Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-20/2024 27.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı - İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X4, Cavabdeh - Cavabdeh1, Cavabdeh - Cavabdeh3 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “11405,66 manat gecikdirilmiş əsas borc, 1069,12 manat faiz borcunun və ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, e-2-2(117)-381/2023 saylı qətnaməsindən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. xx.xx.2021-ci il tarixdə borcverən İddiaçı QSC BOKT, borcalan Cavabdeh3, alıcı "xxxx" MMC və tədarükçü X7 və Emalı Məntəqəsi arasında dördtərəfli TM-383/21 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinin a yarımbəndinə əsasən İddiaçı QSC BOKT tərəfindən Cavabdeh3 illik 8,5 faizlə əsas və faiz borcları xx.xx.2022-ci il tarixədək tam ödənilmək şərtilə 15000 manat kredit verilmişdir.
2. Həmin müqavilənin: - 1.1 bəndinin a) yarımbəndinə əsasən Borcverən Borcalana tütün əkini üçün illik 8,5 faizlə, 12 ay müddətinə faiz borcunun ödənişi hər ay, əsas borcun ödənişi 7-ci aydan başlayaraq, xx.xx.2022-ci il tarixədək tam ödəmək şərti ilə 15000 manat məbləğində kredit verir; - d) yarımbəndinə əsasən Borcalan dövlət vəsaiti hesabına aldığı krediti təyinatı üzrə yalnız tütün üçün istifadə edir və yaşıl tütün yarpağını bu müqavilənin 2.2.2-ci maddəsinin c) bəndində nəzərdə tutulmuş normadan az olmayaraq Alıcının tabeliyindəki Tədarükçüyə təhvil verir; - e) yarımbəndinə əsasən Alıcı onun tabeliyindəki Tədarükçü tərəfindən qəbul edilmiş yaşıl tütün yarpağının dəyərindən Borcalanan Borcverəndən tütün istehsalı üçün almış olduğu kredit üzrə borcu (əsas və faiz borcu) ödəyir, artıq qalan vəsaiti isə Borcalanın təqdim etdiyi hesaba köçürür; - 1.2-ci bəndinə əsasən bu müqavilənin şərtləri daxilində borcalan özünəməxsus olan və ya icarəyə götürdüyü (notarial qaydada və yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş icarə müqaviləsi əsasında) Balakən rayonu, Kortala kəndi ərazisində 9 ha torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə tütün istehsal etməyi, lazımi aqrotexniki tədbirləri yerinə yetirməyi və əldə edilmiş yaşıl tütün yarpağını bu müqavilə ilə müəyyən edilmiş qiymətlə, mövcud standartlara və texniki tələblərə uyğun olaraq yalnız tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul etməyi, alıcı isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürmüşdür. - 2.3.2-cü bəndinin b) yarımbəndinə əsasən, borcalanın təqdim etdiyi yaşıl tütünü alqısatqı müqaviləsində qeyd edilən keyfiyyət göstəricilərinin tələblərinə uyğun şəkildə qəbul etmək və onun dəyərini müqavilədə müəyyən edilmiş qiymətlərlə ödənilməsi üçün sənədləri alıcıya təqdim etmək tədarükçünün öhdəliyidir. - 2.4.2-ci bəndinin a) yarımbəndinə əsasən, tədarükçü tərəfindən qəbul edilmiş yaşıl tütün yarpağının dəyərini borcalan tərəfindən müvafiq qaimə təqdim edilən tarixdən 10 gündən gec olmayaraq borcalanın borcverəndə olan hesabına ödəmək alıcının vəzifəsidir. - 4.7-ci bəndinə əsasən borcalan gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəyir. - 6.3-cü bəndinə əsasən bu müqavilə kreditin borcalanın adına rəsmiləşdirildiyi gündən qüvvəyə minir və borc (əsas və faiz borcu) tam ödənildikdən sonra qüvvəsini itirir.
3. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi Cavabdeh3 ilə xx.xx.2021ci il tarixli ZT1-383/21 nömrəli və Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli ZT2-383/21 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zamin olmuş şəxs kredit və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar borcalanla birlikdə yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və sair xərclər üçün məsuliyyət daşıyırlar. xx.xx.2021-ci il tarixli ZT1-383/21 nömrəli və ZT2-383/21 nömrəli zaminlik müqavilələrindən müəyyən olunur ki, zaminlər (Cavabdeh3 və Cavabdeh2) xx.xx.2021-ci il tarixli TM-383/21 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında borclunun öhdəliklərini tam yerinə yetirənədək onunla birlikdə məsuliyyəti öz üzərlərinə götürmüşdür. Həmin müqavilələrin 6.1-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olma müddəti borcalanın xx.xx.2021-ci il tarixli TM-383/21 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür.
4. İddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, 15000 manat pul məbləği cavabdehə ödənilmiş, lakin sonuncu tərəfindən müqavilə öhdəlikləri lazımınca yerinə yetirilmədiyindən ödənilməmiş əsas və faiz borcu yaranmışdır.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “11405,66 manat gecikdirilmiş əsas borc, 1069,12 manat faiz borcunun və ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli protokolun qərarına əsasən "xxxx" MMC iş üzrə cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, keçən məhkəmə iclasından sonra onlar "xxxx" ASC-yə rəsmi müraciət etmişlər. Onlar bildirdilər ki, iş üzrə tərəf olmadıqlarından məhkəmə iclasında iştirak etməmişlər və iş üzrə hər hansı sənədin təqdim edilməsi üçün məhkəmə tərəfindən sorğu verildikdə tərəflərindən təmin ediləcəkdir. Lakin ona verilən şifahi məlumata əsasən cavabdehin ödədiyi 4000 manat onun icarəyə götürdüyü tütün qurutma kamerasına silinmişdir. Cavabdeh bu məlumatı məhkəmədən gizlətmişdir. Həmçinin, cavabdeh tütün qurutma kamerasından istifadə edərək tütünü qurudub başqa yerə sataraq mənfəət əldə etmişdir. Bank tərəfindən təqdim edilən hesabdan çıxarışlarda cavabdehin dəqiq borcu göstərilmişdir. Bütün bunları nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Ceyhun Məmmədovun nümayəndəsi Nümayəndə2 verdiyi izahatında bildirmişdir ki, əri sahibkarlıqla məşğul olduğunu, sahibkarlıq fəaliyyətinə yardım göstərilməsi üçün "xxxx" MMC ilə, kredit verilməsi üçün isə İddiaçı QSC BOKT-la üçtərəfli müqavilə bağladığını bildirmişdir. "xxxx" MMC ona fermerlərə maddi zərər dəyəcəyi zaman həmin zərərin 100%-ni fermerlər adından banka ödəyəcəyini bildirmişdi. Lakin "xxxx" MMC məhsulu dəfələrlə qəbul etməkdən imtina etmiş, məhsulu qəbul etməmiş və nəticədə əldə olunmuş tütün yararsız vəziyyətə düşmüşdür. Bununla bağlı "xxxx" MMC-ə müraciət etsələr də, müraciətlərə baxılmamışdır. Bu səbəbdən bank yaranmış borc məbləğini ondan tələb etmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında digər Cavabdeh1 da verdiyi izahatında bildirmişdir ki, iddiaçıdan kredit alaraq tütün əkdirmişlər, yetişdirdikləri tütün Azərtütün ASK MMC tərəfindən qəbul edilməmiş, məhsulları xarab olmuş, qeyd edilən təşkilat tütünə görə zərəri ödəyəcəklərini bildirsələr də, bunu etməmişdir. İddianı qəbul etmirlər.
10. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 07 dekabr 2023-cü il tarixli, e-2-2(117)-381/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh3 6434,63 manat əsas, 787,5 manat faiz borcu və 115,79 manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi, iddianın qalan hissələrdə rədd edilməsi, ödənilməmiş 127,42 manat dövlət rüsumunun 53,65 manatı iddiaçıdan, 73,77 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi, aparılmış ekspertiza tədqiqatın dəyəri olan 145 manat pulun 72,5 manatı İddiaçı QSC BOKT-dan və 72,5 manatı cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 bank hesabına (h/h – AZ34CTRE********************, m/h – AZ41NABZ013601**********3944, kod – 210005, swift – CTREAZ22) hesabına köçürülməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 390.2, 390.4, 390.6, 417.1, 417.2, 417.3, 427.3, 442, 443.1, 445.1, 448.1, 567, 568.1, 568.2, 739.1, 739.2, 752.1, 752.2-ci maddələrinin müddəalarına istinad etmişdir.
12. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən apellyasiya şikayəti verilmişdir.
13. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2021-ci il tarixli TM-383/21 nömrəli kredit müqaviləsi, zaminlik müqavilələri, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər..
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədən göründüyü kimi iddia tələbi borcun zamin kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması hissəsində təmin edilməmiş, həmçinin Cavabdeh3 əsas və faiz borcunun tutulması hissəsində də tutulmalı borc məbləği kifayət qədər azaltmışdır. Hesab edirlər ki, məhkəmə İddiaçıQSC-nin iddia tələbini qismən təmin edərkən, düzgün qənaətə gəlməmiş, həm maddi, həm də prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə nəticələnən qətnamə çıxarmışdır. Məhkəməyə verilən iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi İddiaçı QSC tərəfindən Cavabdeh3 müqavilə üzrə 15.000 (on beş min) manat kredit verilmiş və iddiaçı müqavilə üzrə öz öhdəliyini tam yerinə yetirmişdir. Cavabdeh isə öhdəliyini icra etməmiş və məhkəmə qətnaməsi çıxarılana qədər də öhdəlyini icra etməməkdə davam etmişdir. Yəni həm borclu, həm də onun zaminləri öhdəlyin icrasından birtərəfli qaydada yayınmışlar. İddiaçı tərəf öz vəzifəsini yerinə yetirmiş, cavabdeh tərəf isə öz vəzifələrini vicdanlılığın tələb etdiyi tərzdə yerinə yetirməmiş, krediti ödəməmiş və öz hərəkətləri ilə İddiaçı QSC-yə ziyan vurmuşdur. Cavabdeh iddiaçıdan 15.000 manat kredit almış və müqavilənin şərtlərinə görə o, aldığı krediti hesablanmış faizlə birlikdə İddiaçı QSC-yə qaytarmalı olduğu halda bunu etməmişdir. Məhkəmə qətnaməsindən də göründüyü kimi, məhkəmə həm əsas borcun, həm də faizlərin azaldılmasında düzgün qənaətə gəlməmişdir. xx.xx.2022- ci il tarixə əsas və faiz borcunun ödənilməsi haqqında məlumata əsasən verilmiş 15000,0 manat kredit borcuna görə Cavabdeh3 tərəfindən 3594,34 manat əsas borc, 487,5 manat isə faiz borcundan ödənilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023- cü il tarixli 9/4543 nömrəli ekspert rəyinə əsasən, Borcalan Cavabdeh3 tərəfindən”Aqrarkredit” QSC-dən alınmış kredit üzrə ödənilməli olan əsas borcu 11405,66 manat, faiz borcu 1069,12 manat təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin 2.4.2- ci bəndinə uyğun olaraq 2021-ci ilin iyul, avqust, sentyabr və oktyabr tarixli təhvil-təslim aktlarına əsasən Cavabdeh3 tərəfindən X6 və Emalı Məntəqəsinə təhvil verilmiş tütünün məbləği 9052,87 manat təşkil edir. Həmin ödənişlər nəzərə alındıqda Cavabdeh3 tərəfindən İddiaçı QSC-dən alınmış kredit vəsaiti üzrə ödənilməli borcu 3421,91 manat (11405,66 əsas borc + 1069,12 manat faiz borcu)- 9052,87 manat ( təhvil verilmiş tütünün məbləği) müəyyən edilir. Qeyd olunmalıdır ki, 2021-ci ilin iyul, avqust, sentyabr v ə oktyabr tarixli təhvil-təslim aktlarının kim tərəfindən ekspertizaya təqdim edildiyi məlum deyil və sübutların içində bu sənədlər yoxdur. Məhkəmə faiz borcunu özünün mülahizəsinə görə azaltmışdılr. Qətnamənin əsaslandırıcı hissəsində məhkəmə qeyd etmişdir ki, sadə hesablama yolu ilə müəyyən etməklə belə nəticəyə gəlir ki, cavabdeh 15.000 manat kredit borcuna görə illik 8,5 faiz olmaqla cəmi 1275 (15.000 x8,5 %/100=1275 manat faiz borcu ödəməlidir.İddiaçının tələb etdiyi faiz borcu isə qanunla müəyyən edilmiş qaydada və məbləğdə hesablanmalı və ayrılıqda təqdim edilməlidir. Qeyd edilən faiz borcundan cavabdeh 487,5 manat hissəsini ödədiyindən iddiaçı 787,5(1275-487,5) manat ödəməlidir. Məhkəmənin bu qaydada hesablama aparması qanunsuzdur və bu hesablama kredit müqaviləsinin şərtləri ilə uyğunsuzluq təşkil edir. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, e-2-2(117)-381/2023 saylı qətnaməsini iddianın təmin edilməyən hissəsində ləğv edərək iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
16. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X5 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və digər Cavabdeh3 nümayəndəsi Nümayəndə2 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Şəki Kommersiya Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, e-2-2(117)- 381/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının protokol qərardadı ilə "xxxx" ASC hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin məhkəmə kollegiyasına ünvanladığı 22 fevral 2024-cü il tarixli ərizədə göstərilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh3 arasında heç bir müqavilə bağlanmamış, qarşılıqlı hüquq vəzifələr və öhdəliklər mövcud olmamışdır. Əlavə məlumat üçün bildirilir ki, “X9 Kompleksi” MMC ilə Cavabdeh3 arasında 2021ci il üçün xx.xx.2021 il tarixindən B-2021-23 saylı yaş tütünün alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında Cavabdeh3 “X9 Kompleksi” MMC-yə 9052,84 manatlıq yaş tütün satmışdır. Cavabdeh3la “X9 Kompleksi” MMC arasında xx.xx.2021-ci il tarixdə B21-21-09 saylı xidmət müqaviləsi bağlanılmaqla Cavabdeh3 kameralar icarəyə götürmüşdür. Həmin müqaviləyə 4 ədəd edilmiş təhvil-təslim aktları ilə icarəyə götürmüş tütünqurutma kameralarına 4800 manat xidmət haqqı ödənilməsi barədə tərəflər razılığa gəlməklə müvafiq sənədi imzalamışlar. Həmin müqavilə üzrə 260 manat həcmində “X9 Kompleksi” MMC tərəfindən Cavabdeh3 güzəştlər edilmiş və müqavilə üzrə Cavabdeh3 “X9 Kompleksi” MMC-yə olan borcu 4540 manat müəyyən edilmişdir. Borcların qarşılıqlı əvəzləşdirilməsi barədə aktla Cavabdeh3 e-qaimə əsasında X9 Kompleksi” MMC-yə satmış olduğu 9052,84 manatdan 4540 manat əvəzləşdirilmişdir. Daha sonra geriyə qalan 4512.34 manat isə vəsaitlərin bölgüsü sənədi ilə İddiaçı SKT” Şəki Filialına köçürülmüşdür.
18. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini qismən – iddianın təmin edilməyən hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
21. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.
24. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
25. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
26. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
27. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
28. Maddə 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.
29. Maddə 417.2. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır.
30. Maddə 417.3. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir.
31. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
32. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
33. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
34. Maddə 442. Öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür.
35. Maddə 445.2.1 Öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır.
36. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir.
37. Maddə 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
38. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
39. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
40. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.
41. Maddə 739.1 (köhnə redaksiyada). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;
42. Maddə 739.2 (köhnə redaksiyada). borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
43. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
44. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
45. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Maddə 115.0.1. Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.
51. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
53. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
54. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
55. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
56. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
57. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, e-2-2(117)-381/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
59. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
60. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
61. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildiyi kimi, xx.xx.2021-ci il tarixdə borcverən İddiaçı QSC BOKT, borcalan Cavabdeh3, alıcı "xxxx" MMC və tədarükçü X7 və Emalı Məntəqəsi arasında bağlanmış dördtərəfli TM-383/21 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinin a yarımbəndinə əsasən İddiaçı QSC BOKT tərəfindən Cavabdeh3 illik 8,5 faizlə əsas və faiz borcları xx.xx.2022-ci il tarixədək tam ödənilmək şərtilə 15000 manat kredit verilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin şərtləri daxilində borcalan özünəməxsus olan və ya icarəyə götürdüyü (notarial qaydada və yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş icarə müqaviləsi əsasında) Balakən rayonu, Kortala kəndi ərazisində 9 ha torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə tütün istehsal etməyi, lazımi aqrotexniki tədbirləri yerinə yetirməyi və əldə edilmiş yaşıl tütün yarpağını bu müqavilə ilə müəyyən edilmiş qiymətlə, mövcud standartlara və texniki tələblərə uyğun olaraq yalnız tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul edib alıcıya təhvil verməyi, alıcı isə məhsulun dəyərini Borcalanın Borcverəndə olan borcunu ödəməyi, artıq alan vəsaiti isə Boralanan qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqaviənin bütün bəndlərində verilmiş kredit borcunun qaytarılması prosedurası tam aydın formada əks olunub.
62. Belə ki, Müqavilənin 1.1-ci, 1.2-ci, 2.2-ci, 2.3-cü və digər bəndlərində Borcalan aldığı kredit borcunu əkib yetişdirdiyi “yaşıl tütün yarpağı” formasında Tədarükçüyə təhvil verməyi, Tədarükçü həmin məhsulu müvafiq müqavilə şərtlərinə uyğun Alıcıya verməli, Alıcı isə yaşıl tütün yarpağının dəyərini Borcalanın, Borcverəndə olan borc hesabına ödəməli, kredit borcu ödənildikdən sonra artıq qalan vəsaiti isə Borcalana qaytarmalıdır.Bu şərti müqavilədə tərəflər nəzərdə tutub və bu prosudur tərəflərə müvafiq öhdəlik yaratmışdır. Yəni Borcalan vəzifəsi kredit borcunu “yaşıl tütün yarpağı” (hesabına) təhvil verməklə ödəməlidir.
63. Göründüyü kimi, məhkəmə tərəflər arasında kredit, podrat və alqı-atqı müqavilələrinin məzmununu əhatə edən qarışıq tipli müqavilə bağlanmışdır.
64. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi Cavabdeh3 ilə xx.xx.2021-ci il tarixli ZT1-383/21 nömrəli və Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli ZT2- 383/21 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən zamin olmuş şəxs kredit və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar borcalanla birlikdə yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və sair xərclər üçün məsuliyyət daşıyırlar. xx.xx.2021-ci il tarixli ZT1-383/21 nömrəli və ZT2- 383/21 nömrəli zaminlik müqavilələrindən müəyyən olunur ki, zaminlər (Cavabdeh3 və Cavabdeh2) xx.xx.2021-ci il tarixli TM-383/21 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında borclunun öhdəliklərini tam yerinə yetirənədək onunla birlikdə məsuliyyəti öz üzərlərinə götürmüşdür.
65. Apellyasiya şikayətinin dəlillərindən biri iddia tələbinin borcun zaminlərdən tutulması hissəsində rədd edilməsi ilə bağlıdır.
66. Birinci instansiya məhkəməsi iddia tələbinin “borcun zaminlərdən tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, ZT1- 383/21 nömrəli və ZT2-383/21 nömrəli zaminlik müqavilələrinin 6.1-ci bəndinə əsasən bu müqavilələrin qüvvədə olma müddəti borcalanın xx.xx.2021-ci il tarixli TM-383/21 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Hazırki kredit müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2022ci il tarixdə bitmişdir ki, həmin bəndin tələbi baxımından zaminlik müqaviləsinin də qüvvədə olma müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Bundan başqa, hüquqi müəyyənlik baxımından zaminlik müqaviləsinin qüvvədə olma müddəti öhdəliyin icrası müddətindən çox olmamalı, eyni zamanda öhdəliyin icrası müddəti zaminlik müqaviləsinin müddətindən az olmamalıdır. Hazırki vəziyyətdə zaminlik müqaviləsində onun qüvvədə olma müddəti öhdəliyin icrası müddəti ilə üst-üstə düşdüyündən, qanunvericilik zaminin öhdəliyinin icrasına xitam verilməklə bərabər zaminlik müqaviləsinə də xitam verir.
67. Kollegiya birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşaraq qeyd edir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir.
68. Şərh olunan maddənin birinci abzasında qeyd edilən müddət nəzərə alınsa zaminə qarşı iddia ən geci müqavilənin bitdiyi xx.xx.2022-ci il tarixədək irəli sürülə bilərdi. Çünki müqavilədə qeyd edilən müddət müəyyən edilmişdir. Eyni zamanda, qeyd edilən müddət kəsici müddətdir, iddia müddəti deyilidr. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövcud hüquqi praktikası mövcuddur.
69. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış qarışıq tipli müqavilənin 6.2-ci bəndinin bu müqavilə üzrə kredit borcalanın adına rəsmiləşdirildiyi gündən qüvvəyə minməsi və borc (əsas və faiz borcu) tam ödənildikdən sonra qüvvəsini itirir şərti ilə bağlı qeyd edir ki, həmin şərt Mülki Məcəllənin tələblərinə uyğun deyildir. Çünki tərəflər arasında müqavilə 1 il müddətinə bağlanmışdır. 1 ilin tamamında müqavilənin müddəti bitmiş hesab olunmalıdır.
70. Borcun təminatı üçün Zaminlik müqavilələri də 1 il müddəti bağlanmışdır.
71. Mülki Məcəllənin kəsici müddətlər və kəsici müdətlərin tətbiqi ilə bağlı normaları imperativ xarakterə malikdir.
72. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinin a) yarımbəndinə istinad etməklə (borc verən borcalana tütün əkini üçün illik 8,5 faizlə 12 ay müddətinə ... xx.xx.2022-ci il tarixədək tam ödənilmək şərti ilə) hazırkı mübahisə üzrə zaminlər üçün kəsiici müddəti tətbiq etmişdir.
73. Odur ki, məhkəmə hesab edir ki, zaminlərdən pulun tutulması üçün qanuni əsas mövcud olmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir.
74. Apellyasiya şikayətinin başlıca dəlili iddia tələbinin faiz borcunun tam təmin edilməməsi ilə bağlıdır.
75. Yuxarıda qeyd edildiyi kimi, dörd tərəfli müqavilənin 2.4.2-ci bəndinin a) yarımbəndinə əsasən, tədarükçü tərəfindən qəbul edilmiş yaşıl tütün yarpağının dəyərini borcalan tərəfindən müvafiq qaimə təqdim edilən tarixdən 10 gündən gec olmayaraq borcalanın borcverəndə olan hesabına ödəmək alıcının vəzifəsidir. Lakin tədarükç müqavilənin həmin bəndinin əksinə olaraq cavabdeh (satıcı) tərəfindən təhvil verilmiş tütünün dəyərinin bir hissəsini iddiaçıya ödəməmişdir.
76. Belə ki, Alıcı olan "xxxx" MMC öhdəliklərini tam icra etməyərək Borcverənə əslində 9052,87 manat məbləğində yaşıl tütünün dəyərini ödəməli olduğu halda, 3594,34 manat əsas borc, 487,5 manat faiz borcu olaraq cəmi 4 081,84 manat vəsait ödəmişdir. Halbuki, qeyd edilən məbləği müqavilə şərtlərinə əsasən tam olaraq iddiaçı olan İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının hazırkı iş üzrə cavabdehə verdiyi krediti ödəmək üçün təhvil verilən tütünün dəyərini ödəməli idi. Məhkəmə Borcverənə ödənilməyən 4 971,03 manat məbləğə görə müqavilə üzrə Alıcı kimi qeyd edilən "xxxx" MMC-nin hüquqi varisi məsuliyyət daşıyır. İddiaçı qeyd edilən hüquqi şəxsin varisindən həmin məbləği tələb edə bilər.
77. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış dörd tərəfli qarışıq tipli müqavilə üzrə "xxxx" MMC-nin hüquqi varisi kimi "xxxx" ASC məsuliyyət daşıyır. Çünki "xxxx" ASC tərəfindən təqdim olunmuş elektron qaimələrdən də Cavabdeh3 yaşıl tütünü "xxxx" ASC-yə təhvil verdiyi məlum olur.
78. Baxmayaraq ki, "xxxx" ASC-nin məhkəmə kollegiyasına ünvanladığı məktubda onunla Cavabdeh3 arasında heç bir müqavilə bağlanmadığını, qarşılıqlı hüquq və öhdəliklərin mövcud olmadığını bildirsə də iş materialları bunun əksini göstərir və hazırkı kommersiya mübahisəsində "xxxx" ASC "xxxx" MMC-nin hüquqi varisi qismində çıxış edir.
79. Göründüyü kimi, alıcı tərəfindən müqavilə öhdəliyi yerinə yetirilməmişdir.
80. Birinci instansiya məhkəməsi iddia tələbinin “1069,12 manat faiz borcunun tutulması” hissəsinə münasibətdə isə etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.
81. Hazırkı iş üzrə isə iddiaçı hesabladığı faiz borcunu müqavilə müddəti bitdikdən sonra hesablanmış real zərər və ya əldən çıxmış fayda kimi deyil, müqaviləyə əsasən hesablanmış faiz borcu kimi tələb edir ki, göründüyü kimi bu da qanunvericiliyin tələbi baxımından yolverilməzdir. Birinci instansiya məhkəməsi prosessual qənaət prinsipi baxımından bu məbləğin hesablanması üçün məhkəmə ekspertizası təyin edilməsini məqsədəuyğun hesab etməməkdə haqlı olmuşdur.
82. Birinci instansiya məhkəməsi sadə hesablama yolu ilə müəyyən etməklə belə nəticəyə gəlib ki, cavabdeh 15000 manat kredit borcuna görə illik 8,5 % olmaqla cəmi 1275 (15000*8,5%/100=1275) manat faiz borcu ödəməlidir. İddiaçının tələb etdiyi əlavə faiz borcu isə qanunla müəyyən edilmiş qaydada və məbləğdə hesablanmalı və ayrılıqda təqdim edilməli idi. Qeyd edilən faiz borcundan cavabdeh 487,5 manat hissəsini ödədiyindən, iddiaçı 787,5 (1275-487,5) manat məbləğində faiz borcunun tutulmasını tələb etməlidir
83. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi Cavabdeh3 tərəfindən aldığı kredit borcunu “yaşıl tütün yarpağı” hesabına ödənilməsi müqavilədə nəzərdə tutulduğundan, cavabdehin təhvil verdiyi tütün yarpağının dəyəri qismən Borcverənin hesabına ödənilmişdir. Belə ki, Alıcı tərəfindən iddiaçıya yəni Borc verənə ödənilən yalnız, kredit borcu üzrə əsas borc olaraq 3594,34 manat, faiz borcu kimi isə 487,5 manat ödənilmişdir.
84. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4543 nömrəli ekspert rəyinə əsasən, tərəflər arasındakı müqavilə üzrə 2021-ci ilin iyuloktyabr aylarında 9 052,87 manat məbləğində ödəniş etmiş və ümumilikdə 3421,91 manat borcu qalmışdır.
85. Birinci instansiya məhkəməsi həmin ekspert rəyinə münasibət bildirərək qeyd etmişdir ki, 9052,87 manat məbləğində məhsulun tərkibinə 3594,34 manat ödənilmiş əsas borc və 487,5 manat faiz borcu da daxildir. Çünki qeyd edilən məbləğ cavabdehin təhvil verdiyi tütünün məbləğinin bir qismi Borcverəndə qeydə alınsa da, lakin təhvil-təslim aktları ilə rəsmiləşdirilən lakin iddiaçıya yəni, Borcverəndə qeydə alınmayan tütünün dəyəri təqdim edilmiş təhvil-təslim aktları ilə təsdiq edilir. Ekspert həmin məbləği 15000 manat kredit borcuna münasibətdə deyil, 11405,66 manat əsas, 1069,12 manat faiz borcuna münasibətdə hesablamışdır. Əslində isə bütövlükdə kredit borcuna (15000 manat kredit borcuna və 1275 manat faiz borcuna) münasibətdə hesablanmalıdır.
86. Hazırkı iş üzrə həmin məbləğlər çıxıldıqdan sonra qalan borcu cavabdehin real borcunu əks etdirir. Belə ki, cavabdeh tərəfindən ümumilikdə 15000+1275=16275 manat borc ödənilməlidir. Həmin borcun 9052.87 manat hissəsi ödənildiyindən və bunun 487.50 manat hissəsini faiz borcu təşkil etdiyindən, cavabdeh tərəfindən 8,565.37 manat əsas borcdan ödəniş edildiyi təsdiqlənir. Deməli, cavabdeh tərəfindən ödənilməmiş 6434.63 manat əsas (15000-8565.37=6434.63) və 787.50 (1275-487.50=787.50) manat faiz borcu qalmışdır.
87. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 2021-ci ilin iyul, avqust, sentyabr və oktyabr tarixli təhvil-təslim aktlarının sübutlar siyahisında olmaması barədə dəlili ilə bağlı qeyd edir ki, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin təqdim etdiyi elektron qaimələrdən cavabdehin nə qədər tütün təhvil verdiyi aydın olur.
88. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
89. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.
90. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
91. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.
92. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.
93. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
94. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, e-2-2(117)-381/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
95. Hazırkı kommersiya mübahisəsinə dair iş üzrə qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti on min manatdan az olduğundan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, e-2-2(117)- 381/2023 saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov