Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-18/2022 22.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “X5” ASC-yə qarşı “09 sentyabr 2019-cu il tarixli “X5” ASC-nin “Aralıq ləğvetmə balansı”nın etibarsız sayılması, “X5” ASC-nin maliyyə-təsərrüfat fəaliyyəti haqqında məlumatların, yəni 2019-cu il üzrə Səhmdar Cəmiyyətinin reyestrinin və nizamnaməsinin, 2019-cu illər üzrə maliyyə-təftiş komissiyasının və auditorun aktlarının, 2018-ci il üzrə “Müəssisə balansları və onların Əlavələrinin”, 2019-cu ilin rəsmi bəyanatının, 2014-2019-cu illərin Səhmdar Cəmiyyətinin ümumi yığıncaqlarının protokollarının, 2014-2019-cu illər üzrə müəssisənin “aktivlərinin və öhdəliklərinin inventarizasiyası” və “ehtiyatlarının və mal-materiallarının inventerizasiya” aktlarının” 2014- 2018-ci illər üzrə müəssisənin “əsas vəsaitlərin ləğv” aktlarının, “X5” ASC-nin emissiya prospektində (özəlləşdirmə planında) əks etdirilmiş “X5” ASC-nin yerləşdiyi sahənin planı cizgisinin, texniki pasportu və “X5” ASC-nin daşınmaz əmlakının dövlət reyestrindən çıxarışının, əsas vəsaitlərin inventarlaşdırılması və qiymətləndirilməsi aktı”nın, müəssisənin 2006 və 2007-ci illər üzrə balansının və onun əlavələrinin təsdiq edilmiş surətlərinin ona təqdim edilməsinin cavabdeh “X5” ASC-nin ləğvetmə komissiyasına həvalə olunması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-155/2021 saylı qətnaməsindən cavabdeh “X5” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 16 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-155/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, “X5” ASC-nin 2019-cu il üzrə Səhmdar Cəmiyyətinin reyestrinin və Nizamnaməsinin, 2019-cu illər üzrə maliyyə-təftiş komissiyasının və auditorun aktlarının, 2018-ci il üzrə “Müəssisə balansları və onların Əlavələrinin”, 2019-cu ilin rəsmi bəyanatının, 2014-2019cu illərin Səhmdar Cəmiyyətinin ümumi yığıncaqlarının protokollarının (09.04.2019-cu il tarixli ümumi yığıncağın protokolu istisna olaqla), 2014-2019-cu illər üzrə müəssisənin “aktivlərinin və öhdəliklərinin inventarizasiyası” və “ehtiyatlarının və mal-materiallarının inventerizasiya” aktlarının” 2014-2018-ci illər üzrə müəssisənin “əsas vəsaitlərin ləğv” aktlarının, “X5” ASC-nin emissiya prospektində (özəlləşdirmə planında) əks etdirilmiş “X5” ASC-nin yerləşdiyi sahənin plan-cizgisi, əsas vəsaitlərin inventarlaşdırılması və qiymətləndirilməsi aktı”nın, müəssisənin 2006 və 2007-ci illər üzrə balansının və onun əlavələrinin təsdiq edilmiş surətləri İddiaçı tanış edilməsi üçün təhvil verilməsi cavabdeh “X5” ASC-nin Ləğvetmə Komissiyasına həvalə edilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin halları Milli Depozit Mərkəzi tərəfindən verilmiş 04.03.2008-ci il tarixdə “depo hesabından çıxarış”a əsasən iddiaçı “X5” Açıq Səhmdar Cəmiyyətinin 100 səhminin sahibidir. “X5” ASC-nin hüquqi ünvanı ünvan 2 səhmin qiyməti 0,50 manat olmaqla 71080 manatdan ibarət olan kommersiya hüquqi şəxsdir. Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında məlumatdan müəyyən edilir ki, “X4” ASC-nin nizamanamə kapitalında X1 40.2532%, X2 40.1548% payları vardır, qalan pay isə ayrı-ayrı şəxslərə məxsusdur. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən “X5” ASC-nin adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Şəki şəhəri, F.X.Xoyski küçəsində yerləşən “Aynur” icarə müəssisəsinin adına tərtib olunmuş 19.05.2004-cü il tarixli texniki pasportun təsdiq edilmiş surəti məhkəməyə təqdim edilir. "xxxx" ASC tərəfindən “X5” ASC-nə göndərilmiş 18 fevral 2020-ci il tarixli, 08 nömrəli məktubdan görünür ki, keçmiş “Aynur” icarə müəssisəsi "xxxx" ASC-nin balansında olmuşdur. Müəssisədə xammal çatışmaması səbəbli 1995-ci ilin iyul ayından fəaliyyətini dayandırmışdır. “Aynur” icarə müəssisəsi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 21 aprel 1999-cu il tarixli, 234 saylı sərəncamının 5 saylı əlavəsinə əsasən "xxxx" ASC-nin Nizamnamə kapitalına daxil edilmədən Səhmdar Cəmiyyəti kimi özəlləşdirməyə verilmişdir. İddiaçı 19.06.2019-cu il tarixdə cəmiyyətin rəhbərliyinə ərizə ilə müraciət edib “X5” ASC-nin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı növbəti dəfə bir sıra sənədlərin, o cümlədən hazırkı iddiada qeyd edilən sənədlərin təsdiq olunmuş surətlərini tələb etmişdir. İddiaçının eyni xaraktrli müraciətləri 21.04.2008-ci il tarixdə, 26.04.2010-cu il tarixdə 09.08.2014-cü il tarixdə də olmuş cavabdeh qeyd edilən müraciətləri rəsmi olaraq qəbul etmişdir. Cavabdehin 25.06.2019-cu il tarixli cavab məktubunda Cəmiyyətin 09.04.2019-cu il tarixli səhmdarlarının ümumi yığıncağının protokolunun surətini iddiaçıya təqdim edilmiş, həmin məktubda Cəmiyyətin qiymətli kağız səhmlərinin reyestrinin və cəmiyyətin Nizamnaməsinin surəti ilə Cəmiyyətin yerləşdiyi ünvanda, inzibati binaya gəlib idarə heyətinin sədrinə müraciət edib onlarla tanış ola bilməsi izah edilmişdir. Ləğvetmə komissiyasının 10.09.2019-cu il tarixli qərarı ilə “X5” ASC-nin 09 sentyabr 2019-cu il tarixli “Aralıq ləğvetmə balansı” təsdiq edilmişdir. Ləğvetmə komissiyası tərəfindən 10.12.2019-cu il tarixdə “X5” ASC-nin "xxxx" tərtib edilmişdir. Azintelektservis Konsultinq və Qiymətləndirmə Şirkətinin 07.06.2019-cu il tarixli AİS132 nömrəli əmlakın qiymətləndirilməsinə dair rəydən müəyyən edilir ki, “X5” ASC-yə məxsus, Şəki şəhəri, F.X.Xoyski küçəsi ünvanında yerləşən daşınmaz əmlakın, ipək istehsalı və digər avadanlıqlarının 07.06.2019-cu il tarixə bazar dəyəri 19647,31 manat təşkil edir. Şəki Apellyasiya Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qərardadına əsasən əmlakın qiymətləndirilməsi barədə Müstəqil Məhkəmə Ekspertizasının 07.08.2020-ci il tarixli 220 nömrəli rəyindən müəyyən edilir ki, “X5” ASC-nin istifadəsində olmuş 65 adda binalar, qurğular, maşın və avadanlıqlar, nəqliyyat vasitələri və digər əsas vəsaitlərin istismar müddətinə görə amortizasiya aşınması tətbiq edilməklə, nəzəri hesablama yolu ilə hazırkı orta bazar qiymətləri ilə qalıq dəyəri təxminən 20423,18 manat müəyyən edilir. İddiaçı cavabdeh “X5” ASC-yə qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək 09 sentyabr 2019-cu il tarixli “X5” ASC-nin “Aralıq ləğvetmə balansı”nın etibarsız sayılması, “X5” ASC-nin maliyyə-təsərrüfat fəaliyyəti haqqında məlumatların, yəni 2019-cu il üzrə SC-nin reyestrinin və nizamnaməsinin, 2019-cu illər üzrə maliyyə-təftiş komissiyasının və auditorun aktlarının, 2018-ci il üzrə “Müəssisə balansları və onların Əlavələrinin”, 2019-cu ilin rəsmi bəyanatının, 2014-2019-cu illərin SC-nin ümumi yığıncaqlarının protokollarının, 2014-2019-cu illər üzrə müəssisənin “aktivlərinin və öhdəliklərinin inventarizasiyası” və “ehtiyatlarının və mal-materiallarının inventerizasiya” aktlarının” 2014-2018-ci illər üzrə müəssisənin “əsas vəsaitlərin ləğv” aktlarının, “X5” ASCnin emissiya prospektində (özəlləşdirmə planında) əks etdirilmiş “X5” ASC-nin yerləşdiyi sahənin planı cizgisinin, texniki pasportu və “X5” ASC-nin daşınmaz əmlakının dövlət reyestrindən çıxarışının, əsas vəsaitlərin inventarlaşdırılması və qiymətləndirilməsi akt”ının, müəssisənin 2006-cı və 2007-ci illər üzrə balansının və onun əlavələrinin təsdiq edilmiş surətlərinin ona təqdim edilməsinin cavabdeh “X5” ASC-nin ləğvetmə komissiyasına həvalə olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(075)-175/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “X5” ASC-nin 09 sentyabr 2019-cu il tarixli “Aralıq ləğvetmə balansı”nın etibarsız sayılması, cavabdeh “X5” ASC-nin maliyyətəsərrüfat fəaliyyəti haqqında məlumatlara dair 2019-cu il üzrə “X5” ASC-nin reyestrinin və nizamnaməsinin, 2019-cu il üzrə maliyyə-təftiş komissiyasının aktlarının, 2018-ci il üzrə “Müəssisə balansları və onların Əlavələrin”, 2019-cu ilin rəsmi bəyanatının, 2014-2019-cu illərin SC-nin ümumi yığıncaqlarının protokollarının, 2014-2019-cu illər üzrə müəssisənin “aktivlərinin və öhdəliklərinin inventarizasiyası” və “ehtiyatlarının və mal-materiallarının inventerizasiya” aktlarının” 2014-2018-ci illər üzrə müəssisənin “əsas vəsaitlərinin ləğv” aktlarının, “X5” ASC-nin emissiya prospektində (özəlləşdirmə planında) əks etdirilmiş “X5” ASC-nin yerləşdiyi sahənin planı cizgisinin, əsas vəsaitlərin inventarlaşdırılması və qiymətləndirilməsi aktı”-nın, müəssisənin 2006-cı və 2007-ci illər üzrə balansının və onun əlavələrinin təsdiq edilmiş surətlərinin İddiaçı təqdim edilməsinin cavabdeh “X5” ASC-nin ləğvetmə komissiyasına həvalə olunması hissəsində təmin edilmiş, iddianın qalan hissəsi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 fevral 2021-ci il tarixli, 2(107)- 56/2021 saylı qərardadı ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək Şəki rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ləğv edilmiş və iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 may 2021-ci il tarixli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2(107)-56/2021 saylı qərardadı dəyişdirilmədən qüvvəsində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, 2008-ci ildən səhmdarı olduğu “X5” ASC-dən bu günə qədər mənfəət əldə etməmiş və nəticədə o, bir səhmdar kimi dividend almamışdır. Ona görə də, “X5” ASC-nin zərərlə işləməsinin səbəblərini araşdırmaq, habelə Cəmiyyətin mühüm hərəkətləri və maliyyə-təsərrüfat fəaliyyəti haqqında tam və dolğun məlumatları əldə etmək üçün o, cəmiyyətin rəhbərliyinə dəfələrlə yazıb cəmiyyətə məxsus olan bir sıra sənədlərin təsdiqlənmiş surətlərini tələb etmişdir. Lakin cəmiyyətin rəhbərliyi qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət etməmiş, nəinki ona hər hansı bir sənəd, ümumiyyətlə məktublarına cavab verməmişdir. 25 fevral 2019-cu il tarixdə “X5” ASCnin rəhbəri ona bildiriş göndərmiş və bildirişdə göstərilmişdir ki, 2019-cu il aprel 09 saat 11:00-da “X5” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir. Yığıncağın gündəliyində Cəmiyyətin 2018-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinə dair idarə heyətinin hesabatı, Cəmiyyətin Müşahidə Şurasının, İdarə heyətinin və Maliyyə-təftiş komissiyasının yeni tərkibinin seçilməsi, habelə Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiq olunması barədə məsələlər qoyulmuşdur. 26 may 2019-cu il tarixdə “X5” ASC-nin rəhbəri ona səhmdarlarının növbədənkənar ümumi yığıncağının 28.06.2019-cu il tarixdə keçirilməsi və həmin iclasın gündəliyində “Cəmiyyətin ləğv edilməsi” məsələsinin qoyulması barədə bildiriş göndərmişdir. Bununla əlaqədar olaraq, o, 19.06.2019-cu il tarixdə cəmiyyətin rəhbərliyinə ərizə ilə müraciət edib “X5” ASC-nin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı növbəti dəfə bir sıra sənədlərin təsdiq olunmuş surətlərini tələb etmişdir. Cəmiyyətin rəhbəri 25.06.2019-cu il tarixli cavab məktubu ilə ona cəmiyyətin 09.04.2019-cu il tarixli səhmdarlarının ümumi yığıncağının protokolunun surətindən başqa hər hansı digər sənəd təqdim etməmişdir. Həmin məktubunda “X5” ASC-nin rəhbəri qeyd edir ki, o, Cəmiyyətin qiymətli kağız səhmlərinin reyestrinin surəti və cəmiyyətin Nizamnaməsinin surəti ilə Cəmiyyətin yerləşdiyi ünvanda, inzibati binaya gəlib idarə heyətinin sədrinə müraciət edib onlarla tanış ola bilər. Bundan sonra 16.09.2019-cu il tarixdə “X5” ASC-nin rəhbəri ona 09 sentyabr 2019-cu il tarixli “X5” ASC-nin “Aralıq ləğvetmə balansı”nı göndərmişdir. Lakin sözügedən 09.09.2019-cu il tarixli “X5” ASC-nin “Aralıq ləğvetmə balansı”-nda cəmiyyətin nizamnamə kapitalından (71080 manat) keçmiş illərdə bölüşdürülməmiş mənfəəti (51432.69 manat) çıxarılmışdır. Digər tərəfdən “X5” ASC-nin rəhbəri özü də etiraf edir ki, 2007-ci ildən müəssisədə “maliyyə-təftiş komissiyasının və auditorun aktları, cəmiyyətin balansı, mənfəət və zərər haqqında hesabatları, inventarizlaşdırma aktları tərtib olunmamışdır”. Ona görə də cəmiyyətin rəhbəri “keçmiş illərdə bölüşdürülməmiş mənfəəti” kimi göstərilmiş 51432,69 manat məbləğin necə yarandığını balansında düzgün əks etdirə bilməmişdir. Bu da mühasibat uçotu üzrə qanunvericiliyinin tələblərinin pozulmasıdır. Çünki, “Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları”nda göstərilir ki, müəssisənin aktivlərinin məbləği onun kapitalı ilə öhdəliklərinin məbləğlərinin cəminə bərabər olmalıdır. Hesab edir ki, 09.09.2019-cu il tarixli “X5” ASC-nin “Aralıq ləğvetmə balansı”nda əks etdirilmiş maliyyə göstəriciləri düzgün göstərilmədiyinə görə etibarsız sayılmalıdır. Digər tərəfdən “X5” ASC-nin rəhbəri 25.06.2019-cu il tarixli cavab məktubunda qeyd olulanları əsas gətirərək ərizəsində göstərilən sənədlərin təsdiq olunmuş surətlərini ona təqdim etməsindən qanunsuz olaraq imtina etmiş, lakin aidiyyatli orqanlara müvafiq hesabatları təqdim etmişdir. Halbuki mülki qanunvericiliyinin tələblərinə əsasən cəmiyyətin rəhbəri ona 19.06.2019-cu il tarixli ərizəsində tələb etdiyi sənədlər təqdim etməlidir. Buna görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Hesab etmişdir ki, iddiası əsaslıdır və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: məhkəmə qətnamə və qərarları, səhmdarların reyestrindən çıxarışlar, ümumi yığıncağın protokolu, daşınmaz əmlakın dövlət reyestrdən çıxarış, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-155/2021 saylı qətnaməsindən cavabdeh “X5” ASC tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırki işə baxarkən “X5” ASC-nin məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırmamış, sonda qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iddia tələbini qismən təmin edərkən maddi hüquq normalarını pozmaqla qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2-2(117)-155/2021 saylı qətnaməsinin “X5” ASC-nin 2019-cu il üzrə SC-nin reyestrinin və nizamnaməsinin, 2019-cu il üzrə maliyyə-təftiş komissiyasının və auditorun aktlarının, 2018-ci il üzrə “Müəssisə balansları və onların Əlavələrinin”, 2019-cu ilin rəsmi bəyanatının, 2014-2019-cu illərin SC-nin ümumi yığıncaqlarının protokollarının (09.04.2019-cu il tarixli ümumi yığıncağın protokolu istisna olmaqla), 2014-2019-cu illər üzrə müəssisənin “aktivlərinin və öhdəliklərinin inventariziyası” və “ehtiyyatlarının və malmateriallarının inventarzasiya aktlarının” 2014-2018-ci illər üzrə müəssisənin əsas vəsaitlərinin ləğvi aktlarının, “X5” ASC-nin emissiya prospektində (özəlləşdirmə planında) əks etdirilmiş “X5” ASC-nin yerləşdiyi sahənin planı cizgisinin, əsas vəsaitlərin inventarlaşdırılması və qiymətləndirilməsi aktı”nın, müəssisənin 2006-cı və 2007-ci illər üzrə balansının və onun əlavələrinin təsdiq olunmuş surətlərinin İddiaçı tanış edilməsi üçün təhvil verilməsinin cavabdeh “X5” ASC-nin ləğvetmə komissiyasına həvalə olunması” hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh “X5” ASC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, iş üzrə tədqiq olunan sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, cavabdeh “X5” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin iş üzrə 16 sentyabr 2021-ci il tarixli, e-2- 2(117)-155/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətinin dəlillərindən biri birinci instansiya məhkəməsi tərəfindən cavabdehin məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırmaması və işə cavabdehin iştirakı olmadan baxılması barədədir. Şikayətin həmin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsini iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasının cavabdehin nümayəndəsinin müraciəti əsasında təxirə salınmasını birinci instansiya məhkəməsi nəzərə alaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ona görə də apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Birinci instansiya məhkəməsi iddia tələbinin “X5” ASC-nin “Aralıq ləğvetmə balansı”nın etibarsız sayılması hissəsinə münasibətdə qeyd etmişdir ki, “X4” ASC-nin nizamanamə kapitalında X1 40.2532%, X2 40.1548 % payı vardır, qalan pay isə ayrı-ayrı şəxslərə məxsusdur. İddiaçının “X5” Açıq Səhmdar Cəmiyyətinin 100 səhminin sahibidir və həmin cəmiyyətin ümumilikdə 142160 ədəd adi adlı səhm mövcuddur. Adi səhmin birinin qiyməti 0,50 manatdır. İddiaçıya məxsus səhm ümumi payın bir faizdən də az təxminən 0,07 faiz hissəsini təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61.5-ci maddəsinə əsasən kreditorların tələblərinin irəli sürülməsi müddəti bitdikdən sonra 10 gün müddətində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) aralıq ləğvetmə balansını tərtib edərək təsdiq edir və hüquqi şəxsin iştirakçılarına göndərir. Aralıq ləğvetmə balansına ən azı ləğv edilən hüquqi şəxsin əmlakının tərkibi, kreditorlarının tələblərinin və debitor borcların siyahısı haqqında məlumatlar daxil edilir. Aralıq ləğvetmə balansı ilə razı olmayan hüquqi şəxsin nizamnamə kapitalında azı 10 faiz iştirak payına malik iştirakçısı həmin balansı aldığı gündən 7 gün ərzində ümumi yığıncağın çağırılmasını tələb edə bilər. Bu halda aralıq ləğvetmə balansı iştirakçıların ümumi yığıncağı tərəfindən təsdiq edilməlidir. Həmin Məcəllənin 107-2.1-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Həmin Məcəllənin 107-2.2-ci və 107-2.3-cü maddələrdə təkrarən çağırılan ümumi yığıncağın səsli səhmlərin sahblərinin iştirak faizi nəzərə alınmaqla səlahiyyətli olması müəyyən edilmişdir. Həmin Məcəllənin 107-2.4-cü maddəsinə əsasən 107-2.3-cü maddəyə əsasən təkrarən çağırılan ümumi yığıncağın keçirilməsi üçün yetərsay təmin olunmadıqda, cəmiyyət maliyyə bazarlarına nəzarət orqanına məlumat verərək yetərsaydan asılı olmadan ümumi yığıncağın qərarı ilə və ya maliyyə bazarlarına nəzarət orqanının iddiası əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər. Səhmdarların cəmiyyətin ləğv edilməsi haqqında ümumi yığıncağın qərarından məhkəməyə şikayət etmək hüququ vardır. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarında qeyd edilir ki, səhmdar cəmiyyətinin ümumi yığıncağında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3, 107-2.1 və 107-5.1-ci maddələrinin tələblərinə riayət olunmaqla cəmiyyətin məhdud məsuliyyətli cəmiyyətə çevrilməsi haqqında qəbul edilmiş qərar həmin yığıncaqda iştirak etməyən və yaxud çevrilmə haqqında qərarın əleyhinə səs verən səhmdarların mülkiyyət hüquqlarını pozmur. Həmin qərarın məzmununda qeyd edilir ki, səhmdar cəmiyyəti öz mahiyyətinə görə çoxşərikli kommersiya təşkilatı olduğundan və sırf sərmayə üzərində qurulduğundan, onun məhz bu prinsipə görə idarə edilməsi zəruridir. Mülki qanunvericilikdə əksəriyyət prinsipi “bir səsli səhm – bir səsdir” (Mülki Məcəllənin 107-3.5-ci maddəsi) formasında öz əksini tapıb. Bu prinsipə əsasən, əksəriyyət səhmdarların say etibarı ilə çoxluğuna görə deyil, nizamnamə kapitalında iştirak payının həcminə görə müəyyən olunur. Başqa sözlə, səhmdar cəmiyyətində hüquqlar şəxsə görə deyil, qoyulan sərmayəyə görə müəyyən edilir. Əks hal, yəni hər bir səhmdarın onun mülkiyyətində olan səhmlərin sayından asılı olmayaraq veto səlahiyyətinin tanınması, faktiki olaraq səhmdar cəmiyyətinin idarə olunmasında yekdillik prinsipinin tətbiqi deməkdir. Bu da öz növbəsində belə hüquqi şəxsin idarə olunmasını iflic edə bilər. Bu isə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradılmasını müəyyən edən Konstitusiyanın 15-ci maddəsinin İİ hissəsində və Mülki Məcəllənin 1-ci maddəsində nəzərdə tutulan sahibkarlıq fəaliyyətini dəstəkləmək və sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq kimi məqsəd və vəzifələrlə uzlaşmır. Eyni zamanda, “X5” ASC-nin dövlət qeydiyyatına alınmış Nizamnaməsində səhmdarların yuxarıda qeyd edilən normalarda olan hüquqları qeyd edilmişdir. Mülki Məcəllənin 107-1.6-ci maddəsində ümumi yığıncağın çağırılması qaydası müəyyən edilmişdir ki, həmin tələbə əsasən, səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə ümumi yığıncaq çağırıla bilər. Həmin maddəyə əsasən, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların növbədənkənar ümumi yığıncağı direktorlar şurasının (müşahidə şurasının) öz təşəbbüsü ilə və ya təftiş komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə cəmiyyətin icra orqanı tərəfindən çağırılır. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda səhmdarların növbədənkənar ümumi yığıncağı icra orqanının təşəbbüsü ilə çağırılır. İddiaçının cavabdeh hüquqi şəxsdə iştirak payı 10 faizdən az olduğundan Ləğvetmə komissiyasının aralıq ləğvetmə balansının təsdiq edilməsi üçün ümumi yığıncağı çağırmaq səlahiyyəti yoxdur. Ümumi yığıncağın bu barədə müvafiq qərarı olmadığından iddiaçının MM-in 107-2.4-cü maddəsinin 2-ci cümləsinin tələbləri baxımından məhkəməyə yalnız ümumi yığıncağın qərarından şikayət vermək hüququ nəzərdə tutulmuşdur. İddiaçı aralıq ləğvetmə balansının etibarsız hesab edilməsi barədə iddia tələbini əsaslandırmamışdır. Belə ki, hazırkı qeyd edilən akta analogiya üzrə müqavilə olaraq baxılsa belə əqdlərin etibarsızlığına dair MM-in 337-354-cü maddələrində etibarsızlıq tələblərinə uyğun gələn hal hazırkı tələbdə mövcud deyildir. Belə ki, aralıq ləğvetmə balansını tərtib və təsdiq etmək Ləğvetmə komissiyasının səlahiyyətindədir, forması ilə bağlı rəsmi sənədin tələblərinə riayət edilib, kreditorların tələbləri ilə bağlı müddəalar öz əksini tapmış və digər tələblər yerinə yetirilmişdir. O ki, qaldı aralıq ləğvetmə balansında hüquqi şəxsin mənfəəti və ya zərərinin düzgün qeyd edilməməsinə, bu məsələ iddia tələbində həmin sənədin etibarsızlığına deyil, ləğv edilməsi tələbinə uyğun ola bilər. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassızdır. İddia tələbinin 2019-cu il üzrə ASC-nin reyestrinin və nizamnaməsinin, 2019-cu illər üzrə maliyyətəftiş komissiyasının və auditorun aktlarının, 2018-ci il üzrə “Müəssisə balansları və onların Əlavələrinin”, 2019-cu ilin rəsmi bəyanatının, 2014-2019-cu illərin SC-nin ümumi yığıncaqlarının protokollarının, 2014-2019-cu illər üzrə müəssisənin “aktivlərinin və öhdəliklərinin inventarizasiyası” və “ehtiyatlarının və mal-materiallarının inventerizasiya” aktlarının” 2014-2018-ci illər üzrə müəssisənin “əsas vəsaitlərin ləğv” aktlarının, “X5” ASC-nin emissiya prospektində (özəlləşdirmə planında) əks etdirilmiş “X5” ASC-nin yerləşdiyi sahənin planı cizgisinin, texniki pasportu və “X5” ASC-nin daşınmaz əmlakının dövlət reyestrindən çıxarışının, əsas vəsaitlərin inventarlaşdırılması və qiymətləndirilməsi aktı”-nın, müəssisənin 2006-cı və 2007-ci illər üzrə balansının və onun əlavələrinin təsdiq edilmiş surətlərinin ona təqdim edilməsinin cavabdehə həvalə olunması ilə bağlı qeyd edilmişdir ki, iddiaçının müvafiq sənədlərin ona təqdim edilməsi ilə bağlı cavabdehə 21.04.2008-ci il tarixdə, 26.04.2010-cu il tarixdə, 09.08.2014-cü il tarixdə və 19.06.2019-cu il tarixlərdə müraciət etmiş cavabdeh qeyd edilən müraciətləri rəsmi olaraq qəbul etmişdir. Cavabdeh 25.06.2019-cu il tarixli cavab məktubu ilə iddiaçıya cəmiyyətin 09.04.2019-cu il tarixli səhmdarlarının ümumi yığıncağının protokolunun surətini təqdim etmiş, digər sənədləri təqdim etməmiş və cavabdehin yerləşdiyi inzibati binada həmin sənədlərlə tanış olmasını izah etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehin səhmdarlarının reyestri, nizamnaməsi, ləğv edilərkən əmlakın qiymətləndirilməsi ekspert rəyi, 2019-cu ildə ləğvetmə ilə bağlı rəsmi bəyanatı, həmçinin ən azı 2019-cu ildə ümumi yığıncağın keçirilməsi ilə bağlı məlumatlar, cavabdehin əmlakının təhvil-təslim aktı, inventarizasiyası, bütün hüquqi şəxslərdə olduğu kimi illər üzrə balansı, müəssisənin mal-material ehtiyatları və onların inventarizasiyası, ən azı özəlləşdirilmə dövründə mövcud olmuş “X5” ASC-nin emissiya prospektində (özəlləşdirmə planında) əks etdirilmiş “X5” ASC-nin yerləşdiyi sahənin planı cizgisinin, texniki pasportu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.2-1-ci maddəsinin tələblərinə görə hüquqi şəxsin ləğv edilməsi təşəbbüsü ilə çıxış edən iştirakçı və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı hüquqi şəxsin cari fəaliyyətinə rəhbərlik edən icra orqanından hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın (aktiv və passivlərinin vəziyyəti barədə) qəbul edilməsini tələb edir. Hüquqi şəxsin icra orqanı ləğvetmə qərarından ən çoxu 20 gün əvvəl bu bəyanatı qəbul edir və ya belə bəyanatın qəbul edilməsinin mümkünsüz olduğunu bildirir. İcra orqanı bəyanatın qəbul edilməsinin mümkünsüzlüyünü bildirdikdə, iştirakçıların ümumi yığıncağı hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olub-olmamasını təsdiq etmək üçün müstəqil auditor cəlb edə bilər. Müstəqil auditor hüquqi şəxsin ödəmə qabiliyyətinin olmasını öz rəyi ilə təsdiq etdikdə, həmin rəy bu maddə ilə müəyyən edilmiş bəyanata bərabər tutulur. Eyni zamanda, cavabdehin ləğvetmə prosesləri və ondan əvvəl 2019-cu ildə müvafiq fəaliyyəti olmuş, ümumi yığıncaq barədə iştirakçılara məlumat göndərmiş, ləğvetmə ilə bağlı müvafiq inventarizasiya və əmlakın qiymətləndirilməsi aparılması, hər il vergi və sosial müdafiə ilə bağlı aidiyyəti üzrə hesabatlar verilməsi və digər fəaliyyətin həyata keçirilməsi qanunvericiliyin tələbidir. Həmçinin, əvvəlki illərdə müvafiq təşkilati fəaliyyətinin olmaması ilə bağlı əsaslı sübutlar təqdim etməmiş, məhkəmə iclaslarından məlumatlı olsa da bu barədə əsaslandırılmış faktlar ortaya qoymamışdır. Bundan əlavə, cavabdehin nizamnamə kapitalının məbləğinin ləğv edilməmişə qədər 71080 manat olması, ləğvetmə dövründə yekun əmlakın dəyərinin 19647,31 manat təşkil etməsi, bununla bağlı inventarizasiya olunma, əsas vəsaitlərin ləğv edilməsi, amortizasiya olunması və digər hallarla bağlı müvafiq səndləşmə işlərinin aparılması ilə bağlı qanunvericiliyin tələbi vardır. Belə olan halda da məhkəmə kollegiyası iddia tələbinin qeyd edilən hissədə əsaslılığını qəbul etmişdir. Göründüyü kimi, Mülki Məcəllənin 106-1.3, 106-1.3.2 və 106-1.3.5-ci maddələrinə əsasən, səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq, cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49- 1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək və qanunvericiliklə müəyyən edilmiş qaydada digər hüquqları vardır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 2019-cu il üzrə SC-nin reyestrinin və nizamnaməsinin, 2019-cu illər üzrə maliyyə-təftiş komissiyasının və auditorun aktlarının, 2018-ci il üzrə “Müəssisə balansları və onların Əlavələrinin”, 2019-cu ilin rəsmi bəyanatının, 2014-2019-cu illərin SC-nin ümumi yığıncaqlarının protokollarının, 2014-2019-cu illər üzrə müəssisənin “aktivlərinin və öhdəliklərinin inventarizasiyası” və “ehtiyatlarının və mal-materiallarının inventerizasiya” aktlarının” 2014-2018-ci illər üzrə müəssisənin “əsas vəsaitlərin ləğv” aktlarının, əsas vəsaitlərin inventarlaşdırılması və qiymətləndirilməsi akt”ının, müəssisənin 2006-cı və 2007-ci illər üzrə balansının və onun əlavələrinin təsdiq edilmiş surətlərinin ona təqdim edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə gəlməsinin dəlilləri və hüquqi əsasları ilə razılaşır. Belə ki, Mülki Məcəllənin 99.2-ci maddəsinə əsasən, açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə hesabat dövrü üzrə maliyyə göstəriciləri; aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər; cəlb edilmiş maliyyə vəsaitləri; idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri; idarəetmə strukturu; inkişaf siyasəti; səhmdar kapitalının gəlirliyi və dividend siyasəti; idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər; investisiyaların həcmi və mənbəyi; cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi; ictimai layihələr kimiməlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur. Həmin Məcəllənin 102.4-cü maddəsinə görə, səhmdar cəmiyyəti öz səhmdarlarına nizamnamə, ona edilən əlavə və dəyişikliklər ilə tanış olmaq imkanmı yaratmalıdır. Səhmdarın tələbi ilə nizamnamənin surəti ona verilməlidir. Həmin Məcəllənin 106-2.3-ci maddəsinə əsasən, səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir. Həmin Məcəllənin 107-5.3-ci maddəsinə görə, səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 75.1-ci maddəsinə əsasən, emitentlərin bu Qanunun 75-ci maddəsi ilə nəzərdə tutulan hesabatları maliyyə bazarlarına nəzarət orqanına təqdim edilməklə ictimaiyyətə açıqlanmalıdır. Həmin Qanunun 75.2-ci maddəsinə əsasən, emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır, onun ali idarəetmə orqanı tərəfindən təsdiq edilməklə maliyyə bazarlarına nəzarət orqanına təqdim edilir və bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada maliyyə bazarlarına nəzarət orqanı həmin hesabatların açıqlanmasının dayandırılması haqqında göstəriş vermədikdə, onlar ictimaiyyətə açıqlanmalı və həmin hesabatın növbəti beş il ərzində ictimaiyyət üçün açıq olması təmin ediməlidir. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmuşdur. Məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim edilmiş 10 noyabr 2021-ci il tarixli aktla əlaqədar bildirir ki, həmin akt iş üzrə yekun məhkəmə aktı qəbul edildikdən sonra yalnız cəmiyyətin rəhbər şəxsləri tərəfindən tərtib olunmuşdur. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən cavabdeh “X5” ASC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “X5” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-155/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh “X5” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, e-2-2(117)- 155/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-2(107)-18/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-18/2022
22.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver