəzərdə tutulmuşdur. İddiaçı cavabdehlərdən müştərək qaydada 2941,33 manat əsas borc, 203,35 manat faiz borcu, 322,79 manat məbləğində cərimə və 438,70 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan məbləğ olmaqla, cəmi 3906,17 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunu tələb edir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində “birinci instansiya məhkəməsi zaminliyə xitam verilməsi barədə düzgün nəticəyə gəlməmişdir” dəlili ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, zaminlik müqaviləsi üzrə kredit 36 ay müddətinə verildiyindən iddiaçı zaminlərə qarşı iddianı borcun ödənilməsinin müddətinin bitdiyi xx.xx.2014-cü il tarixdən bir il, bəzi hallarda isə iki il keçənədək, yəni xx.xx.2018-ci il tarixədək, ən uzağı xx.xx.2019-cu ilədək qaldıra bilərdi. İddiaçı tərəfindən isə hazırkı iddia ərizəsi həmin müddət ötürülməklə xx.xx.2020-ci il tarixdə verilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi zaminlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Bu, həm də aşağıda istinad edilən qanunvericilik normalarından irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci mаddəsinə görə, zаminlik müqаviləsi üzrə zаmin bаşqа şəxsin kreditоru qаrşısındа həmin şəxsin öz öhdəliyini tаmаmilə və yа hissə-hissə icrа etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci mаddəsində göstərilmişdir ki, bоrclu zаminliklə təmin edilmiş öhdəliyi icrа etmədikdə və yа lаzımıncа icrа etmədikdə, əgər bu Məcəllədə və yа zаminlik müqаviləsində zаminin subsidiаr məsuliyyəti nəzərdə tutulmаyıbsа, zаmin və bоrclu kreditоr qаrşısındа birgə məsuliyyət dаşıyırlаr. 472.2-ci mаddəsində nəzərdə tutulmuşdur ki, zаminlik müqаviləsində аyrı qаydа nəzərdə tutulmаyıbsа, fаizlərin, bоrc tutulmаsı üzrə məhkəmə xərclərinin və bоrclunun öhdəliyi icrа etməməsi və yа lаzımıncа icrа etməməsi nəticəsində kreditоrа dəyən digər zərərin əvəzinin ödənilməsi də dаxil оlmаqlа, zаmin kreditоr qаrşısındа bоrclu ilə eyni həcmdə məsuliyyət dаşıyır. Birgə zаmin оlmuş şəxslər, əgər zаminlik müqаviləsində аyrı qаydа nəzərdə tutulmаyıbsа, kreditоr qаrşısındа birgə məsuliyyət dаşıyırlаr. 477.0-cı maddədə nəzərdə tutulur ki, zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bundan əlavə kollegiya iddiaçının apellyasiya şikayətində “birinci instansiya məhkəməsi 203.35 manat məbləğində faiz, 322.79 manat cərimə, 438.70 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra ( (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləği əsassız olaraq silmişdir” dəlili ilə bağlı aşağdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 48 nömrəli kredit müqaviləsinə əsasən, vaxtı keçmiş kredit faizi illik 12%, cərimə faizi isə 1% müəyən edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Habelə qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-nə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İstinad edilən maddi hüquq norması borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx xxxxxx 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə X2 Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında, banklara 682000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215000000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən, banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi sözügedən Fərmanın Cavabdeh1 münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbinin restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsini qanuni və ədalətli saymaqda haqlı olmuşdur. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. İddiaçının apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(117)-564/2020 nömrəli qətnaməsinin mübahisələndirilən, yəni iddia tələbinin 203,35 manat faiz borcu, 322,79 manat məbləğində cərimə və 438,70 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan məbləğin təmin edilməməsi və zaminlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə iddianın təmin edilməməsi hissəsi dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(117)-564/2020 nömrəli qətnaməsinin mübahisələndirilən, yəni iddia tələbinin 203,35 manat faiz borcu, 322,79 manat məbləğində cərimə və 438,70 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan məbləğin təmin edilməməsi və zaminlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə iddianın təmin edilməməsi hissəsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-18/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-18/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver