Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-18/2025 09.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsı İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi (açar sözlər: müqavilə üzrə borc öhdəliyi) Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X4 qızının katibliyi, apellyasiya şikayətini vermiş Cavabdeh və onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil iştirakı ilə, İddiaçı (VÖEN **********) Cavabdeh (VÖEN **********) qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli e-2-2(117)-1328/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları
İddiaçı 28 sentyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh kredit müqaviləsi üzrə 18000 (on səkkiz min) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (iş vərəqi: 1-3). İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, notarial qaydada təsdiq edilmiş 31 avqust 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 18000 (on səkkiz min) manat borc pul vermişdir. Həmin müqaviləyə əsasən cavabdeh ona olan borcunu 01 dekabr 2021-ci il tarixinədək tamamilə qaytarmağa öhdəlik götürməsinə baxmayaraq, borc məbləğindən hər hansı bir məbləğdə ödəniş etməmişdir. Cavabdehə borcunu ödəməsi barədə pretenziya qaydasında müraciət etsə də, cavabdeh yenə də borcunu qaytarmamışdır. Buna görə də, cavabdehin borcunu qaytarmayacağını görüb, borcun ödənilməsinin təmin edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı tərəfindən iddia tələbinin əsaslılığının sübutu kimi iddia ərizəsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında Bakı şəhəri 14 saylı Notariat Ofisində notarial qaydada bağlanaraq təsdiq edilmiş 31 avqust 2020-ci il tarixli kredit müqaviləsi təqdim olunmuşdur (i/v: 7). Həmin Müqavilədən görünür ki, “Borc verən” “Borc alan”a 18000 (on səkkiz min) manat məbləğində pulu borc verir (müqavilənin 1-ci bəndi), “Borc alan” isə həmin borcu 01 dekabr 2021-ci il tarixinədək “Borc verən”ə qaytarmağı öhdəsinə götürür (müqavilənin 2-ci bəndi). İş üzrə Zaqatala Rayon Məhkəməsində məhkəmə prosesi başlanaraq, mübahisənin araşdırılması ilə əlaqədar müəyyən prosessual hərəkətlər edildikdən və bir neçə məhkəmə iclası keçirildikdən sonra Zaqatala Rayon Məhkəməsinin (hakim Vüqar Məmmədov) 20 avqust 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair iş - kommersiya mübahisəsi hesab edilərək, məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmiş (i/v: 141-144) və həmin iş 11 sentyabr 2024-cü ildə Şəki Kommersiya Məhkəməsinin icraatına daxil olmuşdur (i/v: 150). Şəki Kommersiya Məhkəməsində İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə mahiyyəti üzrə baxılaraq, Şəki Kommersiya Məhkəməsi tərəfindən iddianın təmin edilməsi barədə 15 oktyabr 2024-cü il tarixli e-2- 2(117)-1328/2024 nömrəli qətnamə qəbul edilmişdir (hakim Mübariz Hüseynov).
2. Birinci instansiya məhkəməsində icraat
2.1). Zaqatala Rayon Məhkəməsində icraat (hakim Vüqar Məmmədov):
İş üzrə Zaqatala Rayon Məhkəməsində aparılan məhkəmə prosesində Cavabdeh nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil 02 noyabr 2023-cü il tarixli “iddia müddətinin tətbiqi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, bir illik iddia müddətini tətbiq edərək İddiaçı Cavabdeh qarşı “borcun tutulması” barədə iddia tələbinin rədd olunmasını xahiş etmişdir (i/v: 24-28). Cavabdeh tərəfin vəsatəti üzrə Zaqatala Rayon Məhkəməsinin müraciətinə əsasən Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında 31 avqust 2020-ci ildə 3M-1929 nömrəsi ilə qeydiyyatı aparılaraq, təsdiq edilmiş 31 avqust 2020-ci il tarixli kredit müqaviləsinin və müqaviləyə əlavə olunmuş sənədlərin təsdiq edilmiş kserosurətləri Zaqatala Rayon Məhkəməsinə təqdim olunmuşdur (i/v: 39- 49). Zaqatala Rayon Məhkəməsinin müvafiq müraciətinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 18000 (on səkkiz min) manat məbləğində pulun verilməsi barədə tərtib edilərək imzalanmış 31 avqust 2020-ci il tarixli 535828 nömrəli çekin əsli Zaqatala Rayon Məhkəməsinə təqdim olunmuşdur (i/v: 90-91). Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 05 fevral 2024-cü ildə məhkəməyə “iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi” barədə vəsatət təqdim edib, 31 avqust 2020-ci il tarixli kredit müqaviləsi əsasında ona 18000 manat məbləğində pul vəsaitinin verilməsi ilə əlaqədar bank sənədindəki ona aid imzanı mübahisələndirərək, həmin imzanın onun imzası olmadığını bildirmiş və Bankdan pul almasını təsdiq edən imzanın yoxlanması üçün məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir (i/v: 81). Cavabdeh vəsatəti əsasında Zaqatala Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli e-2(033)-98/2024 nömrəli qərardadı ilə “18000 manat məbləğində pul vəsaitinin alınması” ilə əlaqədar tərtib edilmiş "xxxx" ASC-nin 31 avqust 2020-ci il tarixli 535828 nömrəli çekin - “Çekdə göstərilən məbləği aldım, imza” sözləri qarşısındakı imzanın Cavabdeh tərəfindən icra olunub-olunmamasının” müəyyən edilməsi üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir (i/v: 83-85). Həmin məhkəməxətşünaslıq ekspertizasının 06 iyun 2024-cü il tarixli 4/398 nömrəli Ekspert Rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş "xxxx" ASC-nin 31 avqust 2020-ci il tarixli, 535828 nömrəli çekinin arxa tərəfində “Çekdə göstərilən məbləği aldım, imza” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur (i/v: 101-104). İş üzrə 20 avqust 2024-cü ildə keçirilən məhkəmə iclasında İddiaçı və Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iştirak etmişlər. Məhkəmə iclasında İddiaçı (VÖEN **********) və Cavabdeh (VÖEN **********) hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları müəyyən edildiyindən, həmin iclasda qəbul edilmiş Zaqatala Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair iş - kommersiya mübahisəsi hesab edilərək, məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir (i/v: 128-144).
2.2). Şəki Kommersiya Məhkəməsində icraat (hakim Mübariz Hüseynov):
Zaqatala Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 20 avqust 2024-cü il tarixli qərardadına əsasən 05 sentyabr 2024-cü il tarixli məktubla göndərilmiş hazırkı kommersiya işi 11 sentyabr 2024-cü ildə Şəki Kommersiya Məhkəməsinin icraatına daxil olmuş və İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mübahisəyə Şəki Kommersiya Məhkəməsində mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktı qəbul edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli e-2-2(117)-1328/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “borcun tutulması” barədə iddia tələbi təmin edilərək, Cavabdeh kredit müqaviləsi üzrə 18000 manat pulun tutularaq İddiaçı ödənilməsi və eyni zamanda, ödənilməmiş 144 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (i/v: 178-181). Şəki Kommersiya Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli e-2-2(117)-1328/2024 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələri: 385.1, 386.1, 442, 445.2, 448 bənd 1, 2, 739.1, 739.2)... Məhkəmə ilkin olaraq qeyd edir ki, tərəflərin vergi ödəyicisi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları ilə bağlı müvafiq VÖEN qeydiyyatları olduğundan və mübahisə tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yarandığından, iş aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilmiş və işə kommersiya mübahisəsi olaraq baxılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında xx.xx.2020-ci il tarixdə notarial qaydada bağlanmış kredit müqaviləsinə əsasən borc verən borcalana 18000 manat pul borc vermiş, lakin borcalan müqavilə ilə müəyyən edilmiş müddət ərzində borcunu ödəməyərək müqavilə öhdəliklərini yerinə yetirməmiş və bu səbəbdən ödənilməmiş 18000 manat borcu qalmışdır. İş üzrə "xxxx" ASC-dən təqdim edilmiş 535828 nömrəli qəbzdən görünür ki, 18000 manat vəsait cavabdehin bank hesabına köçürülmüş və sonuncu həmin qəbzi imzalamışdır ki, Məhkəmə Ekspertiza Mərkəzindən təqdim edilmiş ekspert rəyindən də göründüyü kimi qəbzdəki imza cavabdeh tərəfindən çəkilmişdir. Göründüyü kimi, cavabdehə 18000 manat pul verilmiş və sonuncu buna dair qəbzə imza etmişdir. Eyni zamanda, xx.xx.2020-ci il tarixdə notariat ofisinə ünvanlanmış ərizədə cavabdeh ona 18000 manat borc pul verildiyini etiraf etmişdir. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh bu müddətin 1 il olması, müddətin xx.xx.2022-ci il tarixdə bitməsi və bu səbəbdən iddia müddətindən 1 ildən də artıq keçməsi ilə əlaqədar iddia müddətinin tətbiqinə dair ərizə versə də, bunda haqlı deyildir. Qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı borc müqaviləsinin müddətinin, yəni öhdəliyin icra vaxtının bitdiyi an ilə müəyyən edilir ki, borc müqaviləsi xx.xx.2021-ci il tarixədək bağlanmış və cavabdeh tərəfindən nə müqavilənin qüvvədə olduğu dövr ərzində, həmçinin müqavilə müddəti bitdikdən sonra hər hansı ödəniş edilməmişdir. Göründüyü kimi notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinin son günü xx.xx.2021-ci il tarixdə bitmişdir. Mülki Məcəllənin tələbi baxımından müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil etdiyindən hazırki iddia tələbi üzrə iddia müddətinin son günü xx.xx.2024-cü il tarixdə bitəcəkdir ki, hazırki iş üzrə iddia müddəti ötürülməmişdir. Hazırkı iddia tələbi üzrə iddia müddəti keçmədiyindən mübahisəyə məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında notarial kredit müqaviləsi üzrə iddiaçı öhdəliklərini yerinə yetirsə və buna dair sübutları təqdim etsə də, cavabdeh öhdəliyini yerinə yetirmədiyindən, işdə olan sübutlar cavabdeh tərəfindən təkzib edilsə də, sübut edilmədiyindən - hazırkı iş üzrə iddia tələbi əsaslıdır və təmin edilərək 18000 manat borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448, 739.1, 739.2, 373 və 375-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
3.1) İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Cavabdeh 23 oktyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin 15 oktyabr 2024cü il tarixli e-2-2(117)-1328/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, “Şəki Kommersiya Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli e-2-2(117)-1328/2024 saylı qətnaməsinin tam ləğv edilməsi və iddianın rədd edilməsi” barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir (i/v: 184-187). Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-1328/2024 saylı 15 oktyabr 2024-cü il tаrixli qətnaməsi ilə kredit müqaviləsi üzrə 18000 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin, o, qətnamə ilə razı deyildir. Çünki, qətnamədə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə məhkəmə tərəfindən düzgün qiymətləndirmə aparılmamışdır. Belə ki, məhkəmə Mülki Məcəllənin 373-cü maddəsinə istinad edərək iddia müddətini 3 il nəzərdə tutmuşdur. Lakin məhkəmə nəzərə almamışdır ki, məhkəməyə təqdim edilmiş müqavilə borc müqaviləsi deyil, kredit müqaviləsidir. Bundan başqa rayon məhkəməsi tərəfindən işin halları araşdırılarkən müəyyən edilmişdir ki, mübahisə predmeti olan pul tərəflər arasında kommersiya məqsədi ilə kredit müqaviləsi əsasında verilmişdir. Məhkəmə Mülki Məcəllənin 745.4-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunur ki, borc verənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti 1 ildir. Məhkəmə iddia müddətinin tətbiqini qiymətləndirərkən Mülki Məcəllənin 373-cü maddəsini deyil, həmin Məcəllənin 745.4-cü maddəsini tətbiq edərək, iddianı rədd etməli idi. Çünki, iddiaçının kredit müqaviləsi üzrə iddia müddətinin son müddəti 01 dekabr 2022-ci il olmuşdur. Lakin, iddiaçı həmin müddətdən də əlavə 1 ildən artıq müddət keçdikdən sonra müraciət etmiş və bununla da, iddia müddətini ötürmüşdür. Məhkəmə isə Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələbini pozaraq tətbiq edilməli hüquq normasını deyil, başqa hüquq normasını tətbiq edərək, sübutlara səhv qiymət vermişdir. Ona görə də, şikayətdə qeyd edilən faktlar apellyasiya məhkəməsinin kollegiyasında tam hüquqlu məhkəmə kimi araşdırılaraq şikayət təmin olunmalı və qətnamə tamamilə ləğv edilərək, iddia rədd edilməlidir.
3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı:
4.1) Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə 12 dekabr 2024-cü il tarixinə təyin edilmiş məhkəmə iclasına İddiaçı gəlmiş olsa da, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, apellyasiya şikayətini vermiş Cavabdeh və yaxud, onun nümayəndəsi həmin məhkəmə iclasına gəlməmişlər. Lakin, Cavabdeh nümayəndəsi qismində Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edib, 12 dekabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəkləri barədə məlumat verərək, məhkəmə iclasının başqa vaxta təyin edilməsini xahiş etmişdir. Buna görə də, məhkəmə iclasına gəlmiş İddiaçı apellyasiya şikayətinə münasibəti öyrənildikdən və izahatı dinlənildikdən sonra, apellyasiya şikayətini vermiş cavabdeh tərəfin də şikayətə baxılmasında iştirakına şərait yaradılması məqsədilə məhkəmə iclаsının davamı 09 yanvar 2025-ci il tarixə təxirə sаlınmışdır. Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə 09 yanvar 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasına isə apellyasiya şikayətini vermiş Cavabdeh və onun nümayəndəsi Vəkil gəlsələr də, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, məhkəmə iclasına gəlmiş proses iştirakçılarının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini, eləcə də 12 dekabr 2024-cü ildə keçirilmiş məhkəmə iclasında apellyasiya şikayəti ilə əlaqədar izahat verməsini nəzərə alaraq, İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya şikayəti üzrə 09 yanvar 2025-ci ildə keçirilən məhkəmə iclasında iştirak edən apellyasya şikayətini vermiş Cavabdeh və onun nümayəndəsi Vəkil Şəki Kommersiya Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli e-2-2(117)-1328/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Şəki Kommersiya Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli e-2-2(117)-1328/2024 saylı qətnaməsinin tam ləğv edilməsi və İddiaçı iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdilər. Apellyasiya şikayəti üzrə 12 dekabr 2024-cü ildə keçirilən məhkəmə iclasında iştirak etmiş İddiaçı isə həmin iclasda verdiyi izahatında apellyasiya şikayətini qəbul etmədiyini bildirib, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli e-2-2(117)-1328/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və öz mövqeyini – iddia ərizəsində yazılanlarla, o cümlədən də dərziliklə məşğul olan tanışı Cavabdeh sahibkarlıq fəaliyyəti üçün 31 avqust 2020-ci ildə notarial qaydada borc kimi aldığı 18000 manat pulu 01 dekabr 2021-ci il tarixinədək qaytarmalı olsa da, müqavilə şərtlərinə əməl etməyərək müxtəlif bəhanələrlə həmin borcunu hal-hazıradək qaytarmaması ilə əsaslandırmışdı.
4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə - tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, Cavabdeh hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli e-2-2(117)-1328/2024 saylı qətnaməsinin tam ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını” xahiş etmiş olduğundan, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbləri nəzərə alınmaqla, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmışdır. 4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ... 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi (31 avqust 2020-ci il tarixli kredit müqaviləsi bağlandığı dövrdə qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması (31 avqust 2020-ci il tarixli kredit müqaviləsi bağlandığı dövrdə qüvvədə olan redaksiyada) 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında Bakı şəhəri 14 saylı Notariat Ofisində notarial qaydada bağlanaraq, xüsusi notarius X3 tərəfindən təsdiq edilmiş 31 avqust 2020-ci il tarixli kredit müqaviləsinin 1-ci bəndində “Borc verən”in “Borc alan”a 18000 (on səkkiz min) manat məbləğində pulu borc verməyi, həmin Müqavilənin 2ci bəndində isə “Borc alan”ın həmin borcu 01 dekabr 2021-ci il tarixinədək “Borc verən”ə qaytarmağı öhdəsinə götürdüyü nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 31 avqust 2020-ci ildə 3M-1929 nömrəsi ilə qeydiyyatı aparılaraq, təsdiq edilməsi ilə əlaqədar Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən məhkəməyə təqdim olunmuş notariat işində olan borcalan Cavabdeh notarial qaydada tərtib və təsdiq edilmiş ərizəsindən görünür ki, o, 18000 manat məbləğində pulu borc alması və həmin borcu müqavilədə göstərilən müddətdə qaytarmalı olması barədə müqaviləni imzalamışdır. Eyni zamanda, həmin Notariat İşində olan sənədlərlə müəyyən edilir ki, məlum müqavilə üzrə borc verilən 18000 manat məbləğində pul vəsaiti 31 avqust 2020-ci ildə borc verən İddiaçı tərəfindən Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan depozit hesabına təhvil verilmişdir (i/v: 45-46). İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “pulun verilməsi” barədə tərtib edilmiş 31 avqust 2020-ci il tarixli 535828 nömrəli “çek”indən görünür ki, borcalan Cavabdeh 18000 (on səkkiz min) manat məbləğində pulu 31 avqust 2020-ci ildə Bankdan təhvil almışdır (i/v: 90-91). Göründüyü kimi, işin konkret halları ilə müəyyən olunur ki, Bakı şəhəri 14 saylı Notariat Ofisində notarial qaydada bağlanaraq təsdiq edilmiş 31 avqust 2020-ci il tarixli kredit müqaviləsi əsasında İddiaçı tərəfindən Cavabdeh 01 dekabr 2021-ci il tarixinədək qaytarılması şərti ilə 18000 manat məbləğində pul vəsaiti borc verilmişdir. Lakin, Cavabdeh notariusun depozit hesabından Bank vasitəsi ilə təhvil aldığı 18000 manat məbləğində borcu qaytarmamış və bununla da, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. İş materialları ilə müəyyən olunur ki, borcun qaytarılması üçün cavabdehə müvafiq qaydada müraciət olunsa da, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Buna görə də, İddiaçı 28 sentyabr 2023-cü ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı cavabdeh tərəf “iddia müddətinin tətbiqi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı mübahisəyə 1 (bir) illik iddia müddətini tətbiq edərək, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” barədə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Eyni zamanda, Cavabdeh birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı 31 avqust 2020-ci il tarixli kredit müqaviləsi əsasında ona 18000 manat məbləğində pul vəsaitinin verilməsi ilə əlaqədar bank sənədindəki imzanın “onun imzası olmadığını” bildirib, Bankdan pul almasını təsdiq edən imzanın yoxlanması üçün məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Lakin, həmin vəsatət əsasında keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 06 iyun 2024-cü il tarixli 4/398 nömrəli Ekspert Rəyi ilə cavabdeh tərəfin bu etirazı öz təsdiqini tapmamış və ekspertiza zamanı müəyyən olunmuşdur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “pulun verilməsi” barədə 31 avqust 2020-ci il tarixli, 535828 nömrəli çekinin arxa tərəfində “Çekdə göstərilən məbləği aldım, imza” qrafasındakı imza – Cavabdeh özü tərəfindən icra olunmuşdur (i/v: 101-104). Cavabdeh mübahisə üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli e-2-2(117)-1328/2024 nömrəli qətnaməsindən verdiyi hazırkı apellyasiya şikayətini isə “məhkəməyə təqdim edilmiş 31 avqust 2020-ci il tarixli müqavilənin “borc” müqaviləsi deyil, “kredit” müqaviləsi olması və mübahisə predmeti olan pulun tərəflər arasında kommersiya məqsədi ilə kredit müqaviləsi əsasında verilməsi, iddiaçının həmin kredit müqaviləsi üzrə iddia müddətinin son müddəti 01 dekabr 2022-ci il tarixi olmasına baxmayaraq, iddiaçı həmin tarixdən də əlavə 1 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etməsi və bununla da, iddia müddətini ötürməsi, Mülki Məcəllənin 745.4-cü maddəsinə əsasən borc verənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti 1 il olduğuna görə məhkəmə, iddia müddətinin tətbiqi barədə ərizəni qiymətləndirərkən Mülki Məcəllənin 3 illik iddia müddətinin nəzərdə tutulduğu 373-cü maddəsini deyil, həmin Məcəllənin 745.4-cü maddəsini tətbiq edərək, iddianı rədd etməli olması” ilə əsaslandırmışdır. Lakin, aşağıda təsvir olunanlardan görünür ki, hazırkı mübahisə üzrə cavabdeh tərəfin iddia müddətinin hesablanması barədə yuxarıda qeyd olunan mövqeyi tamamilə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Borc” adlanan 37-ci fəslinin 739.2-ci maddəsinin mübahisə predmeti olan 31 avqust 2020-ci il tarixli kredit müqaviləsi bağlanarkən qüvvədə olmuş redaksiyasında təsbit edilmişdir ki, “borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər”. Eyni zamanda, həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, “borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır”. Bundan əlavə, apellyasiya şikayətinin əsaslandırıldığı Mülki Məcəllənin 745.4-cü maddəsi 31 avqust 2020-ci il tarixli kredit müqaviləsi bağlanarkən mövcud olmamış və bu maddə 24 fevral 2023-cü il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Mülki Məcəlləyə daxil edilmişdir. Yəni, 24 fevral 2023-cü ildə imzalanmış “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Mülki Məcəllənin “Borc” adlanan 37-ci fəsli dəyişdirilmiş və yeni dəyişiklikdə həmin fəsil “Borc müqaviləsi”, “Kredit müqaviləsi” və “İstehlak krediti müqaviləsi” kimi yeni paraqraflara bölünərək, “borc müqaviləsi” və “kredit müqaviləsi” anlayışları və həmin müqavilə növlərinin fərdi xüsusiyyətləri mülki qanunvericilik səviyyəsində fərqləndirilmiş və həmçinin, Mülki Məcəlləyə kredit müqavilələri üzrə iddia müddətinin “bir il olması” barədə 745.4-cü maddə əlavə edilmişdir (həmin Qanunun 2-ci maddəsinə əsasən, bu Qanun dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minir). Deməli, hazırkı mübahisə üzrə tərəflər arasında mübahisə predmeti olan və “kredit müqaviləsi” adlanan müqavilə - 31 avqust 2020-ci ildə bağlanmış olduğundan və eləcə də, bu müqavilə mahiyyəti etibarilə 745.4-cü maddədə nəzərdə tutulan kredit müqaviləsi deyil, iki sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında bağlanan yazılı borc müqaviləsi olduğundan, bu mübahisə həmin dövrdə qüvvədə olan müvafiq maddi hüquq normalarına uyğun həll edilməlidir (Mülki-Prosessual Məcəllənin 217.2-ci maddəsi). Göründüyü kimi, 31 avqust 2020-ci il tarixli kredit müqaviləsi bağlandığı və qüvvədə olduğu dövrdə Qanunvericiliyin tələbi baxımından borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, həmin müqavilə “kredit müqaviləsi” adlandırıldığından və 3 min manatdan artıq məbləğdə pul vəsaiti borc verildikdə müqavilənin yazılı formada bağlanmalı olması tələb edildiyindən və eyni zamanda, hazırkı mübahisə üzrə 18000 manat məbləğində borcu vermiş İddiaçı “müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxs” (maddə 739.2. -köhnə redaksiyada) olmadığından, həmin borcun verilməsi üçün yazılı qaydada bağlanmış 31 avqust 2020-ci il tarixli müqavilə “kredit müqaviləsi” adlandırılsa da, həmin müqavilə qanunvericiliyin tələbi baxımından mahiyyəti üzrə iki fiziki şəxs arasında bağlanmış borc müqaviləsidir. Bu halda isə Mülki Məcəllənin həmin dövrdə (hal-hazırda da) bu kimi mübahisələrlə əlaqədar iddia müddətinin 3 il həddində müəyyən edilməsi nəzərə alınmalıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (maddə 373.2) və icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (maddə 377.2). Odur ki, 31 avqust 2020-ci il tarixli kredit müqaviləsinin (borc müqaviləsinin) icra müddəti 01 dekabr 2021-ci ildə bitdiyindən və iddiaçı tərəfindən bu mübahisə üzrə məhkəməyə müvafiq iddia ərizəsi ilə 28 sentyabr 2023-cü ildə müraciət olunduğundan - hazırkı mübahisə üzrə iddiaçı iddia müddətini ötürməmişdir. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli e-2-2(117)-1328/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 385, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli e-2-2(117)-1328/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.