Məhkəmə qərarları › İş №2-2(107)-18/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-18/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-18/2024 23.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: İcarə müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı - İddiaçı nümayəndəsi X1, Cavabdeh - Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, U-08- 07/22 №-li daşınmaz əmlakın icarəsi müqaviləsinin ləğv edilməsi, avans qismində "xxxx" MMC tərəfindən cavabdehə ödənilmiş 12000 manat və mediasiya sessiyasında ödənilmiş 210 manat pul məbləğinin, cəmi 12210 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulması” tələbi tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, e-2-2(117)-1182/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, U-08-07/22 №-li daşınmaz əmlakın icarə müqaviləsinə əsasən icarəyə verən Cavabdeh, onun mülkiyyətində olan Ağsu şəhəri, H.Əliyev prospekti 394 ünvanında yerləşən 333.9 kv.m olan qeyri-yaşayış sahəsini icarəçi "xxxx" MMC-yə icarəyə verməyi, icarəçi isə həmin obyekti qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş aylıq icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

2. Həmin icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, icarəyə verən Cavabdeh Əlavə 1-də yerləşən obyekti icarəyə götürən "xxxx" MMC-yə icarəyə verir.

3. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə imzalandığı tarixdən qüvvəyə minir və icarə müddətinin bu Müqavilə üzrə bitdiyi tarixə qədər qüvvədə qalır.

4. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, müqavilə üzrə müddətin axımı və haqqın hesablanması mağazanın rəsmi açılış tarixindən etibarən başlayır və xx.xx.2027-ci il tarixinədək qüvvədədir.

5. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, icarəyə verən obyekti bu Müqavilənin ayrılmaz hissəsi olan 2 saylı Əlavədə müəyyən olunan təhvil-təslim aktı əsasında icarəçiyə təqdim etməlidir. Hər tərtib edilmiş akt bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir.

6. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, obyekt istismar və təyinatı üzrə istifadə üçün minimum standartlara və tələblərə uyğun olmadıqda icarəçi obyekti təhvil almamaq hüququna sahib olur.

7. Həmin Müqavilənin 13.1-ci bəndinə əsasən, tərəflərin qarşılıqlı razılığı ilə bu Müqavilə vaxtından əvvəl ləğv edilə bilər.

8. Həmin Müqavilənin 13.3-cü bəndinə əsasən, icarəçi 2 ay öncədən icarəyə verəni xəbərdarlıq etməklə bu Müqaviləni birtərəfli qaydada ləğv edə bilər.

9. Həmin Müqavilənin 13.4-cü bəndinə əsasən, icarəyə verən bu Müqaviləni 6 ay əvvəlcədən icarəçini yazılı qaydada xəbərdar etməklə birtərəfli qaydada ləğv edə bilər.

10. Həmin Müqavilənin 16.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı andan qüvvəyə minir.

11. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, 6 aylıq 12000 manat avans məbləği "xxxx" MMC tərəfindən Cavabdeh hesabına köçürülmüşdür.

12. xx.xx.2022-ci il tarixli U-08-07/22 nömrəli icarə müqaviləsinə: - 1 saylı Əlavəyə (obyekt və icarə haqqı) əsasən, Cavabdeh Ağsu şəhərində 333.9 kv.m torpaq sahəsində yerləşən H.Əliyev prospekti 394 ünvanında olan obyekti bir aylıq 2325,58 manat olmaqla "xxxx" MMC-yə icarəyə vermişdir. -Həmin Əlavənin 2-ci bəndinə əsasən 1 ay üzrə icarə haqqı 2000 manat icarə haqqı = 325,58 manat ÖMV təşkil edir. - Həmin Əlavənin 3-cü bəndinə əsasən, haqq hər ay üçün növbəti ayın 5-dən gec olmayaraq ödənilməlidir. İcarəçi ilk 6 ayın icarə haqqını icarəyə verənə avans şəklində öncədən ödəyəcəkdir. - 2 saylı Əlavəyə (təhvil-təslim aktı) əsasən müəyyən olunur ki, obyekt icarəyə verən A. Qədirov tərəfindən icarəçi "xxxx" MMC-yə təhvil verilmişdir. - 3 saylı Əlavəyə əsasən, icarəyə verilən obyekt minimum standart və tələblərə cavab verir. - 4 saylı Əlavəyə əsasən, 2000 manat məbləğində tikinti işlərinin aparılması icarəçi tərəfindən həyata keçiriləcəkdir. - 5 saylı Əlavəyə əsasən, obyekt təhvil verilən zaman təmirsiz vəziyyətdə olmuşdur.

13. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, həmin məktub icarə müqaviləsinin ləğvi ilə bağlıdır.

14. İş materiallarında olan xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, xx.xx.2023ci il tarixdə Cavabdeh ünvanlanmış göndəriş (pretenziya məktubu) xx.xx.2023-cü il tarixdə təyinatı üzrə çatdırılmışdır.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı Cavabdeh qarşı İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, U- 08-07/22 №-li daşınmaz əmlakın icarəsi müqaviləsinin ləğv edilməsi, avans qismində "xxxx" MMC tərəfindən cavabdehə ödənilmiş 12000 manat və mediasiya sessiyasında ödənilmiş 210 manat pul məbləğinin, cəmi 12210 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

16. İddia ərizəsi işin yuxarıda göstərilən faktiki halları ilə əsaslandırılmış, ərizədə əlavə olaraq göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq təqdim etdiyi bank hesabı vasitəsilə 6 aylıq icarə haqqı olan 12.000 manat avans ödənilmişdir. Lakin avans ödənildikdən sonra mövcud şəraitin dəyişməsi, şirkətə məxsus mağazaların hamısında ard-arda fəaliyyətin dayandırılması səbəbindən icarə müqaviləsində göstərilən obyektdə mağazanın açılışı baş tutmamış və açılışla bağlı hər hansı akt da imzalanmamışdır. Beləliklə, açılış baş tutmadığından, müqavilə üzrə icarə müddətini axımının və icarə haqqının hesablanmasına başlanılmamışdır. Belə olan halda, avans qismində cavabdehə ödənilmiş 6 aylıq icarə haqqı müqavilə baş tutmadığı üçün geri qaytarılmalıdır. Qeyd olunan səbəblərdən, hazırda müqaviləyə xitam verilməsi zərurəti yaranmışdır. Obyekt onlara təhvil veriləndə təmirsiz olub. O, obyekti icarəyə götürmək barədə müqavilə imzalasalar da obyekti bir gün belə olsa işlədə bilməmişlər.

17. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

18. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili verdiyi izahatında bildirmişdir ki, obyekt iddiaçıya veriləndə artıq təmir edilmişdir. Onlar qarşılıqlı iddia vermək istəyirdilər, lakin müddəti ötürdükləri üçün ayrıca iddia ilə məhkəməyə müraciət edəcəklər. Keçən məhkəmə iclasında iddiaçının nümayəndəsi obyekti açmamalarının səbəbinin maddi vəziyyətlə bağlı olduğunu bildirsə də, indi təmirlə bağlı olduğunu deyir. Tərəflər arasında təhvil-təslim aktı imzalanmışdır. İddiaçı tərəf cavabdehə məxsus obyekti icarəyə götürməklə ona ziyan vurmuşdur. Cavabdeh obyekti icarəyə verməzdən əvvəl iddiaçıya məxsus malların satışına uyğun olaraq həmin obyekti təmir etdirmişdir. Bütün bunları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

19. Şəki Kommersiyа Məhkəməsinin (hakim Mübariz Hüseynov) 29 noyabr 2023-cü il tarixli, e-2-2(117)-1182/2023 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş, ödənilməmiş 126 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

20. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər pozulmamış və obyektin istifadəyə verilməməsi yalnız bir səbəblə, iddiaçının maddi imkanının olmaması ilə bağlı olmuşdur. Bu isə cavabdehin təqsirini və avans məbləği geri qaytarmasında borclu olmasını istisna edir. Əksinə cavabdeh sahibkarlıqla məşğul olan fiziki şəxsdir və həmin məbləğin geri qaytarılması onun əsaslı mənafeləri ilə ziddiyyət təşkil edir. Baxmayaraq ki, iddiaçı qeyd edilən icarə obyektindən hazırkı vaxta kimi istifadə etməmişdir, bu halda isə cavabdehin hər hansı bir təqsirli davranışı mövcud deyildir. Tərəflərin bildirdiyinə görə hazırkı vaxta kimi qeyd edilən obyekt başqa şəxsə icarəyə verilməmişdir.

21. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 386.1, 442, 448.1, 448.2, 700.1, 700.2, 700.3, 328.1, 328.3, 328.4, 352, 689.1, 689.2, 704.1, 704.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 2.2, 8.1, 9.1, 47.1, 77.1, 81, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

22. İddiaçı həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara icarə müqaviləsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

24. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə tamamilə əsassızdır və qətnamə ləğv edilməlidir. İcarə müqaviləsi tərəflər arasında tərəflərin qarşılıqlı iradəsini əks etdirən razılaşma və şərtlərlə imzalanmışdır. Cavabdeh tam fəaliyyət qabiliyyətli şəxs kimi, müqavilənin şərtləri ilə tanış olmuş və öz iradəsi əsasında şərtlərlə - yəni obyektin təmirsiz vəziyyətində müqavilənin imzalanmasına, icarəyə verən tərəfindən obyektin təmir edilməsinə, obyektin açılışı baş tutduqdan sonra icarə haqqının hesablanması barədə şərtlərlə razılaşaraq müqaviləni imzalamışdır. Müqavilə imzalanan anda obyekt tamamilə təmirsiz və fəaliyyətə yararsız halda idi, obyektin hansı müddətdə təmir olunması və açılışa nə vaxt hazır olmasının həmin anda müəyyən edilməsi qeyri-mümkün idi. Müqavilə hər iki tərəfin sərbəst iradə ifadəsi şəraitində bağlanmışdır. Cavabdeh hər hansı şərti istədiyi formada tərtib edib təqdim etməmiş, hər hansı bəndin dəyişdirilməsini, çıxarılmasını təklif etməmiş, eləcə də obyektin dəqiq açılış tarixinin müqavilədə qeyd olunmasını tələb etməmişdir. Halbuki, bütün bunlara onun hüququ və faktiki imkanı olmuşdur. Beləliklə, müqavilənin şərtləri barədə tam şəkildə qarşılıqlı anlaşma baş tutduğu üçün müqavilə imzalanmışdır. Lakin məhkəmə müqavilə şərtlərini tamamilə rədd etmiş, yalnız cavabdehin müqavilə imzalanarkən nə düşündüyü, nəyi nəzərdə tutduğu barədə mülahizələrini qeyd etməklə, qətnaməni bu mülahizələrlə əsaslandırmışdır. Məhkəmənin çıxardığı qətnamə heç bir qanun normasına və işin faktiki hallarına əsaslanmır. Qətnamə əsaslandırılarkən tərəflər arasındakı müqavilənin şərtləri tamamilə rədd edilmiş, yalnız cavabdehin nümayəndəsinin qeyri-dəqiq izahatları ilə əsaslandırılmış, eyni zamanda iddiaçının nümayəndəsinin izahatları da təhrif edilərək, cavabdehin nümayəndəsinin izahatına uyğunlaşdırılmışdır. Məhkəmə eyni zamanda, iş materiallarında olan sübutlara, müqaviləyə və onun əlavələrinə istinad etmiş, lakin onları öz mülahizələrinə əsasən təkzib etmişdir. Beləliklə, iş materiallarında olan və məhkəmədə tədqiq olunan sübutlar tamamilə kənarda qalmış və qətnamə qeyri-dəqiq izahatlara və məhkəmənin bu izahatlara əsasən formalaşdırdığı mülahizələrə söykənmişdir. Məhkəmə əsassız olaraq, müqavilə üzrə icarə haqqının xx.xx.2022-ci il tarixdən hesablanmalı olduğunu qeyd etmişdir. Mülki Məcəllənin 676.0.1-ci maddəsinə əsasən, kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır. Kirayəyə verən bunun üçün məsuliyyət daşıyır. Məhkəmə xx.xx.2022-ci il tarixdə əmlakın 5 saylı əlavədə göstərilən yararsız vəziyyətdə deyil, yararlı vəziyyətdə olmasını əsaslandırmamışdır. Beləliklə, həmin tarixdə obyektin istifadəyə yararlı olması barədə iş materiallarında heç bir sübut mövcud deyildir. Məhkəmə qətnaməsində iddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubunun xx.xx.2023-cü il tarixində çatdırılmasına istinad edərək, heç bir əsas olmadan müqavilənin xx.xx.2023-cü il tarixədək qüvvədə olmasını müəyyən etmişdir. Qeyd edirlər ki, cavabdeh qeydiyyat ünvanında yaşamadığı üçün məktub bir neçə dəfə geri qaytarılmış və bir ay yarımdan sonra cavabdehə çatdırılmışdır. Həmçinin yanvar ayında cavabdeh şifahi qaydada bu barədə məlumatlandırılmışdır və xəbərdar idi. Göründüyü kimi, məktubun gec çatdırılması iddiaçının iradəsindən asılı olmayan səbəbdən baş vermişdir. Məhkəmənin gəldiyi nəticədən belə çıxır ki, əgər icarəyə verən xaricdə olsa idi və illərlə ölkəyə gəlməsəydi, məktub çatdırılmadığı halda, müqavilə illər boyu qüvvədə qalmalı idi. Bu səbəblərdən, həmin yanaşmanın əsassız olduğu aydın görünür. Göstərilənlərə əsasən, Şəki Kommersiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, e-2-2(117)-1182/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən yazılı etiraz göndərərək iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, e-2-2(117)- 1182/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

26. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.

22. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi

25. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

30. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

31. Maddə 689.1-ci maddəsinə əsasən Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir.

32. Maddə 689.2. Əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər.

33. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

34. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

35. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

36. Maddə 704.1. Əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı 2 aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir.

37. Maddə 704.2. İcarəçinin bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni ləğv etmək hüququ yoxdur.

38. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.

39. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

40. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

46. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, e-2-2(117)-1182/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

52. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

53. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, icarəyə verən Cavabdeh ilə icarəyə götürən "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli U-08-07/22 nömrəli icarə müqaviləsi bağlayaraq Ağsu şəhərində 333.9 kv.m torpaq sahəsində yerləşən H.Əliyev prospekti 394 ünvanında olan obyekti bir aylıq 2325,58 manat olmaqla "xxxx" MMC-yə icarəyə vermişdir. Həmin Müqavilə 01.20.27-ci il tarixədək bağlanılmış və tərəflərdən birinin 30 gün əvvəlcədən müqavilənin ləğvi ilə bağlı bildiriş verməyəcəyi təqdirdə 5 il müddətinə uzadılacağı barədə tərəflər razılığa gəlmişlər. "xxxx" MMC tərəfindən tərəflərin arasında bağlanmış Müqavilənin və həmin Müqaviləyə Əlavənin şərtlərinə uyğun olaraq 6 aylıq 12000 manat avans məbləği Cavabdeh hesabına köçürülmüş və icarəyə verən tərəfindən obyekt təmir edilərək icarəçiyə təhvil verilmişdir. Lakin mağazanın rəsmi açılışı olmamışdır. İddiaçı hazırkı iddianı qaldıraraq həmin obyektdən istifadə etməsinin iddiçı hüquqi şəxsin maddi vəziyyətinin pisləşməsi səbəbindən mümkün olmadığına görə müqavilənin ləğv edilməsini və avans qismində ödədiyi 12000 manat pulun qaytarılmasını məhkəmədən xahiş etmişdir.

54. Tərəflər arasında etibarlı icarə müqaviləsi bağlanıb, icarə obyekti icarəyəverən tərəfindən icarəçiyə təhvil verilib. Təhvil verilərkən həmin mağaza binası təmirli olmamış, tərəflər aralarında olan razılaşmaya əsasən icarəçinin göstərdiyi parametrlər əsasında təmir olunacağını razılaşmışlar. Tərəflər arasında imzalanmış təhvil-təslim aktına əsasən obyekt İcarəçiyə təmirli formada təqdim edilib. Tərəflərin nümayəndələri məhkəmə iclasında etiraf edir ki, razılaşdırılmış vaxtda, yəni. nəzərdə tutulan müddətdə müqavilə bağlanan tarixdən 1-2 ay sonra təmir olunub və bu barədə şifahi olaraq bir-birini məlumatlandırılıblar. Lakin iddiaçı tərəfindən “Texnomart” tipli mağaza olaraq fəaliyyət göstərmələri maddi imkanlarının olmaması ucbatından açılış tarixi ləngimiş, iddiaçı xx.xx.2023-cü il tarixdə müqavilənin ləğv etmək və ödədiyi avan vəsaitinin qaytarılması barədə cavabdehə pretenziya məktubu göndərmiş, cavabdehə həmin məktub xx.xx.2023cü il tarixdə çatdırılmışdır. İddiaçı maddi imkanın aşağı düşməsi səbəbindən müvafiq mağazanın açılışının edilməməsinə əsaslanaraq müqavilənin ləğv edilməsini və ödədiyi vəsaitin geri qaytarılmasını xahiş edir.

55. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, 6 aylıq 12000 manat avans məbləği "xxxx" MMC tərəfindən Cavabdeh tərəfindən köçürülmüş və obyekt təmir edilərək icarəçiyə təhvil verilmişdir. Yəni, müqavilə üzrə tərəflər öhdəliklərini lazımınca icra etmişlər. İddiaçının avans məbləğinin qaytarılması üzrə tələbi onunla əsaslandırılır ki, mağazanın açılışı xx.xx.2022-ci ildə nəzərdə tutulduğundan, lakin bu mümkün olmadığından mağazadan istifadə edə bilməmişdir.

56. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı mağazanın açılışının olmamasını cavabdehin hər hansı təqsiri ucbatından baş tutmasına əsaslanmır. Belə ki, ən geci xx.xx.2022-ci il tarixdə iddiaçı tərəf mağazanın açılışının baş tutmayacağını bilirdi. Lakin iddiaçı tərəfindən ağlabatan müddətdə cavabdehə bu barədə məlumat verilməmiş və müqavilənin ləğvi ilə bağlı bildiriş 16 mart 2023-cü il tarixdə göndərilmiş və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən xx.xx.2023-cü il tarixdə müqaviləyə xitam verilmişdir.

57. xx.xx.2022-ci il tarixli təhvil təslim aktından görünür ki, həmin tarixdə cavabdeh obyekti iddiaçıya təhvil vermişdir. Bundan əlavə cavabdeh obyektdə həm təmir işləri aparmış, həm də açılacaq mağazanın istismarına (malların satışına uyğun olaraq) uyğun vəziyyət gətirmişdir (iddiaçının açmalı olduğu mağazanın təyinatı “texnomart” tipli olduğuna görə, obyektin həmin vəziyyətə gətirilməsi üçün əlavə xərc çəkməli olmuşdur).

58. Göründüyü kimi, obyektin təhvil-təslim aktı əsasında icarəçiyə verilməsi hər iki tərəfin izahatları və iş materialları ilə sübut olunur.

59. Ona görə də apellyasiya şikayətinin cavabdehin obyekti iddiaçıya təhvil verməməsinə dair dəlilli əsassızdır.

60. İddiaçı iddia edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsinə dair pretenziya məktubunu xx.xx.2023-cü il tarixdə cavabdehə göndərmişdir. Lakin işdə olan teleeqramdan görünür ki, iddiaçı petenziya məktubunu (göndərişi) cavabdehə xx.xx.2023-cü il tarixdə ünvanlamış və həmin göndəriş xx.xx.2023-cü il tarixdə təyinatı üzrə çatdırılmışdır. (iş vərəqi 15-16)

61. Müqavilənin şərtinə görə həmin vaxtdan 2 ay sonra-yəni xx.xx.2023-cü il tarixdə müqavilə ləğv olunmuş hesab olunmalıdır.

62. Belə olan halda, apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin heç bir əsas olmadan müqavilənin xx.xx.2023-cü il tarixədək qüvvədə olmasını müəyyən etməsi barədə dəlili də əsassızdır.

63. Tərəflər arasında müqavilənin 13.3-cü bəndinə əsasən iddiaçı (icarəçi) tərəfindən cavabdeh (icarəyəverən) xx.xx.2023-cü il tarixdə müqavilənin ləğv edilməsi barədə xəbərdar edilmiş, xx.xx.2023-cü il tarixdən müqaviləyə xitam verilmişdir. Bu səbəbdən qeyd edilən müqavilənin təkrarən məhkəmə tərəfindən ləğv edilməsi yolverilməzdir.

64. Ona görə də iddia tələbinin müqavilənin ləğvinə dair hissəsi əsassız olduğundan təmin edilməməlidir.

65. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh obyekti vədələşdikləri vaxtda aktla iddiaçıya təhvil verdiyindən cavabdehin müqavilə üzrə əmlakı təhvil vermək öhdəliyi yerinə yetirilmiş sayılır. Məhz bu səbəbə görə iddiaçı müqavilənin şərtinə uyğun olaraq altı aylıq icarə haqqını əvvəlcədən müqavilə bağlandıqdan 5 gün sonra - xx.xx.2022-ci il tarixdə ödəmişdir.

66. Digər tərəfdən, iddiaçı iddia ərizəsində icarə götürdükləri obyektdə mağazanın açmamalarının səbəbinin maddi vəziyyətlə bağlı olduğunu bildirsə də, apellyasiya şikayətində isə səbəb kimi obyektin təmirsiz olmasını və bununla da istifadəyə yararsızlığını göstərir.

67. Halbuki, işin faktiki halları ilə obyektin vaxtında təmir olunduğu və açılacaq mağazanın təyinatına uyğun vəziyyətə gətirildiyi təsdiq olunur.

68. Birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, tərəflər aasında bağlanmış icarə müqaviləsinin 3.2-ci bəndinin məzmunundan və tərəflərin davranışlarından müəyyən edilir ki, mağazanın açılış tarixi uzun müddət davam edə bilməzdi. Bu müqavilə şərtləri baxımından ağlabatan müddət ərzində baş verməli idi. Cavabdehin iddiaçı ilə müqavilə bağlamaqda maddi marağı olmuş, çünki iddiaçı imkanlı şirkət olduğundan icarə haqqının vaxtında ödənilməsinə və müqavilənin uzun müddət qüvvədə qalacağına əmin olmuşdur. Əslində cavabdeh hazırkı mübahisə üzrə gözlədiklərindən məhrum olmuşdur. Cavabdehin mağazanın təmir etdirərək iddiaçıya təhvil verməsi faktı sübut edilir, lakin mağazanın açılışı müəyyən səbəblərdən iddiaçı tərəfindən həyata keçirilməmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin rəsmi yazışmalarından və müqavilə üzrə davranışlarından müəyyən edilir ki, ən azı mağazanın açılış tarixi xx.xx.2022-ci il tarixədək nəzərdə tutulmuşdur. Bunu iddiaçının nümayəndəsi də izahatında təsdiqləmişdir.

69. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı sayır.

70. Məhkəmə kollegiyası qeyd edir ki, mağazanın rəsmi açılışının baş tutmamasına səbəb kimi icarəyə verənin müqavilə üzrə hər hansı öhdəliklərini pozması halı deyil, iddiaçının maddi vəziyyətinin yaxşı olmaması göstərilmişdir.

71. Müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, müqavilə imzalandığı tarixdən qüvvəyə minir və icarə müddətinin bu müqavilə üzrə bitdiyi tarixə qədər qüvvədə qalır. 3.2ci bəndinə əsasən, müqavilə üzrə müddətin axımı və haqqın hesablanması mağazanın rəsmi açılış tarixindən etibarən başlayır və xx.xx.2027-ci il tarixədək qüvvədədir.

72. Məhkəmə kollegiyası hesab edir ki, müqavilənin 3.2-ci bəndi qeyri-müəyyən olmaqla iddiaçının həmin bəndə istinad etməsi hüquqdan sui-istifadəyə gətirib çıxarır. Belə ki, həmin bənddə mağazanın açılışının konkret tarixinin göstərilməməsi müqavilənin mahiyyətinə zidd olmaqla, müqavilənin digər bəndləri ilə də uzlaşmır. Müqavilə xx.xx.2027-ci il tarixədək qüvvədə olduğu halda, belə çıxır ki, iddiaçı həmin tarixədək mağazanın rəsmi açılışı olmadan obyekti öz istifadəsində saxlaya və icarə haqqı üzrə heç bir ödəniş etməyə bilər. Bu yanaşma işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamaqla cavabdehin hüquqlarının pozulmasına səbəb olardı.

73. Yuxarıda da vurğulandığı kimi, mağazanın açılmaması iddiaçının maddi durumu ilə əlaqədar olmuşdur. Bu isə obyektiv səbəb olmadığından iddiaçını müqavilə üzrə öhdəliklərin icrasından azad etmir.

74. Bundan başqa, qanunla və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Hazırkı mübahisənin predmeti olan icarə müqaviləsi üzrə tərəflər ayrı qayda müəyyən etmədiklərindən iddiaçı cavabdehdən müqavilənin ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməz. (38-ci bənd)

75. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

76. Beləliklə məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

77. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

78. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

79. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

80. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

81. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, e-2-2(117)-1182/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, e-2-2(117)- 1182/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar