Məhkəmə qərarları › İş №2-2(107)-2/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-2/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-2/2022 24.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, iddiaçı LPO “X8” ASC nin nümayəndəsi X7, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı ləğv prosesində olan “X8” ASC-nin Cavabdeh MMC-yə qarşı “30.07.2015-ci il tarixli 121 nömrəli kredit müqaviləsi üzrə 978838,59 manat əsas borc, 276879,60 manat faiz borcu, 26.10.2015-ci il tarixli 164 nömrəli kredit müqaviləsi üzrə 20970,52 manat əsas borc, 16902,16 manat faiz borcu, 2397,84 manat müqavilənin müddəti bitdikdən sonra hesablanan faiz borcu, 11.01.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 1470543,90 manat faiz borcu olmaqla cəmi 10066532,61 manat kredit borcunun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş üzrə Şəki Kommersiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-2(117)-2/2021 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı LPO "xxxx" ASC cavabdehin 30.07.2015-ci il tarixli 121 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 978838,59 manat əsas borc, 184053,02 manat faiz borcu, 26.10.2015-ci il tarixli 164 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 20970,52 manat əsas borc, 13285,03 manat faiz borcu, 1960,21 manat cərimə, 704,84 manat müqavilənin müddəti bitdikdən sonra hesablanan faiz borcu, 11.01.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş ******* manat əsas borc, 1009022,04 manat faiz borcu olmaqla cəmi 9508834,25 manat kredit borcunun ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı LPO "xxxx" ASC 16.03.2021-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini faiz borcuna münasibətdə atrırmış və “30.07.2015-ci il tarixli 121 nömrəli kredit müqaviləsi üzrə 978838,59 manat əsas borc, 276879,60 manat faiz borcu, 26.10.2015-ci il tarixli 164 nömrəli kredit müqaviləsi üzrə 20970,52 manat əsas borc, 16902,16 manat faiz borcu, 2397,84 manat müqavilənin müddəti bitdikdən sonra hesablanan faiz borcu, 11.01.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 1470543,90 manat faiz borcu olmaqla cəmi 10066532,61 manat kredit borcunun, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmiş, 17.03.2021-ci il tarixli məhkəmə iclasında ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim R.Məcidov) 17 mart 2021-ci il tarixli, e-2- 2(117)-2/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 30.07.2015-ci il tarixli 121 nömrəli kredit müqaviləsi üzrə 961614,81 manat əsas borc, 1516,58 manat faiz borcu, 26.10.2015-ci il tarixli 164 nömrəli kredit müqaviləsi üzrə 19085,26 manat əsas borc, 4302,43 manat faiz borcu, 11.01.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 23522,38 manat faiz borcu və 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan “X8” ASC-yə ödənilməsi, iddianın qalan hissələrdə rədd edilməsi, ekspertizanın dəyəri olan 150 manat pulun 75 manatı “X8” ASCdən və 75 manatı Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (m/h – AZ41NABZ********************, h/h – AZ34CTRE**********00088501, kod – 21005, swift – CTREAZ22) ödənilməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilərək, Şəki Kommersiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli, e-2-2(117)-2/2021 nömrəli qətnaməsinin 11.01.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 23522,38 manat faiz borcu hissəsində ləğv edilməsini və iddianın bu hissədə rədd olunmasını xahiş etmişdir. işin faktiki halları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh MMC ilə bağlanmış 30.07.2015-ci il tarixli 121 nömrəli kredit müqaviləsinə əsasən, MMC-yə 120 ay müddətinə, illik 6% dərəcəsi ilə 1.000.000 manat məbləğində, 26.10.2015-ci il tarixli 164 nömrəli kredit müqaviləsinə əsasən, illik 25% dərəcəsi ilə 25 000 manat və 11.01.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsinə əsasən, MMC-yə 120 ay müddətinə illik 4% dərəcəsi ilə 7.300.000 manat kredit verilmişdir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq öhdəliyi lazımınca yerinə yetirməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli e-2-2(117)-2/2021 saylı qətnaməsi qismən Ləğv edilməlidir. Hesab edirlər ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən heç bir araşdırma aparmamışdır. Faktiki olaraq iddiaçının şişirdilmiş iddia tələbini təstiqləməklə kifayətlənmişdir ki, bu da ədalətlilik prinsipinə ziddir. Eyni gündə Ali Məhkəmədə mülki işin baxışında iştirak etməklərinin nəzərə alaraq məhkəmə iclasının başqa vaxta təxirə salınması barədə iş materiallarında 16 mart 2021-ci il tarixli rəsmi müraciəti olmasına baxmayaraq məhkəmə buna əhəmiyyət verməmiş, onların iştirakını təmin edərək çəkişmə prinsipini təmin etməmiş, onların cavabdeh qismində məhkəmə iclasında iştirakı olmadan, tələsik, birtərəfli, qərəzli qətnamə çıxarmışdır. Hesab edir ki, əgər məhkəmə iclasında iştirak etsəydi, komersiya işinin hərtərəfli və ədalətli araşdırmasına nail ola bilərdi. Belə ki, 11.01.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 23522.38 manat faiz borcu hissəsinə Cavabdeh MMC olaraq qəti şəkildə imtina edir. Belə ki, bu borc Cavabdeh MMC tərəfindən Ləğv prosesində olan "xxxx" Kommersiya Bankı ASC-dən götürülməmişdir. Bu borcun götürülməsi ilə bağlı Cavabdeh MMC-nin həmin dövrdə olan rəhbərliyi tərəfindən iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə heç bir müraciət olmamış və heç bir zaman kassa məxaric orderinə imzalayıb pulu götürməmişdir. Qeyd edilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli e-2-2(117)- 2/2021 saylı qətnaməsi 11.01.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 23522.38 manat faiz borcu hissəsində dəyişdirilərək iddia tələbi bu hissədə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş Cavabdeh MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən 11.01.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsi üzrə iddia tələbini təmin edərkən maddi və prosessual hüquq normalarını pozmuş, iş üzrə obyektiv həqiqətin araşdırılmasına cəhd göstərməmişdir. Birincisi ona görə ki, birinci instansiya məhkəməsinin icraatı zamanı işin təxirə salınması və əlavə sübutlar təqdim edəcəkləri barədə vəsatət ünvanlasalar da, sonda məhkənmə onların vəsatətini nəzərə almamışdır. Halbuki onlar iş materialları ilə heç tanış deyildi. Sözügedən müqavilədən də yalnız Bank tərəfindən xəbərdarlıq məktubu gələndən sonra məlumatlı olmuşlar. Bundan sonra Banka müraciət edərək müqavilə və onunla bağlı digər sənədlərin (o cümlədən kassa mədaxil orderinin) verilməsini xahiş etmiş, Bank da mübahisələndirilən müqaviləni onlara təqdim etsə də, digər sənədləri, o cümlədən pulun verilməsini təsdiq edən kassa məxaric orderini, çeki və s. təqdim edə bilməmişdir. Müqavilənin olması hələ pulun verilməsi deyil. Pulun verilməsi bank sənədləri, kassa məxaric orderi, hesabdan-hesaba köçürmə, çek və s. sənədlərlə təsdiq olunur. Belə bir sənəd də iddiaçı tərəfdə olmadığından təqdim edə bilmirlər. Bildirir ki, birinci instansiya məhkəməsinin belə qətnamə çıxarması onların sahibkarlıq fəaliyyətinin çökməsinə gətirib çıxarır. Almadıqları pul məbləği üçün niyə cavabdehlik daşımalıdırlar. Odur ki, apellyasiya şikayətinin təmin olunaraq, Şəki Kommersiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli, e-2-2(117)-2/2021 nömrəli qətnaməsinin 11.01.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 23522,38 manat faiz borcu hissəsində ləğv edilməsini və iddianın bu hissədə rədd olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş iddiaçı LPO “X8” ASC-nin nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, ekspert rəyindən də göründüyü kimi mübahisələndirilən müqavilə cavabdehin icraçı direktoru işləmiş V.Əliyev tərəfindən imzalanmışdır. Sözügedən müqavilə üzrə pul məbləği cavabdeh tərəfə köçürülmə yolu ilə deyil, nəqd şəkildə ödənilmişdir. Lakin apellyasiya məhkəməsi tərəfindən dəfələrlə sorğu verilməsinə baxmayaraq, kassa məxaric orderinin olması barədə müsbət cavab verilməsi mümkün olmamışdır. Hesab edir ki, apellyasiya şikayəti əsassızdır, ona görə də şikayətin təmin olunmamasını kollegiyadan xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh Şəki Kommersiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli, e-2-2(117)-2/2021 nömrəli qətnaməsinin yalnız 11.01.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 23522,38 manat faiz borcu hissəsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası iclasında tədqiq edilmiş: “X8” ASC ilə Cavabdeh MMC arasında bağlanmış 30.07.2015-ci il tarixli 121 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən MMC-yə 94 ha yeni fındıq bağının salınması və becərilməsi məqsədilə istifadə müddəti 120 ay olan ******* manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. “X8” ASC ilə Cavabdeh MMC arasında bağlanmış 26.10.2015-ci il tarixli 164 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən MMC-yə kommersiya məqsədilə istifadə müddəti 36 ay olan 25000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 25 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. “X8” ASC ilə Cavabdeh MMC arasında bağlanmış 11.01.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən MMC-yə 94 ha fındıq bağının salınması və becərilməsi məqsədilə istifadə müddəti 120 ay olan ******* manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 4 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 9/2266 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin 30.07.2015-ci il tarixli 121 nömrəli kredit müqaviləsi üzrə 961614,81 manat əsas borc, iddia qaldırılan 10.07.2019-cu il tarixə 1516,58 manat faiz borcu, 26.10.2015-ci il tarixli 164 nömrəli kredit müqaviləsi üzrə 19085,26 manat əsas borc, müqavilə müddətinin bitdiyi 26.10.2018-ci il tarixə 4302,43 manat faiz borcu, 11.01.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, iddia qaldırılan 10.07.2019-cu il tarixə 23522,38 manat faiz borcu vardır. Apellyasiya icraatı zamanı əldə edilmiş (o cümlədən müvafiq qərardadlar və sorğular əsasında); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 15 dekabr 2021-ci il tarixli, 4/1608 nömrəli ekspert rəyindən görünür ki;

1. Ekspertizaya təqdim edilmiş, mülki işinin 2-ci cildinin 110-113-cu vərəqlərində "xxxx" KB ASC ilə X11 arasında olan 11 yanvar 2016-ci il tarixli № 05 nömrəli kredit müqaviləsinin 2-3-cü vərəqlərində “Borc alan” qrafalarındakı imzalar, 4-cü vərəqinin orta, aşağı hissələrində “İmza” və “Borc alan” qrafalarındakı imzalar – X11 tərəfindən icra olunmuşdur.

2. Ekspertizaya təqdim edilmiş, mülki işinin 1-ci cildinin 79-82-ci vərəqlərində "xxxx" KB ASC ilə X11 arasında olan 30 iyul 2015-ci il tarixli № 121 nömrəli kredit müqaviləsinin kserosurətinin 1-3-cü vərəqlərində “Borc alan” qrafalarındakı əks olunmuş imzalar, 4-cü vərəqinin orta, aşağı hissələrində “İmza” və “Borc alan” qrafalarındakı əks olunmuş imzalar - X11 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının 01 oktyabr 2021-ci il tarixli 16-04340- 2021 nömrəli məktubunun məzmunundan görünür ki, Qanunvericiliyə əsasən ayrı-ayrı şəxslərə Mərkəzi Bank tərəfindən bank xidmətləri göstərmir və onların bank əməliyyatları barədə məlumatlar Mərkəzi Bankda toplanmır (i/m 2-ci cild səh.100). LPO "xxxx" ASC-nin elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı məktubdan görünür ki, 11.01.2016-cı il tarixli, 05 nömrəli kredit müqaviləsi üzrə kassa məxaric orderinin tapılması mümkün olmamışdır (i/m 2-ci cild. səh. 114..) Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi də bu halı təsdiq edərək 11.01.2016-cı il tarixli, 05 nömrəli kredit müqaviləsi üzrə kassa məxaric orderinin tapılmadığını bildirmişdir. Azərbaycan Respublikası X5 tərəfindən verilmiş 19.10.2021-ci il tarixli, SİF-X/O- 12/02-8/688/2021 nömrəli məktubdan müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin 07.10.2009-cu il tarixli 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydalarına uyğun olaraq, Cavabdeh MMC-nin investisiya layihəsinə hal-hazırda ləğv prosesində olan "xxxx" ASC vasitəsilə 30.07.2015-ci il tarixində dövlət büdcəsi hesabına 10 il müddətinə ******* manat güzəştli kredit ayrılmışdır. Bu kredit üzrə LPO "xxxx" ASC-nin Sahibkarlığa Kömək Milli Fondunun hüquqi varisi olan X3rşısında 01.02.2021-ci il tarixə 978.838.59 manat əsas kredit, (212171.97 manat vaxtı keçmiş əsas kredit) və 37.950 manat faiz borcu mövcuddur. SKMF sonda bu borcun Cavabdeh MMC-dən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. i/m 2-ci cild səh.121). LPO "xxxx" ASC-nin elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı 18.01.2022ci il tarixli məktubdan görünür ki, 11.01.2016-cı il tarixli, 05 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh MMC-yə ayrılmış ******* manat məbləğində kredit vəsaiti müştəri tərəfindən nağd şəkildə bankın xəzinəsindən əldə edilmişdir. Vəsaitin verilməsinə dair hesablar üzrə hər hansı köçürmə əməliyyatı aparılmamışdır (i/m 3-cü cild. səh. 24.) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin 13 saylı Ərazi Vergilər İdarəsindən 21 yanvar 2022-ci il tarixli, **********583500 nömrəli məktubdan müəyyən edilir ki, qərardadda qeyd olunan illər ərzində "xxxx" KB ASC-nin hesabından vergi ödəyicisi Cavabdeh MMC-nin (VÖEN **********) hesabına nə qədər məbləğdə pul köçürülməsi və hesablaşmaların aparılması barədə vergi orqanında hər hansı məlumat aşkar edilməmişdir (i/m 3-cü cild. səh. 25.) LPO "xxxx" ASC-nin elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı cədvəllərdən müəyyən edilir ki, 26.10.2015 və 30.07.2015-ci il tarixli müqavilələr üzrə cavabdeh tərəfindən vaxtaşırı ödəmələr edilsə də, 11 yanvar 2016-cı il tarixli 05 saylı kredit müqaviləsi üzrə heç bir ödəniş edilməmişdir (i/m 3-cü cild. səh. 27-30). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə üzrə gəlmiş olduğu bu nəticə ilə razılaşmır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin; - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranması faktı mövcud və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. - 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, iddiaçı “X8” ASC ilə Cavabdeh MMC arasında bir neçə kredit müqaviləsi, o cümlədən hazırda mübahisələndirilən 11.01.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı tərəf 94 ha fındıq bağının salınması və becərilməsi məqsədilə istifadə müddəti 120 ay olan illik 4 % olmaqla ******* manat kredit verməyi, borcalan isə kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı həmin müqavilə üzrə verilmiş pulu tələb edir, cavabdeh isə belə bir müqavilə üzrə onlara heç bir pul məbləğinin ödənilməməsini, həmçinin müqavilədən çox sonralar, yəni Bank tərəfindən onlara xəbərdarlıq məktubu gələndə məlumatlı olduqlarını, bundan sonra Banka müraciət edərək sözügedən müqaviləni əldə etdiklərini bildirirlər. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çaışmışdır. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətinin dəlilləri əsaslı olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın bu hissədə rədd olunması üçün əsaslıdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparmağı vacib hesab edir.

1. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, iddiaçı “X8” ASC ilə Cavabdeh MMC arasında bir neçə kredit müqaviləsi, o cümlədən hazırda mübahisələndirilən 11.01.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsi bağlanmış, sonuncu müqaviləyə əsasən iddiaçı tərəf 94 ha fındıq bağının salınması və becərilməsi məqsədilə istifadə müddəti 120 ay olan illik 4 % olmaqla ******* manat kredit verməyi, borcalan isə kredit borcunu ödəməyi öhdəsinə götürmüşdür.

2. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçı tərəf həmin müqavilə üzrə verilmiş pulu tələb edir, cavabdeh isə belə bir müqavilədən ümumiyyətlə məlumatsız olmalarını, qeyd olunan müqavilə üzrə onlara heç bir pul məbləğinin ödənilməməsini, müqavilədən çox sonralar, yəni Bank tərəfindən onlara xəbərdarlıq məktubu gələndə məlumatlı olduqlarını, bundan sonra Banka müraciət edərək sözügedən müqaviləni əldə etdiklərini bildirirlər.

3. Məhkəmə kollegiyası cavabdeh tərəfin bu etirazının dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə tədqiq etmiş və müəyyən edilmişdir ki, cavabdeh LPO "xxxx" ASC Cavabdeh MMC tərəfindən onlara ünvanlanmış məktub (sorğu) əsasında, 12.04.2021-ci il tarixli, **********103 nömrəli məktubla sözügedən 11 yanvar 2016-ci il tarixli № 05 nömrəli kredit müqaviləsini cavabdehə təqdim etmişdir (i/m 1-ci cild səh.77-81).

4. Kollegiya apellyasiya şikayətininn dəlilləri baxımından cavabdehin iddiaya olan mövqeyinə əsasən məhkəmə xətşünaslıq ekspertizası təyin etmişdir. Ekspert tərəfindən verilmiş rəydən müəyyən edilmişdir ki, mülki işinin 2-ci cildinin 110-113-cu vərəqlərində "xxxx" KB ASC ilə X11 arasında olan (Floral-Qlade” MMC-nin həmin dövrdə olmuş direktoru) 11 yanvar 2016-ci il tarixli № 05 nömrəli kredit müqaviləsinin 2-3-cü vərəqlərində “Borc alan” qrafalarındakı imzalar, 4-cü vərəqinin orta, aşağı hissələrində “İmza” və “Borc alan” qrafalarındakı imzalar – X11 tərəfindən icra olunmuşdur. Mülki Məcəllənin 49-cu maddəsinin mənasına görə, hüquqi şəxs adından çıxış edən şəxsin hüquqi şəxs üçün arzuolunmaz nəticələrə səbəb olmuş hərəkətlərinin (hərəkətsizliyinin) vicdansızlığına və (və ya) qeyri-peşəkarlığına və məntiqsizliyinə dəlalət edən halların mövcudluğu sübuta yetirilməlidir.

5. Bundan sonra kollegiya apellyasiya şikayətinin digər dəlillərini araşdırmaq məqsədilə müvafiq Qərardadlar qəbul edərək, aidiyyəti təşkilatlardan, (o cümlədən, Mərkəzi Bankdan, LPO "xxxx" KB ASC-dən, Əmanətlər Sığortalanması Fondundan, X1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən və s.) məlumatlar almağa cəhd etmiş, lakin sonda hər bir təşkilat 11.01.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsi üzrə verilməli olan məbləğ barədə onlarda məlumat olmadığını, belə bir pulun cavabdeh MMC-yə ödənilməsini təsdiq edən sənədi məhkəməyə təqdim edə bilməmişdir.

6. Kollegiya verilmiş sorğuların cavablarını tərəflərlə, o cümlədən iddiaçının nümayəndəsi ilə əlaqəli şəkildə təhlil edərkən, sonuncu müqavilədən başqa onlarda digər bir rəsmi məlumatın olmadığını, pulun verilməsini təsdiq edən kassa məxaric orderinin və ya hesaba köçürülməsini təsdiq edəcək sübutların olmadığını bildirmiş, mövcud sübutlar əsasında işə baxmağı xahiş etmişdir.

7. Apellyasiya instansiya məhkəməsi iddia tələbinin və apellyasiya şikayətinin bu hissəsi ilə bağlı qeyd edir ki, kredit müqaviləsinin əsas mahiyyəti iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (MM-in 739.1-ci maddəsi) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (MM-in 739.2-ci maddəsi). Maddənin məzmunundan göründüyü kimi tərəflər arasında müqavilə bağlandıqdan sonra hər bir tərəf öz hüquq və vəzifələrinin daşıyıcısıdır. Bu halda iddiaçı tərəf müqavilədə qeyd olunan pul məbləğini Borcalana verməli, Borcalan da öz növbəsində müqavilə ilə şərtləşdirilmiş qaydada Borcverənə qaytarmalıdır. Lakin kollegiyanın araşdırılması zamanı mübahisəsi gedən müqavilənin cavabdeh MMC-nin keçmiş direktoru tərəfindən imzalandığı müəyyən edilsə də, cavabdehin həmin pul məbləğindən real şəkildə faydalanması, faydalandığı halda qaytarmadığı iş materilalları ilə sübut olunmamış, əksinə apellyasiya icraatı zamanı dəfələrlə cəhd edilməsinə və iddiaçı tərəfə təklif olunmasına baxmayaraq bununla bağlı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

8. “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması” Qaydasının 2.1-ci bəndində qeyd edilir ki, bank hesabından çıxarılan pul vəsaitinin təyinatı nağd pulun alınmasında istifadə edilən çek kitabçasında, habelə bankın məxaric orderində göstərilən təyinatlar (mal və xidmətlərin alınması üçün, əməkhaqqı və ona bərabər tutulan ödənişlər üçün və digər) üzrə müəyyən edilir. Qaydanın 2.4-cü maddəsində qeyd edilir ki, pul vəsaiti vergi ödəyicisinin səlahiyyət verdiyi şəxs və ya fərdi sahibkarın özü tərəfindən bank hesabından nağd qaydada çıxarıldığı halda, pul vəsaitləri həmin gün ərzində vergi ödəyicisi tərəfindən kassa mədaxil orderi tərtib olunmaqla kassaya mədaxil edilir. Kassa mədaxil orderində əks etdirilən bank hesabından nağd çıxarılmış pul vəsaitinin məbləği pulun alınmasında istifadə edilən çekin kötüyündə və bank hesabının çıxarışında göstərilən məbləğlə uyğun olmalıdır. Göründüyü kimi, vergi ödəyicisinin mütləq əməl etməli olduğu konkret tələblər mövcuddur. Birinci tələb ondan ibarətdir ki, vergi ödəyicisi bankdan çıxardığı vəsaiti həmin gün də kassaya mədaxil etməlidir.

9. Kollegiyanın araşdırılması zamanı yuxarıda qeyd olunan (8-ci bənddə qeyd olunan) hallara riayət olunması da müəyyən edilməmiş, əksinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin 13 saylı Ərazi Vergilər İdarəsindən məhkəməyə ünvanlanmış 21 yanvar 2022-ci il tarixli, **********583500 nömrəli məktubda "xxxx" KB ASC-nin hesabından vergi ödəyicisi Cavabdeh MMC-nin (VÖEN **********) hesabına nə qədər məbləğdə pul köçürülməsi və hesablaşmaların aparılması barədə vergi orqanında hər hansı məlumatın olmaması qeyd edilmişdir (i/m 3-cü cild. səh. 25.)

10. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya 11 yanvar 2016-cı il tarixli 05 saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən hər hansı ödənişlər edilib-edilməməsinə də xüsusi diqqətlə yanaşmışdır. Çünki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2020-ci il tarixli 9/2266 nömrəli ekspert rəy ilə müəyyən edilmişdir ki, (i/m 1-ci cild səh. 128-129) iş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışı məlumatlarından göründüyü kimi Cavabdeh MMC” aldığı kredit vəsaitinə görə 11 yanvar 2016-cı il tarixli 05 saylı kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə görə 11 iyul 2019-cu il tarixədək cəmi 1.021.999.83 manat məbləğində ödəniş aparmışdır ki, həmin məbləğ bütövlükdə faiz borcunun ödənilməsinə silinmişdir. Məhkəmə araşdırması zamanı ekspert rəyi tərəflərin iştirakı ilə təhlil edilərkən, cavabdehin nümayəndəsi ümumiyyətlə ekspert rəyindən məlumatsız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən onlara ekspert rəyinin təqdim olunmadığını və sonda həmin müqavilə üzrə MMC tərəfindən heç bir ödəniş aparılmadığını bildirmişdir. İddiaçının nümayəndəsi isə 11 yanvar 2016-cı il tarixli 05 saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyini, ekspert rəyində qeyd olunanlar əvvəlki müqavilələr üzrə ödənildiyini bildirərək, sonda ekspertin bu müqavilə üzrə yanlışlığa yol verdiyini bildirmişdir. Mübahisənin bu halı iş materiallarına əlavə edilmiş müvafiq ödəniş cədvəlləri ilə də təsdiq olunur. Həmin ödəniş cədvəllərindən görünür ki, vaxtaşırı ödəmələr yalnız 26.10.2015-ci il tarixli 164 nömrəli və 30.07.2015-ci il tarixli 121 nömrəli kredit müqavilələri üzrə aparılmışdır (i/m 3-cü cild. səh. 27-30). Kollegiya ekspert rəyinin bu hissəsinə tənqidi yanaşaraq bildirir ki, 11 yanvar 2016-cı il tarixli 05 saylı kredit müqaviləsi üzrə hər hansı bir ödəniş aparılmadığı halda ekspertin bu hesablaması qeyri-müəyyənlik yaradır.

11. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilibedilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”,“nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-in 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

12. Kollegiyanın qənaətinə görə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Çünki sübutetmə vəzifəsi prinsipcə pozitiv və baş vermiş halların təsdiq olunmasına yönəlmiş fəaliyyətdir, ona görə də, bir qayda olaraq olmayan şeyləri yox, baş vermiş olan hadisələri sübut etmək mümkündür. Bu səbəblərdən də birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməklə düzgün nəticəyə gəlməmişdir.

13. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Lakin birinci instansiya məhkəmələri həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə və iddiaçını təmsil edən nümayəndənin izahatına istinad etməklə yekun məhkəmə aktı qəbul etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir.

14. Kollegiya sonda hər iki tərəfin hüquqi şəxs olmasını nəzərə alaraq bildirir ki, hazırki araşdırmanın predmeti olmasa da hüquqi şəxs adından çıxış edən şəxsin hərəkətlərinin onun vəzifə səlahiyyətlərinə nə dərəcədə daxil olub-olmamasına qiymət verməli, hüquqi şəxs üçün arzuolunmaz nəticələrə səbəb olmuş həmin şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) qeyri-peşəkarlığına və (və ya) vicdanlı, məntiqli olmasına dəlalət edən hallar araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki Kommersiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-2(117)-2/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi bu hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-2(117)-2/2021 nömrəli qətnaməsi qismən, yəni mübahisələndirilən “iddianın təmin olunmuş 11.01.2016-cı il tarixli 05 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 23522,38 manat faiz borcunun Cavabdeh MMC–dən alınaraq iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə tutulması ” hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı LPO "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı 11.01.2016-cı il tarixli, 05 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 23522,38 manat faiz borcunun Cavabdeh MMC-dən alınaraq iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə tutulması hissəsində təmin olunmasın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar