Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-22/2021 31.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə olan borcların ödənilməsinin təmin edilməsi məqsədi ilə 8000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair” kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(117)-616/2020 nömrəli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikаyətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) xx xxxxxx 2020-ci il tarixli, e-2-2(117)-616/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə olan borclarının ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan 8000 manat dəyərində siyahıya alınmış əmlakın - 1 ədəd qaldırıcı aparatın (Rusiya istehsalı, sarı rəngli, KDE163 markalı) ixtisaslaşdırılmış açıq hərracda satılması, habelə cavabdehdən 30 (otuz) manat dövlət rüsumunun dövlət gəlirinə tutulması qət edilmişdir. İşin halları: Vergi ödəyicisi olan cavabdeh vergi öhdəliklərini yerinə yetirmədiyindən onun xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 191639,11 manat, Dövlət Sosial Müdafiə Fonduna isə 29055,37 manat məbləğində borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2020-ci il tarixli **********5 nömrəli qərarı əsasında xx.xx.2020-ci il tarixli **********5 nömrəli protokolla cavabdehə məxsus əmlak – dəyəri 8000 manat olan 1 ədəd qaldırıcı aparat (Rusiya istehsalı, sarı rəng, KDE163 markalı) siyahıya alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncuya məhkəmə sənədləri xx.xx.2020-ci il tarixdə təqdim olunsa da, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) gün müddət ərzində birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cavabdehin şəxsi hesab vərəqəsinin surəti, əmlakın siyahıya alınmasına dair vergi orqanının xx.xx.2020-ci il tarixli **********5 nömrəli qərarı, iddiaçı tərəfindən cavabdeh barədə tərtib edilmiş əmlakın siyahıya alınması barədə xx.xx.2020-ci il tarixli **********5 nömrəli protokolun surəti, xəbərdarlıq və bildiriş daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(117)-616/2020 nömrəli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsi tərəfindən işə baxılan zaman vergi ödəyicisinin vergilər və sosial sığorta haqları üzrə borcu barədə ətraflı araşdırma aparılmamışdır. Belə ki, məlum olduğu kimi, özəlləşdiriləcək dövlət müəssisələrinin sağlamlaşdırılması və onların borclarının tənzimlənməsi məqsədi ilə x xxxx 2019-cu il tarixdə “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq edilmiş və x xxxx 2019-cu il tarixdən qüvvəyə minmişdir. Qanunun 2.1-ci maddəsinin tələblərinə uyğun olaraq Vergilər Nazirliyi tərəfindən x xxxx 2019-cu il tarixindən sonrakı dövrdə özəlləşdirilməsi başa çatan dövlət əmlakının (müəssisələrinin) bu Qanunun qüvvəyə minmə tarixinədək olan əmlak və torpaq vergiləri üzrə dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən bir il ərzində bu borcların 30 faizi ödənildikdə, dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən iki il ərzində bu borcların 50 faizi ödənildikdə, dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən üç il ərzində bu borcların 70 faizi ödənildikdə ödənilməmiş qalan borcların silinməsi həyata keçirilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirirlər ki, Cavabdeh ASC-nin (VÖEN: **********) xx.xx.2019-cu il tarixə əmlak və torpaq vergiləri üzrə 176143,06 manat (əsas vergi borcu üzrə 155456,61 manat, faiz borcu üzrə 20686,45 manat) borcu olmuşdur ki, Cəmiyyətin həmin borcu istinad edilən Qanunun müddəalarından irəli gələn şərtlər daxilində ödəmək hüququ vardır. Daha doğrusu, Cəmiyyətin həmin tarixə olan borclarına 3 illik möhlət hüququ verilmişdir. Belə olan təqdirdə həmin borca qarşı vergi orqanı tərəfindən hər hansı bir tələbin irəli sürülməsi tam əsassızdır və irəli sürülə bilməz. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin sosial sığorta haqları üzrə iddia olunan borcu barədə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 1-93/2007 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün bu borca dair təkrar məhkəmə qətnaməsi qəbul edilə bilməz. Şəki Kommersiya Məhkəməsinin hazırkı iş üzrə qərarı hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Bütün qeyd olunanlar məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı qəbul edərkən vergilərin və sosial sığorta haqları üzrə borcların tam və hərtərəfli araşdırmadığını və bununla da prosessual normaların pozuntusuna yol verdiyini göstərir. Hesab edirlər ki, apellyasiya şikayəti təmin edilməlidir. Apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə iddiaçı və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(117)-616/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə olan borclarının ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan 8000 manat dəyərində siyahıya alınmış əmlakın - 1 ədəd qaldırıcı aparatın (Rusiya istehsalı, sarı rəngli, KDE163 markalı) ixtisaslaşdırılmış açıq hərracda satılması və Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu dövlət gəlirinə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, həmin nəticəni işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə görə, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə görə, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 11-ci maddələri ilə sığortaçının üzərinə sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, sığorta olunanın üzərinə isə sosial sığorta haqqını vaxtında ödəmək vəzifələri qoyulmuşdur. Həmin qanunun 9-1.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Qanunun 18-ci maddəsinin ikinci hissəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. “Sosial sığorta haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarında, ikinci hissəsinin beşinci və altıncı abzaslarında, 10-cu maddəsinin dördüncü (hər iki halda) və beşinci abzaslarında, 13.1-ci maddəsində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (birinci halda) və 13.4-cü maddələrində, 18-ci maddəsinin birinci hissəsinin altıncı abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi dövlət xidməti statusunda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdehin xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə vergilər üzrə ödənilməmiş 191639,11 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 29055,37 manat məbləğində borcları yaranmış, həmin borcların ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, adından göründüyü kimi, müvafiq müəssisələrin əmlak və torpaq vergiləri üzrə borclarına aiddir, halbuki, cavabdehin ayrıca olaraq Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş sosial sığorta haqları üzrə 29055,37 manat məbləğində borcu vardır. Cavabdehin Cavabdeh ASC-nin sosial sığorta haqları üzrə iddia olunan borcu barədə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 1-93/2007 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün bu borca dair təkrar məhkəmə qətnaməsinin qəbul edilməsinin yolverilməzliyi haqda dəlilinə gəlincə, Şəki Kommersiya Məhkəməsinin hazırkı qətnaməsi borcun tutulması ilə bağlı olmayıb, həmin borcun ödənilməsini təmin etmək məqsədilə tutmanın vergi orqanının siyahıya aldığı əmlaka yönəldilməsi ilə əlaqədardır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı və qəbuledilən deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə iddianın qiyməti on min manatdan az olduğundan (siyahıya alınmış və açıq hərracda satılması nəzərdə tutulan əmlakın dəyəri 8000 manatdır) bu iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədən, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(117)- 616/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(117)- 616/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2-2(107)-22/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-22/2021
31.03.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver