Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-2/2021 08.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(117)-107/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxx 2020-ci il tarixli e-2- 2(117)-107/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “8387,63 manat əsas borc, 624,88 manat faiz borcu olmaqla, cəmi 9012,51 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddiаsı təmin edilərək, Cavabdeh 8387,63 manat əsas borc, 624,88 manat faiz borcu olmaqla, ümumilikdə 9012,51 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı və ya “xxxx” MMC) iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) 8387,63 manat əsas borc və 624,88 manat faiz borcu olmaqla, ümumilikdə 9012,51 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” MMC-in xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, “xxxx” QSC Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə borcalan Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli 214TM/17 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 8 ay müddətinə 10 faizlə yaşıl tütün yarpağının istehsalı üçün 15000,0 (on beş min) manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi “xxxx” QSC Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə birgə zamin olmuş şəxslər “xxxx” MMC və “xxxx” MMC-nin X4 və Emalı Məntəqəsi arasında xx xxxx 2017-ci il tarixli 214 TM/17 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin 3.1-ci bəndinin şərtinə görə zamin olmuş şəxslər borcalanın xx xxxx 2017-ci il tarixli 214TM/17 saylı kredit müqaviləsi üzrə Kredit Təşkilatına olan kredit və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və sair üçün məsuliyyət daşıyırlar. Borcalan Cavabdeh onunla bağlanmış xx xxxx 2017-ci il tarixli kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və öhdəliyi icra etməmişdir. Bununla bağlı onun zaminlərinə Kredit Təşkilatı tərəfindən xəbərdarlıq edilmişdir. Qeyd edilənlərlə əlaqədar Cavabdehin xx xxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 8387,63 manat əsas borc və 624,88 manat faiz borcu olmaqla, cəmi 9012,51 (doqquz min on iki manat əlli bir qəpik) manat borcu xx xxxx 2017-ci il tarixli 214TM/17 saylı zaminlik müqaviləsinin şərtlərinə uyğun olaraq zamin olmuş “xxxx” MMC tərəfindən “xxxx” QSC Bank olmayan Kredit Təşkilatına ödənilmişdir. İş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(117)-107/2020 nömrəli qətnaməsi qəbul edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(117)-107/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-2(107)-30/2020 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertlərinə həvаlə edilmiş, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. Məhkəmə Ekspertizаsı Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 9/5666 nömrəli rəyi məhkəmə kollegiyasına daxil olmuş, kollegiyanın xx xxxx 2021-ci il tarixli 2-2(107)-2/2021 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən narazıdır, qətnamədə göstərilən borc məbləği ilə razı deyil. Qətnamə çıxarılarkən onun iddiaçıya ödədiyi məbləğlər ümumi məbləğdən çıxarılmadan qətnamə çıxarılmışdır. Bundan başqa iş üzrə mühasibatlıq ekspertizası təyin edilməmişdir. Ekspertiza təyin edilsə, onun iddiaçıya qətnamədə göstərilən məbləğdə borcunun olmamağı bir daha öz təsdiqini tapacaqdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” MMC-in nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(117)-107/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbdən olması barədə sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan icraat materialları iddiaçı tərəfindən elektron qaydada məhkəməyə təqdim olunmuşdur. Aşağıda sadalanan həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Kredit müqaviləsi, Zaminlik müqaviləsi, Hesabdan çıxarışlar, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı və digər sənədlər. - Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 9/5666 nömrəli rəyinin təsviri hissəsində göstərilmişdir ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən xx.xx.2017-ci il tarixli 214TM/17 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh “xxxx” QSC-yə olan borcu xx.xx.2020-ci il tarixə (iddia ərizəsi tərtib edildiyi tarixə) əsas borc üzrə 659,95 manat, faiz borcu üzrə 65,60 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2017-ci il tarixli 214TM/17 saylı kredit müqaviləsi üzrə ödənilmiş 9012,51 manat məbləğində pul vəsaiti “xxxx” MMC tərəfindən aparılmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, mülki proses tərəflərini dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. İşin həqiqi hallarından görünür ki, Cavabdeh Şəki rayonu Baş Göynük kəndində yaşamaqla xx.xx.2016-cı il tarixdə vergi orqanında fərdi sahibkar kimi ********** nömrə (VÖEN) ilə qeydiyyata alınmış, ona Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamə verilmişdir. Cavabdeh xx.xx.2017-ci il tarixdə ərizə ilə “xxxx” QSC Bank olmayan Kredit Təşkilatına müraciət edərək tütünçülüyün inkişafı məqsədilə 8,93 ha torpaq sahəsində tütün əkmək üçün ona 15000 manat kredit ayrılması üçün köməklik göstərilməsini xahiş etmiş, xx.xx.2017-ci il tarixdə borcverən “xxxx” QSC Bank olmayan Kredit Təşkilatı ilə borcalan Cavabdeh, alıcı İddiaçı MMC və tədarükçü - İddiaçı MMC-nin tabeliyində fəaliyyət göstərən X4 və Emalı Məntəqəsi arasında 214TM/17 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borcverən borcalana tütün istehsalı üçün xx.xx.2017-ci il tarixədək illik 10 % olmaqla 15000 manat kredit verməyi, borcalan aldığı krediti təyinatı üzrə istifadə edərək Qax rayonu Qax İngiloy kəndində yerləşən 8,93 ha torpaq sahəsində yaşıl tütün yarpağını əkib becərməyi, becərdiyi yaşıl tütün yarpağını xx.xx.2017-ci il tarixədək müqavilə ilə müəyyən edilmiş qiymətdə alıcının tabeliyindəki tədarükçüyə verməyi, alıcı onun tabeliyindəki tədarükçü tərəfindən qəbul olunmuş yaşıl tütün yarpağının dəyərinin borcalanın kredit borcu üzrə bağlamağı, artıq qalan vəsaiti isə borcalanın təqdim etdiyi bank hesabına və ya nağd qaydada ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi “xxxx” QSC BOKT ilə İddiaçı MMC və İddiaçı MMC-nin tabeliyində fəaliyyət göstərən X4 və Emalı Məntəqəsi arasında 214İT/17 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən zamin olmuş şəxslər xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə kredit təşkilatına olan kredit və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissyon, dəbbə pulu, məhkəmə xərcləri və sair üçün məsuliyyət daşıyırlar. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun kredit təşkilatına ödənilməmiş 8387,63 manat əsas borc, 624,88 manat faiz borcu olmaqla, ümumilikdə 9012,51 manat borcu qalmışdır. Kredit təşkilatı ilə İddiaçı MMC arasında bağlanmış zaminlik müqaviləsinə əsasən 8387,63 manat əsas borc, 624,88 manat faiz borcu olmaqla, ümumilikdə 9012,51 manat borc zamin cəmiyyət, yəni İddiaçı MMC tərəfindən kredit təşkilatına ödənilmiş və xx.xx.2019-cu il tarixli 34 nömrəli akt əsasında borcalana dair sənədlər kredit təşkilatı tərəfindən İddiaçı MMC-yə təhvil verilmişdir. Cavabdeh tərəfindən borc məbləği İddiaçı MMC-yə ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi səbəbindən kredit təşkilatına yaranmış 8387,63 manat əsas borc və 624,88 manat faiz borcu öhdəliyi zamin tərəfindən icra edildiyindən və qanunvericiliyin tələbinə əsasən kreditorun həmin öhdəlik üzrə hüquqları zaminə keçdiyindən iddia tələbi təmin edilərək qeyd olunan borc məbləği cavabdehdən tutulmaqla zamin İddiaçı MMC-yə ödənilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bundan əlavə cavabdeh apellyasiya şikayətində qətnamədə göstərilən borc məbləği ilə razı olmadığını, iş üzrə mühasibatlıq ekspertizası təyin edilmədiyini, ekspertiza təyin edilərsə, onun iddiaçıya qətnamədə göstərilən məbləğdə borcunun olmadığının bir daha öz təsdiqini tapacağını bildirmişdr. İş üzrə obyektiv nəticəyə gəlmək üçün əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertlərinə həvаlə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 9/5666 nömrəli rəyi ilə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən xx.xx.2017-ci il tarixli 214TM/17 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh “xxxx” QSC-yə olan borcu xx.xx.2020-ci il tarixə (iddia ərizəsi tərtib edildiyi tarixə) əsas borc üzrə 659,95 manat, faiz borcu üzrə 65,60 manat məbləğində müəyyən edilmişdir. Bununla yanaşı, Rəydə qeyd edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2017-ci il tarixli 214TM/17 saylı kredit müqaviləsi üzrə ödənilmiş 9012,51 manat məbləğində pul vəsaiti “xxxx” MMC tərəfindən aparılmışdır. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “qətnamədə göstərilən məbləğdə borcu yoxdur” dəlillərinə münasibətdə məhkəmə kollegiyası onu qeyd edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin həmin dəlilini təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh xx.xx.2017-ci il tarixli 214TM/17 nömrəli kredit müqaviləsi üzrə 8387,63 manat əsas borc, 624,88 manat faiz borcu olmaqla, ümumilikdə 9012,51 manat məbləğində borcunun olması, həmin borc məbləğinin zamin İddiaçı MMC tərəfindən kreditor “xxxx” QSC-yə ödənilməsi, “xxxx” QSC tərəfindən xx.xx.2017-ci il tarixli 214TM/17 nömrəli kredit müqaviləsi üzrə tələb hüququnun İddiaçı MMC-yə güzəşt edilməsi, beləliklə, sözügedən kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-nə cəmi 9012,51 manat məbləğində borcunun olması iş materiallarında olan sübutlar, o cümlədən ekspert rəyi ilə tamamilə təsdiq olunur. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, Şəki Kommersiya Məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən аpellyаsiyа şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(117)-107/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 107-ci mаddəsinə əsаsən, məhkəmə xərcləri dövlət rüsumundаn və işə bаxılmаsı ilə əlаqədаr оlаn məsrəflərdən ibаrətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 9/5666 nömrəli əlavə məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində məhkəmə xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. MPM-in 404-1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(117)-107/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********1; Hesab AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-2/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-2/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver