Məhkəmə qərarları › İş №2-2(107)-22/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-22/2022

22.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-22/2022 22.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı “10.12.2019-cu il tarixli Cavabdeh ASC-nin ləğvetmə balansının qanunsuz hesab edilməsi, ləğv edilməsi, 2018-2019-cu illər üzrə Cavabdeh ASC-nin maliyyə hesabatlarının, 2019-cu illər üzrə maliyyə təftiş komissiyasının aktının, 2018-2019-cu illər üzrə müəssisənin aktivlərin və öhdəliklərin inventarizasiya aktlarının, 16.12.2019-cu il tarixli protokolunun, Cavabdeh ASC-nin qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatının və həmin əmlakın iştirakçılara təqdim edilməsini təsdiq edən sənədinin, X6 və X18 ilə bağlanmış Cavabdeh ASC-nin əmlakının alqı-satqı müqaviləsinin və təhvil-təslim aktının, Cavabdeh ASC-nin müstəqil qiymətləndirici şirkəti ilə bağlanmış müqaviləsinin, 2018- 2019-cu illər üzrə Cavabdeh ASC-nin Müşahidə Şurası tərəfindən keçirilmiş iclaslarının protokollarının və X6 və X18 tərəfindən Cavabdeh ASC-nin qiymətli kağızlarının alqı-satqı müqaviləsinin təsdiqlənmiş surətlərinin təqdim edilməsi öhdəliyinin cavabdehin ləğvetmə komissiyasına həvalə edilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 18 nоyаbr 2021-ci il tarixli, 2-2(117)-775/2021 saylı qətnaməsindən İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 18 nоyаbr 2021-ci il tarixli, 2-2(117)-775/2021 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı “10.12.2019-cu il tarixli Cavabdeh ASC-nin ləğvetmə balansının ləğv edilməsi, 2018-2019-cu illər üzrə Cavabdeh ASC-nin maliyyə hesabatlarının, 2018-2019cu illər üzrə müəssisənin aktivlərin və öhdəliklərin inventarizasiya aktlarının, Cavabdeh ASC-nin qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatının və həmin əmlakın iştirakçılara təqdim edilməsini təsdiq edən sənədin, X6 və X18 ilə bağlanmış Cavabdeh ASC-nin əmlakının alqı-satqı müqaviləsinin və təhvil-təslim aktının, Cavabdeh ASC-nin müstəqil qiymətləndirici şirkəti ilə bağlanmış müqaviləsinin, 2018- 2019-cu illər üzrə Cavabdeh ASC-nin Müşahidə Şurası tərəfindən keçirilmiş iclaslarının protokollarının və X6 və X18 tərəfindən Cavabdeh ASC-nin qiymətli kağızlarının alqı-satqı müqaviləsinin təsdiqlənmiş surətlərinin təqdim edilməsi öhdəliyinin cavabdehin ləğvetmə komissiyasına həvalə edilməsi” tələbinə dair iddia rədd edilmiş və ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilmişdir. İşin halları: İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-nin səhmdarlarıdır. Səhmdarlar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışlar ki, “X28" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı3 100, İddiaçı1 300 və İddiaçı2 200 səhminin sahibidirlər. Həmçinin Cavabdeh ASC-nin hüquqi ünvanı ünvan 280 manatdan ibarət olan kommersiya hüquqi şəxsdir. Ləğvetmə Komissiyasının sədri X19 tərəfindən 10.08.2020-ci il tarixli məktubla onlara göndərilmiş 09.04.2019-cu il tarixli “X25” ASC-nin səhmdarların ümumi yığıncağının protokolundan görünür ki, iclasın gündəliyinin 2-ci məsələsi ilə bağlı cəmiyyətin müşahidə şurasının yeni tərkibi - X20, X18 və X1. İclasın gündəliyinin 3-cü məsələsi ilə bağlı cəmiyyətin idarə heyətinin yeni tərkibi - idarə həyətinin sədri X2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 15.05.2019-cu il tarixli kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, “'X28” ASC səhmlərinin X5 40.2532 % - nin və X18 40.1548 % - nin mülkiyyətçiləridir. Müşahidə şurasının üzvləri X20, X18 və X4r, əvvəlki qanuni təmsilçi X12r. Hazırkı qanuni təmsilçi isə X13r. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş “X25” ASC-nin 09.06.2019-cu il tarixli rəsmi bəyanatından görünür ki, cəmiyyətin aktivləri və passivləri 71.080 manat məbləğdən ibarətdir. Cavabdeh ASC-nin 28.06.2019-cu il tarixli Protokolundan görünür ki, səhmdarların növbədənkənar ümumi yığıncağında Cavabdeh ASC-nin (VÖEN **********) ləğv edilməsi və “X28 ' ASC-nin ləğv edilməsi ilə əlaqədar X19 ləğvetmə komissiyasının sədri, X18 və X14 ləğvetmə komissiyasının üzvlərindən ibarət tərkibdə ləğvetmə komissiyası yaradılması barədə qərarlar qəbul edilmişdir. 28.06.2019-cu il tarixli protokolda göstərilir ki, cəmiyyətin ləğv edilməsi ilə əlaqədar iclasın sədri Ş.Q.Həsənov çıxış edərək bildirmişdir ki, cəmiyyətin səhmlərinin 40.2532 faizinin mülkiyyətçisi X6 ərizə ilə müraciət edərək, səhmdarların ümumi yığıncağının çağırılmasını, yığıncağın gündəliyinə cəmiyyətin fəaliyyətinə xitam verilməsi ilə əlaqədar ləğvetmə komissiyasının təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi məsələlərinin salınmasını tələb etmişdir. Bundan sonra, səhmdar X3 vəkil edilmiş nümayəndəsi X14 bildirmişdir ki, "X28” ASC-nin hər birinin nominal dəyəri 0.50 manat olan 57224 ədəd səhmi (40.2532 %) onun təmsil etdiyi səhmdara məxsusdur. H.Y.Yusufovanın cəmiyyətin səhmdarı olmağına baxmayaraq səhmlərə görə cəmiyyətin fəaliyyətindən heç bir mənfəət əldə etməyib. Cəmiyyət fəaliyyət göstərmir. İldən-ilə cəmiyyətə məxsus əmlak köhnəlir, yararsız vəziyyətə düşür. Bu səhmlərin alınmasına sərf olunan vəsaitin dəyəri cəmiyyətin əmlakının yararsız vəziyyətə düşməsi ilə əlaqədar gündən günə azalır. Heç bir iş adamı bu hal ilə razılaşa bilməz. Cəmiyyətin bundan sonrakı fəaliyyətinə investisiya qoyulması gözlənilmir və bu vəsait səhmdarlarda yoxdur. "X28" ASC-nin uzun müddət tam fəaliyyətsiz olduğunu nəzərə alıb, onun fəaliyyətinə xitam verilməsini məqsədəuyğun hesab etmiş və bu məsələnin səsə qoyulmasını xahiş etmişdir. Göründüyü kimi, X6 ərizədə "X28” ASC-nin ləğvinin səbəbi kimi səhmlərə görə cəmiyyətin fəaliyyətindən heç bir mənfəətinin olmamasını göstərmişdir. İddiaçılar hesab edir ki, cəmiyyətin bu əsaslarla fəaliyyətinə xitam verilməsi tələbi absurd tələbdir. Çünki, X6 və X18 2019-cu ildə Cavabdeh ASC-nin səhmlərini əldə etmişdilər. Qanunvericiliyə görə səhmdar cəmiyyətinin mənfəəti və dividendlər səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülür. Digər tərəfdən, 09.04.2019-cu il tarixdə keçirilmiş səhmdarların ümumi yığıncağında X6 və X18 Cəmiyyətin Müşahidə şurasına seçilmiş və özlərinə məxsus səhmlərdən, yəni səs çoxluğundan istifadə edərək X15 idarə heyətinin sədri vəzifəsinə təyin etmişlər. Beləliklə, müşahidə şurası öz vəzifələrini yerinə yetirərkən cəmiyyətin idarə heyətinin sədri X8 fəaliyyətinə nəzarət etməli, ondan cəmiyyətin mənfəətli fəaliyyətini tələb etməli, həmçinin cəmiyyətə investisiya cəlb etməyə çalışmalı idilər. Lakin özünü iş adamları kimi təqdim edən X6 və X18 etiraf etmişlər ki, cəmiyyətin fəaliyyətinə investisiya qoyulması üçün onlarda vəsait yoxdur. İdarə heyətinin sədri İlham Hacıyev cəmiyyətin fəaliyyətini bərpa etməyə cəhd göstərməyib, iki aydan sonra isə səhmdarlara cəmiyyətin ləğvi barədə bildiriş göndərib və 28.06.2019-cu il tarixli “X29” ASC-nin səhmdarların növbədənkənar ümumi yığıncağının qərarı ilə “X29” ASC-nin ləğv prosesinə başlanmışdır. 16.12.2019-cu il tarixdə səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilmişdir. Belə ki, ləğvetmə komissiyasının sədri X19 tərəfindən 10.08.2020-ci il tarixli məktubla səhmdarla göndərilmiş 16.12.2019-cu il tarixli “X25” ASC-nin səhmdarların ümumi yığıncağının protokolundan görünür ki. gündəlikdə duran 1ci məsələ ilə bağlı ləğvetmə komissiyasının sədri İ.Ş.Hacıyev çıxış edərək cəmiyyətin balansında olan bütün əsas vəsaitlərin istismar müddətinin bitdiyini, bir çox əsas vəsaitlərin istifadəyə yararsız olmasını bildirmişdir. Cəmiyyətin balansında olan əmlakın dəyərini müəyyən etmək üçün müstəqil qiymətləndiricilər dəvət edilmiş və müvafiq rəy alınmışdır. Bu gün cəmiyyətin balansında 19647.31 manat dəyirində əsas vəsait vardır. Bütün bunları nəzərə almaqla ləğvetmə komissiyası tərəfindən ləğvetmə balansı tərtib olunmuşdur. 2-ci məsələ ilə əlaqədar yığıncağın sədri Ş.Q.Həsənov çıxış edərək bildirmişdir ki, cəmiyyətin qalıq əmlakının iştirakçılar arasında bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabat tərtib edilmiş və təsdiq olunmaq üçün səhmdarların növbədənkənar ümumi yığıncağına təqdim edilmişdir. Təqdim olunan sənədlərdən məlum olur ki. ləğvetmə komissiyası cəmiyyətin balansında olan əmlakın bazar dəyərini müəyyən etmək üçün müstəqil qiymətləndirici şirkətlə müqavilə bağlamışdır. Müstəqil qiymətləndiricilər tərəfindən Cəmiyyətin balansında olan əmlakın bazar dəyəri bu günə 19,647.31 manat kimi qiymətləndirilmişdir. Cəmiyyətin səhmdarlarına məxsus səhmlərin sayının 142,160 ədəd olduğunu nəzərə alaraq səhmdarlar arasında bölünməli olan əmlakın dəyərini yəni, 19,647.31 manatı cəmiyyətin nizamnamə kapitalını təşkil edən səhmlərin sayına böldükdə bir səhmə düşən əmlakın dəyəri təqribən 0.14 manat olacaqdır. Əmlakın bölünməsi bu qiymət nəzərə alınmaqla hər bir səhmdarın malik olduğu səhmə mütənasib şəkildə həyata keçirilməlidir. İclasın qərarı ilə “X25” ASC-nin qalıq əmlakının iştirakçılar arasında bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabat təsdiq edilmişdir. 3-cü məsələ ilə əlaqədar səhmdar T.U.Mustafayeva çıxış edərək təklif etmişdir ki, az səhmi olan səhmdarlara düşən əmlakın dəyəri iri səhmdarlar X3 və X9 vəsaiti hesabına pul formasında səhmdarlara ödənilsin, cəmiyyətin əmlakı isə təhvil-təslim aktı ilə X6 və X9 birgə mülkiyyətinə təhvil verilsin. Cəmiyyətin nominal dəyəri 0.50 manat olan 142,160 ədəd səhmi silinərək dövriyyədən çıxarılsın. İclasın qərarı ilə qalıq əmlakın iştirakçılar arasında bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabata uyğun olaraq cəmiyyətin əmlakının iştirakçıların payına mütənasib şəkildə bölünməsi, bölünən əmlakın dəyərinin X3 və X9 vəsaiti hesabına pul formasında hər bir səhmə görə səhmin nominal dəyərinə uyğun 0.50 manat olmaqla ödənilməsi, bölünən əmlakın dəyərinə görə ödənilən pul vəsaitinin səhmdarlara poçt vəsiləsi ilə onların yaşadığı ünvanına göndərilməsi, cəmiyyətin balansında olan bazar dəyəri 19.647.31 manat olan əmlakın X3 və X9 birgə mülkiyyətinə verilməsinin təhvil-təslim aktının təsdiq olunması, cəmiyyətin A/********** qeydiyyat nömrəli nominal dəyəri 0.50 manat olan 142,160 ədəd adi, sənədsiz, adlı səhminin silinərək dövriyyədən çıxarılması qərara alınmışdır. 4-cü məsələ üzrə iclasın qərarı ilə “X27” ASC-nin ləğv edilməsinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinə və digər dövlət qurumlarına müraciət edilməsi, ləğvetmə balansının cəmiyyətin səhmdarları adından imzalanması, cəmiyyətin ləğv edilməsi ilə bağlı bütün lazımi sənədlərin hazırlanması, təsdiq edilməsi, imzalanması, müvafiq dövlət orqanına təsdiq edilməsi və bununla bağlı digər hərəkətlərin edilməsi, bu işin yerinə yetirilməsi ilə bağlı 3-cü şəxslərə etibarnamə vermək səlahiyyətləri ləğvetmə komissiyasının sədri X19 verilmişdir. İddiaçılar hesab edir ki, 28.06.2019-cu il və 16.12.2019-cu il tarixlərdə keçirilmiş səhmdarların növbədənkənar ümumi yığıncaqlarında qəbul edilmiş qərarlar cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə və onların mülkiyyət hüquqlarına təsir edən mühüm qərarlardır. Lakin idarə heyətinin sədri X19 onlara həmin iclaslarda qəbul edilmiş qərarlar barədə və cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti haqqında məlumatları verməmişdir. Sözügedən məlumatlar tələb edilsə də, ləğvetmə komissiyasının sədri İlham Hacıyev 28.06.2019-cu il tarixli və 16.12.2019-cu il tarixli protokolların surətləri istisna olmaqla, tələb edilən sənədləri təqdim etməmişdir. 10.08.2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki. 2018-2019-cu illərdə cəmiyyət işləməmiş və bu səbəbdən heç bir maliyyə hesabatı tərtib olunmamışdır. Heç bir müqavilə bağlanmamış, heç bir əmlak satılmamış, icarəyə verilməmişdir. 2018-2019-cu illərdə cəmiyyətin aidiyyətli şəxslərlə heç bir müqavilə bağlanmamışdır. Halbuki, ləğvetmə komissiyası cəmiyyətin balansı olmadan, habelə cəmiyyətin aktivlərinin və öhdəliklərinin inventarizasiyası aparılmamış müəssisənin əsas vəsaitlərinin dəyəri və vəziyyəti barədə səhmdarlara hesabat verilməsi mümkün deyildir. Bundan başqa, ləğvetmə komissiyası onlara X11 və X18 ilə bağlanmış cəmiyyətin əmlakının alqı-satqı müqaviləsini, habelə müstəqil qiymətləndirici şirkətlə bağlanmış müqaviləsini təqdim etməkdən imtina etmişdir. Bundan əlavə, ləğvetmə komissiyası onlara X11 və X18 tərəfindən cəmiyyətin qiymətli kağızlarının alqı-satqısı müqaviləsini də təqdim etməmişdir. Bu səbəbdən hesab edirlər ki, ləğvetmə komissiyasının sədri İlham Hacıyevin tələb edilən sənədlərin təsdiq olunmuş surətlərini təqdim etməməsi qanunsuzdur. Bundan əlavə 10.12.2019-cu il tarixli "X25" ASC-nin Ləğvetmə balansında göstərilir ki, cəmiyyətin aktivləri və passivləri 19.647.31 manat məbləğdən ibarətdir. Belə ki, həmin ləğvetmə balansından görünür ki. cəmiyyətin "nizamnamə kapitalı" hesabından (71080 manat) “keçmiş illərdə bölüşdürülməmiş mənfəəti (zərəri)" hesabı (51432.69 manat) çıxarılmışdır. Halbuki mühasibat uçotu üzrə qanunvericiliyinin tələblərinə görə balansdakı bütün hesablar cəm olunmalıdır. Eyni zamanda balansda “keçmiş illərdə bölüşdürülməmiş mənfəəti" kimi göstərilmiş 51432.69 manat məbləğin nəcə yarandığı məlum deyil. Çünki cəmiyyətin ləğvetmə komissiyasının sədri İlham Hacıyev etiraf edir ki, cəmiyyətin maliyyə-təftiş komissiyasının aktlarını, cəmiyyətin balansının, mənfəət və zərər haqqında hesabatların, inventarizasiya aktlarını tərtib olunmamışdır. Bu da, mühasibat uçotu üzrə qanunvericiliyinin tələblərinin pozulmasıdır. Bundan başqa “X25" ASC-nin 09.06.2019-cu il tarixli rəsmi bəyanatında göstərilir ki, cəmiyyətin aktivləri və passivləri 71.080 manat məbləğdən ibarətdir. Ona görə də ləğvetmə komissiyasının sədri İlham Hacıyev tərəfindən 10.12.2019-cu il tarixli ləğvetmə balansında əks etdirilmiş maliyyə göstəriciləri düzgün göstərilmədiyinə görə etibarsız sayılmalıdır. İddiaçılar hesab edir ki, ləğvetmə komissiyası onların informasiya əldə etmək hüquqları ilə yanaşı, həm də onların mülkiyyət hüquqlarını pozur. Onlar qəbul edirlər ki, müəssisənin uzun müddət işləməməsi və gəlirlilik üçün hər hansı perspektivinin olmaması onun ləğvi üçün əsasdır. Lakin, ləğv zamanı ləğvetmə komissiyası müəssisənin aktiv və passivlərinin düzgün qeydə alınması, əmlakının qiymətləndirilməsi prosesində səhmdarların aktiv iştirakına şərait yaratmır. Müəssisənin səhmlərinin böyük hissəsinə malik olan səhmdarlar səs çoxluğunun onlarda olmasından sui istifadə edərək, məqsədli şəkildə aktivlərin az göstərilməsi, bazar dəyərindən dəfələrlə az məbləğdə qiymətləndirilməsi üçün istədikləri qərarları qəbul edə bilirlər. Hazırkı işdə də səhmlərin böyük hissəsinin sahibləri sonda müəssisənin əmlakının elə onların özlərinə satılmasına çalışırlar. Bu səbəbdən ləğvetmə balansı qanunsuzdur və ləğv edilməlidir. Cavabdeh ASC-nin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etiraz edərək etirazını onunla əsaslandırmışdır ki, iddianı ümumiliklə qəbul etmir. İddia tələbi 9 tələbdən ibarətdir. Birinci tələb olan ləğvetmə balansının ləğvi ilə bağlı heç bir hüquqi əsas təqdim edilməmişdir. Ləğvetmə balansında olan rəqəmlərin reallığı əks etdirməməsi barədə heç bir sənəd təqdim edilməmişdir. Müstəqil auditor dəvət etmişlər, həmin auditor müəssisənin balansına dair rəy vermişdir. Ona görə hesab edir ki, birinci tələb əsassızdır. Rəyin surəti tərəfə də təqdim edilmişdir. Cavabdeh ASC maliyyə hesabatları ilə bağlı Mülki Məcəllənin 106-1.3-cü maddəsinə əsasən iddiaçıların tələb etmək hüququ yoxdur. Lakin mühasibat sənədlərini iddiaçılara göndərmişlər. Müəssisədə səhmdarlardan gizli heç nə yoxdur. Müəssisənin yarandığı gündən heç bir fəaliyyəti olmamış, müəssisəyə hər hansı bir investisiya qoyulmamış və müəssisənin heç bir əmlakı satılmamışdır. Əmlak yararsız haldadır. Bir qrup səhmdar səhmlərini yuksək qiymətə müəssisəyə satmaq üçün ləğvetmə prosesinə əngəl yaradırlar. 2019-cu il maliyyə təftiş kommisiyasının aktını iddiaçı tələb edə bilməz, onların belə hüququ yoxdur, yalnız tanış ola bilər. 2016-cı il tarixli inventarlaşdırma protokolu 2018-2019 cu illər üzrə müəssisənin aktivlərinin və öhdəliklərinin inventarizasiya aktlarına münasibətdə isə 2018-ci ildə müəssisədə ümumiyyətlə fəaliyyət göstərmədiyinə görə onun əmlaklarının inventarizasiyası aparılmamışdır. Yalnız 2019-cu ildə ASC-nin əmlaklarının təhvil-təslimi zamanı inventarizasiya aparılmış və təhvil verilmişdir. 16 dekabr 2019-cu il tarixli protokola münasibətdə hal hazırda Şəki Apelyasiya Məhkəməsində iddiaçıların aralıq lığvetmə balansı ilə bağlı iddiası vardır. Həmin məhkəmədə eyni sənədi tələb ediblər və məhkəmənin bu barədə qətnaməsi var. Səhmdar Cəmiyyətinin qalıq əmlakının bölünməsi planını əks etdirən hesabatın verilməsi, əmlakın bölünməsi son mərhələdə baş verməlidir. Ləğvetmə prosesi isə dayandırılıb. Məhkəmənin iddianın təminetmə təbirinin görülməsi barədə qərardadına əsasən bütün prosedurlar dayanmışdır. X10 və X18 arasında bağlanan alqı satqı müqaviləsi və əmlakın təhvil-təslim aktına gəldikdə belə bir müqavilə ümumiyyətlə yoxdur, səhmdar cəmiyyətin əmlakı satılmamışdır. Bundan əlavə iddiaçıların səhmdar cəmiyyətlə müstəqil qiymətləndirici şirkəti arasında bağlanmış müqaviləni tələb etmək hüququ yoxdur. Eyni zamanda iddiaçılar məhkəmədən əvvəl həmin sənədlərin verilməsi ilə bağlı iddiaçılar müraciət etməmişlər. Lakin buna baxmayaraq həmin sənədləri iddiaçılara verə bilərlər. 2018-2019-cu illərdə keçirilmiş iclas protokollarının verilməsi tələbi ilə bağlı bildirdi ki, həmin dövdə müşahidə şurasının iclasları keçirilməmişdir. Ona görə həmin protokolları təqdim edə bilmirlər, olsaydı təqdim edərdilər. X10 və X18 arasında bağlanın qiymətli kağızların alqı satqı müqaviləsinə münasibətdə isə bildirdi ki, Mülki Məcəllənin 91-ci maddəsinə əsasən acıq səhmdar cəmiyyətinin səhmdarı istədiyi an malik olduğu səhmləri başqasına sata bilər. İddiaçıların həmin tələblə bağlı hüququ yoxdur və həmin müqavilə onlara aidiyyəti olmadığından iddiaçılara verə bilmirlər. Bundan başqa ləğvetmə proseduru dayandırılmışdır, ləğvetmə balansı hələ təsdiq edilməmişdir. Göstərilənlərə əsasən iddianın tam şəkildə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə iddiaçıların iştirakı olmadan baxılmışdır. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 18 nоyаbr 2021-ci il tarixli, 2-2(117)-775/2021 saylı qərardadı ilə iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı “10.12.2019-cu il tarixli Cavabdeh ASC-nin ləğvetmə balansının qanunsuz hesab edilməsi, ləğv edilməsi, 2018-2019-cu illər üzrə Cavabdeh ASC-nin maliyyə hesabatlarının, 2019-cu illər üzrə maliyyə təftiş komissiyasının aktının, 2018-2019-cu illər üzrə müəssisənin aktivlərin və öhdəliklərin inventarizasiya aktlarının, 16.12.2019-cu il tarixli protokolunun, Cavabdeh ASC-nin qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatının və həmin əmlakın iştirakçılara təqdim edilməsini təsdiq edən sənədinin, X6 və X18 ilə bağlanmış Cavabdeh ASC-nin əmlakının alqı-satqı müqaviləsinin və təhvil-təslim aktının, Cavabdeh ASC-nin müstəqil qiymətləndirici şirkəti ilə bağlanmış müqaviləsinin, 2018-2019-cu illər üzrə Cavabdeh ASC-nin Müşahidə Şurası tərəfindən keçirilmiş iclaslarının protokollarının və X6 və X18 tərəfindən Cavabdeh ASC-nin qiymətli kağızlarının alqı-satqı müqaviləsinin təsdiqlənmiş surətlərinin təqdim edilməsi öhdəliyinin cavabdehin ləğvetmə komissiyasına həvalə edilməsi” tələbinə dair iddianın 2019-cu illər üzrə maliyyə təftiş komissiyasının aktının və Cavabdeh ASC-nin 16.12.2019-cu il tarixli protokolunun təsdiqlənmiş surətlərinin təqdim edilməsi öhdəliyinin cavabdehin ləğvetmə komissiyasına həvalə edilməsi” hissəsi üzrə icraata xitam verilmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: müəssisənin ləğvetmə balansı, depo hesabdan çıxarışlar, 28.06.2019-cu il tarixli ümumi yığıncağın protokolu, 11 saylı ƏVBİ-nin məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 18 nоyаbr 2021-ci il tarixli, 2-2(117)-775/2021 saylı qətnaməsindən İddiaçı3 tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə birtərəfli, qeyriobyektiv yanaşmış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktik hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını pozmuş, sübutları tam yoxlamamış, nəticədə qanunsuz və əsassız qətnaməsi qəbul etmişdir. Məhkəmə haqlı olaraq Şəki Rayon Məhkəməsinin 16.12.2019-cu il tarixli, 2(075)-2247/2019 saylı qərardadına istinad edərək qeyd edir ki, həmin məhkəmənin qərardadına əsasən 16.12.2019-cu il tarixində Cavabdeh ASC-nin ləğv prosesi dayandırılmışdır. Buna baxmayaraq 16.12.2019-cu il tarixində Cavabdeh ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilmişdir. Belə ki, iş materiallarında olan 16.12.2019-cu il tarixli Cavabdeh ASC-nin səhmdarların ümumi yığıncağının Protokolundan görünür ki, gündəlikdə duran 1-ci məsələ üzrə Cavabdeh ASC-nin Ləğvetmə balansının təsdiq edilməsi barədə qərar verilmişdir. İclasın gündəliyində duran 4-cü məsələ üzrə səhmdarlar aşağıdakı qərarı qəbul ediblər: ləğvetmə balansının Cəmiyyətin səhmdarları adından imzalanması, Cəmiyyətin ləğv edilməsi ilə bağlı bütün lazımıi sənədlərin hazırlanması, təsdiq edilməsi, imzalanması, müvafiq dövlət orqanına təsdiq edilməsi və bununla bağlı digər hərəkətlərin edilməsi, bu işin yerinə yetirilməsi ilə bağlı 3-cü şəxslərə etibarnamə vermək səlahiyyətləri Ləğvetmə Komissiyasının sədri X17 verilsin. Göründüyü kimi, Cavabdeh sədri X16 yalnız 16.12.2019-cu il tarixində Cavabdeh ASC-nin iclasının qərarından sonra “ləğvetmə balansının Cəmiyyətin səhmdarları adından imzalanması, Cəmiyyətin ləğv edilməsi ilə bağlı bütün lazımıi sənədlərin hazırlanması” səlahiyyəti verilib. Ancaq, o, ləğvetmə balansını 10.12.2019-cu il tarixdə imzalayıb. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş materiallarında olan sənədləri (10.12.2019-cu il tarixli Cavabdeh ASC-nin ləğvetmə balans və 16.12.2019-cu il tarixli Cavabdeh ASC-nin səhmdarların ümumi yığıncağının Protokolu) tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş belə nəticəyə qəlmişdir ki, “10.12.2019-cu il tarixli ləğvetmə balansı müəssisə tərəfindən təsdiq edilməmişdir”. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 18 nоyаbr 2021-ci il tarixli, 2-2(117)-775/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kolegiyasının əvvəlki iclasında iştirak etmiş Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 18 nоyаbr 2021-ci il tarixli, 2-2(117)-775/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, iş üzrə tədqiq olunan sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin iş üzrə 16 sentyabr 2021-ci il tarixli, e-2-2(117)-155/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin “10.12.2019-cu il tarixli Cavabdeh ASCnin ləğvetmə balansının ləğv edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61.5-ci maddəsinə əsasən kreditorların tələblərinin irəli sürülməsi müddəti bitdikdən sonra 10 gün müddətində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) aralıq ləğvetmə balansını tərtib edərək təsdiq edir və hüquqi şəxsin iştirakçılarına göndərir. Aralıq ləğvetmə balansına ən azı ləğv edilən hüquqi şəxsin əmlakının tərkibi, kreditorlarının tələblərinin və debitor borcların siyahısı haqqında məlumatlar daxil edilir. Aralıq ləğvetmə balansı ilə razı olmayan hüquqi şəxsin nizamnamə kapitalında azı 10 faiz iştirak payına malik iştirakçısı həmin balansı aldığı gündən 7 gün ərzində ümumi yığıncağın çağırılmasını tələb edə bilər. Bu halda aralıq ləğvetmə balansı iştirakçıların ümumi yığıncağı tərəfindən təsdiq edilməlidir. 61.6-cı maddəsinə əsasən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hüquqi şəxsə məxsus olan əmlakın kreditorların tələblərini ödəmək üçün kifayət etmədiyini müəyyən etdikdə, dərhal müflis olma prosesini başlamalıdır. 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaitini ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında aralıq ləğvetmə balansına uyğun olaraq onun təsdiq edildiyi gündən başlayaraq ödəyir. Mülki Məcəllənin 61.8-ci maddəsinə əsasən, bütün məlum olan kreditorlarla hesablaşmalar başa çatdıqdan sonra 5 gün müddətində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ləğvetmə balansını və qalıq əmlakın iştirakçılar arasında bölünməsi (qeyrikommersiya təşkilatı olduğu halda isə bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsi) planını əks etdirən hesabatı tərtib edir. Həmin balans və hesabat tərtib edildiyi gündən sonra 45 gündən gec olmayaraq hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı tərəfindən təsdiq edilməlidir. 61.10-cü maddəsinə əsasən, ləğvetmə balansı təsdiq edildikdən sonra 10 gün ərzində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın təsdiq edilmiş bölünmə planına uyğun olaraq hüquqi şəxsin iştirakçılarına təqdim edilməsini, qeyri-kommersiya təşkilatı olduğu halda isə təsdiq edilmiş istifadə planına uyğun olaraq bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsini təmin edir. Əmlakın bölünməsi iştirakçının payına mütənasib şəkildə həyata keçirilir. Ləğv edilən hüquqi şəxsin iştirakçısı və ya iştirakçının vərəsəsi olmadıqda qalıq əmlak dövlətə verilir. Dövlətin adından həmin əmlakı müvafiq icra hakimiyyəti orqanı qəbul edir. İş materiallarından müəyyən olunur ki, Şəki Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 16.12.2019-cu il tarixli 2(075)-2247/2019 nömrəli qərardadı ilə işə baxılıb iş üzrə çıxarılacaq qətnamə qanuni qüvvəsini alanadək Cavabdeh ASC-nin ləğv prosesi dayandırılmışdır. Göründüyü kimi, cəmiyyətin ləğv prosesi dayandırılmış və mübahisə predmeti olan 10.12.2019-cu il tarixli ləğvetmə balansı müəssisə tərəfindən təsdiq edilməmişdir. Belə olan halda təsdiq edilməyən və qüvvədə olmayan ləğvetmə balansının ləğv edilməsi mümkün olmamaqla yanaşı iddiaçının subyektiv hüquqlarına müdaxilə təşkil etmir. Cavabdeh cəmiyyətin ləğv edilməsi barədə qərar mövcuddur, həmin qərar müvafiq vergi orqanına təqdim edilməklə qeydiyyata alınmışdır və cəmiyyət hazırda ləğv prosesindədir. Belə olan halda isə ləğv prosesində olan hüquqi şəxsin ləğvetmə balansının tərtib edilməsi qanunvericiliyin tələbidir. Hazırkı vəziyyətdə cavabdeh müəssisənin ləğvetmə balansının tərtib edilməsi ilə bağlı hərəkəti qanunvericiliyin tələblərinə zidd deyildir. Bundan başqa, Mülki Məcəllənin 98.1-ci maddəsinə əsasən nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. 99.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. 99.2-ci maddəsinə əsasən açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə hesabat dövrü üzrə maliyyə göstəriciləri, aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər, cəlb edilmiş maliyyə vəsaitləri, idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri, idarəetmə strukturu, inkişaf siyasəti, səhmdar kapitalının gəlirliyi və dividend siyasəti, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər, investisiyaların həcmi və mənbəyi, cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi və ictimai layihələr barədə məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur. Həmin Məcəllənin 106-1.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. 106-1.2-ci maddəsinə əsasən bir neçə şəxsə bir səhm mənsub olduğu halda, onlar səhmdar cəmiyyətinə münasibətdə bir səhmdar kimi tanınırlar və öz hüquqlarını nümayəndə vasitəsi ilə həyata keçirə bilərlər. 106-1.3-cü maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək, qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq, cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək, cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək, cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək, cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək, cəmiyyətin xalis mənfəətindən dividend almaq, cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq, icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək, cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək, bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək, bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq və bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq hüquqları vardır. 106-1.4-cü maddəsinə əsasən səhmdar cəmiyyətinin imtiyazlı səhminin (hər bir növ üzrə) sahibi olan səhmdarının hüquqları bu Məcəllə və səhmdar cəmiyyətinin nizamnaməsi ilə müəyyən edilir. 106-1.7-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarlarının hüquqlarının müdafiəsi bu Məcəllə, digər qanunlar və normativ hüquqi aktlara uyğun olaraq təmin edilir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbinin “2018-2019-cu illər üzrə Cavabdeh ASC-nin maliyyə hesabatlarının, 2018-2019-cu illər üzrə müəssisənin aktivlərin və öhdəliklərin inventarizasiya aktlarının, X6 və X18 ilə bağlanmış Cavabdeh ASC-nin əmlakının alqısatqı müqaviləsinin və təhviltəslim aktının, Cavabdeh ASC-nin müstəqil qiymətləndirici şirkəti ilə bağlanmış müqaviləsinin, 2018-2019-cu illər üzrə Cavabdeh ASC-nin Müşahidə Şurası tərəfindən keçirilmiş iclaslarının protokollarının və X6 və X18 tərəfindən Cavabdeh ASC-nin qiymətli kağızlarının alqı-satqı müqaviləsinin təsdiqlənmiş surətlərinin təqdim edilməsi” hissələrinə münasibətdə yuxarıda sadalanan qanunvericiliyin tələbi baxımından həmin məlumatlar hamının tanış olması üçün cəmiyyət tərəfindən hər il dərc olunur. Bundan başqa iddiaçılar adları qeyd olunan sənədlərlə Mülki Məcəllənin tələbi baxımından tanış ola bilərlər. İşin məhkəmə araşdırması zamanı və cavabdehin nümayəndəsi və vəkilinin izahatı ilə müəyyən edilmişdir ki, iddiaçılar qeyd olunan sənədlərlə tanış olmaları barədə cəmiyyətə müraciət etməmişlər və belə müraciətin olması barədə iş materiallarında sübut yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçılar qanunvericiliyin tələbi baxımından həmin sənədlərin surətlərinin təqdim edilməsi ilə bağlı deyil, sənədlərlə tanış olmaq üçün səhmdar olduqları cavabdeh cəmiyyətə müraciət edə bilərlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh ASC-nin əmlakının alqı-satqı müqaviləsinin və təhvil-təslim aktının surətinin təqdim edilməsi hissəsi ilə bağlı qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında cəmiyyətin əmlakının satılmadığını və əmlakın satılması ilə alqı-satqı müqaviləsinin mövcud olmadığını bildirmişdir. İddiaçılar isə bunun əksini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmiş və belə halların mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bundan başqa, iddia tələbinin Cavabdeh ASC-nin qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatının və həmin əmlakın iştirakçılara təqdim edilməsini təsdiq edən sənədin surətinin təqdim edilməsi hissəsinə münasibətdə qeyd edilməlidir ki, Mülki Məcəllənin 61.8-ci maddəsinə əsasən bütün məlum olan kreditorlarla hesablaşmalar başa çatdıqdan sonra 5 gün müddətində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ləğvetmə balansını və qalıq əmlakın iştirakçılar arasında bölünməsi (qeyrikommersiya təşkilatı olduğu halda isə bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsi) planını əks etdirən hesabatı tərtib edir. Həmin balans və hesabat tərtib edildiyi gündən sonra 45 gündən gec olmayaraq hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı tərəfindən təsdiq edilməlidir. Mülki Məcəllənin 61.10-cu maddəsinə əsasən ləğvetmə balansı təsdiq edildikdən sonra 10 gün ərzində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın təsdiq edilmiş bölünmə planına uyğun olaraq hüquqi şəxsin iştirakçılarına təqdim edilməsini, qeyri-kommersiya təşkilatı olduğu halda isə təsdiq edilmiş istifadə planına uyğun olaraq bu Məcəllənin 114.3cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsini təmin edir. Əmlakın bölünməsi iştirakçının payına mütənasib şəkildə həyata keçirilir. Ləğv edilən hüquqi şəxsin iştirakçısı və ya iştirakçının vərəsəsi olmadıqda qalıq əmlak dövlətə verilir. Dövlətin adından həmin əmlakı müvafiq icra hakimiyyəti orqanı qəbul edir. 61.11-ci maddəsinə əsasən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində təsdiq olunmuş ləğvetmə balansını, qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı, həmin əmlakın iştirakçılara təqdim edilməsini (qeyri-kommersiya təşkilatı olduğu halda isə bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsini) təsdiq edən sənədi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsində nəzərdə tutulmuş digər sənədləri hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına göndərir. 61.12-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh cəmiyyətin ləğv prosesi Şəki Rayon Məhkəməsinin müvafiq qərardadına əsasən dayandırıldığından ləğvetmə balansı və qalıq əmlakın iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatı hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı tərəfindən təsdiq edilməmişdir. Belə olan halda həmin plan və hesabatın iddiaçılara təqdim edilməsi mümkün deyildir. Bu səbəbdən də, iddia tələbi qiymət verilən hissədə də rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisə üzrə hüquqi mövqeyi ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə apellyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti оlаrаq həll edibsə, оnun qərаrı heç bir şübhə dоğurmаmаlıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 18 nоyаbr 2021-ci il tarixli, 2-2(117)-775/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 18 nоyаbr 2021-ci il tarixli, 2-2(117)-775/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar