Məhkəmə qərarları › İş №2-2(107)-22/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-22/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-22/2024 05.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin(bundan sonra- Bank) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya iş üzrə Şəki Kommersiya Məhkəməsinin 30 noyabr 2023-cü il tаrixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Bank ilə Cavabdeh1 arasında 20 iyul 2022-ci il tarixli, 026L**********80 nömrəli Uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 50.000 manat məbləğində uzunmüddətli kredit xətti açmışdır. Bank ilə cavabdeh-borcalan Cavabdeh1 arasında 20 iyul 2022-ci il tarixli, 026R********** nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana illik 23 % dərəcəsi ilə, 36 ay müddətinə 25.000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə zaminlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasına zamin durmuşlar. Bank tərəfindən verilmiş maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 xx.xx.2023-cü il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 22.502,16 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 2713,05 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 843,57 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat Bank, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 026R********** saylı krеdit razılaşması üzrə 22.502,16 manat məbləğində krеdit bоrcu, 2713,05 manat məbləğində faiz bоrcu və 843,57 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 26.058,78 manat məbləğində bоrcun və 200 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bank və Cavabdeh1 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə 20 iyul 2022-ci il tarixli, 026R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə fərdi kredit olaraq 36 ay müddətinə aylıq 1,9167 faiz dərəcəsi ilə 25.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Cavabdeh1 krеdit razılaşmasının 2.7-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 2497,84 manat ödəmiş, onun 22.502,16 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 185 gün üçün hesablanmış faiz borcu 2713,05 manat təşkiledir. Krеdit razılaşmasının 4.9-cu bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,2 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 185 gün üçün hеsablanmış cərimə 843,57 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 12.1.2-ci bəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 təminat müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin müqavilənin 11.7-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Şəki Kommersiya Məhkəməsinin(bundan sonra- birinci instansiya məhkəməsi) e-2- 2(117)-1184/2023 nömrəli iş üzrə 30 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Hüseynov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 026R********** saylı kredit razılaşması üzrə 22.502,16 manat əsas borcun, 2713,05 manat faiz borcunun və 80 manat cərimə borcunun və 194,14 manat mediasiya xərcinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinad edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı əsas və faiz borcunu tələb olunan məbləğdə tələb etməkdə haqlıdır. Bununla bağlı cavabdehlər borcun məbləği ilə razılaşmamasına dair etiraz və ya vəsatətələrini məhkəməyə təqdim etməmişlər. Bu səbəbdən də məhkəmə öz təşəbbüsü ilə əlavə araşdırma aparmamışdır. Müqavilə üzrə hesablanmış cərimə borcuna münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış unmüddətli kredit müqaviləsinin 8.5ci və 11.5-ci bəndlərinin tələbinə görə, kreditalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, cavabdehlərin kredit borcu üzrə son vaxta kimi etdiyi ödənişləri və tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehlərdən 80 manat cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağlabatandır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 448.2, 462.1, 462.3, 467, 470.1, 470.2, 472.1, 739.1, 739.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh1 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə Cavabdeh1 iştirakı olmadan qətnamə qəbul edilmişdir. Cavabdehin iştirakı təmin olunmadığına görə məhkəmə borcu düzgün hesablamamış, yalnız iddiaçı tərəfin arqumentlərinə əsaslanmışdır. Bu isə çəkişmə prinsipini pozmaqla düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Cavabdeh1 üzrlü səbəbdən məhkəmədə iştirak edə bilməmişdir. Lakin məhkəmə iş üzrə sübutları ətraflı şəkildə araşdırmadan, iş üzrə borcun hesablanması ilə bağlı ekspertiza təyin etmədən özü əsassız nəticəyə gəlmişdir. Bu isə cavabdehin hüquqlarını pozmuş, nəticədə ədalətsiz və qanunsuz qətnamə qəbul edilmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəflər etiraz təqdim edilməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə məhkəmə prosesinə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Bankın iddiası Cavabdeh1 ilə yanaşı digər cavabdehlərə (zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4) münasibətdə də təmin edilsə də, onlar qətnamədən apellyasiya şikayəti verməmişlər. Odur ki, MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edən Məhkəmə mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq birinci instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyi yalnız Cavabdeh1 münasibətdə yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.4. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Maddə 465. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Cavabdeh hesab edir ki, borc məbləği məhkəmə tərəfindən düzgün müəyyən edilməmişdir. Buna səbəb isə onun məhkəmə iclasında iştirakının təmin edilməməsi olmuşdur. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, cavabdehlər, o cümlədən Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasları barədə lazımi qaydada xəbərdar olunmuş, lakin Cavabdeh1 məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi Cavabdeh1 məhkəmə çəkişməsində iştirak etmək hüququndan istifadə etməmişdir. Apellyasiya şikayətinin “borc məbləğinin düzgün hesablanması” dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bank ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış və yuxarıda qeyd edilən kredit müqaviləsindən görünür ki, əsas borc üzrə ödəniş müqaviləyə uyğun olaraq həyata keçirilmədikdə, gecikdirilmiş məbləğ vaxtı keçmiş kredit öhdəliyi hesab edilir və həmin məbləğə bu müqavilə ilə müəyyən edilmiş dəbbə pulu hesablanır. Kredit razılaşmasının 4.4-cü bəndinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsinə imza etməklə müqavilənin bütün şərtlərini, o cümlədən də faiz borcunun və cərimənin hesablanması halları və qaydası barədə şərtlərini qəbul etmişdir. Öhdəliyin gecikdirilməsini və müqavilənin şərtlərini nəzərə alan iddiaçı Bank, ödənişin gecikdirilməsinə görə 843,57 manat cərimə (dəbbə) hesablamış və həmin məbləğin borcalandan və zaminlərdən Bankın xeyrinə tutulmasını xahiş etmişdir. İşə baxmış birinci instansiya məhkəməsi isə bu tələbi qismən təmin edərək, hesab etmişdir ki, Bankın xeyrinə tutulacaq cərimə borcu qismən – 80 manat həcmində tutulmalıdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi dəbbə pulunun məbləğini müəyyən edərkən borcalanla yanaşı kreditorun da həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq dəbbə pulunun məbləğini azaltmışdır. Odur ki, birinci instansiya məhkəməsi Bankın xeyrinə tutulacaq cərimənin (dəbbənin) məbləğini azaltmaqla 80 manat məbləğində müəyyən etməkdə haqlı olmuşdur. Bundan başqa birinci instansiya məhkəməsi əsas kredit borcunun və ona hesablanmış faiz borcunun cavabdehlər tərəfindən mübahisələndirilmədiyinin əsas gətirərək əsas və faiz borcunun tələb olunan məbləğdə tutulmasını qət etmişdir. Cavabdeh1 apellyasiya şikayətində bildirir ki, məhkəmə ekspertiza təyin etmədən borc məbləğini müəyyən etməkdə haqlı olmamışdır. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı bildirir ki, iş üzrə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə tələb yeni sübutun təqdim edilməsi ilə bağlıdır və MPM-nin 78-ci maddəsinin tələbinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 78.1). İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər (maddə 78.2). MPM-nin 372.2-ci maddəsinin tələbinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin Cavabdeh1 birinci instansiya məhkəməsində işə baxılan zaman iş üzrə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət verməmiş, ümumiyyətlə borc məbləğini mübahisələndirməmişdir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, Cavabdeh1 borc məbləğinin düzgün hesablanmadığını bildirsə də, həmin nəticəni şübhə altına ala biləcək sübutları (məsələn, ödəniş sənədləri) Məhkəməyə təqdim etməmişdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslı deyil. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsinin 30 noyabr 2023-cü il tаrixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar