Məhkəmə qərarları › İş №2-2(107)-20/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-20/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-20/2021 31.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “6876,76 manat əsas borc, 403,06 manat faiz borcu olmaqla cəmi 7279,82 manat kredit borcunun və 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi tələbinə dair” kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(117)-431/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(117)-431/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 6876,76 manat əsas borc, 403,06 manat faiz borcu olmaqla cəmi 7279,82 manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi qət edilmişdir. İşin halları: xx.xx.2019-cu il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Şəki filialı ilə fermer Cavabdeh2 arasında tütün əkini və istehsalı ilə əlaqədar TM-115/19 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı 15000 manat pulu illik 10 faizlə 9 ay müddətinə (xx.xx.2019-cu il tarixədək qaytarılması şərtilə) Cavabdeh2 verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, xx.xx.2019-cu il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Şəki filialı ilə Cavabdeh1 arasında borcalan TM-115/19 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsinə təminat verilməsi barədə ZT-115/19 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə borcalana ümumilikdə 15000 manat pul vəsaitini vermiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 7279,82 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehlərə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 kredit öhdəliyini yerinə yetirmədiyindən onun əsas və faiz borcu yaranmışdır. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncuların ünvanları üzrə xx.xx.2020-ci il tarixdə məhkəmə bildirişinin təqdim olunmasına baxmayaraq, onlar iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, zaminlik müqaviləsi, hesabdan çıxarış, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(117)-431/2020 nömrəli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, qətnamə qəbul edilərkən işin faktiki halları nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır... Tərəflər arasında bağlanmış müqavilə etibarsızdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və məcburi olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Aralarında azad surətdə müqavilə bağlanmış və onlar tərəf olaraq həmin müqavilənin məzmununu müəyyənləşdirmişlər. Həmin müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanun və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlir. Göründüyü kimi, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də aralarında bağlanmış müqavilə məhz iddiaçının öz öhdəliklərini yerinə yetirməməsi əsası ilə ləğv edilməlidir. Məhkəmə tərəfindən qətnamə çıxarılarkən hüquq normalarının tələbləri əsas götürülsə də, məhkəmə həmin hüquq normalarına əməl etməmişdir. Buna görə də hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş İddiaçı QSC BOKT-un nümayəndəsi və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə iddiaçının nümayəndəsi və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(117)-431/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialları ilə müəyyən edildiyi kimi, iddiaçı cavabdeh (borc alan) qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirsə də, cavabdeh öhdəliyini lazmınca yerinə yetirmədiyindən onun 6876,76 manat əsas borcu və müqavilənin 1.1-cı bəndinə əsasən illik 10 faiz olmaqla 403,06 manat faiz borcu qalmışdır. Bu səbəbdən də həmin borcun ödənilməməsinə görə əsas borclu və zamin iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar və tələb olunan 6876,76 manat əsas, 403,06 manat faiz borcu olmaqla cəmi 7279,82 manat kredit borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 6876,76 manat əsas borc, 403,06 manat faiz borcu olmaqla cəmi 7279,82 manat kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi müştərək qaydada tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, həmin nəticəni işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə görə, ... öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləndirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 442-ci mаddəsində göstərilir ki, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci mаddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dаxil оlаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 449-cu mаddəsinə əsаsən, kreditоrun bоrcludаn fаizlərin ödənilməsini tələb etmək hüququ vаrdır. Mülki Məcəllənin 470-ci mаddəsinə görə, zаminlik müqаviləsi üzrə zаmin bаşqа şəxsin kreditоru qаrşısındа həmin şəxsin öz öhdəliyini tаmаmilə və yа hissə-hissə icrа etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci mаddəsinə əsasən, bоrclu zаminliklə təmin edilmiş öhdəliyi icrа etmədikdə və yа lаzımıncа icrа etmədikdə, əgər bu Məcəllədə və yа zаminlik müqаviləsində zаminin subsidiаr məsuliyyəti nəzərdə tutulmаyıbsа, zаmin və bоrclu kreditоr qаrşısındа birgə məsuliyyət dаşıyırlаr. Həmin Məcəllənin 472.2-ci mаddəsinə görə, zаminlik müqаviləsində аyrı qаydа nəzərdə tutulmаyıbsа, fаizlərin, bоrc tutulmаsı üzrə məhkəmə xərclərinin və bоrclunun öhdəliyi icrа etməməsi və yа lаzımıncа icrа etməməsi nəticəsində kreditоrа dəyən digər zərərin əvəzinin ödənilməsi də dаxil оlmаqlа, zаmin kreditоr qаrşısındа bоrclu ilə eyni həcmdə məsuliyyət dаşıyır. Birgə zаmin оlmuş şəxslər, əgər zаminlik müqаviləsində аyrı qаydа nəzərdə tutulmаyıbsа, kreditоr qаrşısındа birgə məsuliyyət dаşıyırlаr. Hazırkı mübahisədə iddiaçı müqavilə şərtlərinə riayət edərək kredit məbləğini cavabdehə versə də, cavabdeh öhdəliyini lazımınca icra etməmiş, nəticədə onun əsas kredit məbləği üzrə 6876,76 manat, faizlər üzrə 403,06 manat borcu yaranmışdır. Cavabdeh2 apellyasiya şikayətində iddiaçı tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsini iddia etsə də, lakin bunun nədə ifadə olunduğunu, iddiaçının hansı öhdəliklərini yerinə yetirmədiyini açıqlamamışdır. İddiaçının kredit müqaviləsi üzrə əsas öhdəliyi cavabdehə 15000 manat kredit vəsaiti vermək olmuşdur ki, həmin öhdəliyini də yerinə yetirmiş, cavabdehə 15000 manat kredit vəsaiti vermişdir. Cavabdeh də ona 15000 manat kredit vəsaitinin verilməməsini mübahisələndirməmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız və qəbulolunmaz kimi qiymətləndirir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuş və düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə iddianın qiyməti on min manatdan az olduğundan bu iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, аpellyаsiyа şikayəti təmin edilmədən, iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(117)-431/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(117)- 431/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar