Məhkəmə qərarları › İş №2-2(107)-20/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-20/2020

23.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-20/2020 23.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçı cavabdeh X2 qarşı 43201,30 manat təbii qazdan istifadəyə görə yaranmış borc, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi tələbinə dаir iqtisadi iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2-2(117)-4/2020 saylı qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2-2(117)-4/2020 saylı qətnаməsi ilə (hakim Rüfət Məcidov) iddia təmin edilmiş, cavabdeh X1 təbii qazdan istifadəyə görə yaranmış 43201,30 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “Azriqaz” İstehsalat Birliyinin hesabına ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı ilə cavabdeh arasında təbii qazın alqı-satıqısına dair xx.xx.2017-ci il tarixli AKX-Qəbələ/006 nömrəli müqavilə bağlanmış və cavabdehə məxsus kənd təsərrüfatı məhsulları istehsalı müəssisəsi qazlaşdırılmaqla abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən onun 2020-ci ilin mart ayının əvvəlinə 49201,30 manat məbləğində borcu yaranmış, mart 2020-ci ildə cavabdeh tərəfindən 6000 manat ödəniş edilmiş, 43201,30 manat borc ödənilmədən qalmışdır. Cavabdehin ödənilməmiş 43201,30 manat debitor borcunun olması abonentin saldosu və xx.xx.2020-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı ilə öz təsdiqini tapır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən qazdan istifadəyə görə yaranmış 43201,30 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə təbii qazın verilməsi ilə bağlı “Qaz paylayıcı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilə bağlanılmışdır. Cavabdeh istehlak etdiyi təbii qazın dəyərini ödəmədiyindən qaz hesabında debitor borc yaranmış, yaranmış borc bu günədək dəfələrlə müraciət edilməsinə baxmayaraq ödənilməmişdir. Cavabdehin borcun ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası MPM-nin 4.3-cü maddəsinin tələbinə uyğun borclunun ünvanına pretenziya göndərilsə və həmin pretenziya rəsmi şəkildə qəbul edilsə də, keçən dövr ərzində qarşı tərəfdən ödəniş edilməmişdir. Tələb olunan borc ödənilmədiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh iddia tələbinə qarşı münasibət bildirməmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cavabdeh X3 apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instаnsiyа məhkəməsinin qətnaməsini qismən qanunsuz və əsassız hesab edir. Belə ki, o, sahibkarlıq fəaliyyəti, kənd təsərüfatı məhsulları istehsalı ilə məşğul olur. Məhsul istehsalında (istixanalarda) təbii qazdan istifadə edir. Bu məqsədlə də İddiaçı İB ilə xx.xx.2017-ci il tarixdə AKX Qəbələ/006 saylı müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən iddiaçı ona məxsus istehsalat sahəsini qazlaşdırmış və abonent kodu vermişdir. Bundan sonra o, işlətdiyi qaz sərfinə əsasən vaxtı-vaxtında ödənişlər etmişdir. İddiaçı qeyd etmişdir ki, guya onun mart 2020-ci il tarixə 6000 manat ödəniş etdikdən sonra 43201, 3 manatda borcu qalmış, ona xəbərdarlıq olunmuş və üzləşmə aparıldıqdan sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəki Komersiya Məhkəməsi heç bir araşdırma aparmadan, onun məhkəmədə iştirakını təmin etmədən bu qənaətə gəlmişdir ki, iddiaçı müqavilə üzrə öhdəliklərini icra etmiş, lakin o, öhdəliklərimi icra etməmişdir. Bu səbəbdəndə əsasız olaraq 43201 manat borcun ondan tutulmasını qət etmişdir. Ona görə də, Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(117)-4/2020 saylı qətnaməsinin ləğv edilməsini,iddianın qismən təmin edilməsini, ondan 2700 manat borcun və ödənilmiş dövlət rüsumunun 15 manatının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli, 2-2(117)-4/2020 saylı qətnаməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyinə görə, məhkəmə iclası xx xxxx 2020-ci il tarixə təxirə salınmış və bu barədə cavabdeh lazımi qaydada məlumatlandırılmışdır. xx xxxx 2020-ci il tarixdə cavabdehlə mobil telefon vasitəsi ilə əlaqə saxlanılaraq məhkəmə iclasınının vaxtı və yeri barədə bir daha məlumat verilmiş, cavabdeh məhkəmə iclası barədə məlumatının olduğunu və təyin olunmuş məhkəmə iclasında iştirak edəcəyini bildirmişdir. Lakin, cavabdeh X3 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq xx xxxx 2020-ci il tarixdə saat 12:00-a təyin edilmiş məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirsə də, xəstəliyi ilə bağlı mötəbər sübutları təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6cımaddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2- 2(117)-4/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qazın alqısatqısına dair müqavilə bağlanmış və cavabdehə abonent kodu verilərək sayğac quraşdırılmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürüdüyü öhdəliklərini yerinə yetirərək abonent olan cavabdehi qaz ilə təhciz etmiş, cavabdeh üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyindən cavabdehin müqavilə öhdəlikləri üzrə borcu yaranmışdır. Belə ki, abonentlərin istehlak olunmuş qazın sərfiyyatını göstərən saldolarından müəyyən olunur ki, cavabdehin 43201,30 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin edilməsi və 43201,30 manat borc məbləğinin cavabdehdən tutulması nəticəsinə gəlmişdir. Beləliklə, apelyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işə cavabdehin iştirakı təmin edilmədən baxılması barədə dəlilini də əsassız sayaraq qeyd edir ki, iş materiallarına əlavə olunmuş xəbərnamələrdən işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verildiyi məlum olur Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti оlаrаq həll edibsə, оnun qərаrı heç bir şübhə dоğurmаmаlıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(117)-4/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(117)-4/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar