Məhkəmə qərarları › İş №2-2(107)-21/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-21/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-21/2024 20.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 22 noyabr 2023-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-524 reyestr nömrəli kredit müqaviləsinə əsasən borcverən(iddiaçı) borcalana(cavabdehə) 40.000 manat məbləğində borc pul vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən borcalan krediti xx.xx.2021-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə tərəflər arasında kredit müqaviləsinə əlavə razılaşma bağlanmış və həmin razılaşma ilə kreditin qaytarılma müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. xx.xx.2021-ci il tarixdə tərəflər arasında kredit müqaviləsinə əlavə razılaşma bağlanmış və həmin razılaşma ilə kreditin qaytarılma müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 40.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və ödənilməli olan məbləğdən heç bir ödəniş etməmişdir. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-1071/2023 nömrəli iş üzrə qəbul etdiyi 22 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Məcidov) iddia tələbinin təmin edilməsi, Cavabdeh 40.000 manat pul məbləğinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçının iddia tələbi üzrə 40.000 manat pulu cavabdehə verməyi sübut olunsa da cavabdeh tərəfindən borcun qismən və ya tam qaytarılmasına dair sübutlar mövcud deyildir. İddiaçı öhdəliyini yerinə yetirsə də cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmiş və onun tələb olunan məbləğdə borcu vardır. İddiaçı tələbində haqlıdır və 40.000 manat borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 739.1, 739.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Tərəflər arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı 40.000 manat borc verməyi öhdəsinə götürmüşdür. İş materiallarında həmin pulun Cavabdeh verilməsini təsdiq edən sənəd mövcud deyil. Borc məbləği barədə müqavilə mövcud olsa da pulun mədaxil-məxaric sənədləri mövcud deyil. Şəki Komersiya Məhkəməsində tələbə baxılarkən məhkəmə aidiyyəti pozulmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı Cavabdehlə İddiaçı arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən İddiaçı Cavabdeh 40.000 (qırx min) manat borc vermişdir. Borc vaxtında ödənilmədiyindən tələbkar İddiaçı ərizəsi əsasında Şəki Regional “Asan” xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən borc sənədinə icra qeydi verilmişdir. Həmin icra qeydinin ləğvi ilə bağlı olaraq Cavabdeh iddia tələbi ilə məhkəməyə müraciət edərək icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbə baxılaraq Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Şəki Regional “Asan” xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən müddət üçün vaxtında ödənilməmiş 40.000 manat borcun İddiaçı xeyrinə tutulmasına dair xx.xx.2022-ci il tarixli icra qeydi ləğv edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir. Bundan sonra İddiaçı Şəki Komersiya Məhkəməsinə müraciət edərək borc məbləğinin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə tələbə baxaraq iddia tələbini təmin etmişdir. Məhkəmə qərar çıxarkən hər iki şəxsin adına VÖEN olmasını əsas götürərək mübahisənin kommersiya mübahisəsi kimi icraata götürərək qərar çıxarmışdır. Lakin Cavabdeh başqa bir şəxslə də, X2 ilə aralarında olan oxşar notarial müqavilə ilə 50.000 manat borc almışdır. Həmin iş üzrə də icra qeydi verilmiş və həmin icra qeydi məhkəmədə mübahisələndirilmişdir. Şəki Rayon Məhkəməsi icra qeydini ləğv etməmiş və həmin qərardan apellyasiya şikayəti verilmiş və apellyasiya məhkəmə icraatında həm Cavabdeh, həm də tələbkar X1 adına VÖEN olması barədə sənəd təqdim edilsə də, məhkəmə bunu nəzərə almamış və mahiyyəti üzrə qərar çıxarmışdır. Apellyasiya məhkəməsinin mövqeyinə görə tərəflər arasında olan müqavilə kredit müqaviləsidir və təyinatı onların sahibkarlıq fəaliyyəti ilə bağlı deyil. Buna görə də tələb ümumi məhkəmədə baxılmalıdır. Bu tələb üzrə də borclu Cavabdeh və tələbkar İddiaçı adına VÖEN olsa da aralarında bağlanmış müqavilə kredit müqaviləsi olmuş və borcun verilməsi onların fəaliyyəti ilə bağlı olmamışdır. Məhz buna görə də məhkəmə aidiyyəti pozulmuş və işə ümumi məhkəmədə baxılmalıdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsi və həmin müqaviləyə əlavələr imzalanmış, iddiaçı cavabdehə 40.000 manat pulu borc vermiş, cavabdeh isə həmin pulu xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh apellyasiya şikayətində 40.000 manat pulun ona verilmədiyini bildirir. Apellyasiya şikayətinin bu dəlilinin araşdırılması məqsədi ilə sədrlik edənin sualını cavablandıran cavabdehin nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, cavabdeh iddiaçıdan 40.000 manat borc götürmüşdür, borcunu tam qaytarmasa da, müəyyən ödənişlər etmişdir. Lakin edilmiş ödənişlərlə bağlı sübutları yoxdur. Göstərilənlərə əsasən işin halları kimi müəyyən edilir ki, iş üzrə tərəflər arasında bağlanmış 3M-524 reyestr nömrəli kredit müqaviləsinə əsasən iddiaçı 40.000 manat pulu cavabdehə vermiş, lakin borc sonuncu tərəfindən ödənilməmişdir. Bunun əksini apellyasiya şikayətində iddia edən cavabdehin dəlilləri əsassızdır. Cavabdehin apellyasiya şikayətinin digər dəlili isə məhkəmə aidiyyətinin pozulması ilə bağlıdır. Belə ki, cavabdeh hesab edir ki, hazırki mübahisəyə ümumi məhkəmələrdə baxılmalıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı vergi ödəyicisi kimi xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış və ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsi(VÖEN) verilmiş, fəaliyyət istiqaməti kimi “taksi fəaliyyəti” qeyd olunmuşdur. İş materialları ilə o da müəyyən olunur ki, cavabdeh xx.xx.2015-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsi(VÖEN) verilmiş və fəaliyyət istiqaməti kimi “ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı” fəaliyyət növü qeyd olunmuş, fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının və onun nümayəndəsinin-vəkilinin məhkəmə iclasında verdiyi izahatlardan müəyyən edilir ki, cavabdehin Şəki rayonunda müxtəlif yerlərdə dükanları vardır və cavabdeh tərəf iddiaçıya iş birliyi təklif etmiş, iddiaçı isə təklifi qəbul etmiş, cavabdeh tərəflə biznes qurmaq məqsədilə kredit müqaviləsi bağlamış və sonuncuya bu məqsədlə 40.000 manat kredit vermişdir. Göründüyü kimi tərəflər sahibkar olmaqla bərabər həmçinin onlar arasında yaranmış hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti də sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduğundan birinci instansiya məhkəməsi hazırki tələbə mahiyyəti üzrə baxmaqda haqlı olmuşdur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 12-ci bəndində isə göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi tələb olunur. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarına Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 dekabr 2022-ci il qərarı ilə əlavə edilmiş 28-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Aidiyyətlə bağlı məsələni həll edərkən mülki prossesual normaların tələblərinə və müvafiq Plenum qərarının müddəalarına uyğun hərəkət etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 22 noyabr 2023cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar